Səməd Seyidov və Ülviyyə Ağayevadan, Bakı, Azərbaycan
Möhtərəm cənab Prezident!
Sizin apardığınız uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycan artıq dünyada öz layiqli mövqeyini tutub. Həyata keçirilən düşünülmüş və məqsədyönlü xarici siyasət ölkəmizi regionda lider dövlətə, qlobal miqyasda isə etibarlı tərəfdaşa çevirib. Vurğulamaq istəyirik ki, Türk Dövlətləri Təşkilatında, onların birliyində və nüfuzunun artmasında Sizin müstəsna rolunuz var. Ölkəmiz üçün vacib məqamlardan biri də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un bu il ölkəmizdə keçirilməsidir. Bütün bunlar Sizin rəhbərliyinizlə ölkəmizin beynəlxalq aləmdə olan nüfuzunun göstəricisidir.
Möhtərəm cənab Prezident!
Sizin və rəşadətli Ordumuzun sayəsində torpaqlarımız işğaldan azad olundu. Qarabağa “Böyük Qayıdış" proqramı çərçivəsində Qarabağdan və Şərqi Zəngəzurdan olan minlərlə sakin öz dədə-baba torpaqlarına geri qayıdıb və bu, indi də uğurla davam edir.
Sizin "Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm“ ifadəniz artıq xalqımızın dilində şüara və Sizə olan inama çevrilib. Aprel ayının 19-da Azərbaycan və Ermənistan arasında danışıqlar zamanı Qazaxın 4 kəndinin hərbi əməliyyatsız, bir güllə belə atılmadan geri qaytarılması barədə razılıq əldə olunması Sizin düşünülmüş siyasətinizin nəticəsidir. Hər bir azərbaycanlı, qazaxlılar, xüsusilə də geri qaytarılan kəndlərin sakinləri sevinir və Sizinlə qürur duyurlar.
Sizin tapşırıq və tövsiyələrinizlə Qazax rayonu gündən-günə inkişaf edir. Yaxın vaxtlarda Sizin Qazax rayonuna səfəriniz zamanı istifadəyə verilən yeni müəssisələr, açılan yeni iş yerləri və infrastruktur layihələr bunun bariz nümunəsidir. Sizin iştirakınızla açılışı olan tarixi Qazax Müəllimlər Seminariyasının binasında ADA Universitetinin Qazax Mərkəzinin fəaliyyətə başlaması tarixi köklərə, elm və təhsilə, qazaxlılara göstərdiyiniz diqqətin təzahürüdür. Əminik ki, qaytarılan kəndlər də gündən-günə yüksələn, çiçəklənən Qazax rayonunun timsalında tərəqqiyə və inkişafa qovuşacaq.
Hörmətli cənab Prezident.
Qazax rayonundan seçilmiş deputatlar kimi rayonun sakinləri, ziyalıları və öz adımızdan Sizə dərin minnətdarlığımızı və qazaxlıların daim Sizin yanınızda olduğunu bildiririk. Siz, Azərbaycan xalqının inam və ümid yerisiniz. Biz əminik ki, Sizin rəhbərliyinizlə xalqımızı firavan və xoşbəxt günlər gözləyir. Sizə möhkəm cansağlığı, uzun ömür, məsuliyyətli və şərəfli işinizdə uğurlar arzu edirik.
Hörmətlə,
Milli Məclisə Qazax rayonundan seçilmiş deputatlar:
Səməd Seyidov,
Ülviyyə Ağayeva.
Azərbaycan Respublikası, Bakı şəhəri.