Türkiyə Respublikasının Prezidenti Zati-aliləri cənab Rəcəb Tayyib Ərdoğana

07 oktyabr 2023, 21:24

Hörmətli cənab Prezident,

Əziz Qardaşım,

Türkiyə Respublikasının aparıcı siyasi qüvvəsi olan Ədalət və İnkişaf Partiyasının Böyük Qurultayının keçirilməsi və Sizin yekdilliklə partiyanın Sədri vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi və rəhbərlik etdiyiniz partiyanın bütün üzvlərini ürəkdən təbrik edirəm. Bu, milli iradənin ifadəsi, Ədalət və İnkişaf Partiyasının üzvlərinin Sizə olan sonsuz inam, etimad və dəstəyinin aşkar təzahürü, qardaş Türkiyənin inkişafı və yüksəlişi naminə göstərdiyiniz xidmətlərə verilən ali qiymətdir.

Ədalət və İnkişaf Partiyasının Böyük Qurultayı Türkiyə Respublikasının ictimai-siyasi həyatında tarixi hadisədir. Əminəm ki, Qurultayda qəbul olunmuş mühüm qərarlar partiyanın gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsinə, qardaş xalqınızın rifahı naminə qarşıya qoyulmuş yeni hədəflərə çatmağa, ölkənizin yeni sosial-iqtisadi inkişaf mərhələsini təmin edəcək “Türkiye Yüzyılı” baxışının həyata keçməsinə müstəsna töhfə verəcəkdir.

Qurucusu və rəhbəri olduğunuz Ədalət və İnkişaf Partiyası yarandığı gündən özünün proqram müddəalarına, bəyan etdiyi prinsip və amallara sadiqlik nümayiş etdirərək Türkiyə dövləti və xalqı qarşısında ləyaqətlə və şərəflə xidmət etmiş, hər bir sahədə böyük uğurlara imza atmış, ölkənizin qlobal güc mərkəzinə çevrilməsinə və beynəlxalq aləmdə yüksək nüfuz qazanmasına müvəffəq olmuşdu. Bütün bu nailiyyətlərdə Sizin əvəzsiz rolunuz və misilsiz əməyiniz vardır. Məhz buna görə Sizin adınız Türkiyə dövlətçiliyinin tarixinə əbədi olaraq həkk olunub.

Biz də Sizin müdrik və qətiyyətli rəhbərliyiniz altında Türkiyənin qazandığı uğurlara, onun dünyada artan nüfuzuna sevinir, bundan qürur duyuruq. Böyük fərəh hissi ilə qeyd etmək istəyirəm ki, hazırda Azərbaycan-Türkiyə qardaşlığı, birliyi və strateji müttəfiqliyi nümunəvi xarakter daşıyır və özünün ən yüksək zirvəsindədir. Qarşılıqlı etimad, dəstək və həmrəylik kimi möhkəm təməllər üzərində qurulmuş dövlətlərarası əlaqələrimiz, eyni zamanda, regional əməkdaşlığa, sabitliyə və təhlükəsizliyə mühüm töhfə verir.

Əminəm ki, qardaş xalqlarımızın sarsılmaz iradəsindən qaynaqlanan və “Bir millət, iki dövlət” prinsipinə əsaslanan Azərbaycan ilə Türkiyə arasında münasibətlər birgə səylərimizlə bundan sonra da yüksələn xətlə inkişaf etməyə və möhkəmlənməyə davam edəcəkdir.

Bir daha Sizə və Ədalət və İnkişaf Partiyasının hər bir üzvünə ən səmimi təbriklərimi çatdırır, partiyanın işinə bundan sonra da müvəffəqiyyətlər, qardaş Türkiyə dövlətinə və xalqına daim əmin-amanlıq, rifah və firavanlıq arzulayıram.

Hörmətlə,

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 oktyabr 2023-cü il

SƏNƏDLƏR Fərmanlar 10 mart 2025
13:34
Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 24 aprel tarixli 613 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Aviasiya təhlükəsizliyinin təmin edilməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 24 aprel tarixli 613 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

10 mart 2025, 13:34
SƏNƏDLƏR Sərəncamlar 07 mart 2025
16:00
Bərdə rayonunun Əmirli–Xanağalı–Uğurbəyli və Alpout–Qarayusifli–Tumaslı avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. On beş min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən Əmirli–Xanağalı–Uğurbəyli və...

07 mart 2025, 16:00
SƏNƏDLƏR Sərəncamlar 06 mart 2025
16:30
“Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 7 iyun tarixli 1541 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın...

06 mart 2025, 16:30