Təhlükə potensiallı obyektlərin təhlükəsiz istismarının təmin edilməsi sahəsində dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsi üzrə Koordinasiya Komissiyası haqqında ƏSASNAMƏ

18 iyul 2023, 17:47

Azərbaycan Respublikası Prezidentinin

2023-cü il  18  iyul tarixli

Fərmanı ilə təsdiq edilmişdir

1. Ümumi müddəalar

1.1. Bu Əsasnamə “Təhlükə potensiallı obyektlərin təhlükəsiz istismarının təmin edilməsi sahəsində dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsi üzrə Koordinasiya Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 24 sentyabr tarixli 3488 nömrəli Sərəncamının 3.1-ci bəndinə uyğun olaraq hazırlanmışdır və “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 2-ci hissəsinə, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 78.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş siyahılarda nəzərdə tutulan təhlükə potensiallı obyektlərin, o cümlədən tikinti obyektlərinin (bundan sonra – obyektlər) təhlükəsiz istismarının təmin edilməsi, əhalinin və ətraf mühitin həmin obyektlərdə baş verə biləcək qəzalardan qorunması (bundan sonra – müvafiq sahə) sahəsində dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsi üzrə Koordinasiya Komissiyasının (bundan sonra – Komissiya) fəaliyyət istiqamətlərini, hüquq və vəzifələrini və fəaliyyətinin təşkili ilə bağlı digər məsələləri tənzimləyir.

1.2. Komissiya öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, bu Əsasnaməni, Azərbaycan Respublikası Prezidentinin digər fərmanlarını, həmçinin sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər normativ hüquqi aktları rəhbər tutur.

1.3. Komissiya hər ötən ildəki fəaliyyəti və görülmüş işlər barədə növbəti ilin birinci rübündə Azərbaycan Respublikasının Prezidentinə hesabat təqdim edir.

1.4. Komissiyanın üzərində Azərbaycan Respublikası Dövlət Gerbinin təsviri və öz adı həkk olunmuş blankı və möhürü vardır.

2. Komissiyanın fəaliyyət istiqamətləri

2.1. Komissiya aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir:

2.1.1. müvafiq sahə ilə bağlı fəaliyyətin təşkili, mütəmadi təhlillər aparılması və qabaqlayıcı tədbirlər görülməsi üçün təkliflər hazırlanması;

2.1.2. müvafiq sahədə fəaliyyət göstərən dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsi, birgə tədbirlərin planlaşdırılması və həyata keçirilməsi;

2.1.3. müvafiq sahədə fəaliyyət göstərən dövlət orqanları (qurumları) tərəfindən obyektlərdə keçirilən monitorinqlərin nəticələrinin təhlili və qiymətləndirilməsi əsasında təkliflər hazırlanması;

2.1.4. beynəlxalq təcrübə nəzərə alınmaqla, müvafiq sahədə normativ hüquqi bazanın təkmilləşdirilməsi və tətbiqi sahəsində əlaqələndirmə işinin təşkili.

3. Komissiyanın vəzifələri

3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Komissiyanın vəzifələri aşağıdakılardır:

3.1.1. Komissiyanın üzvü olan dövlət orqanları (qurumları) tərəfindən obyektlərdə baş verə biləcək qəza risklərinin müəyyən olunması, qiymətləndirilməsi və gələcək risklərin proqnozlaşdırılması sahəsində aparılan mütəmadi təhlillər əsasında təkliflər hazırlamaq və görülən işlərin əlaqələndirilməsini təmin etmək;

3.1.2. müvafiq sahədə qabaqlayıcı tədbirlər görülməsi məqsədilə müvafiq dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsini, birgə tədbirlərin planlaşdırılmasını təmin etmək, onlar arasında operativ və səmərəli məlumat mübadiləsini təşkil etmək;

3.1.3. müvafiq sahədə texniki reqlamentlərin müəyyən olunması işlərini əlaqələndirmək;

3.1.4. müvafiq sahə üzrə mütəxəssislərə olan ehtiyacı araşdırmaq və mövcud vəziyyəti qiymətləndirmək, elmi, texniki və kadr potensialının genişləndirilməsi məqsədilə təkliflər hazırlamaq və bununla bağlı müvafiq işləri əlaqələndirmək;

3.1.5. müvafiq dövlət orqanları (qurumları) tərəfindən obyektlərdə keçirilən monitorinqlərin nəticələrinin təhlili və qiymətləndirilməsi əsasında təkliflər hazırlamaq;

3.1.6. Komissiya üzvləri olan dövlət orqanlarının (qurumlarının) fəaliyyət istiqamətlərinə aid sahələrdə həmin dövlət orqanlarının (qurumlarının) mütəxəssislərindən ibarət daimi fəaliyyət göstərən aşağıdakı işçi qrupların yaradılmasını və fəaliyyətini təmin etmək:

1. təhlükə potensiallı obyektlərdə keçirilən monitorinqlərin nəticələrinin təhlili və qiymətləndirilməsi üzrə;

2. müvafiq texniki reqlamentlərin müəyyən olunması istiqamətində fəaliyyətin əlaqələndirilməsi üzrə;

3. beynəlxalq təcrübə nəzərə alınmaqla, təhlükə potensiallı obyektlərin təhlükəsiz istismarı sahəsində mövcud normativ hüquqi bazanın təkmilləşdirilməsi üzrə;

3.1.7. müvafiq sahə ilə bağlı daxil olmuş layihələri, müraciətləri, texniki şərtləri və təklifləri ümumiləşdirərək təhlil etmək;

3.1.8. obyektlərin texniki təhlükəsizlik bəyannaməsinin hazırlanması ilə bağlı metodiki tövsiyələr hazırlamaq;

3.1.9. müvafiq sahədə beynəlxalq təcrübənin öyrənilməsi və təcrübə mübadiləsinin həyata keçirilməsi işini əlaqələndirmək.

4. Komissiyanın hüquqları

4.1. Öz vəzifələrini yerinə yetirmək üçün Komissiyanın aşağıdakı hüquqları vardır:

4.1.1. daxil olmuş müraciətlərin hərtərəfli və obyektiv araşdırılması üçün aidiyyəti məlumatların, materialların və sənədlərin alınması ilə bağlı dövlət orqanlarına (qurumlarına), yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə sorğular göndərmək, görülən işlər barədə arayışlar və hesabatlar almaq;

4.1.2. təhlil və tədqiqat materialları əsasında müvafiq sahə üzrə təkmilləşdirmə işləri aparmaq məqsədilə təkliflər hazırlamaq;

4.1.3. beynəlxalq təcrübə nəzərə alınmaqla, müvafiq sahədə normativ hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;

4.1.4. müvafiq sahədə beynəlxalq və regional əməkdaşlığın genişləndirilməsi məqsədilə təkliflər hazırlamaq;

4.1.5. müvafiq sahədə aşkar olunmuş nöqsan və çatışmazlıqların aradan qaldırılmasının təmin edilməsi məqsədilə aidiyyəti dövlət orqanlarına (qurumlarına) göstəriş vermək;

4.1.6. fəaliyyət istiqamətlərinə aid olan məsələlərin həlli üçün elmi tədqiqat, təcrübi-mühəndis, texniki təhlükəsizlik ekspertizası, məsləhət xidmətləri və təbliğat-təşviqat işləri ilə bağlı müvafiq sahədə ixtisaslaşmış hüquqi şəxslərin, o cümlədən elmi tədqiqat və təhsil müəssisələrinin, habelə müstəqil beynəlxalq ekspertlərin və mütəxəssislərin bu işlərə cəlb edilməsi ilə əlaqədar tədbirlər görmək.

5. Komissiyanın fəaliyyətinin təşkili

5.1. Komissiyanın sədrini və digər üzvlərini Azərbaycan Respublikasının Prezidenti vəzifəyə təyin və vəzifədən azad edir.

5.2. Komissiya sədr daxil olmaqla 15 (on beş) üzvdən ibarətdir.

5.3. Komissiyanın sədri:

5.3.1. Komissiyanın fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

5.3.2. Komissiyanın üzvləri və işçi qruplar arasında iş bölgüsü aparır, həmçinin onların fəaliyyətini əlaqələndirir;

5.3.3. Komissiyanın üzvləri ilə birlikdə Komissiyanın iclaslarının gündəliyini müəyyənləşdirir və Komissiyanın iclaslarına rəhbərlik edir;

5.3.4. Komissiyaya daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxır və qanunla müəyyən edilmiş qaydada tədbirlər görür;

5.3.5. Komissiyanın fəaliyyəti ilə bağlı işçi qrupların tabeliyində ayrı-ayrı sahələr üzrə alt işçi qruplar yaradılmasını təmin edir.

5.4. Komissiyanın sədri bu Əsasnamə ilə Komissiyaya həvalə edilmiş vəzifələrin yerinə yetirilməsinə və hüquqların həyata keçirilməsinə görə məsuliyyət daşıyır.

5.5. Komissiyanın sədri olmadıqda, onun səlahiyyətlərini Komissiyanın qərarı əsasında Komissiya üzvlərindən biri həyata keçirir.

5.6. Komissiyanın və işçi qrupların üzvləri bu Əsasnamədə nəzərdə tutulmuş və onlara həvalə edilmiş vəzifələrin vaxtında yerinə yetirilməməsinə görə məsuliyyət daşıyırlar.

5.7. Komissiyanın səlahiyyətlərinə aid edilmiş məsələlərə onun iclaslarında baxılır.

5.8. Komissiyanın iclasları mütəmadi olaraq, lakin 3 (üç) ayda bir dəfədən az olmayaraq keçirilir. İclaslar Komissiya sədrinin və ya Komissiya üzvlərinin üçdə birinin təşəbbüsü əsasında çağırıla bilər.

5.9. Komissiyanın iclasları onun üzvlərinin üçdə ikisi iştirak etdikdə səlahiyyətlidir.

5.10. Komissiyanın iclaslarına aidiyyəti dövlət orqanlarının (qurumlarının) və özəl sektorun nümayəndələri, o cümlədən müstəqil ekspertlər və mütəxəssislər dəvət edilə bilərlər.

5.11. Komissiyanın qərarları hər bir üzvün bir səsi olmaqla açıq səsvermə yolu ilə, iclasda iştirak edən Komissiya üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Qərar qəbul edilərkən səslər bərabər olduqda, iclasa sədrlik edənin səsi həlledicidir. Səsvermə zamanı üzvlərin bitərəf qalmasına yol verilmir. Səsvermə zamanı xüsusi rəyi olan Komissiya üzvü öz rəyini qəbul edilmiş qərara əlavə edə bilər.

5.12. Komissiyanın iclasında onun bütün üzvləri təmsil olunmuşdursa və həmin üzvlərin hamısı yekdilliklə razılıq verirsə, Komissiya gündəliyə daxil edilməmiş məsələləri də müzakirəyə çıxara və onlara dair qərarlar qəbul edə bilər.

5.13. Komissiyanın üzvləri fəaliyyətlərində müstəqildirlər.

5.14. Komissiya özünün iş planını təsdiq edir.

5.15. Komissiya tərəfindən yaradılmış işçi qrupların hazırladığı sənədlər Komissiyanın iclaslarında müzakirəyə çıxarılır və müvafiq qərarlar qəbul edilir.

5.16. Komissiyanın nəzdində daimi fəaliyyət göstərən Katiblik yaradılır. Katibliyin funksiyalarını Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatı həyata keçirir.

5.17. Katiblik aşağıdakıları təmin edir:

5.17.1. Komissiyanın cari fəaliyyətinin təşkili və Komissiyanın qəbul etdiyi qərarların icrası ilə əlaqədar zəruri tədbirlər görülməsini;

5.17.2. Komissiyanın iclaslarında baxılacaq məsələlərə dair müvafiq sənədlərin hazırlanmasını, həmin iclas protokollarının və Komissiyanın iş planlarının tərtib edilməsini və aidiyyəti dövlət orqanlarına (qurumlarına) çatdırılmasını, kargüzarlıq işlərinin icra edilməsini;

5.17.3. Komissiya tərəfindən işçi qrupların tabeliyində ayrı-ayrı sahələr üzrə yaradılmış alt işçi qruplara müvafiq mütəxəssislərin cəlb edilməsinin təşkilini və həmin qrupların fəaliyyətinin əlaqələndirilməsini.

SƏNƏDLƏR Fərmanlar 23 noyabr 2024
17:40
Elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər...

23 noyabr 2024, 17:40
SƏNƏDLƏR Sərəncamlar 23 noyabr 2024
16:05
Azərbaycan Respublikası vətəndaşlarının 2025-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 26-cı bəndini rəhbər tutaraq, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-cü və 40.1-ci maddələrinə əsasən və Azərbaycan Respublikasının...

23 noyabr 2024, 16:05
SƏNƏDLƏR Sərəncamlar 23 noyabr 2024
16:03
Sumqayıt şəhərinin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq, Sumqayıt şəhərinin 75 illiyi münasibətilə qərara alıram:

Sumqayıt şəhərinin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan...

23 noyabr 2024, 16:03
SƏNƏDLƏR Fərmanlar 22 noyabr 2024
16:19
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 276 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 276 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

22 noyabr 2024, 16:19
SƏNƏDLƏR Fərmanlar 22 noyabr 2024
16:17
“Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 22 oktyabr tarixli 53-VIIQD nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və...

22 noyabr 2024, 16:17
SƏNƏDLƏR Qanunlar 22 noyabr 2024
16:15
“Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 5-ci bəndlərini və 95-ci maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan...

22 noyabr 2024, 16:15