İlham Əliyev Bərdədəki Nüşabə parkında yaradılmış şəraitlə tanış olmuşdur

07 oktyabr 2012, 16:20
İlham Əliyev Bərdədəki Nüşabə parkında yaradılmış şəraitlə tanış olmuşdur

Prezident İlham Əliyev Bərdədəki Nüşabə parkında yaradılmış şəraitlə tanış olmuşdur.

Məlumat verildi ki, zəngin tarixə malik Bərdə Azərbaycanın siyasi və mədəni həyatında mühüm iz qoymuş qədim bölgələrimizdən biridir. Bərdə haqqında dahi Azərbaycan şairi Nizami Gəncəvinin də əsərlərində bəhs olunur. Məhz Nizami Gəncəvinin “İsgəndərnamə” poemasının qəhrəmanı, Bərdə hökmdarı Nüşabənin heykəli doğma şəhərində ucaldılmış, Heydər Əliyev prospektində onun adını daşıyan park salınmışdır. Bərdənin, ümumiyyətlə Azərbaycanın tarixində çox böyük rol oynayan qadın hökmdar Nüşabənin heykəli əraziyə xüsusi yaraşıq verir.

Bildirildi ki, parkın yerləşdiyi ərazi əvvəllər yararsız vəziyyətdə olmuşdur. Bərdə Rayon İcra Hakimiyyətinin daxili imkanları hesabına aparılan yenidənqurma işlərindən sonra ərazi tamamilə simasını dəyişmişdir. Ümumi sahəsi 0,7 hektar olan parkda şəhər sakinlərinin istirahəti üçün hər cür şərait yaradılmışdır. Nüşabə parkı özündə qədimliklə müasirliyi təcəssüm etdirir.

İstirahət məkanının mərkəzində Nüşabənin heykəli qoyulmuşdur. Parkda mövzusu Nizami Gəncəvinin “İsgəndərnamə” poemasından götürülmüş 7 tablo hazırlanmışdır. Tablolarda Nüşabənin İsgəndərlə görüşü, Nüşabənin ağsaqqallarla söhbəti, İsgəndərin alimlərlə məsləhətləşməsi və s. səhnələr əks olunmuşdur. Parkda abadlıq işləri aparılmış, iki bulaq qurulmuş, yaşıllıqlar salınmışdır. Burada Çay evi də fəaliyyət göstərəcəkdir. Parkın müasir işıqlandırma sistemi qurulmuşdur. Burada hər cür hava şəraitinə davamlı materiallardan hazırlanan oturacaqlar və Bərdədən tapılmış arxeoloji materiallar qoyulmuşdur.

Parkla tanışlıqdan sonra rayon ictimaiyyətinin nümayəndələri ilə görüşən Prezident İlham ƏLİYEV dedi:

- Sizi ürəkdən salamlayıram. Xoş gördük. Yenidən Bərdədə olmağımdan çox şadam, çox məmnunam. Bərdəyə son dəfə üç il bundan əvvəl gəlmişəm. Bu gün də buradayam, görürəm ki, çoxlu dəyişikliklər vardır. Buna çox sevinirəm, çox şadam. Əminəm ki, siz də sevinirsiniz.

Bərdə doğrudan da gözəlləşir, gülüstana çevrilir. Gözəl binalar tikilir, təmir edilir, parklar, istirahət zonaları, yaşıllıqlar salınır.

Şadam ki, işlər çox yaxşı gedir. Bütün işlər böyük məhəbbətlə, zövqlə və insanların normal yaşamaları üçün görülür.

İndi Qəhrəmanlar parkında oldum. Böyük ərazini əhatə edir. Genişlənmək üçün əlavə təkliflər vardır. İcra başçısı yeni istirahət zonalarının yaradılması ilə bağlı təkliflər irəli sürdü, planşetlərdə göstərdi. Çox şadam ki, Bərdədə belə sürətli inkişaf, quruculuq, abadlıq işləri aparılır. Siz də bunların hamısını həm görürsünüz, həm bütün bu işlərin iştirakçılarısınız.

Keçən ilin əvvəlində Bərdəyə yeni icra başçısı təyin edilib. Siz də görürsünüz ki, dərhal çox böyük işlər görülməyə başlanmışdır.

Əlbəttə, dövlət siyasəti, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı vardır. Hər şey proqram üzrə gedir. Ancaq yerlərdəki işçilərdən, nümayəndələrdən çox şey asılıdır. Harada ki, işgüzarlıq, fəallıq və xalqa məhəbbət vardır, orada işlər də görülür.

Bu gün Bərdə ölkə miqyasında ən sürətlə inkişaf edən rayonlardan biridir. Çox şadam, çünki Bərdənin inkişafı üçün çox böyük işlər görülmüşdür və görülməlidir. Bərdə bizim tarixi şəhərimizdir, qədim şəhərdir. Bərdə qədim xəritələrdə vardır. Bu, reallıqdır. Əlbəttə, biz hər bir rayonun inkişafı üçün bütün işləri görürük. Ancaq Azərbaycan tarixində xüsusi yeri olan şəhərlər, rayonlar, diyarlar üçün xüsusi proqramlar da hazırlanmalıdır.

Mən Bakıya qayıdandan sonra Bərdənin sosial-iqtisadi inkişafı ilə bağlı yeni Sərəncam imzalayacağam. Sərəncamda həm Bərdənin tarixi əhəmiyyəti vurğulanacaq, eyni zamanda, rayonun inkişafı istiqamətində əlavə tədbirlərin görülməsi üçün əlavə vəsait də nəzərdə tutulacaqdır.

Azərbaycanda bütün yerlərdə, demək olar ki, hər bir bölgədə inkişaf vardır. Haradasa daha sürətli, haradasa bir qədər yavaş, amma hər yerdə inkişaf vardır. Mən çox şadam ki, indi rayonlararası yarışma gedir. Əlbəttə ki, sağlam yarışmadır, sağlam rəqabətdir. Bu rəqabətdə uduzan yoxdur. Hər kəs ancaq qələbə qazanır. Hər rayon bundan ancaq fayda görür. İnsanların rifah halı yaxşılaşır. Bu gün Azərbaycan həm sosial siyasət, həm iqtisadi inkişaf baxımından dünya miqyasında nümunəvi bir ölkədir.

Elə etməliyik ki, bu müsbət dinamika daim saxlanılsın və hazırda hələ də mövcud olan bütün problemlər gələcək illərdə öz həllini tapsın.

Şəhərlərin abadlaşması, gözəlləşməsi, tarixi simasının bərpası işləri çox sürətlə gedir. Biz bunu Bərdənin timsalında da görürük.

Eyni zamanda, bütün infrastruktur layihələri də icra edilməlidir və icra edilir. Bu gün mən Yevlax-Bərdə yolunun açılışında iştirak etmişəm. Hazırda Bərdə-Tərtər yolunda tikinti işləri gedir. Birinci mərhələ artıq başa çatıbdır. İndi Bakı ilə rabitə daha da yaxşıdır.

İndi magistral avtomobil yolu tikilir və genişləndirilir. Mən indi göstəriş vermişəm ki, bütün bu yolu Bakıdan Gürcüstan sərhədinə qədər dördzolaqlı edək. Birinci mərhələdə ikizolaqlı idi, indi bəzi hissələri genişləndirmişik. Dördzolaqlı yol daha da rahat olacaqdır. İnsanlar təhlükəsiz qaydada hərəkət edəcəklər.

Ölkə üzrə, o cümlədən Bərdədə digər infrastruktur layihələri icra edilir. Qazlaşdırma, içməli su, kanalizasiya layihələri başlanmışdır. Qarşıya vəzifə qoyulub ki, gələn ilin sonuna qədər içməli su layihəsi tam başa çatsın və Bərdə şəhəri 24 saat dayanıqlı içməli su ilə təmin edilsin. Yəni, bu kompleks yanaşma əslində bizim uğurlarımızı şərtləndirir, həm infrastruktur layihələri, kommunal xidmətin təkmilləşdirilməsi, abadlıq işləri və ümumi iqtisadi inkişaf.

Bərdənin iqtisadi göstəriciləri də çox yaxşıdır. Sənaye artır, iqtisadi artım vardır. Sosial infrastruktur, yeniləşdirilir. Məktəblər gözəl görkəm alır. Bu da Azərbaycana xas olan yanaşmadır. Biz indi bütün məktəbləri ən yüksək səviyyədə təmir etdiririk, həm daxili tərtibatı, həm xarici görünüşü. Mən istəyirəm ki, hər bir şəhərimiz gözəl, təmiz, səliqəli, yaşamaq üçün rahat olsun. Buna nail oluruq. Azərbaycana, nəinki Bakıya, bölgələrə gələn qonaqlar həm inkişafı, həm gözəlliyi, həm də bizim öz mədəniyyətimizə, tariximizə olan münasibətimizi görürlər. Bu da çox vacibdir. Çünki bunsuz heç bir uğur tam uğur sayıla bilməz, yarımçıq olar.

Tarixi keçmişimiz, mədəniyyətimiz bizim milli dayaqlarımızdır. Bunun üzərində müasir dövlət qururuq, artıq qurulub və dövlətçilik dayaqları möhkəmləndirilib. Əminəm ki, gələcəkdə daha da gözəl işlər görüləcəkdir. Planlar çoxdur. Bərdənin inkişafı ilə bağlı böyük planlar vardır. Kənd yolları da qaydaya salınır. Yeni planlar vardır. Biz indi kənd yollarının bərpası ilə bağlı ölkə miqyasında böyük proqramları icra etməyə başlamışıq. Elə etməliyik ki, insanların rifah halı ildən-ilə yaxşılaşsın, hər şey daha da kamil olsun və Azərbaycan inkişaf etsin.

Sizi bir daha salamlayıram və Bərdədə gördüyünüz işlərə görə sizə minnətdaram.

X X X

Rayon ictimaiyyəti adından Həsən HƏSƏNOV çıxış edərək dedi:

- Siz Bərdəyə Prezident kimi beşinci dəfədir ki, səfər edirsiniz. Bu səfərlərin hər birində bizlərə gördüyümüz işlərə, əldə etdiyimiz nailiyyətlərə görə yüksək qiymət verirsiniz. Bərdəlilərin dövlətçiliyə, Azərbaycan xalqına sadiq olduğunu vurğulayırsınız. Bu münasibətin bizim üçün böyük önəmi vardır. Bax, bu gün gördüyünüz bu möhtəşəm, əzəmətli Bərdə həmin münasibətin nəticəsidir.

Mən çox xoşbəxtəm ki, Tanrı mənə bu yaşımda Sizi bir daha görmək, Sizinlə görüşmək, söhbət etmək səadətini nəsib edib. Mənim yetmiş yaşım vardır. Əvvəllər nə olub, bunlar hamısı tarixdən məlumdur. Ancaq bu yetmiş ildə mən Azərbaycanda belə sürətli inkişafın, belə çiçəklənmənin şahidi olmamışam. Allah qəni-qəni rəhmət etsin, ulu öndərimizin rəhbərliyi dövründə də Bərdəyə yüksək rəğbət, yüksək hörmət olub. Bu şəhərin tərəqqisi, inkişafı həmişə onun diqqət mərkəzində olubdur. O, Bərdəni sevdiyini, bərdəlilərə böyük hörmət bəslədiyini dəfələrlə deyibdir. Ulu öndərimiz Azərbaycana rəhbərliyi dövründə on dörd dəfə Bərdədə olubdur. Bərdəlilərin əziz qonağı olubdur. O görüşlərin dördündə mən şəxsən iştirak etmişəm. Qədim Bərdəmizin bugünkü günü üçün də ulu öndərimiz deyirdi ki, mən istəyirəm Bərdə Azərbaycanın ən gözəl şəhərlərindən biri olsun. Bu gün iftixar hissi ilə deyirəm ki, Bərdə doğrudan da gözəl şəhərlərdən biridir və ulu öndərimizin arzusu məhz Sizin sayənizdə yerinə yetirilir. Bu, Sizin Azərbaycanın işıqlı gələcəyini hədəfləyən siyasətiniz nəticəsində mümkün olmuşdur. Xalqla rəhbər arasında olan bu sevginin, bu sevincin, münasibətin təməli ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulubdur və Sizin uzaqgörən siyasətiniz nəticəsində bu gün də inkişaf etdirilir. Heydər Əliyevin, ulu öndərimizin Azərbaycana verdiyi töhfələrin ən böyüyü isə Sizin kimi bir oğlu bu Vətənə bəxş etməsidir.

Möhtərəm cənab Prezident, icazə verin bütün bərdəlilər adından deyim ki, gecə-gündüz işləməkdən doymuruq, sevincimiz artır.

Təkcə üzümüz, gözümüz yox, ürəyimiz, qəlbimiz gülür, ruhumuz oyanır.

Biz bərdəlilər gecə-gündüz əl-ələ verərək çalışırıq ki, respublikada birincilər sırasında yox, respublikada birinci olaq. Bunun üçün gördüyümüz işlər zəmanət verir ki, biz buna nail olaq. Həm də başqa hər cür imkanımız vardır. Ən başlıcası Sizin kimi qayğıkeş Prezidentimiz, respublikamızın inkişafı naminə irəli sürülmüş təşəbbüsləri, yenilikləri qiymətləndirən və onu dəstəkləyən bir rəhbərimiz vardır. 

Cənab Prezident, məlum məsələdir ki, Dağlıq Qarabağ kimi problemi olan və müharibə şəraitindəki bir dövləti inkişaf etmiş dövlətlər sırasına qaldırmaq böyük cəsarət, bilik, bacarıq tələb edir. Siz bütün bunların öhdəsindən bacarıqla gəlirsiniz. Biz inanırıq ki, Azərbaycan xalqı bu bəladan da, bu problemlərdən də Sizin sayənizdə uğurla çıxacaqdır. Tanrı bu müqəddəs işdə sizə kömək olsun.

Cənab Prezident, yaranmış şəraitdən, mənim çıxış etməyimdən və Sizin yaratdığınız bu mehriban atmosferdən istifadə edib, bərdəlilərin arzu və istəklərini də Sizin diqqətinizə çatdırmaq istəyirəm. Reallıq budur ki, Bərdə Qarabağ zonasının ən böyük şəhəridir. Hələ ulu öndərimizin vaxtından böyük tədbirlər, - istər regional, istər yerli tədbirlər olsun, - ümummilli liderimizin 1970-ci ildə bünövrəsini qoyduğu Mədəniyyət Sarayında keçirilir. Bu gün o sarayın təmirə ciddi ehtiyacı vardır. Biz istəyirik ki, Sizin sayənizdə o kompleks, o saray da Diaqnostika Mərkəzi kimi, Olimpiya İdman Kompleksi kimi təmir edilib bərdəlilərin ixtiyarına verilsin.

Cənab Prezident, bir daha Sizi Bərdəyə - yeni, müasir və qədim Bərdəyə, Qarabağa gəlməyinizə, bizə göstərdiyiniz bu qayğı və diqqətə görə minnətdarlığımızı bildiririk. Sizi Azərbaycanın, bütün xalqımızın ümid və inam yeri hesab edirik.

İcazə verin Sizi əmin edim ki, Prezidentimizə məhəbbətin mərkəzi şəhəri olan Bərdənin Azərbaycan dövlətçiliyinə, Azərbaycan xalqına sadiq sakinləri bundan sonra da Sizin ətrafınızda sıx birləşəcək, Sizin müəyyənləşdirdiyiniz yolla gedərək yeni-yeni uğurlar qazanacaqlar.

Sizə cansağlığı arzu edirəm, Allah Sizi qorusun!

Prezident İlham ƏLİYEV: Çox sağ olun, xoş sözlərə görə minnətdaram. Siz qeyd etdiniz ki, mən Prezident kimi beşinci dəfədir Bərdəyə gəlirəm. Amma bildiyiniz kimi, əvvəlki dövrdə də dəfələrlə Bərdədə olmuşam. Ulu öndərlə bərabər, həmişə olmasa da, o 14 səfərdən bəlkə də 5-6-sında mən də onun yanında idim və mədəniyyət mərkəzi ilə də yaxından tanışam. Çünki orada tədbirlər keçirilmişdir və çox böyük, möhtəşəm bina idi. Tamamilə haqlısınız ki, Qarabağın mərkəzi şəhəri olduğu üçün məhz Bərdədə belə əzəmətli binanın tikilməsi qərarı verilmişdir.

Bilirəm ki, o mədəniyyət sarayı indi bərbad vəziyyətdədir və indicə icra başçısı bu məsələ ilə bağlı mənə məruzə etdi, konkret təkliflər vardır. Tapşırıqlar verdim ki, layihə işlənilsin, mənə təqdim olunsun və biz bu gözəl, möhtəşəm mədəniyyət mərkəzini bərpa edək.

SAKİNLƏR: Çox sağ olun, təşəkkür edirik.

Prezident İlham ƏLİYEV: Əminəm ki, həm diaqnostika mərkəzindən, həm Olimpiya Kompleksindən daha da gözəl və möhtəşəm mədəniyyət sarayı olacaqdır.

SAKİNLƏR: Çox sağ olun.

Prezident İlham ƏLİYEV: Ulu öndərin Bərdəyə olan münasibətini siz məndən yaxşı bilirsiniz. Hər il Bərdəyə səfər edirdi və Bərdənin o illərdə inkişafı üçün tarixi xidmətlər göstərirdi. Bu gün onun siyasətinə sadiq qalaraq bütün sahələrdə, o cümlədən bu sahədə də Azərbaycan dövləti öz siyasətini aparır. Bərdəyə xüsusi diqqət göstərilir, göstərilməlidir. Yenə də deyirəm, Qarabağ torpağıdır, qədim, tarixi şəhərdir və bərdəlilər bütün dövrlərdə Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində fəal olmuşlar, sadiq olmuşlar, öz əməyi, zəhməti ilə müstəqilliyi möhkəmləndirmişlər. Bu gün ölkəmizin inkişafı, iqtisadi potensialının gücləndirilməsi üçün Bərdənin çox böyük rolu, böyük potensialı vardır.

Gələcək illərdə, xüsusilə ölkə iqtisadiyyatının qeyri-neft sektorunun inkişafı üçün Bərdə çox böyük töhfələr verəcəkdir. İnkişafla bağlı, kənd təsərrüfatının, emal sənayesinin inkişafı ilə bağlı böyük planlarımız vardır. Bütün bu planların bir hissəsi artıq reallaşıb, bir hissəsi də gələcəkdə reallaşacaqdır.

O ki qaldı Ermənistan-Azərbaycan münaqişəsinin həllinə, mən şəxsən şübhə etmirəm ki, biz bu məsələnin həllinə nail olacağıq və Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir. Belə nikbin əhval-ruhiyyədə olmağımın səbəbləri də aydındır - Azərbaycanın uğurlu, sürətli inkişafı. Hər bir sahədə - iqtisadiyyat, sosial məsələlərin həlli, hərbi quruculuq, ölkəmizin beynəlxalq mövqelərinin möhkəmləndirilməsi - yəni bu gün Ermənistan ilə Azərbaycan müqayisəedilməz səviyyədədir. Biz irəliyə gedirik, onlar isə geriyə gedir, tənəzzülə uğrayır. Bizim iqtisadiyyatımız artır, onların iqtisadiyyatı faktiki olaraq iflic vəziyyətindədir. Bizdə əhali artır, orada artıq demoqrafik fəlakət yaşanır, demək olar ki, həm təbii artım yoxdur, eyni zamanda, ölkədən kütləvi surətdə köç gedir. Ancaq onların rəsmi statistikasının məlumatlarına görə, ilin birinci yarısında təqribən 70-80 min insan ölkəni həmişəlik tərk etmişdir. Nəyə görə? İnamsızlığa görə, iş yox, ədalət yox və onların işğalçı siyasəti ilk növbədə, özlərinə böyük zərbə vurur. Biz ümid edirik ki, onlar bunu nəhayət, dərk edəcək və torpaqlarımızı sülh yolu ilə boşaldacaqlar. Əgər dərk etsələr, ilk növbədə, öz xalqına tarixi xidmət göstərmiş olarlar. Dərk etməsələr, mən tam əminəm ki, biz o torpaqları istənilən yolla qaytaracağıq, o torpaqlara qayıdacağıq, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi bərpa ediləcəkdir.

Əlbəttə, bilirsiniz, bu ədalətsizlik hər birimizi üzür. Çünki bu, tarixi ədalətsizlikdir, hüquqi nöqteyi-nəzərdən, siyasi cəhətdən ədalətsizlikdir. İyirmi ildir ki, Ermənistan bütün sülh danışıqlarının mərhələlərində gedən ümidverici meyillərə balta vurur. Razılaşmaya bir balaca yaxınlaşarkən müxtəlif bəhanələrlə ya danışıqlardan yayınmaq üçün cəhd edir, yaxud da ki, ümumiyyətlə danışıqlardan imtina edir. Ona görə iyirmi ildir köçkün soydaşlarımız əziyyət çəkirlər. Bu, əlbəttə ki, xalqımız üçün çox ağır bir haldır. Ancaq eyni zamanda, tarix var və tarix qarşısında məsuliyyət var. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır və Azərbaycan torpağı kimi dünya birliyi tərəfindən tanınır, tanınacaq və Azərbaycan torpağı kimi tam şəkildə Azərbaycan dövlətinə inteqrasiya edəcəkdir. Ona görə biz elə çalışmalıyıq ki, münaqişənin həlli tam olsun. Azərbaycanın suverenliyi tam şəkildə təmin edilsin. Əlbəttə, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi kimi Azərbaycanın tərkibində olmalıdır, başqa variant nəzərdən keçirilmir və biz bu varianta nail olmaq üçün çalışmalıyıq. Bəlkə də danışıqlar bir müddət də aparıla bilər, mən bunu istisna etmirəm. Ancaq danışıqların sonunda biz o torpaqlara qayıdacağıq.

Mən, əlbəttə istəyirəm ki, biz bunu qan tökülmədən edək. Ancaq biz istənilən varianta hazır olmalıyıq və hazırıq. Bu gün nəinki güclü iqtisadiyyatımız, güclü ordumuz vardır. Ordu potensialı da, insan potensialı da, vətənpərvərlik hissləri də çox güclüdür. Bu gün səhər Tərtərdə bölgə gəncləri ilə görüş əsnasında bir daha dedim ki, gənclər üçün bilik, savad, peşəkarlıq əlbəttə ki, çox vacibdir, eyni dərəcədə vətənpərvərlik vacibdir. Vətənə bağlılıq, Vətənə sədaqət – bunlar bizim cəmiyyətdə var və bütün bu amillər qələbəmizi şərtləndirəcəkdir.

Biz erməniləri beynəlxalq müstəvidə artıq məğlub etmişik. Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi Ermənistanın acı məğlubiyyətidir. Qoşulmama Hərəkatında 120 ölkə artıq Azərbaycanın ərazi bütövlüyünü nəinki dəstəkləyir, münaqişənin həllini yalnız ərazi bütövlüyü prinsipi əsasında görür. Bütün digər beynəlxalq təşkilatlarda bizim nüfuzumuz artır.

Azərbaycan bölgədə söz sahibidir və biz nüfuzumuzdan, imkanlarımızdan bundan sonra da istifadə edəcəyik ki, Ermənistanı daha da böyük təcridə salaq. Onlar onsuz da bütün beynəlxalq layihələrdən təcrid edilib və biz bu siyasəti əlbəttə ki, gələcəkdə də davam etdirəcəyik. Biz daha da güclü olmalıyıq. Daha da güclü olsaq, məsələ öz həllini tapar.

Ona görə mən bir daha Qarabağ bölgəsində bu məsələ ilə bağlı istəyirəm fikrimi bildirim. Bu barədə dəfələrlə demişəm: Dağlıq Qarabağ Azərbaycan torpağıdır, Azərbaycan torpağı kimi qalacaq və Azərbaycanın bayrağı Şuşada, Xankəndidə dalğalanacaqdır.

SAKİNLƏR: İnşallah! Sizin sayənizdə.

Prezident İlham ƏLİYEV: O günü yaxınlaşdırmaq üçün biz çalışırıq və çalışacağıq. Bütün bərdəlilərə yeni uğurlar, cansağlığı arzulayıram.

SAKİNLƏR: Çox sağ olun.

XXX

Sonda xatirə şəkli çəkdirildi.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photo