Türkiyə Respublikasının Prezidenti Zati-aliləri cənab Rəcəb Tayyib Ərdoğana

05 fevral 2024, 16:35

Hörmətli cənab Prezident,

Əziz Qardaşım,

2023-cü ilin fevralında Türkiyədə baş vermiş və on minlərlə insanın həyatına son qoymuş dəhşətli zəlzələlərdən bir il ötür. Bu faciə nəticəsində həlak olmuş bacı-qardaşlarımızın əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir, onlara uca Allahdan rəhmət, doğmalarına və yaxınlarına səbir diləyirəm.

Bu fəlakət Türkiyəni olduğu kimi Azərbaycanı da dərindən sarsıtdı. Xalqımız həmin ağır günlərdə qardaş Türkiyə xalqı ilə bir ürək olaraq, faciənin ağrı-acısını bölüşdü, sonsuz kədərini birlikdə yaşadı. Zəlzələ xəbərinin ilk dəqiqələrindən heç bir yardım çağırışını gözləmədən Azərbaycan xalqı və dövləti öz qardaşlıq borcunu yerinə yetirmək üçün bütün imkanlarını səfərbər etdi. Baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması işlərinə və axtarış-xilasetmə əməliyyatlarına cəlb olunmuş xilasedicilərimiz, həkimlərimiz və könüllülərimiz türkiyəli həmkarları ilə çiyin-çiyinə böyük cəsarətlə, əzmlə və fədakarlıqla fəaliyyət göstərdi. Dövlət və özəl qurumlarla yanaşı kiçikdən böyüyə hər bir soydaşımız zəlzələ qurbanlarına dəstək və mənəvi dayaq olmaq üçün əlindən gələni əsirgəmədi.

Sizin qətiyyətli rəhbərliyiniz altında Türkiyə Hökuməti zəlzələnin səbəb olduğu irimiqyaslı dağıntıların aradan qaldırılması, zərər çəkmiş bölgənin dirçəldilməsi, evsiz qalan milyonlarla insanın evlə təmin edilməsi üçün var qüvvəsi ilə çalışır. Azərbaycan da hazırda Kahramanmaraş vilayətində humanitar fəaliyyətini davam etdirərək burada aparılan yenidənqurma və bərpa işlərində, sosial obyektlərin inşasında yaxından iştirak edir. Biz bu nəcib və şərəfli missiyada Türkiyənin yanında olmağımızdan böyük qürur duyuruq.

Bütün bunlar Azərbaycan-Türkiyə sarsılmaz birliyinin və həmrəyliyinin növbəti təzahürü olaraq qardaşlıq salnaməmizə əbədi olaraq həkk olundu. Türkiyə yaxşı gündə və hüznlü gündə Azərbaycanın yanında olduğu kimi biz də daim Türkiyənin yanındayıq və bundan sonra da olacağıq. Çünki biz bir millət, iki dövlətik.

Əminəm ki, Sizin liderliyiniz, Türkiyə xalqının mübarizə əzmi, həmrəylik ruhu və mətin iradəsi sayəsində qüdrətli Türkiyə dövləti bu çətinliklərin də öhdəsindən tez bir zamanda gələcək, bu acı sınaqdan şərəflə və daha da güclənmiş çıxacaqdır.

Bu hüznlü gündə bir daha Türkiyənin kədərinə şərik olduğumuzu bildirir, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından başsağlığı verirəm.

Hörmətlə,

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 2 fevral 2024-cü il 

XƏBƏRLƏR Tədbirlər 31 avqust 2026
14:55
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşü ilə bağlı mətbuat üçün bəyanat

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2026-cı il avqustun 31-də Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə toplantısı çərçivəsində Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla görüş keçirib.

Liderlər 8 avqust 2025-ci il tarix...

31 avqust 2026, 14:55
SƏNƏDLƏR Sərəncamlar 27 avqust 2026
15:35
“Sabah” futbol klubuna maliyyə dəstəyi göstərilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                         

1. UEFA Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanması ilə əlaqədar Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsində nəzərd...

27 avqust 2026, 15:35