Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin NİZAMNAMƏSİ

01 may 2023, 16:20

Azərbaycan Respublikası Prezidentinin

2023-cü il 1 may tarixli Fərmanı ilə təsdiq edilmişdir

 

1. Ümumi müddəalar

1.1. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (bundan sonra – TƏBİB) tabeliyinə verilən dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin (bundan sonra – tibb müəssisələri) idarə edilməsini və fəaliyyətinə nəzarəti həyata keçirən publik hüquqi şəxsdir.

1.2. TƏBİB öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, bu Nizamnaməni, Azərbaycan Respublikası Prezidentinin digər fərmanlarını, həmçinin sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər normativ hüquqi aktları rəhbər tutur.

1.3. TƏBİB öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət orqanları (qurumları) ilə, yerli özünüidarəetmə orqanları ilə, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

1.4. TƏBİB ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olur. TƏBİB bu Nizamnamədə qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər.

1.5. TƏBİB-in müstəqil balansı, əmlakı, xəzinə və bank hesabları, öz adı və “Azərbaycan Respublikasının Dövlət Gerbindən istifadə qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, həmçinin Azərbaycan Respublikası Dövlət Gerbinin təsviri həkk olunmuş möhürü, müvafiq ştampları və blankları vardır.

1.6. Qanuna uyğun olaraq, TƏBİB-in əqdlər bağlamaq, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək hüququ, həmçinin vəzifələri vardır. TƏBİB məhkəmədə iddiaçı və ya cavabdeh qismində çıxış edə bilər.

1.7. TƏBİB Bakı şəhərində yerləşir.

2. TƏBİB-in fəaliyyət istiqamətləri

2.1. TƏBİB-in fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.1.1. tibb müəssisələrinin idarə edilməsini və fəaliyyətinə nəzarəti həyata keçirmək;

2.1.2. tibb müəssisələrində göstərilən tibbi xidmətlərin keyfiyyətini və əlçatanlığını təmin etmək;

2.1.3. tibb müəssisələrinin fəaliyyətinin əlaqələndirilməsini təmin etmək;

2.1.4. tibb müəssisələrində göstərilən tibbi xidmətlərin keyfiyyətinin artırılmasını və bu xidmətlərin müasir tələblərə uyğunlaşdırılmasını təmin etmək.

3. TƏBİB-in vəzifələri və hüquqları

3.1. Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, TƏBİB-in vəzifələri aşağıdakılardır:

3.1.1. əhalinin sağlamlığının qorunması sahəsində normativ hüquqi aktların, inkişaf konsepsiyalarının və məqsədli proqramların hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;

3.1.2. Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla, tibb müəssisələrinə münasibətdə “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində qeyd edilən publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərini həyata keçirmək;

3.1.3. tibb müəssisələri vasitəsilə əhaliyə tibbi yardım göstərilməsini təmin etmək, xəstəliklərin erkən aşkarlanması və qarşısının alınması məqsədilə tədbirlər görmək;

3.1.4. tibb müəssisələrini fəaliyyətinin təşkili üçün zəruri olan iş, xidmət, mal-material və digər ləvazimatla “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada təmin etmək;

3.1.5. tibb müəssisələrində mütərəqqi korporativ idarəetmə standartlarının tətbiqi ilə bağlı məsələlərə nəzarət etmək;

3.1.6. tibb müəssisələri şəbəkəsinin optimallaşdırılmasını təmin etmək;

3.1.7. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq xidmətlər zərfinə daxil olmayan və tibb müəssisələri tərəfindən əhaliyə ödənişli əsaslarla göstərilən tibbi xidmətlərin tariflərini, habelə həmin Qanuna əsasən sığortaolunan hesab edilməyən şəxslərə göstərilən tibbi xidmətlərin tariflərini müəyyən etmək;

3.1.8. Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ilə tənzimlənən və TƏBİB-in səlahiyyətinə aid olan məsələlər üzrə Azərbaycan Respublikasının götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etmək;

3.1.9. tibb müəssisələrinə münasibətdə əhalinin sağlamlığının qorunması sahəsində inzibati xəta əlamətləri aşkar etdikdə, normativ hüquqi aktlarla müəyyən edilmiş hallarda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görmək, cinayət əlamətləri olduqda isə aidiyyəti üzrə məlumat vermək;

3.1.10. elektron xidmətləri “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanına uyğun olaraq təşkil etmək;

3.1.11. TƏBİB-in və tibb müəssisələrinin fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək;

3.1.12. kargüzarlığı və vətəndaşların qəbulunu müvafiq normativ hüquqi aktların tələblərinə uyğun təşkil etmək;

3.1.13. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin etmək;

3.1.14. TƏBİB-ə ayrılan dövlət büdcəsi vəsaitindən, icbari tibbi sığorta fondunun vəsaitindən, kredit, qrant və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;

3.1.15. dövlət, həkim və kommersiya sirrinin, habelə məxfilik rejiminin qorunması üçün tədbirlər görmək;

3.1.16. TƏBİB-in informasiya təminatını təşkil etmək və onun təhlükəsizliyini təmin etmək;

3.1.17. tibb müəssisələri əməkdaşlarının əlavə təhsili və peşəkarlığının yüksəldilməsi üçün tədbirlər görmək;

3.1.18. icbari tibbi sığorta fondunun təsdiq edilmiş büdcəsinə uyğun olaraq, TƏBİB-in və tibb müəssisələrinin büdcələrini təsdiq etmək;

3.1.19. strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi üçün tədbirlər görmək;

3.1.20. qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla, əhalinin sağlamlığının qorunması sahəsində elmi-texniki nailiyyətlərin tətbiqini təmin etmək;

3.1.21. tibb mütəxəssislərinin hazırlanması və tədris proqramlarının tərtib olunması ilə bağlı təkliflər vermək;

3.1.22. əlilliyin qiymətləndirilməsi üçün həkim-məsləhət və hərbi-həkim komissiyalarının rəsmiləşdirdikləri tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin vahid mərkəzləşdirilmiş reyestrinin operatoru funksiyalarını həyata keçirmək və Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə bu reyestrə real vaxt rejimində aidiyyəti dövlət orqanlarının (qurumlarının) çıxışını təmin etmək;

3.1.23. bu Nizamnamə ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

3.2. Öz vəzifələrini yerinə yetirmək üçün TƏBİB-in aşağıdakı hüquqları vardır:

3.2.1. əhalinin sağlamlığının qorunması sahəsində normativ hüquqi aktın layihəsinin qəbul olunması, aktda dəyişikliklər edilməsi, aktın şərh edilməsi, qüvvəsinin dayandırılması və ya ləğv edilməsi haqqında aidiyyəti üzrə təkliflər vermək;

3.2.2. tibb müəssisələrinin idarə edilməsinin təkmilləşdirilməsi, fəaliyyətinin optimallaşdırılması, habelə daha səmərəli idarəetmə üsullarının tətbiq edilməsi ilə bağlı təkliflər vermək;

3.2.3. əhalinin sağlamlıq vəziyyətini öyrənmək, əhali arasında infeksion və qeyri-infeksion xəstəliklərin dinamikası və xəstələnmə halları barədə məlumatların toplanılmasını və aidiyyəti üzrə təqdim olunmasını təşkil etmək;

3.2.4. tibb müəssisələrinin kadr təminatı ilə bağlı ehtiyaclarını öyrənmək və bu istiqamətdə müvafiq təkliflər vermək;

3.2.5. əhalinin sağlamlığının qorunması sahəsində beynəlxalq müqavilələrə Azərbaycan Respublikasının tərəfdar çıxması barədə təkliflər vermək;

3.2.6. fəaliyyət istiqamətlərinə uyğun olaraq, əhalinin sağlamlığının qorunması sahəsində beynəlxalq təcrübənin tətbiqi imkanlarının araşdırılması məqsədilə beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək və xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək;

3.2.7. tibb müəssisələrinin fəaliyyəti ilə bağlı icrası məcburi olan göstərişlər vermək və bundan irəli gələn digər tədbirlər görmək;

3.2.8. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı araşdırmalar aparmaq, işçi qruplar və komissiyalar yaratmaq;

3.2.9. dövlət orqanlarına (qurumlarına), yerli özünüidarəetmə orqanlarına, hüquqi və fiziki şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

3.2.10. fəaliyyət istiqamətləri üzrə rəy və təkliflər vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq;

3.2.11. müstəqil ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə cəlb etmək;

3.2.12. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı konfranslar, müşavirələr, seminarlar keçirmək və digər tədbirlər təşkil etmək;

3.2.13. öz əməkdaşlarını və tibb müəssisələrində çalışan işçiləri dövlət təltiflərinə və digər mükafatlara təqdim etmək, onların həvəsləndirilməsi üçün tədbirlər görmək;

3.2.14. fəaliyyət istiqamətlərinə uyğun olaraq müqavilə əsasında ödənişli və ödənişsiz təlimlər təşkil etmək;

3.2.15. bu Nizamnamənin 3.2.14-cü yarımbəndinə uyğun olaraq, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq;

3.2.16. təsərrüfat cəmiyyətləri yaratmaq və ya onlarda iştirak etmək;

3.2.17. xüsusi bülletenlər və digər nəşrlər buraxmaq;

3.2.18. bu Nizamnamə ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

4. TƏBİB-in idarə olunması

4.1. TƏBİB öz fəaliyyətində və idarəetmədə mütərəqqi korporativ idarəetmə standartlarını tətbiq edir.

4.2. TƏBİB-in idarəetmə orqanları Müşahidə Şurası (bundan sonra – Şura) və İcraçı direktordur.

4.3. Şura TƏBİB-ə ümumi rəhbərliyi və nəzarəti həyata keçirir.

4.4. Şura sədr də daxil olmaqla 5 (beş) üzvdən ibarətdir. Şuranın tərkibinə Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İdarə Heyətinin sədri (sədr olmaqla), Azərbaycan Respublikası səhiyyə nazirinin müavini, Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini, Səhiyyə İşçiləri Həmkarlar İttifaqının sədri daxildir.

4.5. Şura ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərir.

4.6. Şura qərar qəbul etməkdə müstəqildir.

4.7. Şuranın vəzifələri aşağıdakılardır:

4.7.1. təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının Prezidentinə təkliflər vermək və sənədlər (o cümlədən TƏBİB-in maliyyə hesabatını və fəaliyyətinə dair illik hesabatı) təqdim etmək;

4.7.2. TƏBİB-in inkişaf istiqamətlərini, strateji məqsəd və planlarını müəyyən etmək;

4.7.3. TƏBİB-in fəaliyyətinə nəzarət etmək;

4.7.4. TƏBİB-in strukturunu, əməyin ödənişi fondunu, işçilərin say həddini və onların əməkhaqlarının məbləğini (vəzifə maaşını, vəzifə maaşına əlavələri, mükafatları və digər ödənişləri) təsdiq etmək, o cümlədən TƏBİB-in əldə etdiyi vəsait (dövlət büdcəsindən və dövlətə məxsus digər fondlardan ayrılan vəsait istisna olmaqla) hesabına işçilərə əlavə ödənilən həvəsləndirmə sistemini müəyyənləşdirmək;

4.7.5. TƏBİB-in təsərrüfat cəmiyyətlərinin yaradılması və ya onlarda iştirak barədə, həmçinin TƏBİB-in idarə, filial və nümayəndəliklərinin yaradılması barədə qərar qəbul etmək;

4.7.6. icbari tibbi sığorta fondunun təsdiq edilmiş büdcəsinə uyğun olaraq, TƏBİB-in maliyyə planlaşdırmasını və büdcəsini, habelə tabeliyindəki tibb müəssisələrinin büdcələrini təsdiq etmək;

4.7.7. TƏBİB-in fəaliyyətinə dair daxili qaydaları (o cümlədən maraqlar münaqişəsinin istisna olunması qaydasını), habelə idarə, filial və nümayəndəliklərinin əsasnamələrini, təsərrüfat cəmiyyətlərinin nizamnamələrini təsdiq etmək;

4.7.8. İcraçı direktorun fəaliyyətinə nəzarət etmək və onun fəaliyyətini yoxlamaq;

4.7.9. Şura üzvlərinin və İcraçı direktorun müraciətlərinə baxmaq və qərar qəbul etmək;

4.7.10. TƏBİB-in fəaliyyətinə dair illik hesabatı dinləmək;

4.7.11. TƏBİB-in kənar auditorunu təyin etmək və audit hesabatını qəbul etmək;

4.7.12. kənar auditorun yoxlamalarının, habelə digər yoxlamaların nəticələrinə dair tədbirlər görmək;

4.7.13. TƏBİB-də daxili audit bölməsinin fəaliyyətinə nəzarət etmək və fəaliyyətinə dair hesabatlar almaq, habelə onun üzvlərini vəzifəyə təyin və vəzifədən azad etmək;

4.7.14. TƏBİB-in xalis aktivlərinin dəyərinin 25 (iyirmi beş) faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri TƏBİB-in aktivlərinin 5 (beş) faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanılması haqqında qərar qəbul etmək;

4.7.15. tibb müəssisələrinin rəhbərlərini və onların müalicə işləri üzrə müavinlərini (tibb müəssisəsinin icra orqanı təkbaşçı olduqda), habelə kollegial icra orqanının bütün üzvlərini İcraçı direktorun təqdimatı əsasında vəzifəyə təyin və vəzifədən azad etmək;

4.7.16. bu Nizamnamənin 3.1.7-ci yarımbəndində nəzərdə tutulmuş tarifləri təsdiq etmək;

4.7.17. bu Nizamnamə ilə müəyyən edilmiş digər vəzifələri həyata keçirmək.

4.8. Şuranın sədri 3 (üç) ayda bir dəfədən az olmayaraq Şuranın iclaslarını çağırır və iclaslara sədrlik edir. Şuranın iclaslarının keçirilməsi təşəbbüsü ilə Şuranın üzvü və ya İcraçı direktor çıxış edir. Şuranın iclasları üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Şuranın iclasında, hər üzvün bir səsi olmaqla, qərarlar açıq səsvermə yolu ilə sadə səs çoxluğu ilə qəbul edilir. Səsvermə zamanı üzvlərin bitərəf qalmasına icazə verilmir. Səslər bərabər olduqda, iclasa sədrlik edənin səsi həlledicidir.

4.9. Şuranın üzvlərinə, habelə İcraçı direktora və Şuranın iclaslarına dəvət olunan şəxslərə iclasın keçiriləcəyi yer və vaxt, habelə gündəliyə daxil edilmiş məsələlər barədə iclasa azı 3 (üç) iş günü qalmış, zəruri sənədlər əlavə edilməklə yazılı məlumat verilir.

4.10. Şuranın iclasında İcraçı direktor da iştirak edə bilər.

4.11. İclasın gündəliyinə Şuranın hər hansı üzvünün maraqlarına toxunan məsələ çıxarıldıqda, həmin üzv bununla bağlı maraqları haqqında ətraflı məlumat verməli, bu məsələnin müzakirəsində və həmin məsələyə dair səsvermədə iştirak etməməlidir.

4.12. Gündəliyə daxil edilməmiş və ya tələb olunan aidiyyəti sənədləri iclasdan əvvəl təqdim edilməmiş məsələlər barədə, bütün iştirakçı üzvlərin razılıq verdiyi hallar istisna olmaqla, qərar qəbul edilə bilməz.

4.13. Şuranın iclasının nəticəsi Şura üzvlərinin və katibinin imzaladıqları protokolda əks olunmaqla rəsmiləşdirilir. Şuranın katibi Şuranın iclasında iştirak edə bilmədikdə, Şuranın sədri onu əvəz edəcək şəxsi təyin edir. Şura protokolu təsdiq edərək İcraçı direktora göndərir.

4.14. Şuranın katibini Şuranın üzvü olmayan əməkdaşlar sırasından Şuranın sədri təyin edir və Şuranın katibi Şuranın sədrinə hesabat verir.

4.15. Şuranın katibi:

4.15.1. Şuranın iclaslarını təşkil edir;

4.15.2. bu Nizamnamənin 4.9-cu bəndində nəzərdə tutulmuş vəzifəni icra edir;

4.15.3. Şuranın iclaslarının protokollarını tərtib edir və imzalanmaq üçün Şuranın üzvlərinə təqdim edir;

4.15.4. Şuranın qərarlarının layihələrini hazırlayır, baxılmaq və imzalanmaq üçün Şuranın sədrinə təqdim edir;

4.15.5. Şuranın qəbul etdiyi qərarların aidiyyəti üzrə göndərilməsini təmin edir.

4.16. Şuranın sədri:

4.16.1. Şuranın işini təşkil edir və onun fəaliyyətinə rəhbərlik edir, habelə özünün və TƏBİB-in İcraçı direktorunun qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;

4.16.2. Şuranın iclaslarının gündəliyini müəyyənləşdirir, iclaslar çağırır və iclaslara sədrlik edir;

4.16.3. öz təşəbbüsü ilə, habelə Şuranın hər hansı digər üzvünün və ya İcraçı direktorun xahişi əsasında digər şəxsləri Şuranın iclasında iştirak etməyə dəvət edir;

4.16.4. Şuranın fəaliyyətinin təşkili ilə bağlı digər tədbirlər görür.

4.17. Şura sədri müvəqqəti olmadıqda, onun səlahiyyətlərini müvafiq əmrlə Şuranın üzvləri arasından sədrin müəyyən etdiyi şəxs icra edir.

4.18. Şuranın üzvləri:

4.18.1. Şuranın səlahiyyətlərinə aid məsələlərin həllində iştirak edirlər;

4.18.2. Şuranın iclasının gündəliyi ilə və baxılması nəzərdə tutulan materiallarla əvvəlcədən tanış olurlar;

4.18.3. Şurada qəbul ediləcək qərarlara dair fikir bildirirlər;

4.18.4. Şuranın səlahiyyətlərinə aid məsələlərə Şuranın iclaslarında baxmaq barədə təklif verirlər;

4.18.5. Şuranın qərarları ilə, iclas protokolları ilə və digər sənədlərlə tanış olurlar.

4.19. Şura üzvləri Şuranın iclaslarında baxılan məsələlərə qərəzsiz yanaşmalı, Şura üzvünün adına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməli, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-cu maddəsində müəyyən edilmiş digər tələbləri yerinə yetirməlidirlər.

4.20. TƏBİB-in fəaliyyətinə cari rəhbərliyi Şuranın vəzifəyə təyin və vəzifədən azad etdiyi İcraçı direktor həyata keçirir. İcraçı direktorun Şura tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən 3 (üç) müavini vardır.

4.21. İcraçı direktor müvəqqəti olmadıqda, onun səlahiyyətlərini müvafiq əmrlə müavinlərindən biri icra edir.

4.22. İcraçı direktorun vəzifələri aşağıdakılardır:

4.22.1. TƏBİB-in fəaliyyətini təşkil edir;

4.22.2. TƏBİB-in cari fəaliyyətinə rəhbərlik edir və onu təmsil edir;

4.22.3. TƏBİB-in Nizamnaməsi ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi üçün Şuraya təkliflər verir və sənədlər təqdim edir;

4.22.4. Şuranın qərarlarını icra edir;

4.22.5. aidiyyəti şəxslə dəyəri TƏBİB-in aktivlərinin 5 (beş) faizədək hissəsini təşkil edən əqdin bağlanılması haqqında qərar qəbul edir;

4.22.6. TƏBİB-in strateji məqsədlərinin və planlarının, habelə büdcəsinin icrasına nəzarət edir;

4.22.7. bu Nizamnamənin 3.1.14-cü yarımbəndində nəzərdə tutulan vəsaitdən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin edir;

4.22.8. cari və operativ məsələlər barədə Şuranı məlumatlandırır;

4.22.9. bu Nizamnamənin 3.1.1-ci və 3.2.1-ci yarımbəndlərində nəzərdə tutulmuş məsələlərin həlli üçün tədbirlər görür;

4.22.10. TƏBİB-in fəaliyyətinin təşkili ilə əlaqədar icrası məcburi olan daxili sərəncam və əmrlər verir;

4.22.11. TƏBİB-in fəaliyyət istiqamətlərinə dair qəbul olunmuş aktların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir;

4.22.12. müəyyən edilmiş struktur, əməyin ödənişi fondu və işçilərin say həddi daxilində TƏBİB-in Aparatının və digər struktur bölmələrinin strukturunu, ştat cədvəlini və xərclər smetasını təsdiq edir;

4.22.13. TƏBİB-in işçilərinin vəzifə maaşlarının, vəzifə maaşlarına əlavələrin, mükafatların və digər ödənişlərin verilməsini əməyin ödənişi fondu çərçivəsində təşkil edir;

4.22.14. TƏBİB-in, o cümlədən onun idarə, filial və nümayəndəliklərinin, habelə tabeliyindəki digər qurumların işçilərinin (təsərrüfat cəmiyyətlərində yalnız rəhbərlərinin, bu Nizamnamənin 4.7.15-ci yarımbəndi nəzərə alınmaqla tibb müəssisələrinə münasibətdə (tibb müəssisəsinin icra orqanı təkbaşçı olduqda) isə müalicə işləri üzrə müavinlər istisna olmaqla digər istiqamətlər üzrə müavinlərinin) vəzifəyə təyin və vəzifədən azad edilməsi, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi barədə qərarlar qəbul edir;

4.22.15. TƏBİB-in əmlakından bu Nizamnamədə nəzərdə tutulmuş məqsədlərə uyğun istifadə olunmasına nəzarət edir;

4.22.16. bu Nizamnamə ilə müəyyən edilmiş səlahiyyətlər çərçivəsində TƏBİB-in adından əməliyyatlar aparır, müqavilələr bağlayır və onların yerinə yetirilməsini təmin edir;

4.22.17. TƏBİB-in fəaliyyət istiqamətləri ilə bağlı məşvərətçi komitələr və işçi qruplar yaradır;

4.22.18. TƏBİB-in fəaliyyət istiqamətləri üzrə dövlət sirrinin və məxfilik rejiminin, habelə qanunla qorunan digər məlumatların mühafizəsi üçün zəruri tədbirlər görür;

4.22.19. TƏBİB-də kargüzarlıq və arxiv işinin aparılmasını təmin edir;

4.22.20. TƏBİB-də müraciətlərə baxılmanı və vətəndaşların qəbulunu təmin edir;

4.22.21. özünün, tibb müəssisələrinin və TƏBİB-in struktur bölmələrinin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;

4.22.22. Şuranın səlahiyyətlərinə aid edilməyən bütün digər məsələlər barədə qərar verir.

4.23. İcraçı direktor və onun müavinləri adlarına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməli, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-cu maddəsində müəyyən edilmiş digər tələbləri yerinə yetirməlidirlər.

5. TƏBİB-in nizamnamə fondu, əmlakı və maliyyə fəaliyyətinin əsasları

5.1. TƏBİB-in nizamnamə fondunun məbləği 100 000 (bir yüz min) manatdır.

5.2. TƏBİB-in əmlakı nizamnamə fondundan, təsisçinin verdiyi əmlakdan, həmçinin dövlət büdcəsindən və icbari tibbi sığorta fondundan ayrılan vəsaitdən, fəaliyyətindən əldə olunmuş gəlirdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunla qadağan edilməyən digər vəsaitdən formalaşır.

5.3. TƏBİB öz əmlakından yalnız bu Nizamnamədə müəyyən olunmuş məqsədlərə uyğun istifadə edir. TƏBİB balansında olan dövlət əmlakına münasibətdə səlahiyyətlərini “Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı ilə müəyyən edilmiş qaydada həyata keçirir.

5.4. TƏBİB qanunla nəzərdə tutulmuş vergiləri və digər məcburi ödənişləri ödədikdən sonra TƏBİB-in, onun idarə, filial, nümayəndəliklərinin və təsərrüfat cəmiyyətlərinin, habelə tabeliyindəki digər qurumların (tibb müəssisələri istisna olmaqla) fəaliyyətindən əldə edilmiş vəsait üzərində müstəqil sərəncam vermək hüququna malikdir.

5.5. TƏBİB-in mənfəəti bu Nizamnamədə nəzərdə tutulmayan məqsədlər üçün yalnız Azərbaycan Respublikası Prezidentinin qərarı ilə dövlət büdcəsinə köçürülə bilər.

5.6. TƏBİB-in işlərinin və xidmətlərinin qiymətləri tənzimlənən qiymətlərə (tariflərə) aid deyildir.

6. TƏBİB-in fəaliyyətinə nəzarətin forması və əhatə dairəsi

6.1. TƏBİB-in fəaliyyətinə nəzarəti Azərbaycan Respublikasının Prezidenti, həmçinin bu Nizamnamə ilə müəyyən edilmiş qaydada Şura və İcraçı direktor həyata keçirirlər.

6.2. TƏBİB-in fəaliyyətinə dair illik hesabat Azərbaycan Respublikasının Prezidentinə təqdim edilir.

7. TƏBİB-də uçot və hesabat

7.1. TƏBİB “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə publik hüquqi şəxslər üçün müəyyən edilmiş qaydada mühasibat uçotu aparır, maliyyə hesabatlarını tərtib, təqdim və dərc edir.

7.2. TƏBİB “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq statistik hesabatları tərtib və təqdim edir.

7.3. TƏBİB idarə, filial, nümayəndəlik və təsərrüfat cəmiyyətlərinin, habelə tabeliyindəki digər qurumların maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılmasını təmin edir.

7.4. TƏBİB öz fəaliyyətinin müstəqil surətdə yoxlanılması üçün kənar auditor cəlb edir.

8. TƏBİB-in ləğvi və yenidən təşkili

TƏBİB-in ləğvini və yenidən təşkilini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir.

SƏNƏDLƏR Sərəncamlar 20 dekabr 2024
20:07
Z.M.Hüseynovun “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                           

Zaur Mir Tofiq oğlu Hüseynov “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən...

20 dekabr 2024, 20:07