İlham Əliyev əsaslı şəkildə yenidən qurulan Saatlı Mərkəzi Rayon Xəstəxanası ilə tanış olmuşdur

27 oktyabr 2012, 19:00
İlham Əliyev əsaslı şəkildə yenidən qurulan Saatlı Mərkəzi Rayon Xəstəxanası ilə tanış olmuşdur

Prezident İlham Əliyev əsaslı şəkildə yenidən qurulan Saatlı Mərkəzi Rayon Xəstəxanası ilə tanış olmuşdur.

Səhiyyə naziri Oqtay Şirəliyev dövlətimizin başçısına məlumat verdi ki, Saatlı Mərkəzi Rayon Xəstəxanasının əsaslı təmiri Prezident İlham Əliyevin 2010-cu ildə verdiyi Sərəncamla ayrılmış vəsait hesabına aparılmışdır. Xəstəxana üç korpusdan ibarətdir. Tibb müəssisəsinin əsas binası, poliklinika və yoluxucu xəstəliklər korpusları, eyni zamanda, mətbəxi və camaşırxanası tamamilə yenidən qurulmuş, istilik, su və kommunikasiya sistemləri müasir tələblər səviyyəsinə çatdırılmışdır. Binanı daimi elektrik enerjisi ilə təmin etmək üçün generator qoyulmuşdur.

Xəstəxananın həyətində də geniş abadlıq işləri görülmüş, yaşıllıq zolaqları yaradılmışdır.

Xəstəxanada yaradılan şəraitlə tanışlıq zamanı Prezident İlham Əliyevin diqqətinə çatdırıldı ki, 126 çarpayılıq səhiyyə ocağında 12 min kvadratmetrə yaxın sahədə əsaslı təmir işləri aparılmışdır. Xəstəxana yeni avadanlıqla və tibbi ləvazimatlarla təmin edilmişdir. Burada poliklinika, cərrahiyyə, doğum, pediatriya, reanimasiya, terapiya, ginekologiya, təcili yardım, infeksion şöbələr fəaliyyət göstərir. Xəstəxanada 58 həkim və 125 orta tibb işçisi sakinlərin sağlamlığının keşiyində durur. Xəstəxanada fəaliyyət göstərən ekspress və klinik laboratoriyalar ən müasir avadanlıqla təchiz edilmişdir.

Bildirildi ki, burada yaradılan şərait nəinki Saatlı sakinləri, eləcə də digər rayonların əhalisinə ən yüksək səviyyədə tibbi xidmət göstərməyə imkan verir. Xəstəxananın bütün şöbələri tibb sahəsində məşhur şirkətlərin istehsalı olan ən son elmi-texniki tərəqqiyə əsaslanan və dünyanın aparıcı ölkələrində istifadə edilən avadanlıqla təchiz olunmuşdur. Hər bir şöbənin ayrıca intensiv palatası vardır.

Qeyd olundu ki, xəstəxananın poliklinika şöbəsi də müasir tələblər səviyyəsindədir. Burada klinik və bakterioloji laboratoriyalar, dermatoloq, nevropatoloq, elektrokardioqrafiya, ftiziatr, ultrasəslə müayinə, kardioloq, oftalmoloq, stomatoloq, fizioterapiya və digər həkim otaqları vardır.

Səhiyyə ocağı ilə tanışlıqdan sonra Prezident İlham Əliyev burada xəstəxananın kollektivi və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Mərasim iştirakçılarını salamlayan dövlətimizin başçısı İlham ƏLİYEV dedi:

- Mən sizi ürəkdən təbrik edirəm. Biz bu gün Saatlı Rayon Mərkəzi Xəstəxanasının əsaslı təmirdən sonra açılışını qeyd edirik. Gözəl, əlamətdar hadisədir. İndi mən xəstəxana ilə tanış olarkən bir daha gördüm ki, doğrudan da bütün işlər yüksək səviyyədə görülmüşdür.

İki il bundan əvvəl mənim Sərəncamımla xəstəxananın təmir işləri başlamışdır. Buna böyük ehtiyac var idi. Çünki siz yaxşı bilirsiniz ki, burada vəziyyət o qədər də yaxşı deyildi. Şadam ki, qısa müddət ərzində yüksək səviyyəli təmir işləri aparılmışdır.

Hazırda bütün lazımi avadanlıqlar var, şərait gözəldir. İndi bu xəstəxana ən yüksək standartlara cavab verir. Bu da təbiidir, çünki Azərbaycanda görülən bütün işlər yüksək standartlara cavab verməlidir. Biz səhiyyə sisteminin təkmilləşdirilməsi işində bu məsələyə xüsusi önəm veririk. Burada cərrahiyyə, doğum, terapiya, reanimasiya şöbələri - yəni bütün lazımi şərait vardır.

Həkimlər üçün də gözəl iş şəraiti yaradılıbdır. Əlbəttə, xəstələrə yaxşı tibbi xidmət göstərilməlidir.

Bütövlükdə Azərbaycanda səhiyyə sistemində köklü dəyişikliklər, islahatlar aparılır. Bu islahatlar faktiki olaraq yeni vəziyyətə gətirib çıxarmışdır. Çünki həm Bakıda, həm bölgələrdə yeni, müasir tibb ocaqları yaradılır. Əvvəlki illərdə tikilmiş xəstəxanalar əsaslı şəkildə təmir edilir və yeni xəstəxanalar tikilməkdədir.

Demək olar ki, son iki il ərzində mənim bölgələrə səfərlərim çərçivəsində biz mütləq xəstəxana açılışını da qeyd edirik. Artıq əksər rayon mərkəzlərində müasir səviyyəyə cavab verən xəstəxanalar vardır. Əminəm ki, bir-iki il ərzində qalan yerlərdə də təmir-tikinti işləri tamamlanacaq və beləliklə, hər bir rayon mərkəzində ən yüksək standartlara cavab verən xəstəxanalar yaranacaqdır. Bu, bizim siyasətimizdir.

Bizim siyasətimiz sosialyönümlü siyasətdir. Sosial məsələlərin həlli daim diqqət mərkəzindədir. Sosial məsələlərin içində səhiyyə xidməti xüsusi yer tutur. Çünki insanların sağlamlığı ən vacib məsələdir. İnsanların sağlamlığı üçün Azərbaycan dövləti bütün lazımi tədbirləri görür və bu məsələyə kompleks şəkildə yanaşır. Saatlı rayonunda Olimpiya İdman Mərkəzi tikilməkdədir və bu da əlbəttə ki, insanların sağlamlığına xidmət edən məsələdir.

Saatlıda içməli su, kanalizasiya layihələri icra edilir. Əvvəlki dövrdə modul tipli təmizləyici qurğuların fəaliyyəti nəticəsində bir çox kəndlərdə su təchizatı böyük dərəcədə yaxşılaşdırılmışdır. Hazırda Saatlının kompleks su təchizatı və kanalizasiya məsələləri həllini tapmaqdadır. Ümid edirəm ki, bir il, il yarım ərzində bu böyük layihə də başa çatacaq, beləliklə, insan sağlamlığı üçün ən vacib məsələlərdən biri olan təmiz içməli su təchizatı da həllini tapacaqdır.

Ölkəmizdə sosialyönümlü digər tədbirlər də geniş vüsət almışdır. Məktəb tikintisi, - o cümlədən Saatlıda da bu istiqamətdə böyük işlər görülür, - digər sosial obyektlərin, sosial infrastrukturun yaradılması məsələləri də uğurla öz həllini tapır. Beləliklə, ölkəmiz hərtərəfli inkişaf edir, ölkəmizin bütün bölgələri inkişaf edir. Vaxtilə qəbul edilmiş regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı uğurla icra edilir. İkinci Dövlət Proqramı gələn ilin sonunda başa çatacaqdır. Beləliklə, nəzərdə tutduğumuz bütün məsələlər, bölgələrin inkişafı ilə bağlı bütün məsələlər öz həllini tapacaqdır.

Səhiyyə məsələlərinə gəldikdə, bir daha demək istəyirəm ki, bu, bizim üçün prioritet məsələdir. Bu sahədə aparılmış islahatlar artıq öz gözəl nəticələrini verməkdədir. Həm gözəl xəstəxanalar, müasir avadanlıqlarla təchiz edilən böyük tibb mərkəzləri, Bakı şəhərində ən yüksək standartlara cavab verən yeni tibb mərkəzləri yaranmışdır. İndi Azərbaycanda ən ağır əməliyyatlar həyata keçirilir. Vaxtilə bu əməliyyatlar üçün bizim vətəndaşlarımız başqa ölkələrə getməyə məcbur idilər. İndi ən ağır əməliyyatlar da Azərbaycanda yüksək səviyyədə həyata keçirilir. Eyni zamanda, maarifləndirmə işləri də yüksək səviyyədə təşkil olunmalıdır.

Mən demək olar ki, hər bir xəstəxananın, diaqnostika mərkəzinin açılışında qeyd edirəm ki, hər bir vətəndaş ildə bir dəfə müayinədən keçməlidir. İndi buna şərait də imkan verir. Əvvəlki dövrdə bu mümkün deyildi. Amma indi Saatlı xəstəxanasında ən müasir avadanlıqlar vardır. Beləliklə, hər bir vətəndaş ildə bir dəfə mütləq müayinədən keçməlidir. Amma elə vətəndaşlar var ki, öz sağlamlıqlarına biganə yanaşırlar. Hesab edirəm ki, bu, dözülməz haldır. Çünki indi şəraitlə bağlı heç bir problem yoxdur.

Diaqnostika mərkəzləri, mərkəzi rayon xəstəxanalarında ən müasir diaqnostika avadanlıqları, tomoqrafiya, ultrasəs cihazları - hər şey vardır.

İnsan öz sağlamlığını özü qorumalıdır. Dövlət, əlbəttə, öz tərəfindən bütün lazımi tədbirləri görür. Ancaq insanların sağlamlığı onların əlindədir. İldə bir dəfə, bir neçə saat vaxt sərf etməklə insan öz sağlamlığını qorumuş olur, pis xəstəliklərdən özünü sığortalayır. Beləliklə, cəmiyyət üçün, ailə üçün öz xidmətlərini göstərmiş olur.

Bütövlükdə deyə bilərəm ki, son illər ərzində aparılan islahatlar nəticəsində statistik göstəricilər də yaxşılığa doğru inkişaf edir.

Məsələn, Azərbaycanda insanların ömrünün uzunluğu artır. Bu, hər bir ölkənin ümumi inkişafını göstərən amildir. Uşaq ölümü azalır. Əfsuslar olsun ki, bu göstərici hələ lazımi səviyyədə deyil, ancaq dinamika müsbətdir. Yeni gözəl xəstəxanaların, xüsusilə doğum şöbələrinin fəaliyyəti nəticəsində uşaq ölümü, ümumiyyətlə, dünyanın inkişaf etmiş ölkələrinin səviyyəsində olmalıdır.

Bu statistika daha da müsbət ola bilərdi. Gərək maarifləndirmə işləri daha da geniş vüsət alsın və insanlar öz sağlamlığına daha da böyük həssaslıqla yanaşsınlar. Mən bunu arzulayıram.

Mən istəyirəm ki, Azərbaycan xalqı sağlam olsun. Gənc nəsil sağlam yetişsin. Bunun üçün bir daha demək istəyirəm ki, kompleks tədbirlər görülür. Həm infrastruktur layihələri, dövlət siyasəti, ekoloji tədbirlər, xüsusilə Kür, Araz çayları boyu yerləşən rayonlarda, kəndlərdə ekoloji vəziyyət, içməli su ilə təchizat xüsusi məna daşıyır. Məhz buna görə biz bir neçə il bundan əvvəl sutəmizləyici qurğuların yaradılmasına başlamışıq. Bu gün bunun bəhrəsini görürük. Əminəm ki, vətəndaşlarımız kompleks tədbirlər nəticəsində daha da sağlam olacaqlar.

Həkimlərin peşəkarlığı, onların xəstələrə qayğısı, əlbəttə, yüksək səviyyədə olmalıdır. Həkimlər də biliklərini artırmalıdırlar. Təkmilləşmə işləri aparılmalıdır ki, məsələlər daha da uğurla həllini tapsın.

Bu gün mən Saatlı rayonunda bir neçə obyektin açılışında məmnuniyyətlə iştirak etmişəm. Bu obyektlər bir daha göstərir ki, Saatlı rayonu hərtərəfli inkişaf edir. Bu gün Diyarşünaslıq Muzeyinin, Gənclər Mərkəzinin, Şahmat məktəbinin, Yeni Azərbaycan Partiyasının yeni binasının açılışlarını qeyd etdik. Yəni, bu açılışlar özlüyündə bir göstəricidir. Rayonun inkişafını göstərir, rayon gözəlləşir, abadlaşır. Mərkəzi meydan tamamilə yeni görkəm alıbdır və böyük istirahət zonasına çevrilibdir. Mən xatırlayıram, bu meydanın əvvəlki vəziyyəti o qədər də ürəkaçan deyildi. Amma indi insanların istirahəti, rahat yaşaması üçün ən gözəl şərait yaradılıbdır. Kənd yolları tikilir. Mənim sərəncamımla artıq bir neçə kəndi birləşdirən yeni yol tikilibdir. Yenə də buna ehtiyac vardır.

Gələn aylarda əlavə vəsait ayrılacaqdır.

Yəni, insanların normal yaşaması üçün tədbirlər görülür və Saatlı rayonu inkişaf edir. Mən dəfələrlə Saatlıda olmuşam, bu, prezident kimi mənim dördüncü səfərimdir. Hər dəfə burada yenilikləri görəndə çox sevinirəm. Sizi – bütün Saatlı sakinlərini bu uğurlar münasibətilə təbrik edirəm, sizə yeni uğurlar, cansağlığı arzulayıram.

X X X


Xəstəxananın həkimi Adelina ƏLƏKBƏROVA göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirərək dedi:

- Əziz Prezident, Sizi bütün tibb işçiləri və rayonumuzun ictimaiyyəti adından ürəkdən salamlayır, Sizə “Xoş gəlmisiniz!” deyirik.

Sizin rayonumuza hər gəlişiniz bizə xoş günlər bəxş edir. Bu gün isə yüksək zövqlə yenidən qurulan bu xəstəxana biz tibb işçiləri və sakinləri üçün yeni bir töhfə oldu. Sizin ali diqqətiniz nəticəsində bizim arzularımız reallığa çevrildi. Bu gün yeni, dünya standartlarına cavab verən avadanlıqlarla, tibbi ləvazimatla təchiz olunmuş xəstəxana bizim ixtiyarımıza verildi. İndi bizim şəraitimiz çox gözəldir. Xəstəxanada doğum, reanimasiya, ginekologiya, cərrahiyyə, pediatriya və digər şöbələrdə əsaslı təmir işləri aparılmış və Saatlı əhalisinə yüksək tibbi xidmət göstərmək üçün bütün şərait yaradılmışdır.

Əlbəttə, biz tibb işçiləri başa düşürük ki, belə bir xəstəxanada işləmək özü də böyük bir məsuliyyətdir. Biz Sizi əmin edirik ki, bundan sonra da səylə çalışacaq, biliklərimizi artıracaq, qüvvə və bacarığımızı rayonumuzun sakinlərinin sağlamlığına yönəldəcəyik. Mən fürsətdən istifadə edib səhiyyəmizin, təhsilimizin, mədəniyyətimizin uğurlarında böyük xidməti olan həmkarımız Mehriban xanıma Saatlı camaatı adından böyük minnətdarlığımızı bildirmək istəyirəm.

Əziz Prezident! Saatlı rayonunda Azərbaycanın bütün regionlarındakı kimi yenidənqurma işləri aparılır. Salınan parklar, istirahət mərkəzləri, tikilən uşaq bağçaları, məktəblər və nəhayət bu gün istifadəyə verilən bu yeni xəstəxana Sizin rayonumuzun əhalisinə böyük diqqətinizin nəticəsidir. Doğma Azərbaycanımızın tərəqqisi naminə yorulmaz fəaliyyətinizdə Sizə uğurlar diləyirik. Sizə və ailənizə cansağlığı arzulayırıq. Allah Sizi qorusun!

Diqqətinizə görə çox sağ olun

Prezident İlham ƏLİYEV: Çox sağ olun!

X X X

Sonda xatirə şəkli çəkdirildi. 

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 23 noyabr 2024
17:40
Elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər...

23 noyabr 2024, 17:40
SƏNƏDLƏR Sərəncamlar 23 noyabr 2024
16:05
Azərbaycan Respublikası vətəndaşlarının 2025-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 26-cı bəndini rəhbər tutaraq, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-cü və 40.1-ci maddələrinə əsasən və Azərbaycan Respublikasının...

23 noyabr 2024, 16:05
SƏNƏDLƏR Sərəncamlar 23 noyabr 2024
16:03
Sumqayıt şəhərinin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq, Sumqayıt şəhərinin 75 illiyi münasibətilə qərara alıram:

Sumqayıt şəhərinin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan...

23 noyabr 2024, 16:03
SƏNƏDLƏR Fərmanlar 22 noyabr 2024
16:19
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 276 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 276 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

22 noyabr 2024, 16:19
SƏNƏDLƏR Fərmanlar 22 noyabr 2024
16:17
“Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 22 oktyabr tarixli 53-VIIQD nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və...

22 noyabr 2024, 16:17
SƏNƏDLƏR Qanunlar 22 noyabr 2024
16:15
“Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 5-ci bəndlərini və 95-ci maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan...

22 noyabr 2024, 16:15