Prezident İlham Əliyevin bəyanatı
- Hörmətli cənab Baş nazir.
Hörmətli qonaqlar, xanımlar və cənablar.
Bu gün Slovakiya-Azərbaycan əlaqələrinin tarixində çox əlamətdar bir gündür. Hörmətli cənab Baş nazir Azərbaycana səfər edir və səfər çərçivəsində strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanmışdır. Bu, çox ciddi siyasi sənəddir və bizim əlaqələrimizi ən yüksək səviyyəyə qaldıran sənəddir. Strateji tərəfdaşlıq Bəyannaməsində əks olunan maddələr bizim niyyətimizi əks etdirir, eyni zamanda, gələcək əməkdaşlığın perspektivlərini də müəyyən edir.
Hesab edirəm ki, bu gün Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifə açılır və ümid edirəm, bizim müştərək yolumuz çox uğurlu olacaq.
Biz bu gün cənab Baş nazirlə həm təkbətək görüş əsnasında, eyni zamanda, nümayəndə heyətlərinin iştirakı ilə keçirilmiş danışıqlarda bir çox məsələləri müzakirə etdik. Bizim siyasi əlaqələrimizin yüksək səviyyədə olmasını bir daha təsdiqlədik. Eyni zamanda, bir çox sahələr üzrə aparılacaq işlərə də öz münasibətimizi bildirdik.
Bildiyiniz kimi, bu gün imzalanan sənədlər arasında, müdafiə və müdafiə sənayesi sahələrinə aid sənədlər var. Bu iki istiqamət üzrə geniş fikir mübadiləsi aparılmışdır və müdafiə sənayesi sahəsində birgə istehsal sahələrinin yaradılması haqqında da artıq konkret danışıqlara da start verilmişdir.
Təbii ki, bu gün energetika sektorundakı əməkdaşlıq çox geniş müzakirə edilmişdir. Azərbaycan hazırda 8 ölkəyə öz təbii qazını ixrac edir və ümidvaram ki, 9-cu ölkə Slovakiya olacaq. Keçən ilin aprel ayında “Həmrəylik Halqası” adlanan sənəd imzalanmışdır və beləliklə, Azərbaycan qazını Slovakiya bazarına da nəql etmək üçün yaxşı imkanlar yaradılmışdır.
Avropa İttifaqı ilə Azərbaycan arasında qaz və enerji sahəsində imzalanmış strateji tərəfdaşlıq Bəyannaməsi icra edilir. Azərbaycan öz təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir. Avropaya təchizat 2021-ci ildəki 8 milyard kubmetrdən bu il 12 milyard kubmetrə qədər qalxacaq. Bu da Azərbaycanın ümumi qaz ixracının 50 faizini təşkil edir. Bizim planlarımızda 2027-ci ilin sonuna qədər təkcə Avropa İttifaqı məkanına 20 milyard kubmetr qazın nəql edilməsi məsələsi dayanmışdır və mən hesab edirəm ki, biz buna nail olacağıq.
Azərbaycanda qaz hasilatı artır, yeni yataqlar kəşf olunur və o yataqlarda istismar artıq başlamışdır. Eyni zamanda, bizim genişmiqyaslı yaşıl gündəliyimiz də icra edilir və bir çox bərpaolunan külək və günəş enerjisi stansiyalarının inşa olunması bizə qaza qənaət etmək imkanı yaradacaqdır və təbii ki, bu qazın əsas istiqaməti və əsas ünvanı Avropa olacaqdır.
Bu gün, eyni zamanda, ticarət dövriyyəsinin artırılması istiqamətində aparılacaq işlərə də diqqət yetirildi. Bildiyiniz kimi, bu gün Slovakiya-Azərbaycan biznes forumu keçirildi, onlarla slovakiyalı iş adamı Azərbaycanda səfərdədir. Bir çox sərmayə layihələri də müzakirə edilir. Bu gün bu məsələlər də müzakirə edildi və hər iki tərəfdən buna, necə deyərlər, yaşıl işıq yandırılmışdır.
Əməkdaşlığımızın bir əlamətdar istiqaməti də azad edilmiş torpaqlarda Slovakiya şirkətinin fəaliyyətidir. Ağdamın Qərvənd kəndinin yenidən qurulması Slovakiya şirkəti tərəfindən icra ediləcək. Bu da təbii ki, həm böyük rəmzi məna daşıyır, çünki əlaqələrimizin səmimiliyinin dərəcəsini göstərir. Eyni zamanda, işğaldan azad edilmiş torpaqlarda ən müasir standartlara cavab verən “Ağıllı şəhər”, “Ağıllı kənd” konsepsiyası əsasında slovakiyalı mütəxəssislər tərəfindən görüləcək işlər, əlbəttə ki, oraya qayıdacaq insanları sevindirəcək.
Bir sözlə, bu gün müzakirə edilmiş gündəlik kifayət qədər geniş olub. Bu, cənab Baş nazirlə mənim birinci şəxsi tanışlığımdır və eyni zamanda, biz bir çox beynəlxalq məsələlərlə əlaqədar fikir mübadiləsi apardıq və burada da fikir ayrılığı yoxdur. Slovakiya və Azərbaycan bu gün suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunurlar. Mən cənab Baş naziri yenidən Baş nazir vəzifəsinə seçilməsi münasibətilə təbrik etdim və bildirdim ki, bu, onun fəaliyyətinə Slovakiya xalqı tərəfindən verilən böyük qiymətdir. Cənab Fitso birinci dəfə deyil ki, Baş nazir seçilib və onun yenidən seçilməsi Slovakiya xalqının müstəqilliyə, suverenliyə, milli ləyaqətə göstərdiyi münasibətin, hörmətin əlamətidir və bu seçim Slovakiya xalqının dostları kimi bizi də həddindən artıq sevindirir. Deyə bilərəm ki, cənab Fitso Baş nazir vəzifəsində yenidən fəaliyyətə başlamasından dərhal sonra konkret addımlar da atılmışdır, yüksəkvəzifəli şəxslər Slovakiyadan Azərbaycana və Azərbaycandan Slovakiyaya səfərlər etmişlər və bu gün biz hörmətli qonağımızı qəbul edirik.
Bir daha, hörmətli cənab Baş nazir, xoş gəlmisiniz. Əminəm ki, səfəriniz xoş keçəcək və əməkdaşlığımız üçün yeni imkanlar açacaqdır.
x x x
Baş nazir Robert Fitsonun bəyanatı
- Cənab Prezident.
Xanımlar və cənablar.
Bizə göstərilən qonaqpərvərliyə görə Slovakiya nümayəndə heyəti adından Sizə təşəkkür edirəm. Sizin ölkəniz qonaqpərvərliyi ilə məşhurdur.
Cənab Prezident, ümid edirəm, Sizin də münasib bildiyiniz bir vaxtda nümayəndə heyətinizlə Slovakiyaya səfər edəcəksiniz ki, biz bu gün başladığımız konstruktiv və faydalı müzakirələrimizi davam etdirək. Hesab edirəm ki, bu günün nəticələri gözlədiyimdən də artıq oldu.
Cənab Prezident, Siz beşinci dəfə prezident seçilmisiniz. Bu, həqiqətən onun göstəricisidir ki, Siz bu ölkə üçün çox önəmli bir şəxsiyyətsiniz və Sizi yenidən seçilməyiniz münasibətilə təbrik edirəm. Sizə açıq şəkildə deyə bilərəm ki, təkbətək görüşümüzdə müzakirələrimiz ölkəniz və Sizin haqqınızda düşündüyümün təsdiqi oldu. Siz suveren xarici siyasətin tərəfdarısınız. Siz beynəlxalq hüququ müdafiə edən şəxsiyyətsiniz. Siz praqmatik şəxsiyyətsiniz və Sizin xarici siyasətiniz təkcə bir istiqamətdə köklənməyib. Siz ərazi bütövlüyünün nə dərəcədə vacib olduğunu çox gözəl bilirsiniz. Bununla yanaşı, Avropa İttifaqının üzvü olan ölkənin nümayəndəsi kimi deyə bilərəm ki, Avropa İttifaqı ara-sıra digərlərinə təlimat verməyi xoşlayır. Mən isə siyasi təcrübəmdə heç vaxt heç bir ölkənin daxili işlərinə qarışmamağa üstünlük verirəm.
Cənab Prezident, bəzi beynəlxalq təsisatlarda kiçik ölkələrə qarşı ayrı-seçkilik, ədalətsizlik və qeyri-obyektivlik məni məyus edir. Çünki əhali sayına baxdıqda biz kiçik ölkə hesab edilirik. Sizi çox diqqətlə dinləyirdim və bunu dünən məni hava limanında qarşılayan nümayəndə heyətinə də bildirdim. Biz Azərbaycan ilə Avropa İttifaqı arasında körpü olmağa hazırıq və Azərbaycandakı obyektiv vəziyyəti Avropa İttifaqında təqdim etmək istəyirik. Biz haqq-ədalət uğrunda mübarizə aparmalıyıq. Slovakiya 2020-2023-cü illərdə Avropa İttifaqı tərəfindən nə dərəcədə biganə yanaşmanın nümunəsidir. O vaxt ölkənin cinayət məcəlləsindən müxalifətlə mübarizə üçün istifadə edilirdi. O zaman biz müxalifətdə idik, bu gün isə həmin dövrdə - 2020-2023-cü illərdə baş verənlərə görə parlamentimizdə çox mühüm qanunlar qəbul etdik. Ancaq Avropa İttifaqının diqqəti də məhz bunun üçün bizim üzərimizdədir. Yəni, bizim bu təsisatlarla bağlı belə bir təcrübəmiz var. Mən həm buradan bizim Xarici İşlər Nazirliyinə və parlamentimizə deyə bilərəm ki, biz Azərbaycandakı vəziyyəti maksimum şəkildə obyektiv işıqlandırmalıyıq.
Cənab Prezident, biz böyük tərəqqiyə nail olmuşuq. Əlbəttə ki, ticarət dövriyyəmiz olduqca aşağıdır, ancaq burada hər hansı maneə yoxdur, bizim heç bir sahədə fikir ayrılığımız yoxdur.
Mən cənab Prezidentin Ukrayna ilə bağlı mövqeyini eşidəndə sanki Slovakiya hökumətinin mövqeyinin səsləndirildiyini düşündüm. Biz qlobal səviyyədə baş verənlər haqqında danışdıq, Ukraynada münaqişə bitəndən sonra işlər necə olacaq, Çinin dünyadakı rolu. Yəni, bizim çox oxşar mövqeyimiz var. Təəssüf ki, ticarət dövriyyəmiz 70 milyon avrodan bir az çoxdur və əlbəttə, burada üstünlük də bizim tərəfimizdədir, çünki biz Azərbaycana avtomobillər ixrac edirik. Slovakiyada bu sahədə çoxsaylı müəssisələr var. Biz əməkdaşlığımızı genişləndirməliyik. Əgər güclü Prezident və siyasi baxımdan güclü Baş nazir varsa, biz bir neçə layihəni öz üzərimizə götürüb onu uğurla həyata keçirə bilərik.
Cənab Prezident, bu əməkdaşlığa, xüsusilə hərbi sahədə əməkdaşlığa böyük önəm verirəm, bunu yüksək qiymətləndirirəm. Azərbaycanda birgə istehsal sahələrinin yaradılması fikri hər kəs üçün cəlbedici olmalıdır. Biz bunun müəyyən detallarını artıq müzakirə etdik və bizim Baş nazirin müavini, müdafiə naziri cənab Kalinak bu sahədə də çox böyük fəallıq göstərir. O da əlindən gələni edəcək ki, bu layihələr uğurlu olsun. Söhbət Slovakiyanın xaricindəki istehsal sahələrindən gedir.
Cənab Prezident, Qarabağdakı təşəbbüsümüzü dəstəklədiyinizə görə Sizə təşəkkür edirəm. Bu, “Ağıllı kənd” layihəsidir. Bu, çox maraqlı bir layihədir. Mən imkan düşən kimi böyük məmnuniyyətlə oraya səfər etmək istərdim və ümid edirəm ki, Siz də tez bir zamanda bizə - Slovakiyaya səfər edəcəksiniz. Orada biz bu irəliləyişlə bağlı müzakirələr apara bilərik. Eyni zamanda, biz kiçik hava limanının inşası ilə də maraqlanırıq və enerji sahəsində əməkdaşlıq da bizə maraqlıdır.
Əlbəttə ki, Ukraynada baş verən müharibə səbəbindən Slovakiyanın nəqliyyat infrastrukturunun istifadəsi mürəkkəbləşib. Azərbaycan qazının Rusiya-Ukrayna sərhədindəki məntəqə vasitəsilə Ukrayna ərazisindən idxal edilməsi layihəsi var. Söhbət 20 milyard kubmetrlik həcmdən gedirsə, bu, hamı üçün maraqlı olmalıdır. Əlbəttə, mən hesab etmirəm ki, Azərbaycan xeyriyyəçiliklə məşğuldur. Biz, sadəcə olaraq, ədalətli qiymətlərə ümid edirik və sizin maraqlarınıza hörmətlə yanaşırıq.
Cənab Prezident, əminəm ki, biz Avropa səviyyəsində də müsbət ab-hava yaradacağıq. Bilirsiniz ki, Avropada hamı spekulyasiyanı xoşlayır, ən pis niyyət görməyə çalışır. Biz təkcə Azərbaycandan qaz almaq istəmirik, biz qazı Ukrayna ərazisindən Slovakiyaya idxal etmək istəyirik və bu məsələdə Sizin konstruktiv yanaşmanızı çox yüksək qiymətləndirirəm.
Ukraynanın Baş nazirinin dediyi kimi, Azərbaycan qazı olduğu yerdə Rusiya ilə Ukrayna arasında müəyyən razılığa gəlmək olar. Bu, hər kəs üçün faydalı olar, həm Slovakiya üçün, həm Sizin üçün, həm də Ukrayna üçün. Çünki onlar bunun tranzitini həyata keçirəcək. Bu, nümunəvi bir layihə ola bilər və cənab Prezident, bununla bağlı da verdiyiniz məlumata görə Sizə təşəkkür edirəm.
Cənab Prezident, şəxsən Sizə uğurlar arzulamaq istəyirəm, Sizin ölkənizə və xalqınıza ən xoş arzularımı çatdırıram.
Siz suveren bir ölkəsiniz və suverenliyə gəldikdə nümunəvi ölkəsiniz. Suveren mövqe və fikirlərə gəldikdə, mən hər zaman belə ölkələri yüksək qiymətləndirmişəm. Siz ədalətsizliyə sinə gərirsiniz. Eyni yanaşmanı mən Slovakiyada tətbiq etməyə çalışacağam ki, Slovakiya da suveren xarici siyasət apara bilsin və bizim kimi suveren ölkələr bir araya gəldikdə nəticələr çox gözəl ola bilər.
Cənab Prezident, Sizə, Azərbaycana və Azərbaycan xalqına ən xoş hisslərimi çatdırıram və işlərinizdə uğurlar arzu edirəm. Əməkdaşlığa görə təşəkkür edirəm və bu işdə Sizin çox böyük şəxsi töhfəniz var. Slovakiya-Azərbaycan əməkdaşlığına töhfənizə görə təşəkkürümü bildirirəm.