Tacikistan Respublikasının Prezidenti Zati-aliləri cənab Emoməli Rəhmona

09 sentyabr 2023, 11:00

Hörmətli Emoməli Şərifoviç,

Tacikistan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından
səmimi-qəlbdən təbrik etməkdən və ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Sizin müdrik rəhbərliyiniz altında Tacikistanın dövlətçiliyin möhkəmləndirilməsi, xalqın sosial-iqtisadi rifahının yaxşılaşdırılması sahələrində əldə etdiyi uğurları, beynəlxalq aləmdə nüfuz qazanması dost ölkə olaraq bizi sevindirir.

Dövlətlərarası münasibətlərimizin hazırkı səviyyəsi xalqlarımızın tarixən
bir-birinə bəslədiyi rəğbət, hörmət və etimaddan qaynaqlanır. Ali səviyyəli qarşılıqlı səfərlər, müntəzəm təmaslar, müxtəlif sahələrdə imzalanan çoxsaylı sənədlər ikitərəfli əlaqələrimizin və tərəfdaşlığımızın dinamik və uğurla inkişafını şərtləndirmişdir.

İnanıram ki, hazırda Azərbaycan-Tacikistan əlaqələrinin əhatə dairəsinin genişləndirilməsi üçün formalaşmış əlverişli şəraitdən səmərəli istifadə edərək qarşılıqlı faydalı əməkdaşlığımızın möhkəmlənməsinə, həm ikitərəfli, həm də çoxtərəfli əsasda işbirliyimizin daha da dərinləşməsinə nail olacağıq.

Hörmətli Emoməli Şərifoviç, bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, qardaş Tacikistan xalqına daim əmin-amanlıq və rifah arzulayıram.

Hörmətlə,

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 sentyabr 2023-cü il

SƏNƏDLƏR Fərmanlar 23 may 2025
14:20
“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 1 may tarixli 190-VIIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 1 may tarixli...

23 may 2025, 14:20