“İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

27 iyul 2023, 14:15

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq qərara alır:

“İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 10, maddə 606; 2002, № 4 (I kitab), maddə 165; 2007, № 7, maddə 709, № 10, maddə 938; 2008, № 6, maddə 460; 2012, № 7, maddə 648; 2017, № 6, maddə 1017; 2018, № 2, maddə 144; 2019, № 1, maddələr 20, 43, № 11, maddə 1689; 2020, № 7, maddə 823) aşağıdakı dəyişikliklər edilsin:

1. Adında “İstehsalat və məişət tullantıları” sözləri “Tullantılar” sözü ilə əvəz edilsin.

2. Preambulada “istehsalat və məişət tullantılarının (bundan sonra - tullantıların)” sözləri “tullantıların” sözü ilə əvəz edilsin.

3. 3.2-ci maddədə “istehsalat və məişət tullantılarının” sözləri “tullantıların” sözü ilə əvəz edilsin.

4. 12-6-cı maddənin adında və birinci hissəsində, 13-cü maddənin üçüncü hissəsində “istehsalat və məişət tullantılarının, habelə” sözləri “tullantıların, o cümlədən” sözləri ilə əvəz edilsin.

5. Aşağıdakı məzmunda II-I fəsil əlavə edilsin:

“II-I fəsil

NƏQLİYYAT VASİTƏLƏRİNİN UTİLİZASİYASI

Maddə 14-1. Nəqliyyat vasitələrinin utilizasiyası ilə bağlı ümumi müddəalar

Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və istehsal-buraxılış vaxtından 4 (dörd) il keçən minik avtomobillərinin (raritet minik avtomobilləri və gömrük ərazisinə müvəqqəti gətirilən minik avtomobilləri istisna olmaqla) gömrük rəsmiləşdirilməsi, həmçinin nəqliyyat vasitələrinin dövlət texniki baxışından keçirilməsi zamanı nəqliyyat vasitələrinin utilizasiyası fonduna utilizasiya haqqı ödənilir.

Minik avtomobillərinin gömrük ərazisinə gətirilməsinə görə utilizasiya haqqının bəyannaməçilər tərəfindən ödənilməsi gömrük orqanları tərəfindən təmin edilir.

Dövlət texniki baxışı üzrə utilizasiya haqqı nəqliyyat vasitəsi “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinin VI hissəsində nəzərdə tutulan müddətlərdə texniki baxışa faktiki təqdim olunan vaxt ödənilir.

Utilizasiya haqqının məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən nəqliyyat vasitəsinin istehsal-buraxılış ili üzrə müəyyən edilir.

Nəqliyyat vasitələrinin utilizasiyası fəaliyyətini bu Qanunun 14-4-cü və 14-5-ci maddələrində nəzərdə tutulan reyestrdə qeydiyyata alınmış şəxslər (bundan sonra - utilizatorlar) və digər şəxslər həyata keçirə bilər.

Utilizasiyaya verilmiş nəqliyyat vasitələri ilə bağlı bu Qanunun 14-7-ci və 14-8-ci maddələrinin tələbləri nəzərə alınmaqla, utilizatorlar tərəfindən özündə güzəştin məbləğini və birdəfəlik ödənişin həcmini əks etdirən təsdiqedici sənəd verilir.

Utilizatorlar tərəfindən nəqliyyat vasitələrinin utilizasiyaya qəbulu növbəlilik qaydasında və ödənişsiz həyata keçirilir.

Yeni istehsal olunmuş yerli nəqliyyat vasitələri təsdiqedici sənəd təhvil verilməklə satın alındıqda nəqliyyat vasitələrinin satıcıları tərəfindən güzəşt tətbiq edilir. Güzəştin məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

Qeyd:

Bu fəslin məqsədləri üçün nəqliyyat vasitələri dedikdə, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin II və III hissələrində nəzərdə tutulan nəqliyyat vasitələri başa düşülür. Digər nəqliyyat vasitələrinə bu fəslin müddəaları şamil edilmir və onlar mülki qanunvericiliyə uyğun olaraq bağlanmış müqavilə əsasında utilizasiyaya qəbul edilir.

Bu fəslin məqsədləri üçün nəqliyyat vasitələrinin satıcıları dedikdə, Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq vergi ödəyicisi kimi uçota alınmaqla nəqliyyat vasitələrinin satışı üzrə sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki və ya hüquqi şəxslər başa düşülür.

Maddə 14-2. Nəqliyyat vasitələrinin utilizasiyası üzrə operator

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən nəqliyyat vasitələrinin utilizasiyası üzrə operator (bundan sonra - operator) müəyyən edilir. Operator aşağıdakı funksiyaların icrasını təşkil və təmin edir:

nəqliyyat vasitələrinin utilizasiyası fondunun vəsaitlərinin idarə olunması;

utilizatorların reyestrinin (bundan sonra - reyestr) aparılması, saxlanılması və ona nəzarət;

bu Qanunun 14-9-cu və 14-10-cu maddələrində nəzərdə tutulan yazılı məlumatların alınması;

bu Qanunun 14-9-cu maddəsinin üçüncü hissəsinə uyğun olaraq təsdiqedici sənədlərin uçotunun aparılması.

Operator nəqliyyat vasitələrinin utilizasiyası fəaliyyəti ilə məşğul ola bilməz.

Operator ona təqdim olunmuş məlumatları ümumiləşdirərək hər növbəti təqvim ili fevralın 20-dək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) yazılı məlumat verir.

Maddə 14-3. Nəqliyyat vasitələrinin utilizasiyası fondunun yaradılması və fəaliyyəti

Bu Qanunun 14-8-ci maddəsinə əsasən, güzəştin və birdəfəlik ödənişin maliyyələşdirilməsi, habelə nəqliyyat vasitələrinin utilizasiyası üzrə tədbirlərin stimullaşdırılması və təşviqi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən nəqliyyat vasitələrinin utilizasiya fondu yaradılır.

Nəqliyyat vasitələrinin utilizasiyası fondu məqsədli büdcə fondudur və aşağıdakı müstəqil mədaxil mənbələri hesabına maliyyələşir:

utilizasiyası haqqı;

kreditlər və qrantlar;

hüquqi və fiziki şəxslərin könüllü ianələri;

beynəlxalq təşkilatların və digər donorların ayırmaları;

qanunla qadağan olunmayan digər mənbələr.

Nəqliyyat vasitələrinin utilizasiyası fondunun vəsaitinin formalaşdırılması və istifadə qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir.

Maddə 14-4. Reyestrdə qeydiyyata alınmaq üçün tələblər

Reyestrdə qeydiyyata alınmaq üçün ərizəçidən (hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs və ya hüquqi şəxs) aşağıdakılar tələb olunur:

vergi, məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqı üzrə borcu olmamaq;

nəqliyyat vasitələrinin qəbulunu, saxlanılmasını və utilizasiyasını həyata keçirmək üçün mülkiyyətində, yaxud sahibliyində və ya istifadəsində müvafiq ərazilərə malik olmaq;

nəqliyyat vasitələrinin, o cümlədən utilizasiya nəticəsində əldə edilən materialların və hissələrin saxlanılması üçün onların zədələnməməsini təmin edən, üzəri dağılmayan və texniki mayeləri sızdırmayan material ilə örtülən (asfalt, beton, gil-beton, polimer beton) sahələrə malik olmaq;

təhlükəli tullantıların saxlanılması üçün normativ hüquqi aktlarla nəzərdə tutulan tələblərə cavab verən sahələrə malik olmaq;

nəqliyyat vasitələrinin, onların hissələrinin (partlayıcı qabiliyyətli, o cümlədən təhlükəli tullantılara xas olan digər xüsusiyyətlərə malik hissələrin) təhlükəsiz qaydada sökülməsi üçün maddi-texniki bazaya malik olmaq;

nəqliyyat vasitələrinin təkrar istifadəyə yararlı hissələrinin yoxlanılması üçün maddi-texniki bazaya malik olmaq.

Maddə 14-5. Reyestrin aparılması

Reyestrin aparılması, saxlanılması və ona nəzarət operator tərəfindən həyata keçirilir.

Reyestrə aşağıdakı məlumatlar daxil edilir:

utilizatorlar barədə məlumatlar;

utilizatorların qeydiyyatı və ləğvi barədə məlumatlar;

qeydiyyata alınma və dəyişikliklər üçün təqdim edilmiş sənədlər, qeydiyyatın ləğvi üçün əsaslar və müvafiq faktı təsdiq edən sənədlər.

Reyestrə utilizatorlar barədə aşağıdakı məlumatlar daxil edilir:

hüquqi şəxs olan utilizatorun tam adı, təşkilati-hüquqi forması, hüquqi və faktiki ünvanı, əlaqə məlumatları;

hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan utilizatorun soyadı, adı, atasının adı, ünvanı, əlaqə məlumatları;

vergi ödəyicisinin eyniləşdirmə nömrəsi;

utilizatorun səlahiyyətli nümayəndəsinin (təmsilçisinin) soyadı, adı, atasının adı, ünvanı, əlaqə məlumatları.

Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs və ya hüquqi şəxs reyestrdə qeydiyyata alınmaq üçün operatora ərizə ilə müraciət edir.

Ərizəyə aşağıdakı sənədlər əlavə olunur:

hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın, hüquqi şəxsin nizamnaməsinin və dövlət qeydiyyat şəhadətnaməsinin surəti;

hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin şəxsiyyətini təsdiq edən sənədin və vergi uçotuna alınması haqqında şəhadətnamənin surəti;

səlahiyyətli nümayəndənin (təmsilçinin) səlahiyyətini və şəxsiyyətini təsdiq edən sənədlərin surəti;

“Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ətraf mühitə təsirin qiymətləndirilməsi sənədi və müsbət dövlət ekoloji ekspertiza rəyi;

texniki-iqtisadi əsaslandırma sənədi;

bu Qanunun 14-4-cü maddəsində nəzərdə tutulan tələblərə cavab verməsini təsdiq edən sənədlərin surətləri.

Ərizə və ona əlavə olunan sənədlər ərizəçi tərəfindən birbaşa və ya səlahiyyətli nümayəndə tərəfindən təqdim olunmalıdır. Ərizəyə daxil olduğu gündən 10 (on) iş günü müddətində baxılır.

Reyestrdə qeydiyyata alınmaq üçün nəzərdə tutulan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.

Sənədlərdə və ya məlumatlarda çatışmazlıq və ya uyğunsuzluq olduqda ərizənin qəbul edildiyi gündən etibarən 3 (üç) iş günü müddətində bu barədə ərizəçiyə yazılı məlumat verilir. Bütün çatışmazlıq və uyğunsuzluqlar ərizəçiyə eyni anda bildirilməlidir.

Ərizəçi həmin məlumatı aldığı gündən 10 (on) iş günü müddətində çatışmazlıq və ya uyğunsuzluqları aradan qaldırmalıdır. Bu zaman ərizəyə baxılması ilə bağlı müddətin axımı dayandırılır. Çatışmazlıq və ya uyğunsuzluqların aradan qaldırılması barədə ərizəçinin müraciətindən sonra müddətin axımı bərpa olunur.

Ərizəçi sənədlərdə və ya məlumatlarda aşkar olunmuş çatışmazlıq və ya uyğunsuzluqları vaxtında aradan qaldırmadıqda ərizənin baxılmamış saxlanılması haqqında qərar qəbul edilir və 3 (üç) iş günü müddətində sifarişli poçt göndərişi vasitəsilə və ya elektron qaydada ərizəçiyə göndərilir. Çatışmazlıq və uyğunsuzluqlar aradan qaldırıldıqdan sonra ərizəçinin reyestrdə qeydiyyata alınmaq üçün yenidən müraciət etmək hüququ vardır.

Sənədlərdə və məlumatlarda çatışmazlıq və ya uyğunsuzluq olmadıqda ərizəçinin reyestrdə qeydiyyata alınması və ya ərizəçi reyestrdə qeydiyyata alınmaq üçün bu Qanunun 14-4-cü maddəsində nəzərdə tutulan tələblərə cavab vermədiyi hallarda onun reyestrdə qeydiyyata alınmasından imtina haqqında əsaslandırılmış qərar qəbul edilir və 3 (üç) iş günü müddətində sifarişli poçt göndərişi vasitəsilə və ya elektron qaydada ərizəçiyə göndərilir.

Ərizəçinin reyestrdə qeydiyyata alınması barədə qərar qəbul edildiyi gündən 3 (üç) iş günü müddətində ona dair məlumatlar reyestrə daxil edilərək bu barədə ərizəçiyə sifarişli poçt bildirişi ilə və ya elektron qaydada məlumat verilir.

Utilizatorlara vahid və təkrarolunmaz 11 (on bir) rəqəmdən ibarət qeydiyyat nömrəsi verilir və reyestrdə əks olunur.

Aşağıdakı hallarda utilizatorların qeydiyyatı ləğv edilir və onlar reyestrdən çıxarılır:

utilizatorun bu barədə ərizəsi olduqda;

hüquqi şəxs olan utilizator ləğv edildikdə;

fiziki şəxs olan utilizator öldükdə və ya qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə ölmüş və ya itkin düşmüş elan edildikdə;

bu Qanunun 14-4-cü və 14-6-cı maddələrində nəzərdə tutulan tələblərin və vəzifələrin yerinə yetirilməməsi ilə bağlı bir təqvim ili müddətində 3 (üç) dəfədən artıq qanunla müəyyən olunan məsuliyyətə cəlb edilərək barəsində qanuni qüvvəyə minmiş inzibati tənbeh vermə haqqında qərar olduqda.

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu maddənin on dördüncü hissəsinin beşinci abzasında nəzərdə tutulan inzibati tənbeh vermə haqqında qərarlar qüvvəyə mindiyi gündən 5 (beş) iş günü müddətində onların surətini operatora göndərir.

Utilizatorun qeydiyyatı ləğv edildikdə onun qeydiyyat nömrəsi silinmir, başqasına verilmir və bu barədə reyestrdə müvafiq qeyd aparılır.

Reyestrdə qeydiyyata alınmış utilizatorlar bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulan məlumatlarda dəyişiklik baş verdiyi gündən 5 (beş) iş günü müddətində həmin dəyişikliyin reyestrə daxil edilməsi məqsədilə operatora məlumat verməlidirlər.

Dəyişikliklərin qeydiyyatı bu maddənin dördüncü hissəsində, beşinci hissəsinin ikinci – dördüncü abzaslarında və altıncı – on ikinci hissələrində nəzərdə tutulan qaydada həyata keçirilir.

Reyestrdə dəyişiklik edilərkən qeydiyyat nömrəsi dəyişilmir.

Utilizatorların reyestrdə qeydiyyatı və reyestrə daxil edilmiş məlumatlarda dəyişiklik edilməsi ödənişsiz həyata keçirilir.

Reyestr kağız (reyestr kitabı) və elektron formada tərtib edilir. Kağız və elektron daşıyıcılardakı qeydlər arasında uyğunsuzluq olduqda, kağız daşıyıcılar üzərində olan qeydlərə üstünlük verilir.

Reyestr kitabı qaytanlanır, səlahiyyətli vəzifəli şəxs tərəfindən imzalanır və möhürlənir.

Maddə 14-6. Nəqliyyat vasitələrinin utilizasiyası fəaliyyətini həyata keçirən şəxslərin vəzifələri

Nəqliyyat vasitələrinin utilizasiyası fəaliyyətini həyata keçirən şəxslərin bu fəaliyyətlə bağlı aşağıdakı vəzifələri vardır:

utilizasiya prosesində ətraf mühitə zərərli maddələrin atılmasının qarşısının alınması üçün zəruri tədbirlər görmək;

“Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan hallarda tullantıların utilizasiyası sahəsində lisenziya və ya icazə tələb olunan müvafiq fəaliyyət növlərini və ya hərəkətləri müvafiq lisenziya və ya icazə alındıqdan sonra həyata keçirmək;

yanacaq çənini, partlayıcı xüsusiyyətə malik detalları (xüsusilə hava yastıqlarını), o cümlədən təhlükəli tullantılara xas olan digər xüsusiyyətlərə malik hissələri təhlükəsiz qaydada sökmək;

yanacaq, mühərrik və transmissiya yağı, hidravlik ötürücü sistemlərin mayeləri, soyuducu və əyləc mayeləri, kondisioner sistemindəki mayelər və digərləri daxil olmaqla mayeləri ayrı-ayrı hermetik qablara boşaltmaq;

təhlükəli tullantıları çeşidləyərək ayrı toplamaq və onlarla bağlı bu Qanunun tələblərinə uyğun tədbirləri həyata keçirmək;

toplanmış tullantıları onların təkrar emalını və ya zərərsizləşdirilməsini həyata keçirən ixtisaslaşmış şəxslərə satmaq və ya təhvil vermək;

birbaşa utilizasiya proseslərinə yalnız peşə hazırlığına malik olan işçi heyətini cəlb etmək;

birbaşa utilizasiya proseslərinə cəlb edilən işçi heyətinin əməyin mühafizəsi üzrə təlimatlandırılmasını və biliklərinin yoxlanılmasını təmin etmək.

Bu maddənin birinci hissəsində nəzərdə tutulan vəzifələrin və bu Qanunun 14-4-cü maddəsində nəzərdə tutulan tələblərin yerinə yetirilməsinə nəzarət müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.

Maddə 14-7. Nəqliyyat vasitələrinin utilizasiyaya verilməsi

Nəqliyyat vasitələri utilizasiyaya aşağıdakılar tərəfindən verilir:

nəqliyyat vasitələrinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs;

aşağıdakı nəqliyyat vasitələri üzrə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin II və III hissələrinə uyğun olaraq onların dövlət qeydiyyatını həyata keçirən aidiyyəti orqanlar (bundan sonra - dövlət qeydiyyatı orqanı):

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada sahibsiz hesab edilən;

istismara yararsız vəziyyətdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mühafizə olunan duracağında saxlanılan, əgər nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs yazılı şəkildə imtina edibsə.

Nəqliyyat vasitələri utilizasiyaya verilməzdən əvvəl “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin IX-I və IX-II hissələri ilə müəyyən edilən qaydada dövlət qeydiyyatı üzrə daimi uçotdan çıxarılmalıdır.

Nəqliyyat vasitələri utilizasiyaya verildikdə utilizatorlar tərəfindən aşağıdakı sənədlər tələb edilir:

nəqliyyat vasitəsinin utilizasiyası üçün ərizə;

nəqliyyat vasitəsini utilizasiyaya mülkiyyətçi adından digər şəxs verdikdə, nəqliyyat vasitəsinə dair sərəncam vermə hüququnu təsdiq edən etibarnamə;

nəqliyyat vasitəsinin dövlət qeydiyyatı üzrə daimi uçotdan çıxarılması barədə aidiyyəti dövlət qeydiyyat orqanının yazılı məlumatı;

fiziki şəxsin şəxsiyyətini təsdiq edən, hüquqi şəxsin dövlət qeydiyyatını təsdiq edən sənədin surəti.

Ərizəyə baxılması və sənədlərdə hər hansı çatışmazlıq və ya uyğunsuzluq olduqda onun baxılmamış saxlanılması bu Qanunun 14-5-ci maddəsinin altıncı – onuncu hissələrində müəyyən edilmiş qaydada həyata keçirilir.

Göstərilən sənədlərdə hər hansı çatışmazlıq və ya uyğunsuzluq olmadıqda utilizasiyaya verilən nəqliyyat vasitəsinin təhvil alınması barədə akt (bundan sonra - akt) tərtib olunur və aktda aşağıdakılar göstərilir:

nəqliyyat vasitəsinin ümumi texniki vəziyyəti və komplektliyi barədə məlumat;

nəqliyyat vasitəsinin eyniləşdirmə məlumatları;

nəqliyyat vasitəsinin mövcud olmayan hissələri barədə məlumatlar;

güzəşt məbləği və birdəfəlik ödənişin həcmi barədə məlumat.

Akt ciddi hesabat blankıdır və 3 (üç) nüsxədə tərtib edilir. Aktın hər bir nüsxəsinə sayı beşdən az olmamaq şərtilə utilizasiyaya verilən nəqliyyat vasitəsinin fotoşəkilləri (ön, arxa, hər iki yandan və içəridən) əlavə edilir.

Nəqliyyat vasitəsi akt əsasında təhvil alındıqdan sonra 2 (iki) iş günü müddətində utilizator tərəfindən bu Qanunun 14-8-ci maddəsinin tələbləri nəzərə alınmaqla utilizasiyaya verilmə barədə təsdiqedici sənəd verilir. Təsdiqedici sənəd ciddi hesabat blankıdır və 3 (üç) nüsxədə tərtib edilir.

Aktın və təsdiqedici sənədin bir nüsxəsi utilizatorda, bir nüsxəsi nəqliyyat vasitəsini utilizasiyaya verən şəxsdə saxlanılır, bir nüsxəsi isə utilizator tərəfindən 3 (üç) iş günü müddətində operatora göndərilir.

Nəqliyyat vasitəsinin utilizasiyası üçün ərizənin, nəqliyyat vasitəsinin təhvil alınması barədə aktın və utilizasiyaya verilmə barədə təsdiqedici sənədin formaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

Təsdiqedici sənədin, güzəştin və birdəfəlik ödənişin tətbiqi ilə bağlı müddəalar istisna olmaqla, bu maddənin tələbləri qoşqu və yarımqoşqulara, habelə nəqliyyat vasitələrinin utilizasiyası fəaliyyətini həyata keçirən digər şəxslərə də şamil olunur.

Maddə 14-8. Təsdiqedici sənədin, güzəştin və birdəfəlik ödənişin tətbiqinin xüsusiyyətləri

Utilizasiyaya verilən hər nəqliyyat vasitəsinə görə utilizatorlar tərəfindən yalnız bir təsdiqedici sənəd verilir və güzəştin tətbiqi satın alınacaq yeni istehsal olunmuş yerli nəqliyyat vasitəsinin kateqoriyası üzrə məhdudlaşdırılmır.

Təsdiqedici sənəd verildiyi gündən 3 (üç) il müddətində qüvvədə olmaqla, yalnız bir dəfə istifadə üçün nəzərdə tutulur. Təsdiqedici sənəd adsızdır və başqa şəxs tərəfindən də istifadə edilə bilər.

Utilizasiyaya verilən müxtəlif nəqliyyat vasitələrinə görə verilmiş, qüvvədə olan və istifadə edilməmiş təsdiqedici sənədlər əsasında əldə edilən güzəşt məbləğlərinin cəmlənməklə istifadəsinə yol verilir.

Nəqliyyat vasitəsinin utilizasiyaya verilməsi barədə təsdiqedici sənəd əsasında yeni istehsal olunmuş yerli nəqliyyat vasitəsinə güzəştin tətbiqindən nəqliyyat vasitələrinin satıcısı tərəfindən imtina edilə bilməz.

Yeni istehsal olunmuş yerli nəqliyyat vasitələrinin satışı təsdiqedici sənədlər əsasında güzəşt tətbiq edilməklə həyata keçirildikdə nəqliyyat vasitələrinin satıcıları 3 (üç) iş günü müddətində alqı-satqını rəsmiləşdirən sənədlərin və təsdiqedici sənədlərin surətlərini, habelə onların tətbiq edildiyi nəqliyyat vasitələri barədə məlumatları (ban, şassi, mühərrik nömrəsi) operatora göndərirlər.

Operator nəqliyyat vasitələrinin satıcıları tərəfindən bu maddənin beşinci hissəsində qeyd olunan sənədlər təqdim edildiyi gündən 30 (otuz) iş günü müddətində müvafiq güzəşt məbləğinin nəqliyyat vasitələrinin utilizasiyası fondundan nəqliyyat vasitələrinin satıcılarının hesabına köçürülməsini təmin edir. Tətbiq edilən güzəşt məbləği satın alınan nəqliyyat vasitəsinin müqavilə üzrə satış dəyərindən çox olduqda güzəşt məbləğinin artıq olan hissəsi nəqliyyat vasitələrinin satıcılarına ödənilmir.

Təsdiqedici sənədə malik şəxs öz seçimi əsasında yeni istehsal olunmuş yerli nəqliyyat vasitəsinin satın alınması üçün güzəştin əvəzinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən daha az həcmdə birdəfəlik ödəniş ala bilər.

Aşağıdakı nəqliyyat vasitələri üzrə birdəfəlik ödəniş məbləğləri dövlət büdcəsinə köçürülür:

- dövlət adından yaradılan publik hüquqi şəxslərə, dövlət idarə, müəssisə və təşkilatlarına məxsus olan;

- bu Qanunun 14-7-ci maddəsinin birinci hissəsinin üçüncü abzasına uyğun olaraq aidiyyəti dövlət qeydiyyat orqanı tərəfindən utilizasiyaya verilən.

Operator müvafiq təsdiqedici sənəd ona təhvil verildiyi gündən 30 (otuz) iş günü müddətində birdəfəlik ödəniş məbləğinin nəqliyyat vasitələrinin utilizasiyası fondundan aidiyyəti üzrə təsdiqedici sənədi təqdim edən şəxsin hesabına və ya dövlət büdcəsinə köçürülməsini təmin edir və ödənişin həyata keçirilməsi barədə sənədi təsdiqedici sənədi təqdim edən şəxsə verir.

Maddə 14-9. Təsdiqedici sənədlər üzrə məlumatların verilməsi

Utilizatorlar verdikləri təsdiqedici sənədlərlə bağlı hər növbəti təqvim ili yanvarın 20-dək operatora yazılı məlumat verirlər.

Nəqliyyat vasitələrinin satıcıları təsdiqedici sənədlərin uçotunu aparırlar və bununla bağlı hər növbəti təqvim ili yanvarın 20-dək operatora yazılı məlumat verirlər.

Operator təsdiqedici sənədlərin uçotunun aparılmasını təmin edir.

Maddə 14-10. Utilizasiya nəticəsində əldə edilmiş yararlı material və əşyalar

Utilizatorlar tərəfindən utilizasiya edilmiş nəqliyyat vasitələrindən əldə olunan yararlı materiallar və əşyalar mülki qanunvericiliyə uyğun olaraq bağlanılmış müqavilə əsasında ehtiyat hissələrinin emalı və satışı ilə məşğul olan sahibkarlıq subyektlərinə satılır.

Utilizatorlar bağlanılmış müvafiq müqavilənin və təhvil-təslim sənədlərinin surətlərini əlavə etməklə bu barədə hər növbəti təqvim ili yanvarın 20-dək operatora yazılı məlumat verirlər.”.

6. Aşağıdakı məzmunda 25-ci maddə əlavə edilsin:

“Maddə 25. Keçid müddəa

Bu Qanunun 14-1-ci maddəsinin birinci-dördüncü hissələri və 14-3-cü maddəsi 2024-cü il fevralın 1-dən, II-I fəslinin digər müddəaları 2024-cü il sentyabrın 1-dən qüvvəyə minir.”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 iyun 2023-cü il

SƏNƏDLƏR Fərmanlar 23 noyabr 2024
17:40
Elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər...

23 noyabr 2024, 17:40
SƏNƏDLƏR Sərəncamlar 23 noyabr 2024
16:05
Azərbaycan Respublikası vətəndaşlarının 2025-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 26-cı bəndini rəhbər tutaraq, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-cü və 40.1-ci maddələrinə əsasən və Azərbaycan Respublikasının...

23 noyabr 2024, 16:05
SƏNƏDLƏR Sərəncamlar 23 noyabr 2024
16:03
Sumqayıt şəhərinin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq, Sumqayıt şəhərinin 75 illiyi münasibətilə qərara alıram:

Sumqayıt şəhərinin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan...

23 noyabr 2024, 16:03
SƏNƏDLƏR Fərmanlar 22 noyabr 2024
16:19
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 276 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 276 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

22 noyabr 2024, 16:19
SƏNƏDLƏR Fərmanlar 22 noyabr 2024
16:17
“Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 22 oktyabr tarixli 53-VIIQD nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və...

22 noyabr 2024, 16:17
SƏNƏDLƏR Qanunlar 22 noyabr 2024
16:15
“Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 5-ci bəndlərini və 95-ci maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan...

22 noyabr 2024, 16:15