İlham Əliyev “Bilik Günü”ndə Bakının Yasamal rayonunda yenidənqurmadan sonra 18 nömrəli məktəbin açılışında iştirak etmişdir

15 sentyabr 2012, 18:30
İlham Əliyev “Bilik Günü”ndə Bakının Yasamal rayonunda yenidənqurmadan sonra 18 nömrəli məktəbin açılışında iştirak etmişdir

Sentyabrın 15-də ölkəmizdə yeni dərs ili başlamışdır. “Bilik Günü”ndə orta və ali məktəblər qapılarını şagirdlərin, tələbələrin üzünə açmışdır. Bu il bir çox yeni məktəblər və yenidən qurulmuş, əsaslı təmir olunmuş təhsil ocaqları istifadəyə verilmişdir. Belə məktəblərdən biri də Bakının Yasamal rayonunda tamamilə yenidən qurulmuş Mikayıl Müşfiq adına 18 nömrəli məktəbdir.

“Bilik Günü” bu məktəbin müəllim-şagird kollektivi üçün ikiqat əlamətdar olmuşdur.

Prezident İlham Əliyev məktəbin açılışında iştirak etmişdir.

Məktəbin pedaqoji kollektivi, şagirdlər və valideynlər dövlətimizin başçısını hərarətlə qarşıladılar.

Yeni dərs ili münasibətilə şagirdləri və müəllimləri təbrik edən Prezident İlham ƏLİYEV dedi:

-Sabahınız xeyir olsun. Mən sizi ürəkdən salamlayıram, yeni dərs ili münasibətilə təbrik edirəm.

Yeni dərs ilində siz təmir edilmiş məktəbdə oxuyacaqsınız. Məktəbin böyük tarixi vardır. Ancaq bildiyiniz kimi, məktəbin vəziyyəti o qədər də yaxşı deyildi, təmirə ehtiyac var idi. Göstəriş verildi ki, təmir ən yüksək səviyyədə aparılsın. Bu məktəb artıq həm xarici görünüşü, həm daxili dizayn baxımından şəhərimizin ən gözəl məktəblərindən biridir. Bütün şərait yaradılıb, indi mən gedib tanış olacağam. Məktəbdə gedən təmir-tikinti işləri ilə bağlı mənə mütəmadi qaydada məlumat verilmişdir.

Mən çox şadam ki, Bakıda yeni gözəl məktəb artıq qapılarını şagirdlərin üzünə açır. Burada həm oxumaq, həm də işləmək üçün yaxşı şərait vardır, valideynlər də razı olacaqlar. Bir sözlə, biz çalışırıq ki, şəhərimizin və ölkəmizin bütün məktəbləri bu səviyyədə olsun. Son illərdə buna nail ola bilmişik. Çünki təkcə keçən il Bakı şəhərində 60-dan çox məktəb əsaslı təmir edilmişdir. Bu il isə 81 məktəb təmir edilir, yeni korpuslar, yeni məktəblər tikilir və gələn ilin sonuna qədər Bakı şəhərinin məktəb problemləri yüz faiz həll olunacaqdır. Gələn il 120 məktəbin əsaslı təmiri nəzərdə tutulur. Beləliklə, Bakıda bir dənə də olsun yararsız, təmirsiz, qəzalı vəziyyətdə məktəb olmayacaqdır.

Bu, doğrudan da böyük nailiyyətdir. Çünki Bakının məktəblərinin tam əksəriyyəti uzun illər bundan əvvəl tikilmişdir və təmirə ehtiyac var idi. Biz bütün məktəbləri gözəl vəziyyətə gətirib çıxarırıq.

Bununla bərabər, bütün başqa bölgələrdə məktəb tikintisi gedir. Son illər ərzində 2200-dən çox məktəb binası tikilmiş və təmir edilmişdir. Bu proses davam edir və gələn ilin sonuna qədər çalışacağıq ki, bütün bölgələrdə əksər məktəblər təmir edilsin.

Beləliklə, biz məktəb infrastrukturunun yenidən qurulması proqramını uğurla başa çatdıracağıq. Qaldı ki, məktəblərdə təhsilin səviyyəsinin yüksək olmasına, bu da müəllimlərdən asılıdır. Uşaqlar da yaxşı oxumalıdır. Müəllimlər də öz vəzifə borcunu şərəflə yerinə yetirməlidir ki, Azərbaycan cəmiyyəti üçün gözəl, yeni, peşəkar, bilikli kadrlar yetişsin. Uşaqlarımız bilikli, savadlı olmalıdır. Çünki müasir dünyada hər bir insanın və hər bir ölkənin uğurunu şərtləndirən biliyin səviyyəsidir. İndi biz XXI əsrdə yaşayırıq. XXI əsr yüksək texnologiyalar əsridir. Bu əsrdə hansı ölkə biliyə, savada, yeniliyə daha meyillidirsə, o ölkə öz maraqlarını təmin edəcəkdir. Çünki müasir texnologiyalar elə inkişaf edibdir ki, bəlkə də on il, iyirmi il bundan əvvəl bunu təsəvvür etmək mümkün deyildi.

Biz də inkişaf yolunu seçmişik. Biz bütün sahələrdə inkişafdayıq, o cümlədən texnologiyalar sahəsində də inkişafda olmalıyıq. Cəmiyyətin gücünü müəyyən edən insanlardır. Əlbəttə, hər bir ölkənin öz təbii resursları, öz coğrafi üstünlükləri vardır. Ancaq nəticə etibarilə hər şey insanlardan asılıdır. Sənin neftin də, qazın da çox ola bilər, əgər peşəkar insanların, kadrların yoxdursa bunun heç bir əhəmiyyəti olmayacaqdır. Ona görə, müasir dünyada həm özünə yer tapmaq, həm ölkəyə fayda gətirmək üçün mütləq uşaqlar yaxşı oxumalıdır. Bu sözləri uşaqlar yəqin ki, tez-tez eşidirlər. Bu da təbiidir.

Amma doğrudan da bu sözlərin çox böyük mənası vardır. Yaxşı oxumaq o deməkdir ki, siz həyatda istədiyinizə nail ola bilərsiniz. İndi Azərbaycanda vəziyyət elədir ki, hər bir insanın uğuru onun əlindədir. Azərbaycanda azadlıq, sərbəstlik var, bazar iqtisadiyyatı prinsipləri hökm sürür və hər bir insanın taleyi onun öz əlindədir. Ona görə, yaxşı bilik almaq ilk növbədə sizin üçün lazımdır, eyni zamanda, xalq üçün, dövlət üçün lazımdır. Azərbaycan gəncləri gələcəkdə ölkəmizi idarə edəcəklər. Gələcəkdə ölkəmizin inkişafı sizdən asılı olacaqdır. Ona görə ilk növbədə bilik, bununla bərabər, Vətənə olan bağlılıq, Vətən sevgisi mütləq yüksək səviyyədə olmalıdır. Ümid edirəm ki, bizim bütün məktəblərdə vətənpərvərlik mövzusu daim gündəlikdədir. Vətənə bağlılıq, sevgi, peşəkarlıq və yüksək biliyə malik olmaq - bunlar ölkəmizi qabağa aparacaqdır.

Biz isə çalışacağıq ki, gənclərimiz üçün daha da gözəl şərait yaradaq, gəncləri qabağa çəkək. Gənclər cəmiyyətimizin fəal üzvləridir. Gənclər sərhədlərimizi qoruyur, gənclər idman arenalarında qələbələrimizi müəyyən edir və gənclər bizim gələcəyimizdir. Belə gözəl məktəbdə ancaq və ancaq yaxşı oxumaq lazımdır. Müəllimlər üçün də burada yaxşı şərait yaradılıb. Müəllimlər o insanlardır ki, cəmiyyətimiz üçün gənc kadrları yetişdirirlər. Müəllimlərin cəmiyyətimiz üçün çox böyük məsuliyyəti, çox böyük faydası vardır. Müəllim peşəsi çox şərəfli peşədir. Hər bir uşağa ilk növbədə məktəbdə qayğı göstərən, onu düz yola istiqamətləndirən müəllimdir. Müəllim valideynlə eyni məsuliyyət daşıyır. Bu fürsətdən istifadə edərək yeni dərs ili münasibətilə bütün müəllimləri buradan salamlayıram, onlara yeni uğurlar, cansağlığı arzulayıram.

Sizi bir daha ürəkdən təbrik edirəm, sizə xoşbəxtlik arzulayıram.

X X X

Məktəbin direktoru Vaqif HÜSEYNLİ bu təhsil ocağının binasının tamamilə yenidən qurulmasına görə dövlətimizin başçısına minnətdarlığını bildirərək dedi:

-Cənab Prezident, icazə verin, mən kollektivimiz adından - Mikayıl Müşfiq adına 18 nömrəli məktəbin şagird və müəllimlərinin adından Sizə “Xoş gəlmisiniz!” deyim.

Sizin Sərəncamınızla məktəbimiz yenidən qurulub. Bizim əsas binamızda altıncı mərtəbə, üzbəüzdə çox möhtəşəm, çox gözəl idman zalı tikilib. Məktəbimizin maddi-texniki bazası möhkəmlənib, siniflərin sayı artıb, müasir texnologiya ilə təchiz olunmuş yeni kabinet və laboratoriyalar yaradılıb. Ən əsası odur ki, bizim uzun illər gözlədiyimiz akt zalımız vardır. Bizim yeni yeməkxanamız vardır. Bizim böyük oxu zalı olan kitabxanamız vardır. Bütün bunlara görə biz Sizə çox minnətdarıq.
Cənab Prezident, biz Sizin təhsilə olan qayğınızı həmişə hiss edirik. Siz çıxışınızda regionlarda, Bakıda tikilən yeni məktəblərin sayını qeyd etdiniz. Bu, Sizin titanik zəhmətinizin bəhrəsidir.

Biz Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya da təşəkkürümüzü bildiririk. Biz Sizə bir daha təşəkkür edirik.

Mən bir məqamı qeyd etmək istəyirəm. 1997-ci il sentyabrın 1-i bizim məktəbimizin tarixində çox əlamətdar bir gündür. Ulu öndərimiz Heydər Əliyev həmin gün bizim məktəbimizə gəlmişdi. Ulu öndər çox geniş çıxış etdi və atributlarla əlaqədar bizim respublika müəllimlərinin hamısına böyük tövsiyələr verdi. Biz ötən illər ərzində ulu öndərimizin tövsiyələrini nəzərə almışdıq. Sizin bugünkü tövsiyələrinizi də nəzərə alacağıq. Biz çalışacağıq ki, etimadınızı işimizlə doğruldaq.

Cənab Prezident, kollektivimiz işgüzar, istedadlı kollektivdir. Mən onu demək istəyirəm ki, məktəbimizin texniki təchizatı çox yüksək səviyyədədir. İndi məktəbimizdə 110 kompyuter, 8 noutbuk, 15 “ağıllı lövhə”, 15 kompyuter lövhəsi vardır. Biz tədris prosesində bu texniki vasitələrdən geniş istifadə edəcəyik.

Biz Sizə çox minnətdarıq. Biz Sizin xarici və daxili siyasətinizi ürəkdən bəyənirik.

Biz Sizə bir daha minnətdarlığımızı bildiririk. Biz Sizinləyik. Sağ olun!

X X X

Sonra xatirə şəkli çəkdirildi.

X X X

Məktəbdə yaradılmış şəraitlə tanışlıq zamanı dövlətimizin başçısına məlumat verildi ki, bu bina 1966-cı ildə inşa olunmuşdur. O vaxtdan bəri burada bu cür genişmiqyaslı yenidənqurma işləri aparılmamışdır. Prezident İlham Əliyevin Sərəncamına əsasən məktəbdə 2012-ci ildə həyata keçirilən yenidənqurma işləri zamanı əlavə üçmərtəbəli yeni korpus inşa olunmuşdur. Burada müasir qurğularla təchiz edilmiş idman zalı yaradılmışdır. Bundan başqa, beşmərtəbəli əsas korpusa daha bir mərtəbə əlavə olunmuşdur. Binanın 6-cı mərtəbəsində 168 yerlik akt zalı, yeməkxana, kitabxana, müasir oxu zalı istifadəyə verilmişdir.

Məktəbdəki Heydər Əliyev muzeyində ulu öndərin həyatı və siyasi fəaliyyəti ilə bağlı müxtəlif kitab, sənəd və fotolar toplanmışdır. Muzeydə ümummilli liderin 1997-ci ildə məktəbdə keçirilən “Bilik Günü”nə həsr olunan tədbirdə iştirakı zamanı çəkilən fotolar da böyük maraq doğurur.

Sinif otaqları ilə tanışlıq zamanı Prezident İlham Əliyevin diqqətinə çatdırıldı ki, məktəbdə 59 otaq, o cümlədən 41 sinif otağı vardır. Burada, həmçinin müasir tələblərə cavab verən linqafon, informatika, fizika, kimya, biologiya, təsviri incəsənət, Azərbaycan, rus, alman dilləri kabinetləri fəaliyyət göstərir. Elektron və smart lövhələrin quraşdırıldığı sinif otaqlarının hamısı tədrisin yüksək şəraitdə keçirilməsinə geniş imkanlar verir.

Məktəbin müəllimlər otağı ilə tanışlıq zamanı bildirildi ki, buradan Bakının istənilən başqa məktəbi ilə videokonfrans keçirmək mümkündür.

Dövlətimizin başçısının iştirakı ilə müəllimlər otağından paytaxtın 6 nömrəli məktəbi ilə videokonfrans oldu.

Təhsilin inkişafına göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirən 6 nömrəli məktəbin direktoru Gülşən ORUCOVA dedi:

-Salam cənab Prezident, Sizi doğma məktəbiniz adından salamlayırıq. Sizin bu gün göstərdiyiniz bu diqqətə və qayğıya görə minnətdarlığımızı bildirmək istəyirik. Ötən tədris ilində bu etimadınızı doğruldaraq biz də fərqlənməyə çalışmışıq. Hesab edirəm ki, yeni ildə də ən yüksək göstəricilərlə bir daha Sizi sevindirəcəyik. Sizə böyük uğurlar arzulayırıq.
Prezident İlham ƏLİYEV: Sağ olun. Sizi salamlayıram. Bütün şagirdlərə mənim salamlarımı çatdırın. Keçən il sizinlə görüşmüşdük, 6 nömrəli məktəbin yenidənqurmadan, əslində yenidən tikilməsindən sonra açılışını bir yerdə qeyd etmişik. Bu gün buradayam. Hər il yeni məktəblər tikilir, təmir edilir. Ancaq 2013-cü ildən sonra artıq bu proqram başa çatır. Çünki ondan sonra Bakı şəhərində bir dənə də olsun təmirsiz məktəb qalmayacaqdır.

Gülşən ORUCOVA: Bütün təhsil işçiləri adından Sizə təşəkkürümüzü bildiririk. Çox sağ olun, cənab Prezident.

Prezident İlham ƏLİYEV: Sağ olun.

Məktəbdə yeni yaradılan yeməkxana da müasir tələblərə cavab verir. Burada şagirdlərin normal qidalanmaları üçün hərtərəfli şərait vardır. Bu il məktəbin birinci sinfində 230 şagird təhsil alacaqdır. Bu tədris ocağında 1700 şagirdin təlim-tərbiyəsi ilə 157 müəllim məşğul olur.

Məktəbdə yaradılan biologiya kabinetində Azərbaycanda ilk dəfə 3D stereo görüntü texnologiyaları əsasında lövhə quraşdırılmışdır. Bu da tədrisi müasir səviyyədə aparmağa imkan verir.

Prezident İlham Əliyev yeni inşa olunan korpusda yaradılan idman zalı ilə də tanış oldu. Burada şagirdlər idmanın mini-futbol, voleybol, basketbol növləri ilə məşğul ola biləcəklər.

Məktəblə yaradılan şəraitlə tanış olan dövlətimizin başçısı görülən işlərdən razılığını bildirdi.

Sonra Prezident İlham Əliyev məktəbin yaxınlığında yerləşən və bu il istifadəyə verilən “Cüdo-2012” idman kompleksi ilə tanış oldu. Burada 30 yaşından yuxarı idmançılar məşq edirlər. Kompleksdə hər cür şərait yaradılmışdır. Üç mərtəbədən ibarət binada üç məşq zalı fəaliyyət göstərir. Hazırda burada 500-ə yaxın idmançı cüdo ilə məşğul olur.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 23 dekabr 2024
17:46
Azərbaycan Respublikasında qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında rəqabətqabiliyyətli qeyri-filiz faydalı qazıntı yataqlarının istismara cəlb edilməsi üçün əlverişli mühit yaradılması...

23 dekabr 2024, 17:46