20 may 2023, 11:10

Mehmandarovlar və digər tanınmış nəsillərin nümayəndələrindən, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Bu gün xalqımızın hər bir fərdi kimi, biz də böyük qürur və iftixar hissi içərisindəyik. Sizin böyük sərkərdəlik məharətiniz sayəsində Vətən müharibəsində şanlı Zəfər qazandıq. Xalqımızın 30 illik Qarabağ həsrətinə müzəffər komandanlığınız sayəsində son qoyuldu.

Bu gün mədəniyyət paytaxtımız, musiqi beşiyimiz olan Şuşada bayrağımız qürurla dalğalanır. Bu, təkcə torpaqlarımızın azad olunması deyil, eyni zamanda, mədəniyyətimizin, tariximizin, mənəviyyatımızın xilasıdır. Bu, bizim üçün ikiqat sevincdir. Çünki biz uzun illər idi ki, babalarımızın müqəddəs yurduna qovuşacağımız anı həsrətlə, səbirsizliklə gözləyirdik. Biz buna inanırdıq. Çünki Sizin kimi dahi şəxsiyyət və böyük vətənpərvər insanın dövlətimizə rəhbərlik etməsi bizdə buna əminlik yaradırdı.

Cənab Prezident, erməni vandalizminə məruz qalan tarixi və mədəni mirasımıza göstərdiyiniz həssaslıq Sizə olan sevgimizi daha da artırır. Mehmandarovlarla bağlı sənədli filmin çəkilişi, eləcə də Şuşada yerləşən Mehmandarovların malikanə kompleksinin bərpası ilə bağlı göstəriş verməyiniz, bu prosesi diqqətdə saxlayaraq qısa vaxt ərzində bir neçə dəfə işlərin gedişatı ilə yerində tanış olmağınız, kompleksin açılışında şəxsən iştirak etməyiniz bu nəslin nümayəndələri olaraq bizdə böyük qürur və sonsuz fərəh hissi yaratdı.

Möhtərəm cənab Prezident, göstərdiyiniz bu diqqətə və münasibətə, xalqımızın tarixi və mədəni yaddaşının bərpasına verdiyiniz sonsuz töhfəyə görə Sizə – xalqımızın dahi oğluna Mehmandarovlar, Rüstəmbəyovlar, Qacarlar, Şirinbəyovlar nəsillərinin çoxsaylı üzvləri adından dərin minnətdarlığımızı bildiririk. Sizə möhkəm cansağlığı, yorulmaz fəaliyyətinizdə sonsuz uğurlar arzulayırıq.

Böyük hörmət və dərin minnətdarlıq hissi ilə,

Mehmandarov Adil

Mehmandarov Mustafa

Bayraməlibəyova (Rüstəmbəyova) İmnarə

Əlizadə (Rüstəmbəyova) Surə

Əzizova Məhbubə

Mehmandarov Əli.

Azərbaycan Respublikası, Bakı şəhəri.