Azərbaycan Prezidentinin və Almaniya Kanslerinin mətbuat üçün bəyanatları

26 aprel 2024, 14:46

Kansler Olaf Şoltsun bəyanatı

- Hörmətli cənab Prezident, Berlinə xoş gəlmisiniz.

Mən Sizi bizim hər ikimizin elə indicə iştirak etdiyimiz “Petersberq İqlim Dialoqu” münasibətilə buraya təşrif buyurduğunuza görə təşəkkür edirəm və salamlayıram.

Siz son 14 ay ərzində Almaniyaya dörd dəfə səfər etmisiniz. Sonuncu dəfə fevral ayında Münxen Təhlükəsizlik Konfransına gəlmişdiniz. Bu, onu göstərir ki, bizim müzakirə edəcəyimiz mövzular çoxdur, bu gün olduğu kimi. Təbii ki, biz xüsusən də Ermənistan və Azərbaycan arasında mövcud olan münaqişə haqqında da söhbət etdik. Hər ikimiz eyni fikirdəyik ki, bu münaqişə ancaq sülh yolu ilə həll olunmalıdır. Bunun üçün şanslar mövcuddur. Ona görə də çox gözəl bir amildir ki, Siz hazırda baş nazir Paşinyanla birbaşa əlaqədəsiniz. Münxendə bizim sonuncu görüşümüz çərçivəsində hər ikiniz məni əmin etdiniz ki, açıq olan suallar öz həllini yalnız sülh yolu ilə tapacaq. Bu, məni sevindirir.

Mən icazənizlə, bir daha onu bildirmək istəyirəm ki, Almaniya sizi məsələnin uzunmüddətli və davamlı həllinin tapılmasında dəstəkləməyə hazırdır, əgər siz hər ikiniz bunu istəyirsinizsə. Mən hər iki tərəfi həvəsləndirmək istərdim ki, lazımi kompromislər üçün istək və cəsarət göstərəsiniz. Mən düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdır. Bu, özündə şanslar və məsuliyyətlər gətirir.

Onu da qeyd edim ki, demarkasiya ilə əlaqədar ilkin razılıqlar bizi sevindirir. Yəni, eşitdik ki, razılıq əldə etmisiniz. İndi bu dinamikanı saxlamaq və bu istiqamətdə cəsarətli addım atmağınızı istəyirəm. Həm Sizi, həm də Sizin əks tərəfiniz olan baş nazir Paşinyanı buna çağırıram.

Bizim görüşümüzün növbəti mövzusu da Rusiyanın Ukraynaya hücumudur və bu müharibənin Azərbaycana, Cənubi Qafqaza olan təsiridir. Biz hamımız bilirik ki, Rusiya özünün beynəlxalq hüquqazidd müharibəsi ilə Ukraynaya yüz minlərlə ağrı-acı gətirib. Bu amansız qırğın öz sonunu tapmalıdır. Putin öz müharibəsini sona çatdırmalı, əsgərlərini geri çəkməli, Ukraynanın suverenliyini və ərazi bütövlüyünü axır ki, tanımalı, qəbul etməlidir.

Cənab Prezident, Sizin bugünkü səfəriniz əsasən iqlim siyasəti çərçivəsindədir və Azərbaycan COP29-un sədrliyini üzərinə götürüb, yəni, ev sahibi olacaq. COP28 çərçivəsində Dubayda vacib qərarlar qəbul olundu. Deməli, 2030-cu ilə qədər bərpaolunan enerji üç dəfə, enerji səmərəliliyi iki dəfə artırılmalıdır, metan tullantıları azaldılmalıdır. Həmçinin qeyd etmək istərdim ki, 2030-cu ilə qədər Azərbaycanın enerji sektorunda külək, Günəş və su elektrik enerjisinin payını 30 faiz artırması çox gözəl bir xəbərdir. Almaniya 80 faizi hədəfləyib.

Düşünürəm ki, yaşıl enerji və hidrogen enerjisi sahələrində əməkdaşlıq üçün regionda böyük potensial mövcuddur və alman şirkətləri Azərbaycanda əməkdaşlıq etməyə maraqlıdırlar, əsasən də, qeyd etdiyim kimi, hidrogen və bərpaolunan enerji sahələrində. Təbii ki, bunun üçün müvafiq çərçivə şərtləri mövcud olmalıdır.

Bakıda keçiriləcək Dünya İqlim Konfransı region üçün böyük şanslar gətirəcək. Biz iqlim siyasətinə aid sualları və Dubayda qəbul olunan qərarları birgə müzakirə edib yenidən qiymətləndirərək 2035-ci ilə qədər yeni iqlim məqsədləri, hədəfləri formalaşdıra və təbii ki, eyni zamanda, iqlim maliyyələşdirmə məsələsini də irəliyə apara bilərik.

Bildiyiniz kimi, Almaniya bu məsələdə özünün böyük töhfəsini göstərir. İqlim maliyyələşdirilməsi məsələsində biz büdcəmizdən 6 milyard avro ayırmışıq. Almaniya bununla etibarlı maliyyəçi olaraq qalır və özünün ədalətli töhfəsini göstərir.

İndi isə biz təbii ki, investisiya tələbatı məsələsini diqqət mərkəzinə gətirməliyik, özəl sektora iqlim mühafizəsinə sərmayə ayırmağa imkan yaratmalıyıq. Eyni zamanda, bu günədək töhfə verən tərəflər daha çox töhfə verməlidir. Amma bununla yanaşı, digər ölkələr də iqlimin maliyyələşdirilməsi məsələsinə daha fəal töhfə verməlidirlər. Mən əmin olmaq istərdim ki, biz COP29 tədbiri çərçivəsində bununla əlaqədar müəyyən razılıqlar əldə edə biləcəyik.

Azərbaycan Avropanın enerji təhlükəsizliyi məsələsində çox böyük rol oynayır və vacib tərəfdaşdır. Mən bu əməkdaşlıq üçün və enerji təchizatı sabitliyinə göstərdiyiniz vacib töhfənizə görə Sizə təşəkkürümü bildirmək istəyirəm.

Biz, həmçinin vətəndaş cəmiyyəti, azad media haqqında da müzakirə apardıq. Mən deyərdim ki, sivil cəmiyyətdə demokratiyanın ayrılmaz hissəsi canlı tənqidin mövcud olmasıdır. Fikir azadlığı, mətbuat azadlığı mövcud olmalıdır. Cənab Prezident, mən Sizə bu çətin dövrdə müxtəlif sahələr üzrə apardığımız danışıqlarımıza görə təşəkkürümü bildirmək istəyirəm. Biz hər ikimiz eyni fikirdəyik ki, mövcud olan əməkdaşlığı davam etdirə və dərinləşdirə biləcəyik. Sizə təşəkkür edirəm.

x x x

Prezident İlham Əliyevin bəyanatı

- Hörmətli cənab Kansler.

Hörmətli xanımlar və cənablar.

İlk növbədə, dəvətə görə Sizə təşəkkürümü bildirirəm. Siz də qeyd etdiyiniz kimi, son vaxtlar mənim Almaniyaya səfərlərim müntəzəm xarakter alıb. Deyə bilərəm ki, son müddət ərzində Almaniya-Azərbaycan əlaqələri öz sürətli inkişaf dövrünü yaşayır. Mən keçən ilin mart ayında burada idim, iki ay bundan əvvəl biz Münxendə cənab Kansler ilə görüşmüşdük. İkitərəfli gündəlik kifayət qədər genişdir. Almaniya-Azərbaycan əlaqələrinin inkişafı həm ölkələrimiz üçün, həm də bütövlükdə Cənubi Qafqazın inkişafı və sabitliyi üçün çox böyük əhəmiyyət kəsb edir.

Bu gün səhər “Petersberq İqlim Dialoqu” forumunun işində iştirak edərkən bir daha öz niyyətimizi ifadə etdik. Sizə COP29-la bağlı Azərbaycana göstərdiyiniz dəstəyinizə görə təşəkkürümü bildirmək istəyirəm. Bizim komandalarımızın üzvləri bir-biri ilə sıx təmasdadırlar. COP29-a ev sahibliyi etmək bizim üçün həm böyük şərəf, həm də məsuliyyətdir. Biz buna hazırıq və Azərbaycanın yaşıl gündəliyi artıq dünyaya bəllidir.

Bu gün səhər çıxış edərkən bildirdim ki, 2027-ci ilin sonuna qədər 9 Günəş və külək elektrik stansiyası istismara veriləcək. Onların enerji potensialı 2 qiqavata bərabərdir. 2030-cu ilə qədər isə əlavə 10 külək və Günəş elektrik stansiyası tikiləcək ki, onun da potensialı 5 qiqavata qədərdir. Biz indi Avropaya yaşıl enerjini ixrac etmək üçün fəal çalışırıq və hesab edirəm ki, təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaqdır.

Təbii qaza gəldikdə, Avropa İttifaqının Energetika Komissiyası Azərbaycanı panavropa qaz təchizatçısı kimi qiymətləndirir. Bizim Avropaya qaz təchizatımız strateji tərəfdaşlıq əsasında həyata keçirilir. 2022-ci ildə Avropa İttifaqı ilə Azərbaycan müvafiq memorandum qəbul etmişlər. 2027-ci ilə qədər biz Avropaya ixrac edəcəyimiz qazın həcmini 20 milyard kubmetrə çatdırmaq əzmindəyik. Avropada təbii qaza - yeni mənbələrdən olan qaza tələbat artır. Əgər 2021-ci ildə biz Avropa İttifaqı ölkələrinə 8 milyard kubmetr qaz təchiz etmişdiksə, bu il bu rəqəm 12 milyarda çatıb. Biz əlavə sərmayə qoyuruq, əlavə vəsait ayırırıq ki, Avropa ölkələrini bu məsələdə dəstəkləyək. Beləliklə, həm ənənəvi enerji növləri, eyni zamanda, bərpaolunan enerji növləri ilə zəngin Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş olacaqdır.

Regional təhlükəsizliyə gəldikdə, Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını biz yüksək qiymətləndiririk. Cənab Kansler, Sizin dəvətinizlə Azərbaycan və Ermənistan xarici işlər nazirləri bu yaxınlarda Almaniyada görüşmüşlər. Almaniyanın xarici işlər naziri xanım Berbok da öz dəstəyini göstərmişdir. Növbəti görüş Qazaxıstanda keçiriləcək və beləliklə, biz sülh sazişinin imzalanmasına doğru əlavə addımlar atırıq.

Azərbaycan 2020-ci ildə öz suveren ərazisinin böyük hissəsini işğaldan azad etmişdir. Keçən ilin sentyabr ayında isə suverenliyini tam bərpa etmişdir. Bu gün Azərbaycanın ərazi bütövlüyü tam bərpa edilib. Təbii ki, bu, tarixi nailiyyətdir və onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmaq fikrində deyildi. Biz beynəlxalq hüququn norma və prinsiplərini əsas tutaraq, BMT Nizamnaməsinin 51-ci maddəsinə söykənərək öz ərazi bütövlüyümüzü hərbi-siyasi yollarla təmin etdik.

Bu gün isə artıq Azərbaycanla Ermənistan arasında gedən proses nəticəsində sərhədlərin delimitasiyası və hətta demarkasiyası prosesi də başlamışdır. 1990-cı və 1992-ci illərdə işğal edilmiş 4 Azərbaycan kəndi bizə qaytarılır. Onu da bildirməliyəm ki, Azərbaycanda yerləşmiş Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi də öz fəaliyyətini bu gün səhər dayandırmışdır, buna artıq ehtiyac duyulmur.

Yəni, sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var. Bütün bu işdə bizə kömək etmək istəyən ölkələrlə biz əməkdaşlıq etməyə hazırıq. Ümid edirik ki, çox vaxt keçmədən bu istiqamətdə də müsbət addımlar atılacaq. Biz Almaniyanın bu sahədəki dəstəyini xüsusilə qiymətləndiririk və buna görə Sizə minnətdarıq.

SƏNƏDLƏR Sərəncamlar 25 dekabr 2024
15:35
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirərkən qəzaya uğraması nəticəsində həlak olanların xatirəsini yad etmək məqsədilə Azərbaycan Respublikasında matəm elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2024-cü il dekabrın 25-də Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı olmuşdur.

Azərbaycan Respublikası Konstitusiyasının...

25 dekabr 2024, 15:35
SƏNƏDLƏR Sərəncamlar 25 dekabr 2024
15:34
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirərkən qəzaya uğraması səbəblərini araşdırmaq üçün Dövlət Komissiyasının yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2024-cü il dekabrın 25-də Heydər Əliyev Beynəlxalq Aeroportundan saat 07:56-da havaya qalxan və Bakı–Qroznı reysini yerinə yetirən “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” təyyarəsinin Qazaxıstan...

25 dekabr 2024, 15:34