18:25

Noyabrın 9-da Daşkənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi ilə görüşü olub.
İran Prezidenti Seyid İbrahim Rəisi dövlətimizin başçısını salamlayaraq dedi:
- Mərhəmətli və rəhimli Allahın adı ilə.
Mən çox şadam ki, İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə toplantısı çərçivəsində biz Sizinlə görüşə, ikitərəfli və bizi maraqlandıran məsələləri müzakirə edə bildik. Xoşbəxtlikdən, əlaqələrimiz qənaətbəxş səviyyədədir və müxtəlif sahələrdə işlərimiz, layihələrimiz uğurla davam edir.
Biz, həmçinin çox sevinirik ki, Qarabağ uzun illərdən sonra öz əzəli ərazisinə qovuşdu. Bu, Azərbaycandır. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edə bildi. Ümid edirik ki, Qarabağ yenidən qurulacaq və bərpa olunacaq. Biz bu planda əvvəlki kimi, Qarabağın bərpasında Sizə dəstək verməyə, öz xidmətlərimizi, o cümlədən mühəndis-texniki sahədə təklif etməyə hazırıq. İran şirkətləri Qarabağın bərpasında və ümumiyyətlə, Azərbaycanın inkişafında Azərbaycandan olan əziz dostlarımıza kömək etməyə hazırdır.
Biz nəqliyyat və tranzit sahələrində vəziyyətin gündən-günə yaxşılaşdığını müşahidə edirik. Ölkələrimiz arasında nəqliyyat işi getdikcə artır. Bu, həm sizin, həm də bizim hədəflədiyimiz məsələdir. Araz çayı üzərindən keçən Ağbənd marşrutu və bizim orada bir-birimizlə razılaşdıraraq həyata keçirdiyimiz layihələr hər iki ölkənin maraqlarına cavab verir. Bu, Azərbaycan, İran və Naxçıvan arasında nəqliyyat əlaqələrinə zəmanət verir və bu sahədəki qayğıları aradan qaldırır.
Əminik ki, rəqiblərimizin istəklərinin əksinə olaraq, münasibətlərimiz gündən-günə yaxşılaşır və əlaqələrimizə mane olmaq istəyən ölkələr öz planlarını həyata keçirə bilmir və məyus olur.
Biz əminik ki, Azərbaycan ilə İran arasındakı münasibətlər təkcə diplomatik qonşuluq əlaqələri deyil, bu, iki xalq arasında çox dərin münasibətlərdir.
Xalqlarımız qəlbən bir-birinə yaxındır və münasibətlərimiz sarsılmazdır. Ona görə liderlərimiz də bu əlaqələrin inkişafına çox ciddi yanaşırlar. Sizinlə görüşdən dərin sevinc duyduğumu bir daha təkrar edirəm.
x x x
Azərbaycan Prezidenti İlham Əliyev dedi:
- Hörmətli cənab Prezident, mən də Sizi görməyimə çox şadam. Bu, ikitərəfli gündəliyin və regional əməkdaşlığın mühüm məsələlərinin müzakirəsi üçün yaxşı fürsətdir. Əvvəlki görüşlərimizi, həmçinin hər görüşdən sonra münasibətlərimizin inamlı inkişafına çox ciddi təkan verdiyimizi xatırlayıram. Azərbaycanın ərazi bütövlüyünün və bütün ərazisində suverenliyinin bərpası münasibətilə təbriklərinizə görə Sizə minnətdarlığımı bildirmək istəyirəm.
Sentyabrda biz antiterror əməliyyatı keçirdik, nəticədə Azərbaycanda separatizmə son qoyuldu. Bu, Azərbaycanın daha fəal inkişafına şərait yaratmaqla yanaşı, həm də bütün regionda əlverişli mühit yaradır. Siz ikitərəfli münasibətlərimizin tarixində mühüm mərhələni, yəni, Ağbənd yaxınlığında Araz çayı üzərindən körpülərin tikintisinə başlanılmasını qeyd etdiniz. Bu, böyük perspektivi olan layihədir.
İkinci Qarabağ müharibəsindən sonrakı üç il ərzində Ermənistan öz öhdəliklərini yerinə yetirməkdən, məhz Azərbaycanın əsas hissəsindən Naxçıvana gediş-gəlişi təmin etməkdən imtina edirdi və imtina etməkdə davam edir. Bu, onların seçimidir, düşünürəm ki, onlar böyük səhvə yol veriblər.
Çox şadam ki, İran və Azərbaycan nümayəndələrinin birgə işi nəticəsində biz Araz çayının cənub sahili boyunca dəmir yolu və avtomobil xətti marşrutunun keçməsini razılaşdırdıq. Əminəm ki, bu layihə qısa müddətdə həyata keçiriləcək və Şimal-Cənub Nəqliyyat Dəhlizinin daha bir istiqamətinə çevriləcəkdir. Yəni, nəticədə bizim iki marşrutumuz olacaq: biri Astara çayı üzərindən, digəri Ağbənd ərazisindən. Hər iki marşrut İranla Azərbaycan arasında qardaşlıq münasibətlərinin möhkəmlənməsi işinə xidmət edəcək, həmçinin qonşularımız və digər tərəfdaş ölkələr üçün əlçatan olacaq.
İki ölkənin yüksək səviyyəli nümayəndələri arasında çox tez-tez və müntəzəm təmasların olmasını da məmnunluqla qeyd edərdim. İranın xarici işlər nazirinin səfəri, Azərbaycan Baş nazirinin müavininin səfəri, mənim nümayəndəmin səfəri və Sizin vaxt taparaq onları qəbul etməyiniz əlaqələrimizin davamlı inkişafından xəbər verir.
Əvvəlki illərdə də biz regiondankənar qüvvələrin İranla Azərbaycan arasında dostluq münasibətlərinə müdaxilə etmək cəhdlərinin də şahidi olmuşuq. Bu cəhdlər nəticəsiz qaldı. Əminəm ki, indi də düşmənlərimiz öz məqsədlərinə çatmayacaqlar. İran və Azərbaycan bundan sonra da uğurla əməkdaşlıq edəcək və münasibətləri gücləndirəcəklər.
x x x
Görüşdə Araz çayı üzərində Ağbənd istiqamətində dəmir yolu və avtomobil yolu körpülərinin tikilməsi və İran ərazisindən dəhlizin çəkilməsi ilə əlaqədar məsələlər müzakirə olundu. Eyni zamanda, Şimal-Cənub Nəqliyyat Dəhlizi üzrə Azərbaycan ərazisində dəmir yolu infrastrukturunun ötürmə qabiliyyətinin artırılması və bunun tikintisinin Rəşt-Astara dəmir yolu ilə sinxron qaydada həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı.
Söhbət zamanı energetika sahəsində əməkdaşlıq məsələləri müzakirə olundu, 3+3 formatının əhəmiyyəti qeyd edildi, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərinə toxunuldu.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2026-cı il avqustun 31-də Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə toplantısı çərçivəsində Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla görüş keçirib.
Liderlər 8 avqust 2025-ci il tarix...
31 avqust 2026, 14:55
Hörmətli xanım Prezident,
Trinidad və Tobaqo Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir və ən xoş arzularımı çatdırıram.
İnanıram ki, Azərbaycan ilə ...
31 avqust 2026, 11:06Əlahəzrət,
Malayziyanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik etməkdən məmnunluq duyuram.
Azərbaycan ilə Malayziya arasında təşəkkül tapmış, dostluq və qarşıl...
31 avqust 2026, 11:05Hörmətli Sadır Nurqojoyeviç,
Qardaş Qırğız Respublikasının müstəqilliyinin 35-ci ildönümü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.
Bu gün Qırğızıstan Sizin rəhbərl...
31 avqust 2026, 11:04Hörmətli cənab Prezident,
Girnə yaxınlığında baş vermiş gəmi qəzası nəticəsində insanların həlak olması barədə xəbər bizi son dərəcə sarsıtdı.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş xalqınıza öz adımdan və Azərbaycan xalqı adınd...
31 avqust 2026, 10:30Hörmətli Şavkat Miromonoviç,
Əziz Qardaşım,
Əlamətdar ildönümü - Özbəkistan Respublikasının müstəqilliyinin 35 illiyi münasibətilə Sizi və Sizin simanızda qardaş xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik etməkdən və ən xoş arzularımı çatdırmaqda...
29 avqust 2026, 11:44Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. UEFA Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanması ilə əlaqədar Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsində nəzərd...
27 avqust 2026, 15:35