Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimində İlham Əliyevin nitqi

01 sentyabr 2010, 22:53
Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimində İlham Əliyevin nitqi

Hörmətli xanımlar və cənablar, əziz dostlar!

Mən sizin hamınızı ürəkdən salamlayıram. Bu gün ölkəmizdə çox əlamətdar və tarixi bir gündür. Bu gün Bakıda Dövlət Bayrağı Meydanı açılır. Bu münasibətlə sizi və bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm.

Dövlət Bayrağı Meydanının açılışı həqiqətən tarixi və unudulmaz bir hadisədir. Bu meydan özlüyündə gözəl bir memarlıq abidəsidir. Meydanın üst hissəsinin sahəsi 3 hektara bərabərdir. Bütövlükdə ərazi isə 60 hektardır. Burada Azərbaycanın dövlət rəmzləri – gerbi, himninin mətni, xəritəsi təsvir edilibdir. Dövlət Bayrağı Muzeyi də fəaliyyət göstərəcəkdir. Meydanın ortasında isə Azərbaycanın dövlət bayrağı ucalacaqdır. Bu bayraq dünyada ən böyük və ən uca bayraqdır. Bayrağın hündürlüyü 162 metrdir və bu bayraq şəhərimizin hər bir yerindən görsənəcəkdir. Məhz bu məqsədlə bu yer seçilmişdir. Bu yer, bu ərazi abadlaşdı. Gələcəkdə burada böyük parklar, dənizkənarı bulvar salınacaq, istirahət üçün gözəl şərait yaradılacaqdır. Artıq bu işlər başlanmışdır. Gələcəkdə burada salınacaq bulvar Bakı bulvarı ilə birləşəcəkdir.

Bayraq meydanının yaradılması üçün çox böyük tikinti, quraşdırma, quruculuq işləri görülmüşdür. Çox sevindirici haldır ki, bütün bu işlərin əksər hissəsini Azərbaycan mütəxəssisləri, fəhlələri görmüşlər. Bu onu göstərir ki, bizdə olan güclü potensial hər bir sahədə özünü büruzə verir. Bu gün imkanlarımız o qədər böyüyüb ki, biz istənilən məsələni həll edə, istənilən memarlıq əsərini yarada bilərik. Meydanın yaradılması haqqında sərəncam mənim tərəfimdən 2007-ci il noyabrın 17-də imzalanmışdır. Ondan dərhal sonra bütün işlər başlanmışdır. O gündən iki il sonra, 2009-cu il noyabrın 17-də Azərbaycan Dövlət Bayrağı Günü təsis edilmişdir.

Bildiyiniz kimi, Azərbaycan bayrağı, bizim üçrəngli bayrağımız 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə təsdiq edilmişdir. Məhz noyabrın 9-u Azərbaycanda bundan sonra hər il Azərbaycan Dövlət Bayrağı Günü kimi qeyd olunacaqdır. Hər iki sərəncamın məhz noyabrın 17-də imzalanmasının səbəbi də çox məntiqli və aydındır. Məhz 1990-cı il noyabrın 17-də ilk dəfə olaraq Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı Azərbaycanda dövlət bayrağı kimi qaldırıldı. Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında Naxçıvan Ali Sovetinin sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı Naxçıvanda dövlət bayrağı kimi təsdiq edildi. Eyni zamanda, o vaxtkı Azərbaycan Ali Soveti qarşısında vəsatət qaldırıldı və tələb edildi ki, bu bayraq Azərbaycanın dövlət bayrağı kimi qəbul edilsin.

O vaxt hələ Sovet İttifaqının dağılmasına bir ildən çox vaxt var idi. Bizim müstəqilliyə gedən yolumuz o gündən başlamışdır. Məhz Xalq Cümhuriyyətinin bayrağının dövlət bayrağı kimi qəbul olunması Azərbaycanı müstəqilliyə daha da yaxınlaşdırmış və ölkəmizdə gedən proseslərə güclü təkan vermişdir. O illər hamımızın yadındadır. O illər Azərbaycanın inkişafı, gələcəyi üçün həlledici illər idi. Azərbaycan dövlət müstəqilliyinə qovuşanda ölkədə proseslər çox mənfi istiqamətdə gedirdi. Ölkədə anarxiya, hərc-mərclik hökm sürürdü. Ölkənin inkişaf perspektivləri qeyri-müəyyən idi və Azərbaycan əslində, dövlət müstəqilliyini itirə bilərdi. Azərbaycan xalqının tələbi və müdrikliyi ilə ulu öndər Heydər Əliyevin hakimiyyətə dəvət olunması nəticəsində Azərbaycanda bütün xoşagəlməz hallara son qoyuldu, sabitlik yarandı və inkişaf dövrü başlandı. Bu inkişaf dövrünün nəticələrini bu gün Azərbaycan vətəndaşları görürlər.

1993-2003-cü illər Azərbaycan üçün həlledici illər olmuşdur. Məhz o illərdə Azərbaycanda iqtisadi, siyasi sabitlik yaranmış, ölkə dünya birliyinə özünü təqdim edə bilmişdir. Biz beynəlxalq təşkilatlara üzv olduq. Azərbaycan bayrağı bütün beynəlxalq təşkilatlarda dalğalanmağa başlamışdır. Azərbaycan xarici tərəfdaşlarla çox uğurlu və qarşılıqlı hörmət əsasında münasibətlər qura bilmişdir. Ölkəmizə böyük həcmdə investisiyanın cəlb olunmasına nail ola bilmişdik. O proseslər bu gün də Azərbaycanın inkişafını təmin edir və onilliklər bundan sonra da Azərbaycanın uğurlu inkişafını müəyyən edəcəkdir. O on il ərzində Azərbaycan çox böyük bir yol keçmişdir və demək olar ki, dövlətçiliyin əsasları tam şəkildə qurulmuşdur. Bu gün Azərbaycan möhkəm əsaslar üzərində uğurla inkişaf edir. Ölkə daxilində gedən bütün proseslər müsbət istiqamətdə inkişaf edir.

Azərbaycanda daxili sabitlik, əmin-amanlıq, ictimai-siyasi asayiş uğurlarımızın əsas şərtidir. Biz iqtisadi, siyasi islahatları bu möhkəm əsas üzərində aparırıq. Ölkədə demokratikləşmə prosesləri çox uğurla gedir. Ölkə qarşısında duran bütün vəzifələr icra edilir. Keçən il və bu il dünyada hökm sürən iqtisadi və maliyyə böhranı böyük iz qoymuşdur. Buna baxmayaraq, Azərbaycan bu sınaqdan da şərəflə çıxa bilmişdir. Ölkə qarşısında duran bütün vəzifələr, müəyyən edilmiş bütün proqramlar icra olunur. Ölkəmizin hər bir yerində quruculuq-abadlıq işləri aparılır, iqtisadi islahatlar davam etdirilir. Bu gün Azərbaycan inkişaf edən ölkədir.

Azərbaycanda iqtisadi sahədə keçid dövrü artıq başa çatmışdır. Biz inkişaf etmiş ölkələrin sırasına daxil olmalıyıq və qarşımıza bu məqsəd qoyulubdur. Biz bu məqsədə çatacağıq. Azərbaycan beynəlxalq arenada özünəlayiq yerini tuta bilmişdir. Xarici tərəfdaşlarımızın, dostlarımızın sayı gündən-günə artır. Azərbaycan çox gözəl beynəlxalq imicə malikdir. Bizim bütün xarici siyasətimiz bir məqsədi güdür ki, Azərbaycanın milli maraqları maksimum dərəcədə təmin olunsun, Azərbaycan dövləti güclənsin və Azərbaycan xalqı daha da yaxşı yaşasın.

Bir daha demək istəyirəm ki, ölkə daxilində bütün proseslər müsbət istiqamətdə inkişaf edir. Biz iqtisadi və sosial islahatları aparmaqla həm ölkəmizin uğurlu iqtisadi inkişafını təmin edirik, eyni zamanda, sosial məsələlərin həllində də böyük uğurlara nail ola bilmişik.

Bu gün Azərbaycan böyük bir tikinti meydançasıdır. Hər yerdə, hər bölgədə, hər şəhərdə tikinti-quruculuq işləri aparılır, sosial obyektlər, infrastruktur obyektləri tikilir. Yəni Azərbaycanda görülən işlər nəinki ölkəmizin yaxın gələcəyini müəyyən edəcək, bax bu gün yaradılan infrastruktur və həyata keçirdiyimiz layihələr on il, iyirmi il, otuz il bundan sonra özünü göstərəcək və Azərbaycan xalqına xidmət edəcəkdir. Bizim uğurlu enerji siyasətimiz Azərbaycanı dünya birliyi qarşısında etibarlı tərəfdaş kimi təqdim etməyə əsas yaratdı. Bu gün bu siyasət ölkə daxilində gedən proseslərə çox müsbət təsir göstərir. Biz demək olar ki, bu sahədə qarşımızda duran bütün vəzifələri icra etmişik və sadəcə olaraq, əldə edilmiş nailiyyətlər əsasında gələcəkdə yeni layihələrin həllinə çalışırıq. Əminəm ki, bütün məqsədlərə çatacağıq.

Biz iqtisadi cəhətdən özümüzü təmin edən ölkəyik. Biz heç bir xarici yardımdan asılı olmayan ölkəyik. Biz enerji təhlükəsizliyimizi təmin etmişik. Ərzaq təhlükəsizliyimizi təmin edirik və belə olan halda Azərbaycanın gələcəyi haqqında yalnız bir fikir deyilə bilər: Azərbaycanın gələcəyi Azərbaycanın indiki vəziyyətindən daha da parlaq olacaqdır. Baxmayaraq ki, bu gün nəinki postsovet məkanında, bölgədə və ümumiyyətlə, ölkələr sırasında biz yüksək yerləri tuturuq, Azərbaycanda insanlar ildən-ilə daha da yaxşı yaşamalıdır. Bu məqsədlə bütün sosial proqramlar icra olunur, maaşlar və pensiyalar vaxtaşırı artırılır, ölkə iqtisadiyyatının inkişafını təmin etmək üçün bütün tədbirlər görülür.

Bizim gözəl ölkəmiz, gözəl təbiətimiz vardır. Ölkəmizin hər bir tərəfi gözəldir. Hər bir tərəf abadlaşır, gözəlləşir. Bizim təbii ehtiyatlarımız vardır. Bu ehtiyatlar gücümüzü daha da artırır. Artıq böyük maddi imkanlarımız vardır. Biz nəinki xarici yardımdan asılı deyilik, eyni zamanda, lazım gələndə özümüz də yardım göstəririk. Bu da siyasətimizin yeni istiqamətidir. Bir neçə ildən sonra Azərbaycan beynəlxalq donor ölkəsinə çevriləcəkdir və bu məqsədə çatmaq üçün artıq konkret tədbirlər planı hazırlanır. İqtisadi və sosial sahədə elə məsələ yoxdur ki, bu məsələ Azərbaycanda həll olunmasın. Düzdür, bu gün hələ həllini gözləyən məsələlər çoxdur. Ancaq əsas odur ki, biz bu məsələləri bilirik. Onların həlli yollarını bilirik. Bu məsələlərin həlli üçün icra mexanizmləri, maliyyə resursları və siyasi iradə vardır. Yəni bütün bu amillərin birləşməsi şəraitində istənilən məsələ öz həllini tapa bilər.

Biz hamımız Azərbaycanın gələcəyi haqqında düşünürük və düşünməliyik. Biz ölkəmizin təhlükəsizliyini təmin etməliyik, ölkədə dinamik və sürətli inkişaf tempini saxlamalıyıq, beynəlxalq aləmdə Azərbaycanın mövqeləri daha da möhkəmlənməlidir. Artıq regionda gedən proseslərdə Azərbaycan çox fəal rol oynayır. Bəzi hallarda həlledici rol oynayır. Bizim tərəfimizdən irəli sürülmüş siyasi və iqtisadi təşəbbüslər reallaşır. Bu, nəinki bizə, eyni zamanda, bizimlə dostluq münasibətlərində olanlara da xeyir gətirir. Yəni, biz bu istiqamətdə daha da fəal addımlar atacağıq və beləliklə, ölkəmizin inamlı və uğurlu gələcəyini təmin edəcəyik.

Bütün bu vacib məsələlərlə bərabər, bu gün bu gözəl meydanda Azərbaycanın müstəqil siyasətini xüsusi qeyd etmək istərdim. Müstəqillik ən böyük sərvətimizdir, ən böyük xoşbəxtliyimizdir. Əsrlər boyu Azərbaycan xalqı müstəqillik həsrəti, müstəqillik arzusu ilə yaşamışdır. Uzun illər, onilliklər ərzində biz başqa ölkələrin tərkibində yaşamışdıq, azadlıqdan məhrum olmuşduq, müstəqil ölkə deyildik. Bu tarixi imkan, tarixi şans bir daha Azərbaycan xalqına 1991-ci ildə verilmişdir. Bayaq qeyd etdiyim kimi, biz o şansı, bu imkanı itirə bilərdik və əgər 1993-cü ildə Azərbaycan xalqı düzgün seçim etməsəydi, çox güman ki, itirəcəydik. Bu gün isə müstəqilliyimiz artıq dönməzdir, əbədidir. Biz 20 ilə yaxındır ki, müstəqil ölkə kimi yaşayırıq. Bütün çətin sınaqlardan üzüağ, şərəflə çıxmışıq, gözəl, möhkəm ölkə yaratmışıq. O ölkə ki, burada bütün azadlıqlar vardır. Təhlükəsizlik, sosial rifah, iqtisadi inkişaf templəri təmin edilir. O ölkə ki, burada bütün xalqlar, bütün millətlərin, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar. Mehribanlıq, dostluq şəraitində yaşayırlar. O ölkə ki, burada milli-dini dözümlülük yüksək səviyyədədir və bu gün Azərbaycan bu məsələlərdə nümunə kimi göstərilir. Bu ölkəni biz yaratmışıq. Bu gün Azərbaycan öz gücünə arxayın olan, öz gücünə arxalanan, bütün tərəfdaşlar ilə münasibətləri qarşılıqlı hörmət və ehtiram prinsipləri əsasında qurmağa çalışan, dinamik inkişaf edən gənc və eyni zamanda, təcrübəli ölkədir. Azərbaycan artıq böyük bir regional amildir. Sabitlik, təhlükəsizlik və inkişaf amilidir. Bizim bütün təşəbbüslərimiz, irəli sürdüyümüz bütün layihələr səmərə verir, həm bizə, həm bizim tərəfdaşlara xeyir gətirir. O layihələri həyata keçirmək üçün nəinki böyük maliyyə imkanları, həm də güclü iradə, cəsarət və öz siyasətinə sədaqət lazımdır. Hər halda bu günə qədər ölkəmiz tərəfindən atılan bütün addımlar düzgün istiqamətdə atılmış addımlar olmuşdur.

Biz bu gün müstəqil ölkə kimi yaşayırıq və böyük qürur hissi ilə yaşayırıq. Biz fəxr edirik ki, Azərbaycan vətəndaşlarıyıq. Biz müstəqil siyasət aparırıq. Azərbaycan xalqı öz taleyinin sahibidir. Bu, böyük xoşbəxtlikdir, böyük sərvətdir. Bizdən əvvəl nəsillər müstəqillik arzusu ilə yaşayırdı. Ancaq bu müstəqilliyi görmək bizə nəsib olubdur. Bu xoşbəxtlik bizə nəsib olubdur. Biz nəinki bu müstəqilliyi görürük. Biz bu müstəqilliyin möhkəmləndirilməsi üçün işlər görürük, fəaliyyət göstəririk, çalışırıq. Hər bir vətəndaş tutduğu yerindən asılı olmayaraq öz əməyi ilə hər gün ölkəmizi gücləndirməlidir. Öz əməli işlərimizlə, Vətənə sədaqətlə, görülən işlərlə, atılan addımlarla. Bu gün Azərbaycan cəmiyyətində bu həmrəylik, milli həmrəylik, milli səfərbərlik, vətənpərvərlik ruhu vardır. Biz gənc nəsli bu ruhda tərbiyə etməliyik ki, Azərbaycanda gənc nəsil peşəkar, vətənpərvər, Vətənə sadiq olsun. Çünki bütün dövrlərdə Azərbaycanın uğurlu gələcəyini biz təmin etməliyik.

Bir daha demək istəyirəm ki, bu gün atılan addımlar və irəli sürülən təşəbbüslər onilliklərdən sonra özünü göstərəcəkdir. Biz gələcəyə baxmalıyıq, gələcəyi düşünməliyik: 20 il, 50 ildən sonra Azərbaycan hansı yollarla inkişaf edəcəkdir?! Biz ölkəmizin uğurlu inkişafını hansı resurslar əsasında təmin edəcəyik?! Biz bu barədə düşünürük və görülən bütün işlər həm bugünkü problemlərin həllinə, eyni zamanda, gələcəyə yönəldilibdir. Biz müstəqil, azad xalqıq, öz siyasətimizi özümüz aparırıq və bundan böyük xoşbəxtlik ola bilməz.

Bu gün ölkəmizin həyatında bir daha demək istəyirəm ki, tarixi, unudulmaz bir hadisə baş verir. Bu meydan nadir memarlıq abidəsidir. Bu bayraq bizim milli dəyərimizdir. Söhbət ondan getmir ki, bu gün bu bayraq dünyanın ən hündür bayrağıdır. Bəlkə nə vaxtsa, bir neçə ildən sonra başqa yerdə bundan da hündür bayraq qaldıra bilərlər. Məsələ onda deyil, məsələ ondadır ki, bu Bayraq Meydanının yaradılması Azərbaycanın gücünü, Azərbaycan xalqının öz dövlətinə sevgisini, dövlət rəmzlərimizə ehtiramımızı göstərir. Əminəm ki, bir neçə aydan sonra burada, bütün bu ətrafda tikinti-quraşdırma işləri tamamlanandan sonra bu möhtəşəm meydan insanlarla dolu olacaqdır. Necə ki, bu gün bizim parklarda, dənizkənarı bulvarda minlərlə, on minlərlə insan hər gün gəzintiyə çıxır. Bax, bu meydanda, bu bayraq altında, milli rəmzlər ətrafında insanlar yığışacaqlar. Buradan gözəl Bakıya möhtəşəm bir mənzərə açılır. Burada, aşağıda gəzinti üçün gözəl yerlər vardır. Yəni, bu Bayraq Meydanı Bakının bir mədəniyyət mərkəzinə, Azərbaycanın bir siyasi mərkəzinə çevriləcəkdir. Ölkəmizin mərkəzi olan Bakı şəhərində belə möhtəşəm meydanın yaradılması doğrudan da böyük hadisədir. Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində dövlət bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli dövlət bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda qaldırılacaqdır. Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaqdır. O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq. Eşq olsun, Azərbaycan bayrağına!

Yaşasın, Azərbaycan!

SƏNƏDLƏR Fərmanlar 27 noyabr 2024
15:33
“Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 7 noyabr tarixli 66-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 7...

27 noyabr 2024, 15:33
SƏNƏDLƏR Sərəncamlar 26 noyabr 2024
13:49
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkının adının dəyişdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Yüksək...

26 noyabr 2024, 13:49