Elektroenergetika haqqında Azərbaycan Respublikasının Qanunu

19 may 2023, 15:21

Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndinə uyğun olaraq, elektrik enerjisinin istehsalı, saxlanması, ötürülməsi, paylanması, təchizatı, idxalı, ixracı və istehlakı ilə bağlı elektroenergetika subyektləri, istehlakçılar və elektroenergetika sektorunda fəaliyyət göstərən dövlət orqanları (qurumları) arasında yaranan münasibətləri tənzimləyir, elektroenergetikanın hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edir.

1-ci fəsil

Ümumi müddəalar

Maddə 1. Əsas anlayışlar

1.1. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.1.1. aktiv istehlakçı – elektrik enerjisini istehlak etməklə yanaşı, bərpa olunan enerji mənbələri hesabına 150 kVt-dək (150 kVt daxil olmaqla) elektrik enerjisi istehsal edən hüquqi və ya fiziki şəxslər;

1.1.2. balanslaşdırma – ötürücü sistem operatoru tərəfindən keyfiyyət göstəricilərinə (tezlik, güc və gərginlik həddi) uyğun elektrik enerjisinin istehsalı, saxlanması, idxalı, ixracı və istehlakı arasında davamlı balansı təmin edən hərəkət və proseslər;

1.1.3. balanslaşdırıcı elektrik enerjisi – ötürücü sistem operatoru tərəfindən müəyyən edilmiş elektrik enerjisinin istehsal-istehlakının gündəlik qrafikinin icrası zamanı yaranan elektrik enerjisinin qeyri-balansının aradan qaldırılması üçün istifadə edilən elektrik enerjisi;

1.1.4. balanslaşdırma məsuliyyəti – elektrik enerjisinin topdansatış bazarı subyektlərinin elektrik enerjisi istehsalının, saxlanmasının, istehlakının və alqı-satqısının qəbul edilmiş qrafiklərə uyğun olaraq balanslaşdırılmasına dair öhdəlikləri, həmçinin onların ötürücü sistem operatoru qarşısında elektrik enerjisinin qeyri-balansının tənzimləməsindən irəli gələn maliyyə öhdəlikləri üçün məsuliyyəti;

1.1.5. balanslaşdırıcı qrup – elektrik enerjisinin qeyri-balansının tənzimlənməsi üçün elektrik enerjisinin topdansatış bazarı subyektləri arasında müqavilə əsasında yaradılan və həmin müqavilə ilə müəyyən edilmiş qaydada hər bir iştirakçısının balanslaşdırma məsuliyyəti daşıdığı qrup;

1.1.6. balanslaşdırıcı bazar – ötürücü sistem operatoru tərəfindən balanslaşdırma funksiyası, həmçinin elektrik enerjisinin qeyri-balansı ilə bağlı maliyyə məsələlərinin həlli zamanı topdansatış bazarı subyektləri arasında yaranan münasibətlər sistemi;

1.1.7. balanslaşdırma qaydaları – balanslaşdırıcı bazarda və köməkçi xidmətlər bazarında elektrik enerjisinin topdansatış bazarı subyektləri arasında yaranan münasibətləri tənzimləyən qaydalar;

1.1.8. bazar operatoru – elektrik enerjisinin mərkəzləşdirilmiş bazarının fəaliyyətini təşkil etmək məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən yaradılan hüquqi şəxs;

1.1.9. bərpa olunan enerji mənbələri - ətraf mühitdə daim mövcud olan, yaxud mütəmadi yaranan enerji mənbələri (hidroenerji, külək enerjisi, günəş enerjisi, geotermal enerji, biokütlə enerjisi, dəniz və okeanlarda dalğa enerjisi, qabarma və çəkilmə enerjisi, su axınlarının enerjisi və s.);

1.1.10. elektroenergetika – elektrik enerjisinin istehsalı, saxlanması, ötürülməsi, paylanması və təchizatını özündə ehtiva edən energetika sahəsinin sektoru;

1.1.11. elektroenergetika sistemi – mərkəzi operativ-dispetçer idarəetməsi yolu ilə elektrik enerjisinin istehsalını, saxlanmasını, ötürülməsini və paylanmasını vahid texnoloji prosesdə birləşdirən elektroenergetika obyektlərinin məcmusu;

1.1.12. elektroenergetika obyektləri – elektrik enerjisinin istehsalı, saxlanması, ötürülməsi və paylanması prosesində istifadə olunan elektrik stansiyaları, yarımstansiyalar, elektrik verilişi xətləri, mərkəzi operativ-dispetçer idarəetməsini təmin edən bina və qurğular;

1.1.13. elektroenergetika subyektləri – elektrik enerjisinin istehsalı, saxlanması, ötürülməsi, paylanması və təchizatı ilə məşğul olan hüquqi və ya fiziki şəxslər;

1.1.14. elektroenergetika sisteminin rejimləri - elektrik enerjisinin istehsalı, saxlanması, ötürülməsi, paylanması və istehlakı prosesini, habelə elektroenergetika obyektlərinin, o cümlədən elektrik qurğularının vəziyyətini xarakterizə edən texniki parametrlərin toplusu;

1.1.15. enerji təhlükəsizliyi – elektrik enerjisinin təminatının etibarlılığı, o cümlədən texniki təhlükəsizlik;

1.1.16. elektrik enerjisi təminatının etibarlılığı – elektroenergetika sisteminin bu Qanunda nəzərdə tutulan qaydada istehlakçıları elektrik enerjisi ilə fasiləsiz və dayanıqlı təchiz etmək qabiliyyəti;

1.1.17. elektrik enerjisinin istehsalçısı (istehsalçı) – elektrik enerjisinin istehsalını həyata keçirən elektroenergetika subyekti;

1.1.18. elektrik enerjisinin təchizatçısı (təchizatçı) – istehlakçıları elektrik enerjisi ilə təchiz edən elektroenergetika subyekti;

1.1.19. elektrik enerjisinin istehlakçısı (istehlakçı) – öz ehtiyacları üçün elektrik enerjisini satın alan sərbəst və ya sərbəst olmayan istehlakçı, habelə məişət və ya qeyri-məişət istehlakçısı;

1.1.20. elektrik şəbəkəsi – elektrik enerjisinin ötürülməsi və paylanması üçün nəzərdə tutulmuş elektrik qurğularının məcmusu;

1.1.21. elektrik şəbəkələrinə çıxış – ötürücü və ya paylayıcı şəbəkə istifadəçilərinin (elektrik enerjisi istehsalçıları, təchizatçıları, istehlakçıları, habelə ötürücü sistem operatoru və paylayıcı sistem operatoru) həmin şəbəkələrdən əvvəlcədən müəyyən edilmiş, ayrı-seçkiliyə yol verilməyən (bu Qanunun 11.6-cı maddəsinin tələbləri nəzərə alınmaqla) və şəffaf şərtlərlə (müqavilə şərtlərinə və tənzimlənən qiymətlərə (tariflərə) uyğun) istifadə etmək hüququ, həmçinin ötürücü və paylayıcı sistem operatorlarının bu hüququn təmin edilməsi üzrə vəzifələri;

1.1.22. elektrik enerjisinin qeyri-balansı – ötürücü sistem operatoru tərəfindən müəyyən edilmiş elektrik enerjisinin istehsal-istehlakının gündəlik qrafikinin saathesabı hədləri ilə faktiki istehsal-istehlakın saathesabı hədləri arasındakı fərq;

1.1.23. elektrik enerjisi bazarı – elektrik enerjisinin topdansatış bazarı və pərakəndə satış bazarı;

1.1.24. elektrik enerjisinin topdansatış bazarı (topdansatış bazarı) – elektrik enerjisinin alqı-satqısı, sistem və köməkçi xidmətlərin göstərilməsi zamanı topdansatış bazarının subyektləri arasında yaranan münasibətlər sistemi;

1.1.25. elektrik enerjisinin pərakəndə satış bazarı (pərakəndə satış bazarı) – elektrik enerjisinin istehlakçılara təchizatı zamanı pərakəndə satış bazarının subyektləri arasında yaranan münasibətlər sistemi;

1.1.26. elektrik enerjisinin topdansatış bazarının subyektləri – elektrik enerjisinin topdansatış bazarında iştirak edən elektrik enerjisinin istehsalçıları, ötürücü sistem operatoru, paylayıcı sistem operatoru, təchizatçılar, sərbəst istehlakçılar və bazar operatoru;

1.1.27. elektrik enerjisinin pərakəndə satış bazarının subyektləri – elektrik enerjisinin pərakəndə satış bazarında iştirak edən elektrik enerjisinin istehsalçıları, ötürücü sistem operatoru, paylayıcı sistem operatoru, təchizatçılar, qapalı paylayıcı şəbəkələrin operatorları və istehlakçılar;

1.1.28. elektrik enerjisinin mərkəzləşdirilmiş bazarı – elektrik enerjisinin qısamüddətli (elektrik enerjisinin spot ticarəti), ortamüddətli (həftə, ay) və uzunmüddətli (rüb, il) dövrlər üçün informasiya sistemi vasitəsilə elektron ticarəti zamanı elektrik enerjisinin topdansatış bazarı subyektləri arasında yaranan münasibətlər sistemi;

1.1.29. elektrik enerjisinin istehsalı – elektrik stansiyalarında bütün növ enerji resurslarının elektrik enerjisinə çevrilməsi ilə əlaqədar hərəkətlər, həmçinin elektrik və istilik enerjisinin birgə istehsalı;

1.1.30. elektrik enerjisinin saxlanması – elektrik enerjisinin istehsal edildiyi anda elektrik şəbəkəsindən qəbul edilərək sonradan istifadə edilməsi məqsədilə elektrik qurğusu vasitəsilə yığılması və müəyyən müddətdən sonra elektrik şəbəkəsinə ötürülməsi ilə əlaqədar fəaliyyət;

1.1.31. elektrik enerjisinin ötürülməsi – elektrik enerjisinin ötürücü şəbəkə vasitəsilə paylayıcı şəbəkəyə və istehlakçılara verilişi (təchizatı istisna olmaqla);

1.1.32. elektrik enerjisinin paylanması – elektrik enerjisinin paylayıcı şəbəkə vasitəsilə istehlakçılara verilişi (təchizatı istisna olmaqla);

1.1.33. elektrik enerjisinin təchizatı – elektrik enerjisinin istehlakçılara elektrik enerjisinin təchizatı müqavilələri əsasında satışı;

1.1.34. elektrik enerjisinin istehsal-istehlakının gündəlik qrafiki – elektrik enerjisinin topdansatış bazarı subyektləri arasında elektrik enerjisinin alqı-satqısına dair bağlanılmış müqavilələrə uyğun olaraq, hər gün üzrə elektrik enerjisinin saathesabı istehsal-istehlakının ötürücü sistem operatoru tərəfindən təsdiq edilmiş həcmi;

1.1.35. elektrik enerjisinin spot-ticarəti – elektrik enerjisinin əməliyyat günü dövrü və bir gün əvvəl rejimləri və saathesabı həcmlərlə qısamüddətli ticarəti;

1.1.36. elektrik qurğuları – elektrik enerjisinin istehsalı, saxlanması, ötürülməsi, paylanması və istehlakı üçün lazım olan qarşılıqlı əlaqəli avadanlıq və onlara aid tikililər kompleksi;

1.1.37. elektrik stansiyası – bütün növ enerji resurslarından, o cümlədən bərpa olunan enerji mənbələrindən elektrik enerjisinin istehsalı üçün lazım olan qarşılıqlı əlaqəli avadanlıq və onlara aid tikililərin kompleksi;

1.1.38. elektrik şəbəkəsinə dair qaydalar – elektroenergetika sisteminin planlaşdırılması, inkişafı, o cümlədən istehsal və saxlama güclərinin proqnozlaşdırılması, habelə elektrik şəbəkələrinə çıxış və elektrik şəbəkələrinə qoşulma, elektroenergetika sistemi rejimlərinin, o cümlədən əməliyyat rejiminin planlaşdırılması, habelə mərkəzi operativ-dispetçer idarəetməsi və paylayıcı sistem operatoru tərəfindən operativ-dispetçer idarəetməsi, əməliyyatın təhlükəsizliyi ilə bağlı elektroenergetika subyektləri, həmçinin həmin subyektlərlə istehlakçılar arasındakı qarşılıqlı münasibətlərin texniki aspektlərini tənzimləyən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən qaydalar toplusu;

1.1.39. əməliyyat günü – elektrik enerjisinin topdansatış bazarının subyektləri arasında bağlanılmış elektrik enerjisinin alqı-satqı müqavilələrinin icrası üçün ötürücü sistem operatorunun mərkəzi operativ-dispetçer idarəetmə funksiyasını həyata keçirdiyi cari gün;

1.1.40. ikitərəfli müqavilə – istehsalçılarla təchizatçılar və ya sərbəst istehlakçılar, habelə təchizatçılarla sərbəst istehlakçılar arasında bağlanılan elektrik enerjisinin alqı-satqı müqaviləsi;

1.1.41. ikitərəfli müqavilələr bazarı – ikitərəfli müqavilə əsasında elektrik enerjisinin alqı-satqısının həyata keçirildiyi bazar;

1.1.42. köməkçi xidmətlər – elektroenergetika sisteminin təhlükəsiz və etibarlı fəaliyyətini təmin etmək məqsədilə ötürücü sistem operatorunun elektrik enerjisinin topdansatış bazarı subyektlərindən əldə etdiyi, bu Qanunun 27.1-ci maddəsində nəzərdə tutulmuş xidmətlər;

1.1.43. köməkçi xidmətlər bazarı – elektrik enerjisinin topdansatış bazarı subyektləri tərəfindən ötürücü sistem operatoruna bu Qanunun 27.1-ci maddəsində nəzərdə tutulmuş xidmətlərin göstərilməsi zamanı yaranan münasibətlər sistemi;

1.1.44. kommersiya uçotu – elektrik enerjisinin ötürülməsi, paylanması və təchizatı müqavilələri üzrə tərəflər arasında qarşılıqlı hesablaşmaların aparılması məqsədi ilə elektrik enerjisinin ölçülməsi və ölçmə nəticələrinin, habelə hesablama yolu ilə əldə edilən elektrik enerjisinin miqdarı haqqında məlumatların toplanması, saxlanması, emalı və ötürülməsi prosesi;

1.1.45. kommersiya uçotu qaydaları – elektrik enerjisi bazarında elektrik enerjisi bazarı subyektlərinin kommersiya uçotunun təşkili və təmin edilməsi ilə bağlı hüquqlarını və vəzifələrini müəyyən edən qaydalar;

1.1.46. qapalı paylayıcı şəbəkə – müəyyən ərazi ilə məhdudlaşan istehsal zonasında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə həmin ərazidə yerləşən şəbəkə istifadəçilərini elektrik enerjisi ilə təmin edən və texniki səbəblərə görə istifadəçilərinin texnoloji proseslərinin əlaqəli olduğu və elektrik enerjisinin elektrik şəbəkəsinin mülkiyyətçisi və ya operatoru, yaxud onların mülkiyyətində və ya istifadəsində olan obyektlər tərəfindən istehlak olunduğu elektrik şəbəkəsi;

1.1.47. qeyri-məişət istehlakçısı – bu Qanunun 1.1.50-ci maddəsində nəzərdə tutulan istehlakçılar istisna olmaqla digər istehlakçılar;

1.1.48. qəza – elektrik qurğularının və ya onların hissələrinin fəaliyyətinin istismar zamanı dayanmasına və ya istismardan çıxmasına səbəb olan onların istismarının texnoloji parametrlərindən kənarlaşma;

1.1.49. qəza ehtiyatı (bron) – qəza hallarında elektrik enerjisinin fasiləsiz təchizatını tələb edən obyektlərin əsas qurğularının işləməsini təmin etməklə onların fəaliyyətinin pozulmasının, həmçinin ekoloji, sosial və iqtisadi fəsadların qarşısının alınması üçün sərf olunan elektrik enerjisinin minimal istehlak gücü;

1.1.50. məişət istehlakçısı – yaşayış evlərində və mənzillərdə, o cümlədən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 91-ci maddəsində nəzərdə tutulan xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrində, həmçinin bağlarda və qarajlarda məişət ehtiyacları üçün (sahibkarlıq fəaliyyəti istisna olmaqla) elektrik enerjisindən istifadə edən fiziki şəxs;

1.1.51. mərkəzi operativ-dispetçer idarəetməsi – ötürücü sistem operatoru tərəfindən elektroenergetika sistemində elektrik enerjisi təminatının etibarlılığına və elektrik enerjisinin keyfiyyət göstəricilərinə riayət olunması üzrə elektrik enerjisinin istehsalına, saxlanmasına, ötürülməsinə və paylanmasına fasiləsiz nəzarət və onların texniki tənzimlənməsi prosesi;

1.1.52. mühafizə zonası – elektrik şəbəkələrinin mühafizəsinin təmin olunması, istismarı üçün normal şəraitin yaradılması və zədələnməsinin qarşısının alınması, həmçinin insanların həyat və sağlamlığının təhlükəsizliyinin təmin edilməsi məqsədilə müəyyən olunmuş torpaq sahələri, su və hava məkanı;

1.1.53. ötürücü şəbəkə – elektrik enerjisinin ötürülməsi üçün nəzərdə tutulmuş elektrik qurğularının, o cümlədən 110 kV və ondan yuxarı gərginlikli transformator yarımstansiyalarının və elektrik verilişi xətlərinin məcmusu;

1.1.54. ötürücü sistem operatoru – icazə əsasında ötürücü şəbəkə ilə elektrik enerjisinin ötürülməsini, ötürücü şəbəkənin istismarını, yenilənməsini, genişləndirilməsini və mərkəzi operativ-dispetçer idarəetməsini həyata keçirən, sistem xidmətləri göstərən, həmçinin elektroenergetika sisteminin qonşu dövlətlərin elektroenergetika sistemləri ilə paralel işini təşkil edən hüquqi şəxs;

1.1.55. paylayıcı sistem operatoru – icazə əsasında paylayıcı şəbəkə ilə elektrik enerjisinin paylanmasını həyata keçirən hüquqi şəxs;

1.1.56. paylayıcı şəbəkə – elektrik enerjisinin paylanması üçün nəzərdə tutulmuş elektrik qurğularının, o cümlədən 110 kV və aşağı gərginlikli transformator yarımstansiyalarının və elektrik verilişi xətlərinin məcmusu;

1.1.57. pərakəndə satış bazarı qaydaları – elektrik enerjisinin pərakəndə satış bazarının subyektləri arasında yaranan münasibətləri tənzimləyən qaydalar;

1.1.58. səlahiyyətli təchizatçı – sərbəst olmayan istehlakçıların, habelə bu Qanunun 19.8-ci maddəsində nəzərdə tutulan sərbəst istehlakçıların elektrik enerjisi ilə təchizatını həyata keçirən hüquqi şəxs;

1.1.59. sərbəst istehlakçı – illik elektrik enerjisi sərfiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən həddə və ondan yuxarı olan istehlakçı;

1.1.60. sərbəst olmayan istehlakçı – illik elektrik enerjisi sərfiyyatı bu Qanunun 1.1.59-cu maddəsində nəzərdə tutulan həddən aşağı olan istehlakçı;

1.1.61. sistem xidmətləri – ötürücü sistem operatoru tərəfindən topdansatış bazarının subyektlərinə mərkəzi operativ-dispetçer idarəetmə funksiyalarının həyata keçirilməsi ilə bağlı göstərilən xidmətlər;

1.1.62. tənzimləyici – elektrik enerjisinin istehsalı, saxlanması, ötürülməsi, paylanması, təchizatı sahələrində dövlət tənzimlənməsini və nəzarətini həyata keçirən və statusu qanunla müəyyən edilən qurum;

1.1.63. topdansatış bazarı qaydaları – mərkəzləşdirilmiş elektrik enerjisi bazarında və ya ikitərəfli müqavilələr bazarında elektrik enerjisinin alqı-satqısı zamanı elektrik enerjisinin topdansatış bazarı subyektləri arasında yaranan münasibətləri tənzimləyən qaydalar;

1.1.64. texniki şərtlər – elektrik enerjisi ilə təchiz edilməsi nəzərdə tutulan tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması ilə əlaqədar layihənin hazırlanmasına əsas verən, elektrik enerjisinin verilməsi ilə bağlı mühəndis-texniki parametrləri özündə əks etdirən texniki sənəd.

1.2. Bu Qanunda istifadə olunan digər anlayışlar Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə nəzərdə tutulmuş mənaları ifadə edir.

Maddə 2. Elektroenergetika haqqında qanunvericilik

2.1. Elektroenergetika haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, bu Qanundan və Azərbaycan Respublikasının elektroenergetika sektorunu tənzimləyən digər normativ hüquqi aktlarından ibarətdir.

2.2. Ələt azad iqtisadi zonasında elektroenergetika sektorunda münasibətlər “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.

Maddə 3. Elektroenergetika sektorunda bazar münasibətlərinin

tənzimlənməsi

3.1. Elektroenergetika sektorunda bazar münasibətləri tənzimləyicinin təsdiq etdiyi aşağıdakı qaydalarla tənzimlənir:

3.1.1. topdansatış bazarı qaydaları;

3.1.2. balanslaşdırma qaydaları;

3.1.3. kommersiya uçotu qaydaları;

3.1.4. pərakəndə satış bazarı qaydaları;

3.1.5. ötürücü və paylayıcı sistem operatorlarının elektrik enerjisi itkilərinin hesabat dövrü üçün normativ göstəricilərinin müəyyənləşdirilməsi qaydası;

3.1.6. elektrik enerjisi bazarının monitorinqi qaydası.

2-ci fəsil

Elektroenergetika sektorunda dövlət siyasəti və dövlət tənzimlənməsi

Maddə 4. Elektroenergetika sektorunda dövlət siyasətinin əsas

prinsipləri

4.1. Elektroenergetika sektorunda dövlət siyasətinin əsas prinsipləri aşağıdakılardır:

4.1.1. elektroenergetika sisteminin vahidliyi, etibarlılığı və təhlükəsizliyi;

4.1.2. elektroenergetika sektorunda idarəetmə və tənzimləmənin effektivliyi və şəffaflığı;

4.1.3. elektroenergetika subyektlərinin xidmətlərindən, habelə elektrik şəbəkəsindən bərabər və ayrı-seçkiliyə yol verilmədən istifadə imkanının yaradılması.

Maddə 5. Elektroenergetika sektorunda dövlət tənzimləməsinin

məqsədləri və dövlətin vəzifələri

5.1. Elektroenergetika sektorunda dövlət tənzimləməsinin əsas məqsədləri aşağıdakılardır:

5.1.1. enerji təhlükəsizliyinin təmin edilməsi;

5.1.2. elektroenergetika subyektlərinin və istehlakçıların maraqları arasında balansın təmin olunması;

5.1.3. istehlakçıların etibarlı, keyfiyyətli, əlçatan və fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi.

5.2. Elektroenergetika sektorunda dövlətin vəzifələri aşağıdakılardır:

5.2.1. regional əməkdaşlığın inkişafı, özəl investisiyaların və davamlı iqtisadi inkişafın dəstəklənməsi;

5.2.2. əlverişli investisiya mühitinin yaradılması;

5.2.3. elektrik enerjisi bazarında rəqabət mühitinin formalaşdırılması və elektroenergetika sektorunda inhisarçılıq fəaliyyətinin qarşısının alınması, məhdudlaşdırılması və aradan qaldırılması;

5.2.4. elektroenergetika subyektlərinin effektiv və təhlükəsiz fəaliyyətinin təmin edilməsi;

5.2.5. istehlakçıların hüquqlarının müdafiəsi, o cümlədən sərbəst istehlakçıların elektrik enerjisi təchizatçısını seçmək hüququnun təmin edilməsi;

5.2.6. təbii inhisar sahəsində fəaliyyətin tənzimlənməsi;

5.2.7. elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadənin stimullaşdırılması və inkişaf etdirilməsi;

5.2.8. enerji resurslarından səmərəli istifadənin təşviq edilməsi;

5.2.9. ətraf mühitin mühafizəsi sahəsində tədbirlərin həyata keçirilməsinin təmin edilməsi;

5.2.10. elektroenergetika sektorunda dövlət nəzarətinin, o cümlədən elektrik enerjisi bazarının monitorinqinin həyata keçirilməsi;

5.2.11. elektroenergetika sektorunda tənzimlənən qiymətlərin (tariflərin) müəyyən edilməsi;

5.2.12. elektrik enerjisi bazarının effektiv fəaliyyətinin, həmçinin istehlakçılara keyfiyyətli xidmət göstərilməsinin təmin edilməsi;

5.2.13. elektrik enerjisinin istehsalı, saxlanması, ötürülməsi, paylanması və təchizatı üzrə xərclərin minimuma endirilməsi və qiymətlərin (tariflərin) iqtisadi əsaslar olmadan dəyişdirilməsinin qarşısının alınması.

Maddə 6. Elektroenergetika sektorunda tənzimləyicinin səlahiyyətləri

6.1. Elektroenergetika sektorunda tənzimləyici aşağıdakıları həyata keçirir:

6.1.1. elektroenergetika subyektlərinə bu Qanunun 8.1.1–8.1.4-cü maddələrində nəzərdə tutulan icazələri verir;

6.1.2. bu Qanunun 3-cü maddəsində nəzərdə tutulan qaydaları, habelə elektroenergetika sektorunda tənzimlənən qiymətlərin (tariflərin) müəyyən olunması qaydalarını təsdiq edir;

6.1.3. elektroenergetika sektorunda tənzimlənən qiymətləri (tarifləri) müəyyən edir;

6.1.4. elektroenergetika subyektləri tərəfindən icazə şərtlərinə, habelə həmin subyektlər və istehlakçılar tərəfindən elektroenergetika sektorunu tənzimləyən normativ hüquqi aktların və normativ xarakterli aktların tələblərinə riayət edilməsinə nəzarət edir;

6.1.5. elektroenergetika subyektləri üçün ödənilməsi məcburi olan, bu Qanunun 10-cu maddəsinə nəzərdə tutulan tənzimləmə haqqının məbləğini hesablayır və həmin subyektlərə bildirir;

6.1.6. elektroenergetika subyektləri arasında yaranan mübahisələrə baxır;

6.1.7. elektrik enerjisi istehlakçılarının şikayətlərinə baxır;

6.1.8. bu Qanunun 3.1.5-ci maddəsində göstərilən qaydaya uyğun olaraq, ötürücü və paylayıcı sistem operatorlarının elektrik enerjisi itkilərinin hesabat dövrü üçün normativ göstəricilərini müəyyənləşdirir;

6.1.9. elektrik enerjisinin keyfiyyətinə dair texniki tələblərə riayət olunmasına nəzarət edir;

6.1.10. elektrik stansiyalarının, elektrik şəbəkələrinin payız-qış mövsümünə hazırlığının təmin edilməsinə nəzarət edir;

6.1.11. ötürücü və paylayıcı sistem operatorlarının hər il üzrə gəlir və xərclər smetalarının razılaşdırılmasında və onların icrasına nəzarətin həyata keçirilməsində iştirak edir.

6.2. Tənzimləyici bu Qanunun 3.1.6-cı maddəsində göstərilən qaydaya uyğun olaraq, aşağıdakılar daxil olmaqla, elektrik enerjisi bazarının monitorinqini həyata keçirir:

6.2.1. elektrik enerjisi istehsalçılarının elektrik şəbəkələrinə çıxışının;

6.2.2. ötürücü və paylayıcı sistem operatorlarının maliyyə vəziyyətinin və maliyyə nəticələrinin;

6.2.3. icazə tələb olunan fəaliyyət növlərinin həyata keçirilməsində şəffaflığın;

6.2.4. elektroenergetika subyektlərinin elektrik qurğularının texniki göstəricilərinin;

6.2.5. elektroenergetika sektorunda təchizatın etibarlılığının və keyfiyyətinin;

6.2.6. elektrik şəbəkələrinə qoşulmanın;

6.2.7. elektroenergetika sektorunda təchizatçı-istehlakçı münasibətlərinin;

6.2.8. bu Qanunun 6.1.4-cü maddəsində nəzərdə tutulan tələblərə əməl olunmasının.

6.3. Tənzimləyici tərəfindən elektroenergetika sektorunu tənzimləyən Azərbaycan Respublikasının qanunları və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktlar ilə müəyyən edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblərə riayət edilməsinin qiymətləndirilməsi məqsədilə sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə yoxlamalar “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir.

6.4. Elektroenergetika sektorunda dövlət nəzarəti həyata keçirilərkən elektroenergetika sektorunu tənzimləyən normativ hüquqi aktların və normativ xarakterli aktların tələblərinin pozulması aşkar edildikdə, onların aradan qaldırılması ilə bağlı tənzimləyici tərəfindən yazılı göstərişlər verilir. Belə göstərişlərin icrası barəsində göstəriş verilmiş elektroenergetika subyektləri və istehlakçılar üçün məcburidir.

Maddə 7. Elektrik enerjisi təminatının etibarlılığı

7.1. Elektrik enerjisi təminatının etibarlılığı aşağıdakı tədbirlərlə təmin edilir:

7.1.1. elektroenergetika sisteminin vahid mərkəzi operativ-dispetçer idarəetməsinin və paylayıcı sistem operatoru tərəfindən operativ-dispetçer idarəetməsinin təmin olunması, həmçinin sistem avtomatikası vasitələrinin tətbiqi ilə elektroenergetika sisteminin dayanıqlı işinin təmin edilməsi;

7.1.2. elektrik enerjisi üzrə tələb və təklif balansının təmin edilməsi;

7.1.3. bərpa olunan enerji mənbələri hesabına elektrik enerjisi istehsalı daxil olmaqla, elektrik enerjisi istehsalının və istehlakının proqnozlaşdırılması;

7.1.4. istehsal və saxlama güclərinin tələbata uyğun səviyyəsinin təmin edilməsi, o cümlədən ehtiyat güclərin yaradılması məqsədilə yeni elektroenergetika obyektlərinin tikintisi;

7.1.5. elektrik enerjisinə olan tələbin, həmçinin uzunmüddətli perspektivdə tələbin qarşılanmasına kifayət etməsi üçün ötürücü və paylayıcı şəbəkələrin inkişafı və dayanıqlı fəaliyyətinin təmin edilməsi;

7.1.6. qiymət (tarif) tənzimlənməsi tədbirlərinin tətbiqi, o cümlədən elektrik enerjisi təminatının etibarlılığının artırılmasını və istehlakçılar üzrə sistem operatoru tərəfindən təsdiqlənən yük qrafiklərinin nizamlanmasını stimullaşdıran tədbirlərin görülməsi;

7.1.7. elektrik enerjisi təminatında çatışmazlıq halları ilə bağlı təxirəsalınmaz tədbirlərin hazırlanması və həyata keçirilməsinin təmin edilməsi.

Maddə 8. Elektroenergetika sektorunda icazələr

8.1. Elektroenergetika sektorunda aşağıdakı işlər bu Qanuna və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verilən icazələr əsasında həyata keçirilir:

8.1.1. su elektrik stansiyaları və bio kütlədən alınan qaz və ya digər yanacaq növü vasitəsilə elektrik və istilik enerjisi istehsal edən elektrik stansiyalarında elektrik enerjisinin istehsalı üzrə 500 kilovatdan, digər hallar üzrə isə 150 kilovatdan yuxarı elektrik enerjisinin istehsalı;

8.1.2. elektrik enerjisinin ötürülməsi;

8.1.3. elektrik enerjisinin paylanması;

8.1.4. 150 kVt-dan yuxarı elektrik qurğularının istismarı;

8.1.5. elektrik enerjisinin idxalı və ixracı.

8.2. Bu Qanunun 8.1.1–8.1.4-cü maddələrində nəzərdə tutulan icazələr tənzimləyici tərəfindən verilir. Bu Qanunun 8.1.5-ci maddəsində nəzərdə tutulan icazə isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilir.

8.3. Elektrik enerjisinin ötürülməsinə və elektrik enerjisinin paylanmasına icazə hüquqi şəxslərə, elektrik enerjisinin istehsalına icazə isə hüquqi və ya fiziki şəxslərə verilir.

8.4. Bu Qanunun 8.1.1–8.1.3-cü maddələrində nəzərdə tutulan icazələrin şərtləri aşağıdakılardır:

8.4.1. icazə tələb olunan hərəkəti həyata keçirmək üçün şəxsin mülkiyyətində və ya istifadəsində müvafiq olaraq elektrik stansiyası, ötürücü və ya paylayıcı şəbəkə olmalı;

8.4.2. icazə tələb olunan hərəkəti həyata keçirmək üçün şəxs energetika və texniki sahələrdə müvafiq ixtisaslı kadrlara malik olmalı;

8.4.3. icazə tələb olunan hərəkət elektroenergetika sektorunu tənzimləyən normativ hüquqi aktlarla müəyyən edilmiş texniki, hüquqi və iqtisadi tələblərə cavab verməli;

8.4.4. elektrik enerjisinin istehsalçısı bu Qanunun 11.3-cü və 11.4-cü maddələrinin, ötürücü sistem operatoru bu Qanunun 13.2-ci maddəsinin, paylayıcı sistem operatoru bu Qanunun 15.3-cü maddəsinin tələblərinə əməl etməlidir.

8.5. Bu Qanunun 8.1.1–8.1.3-cü maddələrində nəzərdə tutulan icazələrin alınması üçün ərizəyə “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 18.2-ci maddəsində göstərilən sənədlərlə yanaşı, aşağıdakı sənədlər də əlavə olunur:

8.5.1. hüquqi şəxs əvvəlki ildə fəaliyyət göstərdiyi halda son bir il üzrə maliyyə hesabatı yaxud bank hesabından çıxarış;

8.5.2. balans mənsubiyyəti və kommersiya uçotu qurğularının quraşdırıldığı nöqtələr göstərilməklə, icazə tələb olunan hərəkətin həyata keçirildiyi obyektin, ötürücü və paylayıcı sistem operatorları tərəfindən isə, həmçinin müvafiq şəbəkənin sxemi;

8.5.3. hüquqi şəxsin nizamnaməsinin (xarici hüquqi şəxsin filialının və ya nümayəndəliyinin əsasnaməsinin) notarial qaydada təsdiq edilmiş surəti, hüquqi şəxsin təsisçiləri (iştirakçıları), müşahidə şurası (direktorlar şurası) və icra orqanının üzvləri (təkbaşçı icra orqanı) barədə məlumatlar, habelə olduğu halda, təsis müqavilələri və kənar (etibarnaməli) idarəçilik müqavilələrinin notarial qaydada təsdiq edilmiş surətləri;

8.5.4. fərdi sahibkarın elektroenergetika sektorunda fəaliyyətin həyata keçirilməsi üçün istifadə olunan əmlakı etibarnamə ilə idarəetməyə verildiyi halda, bu barədə müqavilənin notarial qaydada təsdiq olunmuş surəti.

Maddə 9. Elektroenergetika sektorunda qiymətlər (tariflər)

9.1. Elektroenergetika sektorunda tənzimlənən qiymət və tariflər tənzimləyici tərəfindən müəyyən edilir.

9.2. Elektroenergetika sektorunda tənzimlənən qiymət və tariflər aşağıdakılardır:

9.2.1. elektrik enerjisinin ötürülməsi tarifləri;

9.2.2. elektrik enerjisinin paylanması tarifləri;

9.2.3. bazar operatorunun xidmətlərinin tarifləri;

9.2.4. ötürücü və paylayıcı şəbəkələrə qoşulma xidmətlərinin qiymətləri;

9.2.5. sərbəst olmayan istehlakçılara, habelə bu Qanunun 19.8-ci maddəsində nəzərdə tutulan sərbəst istehlakçılara səlahiyyətli təchizatçı tərəfindən elektrik enerjisinin təchizatı tarifləri.

9.3. Elektroenergetika sektorunda qiymətlər (tariflər) elektroenergetika subyektlərinin elektrik enerjisinin ötürülməsi və paylanması üzrə əsaslandırılmış xərclərini tam ödəməklə, elektroenergetikanın inkişafını təmin etməli və sosial-iqtisadi inkişafı stimullaşdırmalıdır.

9.4. Elektroenergetika sektorunda tənzimlənən qiymətlərin (tariflərin) müəyyən olunması qaydaları tənzimləyici tərəfindən təsdiq edilir və onun rəsmi internet səhifəsində dərc olunur.

9.5. Elektroenergetika sektorunda qiymətlərin (tariflərin) müəyyən olunması zamanı nəzərə alınmalı olan itkilər bu Qanunun 3.1.5-ci maddəsində göstərilən qaydaya uyğun olaraq hesablanır.

9.6. Elektrik enerjisinin topdansatış bazarında bazar qiymətlərinin formalaşması mexanizmləri aşağıdakılara əsaslanır:

9.6.1. elektrik enerjisi alıcıları və satıcılarının qiymət təklifləri əsasında tələb və təklifin balansı;

9.6.2. qiymətləri elektrik enerjisinin alqı-satqı müqaviləsi tərəflərinin müəyyən etməsi.

9.7. Topdansatış bazarında qiymət təkliflərinin verilməsi və qiymətin formalaşması topdansatış bazarı qaydaları və balanslaşdırma qaydaları ilə müəyyən edilir.

9.8. İkitərəfli müqavilələr bazarında elektrik enerjisinin alıcıları və satıcıları ikitərəfli müqavilə şərtlərini və qiymətləri sərbəst müəyyən edirlər.

Maddə 10. Tənzimləyiciyə ödənilən tənzimləmə haqqı

Elektrik enerjisi istehsalçıları, ötürücü sistem operatoru və paylayıcı sistem operatoru, habelə təchizatçılar tərəfindən tənzimləyiciyə tənzimləmə haqqı ödənilir.

3-cü fəsil

Elektrik enerjisinin istehsalı, ötürülməsi, paylanması, təchizatı və istehlakı

Maddə 11. Elektrik enerjisinin istehsalı

11.1. Elektrik enerjisinin istehsalı istehsalçı tərəfindən həyata keçirilir.

11.2. İstehsalçı istehsal etdiyi elektrik enerjisini pərakəndə satış bazarında yalnız elektrik enerjisinin təchizatına icazə aldığı təqdirdə satmaq hüququna malikdir.

11.3. İstehsalçı elektrik enerjisinin ötürülməsi və ya paylanması fəaliyyətini həyata keçirən şəxslərə münasibətdə hüquqi və iqtisadi baxımdan müstəqil olmalıdır.

11.4. İstehsalçı elektrik enerjisinin ötürülməsi və paylanması fəaliyyəti ilə məşğul ola bilməz.

11.5. İstehsalçı istehsal etdiyi elektrik enerjisini ayrı-seçkiliyə yol vermədən və topdansatış bazarı qaydaları ilə müəyyən edilmiş prinsiplər əsasında satır.

11.6. Bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalçıları elektrik enerjisinin ötürülməsi və paylanması üçün üstünlüyə malikdirlər.

Maddə 12. Elektrik enerjisi istehsalçısının vəzifələri və hüquqları

12.1. Elektrik enerjisi istehsalçısının aşağıdakı vəzifələri vardır:

12.1.1. “Ətraf mühitin mühafizəsi haqqında” və “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilən ətraf mühitin mühafizəsi və təhlükəsizlik tələblərinə, elektrik şəbəkəsinə dair qaydalarla müəyyən edilən keyfiyyət göstəricilərinə uyğun elektrik enerjisi istehsal etmək;

12.1.2. icazə şərtlərinə uyğun olaraq ötürücü və paylayıcı şəbəkələrə qoşulma nöqtəsində güc həcmlərini təmin etmək;

12.1.3. elektroenergetika sektorunu tənzimləyən normativ hüquqi aktların və normativ xarakterli aktların tələblərinə, icazə şərtlərinə, habelə bu Qanunun 6.4-cü maddəsinə uyğun olaraq verilən yazılı göstərişlərə əməl etmək;

12.1.4. elektrik enerjisi bazarında iştirak etmək üçün bu Qanunun 29-cu maddəsində nəzərdə tutulan müvafiq müqavilələri bağlamaq və onların şərtlərinə əməl etmək;

12.1.5. balanslaşdırma və köməkçi xidmətlər bazarlarında iştirak etmək, habelə balanslaşdırma qaydalarına uyğun olaraq balanslaşdırma məsuliyyətini daşımaq;

12.1.6. elektrik şəbəkəsinə dair qaydalarla müəyyən edilən texniki məsələlər barədə hesabat və məlumatları həmin qaydalara uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə təqdim etmək;

12.1.7. elektrik stansiyasının etibarlı və fasiləsiz işini təmin etmək;

12.1.8. "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" Azərbaycan Respublikası Qanununun 13.3-cü maddəsi ilə müəyyən edilən enerji resurslarından səmərəli istifadəyə dair öhdəliklərə riayət etmək.

12.2. Elektrik enerjisinin istehsalçısı aşağıdakı hüquqlara malikdir:

12.2.1. topdansatış bazarında elektrik enerjisini almaq və satmaq;

12.2.2. bu Qanunun 11.2-ci maddəsinə uyğun olaraq pərakəndə satış bazarında elektrik enerjisini satmaq;

12.2.3. elektrik şəbəkəsinə qoşulmaq və istehsal etdiyi elektrik enerjisinin qoşulduğu şəbəkə vasitəsilə ötürülməsini tələb etmək;

12.2.4. istehsal etdiyi elektrik enerjisini saxlamaq.

Maddə 13. Elektrik enerjisinin ötürülməsi

13.1. Ötürücü sistem operatoru elektrik enerjisinin ötürülməsinə verilmiş icazə əsasında fəaliyyət göstərir.

13.2. Ötürücü sistem operatoru, habelə onun təsisçisi olduğu, yaxud birbaşa və ya dolayısı ilə iştirak etdiyi, eləcə də idarə etdiyi hüquqi şəxslər elektrik enerjisinin istehsalı, paylanması və təchizatı fəaliyyəti ilə məşğul ola biməz.

Maddə 14. Ötürücü sistem operatorunun vəzifələri və hüquqları

14.1. Ötürücü sistem operatorunun vəzifələri aşağıdakılardır:

14.1.1. elektroenergetika sektorunu tənzimləyən normativ hüquqi aktların və normativ xarakterli aktların tələblərinə, icazə şərtlərinə, habelə bu Qanunun 6.4-cü maddəsinə uyğun olaraq verilən yazılı göstərişlərə əməl etmək;

14.1.2. bu Qanunun 11.6-cı maddəsi nəzərə alınmaqla, elektrik enerjisi bazarının yeni subyektlərinin tikinti obyektlərinin ayrı-seçkiliyə yol verilmədən ötürücü şəbəkəyə qoşulmasını təmin etmək və elektrik enerjisinin ötürülməsini həyata keçirmək;

14.1.3. elektrik enerjisinin ötürülməsi xidmətinə uzunmüddətli tələbatın saxlanılması məqsədilə ötürücü şəbəkəyə texniki xidmət göstərmək, onun təmirini və inkişafını təmin etmək;

14.1.4. elektrik stansiyalarının və yüksəkgərginlikli elektrik şəbəkələrinin işinin təmin edilməsi üçün, sistem xidmətləri də daxil olmaqla, mərkəzi operativ-dispetçer idarəetməsini təmin etmək;

14.1.5. elektroenergetika sisteminin fasiləsiz balanslaşdırılmasını təmin etmək;

14.1.6. bu Qanunun 27-ci maddəsində nəzərdə tutulan köməkçi xidmətləri tətbiq etmək;

14.1.7. elektrik gücü çatmadıqda, sistemin dayanıqlılığını təmin etmək üçün siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən istehlakçılar istisna olmaqla, digər istehlakçıların elektrik enerjisinin təminatına elektrik şəbəkəsinə dair qaydalara uyğun olaraq məhdudiyyətlər tətbiq etmək;

14.1.8. ötürücü şəbəkədə baş verən qəzaların aradan qaldırılmasını təmin etmək;

14.1.9. fövqəladə hallar zamanı elektroenergetika sisteminin idarəedilməsini ehtiyat dispetçer məntəqəsindən istifadə etməklə təmin etmək;

14.1.10. balanslaşdırıcı bazarın və köməkçi xidmətlər bazarının işini təmin etmək;

14.1.11. paralel iş rejiminin dayanıqlılığını təmin etmək üçün qonşu dövlətlərin elektroenergetika sistemləri ilə əməkdaşlıq etmək;

14.1.12. elektrik şəbəkəsinə dair qaydalarla müəyyən edilən texniki məsələlər barədə hesabat və məlumatları həmin qaydalara uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə təqdim etmək;

14.1.13. bu Qanunun 3.1.1–3.1.3-cü, 3.1.5-ci və 3.1.6-cı maddələrində nəzərdə tutulan qaydalar ilə tənzimlənən məsələlər barədə hesabat və məlumatları həmin qaydalara uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə təqdim etmək;

14.1.14. bu Qanunun 29.6-cı maddəsi ilə müəyyən edilən hallarda elektrik enerjisi verilişinin dayandırılacağı barədə istehlakçıya 3 (üç) gün əvvəl yazılı xəbərdarlıq göndərmək;

14.1.15. tikinti obyekti ötürücü şəbəkəyə qoşulmuş istehlakçının sayğacını (ağıllı sayğaclar istisna olmaqla) hər ay oxumaq və bu barədə istehlakçıya bildiriş, habelə bu Qanunun 28.2-ci maddəsinə uyğun olaraq elektrik enerjisinin təchizatçısı ilə bağlanılmış müqavilədə nəzərdə tutulduğu halda təchizatçının adından hesab təqdim etmək;

14.1.16. tikinti obyekti ötürücü şəbəkəyə qoşulmuş istehlakçının sayğacının işlək vəziyyətdə olduğunu müəyyən etmək məqsədilə 3 (üç) ayda bir dəfə həmin sayğaca və onun qoşulma sxeminə baxış keçirmək (sahibkarlıq subyektlərinə münasibətdə bu Qanunun 19.14-cü maddəsinin tələblərinə uyğun olaraq);

14.1.17. hər növbəti il üçün ötürücü şəbəkənin istismarı və təmiri planlarını tərtib etmək;

14.1.18. hər növbəti il üçün ötürücü şəbəkə üzrə gəlir və xərclər smetasını hazırlayıb müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə təqdim etmək;

14.1.19. elektrik enerjisinin idxalı və ixracı üçün infrastrukturu yaratmaq.

14.2. Ötürücü sistem operatorunun hüquqları aşağıdakılardır:

14.2.1. elektrik enerjisinin topdansatış bazarında şəffaf şəkildə, ayrı-seçkiliyə yol verilmədən və topdansatış bazarı qaydalarına uyğun olaraq ötürücü şəbəkədə elektrik enerjisi itkilərinin ödənilməsi məqsədilə elektrik enerjisini almaq, həmçinin balanslaşdırma məqsədilə elektrik enerjisini almaq və satmaq;

14.2.2. elektroenergetika sektorunu tənzimləyən normativ hüquqi aktların və normativ xarakterli aktların təkmilləşdirilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə təkliflər vermək;

14.2.3. elektrik enerjisinin idxalı və ixracı üçün tələb olunan infrastrukturun ötürmə imkanları və ölkə ərazisində elektrik enerjisinə olan tələbat nəzərə alınmaqla məhdudiyyətlər müəyyən etmək.

14.3. Ötürücü sistem operatoru ötürücü şəbəkənin inkişaf etdirilməsi məqsədilə aşağıdakıları həyata keçirməlidir:

14.3.1. hər il ötürücü şəbəkənin inkişafı üzrə növbəti onillik plan və istehsal güclərinin kifayətedici səviyyədə olmasının qiymətləndirilməsi barədə məlumat hazırlamaq və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə təqdim etmək;

14.3.2. hər il elektrik enerjisinə illik, beşillik və onillik tələbat proqnozunu hazırlayıb müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə təqdim etmək.

14.4. Ötürücü sistem operatoru bu Qanununun 20.3-cü maddəsi ilə müəyyən edilmiş tələblərə cavab verən elektroenergetika obyektlərini ötürücü şəbəkəyə qoşmaqdan imtina edə bilməz.

14.5. Ötürücü sistem operatoru mərkəzi operativ-dispetçer idarəetməsi ilə bağlı aşağıdakı funksiyaları həyata keçirir:

14.5.1. elektroenergetika sistemi rejimlərinin, həmçinin ölkələrarası elektrik enerjisi axınlarının idarə olunması;

14.5.2. elektroenergetika sistemində texnoloji pozuntuların qarşısının alınması, lokallaşdırılması və aradan qaldırılması;

14.5.3. elektroenergetika sistemində ehtiyat gücün operativ idarə edilməsi;

14.5.4. elektroenergetika sistemində elektrik enerjisinin istehsal-istehlakının gündəlik qrafikinin tərtib və təsdiq edilməsi, habelə onlara riayət olunmasının təmin edilməsi;

14.5.5. elektrik enerjisinin topdansatış bazarında elektrik enerjisinin istehsal-istehlakı üzrə gündəlik faktiki balansın tərtib edilməsi;

14.5.6. elektrik enerjisi tezliyinin sabit saxlanması üzrə gücün avtomatik tənzimlənmə sisteminin, əks-qəza və sistem avtomatikasının normal fəaliyyətinin təmin edilməsi.

14.6. Mərkəzi operativ-dispetçer xidmətinin fəaliyyəti ötürücü sistem operatorunun təklifləri nəzərə alınmaqla tənzimləyici tərəfindən təsdiq edilən təlimatla tənzimlənir.

14.7. Ötürücü sistem operatoru tərəfindən mərkəzi operativ-dispetçer idarəetməsi funksiyası həyata keçirilərkən elektrik şəbəkəsinə dair qaydalara uyğun olaraq, elektroenergetika sistemi rejimləri üzrə elektrik enerjisinin keyfiyyət göstəriciləri əsasında verilən göstərişlərin icrası elektrik enerjisi bazarının subyektləri üçün məcburidir.

14.8. Ötürücü sistem operatoru bu Qanunun 14.7-ci maddəsinə əsasən verilən göstərişlərini yerinə yetirməyən elektroenergetika subyektlərinin elektrik qurğularını elektrik şəbəkələrindən ayırmaq hüququna malikdir.

Maddə 15. Elektrik enerjisinin paylanması

15.1. Paylayıcı sistem operatoru elektrik enerjisinin paylanmasına verilmiş icazə əsasında fəaliyyət göstərir.

15.2. Paylayıcı sistem operatoru paylayıcı şəbəkənin idarə edilməsini, gücləndirilməsini və genişləndirilməsini, ona texniki xidmətin göstərilməsini, həmçinin istehlakçılara və paylayıcı şəbəkənin digər istifadəçilərinə elektrik enerjisinin paylanmasını təmin edir.

15.3. Paylayıcı sistem operatoru, habelə onun təsisçisi olduğu, yaxud birbaşa və ya dolayısı ilə iştirak etdiyi, eləcə də idarə etdiyi hüquqi şəxslər elektrik enerjisinin istehsalı, ötürülməsi və təchizatı fəaliyyəti ilə məşğul ola biməz.

15.4. Elektrik enerjisinin paylanması birdən çox paylayıcı sistem operatoru tərəfindən həyata keçirildikdə hər bir paylayıcı sistem operatoruna verilmiş icazədə onun xidmət etdiyi ərazi göstərilir.

Maddə 16. Paylayıcı sistem operatorunun vəzifələri və hüquqları

16.1. Paylayıcı sistem operatorunun vəzifələri aşağıdakılardır:

16.1.1. elektroenergetika sektorunu tənzimləyən normativ hüquqi aktların və normativ xarakterli aktların tələblərinə, icazə şərtlərinə, habelə bu Qanunun 6.4-cü maddəsinə uyğun olaraq verilən yazılı göstərişlərə əməl etmək;

16.1.2. elektrik enerjisi bazarında iştirak üçün bu Qanunun 29-cu maddəsində nəzərdə tutulan müvafiq müqavilələri bağlamaq və onların şərtlərinə riayət etmək;

16.1.3. bu Qanunun 29-cu maddəsinə əsasən bağlanılmış müqavilələrə uyğun olaraq ayrı-seçkiliyə yol verilmədən elektrik enerjisinin paylanması xidmətini göstərmək;

16.1.4. bu Qanunun 29.1.10-cu maddəsində nəzərdə tutulan elektrik şəbəkəsinə qoşulma müqaviləsinə, habelə bu Qanunun 29.1.11-ci və ya 29.1.12-ci maddələrində nəzərdə tutulan təchizat müqavilələrinə uyğun olaraq istehlakçıları razılaşdırılmış həcmdə və keyfiyyət göstəricilərinə uyğun etibarlı və fasiləsiz elektrik enerjisi ilə təmin etmək;

16.1.5. elektrik enerjisinin paylanması xidmətinə uzunmüddətli tələbin təmin edilməsi məqsədilə paylayıcı şəbəkəyə texniki xidmət göstərilməsini, onun təmirini və inkişafını təmin etmək;

16.1.6. paylayıcı şəbəkə üzrə itkilərin səviyyəsinin müəyyən edilmiş texnoloji normalar daxilində saxlanılmasını təmin etmək;

16.1.7. bu Qanunun 29.6-cı maddəsi ilə müəyyən edilən hallarda elektrik enerjisi verilişinin dayandırılacağı barədə istehlakçıya 3 (üç) gün əvvəl yazılı xəbərdarlıq göndərmək;

16.1.8. paylayıcı şəbəkə istifadəçilərinin kommersiya sirri hesab edilən sənədlərinin və ya məlumatlarının konfidensiallığını təmin etmək;

16.1.9. paylayıcı şəbəkədə baş verən qəzaların aradan qaldırılmasını təmin etmək;

16.1.10. bu Qanunun 11.6-cı maddəsinin tələbləri nəzərə alınmaqla, elektrik enerjisi bazarının yeni subyektlərinin tikinti obyektlərinin ayrı-seçkiliyə yol vermədən paylayıcı şəbəkəyə qoşulmasını təmin etmək;

16.1.11. hər növbəti il üçün paylayıcı şəbəkənin istismarı və təmiri planlarını tərtib etmək;

16.1.12. hər növbəti il üçün paylayıcı şəbəkə üzrə gəlir və xərclər smetasını hazırlayıb müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə təqdim etmək;

16.1.13. elektrik şəbəkəsinə dair qaydalarla müəyyən edilən texniki məsələlər barədə hesabat və məlumatları həmin qaydalara uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə təqdim etmək;

16.1.14. bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan qaydalarla tənzimlənən məsələlər barədə hesabat və məlumatları həmin qaydalara uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə təqdim etmək;

16.1.15. tikinti obyekti paylayıcı şəbəkəyə qoşulmuş istehlakçının sayğacını (ağıllı sayğaclar istisna olmaqla) hər ay oxumaq və bu barədə istehlakçıya bildiriş, habelə bu Qanunun 28.2-ci maddəsinə uyğun olaraq elektrik enerjisinin təchizatçısı ilə bağlanılmış müqavilədə nəzərdə tutulduğu halda təchizatçının adından hesab təqdim etmək;

16.1.16. tikinti obyekti paylayıcı şəbəkəyə qoşulmuş istehlakçının sayğacının işlək vəziyyətdə olduğunu müəyyən etmək məqsədilə 3 (üç) ayda bir dəfə həmin sayğaca və onun qoşulma sxeminə baxış keçirmək (sahibkarlıq subyektlərinə münasibətdə bu Qanunun 19.14-cü maddəsinin tələblərinə uyğun olaraq);

16.1.17. paylayıcı şəbəkəni idarə etmək və bu məqsədlə operativ-dispetçer idarəetməsini həyata keçirmək.

16.2. Paylayıcı sistem operatorunun hüquqları aşağıdakılardır:

16.2.1. paylayıcı şəbəkədə elektrik enerjisi itkilərinin kompensasiyası üçün topdansatış bazarında elektrik enerjisi almaq;

16.2.2. elektroenergetika sektorunu tənzimləyən normativ hüquqi aktların və normativ xarakterli aktların təkmilləşdirilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə təkliflər vermək.

16.3. Paylayıcı sistem operatoru xidmət etdiyi ərazidə elektrik enerjisinin paylanması prosesinin texnoloji, həmçinin operativ-dispetçer idarəetməsini həyata keçirir və həmin ərazidə elektrik şəbəkəsinin təhlükəsiz, etibarlı və səmərəli fəaliyyətinə cavabdehdir.

16.4. Paylayıcı sistem operatoru paylayıcı şəbəkənin inkişaf etdirilməsi məqsədilə aşağıdakıları həyata keçirməlidir:

16.4.1. hər il paylayıcı şəbəkənin inkişafı üzrə növbəti onillik plan hazırlamaq və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə təqdim etmək;

16.4.2. hər il elektrik enerjisinə illik, beşillik və onillik tələbat proqnozunu hazırlayıb müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə təqdim etmək.

Maddə 17. Qapalı paylayıcı şəbəkə

17.1. Qapalı paylayıcı şəbəkənin idarə edilməsini, istismarını, yenilənməsini və genişləndirilməsini qapalı paylayıcı şəbəkə operatoru təmin edir.

17.2. Qapalı paylayıcı şəbəkə operatoru elektrik enerjisinin paylanmasına verilən icazə əsasında fəaliyyət göstərir.

17.3. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) qapalı paylayıcı şəbəkələrin fəaliyyət qaydalarını müəyyən edir.

Maddə 18. Elektrik enerjisinin təchizatı

18.1. Elektrik enerjisinin təchizatçısı elektrik enerjisinin topdan və ya pərakəndə satışını həyata keçirir.

18.2. Elektrik enerjisinin təchizatçısı elektrik enerjisinin ötürülməsi və paylanması fəaliyyəti ilə məşğul ola bilməz.

18.3. Elektrik enerjisinin təchizatı elektrik enerjisinin ötürülməsi və ya paylanması fəaliyyətinə münasibətdə hüquqi və iqtisadi baxımdan müstəqil fəaliyyətdir.

18.4. Ötürücü və paylayıcı sistem operatoru, habelə onun idarəetmə və ya qərar qəbuletmə prosesində iştirak edən şəxslər elektrik enerjisi təchizatçısının əmlakı üzərində mülkiyyət və ya istifadə hüququna, yaxud elektrik enerjisi təchizatçısının idarəetmə orqanlarının tərkibinin formalaşdırılmasında və ya həmin orqanların qərar qəbuletmə prosesində iştirak etmək hüququna malik ola və bu məqsədlə əqdlər bağlaya bilməzlər.

18.5. Elektrik enerjisi təchizatçısının vəzifələri aşağıdakılardır:

18.5.1. elektroenergetika sektorunu tənzimləyən normativ hüquqi aktların və normativ xarakterli aktların tələblərinə, habelə bu Qanunun 6.4-cü maddəsinə uyğun olaraq verilən yazılı göstərişlərə əməl etmək;

18.5.2. istehlakçı qrupları üzrə elektrik enerjisi təchizatının şərtlərini rəsmi internet saytında dərc etmək;

18.5.3. istehlakçılara onların hüquqlarını, vəzifələrini, habelə sərbəst istehlakçılara elektrik enerjisinin təchizatçısını seçmək hüququnu izah etmək;

18.5.4. öz təşəbbüsü ilə istehlakçı (sərbəst olmayan istehlakçılar istisna olmaqla) ilə bağlanılmış müqavilə şərtlərinin dəyişdirilməsi nəzərdə tutulan tarixdən 1 (bir) ay əvvəl istehlakçıya bu barədə bildiriş təqdim etmək (göndərmək);

18.5.5. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), tənzimləyiciyə, bazar operatoruna, bu Qanunun 28.2-ci maddəsinə uyğun olaraq müqavilə bağladığı ötürücü və (və ya) paylayıcı sistem operatoruna və elektrik enerjisinin istehsalçısına elektrik enerjisi bazarında fəaliyyətinə dair topdansatış bazarı qaydaları ilə müəyyən edilən hesabatlar və məlumatlar təqdim etmək;

18.5.6. bu Qanunun 28.2-ci maddəsinə uyğun olaraq ötürücü və ya paylayıcı sistem operatoru ilə bağlanılmış müqavilədə nəzərdə tutulmadığı halda hər ay istehlakçıya istehlak edilmiş elektrik enerjisinin dəyəri barədə hesab təqdim etmək;

18.5.7. istehlakçı ilə bağlanılmış elektrik enerjisinin təchizatı müqaviləsinin şərtlərinə uyğun olaraq elektrik enerjisinin tələb olunan həcmdə və keyfiyyətdə verilməməsi nəticəsində istehlakçıya vurulmuş ziyanı ödəmək.

18.6. Elektrik enerjisi təchizatçısının hüquqları aşağıdakılardır:

18.6.1. ötürücü və (və ya) paylayıcı sistem operatorlarından müvafiq olaraq ötürmə, yaxud paylama xidmətlərinin göstərilməsini tələb etmək;

18.6.2. istehlakçıya təqdim edilmiş hesaba uyğun olaraq ondan istehlak etdiyi elektrik enerjisinin dəyərinin ödənilməsini tələb etmək.

18.7. Sərbəst olmayan istehlakçıların, habelə bu Qanunun 19.8-ci maddəsində nəzərdə tutulan sərbəst istehlakçıların elektrik enerjisi ilə təchizatının həyata keçirilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən səlahiyyətli təchizatçı müəyyən edilir.

Maddə 19. Elektrik enerjisinin istehlakı

19.1. İstehlakçıların elektrik enerjisi ilə təchizatı təchizatçılar tərəfindən həyata keçirilir.

19.2. Sərbəst və sərbəst olmayan istehlakçıların elektrik enerjisi ilə təchizatının xüsusiyyətləri pərakəndə satış bazarı qaydaları ilə tənzimlənir.

19.3. Sərbəst istehlakçı elektrik enerjisini ölkə ərazisində fəaliyyət göstərən istənilən təchizatçıdan almaq hüququna malikdir. Sərbəst olmayan istehlakçılar elektrik enerjisini yalnız səlahiyyətli təchizatçıdan alırlar.

19.4. Təchizatçı ərazi məhdudiyyəti olmadan sərbəst istehlakçılara elektrik enerjisinin topdan və ya pərakəndə satışını həyata keçirir. Sərbəst istehlakçıların elektrik enerjisi təchizatı ikitərəfli müqavilələr, mərkəzləşdirilmiş bazarda bağlanan alqı-satqı müqavilələri və ya pərakəndə satış bazarında təchizatçı ilə bağlanılan elektrik enerjisinin təchizatı müqaviləsi əsasında həyata keçirilir.

19.5. Sərbəst olmayan istehlakçıların elektrik enerjisi ilə təchizatı yalnız həmin istehlakçının yerləşdiyi ərazidə fəaliyyət göstərən səlahiyyətli təchizatçı tərəfindən onlar arasında bağlanılan birtipli müqavilələr əsasında həyata keçirilir.

19.6. Elektrik enerjisi istehlakçısının vəzifələri aşağıdakılardır:

19.6.1. bu Qanunun 20.3-cü maddəsində nəzərdə tutulan elektrik qurğularının quraşdırılması qaydalarına, 36.3-cü maddəsində nəzərdə tutulan elektrik qurğularının istismarında təhlükəsizlik texnikası qaydalarına və elektrik qurğularının texniki istismar qaydalarına, həmçinin bu Qanunun 6.4-cü maddəsinə uyğun olaraq verilən yazılı göstərişlərə əməl etmək;

19.6.2. elektrik enerjisinin təchizatı müqaviləsi ilə müəyyən edilmiş enerji istehlakı rejimlərinə riayət etmək;

19.6.3. elektrik qurğularını onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun istismar etmək;

19.6.4. istehlak edilən elektrik enerjisinin dəyərini elektrik enerjisinin təchizatı müqaviləsinin şərtlərinə uyğun olaraq təchizatçıya ödəmək;

19.6.5. ötürücü və ya paylayıcı sistem operatorunun səlahiyyətli nümayəndələrinin bu Qanunun 14.1.16-cı və 16.1.16-cı maddələrinə uyğun olaraq sayğacın işlək vəziyyətdə olduğunu müəyyən etmək, habelə bu Qanunun 14.1.15-ci və 16.1.15-ci maddələrinə uyğun olaraq sayğacın oxunması məqsədilə tikinti obyektlərinin daxilində quraşdırılmış elektrik sayğacına baxış keçirmək üçün sayğac quraşdırılmış yerə maneəsiz daxil olmalarını təmin etmək;

19.6.6. pərakəndə satış bazarı qaydalarına riayət etmək.

19.7. Elektrik enerjisi istehlakçısının hüquqları aşağıdakılardır:

19.7.1. bu Qanunun tələblərinə uyğun olaraq elektrik şəbəkələrinə qoşulmaq;

19.7.2. təchizatçı ilə müqavilə bağlamazdan əvvəl müqavilə şərtləri, tariflər (qiymətlər) barədə məlumat əldə etmək;

19.7.3. elektrik enerjisinin təchizatı müqaviləsində nəzərdə tutulmuş keyfiyyət göstəricilərinə uyğun, etibarlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunmaq;

19.7.4. öz istehlakı üçün elektrik enerjisini saxlamaq;

19.7.5. elektrik enerjisinin təchizatı müqaviləsinin şərtlərinə uyğun olaraq elektrik enerjisinin razılaşdırılmış həcmdə verilməməsi və ya aşağı keyfiyyətdə verilməsi nəticəsində vurulmuş ziyanın təchizatçı tərəfindən ödənilməsini tələb etmək;

19.7.6. təchizatçıdan bu Qanunla müəyyən edilən hallarda bildiriş almaq;

19.7.7. təchizatçı tərəfindən təklif olunan elektrik enerjisinə görə ödəniş üsullarından və sistemlərindən birini seçmək.

19.8. Təchizatçı seçmək hüququndan istifadə etməyən və ya bu Qanunun 19.9-cu maddəsində nəzərdə tutulan hallarda sərbəst istehlakçıların elektrik enerjisi ilə təchizatı bu Qanunun 9-cu maddəsinə əsasən müəyyən edilən qiymət (tarif) əsasında səlahiyyətli təchizatçı tərəfindən həyata keçirilir.

19.9. Elektrik enerjisi təchizatçısının fəaliyyətinin dayandırılması və ya onun icazəsinin dayandırılması, yaxud ləğvi istehlakçıya elektrik enerjisi verilişinin dayandırılmasına səbəb ola bilməz. Bu hallarda istehlakçının təchizatçını dəyişdirməsi pərakəndə satış bazarı qaydaları ilə tənzimlənir.

19.10. Qeyri-məişət istehlakçıları elektrik qurğularına xidmət edən ayrıca işçiyə və ya işçi heyətinə malik olmalı, yaxud elektrik qurğularına xidmət göstərən hüquqi və ya fiziki şəxslə müqavilə bağlamalıdır.

19.11. Təchizatçı ilə bağlanılan elektrik enerjisinin təchizatı müqaviləsinin şərtləri pərakəndə satış bazarı qaydaları ilə müəyyən edilir.

19.12. Təchizatçı sərbəst istehlakçılarla bağlanılmış elektrik enerjisinin təchizatı müqaviləsinin şərtlərini dəyişdirmək istədikdə, dəyişikliklərin edilməsi nəzərdə tutulan tarixdən 1 (bir) ay əvvəl onlara bildiriş göndərməli və bildirişə həmin istehlakçıların onunla bağlanılmış müqaviləyə mülki qanunvericiliyə uyğun olaraq xitam vermək hüququ barədə məlumatı da daxil etməlidir. Sərbəst istehlakçılar təchizatçı tərəfindən onlara təqdim edilmiş yeni şərtlər ilə razılaşmadıqda, bağlanılmış elektrik enerjisinin təchizatı müqaviləsinə xitam verə bilərlər.

19.13. Aktiv istehlakçıların istehsal edilmiş elektrik enerjisinin istehlakından artıq hissəsini “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq satmaq hüququ vardır.

19.14. Ötürücü və ya paylayıcı sistem operatorunun səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir.

19.15. Ötürücü və ya paylayıcı sistem operatorunun səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin sayğacının oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar ötürücü və ya paylayıcı şəbəkəyə qanunsuz (ötürücü və ya paylayıcı sistem operatorunun razılığı olmadan) qoşulma hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər.

19.16. Qanunsuz qoşulma halları aşkar edildikdə, ötürücü və ya paylayıcı sistem operatoru qanunsuz xətti dərhal elektrik şəbəkəsindən ayırmaqla, elektrik enerjisinin verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə ötürücü və ya paylayıcı sistem operatoru bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının elektrik enerjisinin talanmasında təqsirli olması həmin orqanların (qurumların) və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə ötürücü və ya paylayıcı sistem operatoru vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində ötürücü və ya paylayıcı sistem operatoruna vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər pərakəndə satış bazarı qaydaları ilə tənzimlənir.

Maddə 20. Elektrik şəbəkələrinə qoşulma

20.1. Elektrik enerjisi bazarı subyektlərinin tikinti obyektlərinin elektrik şəbəkələrinə qoşulması şəffaf və ayrı-seçkiliyə yol verilmədən həyata keçirilir.

20.2. Elektrik enerjisi bazarı subyektlərinin tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə onların elektrik şəbəkəsinə qoşulması elektrik şəbəkəsinə dair qaydalar ilə tənzimlənir.

20.3. Elektrik enerjisi bazarı subyektləri tərəfindən onların tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması üçün bu Qanunun 20.2-ci maddəsində nəzərdə tutulmuş qaydaların və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən elektrik qurğularının quraşdırılması qaydalarının tələbləri yerinə yetirildikdən və ötürücü sistem operatoruna və ya paylayıcı sistem operatoruna qoşulma xidmətinə görə ödəniş edildikdən sonra ötürücü sistem operatoru və ya paylayıcı sistem operatoru elektrik enerjisi bazarı subyektlərinin tikinti obyektlərini elektrik şəbəkəsinə qoşmalıdır.

4-cü fəsil

Elektrik enerjisi bazarının təşkili və fəaliyyəti

Maddə 21. Elektrik enerjisi bazarı

21.1. Elektrik enerjisinin alqı-satqısı elektrik enerjisi bazarında həyata keçirilir.

21.2. Elektroenergetika subyektləri bu Qanun və topdansatış bazarı qaydaları ilə müəyyən edilmiş hallarda və qaydada topdansatış bazarında elektrik enerjisini sata və ala, habelə onunla bağlı xidmətlər göstərə və əldə edə bilərlər.

21.3. Təchizatçı pərakəndə satış bazarı qaydalarına uyğun olaraq pərakəndə satış bazarında elektrik enerjisi istehlakçılarına elektrik enerjisi sata bilər.

Maddə 22. Elektrik enerjisi bazarının subyektləri

22.1. Elektrik enerjisi bazarının subyektləri aşağıdakılardır:

22.1.1. elektrik enerjisi istehsalçıları;

22.1.2. ötürücü sistem operatoru;

22.1.3. paylayıcı sistem operatoru;

22.1.4. qapalı paylayıcı şəbəkə operatoru;

22.1.5. bazar operatoru;

22.1.6. təchizatçı (topdan və pərakəndə satış üzrə);

22.1.7. istehlakçılar.

22.2. Elektrik enerjisi istehsalçıları və təchizatçıları elektrik enerjisinin idxalı və ya ixracına icazə alaraq Azərbaycan Respublikasının ikitərəfli və ya çoxtərəfli beynəlxalq müqavilələri əsasında regional elektrik enerjisi bazarlarında iştirak etmək hüququna malikdirlər.

22.3. Elektrik enerjisinin idxalı və ya ixracı topdansatış bazarı qaydaları ilə tənzimlənir.

Maddə 23. Bazar operatoru

23.1. Elektrik enerjisinin mərkəzləşdirilmiş bazarının fəaliyyətinin təşkili bazar operatoru tərəfindən həyata keçirilir.

23.2. Bazar operatorunun vəzifələri aşağıdakılardır:

23.2.1. elektroenergetika sektorunu tənzimləyən normativ hüquqi aktların və normativ xarakterli aktların tələblərinə riayət etmək;

23.2.2. elektrik enerjisinin spot ticarətini (qısamüddətli) təşkil etmək;

23.2.3. elektrik enerjisinin ortamüddətli (həftə, ay) və uzunmüddətli (rüb, il) dövrlər üçün mərkəzləşdirilmiş ticarətini təşkil etmək;

23.2.4. topdansatış bazarı subyektlərinin elektrik enerjisinin mərkəzləşdirilmiş bazarına girişini təmin etmək;

23.2.5. topdansatış bazarı subyektlərini qiymətlər (tariflər) haqqında, topdansatış bazarı qaydaları və balanslaşdırma qaydaları ilə müəyyən olunan digər məlumatlarla təmin etmək;

23.2.6. bu Qanuna, elektrik şəbəkəsinə dair qaydalara, bazar qaydalarına və balanslaşdırma qaydalarına uyğun olaraq, ötürücü sistem operatorunun mərkəzi operativ-dispetçer xidmətinin ixtisaslaşmış bölməsi ilə qarşılıqlı əlaqədə elektrik enerjisinin topdansatış bazarını təşkil və idarə etmək;

23.2.7. topdansatış bazarı qaydaları və balanslaşdırma qaydalarına uyğun olaraq topdansatış bazarında elektrik enerjisi qiymətlərinin formalaşmasını təmin etmək;

23.2.8. topdansatış bazarı subyektlərinin bağladıqları elektrik enerjisinin alqı-satqı müqavilələri əsasında gündəlik tələb-təklif qrafiklərini qeydiyyata almaq, yoxlamaq və bu qrafiklərin vaxtlı-vaxtında ötürücü sistem operatoruna təqdim edilməsini təmin etmək;

23.2.9. balanslaşdırma qaydalarına uyğun olaraq balanslaşdırıcı bazarın işinin təşkili ilə bağlı, habelə həmin qaydalara və kommersiya uçotu qaydalarına uyğun olaraq topdansatış bazarı subyektlərinin tələb və təkliflərinin faktiki həcminin müəyyən edilməsi və elektrik enerjisinin topdansatış bazarının balansının tərtib edilməsi məqsədilə ötürücü sistem operatoru ilə əməkdaşlıq etmək;

23.2.10. topdansatış bazarı subyektləri arasında bu Qanunun 29-cu maddəsinə uyğun olaraq bağlanılan müqavilələrin və müqavilə öhdəliklərinin qeydiyyatını aparmaq və bazar əməliyyatlarının sxemini tərtib etmək;

23.2.11. topdansatış bazarının fəaliyyəti barədə məlumatları topdansatış bazarı qaydaları ilə müəyyən olunan qaydada dərc etmək;

23.2.12. öz fəaliyyəti və topdansatış bazarının fəaliyyəti barədə topdansatış bazarı qaydaları ilə müəyyən edilən hesabatları və məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə təqdim etmək.

23.3. Bazar operatorunun hüquqları aşağıdakılardır:

23.3.1. topdansatış bazarının tədqiqatını və təhlilini aparmaq;

23.3.2. elektrik enerjisi bazarının təkmilləşdirilməsi, habelə elektroenergetika sektorunu tənzimləyən normativ hüquqi aktlarda, o cümlədən topdansatış bazarı qaydalarında dəyişikliklər barədə tənzimləyiciyə təkliflər vermək.

23.4. Bazar operatoru topdansatış bazarında elektrik enerjisinin alqı-satqısını həyata keçirə və digər əqdlər bağlaya bilməz.

23.5. Topdansatış bazarının subyektləri bu Qanunda və topdansatış bazarı qaydalarında tələb olunan məlumatları bazar operatoruna təqdim etməlidirlər.

23.6. Bazar operatoru elektrik enerjisi bazarının subyektləri tərəfindən təqdim edilən kommersiya sirri hesab edilən sənədlərin və ya məlumatların məxfiliyini qoruyub saxlamalıdır.

23.7. Bazar operatoru elektrik enerjisinin istehsalı, saxlanması, ötürülməsi, paylanması və təchizatı fəaliyyətləri ilə məşğul ola bilməz.

23.8. Elektroenergetika subyektlərinin idarəetmə və ya qərar qəbuletmə prosesində iştirak edən şəxslər bazar operatorunun müstəqilliyini təmin etmək məqsədi ilə onun idarə olunmasında və topdansatış bazarının fəaliyyətinin təşkili funksiyasının həyata keçirilməsində iştirak etməməlidirlər.

Maddə 24. Elektrik enerjisinin topdansatış bazarı

24.1. Topdansatış bazarının fəaliyyətinin təşkilinin əsas prinsipləri aşağıdakılardır:

24.1.1. topdansatış bazarı subyektlərinin topdansatış bazarına ayrı-seçkiliyə yol verilmədən çıxışı;

24.1.2. topdansatış bazarı subyektlərinin sərbəst qarşılıqlı əlaqələrinin təmin edilməsi;

24.1.3. alıcı və satıcıların qiymət təklifləri əsasında elektrik enerjisinin bazar qiymətinin formalaşması;

24.1.4. topdansatış bazarı subyektlərinin müqavilə öhdəliklərinə riayət etməsi.

24.2. Elektrik enerjisinin topdansatış bazarı aşağıdakılardan ibarətdir:

24.2.1. ikitərəfli müqavilələr bazarı;

24.2.2. mərkəzləşdirilmiş bazar;

24.2.3. balanslaşdırıcı bazar;

24.2.4. köməkçi xidmətlər bazarı.

Maddə 25. İkitərəfli müqavilələr bazarı

25.1. İkitərəfli müqavilələr bazarında elektrik enerjisinin alqı-satqısı ikitərəfli müqavilələr əsasında həyata keçirilir.

25.2. İkitərəfli müqavilə ilə elektrik enerjisinin alqı-satqısı müddəti (ən azı altı ay olmaqla) topdansatış bazarı qaydaları ilə müəyyən olunan maksimal müddətdən çox olmamalıdır.

25.3. İkitərəfli müqavilədə satılan elektrik enerjisinin həcmi, qiyməti, satış müddəti, ödəniş qaydası və tərəflərin hüquqları və vəzifələri göstərilməlidir.

25.4. İkitərəfli müqavilə bağlayan elektrik enerjisi bazarının subyektləri topdansatış bazarı qaydalarında nəzərdə tutulmuş müddətdə bazar operatorunu ikitərəfli müqavilə üzrə qeydə alınmış elektrik enerjisinin həcmləri barədə məlumatlandırır.

Maddə 26. Balanslaşdırıcı bazar

26.1. Balanslaşdırma qaydalarına uyğun olaraq, ötürücü sistem operatoru balanslaşdırıcı bazarda aşağıdakıları həyata keçirir:

26.1.1. elektroenergetika sisteminin balanslaşdırılması məqsədilə elektrik enerjisinin istehsalçıları ilə elektrik enerjisinin alqı-satqısını;

26.1.2. topdansatış bazarı subyektlərinin elektrik enerjisinin qeyri-balansının alqı-satqısını.

26.2. Elektrik enerjisinin istehsalçıları ötürücü sistem operatoru ilə bağlanılmış müqavilə əsasında balanslaşdırıcı bazarda iştirak etməli, habelə sərbəst (müqavilə bağlanılmamış) güclər üzrə balanslaşdırıcı elektrik enerjisi haqqında təkliflərini ötürücü sistem operatoruna təqdim etməlidirlər.

26.3. Bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalçılarının balanslaşdırmada iştirakı “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

26.4. Topdansatış bazarının subyektləri elektrik enerjisinin qeyri-balansının tənzimlənməsi üçün ötürücü sistem operatoru ilə bağlanılmış müqavilə əsasında balanslaşdırıcı bazarda iştirak etməli və balanslaşdırma məsuliyyətini sərbəst şəkildə, yaxud balanslaşdırıcı qrup çərçivəsində daşımalıdırlar.

26.5. Balanslaşdırıcı qrup elektrik enerjisinin topdansatış bazarı subyektləri arasında balanslaşdırma qrupunun yaradılması haqqında müqavilə əsasında yaradılır və həmin müqavilə ilə müəyyən edilmiş qaydada balanslaşdırıcı qrupun hər bir iştirakçısı balanslaşdırma məsuliyyəti daşıyır.

26.6. Topdansatış bazarının subyektləri balanslaşdırma qaydalarında nəzərdə tutulmuş şərtlərə və qaydalara uyğun olaraq müqavilə münasibətləri əsasında balanslaşdırıcı qruplarda könüllü birləşmək hüququna malikdirlər.

26.7. Ötürücü sistem operatoru balanslaşdırıcı bazarın fəaliyyətinə dair balanslaşdırma qaydaları ilə müəyyən edilən hesabat və məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə təqdim edir.

Maddə 27. Köməkçi xidmətlər bazarı

27.1. Elektrik enerjisi təminatının etibarlılığının və elektrik enerjisinin keyfiyyətinin artırılması məqsədilə topdansatış bazarının subyektləri ötürücü sistem operatoruna aşağıdakı köməkçi xidmətləri göstərirlər:

27.1.1. elektroenergetika sisteminin tezliyinin və gücünün tənzimlənməsi;

27.1.2. gərginlik və reaktiv enerjinin tənzimlənməsi;

27.1.3. sistem qəzalarından sonra elektroenergetika sisteminin fəaliyyətinin bərpası;

27.1.4. ehtiyat gücün saxlanılması.

27.2. Köməkçi xidmətlərin göstərilməsinə dair tələblər elektrik şəbəkəsinə dair qaydalarda müəyyən olunur.

27.3. Köməkçi xidmətlərin göstərilməsi müddəti və qaydaları, onların qiymətlərinin müəyyən olunması və ödənişlərin (xidmətlər ödənişli əsaslarla aparıldığı hallarda) həyata keçirilməsi qaydası balanslaşdırma qaydaları ilə müəyyən olunur.

Maddə 28. Elektrik enerjisinin pərakəndə satış bazarı

28.1. Pərakəndə satış bazarında təchizatçı aşağıdakı prinsiplər əsasında fəaliyyət göstərir:

28.1.1. elektrik enerjisinin təchizatının icazə əsasında həyata keçirilməsi;

28.1.2. elektrik enerjisinin təchizatının bu Qanuna və pərakəndə satış bazarı qaydalarına uyğun həyata keçirilməsi;

28.1.3. elektrik enerjisinin təchizatının istehlakçılarla bağlanılmış müqavilələr əsasında həyata keçirilməsi.

28.2. Təchizatçı ilə elektrik enerjisinin təchizatı müqaviləsi bağlayan istehlakçının elektrik enerjisi ilə təchizatı həmin təchizatçı ilə ötürücü sistem operatoru və ya paylayıcı sistem operatoru arasında bağlanılmış müqavilə əsasında həyata keçirilir.

Maddə 29. Elektrik enerjisi bazarında müqavilə münasibətləri

29.1. Elektrik enerjisi bazarının subyektləri arasında aşağıdakı müqavilələr bağlanılır:

29.1.1. elektrik enerjisi bazarının subyektləri arasında bağlanılan ikitərəfli alqı-satqı müqaviləsi;

29.1.2. mərkəzləşdirilmiş bazarda iştirak etmək üçün bazar operatoru ilə bağlanılan müqavilə;

29.1.3. mərkəzləşdirilmiş bazarda bağlanılan elektrik enerjisinin alqı-satqı müqaviləsi;

29.1.4. balanslaşdırıcı elektrik enerjisi bazarında iştirak etmək üçün ötürücü sistem operatoru ilə bağlanılan müqavilə;

29.1.5. elektrik enerjisinin qeyri-balansının tənzimlənməsi üçün ötürücü sistem operatoru ilə bağlanılan müqavilə;

29.1.6. ötürmə xidmətlərinin göstərilməsi üçün ötürücü sistem operatoru ilə bağlanılan müqavilə;

29.1.7. köməkçi xidmətlərin göstərilməsi üçün ötürücü sistem operatoru ilə bağlanılan müqavilə;

29.1.8. paylanma xidmətlərinin göstərilməsi üçün paylayıcı sistem operatoru ilə bağlanılan müqavilə;

29.1.9. ötürücü şəbəkəyə qoşulmaq üçün ötürücü sistem operatoru ilə bağlanılan qoşulma müqaviləsi;

29.1.10. paylayıcı şəbəkəyə qoşulmaq üçün paylayıcı sistem operatoru ilə bağlanılan qoşulma müqaviləsi;

29.1.11. elektrik enerjisinin səlahiyyətli təchizatçı tərəfindən istehlakçıya təchizatı müqaviləsi;

29.1.12. elektrik enerjisinin sərbəst istehlakçıya təchizatı müqaviləsi;

29.1.13. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə zidd olmayan digər müqavilələr.

29.2. Bu Qanunun 29.1.2–29.1.11-ci maddələrində nəzərdə tutulan müqavilələr müvafiq olaraq elektrik şəbəkəsinə dair qaydalara, balanslaşdırma qaydalarına, topdansatış bazarı qaydalarına və ya pərakəndə satış bazarı qaydalarına əlavə edilmiş birtipli müqavilələrə uyğun tərtib edilməlidir. Bu Qanunun 29.1.1-ci və 29.1.12-ci maddələrində nəzərdə tutulan müqavilələrə dair tələblər topdansatış bazarı qaydaları və pərakəndə satış bazarı qaydaları ilə müəyyən edilir.

29.3. Topdansatış bazarındakı müqavilələrdə razılaşdırılmış müddətdə ödənişlər edilmədiyi hallarda maliyyə zəmanətinin olması və (və ya) elektrik enerjisi alqı-satqısının (xidmətlərin göstərilməsinin) dayandırılması şərtləri nəzərdə tutulmalıdır.

29.4. İstehlakçı müqavilə müddəti bitməmiş müqaviləni ləğv edərsə, təchizatçının müqavilənin ləğvi nəticəsində ona dəyən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır.

29.5. Ötürücü və ya paylayıcı sistem operatoru tərəfindən istehlakçıya elektrik enerjisinin verilişi aşağıdakı hallarda dayandırıla bilər:

29.5.1. istehlakçının müvafiq yazılı müraciəti (elektrik enerjisinin verilməsinin dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda;

29.5.2. elektrik enerjisinin sayğacla müəyyənləşən dəyəri barədə hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra sərbəst olmayan istehlakçı tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən müddətdə, sərbəst istehlakçı tərəfindən isə elektrik enerjisinin təchizatı müqaviləsi ilə nəzərdə tutulmuş müddətdə tam məbləğdə ödənilmədikdə təchizatçının təşəbbüsü ilə;

29.5.3. təchizatçı dəyişdikdə yeni təchizatçı ilə müvafiq müqavilə bağlanılmadıqda;

29.5.4. təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda ötürücü və ya paylayıcı sistem operatorunun təşəbbüsü ilə;

29.5.5. məhkəmənin qərarı ilə;

29.5.6. dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparıldıqda həmin əməliyyatın aparılma zonasında dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparan orqanın göstərişi əsasında.

29.6. İstehlakçıya elektrik enerjisinin verilməsinin dayandırılması (dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılması ilə əlaqədar dayandırılma halı istisna olmaqla) yalnız fərdi qaydada həyata keçirilir. Elektrik enerjisinin dəyərini vaxtında ödəməyən istehlakçıya elektrik enerjisinin verilməsinin dayandırılması, elektrik enerjisinin dəyərini vaxtında ödəyən digər istehlakçıların hüquqlarının pozulması ilə nəticələnməməlidir. Bu Qanunun 29.5.2-ci və 29.5.3-cü maddələrində nəzərdə tutulan hallarda, habelə illik iş planında göstərilən müddətlərdə təmir-profilaktika işləri aparılarkən yazılı xəbərdarlıq göndərilmədən elektrik enerjisinin verilməsinin dayandırılması qadağandır.

29.7. Ötürücü və ya paylayıcı sistem operatoru istehlakçıya verdiyi elektrik enerjisinin miqdarını yalnız sayğacın göstəricilərinə əsasən müəyyən etməli və bu barədə istehlakçıya hər ay bildiriş, habelə bu Qanunun 28.2-ci maddəsinə uyğun olaraq elektrik enerjisinin təchizatçısı ilə bağlanılmış müqavilədə nəzərdə tutulduğu halda istehlakçının istifadə etdiyi elektrik enerjisinin dəyərini tam hesablayaraq təchizatçının adından hesab təqdim etməlidir (göndərməlidir). Ağıllı sayğacı olan istehlakçıya istifadə etdiyi elektrik enerjisinin dəyəri haqqında bildirişin və hesabın təqdim edilməsi (göndərilməsi) tələb olunmur. Bu Qanunun 28.2-ci maddəsinə uyğun olaraq təchizatçı ilə bağlanılmış müqavilədə nəzərdə tutulmadığı halda istehlakçıya hesab təchizatçı tərəfindən təqdim edilməlidir (göndərilməlidir). Hesabda istehlakçının elektrik enerjisinə görə sayğacın son göstəricisinə uyğun mövcud qalıq borcu və həmin qalıq borcun ödənilməli olduğu son tarix göstərilməlidir. İstehlakçı tərəfindən elektrik enerjisinin hesabında göstərilən dəyəri tam ödənildikdən sonra təchizatçı yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərinin ödənilməsini istehlakçıdan tələb edə bilməz.

29.8. Bu Qanunun 29.5-ci maddəsində göstərilən elektrik enerjisinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və ötürücü və ya paylayıcı sistem operatoru tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirildikdən sonra 1 (bir) gün müddətində elektrik enerjisinin verilməsi bərpa edilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.

29.9. Tikinti obyektinin qoşulduğu ötürücü və ya paylayıcı şəbəkədən asılı olaraq məişət istehlakçıları üçün sayğaclar müvafiq olaraq ötürücü və ya paylayıcı sistem operatorunun vəsaiti hesabına, qeyri-məişət istehlakçıları üçün isə sayğaclar istehlakçının vəsaiti hesabına müvafiq olaraq ötürücü və ya paylayıcı sistem operatoru tərəfindən təchiz edilir, quraşdırılır və dəyişdirilir.

29.10. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir.

5-ci fəsil

Elektroenergetika sektorunda təbii ehtiyatlardan istifadə

Maddə 30. Torpaq sahələrindən istifadə

30.1. Elektroenergetika obyektlərinin tikintisi, genişləndirilməsi, yenidən qurulması, təmiri və istismarı məqsədilə torpaq sahələri üzərində hüquqlar torpaq qanunvericiliyinin tələblərinə uyğun olaraq əldə edilir.

30.2. Elektroenergetika sektorunda dövlət ehtiyacları üçün torpaqların alınması “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən həyata keçirilir.

Maddə 31. Su ehtiyatlarından istifadə

Elektrik stansiyaları tərəfindən süni və təbii sututarların ehtiyatlarından istifadə Azərbaycan Respublikasının Su Məcəlləsinə uyğun həyata keçirilir.

Maddə 32. Ətraf mühitin mühafizəsi

Elektroenergetika subyektləri ətraf mühitin mühafizəsi üzrə texniki reqlamentlərə əməl etməklə onların pozulmasına görə məsuliyyət daşıyır və ətraf mühitə zərərli təsirin azaldılmasına yönəldilmiş texniki və təşkilati tədbirlər həyata keçirirlər.

6-cı fəsil

Elektroenergetikanın inkişafı

Maddə 33. Elektroenergetikanın inkişafı üzrə dövlət proqramı

33.1. Elektroenergetikanın inkişafı məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qısamüddətli (5 il müddətinə), orta müddətli (5 ildən 10 ilədək müddətə) və uzunmüddətli (10 ildən yuxarı müddətə) dövlət proqramları qəbul edilir.

33.2. Bu Qanunun 33.1-ci maddəsində nəzərdə tutulmuş dövlət proqramı layihələrinin “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada strateji ekoloji qiymətləndirmə (SEQ) sənədi hazırlanır və həmin sənədin dövlət ekoloji ekspertizası həyata keçirilir.

Maddə 34. Elektroenergetika obyektlərinin tikintisi, genişləndirilməsi

və yenidən qurulması

34.1. Elektroenergetika obyektlərinin tikintisi, genişləndirilməsi və yenidən qurulması Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə, şəhərsalma və tikintiyə dair digər normativ hüquqi aktlara, o cümlədən texniki normativ hüquqi aktlara uyğun olaraq həyata keçirilir.

34.2. Elektroenergetika obyektlərinin layihələndirilməsi zamanı “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədi hazırlanmalı və həmin sənədin dövlət ekoloji ekspertizası keçirilməlidir.

34.3. Mövcud elektroenergetika obyektlərinin ətraf mühitə təsirinin qiymətləndirilməsi zamanı “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 4.20-ci və 4.21-ci maddələrinin tələblərinə riayət olunmalıdır.

34.4. Elektroenergetika obyektlərinin ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) həyata keçirilərkən onların transsərhəd təsiri müəyyən edildikdə, həmin obyektlərlə bağlı transsərhəd təsirlərin qiymətləndirilməsi məsələləri Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq həll olunur.

7-ci fəsil

Elektroenergetika obyektlərinin təhlükəsizliyi və mühafizəsi

Maddə 35. Elektroenergetika sektorunda təhlükəsizliyə dair ümumi

tələblər

35.1. Elektrik qurğularının, elektrik şəbəkələrinin, istehlakçılara məxsus avadanlıqların istismarı üzrə həyata keçirilən texniki-təşkilati tədbirlər insanların sağlamlığının, həyatının və ətraf mühitin təhlükəsizliyini təmin etməlidir.

35.2. İstehlakçılara paylanan elektrik enerjisi elektrik şəbəkəsinə dair qaydalarla müəyyən edilən keyfiyyət göstəricilərinə uyğun olmalıdır.

Maddə 36. Elektroenergetika sektorunda istifadə edilən qurğuların

və elektrotexniki avadanlıqların təhlükəsizliyinə dair

tələblər

36.1. Elektroenergetika subyektləri tikinti, quraşdırma, istismar və təmir işləri apararkən elektrik qurğularının istismarında təhlükəsizlik texnikası qaydalarına riayət etməli, inşa olunan və istismar edilən qurğuların zərərli və təhlükəli təsirinin azaldılmasına yönəldilmiş texniki, təşkilati və digər tədbirlər həyata keçirməlidirlər.

36.2. Elektrik enerjisinin istehsalı, saxlanması, ötürülməsi, paylanması və istehlakı üçün nəzərdə tutulmuş elektrik stansiyalarının, elektrik şəbəkələrinin avadanlıqları, istehlakçıların elektrik qurğuları texniki reqlamentlərlə müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

36.3. Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası qaydaları, elektrik qurğularının texniki istismar qaydaları, həmçinin elektrik enerjisinin istehlakı ilə bağlı texniki tələblər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

Maddə 37. Elektroenergetika obyektlərinin mühafizəsinin təmin

edilməsi və elektrik şəbəkələrinin mühafizə zonaları

37.1. Mühafizəsi təmin edilən mühüm əhəmiyyətli elektroenergetika obyektlərinin siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

37.2. Elektrik şəbəkələrinin mühafizəsinin təmin olunması, istismarı üçün normal şəraitin yaradılması və zədələnməsinin qarşısının alınması, həmçinin insanların həyat və sağlamlığının, təhlükəsizliyinin təmin edilməsi məqsədilə elektrik şəbəkələri ətrafında mühafizə zonaları müəyyənləşdirilir.

37.3. Mühafizə zonalarında Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan təsərrüfat işləri aparıla bilər.

37.4. Mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair tələblər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

Maddə 38. Qəza ehtiyatı (bron) üzrə elektrik enerjisi təminatı

Sistem qəzaları baş verən zaman obyektin enerji təchizatı ötürücü, yaxud paylayıcı sistem operatorunun dispetçer xidməti tərəfindən hazırlanmış və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırılmış qəza ehtiyatını (bron) təmin edən sxemlər əsasında həyata keçirilir.

8-ci fəsil

Yekun müddəalar

Maddə 39. Bu Qanunun qüvvəyə minməsi

39.1. Bu Qanunun 39.2-ci və 39.3-cü maddələrində nəzərdə tutulanlar istisna olmaqla, bu Qanun 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.

39.2. Bu Qanunun 9.2.2-ci, 9.2.3-cü, 9.2.5-ci, 11.3–11.5-ci, 13.2-ci, 14.3-cü, 15-ci (15.3-cü maddə istisna olmaqla), 16-cı (16.1.14-cü maddə istisna olmaqla), 17-ci, 18-ci (18.2–18.4-cü, 18.5.5-ci maddələr istisna olmaqla), 19.3–19.5-ci, 19.8-ci, 21.1-ci, 22-ci, 23-cü (23.2.2–23.2.7-ci, 23.2.9-cu, 23.2.11-ci, 23.2.12-ci, 23.3.2-ci və 23.4-cü, 23.5-ci maddələr istisna olmaqla), 24-cü (24.1.1-ci və 24.2-ci maddələr istisna olmaqla), 29.1.6-cı, 29.1.8–29.1.12-ci maddələri 2025-ci il iyulun 1-dən qüvvəyə minir.

39.3. Bu Qanunun 3-cü, 6.1.1–6.1.3-cü, 6.1.5-ci, 6.1.8-ci, 6.2-ci maddələri, 8.2-ci maddəsinin birinci cümləsi, 9.1-ci, 9.4–9.8-ci, 11.2-ci, 12.1.4-cü, 12.1.5-ci, 12.2.1-ci, 12.2.2-ci, 14.1.6-cı, 14.1.10-cu, 14.1.13-cü, 14.2.1-ci, 14.6-cı, 15.3-cü, 16.1.14-cü, 18.2–18.4-cü, 18.5.5-ci, 19.2-ci, 19.6.6-cı, 19.9-cu, 19.11-ci, 21.2-ci, 21.3-cü, 23.2.2–23.2.7-ci, 23.2.9-cu, 23.2.11-ci, 23.2.12-ci, 23.3.2-ci və 23.4-cü, 23.5-ci, 24.1.1-ci, 24.2-ci, 25–28-ci, 29.1.1–29.1.5-ci, 29.1.7-ci, 29.2-ci və 29.3-cü maddələri 2028-ci il iyulun 1-dən qüvvəyə minir.

39.4. Bu Qanunun qüvvəyə mindiyi gündən “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının 1998-ci il 3 aprel tarixli 459-IQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 6, maddə 363; 2001, № 11, maddə 696; 2002, № 12, maddə 709; 2003, № 1, maddə 12; 2006, № 8, maddə 657; 2008, № 5, maddə 348; 2009, № 10, maddə 768; 2010, № 5, maddə 374; 2011, № 4, maddə 261, № 12, maddə 1090; 2016, № 12, maddə 1990; 2018, № 3, maddə 379; 2019, № 6, maddə 988; 2021, № 5, maddə 429; 2022, № 7, maddələr 696, 697; Azərbaycan Respublikasının 2022-ci il 27 dekabr tarixli 773-VIQD nömrəli Qanunu) və “Elektrik və istilik stansiyaları haqqında” Azərbaycan Respublikasının 1999-cu il 28 dekabr tarixli 784-IQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 3 (I kitab), maddə 127; 2018, № 3, maddə 381; 2019, № 6, maddə 991) ləğv edilir.

39.5. Bu Qanunda nəzərdə tutulan normativ hüquqi aktlar və normativ xarakterli aktlar qüvvəyə minənədək, elektroenergetika sektorunda yaranan münasibətləri tənzimləyən mövcud normativ hüquqi aktlar və normativ xarakterli aktlar öz hüquqi qüvvəsini saxlayır və həmin aktların tələblərinə riayət olunmalıdır.

Maddə 40. Bu Qanunun pozulmasına görə məsuliyyət

Bu Qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar.

Maddə 41. Hesabların ayrılması

41.1. Elektroenergetika subyektləri qiymətləri tənzimlənən və tənzimlənməyən fəaliyyətlər üçün ayrıca mühasibat uçotu aparmalıdırlar. Hər bir fəaliyyət üzrə hesabatlar, həmçinin mənfəət və itkilər üzrə hesabatlar ayrıca tərtib olunmalıdır.

41.2. Elektroenergetika subyektləri qiymətləri tənzimlənən və tənzimlənməyən hər bir fəaliyyət barədə hesabatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə təqdim edirlər.

Maddə 42. Keçid müddəalar

42.1. Elektroenergetika subyektlərinin və istehlakçıların elektrik enerjisi bazarındakı dəyişikliklərə uyğunlaşması, o cümlədən azad rəqabət münasibətlərinin tətbiqi və subsidiyalaşmanın ləğv edilməsi məqsədilə elektrik enerjisi bazarı elementlərinin tətbiqi prosesinin üç mərhələdən ibarət olmaqla, aşağıdakı müddətlərdə həyata keçirilməsi nəzərdə tutulur:

42.1.1. birinci mərhələ bu Qanunun qüvvəyə mindiyi gündən 2025-ci il iyunun 30-dək davam edir;

42.1.2. ikinci mərhələ 2025-ci il iyulun 1-dən 2028-ci il iyunun 30-dək davam edir;

42.1.3. üçüncü mərhələ 2028-ci il iyulun 1-dən başlayır.

42.2. Hər bir mərhələdə nəzərdə tutulan tədbirlərin həyata keçirilməsinə nəzarət müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir.

42.3. Birinci mərhələdə aşağıdakı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur:

42.3.1. elektrik enerjisinin istehsalı və ötürülməsi fəaliyyətinin hüquqi və idarəçilik nöqteyi-nəzərindən ayrılması;

42.3.2. bu Qanunun 39-cu maddəsində göstərilən müddətlər nəzərə alınmaqla elektroenergetika subyektləri tərəfindən “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) icazələrin alınması;

42.3.3. ötürücü sistem operatorunun mərkəzi operativ-dispetçer xidmətinin ixtisaslaşmış bölməsi tərəfindən elektrik enerjisi istehsalının iqtisadi optimallaşdırılmasının tətbiqi;

42.3.4. elektrik enerjisinin paylanması və təchizatı fəaliyyətlərinin maliyyə və funksional nöqteyi-nəzərindən ayrılması;

42.3.5. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən elektrik enerjisinin ötürülməsi, elektrik enerjisinin topdan və pərakəndə satış qiymətlərinin (tariflərinin) (ikitərəfli müqavilələrlə satılan elektrik enerjisinin qiyməti istisna olmaqla), habelə ötürücü və paylayıcı şəbəkələrə qoşulma xidmətlərinin qiymətlərinin tənzimlənməsi;

42.3.6. ikinci mərhələyə hazırlıq, o cümlədən normativ hüquqi aktların qəbul edilməsi, eləcə də ikinci mərhələdə bağlanılması nəzərdə tutulan birtipli müqavilələrin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilməsi.

42.4. Bu Qanunun 42.3.2-ci maddəsində nəzərdə tutulmuş icazələr alınanadək elektroenergetika subyektlərinin fəaliyyəti onlar tərəfindən bu Qanunun qüvvəyə mindiyi tarixədək verilmiş və qüvvədə olan icazələr əsasında həyata keçirilir.

42.5. İkinci mərhələdə aşağıdakı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur:

42.5.1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi ikinci mərhələ üçün nəzərdə tutulan müvəqqəti topdansatış bazarı qaydaları əsasında elektrik enerjisinin topdansatış bazarının fəaliyyətini təşkil etmək məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ikinci mərhələdə ötürücü sistem operatorunun tabeliyində ayrıca hüquqi şəxs kimi, üçüncü mərhələdə isə müstəqil bazar operatorunun yaradılması;

42.5.2. bazar operatoru tərəfindən bütün istehsalçılardan (“Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, elektrik enerjisini zəmanətli alıcıya satan istehsalçılar istisna olmaqla) elektrik enerjisinin alınması;

42.5.3. bazar operatoru tərəfindən elektrik enerjisinin bütün təchizatçılara satılması;

42.5.4. elektrik enerjisinin paylanması və təchizatı fəaliyyətlərinin hüquqi və idarəçilik nöqteyi-nəzərindən ayrılması;

42.5.5. elektrik şəbəkəsinə dair qaydalara və ikinci mərhələ üçün nəzərdə tutulan müvəqqəti topdansatış bazarı qaydalarına uyğun olaraq, ötürücü və paylayıcı sistem operatorları tərəfindən elektrik enerjisinin ötürülməsi və paylanması fəaliyyətlərinin həyata keçirilməsi;

42.5.6. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu Qanunun 9.2-ci maddəsində nəzərdə tutulan qiymət və tariflərin tənzimlənməsi;

42.5.7. üçüncü mərhələyə hazırlıq, o cümlədən normativ hüquqi aktların qəbulu, eləcə də üçüncü mərhələdə bağlanılması nəzərdə tutulan birtipli müqavilələrin təsdiq edilməsi.

42.6. Bu Qanunun 39-cu maddəsi nəzərə alınmaqla, birinci və ikinci mərhələdə tənzimləyicinin bu Qanunda nəzərdə tutulan səlahiyyətləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir.

42.7. Bu Qanunun 10-cu maddəsində nəzərdə tutulan tənzimləmə haqqının məbləği və ödənilmə qaydası birinci və ikinci mərhələ üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) hesabına köçürülür.

42.8. İkinci mərhələdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə elektrik enerjisinin topdansatış bazarında balanslaşdırıcı bazarın və köməkçi xidmətlər bazarının ayrı-ayrı elementləri tətbiq edilə bilər.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 aprel 2023-cü il

SƏNƏDLƏR Müraciətlər 05 noyabr 2024
10:12
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “Dünya dinləri yaşıl planet uğrunda” şüarı altında keçirilən Dini Liderlərin Qlobal Sammitinin iştirakçılarına

Hörmətli Sammit iştirakçıları!

Sizi “Dünya dinləri yaşıl planet uğrunda” şüarı altında keçirilən Dini Liderlərin Qlobal Sammitinin açılışı münasibətilə Bakı şəhərində səmimi-qəlbdən salamlayıram.

Bu gün dünyamızın...

05 noyabr 2024, 10:12
SƏNƏDLƏR Sərəncamlar 04 noyabr 2024
13:00
C.H.Musayevin Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 141-ci maddəsini rəhbər tutaraq qərara alıram:                                        

Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin...

04 noyabr 2024, 13:00