Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatının XII zirvə toplantısında İlham Əliyevin nitqi

16 oktyabr 2012, 11:20
Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatının XII zirvə toplantısında İlham Əliyevin nitqi

- Hörmətli xanımlar və cənablar!

Hörmətli nümayəndə heyətlərinin başçıları!

Əziz qonaqlar, əziz dostlar!

Mən sizin hamınızı Azərbaycanda səmimiyyətlə salamlayıram. Azərbaycana xoş gəlmisiniz!

Məni zirvə görüşünün sədri seçdiyiniz üçün sizə minnətdaram. Sizi əmin etmək istəyirəm ki, Azərbaycan ECO-nun sədri kimi əlindən gələni edəcək ki, təşkilat daha da inkişaf etsin, konkret layihələr üzərində işləsin və təşkilata üzv olan ölkələr arasında dostluq, qardaşlıq əlaqələri daha da genişlənsin.

Fürsətdən istifadə edərək, son iki il ərzində təşkilata sədrlik etmiş Türkiyə Respublikasına və onun rəhbərliyinə uğurlu fəaliyyət üçün minnətdarlığımı bildirmək istəyirəm.

Bizim zirvə görüşümüz çox əlamətdar tarix ərəfəsində baş verir. 1992-ci ilin noyabrında ECO-ya yeni 7 üzv daxil olmuşdur.

Onlardan biri də Azərbaycan idi. Demək olar ki, o vaxtdan bu günə qədər təşkilatın yeni dövrü başlamışdır. Azərbaycan öz tərəfindən bütün dövrlərdə ECO təşkilatının fəaliyyətinə böyük önəm vermişdir və biz hesab edirik ki, ECO-nun uğurlu fəaliyyəti bütün üzv ölkələrin marağındadır. Çünki bizi həm ortaq tarix, həm də iqtisadi və siyasi maraqlar birləşdirir.

Ortaq tarixə gəldikdə, deyə bilərəm ki, xalqlarımız əsrlər boyu bir yerdə olmuş, yaşamış, yaratmışlar, bir-birinə daim dayaq olmuşlar. Təşkilatımızın bu tarixi irs üzərində formalaşması hesab edirəm ki, çox əlamətdar hadisədir. Bizi ənənələrimiz, dinimiz – müqəddəs İslam dini birləşdirir və biz çalışırıq ki, İslam mədəniyyətinin təbliği üçün öz səylərimizi göstərək. 2009-cu ildə Bakı şəhəri “İslam mədəniyyətinin paytaxtı” elan edilmişdi və biz bu şərəfli missiyanı uğurla yerinə yetirdik. 2018-ci ildə isə Azərbaycanın digər qədim şəhəri – Naxçıvan şəhəri “İslam mədəniyyətinin paytaxtı” olacaqdır. Bu, islam dünyasının bizə olan böyük etimadının və hörmətinin əlamətidir. Biz öz növbəmizdə dünyada islam həmrəyliliyinin gücləndirilməsi üçün səylərimizi göstəririk. Bəzi ölkələrdə islamofobiya meyillərinin gücləndirilməsi bizi çox narahat edir, İslam müqəddəslərinin təhqir olunması bizi haqlı olaraq hiddətləndirir. Biz öz növbəmizdə islamı sülh, qardaşlıq, mərhəmət dini kimi dünyaya daha da geniş şəkildə təqdim etməliyik. Hesab edirəm ki, təşkilatımızın istiqamətlərindən biri də bu olmalıdır.

Təşkilata üzv olan ölkələr arasında siyasi əlaqələr də yüksək səviyyədədir. Biz beynəlxalq təşkilatlarda bir-birimizi qarşılıqlı surətdə dəstəkləyirik. Keçən il təşkilata üzv olan ölkələrin fəal iştirakı və dəstəyi ilə Azərbaycan BMT Təhsükəsizlik Şurasına üzv seçilmişdir. Bu fürsətdən istifadə edərək, bizi dəstəkləyən bütün qardaş ölkələri qeyd edirəm, onlara minnətdarlığımı bildirmək istəyirəm. Azərbaycan da öz növbəsində ECO-ya üzv olan ölkələrin milli maraqlarının müdafiəsi üçün bütün beynəlxalq arenalarda fəal iştirak edir. Qarşılıqlı dəstək və qarşılıqlı anlaşma əlbəttə ki, təşkilatımızı da gücləndirəcəkdir. Eyni zamanda, bizim üçün ən ağrılı problem olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi ilə bağlı ECO-ya üzv olan ölkələrin mövqeyini yüksək qiymətləndiririk və bu mövqe bu gün müzakirə ediləcək sənədlərin tərkibinə salınıbdır. Bildiyiniz kimi, uzun illərdir ki, ölkəmizin beynəlxalq birlik tərəfindən tanınmış ərazi bütövlüyü pozulub, Ermənistan Azərbaycana qarşı hərbi təcavüz etmişdir. Bu təcavüz və işğal nəticəsində torpaqlarımızın 20 faizi ermənilərin işğalı altındadır, 1 milyondan artıq azərbaycanlı öz doğma Vətənində qaçqın-köçkün vəziyyətinə düşmüşdür. Bizə qarşı etnik təmizləmə siyasəti aparılmışdır. 1992-ci ildə ermənilər tərəfindən Xocalı soyqırımı törədilmişdir ki, yüzlərlə günahsız insan, - onların arasında qadın, uşaq, yaşlı insanlar vardır, - qətlə yetirilmişdir. Dünyada Xocalı soyqırımını soyqırımı kimi tanıyan artıq 3 ölkə vardır. Onlardan biri bizim qardaş ölkəmiz, ECO-ya üzv olan Pakistandır və fürsətdən istifadə edərək, Pakistan xalqına və onun rəhbərliyinə bu ədalətli mövqeyə görə minnətdarlığımı bildirmək istəyirəm. Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu olmayıbdır və ola da bilməz. BMT Təhlükəsizlik Şurası münaqişənin həlli ilə bağlı 4 qətnamə qəbul etmişdir və o qətnamələrdə erməni silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılması nəzərdə tutulurdu. Əfsuslar olsun ki, bu qətnamələr yerinə yetirilmir. Ancaq biz əminik ki, Azərbaycan öz ərazi bütövlüyünü, suverenliyini bərpa edəcək və işğaldan əziyyət çəkən bütün soydaşlarımız doğma dədə-baba torpağına, əzəli torpağına qayıdacaqlar.

Bir daha bu fürsətdən istifadə edərək, bizim haqlı mövqeyimizi dəstəkləyən bütün üzv ölkələrə minnətdarlığımı bildirmək istəyirəm. Əlbəttə, bu işğal və ədalətsizlik bizim iqtisadiyyatımıza da çox böyük zərbə vurmuşdur. Ancaq buna baxmayaraq, Azərbaycan iqtisadiyyatı son illər ərzində yüksələn xətlə inkişaf edir. Son 8-9 il ərzində ümumi daxili məhsul 3 dəfə artmışdır, sənaye istehsalı da təxminən 3 dəfə - yəni 300 faiz artmışdır. Yoxsulluqla mübarizədə böyük uğurlar qazanılmışdır. Bu illər ərzində yoxsulluq 49 faizdən 7 faizə düşmüşdür, işsizlik 5,3 faiz, xarici borcumuz ümumi daxili məhsulun cəmi 7 faizini təşkil edir. Beynəlxalq reytinq agentlikləri Azərbaycanın kredit reytinqlərini artırıblar. Baxmayaraq ki, Avropada maliyyə və iqtisadi böhran hələ ki, davam edir, Azərbaycanın kredit reytinqləri aparıcı reytinq agentlikləri tərəfindən artırılmışdır.

Rəqabətqabiliyyətliliyinə görə Azərbaycan dünya miqyasında layiqli yerlərdədir. İqtisadi islahatlar bizə imkan verir ki, iqtisadiyyatımızı şaxələndirək və iqtisadiyyatın bütün sahələri inkişaf etsin, insanlar daha da yaxşı yaşasınlar.

ECO-ya üzv olan ölkələrlə bizim ticarət dövriyyəmiz artır. Bu, çox sevindirici haldır. 2011-ci ildə bu ticarət dövriyyəsi 38 faiz, 2012-ci ilin 9 ayında 20 faiz artmışdır. Yəni, bu, onu göstərir ki, təşkilata üzv olan ölkələrlə bizim çox səmərəli iqtisadi əlaqələrimiz vardır. Bu da təbiidir, çünki bizim siyasi əlaqələrimiz çox yüksək səviyyədədir və iqtisadi sektor əlbəttə ki, bu səviyyəyə uyğun olmalıdır. Mən əminəm ki, bu zirvə görüşünün yekunları və qəbul ediləcək qərarlar aramızda olan ticarət dövriyyəsinin artırılmasına daha da böyük təkan verəcəkdir və beləliklə, biz bir-birimizi iqtisadi yollarla, iqtisadi amillərlə daha da çox dəstəkləyəcəyik.

İki il bundan əvvəl ECO-nun İstanbulda keçirilən zirvə görüşündə Azərbaycan söz vermişdi və öhdəlik götürmüşdü ki, ECO Bankının səhmdarına çevriləcəkdir, ECO Bankına üzv olacaqdır. Məmnuniyyət hissi ilə deyə bilərəm ki, bu, artıq reallıqdır.

Azərbaycan ECO Bankının səhmdarıdır və öz tərəfindən üzv olan ölkələrdə həyata keçirilən vacib infrastruktur və iqtisadi layihələrdə fəal iştirak etmək əzmindədir. Həm bank vasitəsilə, eyni zamanda, investor kimi. Hazırda Azərbaycan öz investisiyalarını ölkənin hüdudlarından kənara qoymağa başlamışdır. Bu investisiyalar milyardlarla dollar səviyyəsindədir. Biz yeni bazarlara çıxmaq üçün araşdırma işləri aparırıq. Əlbəttə ki, investisiyanın qoyuluşu üçün biz ilk növbədə özümüzə dost, qardaş bildiyimiz ölkələrə üz tuturuq. Hesab edirəm ki, zirvə görüşü çərçivəsində və ondan sonra nümayəndə heyətlərinin, iqtisadiyyat nazirlərinin birgə fəaliyyəti nəticəsində qarşılıqlı investisiyaların istiqaməti və həcmi haqqında daha da geniş müzakirə aparıla bilər. Biz bunun tərəfdarıyıq.

Eyni zamanda, Azərbaycan region üçün vacib olan çox mühüm infrastruktur layihələrini icra edir. Onların arasında əlbəttə ki, enerji infrastrukturunun yaradılması layihələri ön plandadır. Bizim təşəbbüsümüzlə son illər ərzində şaxələndirilmiş neft-qaz kəmərləri şəbəkəsi yaradılmışdır ki, hazırda enerji resurslarımızı müxtəlif istiqamətlər üzrə dünya bazarlarına çıxarır. Çox şadam ki, bu təşəbbüslər region ölkələrinin marağındadır və regionda yerləşən ölkələr də bu təşəbbüsləri dəstəkləyirlər. Enerji sahəsində fəaliyyətimiz əlbəttə ki, milli maraqlarımızı təmin edir, eyni zamanda, enerji təhlükəsizliyi məsələlərini də gücləndirir və bu sahədə yeni imkanlar açılır.

Nəqliyyat sektorunda təşəbbüslərimiz və fəaliyyətimiz hesab edirəm ki, ümumi maraqlarımıza xidmət edir. Azərbaycan Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin fəaliyyəti üçün praktiki tədbirlər görür. Bizim coğrafi vəziyyətimiz elədir ki, Azərbaycan təkcə coğrafi vəziyyətinə görə nəqliyyat sahəsində regional mərkəzə çevrilə bilər. Bizim investisiyalarımız - yeni yaradılan dəniz limanları, dəmir yolu xətləri, avtomobil yolları, hava nəqliyyatının təkmilləşdirilməsi layihələri, əlbəttə ki, Bakını nəqliyyat mərkəzinə çevirmək üçün gözəl imkanlar yaradır. Bu yaxınlarda tikintisi başa çatacaq Bakı-Tbilisi-Qars dəmir yolu isə öz növbəsində, ECO-ya üzv olan bütün ölkələrin xidmətində olacaqdır. Çünki bu dəmir yolu təkcə Azərbaycanı Türkiyə ilə birləşdirmir. Bu yol əslində qitələri birləşdirir və əgər ECO-ya üzv olan ölkələrin xəritəsinə, bizim təşkilatımızın xəritəsinə baxsaq, görərik ki, bu yol hamımız üçün çox səmərəli, çox əhəmiyyətli olacaqdır. Bu, strateji layihədir, geosiyasi və geoiqtisadi vəziyyəti böyük dərəcədə yaxşılaşdıracaq bir layihədir. Mən çox şadam ki, bu layihə artıq yaxın zamanlarda reallaşacaqdır.

Bir sözlə, əziz qonaqlar, bir daha demək istəyirəm ki, Azərbaycan ECO-nun fəaliyyətinə çox böyük önəm verir. ECO-nun fəaliyyəti bu günə qədər çox uğurlu idi. Bu təşkilat dünya miqyasında öz layiqli yerini tuta bilmişdir. Təşkilata üzv olan ölkələrin böyük iqtisadi potensialının mövcudluğu bizi daha da gücləndirir. Əminəm ki, növbəti mərhələlərdə konkret layihələr üzərində işləməyimiz təşkilatı daha da gücləndirəcək və iqtisadi, siyasi, mədəniyyət sahələrində təşəbbüslərimiz ancaq və ancaq qarşılıqlı etimadın gücləndirilməsinə xidmət göstərəcəkdir.

Mən bir daha sizin hamınızı Azərbaycanda səmimiyyətlə salamlayıram. Əminəm ki, ECO-nun Bakı zirvə görüşü uğurlu olacaq və zirvənin nəticələri təşkilatı daha da gücləndirəcəkdir.

SƏNƏDLƏR Sərəncamlar 27 dekabr 2024
16:15
“Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin ləğv edilməsi və bundan irəli gələn məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti ləğv edilsin.

2. “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar...

27 dekabr 2024, 16:15