29 yanvar 2024, 15:40

Arif Ağakişiyevdən, Moskva, Rusiya

Hörmətli cənab Prezident.

Sizin 90 illik yubileyim münasibətilə şəxsimə göstərdiyiniz diqqətdən xeyli mütəəssir oldum və vaxtilə Şuşada işləyərkən respublikamızın inkişafı naminə sərf etdiyim zəhmətə, sonrakı illərdə isə diplomatik xidmət sahəsindəki fəaliyyətimə belə yüksək qiymət verməyinizdən məmnunam.

Taleyimə çox minnətdaram ki, 1967-ci ildə Şuşada çalışarkən zəmanəmizin görkəmli dövlət xadimi Heydər Əlirza oğlu Əliyevlə şəxsən tanış olmaq imkanı qazanmışam. Mən onun tövsiyələrini və göstərdiyi dəstəyini heç vaxt unutmamışam və SSRİ Xarici İşlər Nazirliyində Azərbaycanı şərəflə təmsil etmək üçün var qüvvəmlə çalışmışam. Bakıya gəldiyim vaxtlarda onunla mütəmadi görüşlərimiz, sonra isə 1985-ci ildə Kremldə ünsiyyətimizi həmişə yüksək qiymətləndirmişəm.

Yaşımın çoxluğuna və Vətəndən uzaqda yaşamağıma baxmayaraq, həmişə Azərbaycanda və regionda baş verən hadisələri diqqətlə izləyirəm. Sizin müdrik rəhbərliyinizlə 20 il ərzində Azərbaycanın sürətli inkişafını və dünya siyasi arenasında artan nüfuzunuzu müşahidə etməkdən xüsusi qürur hissi keçirirəm. Siz həqiqətən dinamik inkişaf edən iqtisadiyyatla, müasir güclü ordu quruculuğu ilə fəxr edə bilərsiniz. Mən çox sevinirəm ki, Vətənimiz bütün dünyada zəngin mədəniyyəti, qədim tarixi və inkişaf etmiş elmi bazası ilə tanınır. Sizin uzaqgörən siyasətiniz, parlaq çıxışlarınız, dərin məzmunlu müsahibələriniz, qeyri-dost opponentlərlə gözəl arqumentli polemikalarınız Azərbaycanın informasiya-təbliğat müharibəsində qələbə çalmasına və haqlı olaraq Qoşulmama Hərəkatının sədri səviyyəsinə yüksəlməsinə səbəb olmuşdur.

Ərazi bütövlüyümüzün bərpası və Qarabağın işğaldan azad edilməsi təkcə regionun geopolitik mənzərəsində deyil, həmçinin xalqımızın milli şüurunun oyanışında və qürur hissinin daha da yüksəlməsində mühüm dönüş nöqtəsi kimi dəyərləndirilməlidir. Mən indi yenidən Şuşaya gedə biləcəyimi düşünəndə sevincdən göz yaşlarımı saxlaya bilmirəm, qəlbim Ulu Öndərin layiqli davamçısı olan müdrik Liderə və qalib xalqımıza minnətdarlıq hissləri ilə dolur.

Möhtərəm cənab Prezident!

Bir daha Sizə təşəkkür edirəm. Səmimi qəlbdən Sizə möhkəm cansağlığı, ailə xoşbəxtliyi və qarşıdakı prezident seçkilərində parlaq qələbə arzulayıram. Əminəm ki, Sizin liderliyinizlə Azərbaycan bundan sonra daha da çiçəklənəcək və tərəqqi edəcəkdir.

Hörmətlə,

Ağakişiyev Arif

Rusiya Federasiyası, Moskva şəhəri.