İlham Əliyevin Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşü olub

13 mart 2023, 20:20
İlham Əliyevin Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşü olub

Xəbər verildiyi kimi, martın 13-də Berlində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşü olub.

Görüşü açan tədbirin moderatoru, Almaniyanın Şərqi Biznes Assosiasiyasının baş icraçı direktoru Mixael Harms dedi:

- Zati-aliləri, Prezident Əliyev.

İqtisadiyyat naziri, cənab səfir, xanımlar və cənablar.

Almaniyanın Şərqi Biznes Assosiasiyasının adından Zati-alilərini burada - Berlində səmimi-qəlbdən salamlamaq istəyirəm. Lakin hesab edirəm ki, bunu bütöv alman biznes cəmiyyəti adından da deyə bilərəm. Azərbaycan və alman biznesləri arasında iqtisadi əməkdaşlıq haqqında bu gün bu müzakirənin tərəfimizdən aparılması həqiqətən də bizim üçün şərəfdir və bizdə məmnunluq hissi doğurur. Şəxsən məndə bu tədbir xüsusi məmnunluq hissi doğurur, çünki biz sadəcə üç həftə bundan öncə Münxen Təhlükəsizlik Konfransında görüşmüşdük və çox şadam ki, bu gün müzakirələrimizi konkret layihələr haqqında daha konkret səpkidə apara bilərik.

Həmçinin bu gün bu vacib müzakirəyə bir çox alman şirkətləri qoşulduğu üçün də onlara minnətdaram. Burada müxtəlif sektorları təmsil edən, demək olar ki, otuz şirkətin nümayəndələri toplaşıblar. Həmçinin Federativ Hökumətin nümayəndələrini, İqtisadiyyat və İqlim Müdafiəsi Nazirliyindən cənab Rayxenbexeri, xanım Alarixi burada salamlamaqdan məmnunluq hissi keçirirəm. Sizi də salamlayıram. Biz aşağıdakı gündəliyi təklif etmişik. Qısa açılış çıxışımdan sonra Prezident Əliyev Azərbaycanın iqtisadi inkişafı üzrə planlar haqqında strateji icmalı bizimlə paylaşacaq və xüsusilə ikitərəfli əməkdaşlığımız çərçivəsində alman biznesləri üçün imkan və fürsətlər haqqında məlumat verəcək.

Sonra biz dəyirmi masa müzakirəsini təşkil edəcəyik. Biz sizin şirkətlərinizi klasterlər üzrə yığmışıq. Beləliklə, bizim beş klasterimiz var. Birincisi enerji, sonra logistika və infrastruktur, üçüncü sənaye, dördüncü kənd təsərrüfatı və beşinci klaster maliyyə, texniki qaydalar və assosiasiyalardır. Hər birinizdən şirkətiniz, Azərbaycanda planlarınız və layihələriniz barədə qısa məlumat verməyi xahiş edirəm. Xahiş edirəm çıxışınız iki və ya üç dəqiqədən artıq olmasın. Əks halda mən nəzakətsiz davranmaq məcburiyyətində qalaraq sözünüzü kəsməli olacağam. Çünki hər bir klasterdən sonra Prezident öz qeydlərini və bəlkə də sizin konkret təkliflərinizə dair reaksiyasını bildirəcək. Vaxta əməl etməyimiz vacibdir. Həmçinin xahiş edirəm çıxışlarınızda mümkün qədər konkret olun. Bugünkü müzakirənin ən yaxşı nəticəsi o olardı ki, bizdə təqib olunmalı məsələlərin uzun bir siyahısı olsun. Hesab edirəm ki, bu, çox vacibdir. Beləliklə, bu, mənim qısa açılış çıxışım idi. İndi isə sözü böyük məmnuniyyətlə Zati-aliləri Prezident Əliyevə verirəm.

Görüşdə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev dedi:

- Təşəkkür edirəm. Çox sağ olun, cənab Harms.

Xanımlar və cənablar, bu görüşdə iştirak etdiyiniz üçün sizə də təşəkkürümü bildirirəm. Cənab Harmsın vurğuladığı kimi biz üç həftə bundan əvvəl Münxendə görüşmüşdük. Beləliklə, bu, bir aydan az müddətdə mənim Almaniyaya ikinci səfərimdir. Bu dəfə mən Almaniyaya Kansler Olaf Şoltsun dəvəti ilə gəlmişəm. Sabah mənim Prezidentlə və Kanslerlə görüşlərim olacaq və əlbəttə, biz siyasi gündəliyə aid məsələlərlə birlikdə, sözsüz ki, ticari və iqtisadi əlaqələrimizin genişlənməsi imkanlarını da müzakirə edəcəyik.

Azərbaycanın inkişafı bizə öz resurslarımıza güvənmək imkanını verdi. Ölkə iqtisadi cəhətdən müstəqildir və bu da hökumətimizin ən əsas hədəflərindən biri idi. Biz, əslində, beynəlxalq maliyyə institutları tərəfindən maliyyələşdirilən layihələrin həyata keçirilməsini tamamlamaq üzrəyik və yeni kreditlər götürməyi planlaşdırırıq. Son iyirmi il əsasən enerji sektoru sayəsində sürətli iqtisadi artım illəri olmuşdur. İndi isə hədəf iqtisadiyyatımızın daha çox şaxələndirilməsi üzərində işləməkdir. Çünki ÜDM-in tərkibinə gəldikdə, ÜDM-in əksər hissəsi qeyri-enerji sektorunun payına düşür, lakin biz hələ də əsasən neft və qazı ixrac edirik.

Son 20 ildə iqtisadiyyatımız üç dəfədən çox artıb. Düşünürəm ki, bu, dünya rekordu hesab oluna bilər. Eyni zamanda, birbaşa xarici borcun azalması strategiyasına əsaslanaraq, biz xarici borcumuzu azaltmışıq və 2023-cü il yanvarın 1-nə olan məlumata görə, bu, ÜDM-in 10 faizindən aşağı olub. Faktiki olaraq, bu, mənim bir neçə il bundan əvvəl hökumətin qarşısında qoyduğum hədəf idi. İndi hədəfə nail olunduğundan biz borclanma strategiyamıza yenidən başlayırıq. Biz artıq Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı və bir neçə başqa beynəlxalq maliyyə institutları ilə ilkin məsləhətləşmələrə başlamışıq. Lakin infrastruktur layihələri, yol tikintisi, dəmir yolu və sair üçün borc aldığımız əvvəlki illərdən fərqli olaraq, indi öz şirkətlərimizin və sənaye sektorumuzun imkanları artdığından, bizim artıq bunun üçün vəsaitə ehtiyacımız yoxdur. Biz nisbətən bu yaxınlarda qəbul edilmiş 2030-cu il strategiyasına əsasən ölkəmizin qarşısında duran strateji hədəflərimiz üçün borc alacağıq və bu strategiyanın həyata keçirilməsi üçün toplayacağımız minimal məbləğ 40-50 milyard ABŞ dolları olacaq. Başqa sözlə, texnoloji keçidlə əlaqəli məsələlərlə bağlı borc almağa davam edəcəyik, eyni zamanda, gələcək iqtisadi planlarımızı əsas etibarilə öz ehtiyatlarımıza əsaslanaraq quracağıq.

Cənab Harms qeyd etdiyi kimi, enerji ilə də bağlı klaster olacaq. Bununla bağlı bir neçə söz deyim. Bu yaxınlarda - bir ildən az vaxt bundan əvvəl Azərbaycan Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen tərəfindən Avropa üçün enerji sektorunda etibarlı tərəfdaş adlandırılıb. Nailiyyətlərimizin bu cür qiymətləndirilməsi böyük şərəfdir. Həqiqətən də real hədəf olan yerdə, biz bir çox Avropa ölkələrini neft, neft məhsulları, neft-kimya məhsulları ilə təchiz edirik.

İki ildən çox bundan əvvəldən etibarən bəzi ölkələr artıq Azərbaycandan elektrik enerjisi və əlbəttə ki, təbii qaz almağa başlayıb. Lakin Avropada yeni mənbələrdən təbii qaza olan tələbatın artması ilə əlaqədar, hazırda biz kəmər imkanlarımızı genişləndirməyi planlaşdırırıq. Biz xüsusilə 16 milyard kubmetr tutumu olan TANAP-ı 32 milyard kubmetrədək, 10 milyard kubmetr tutumu olan TAP-ı isə 20 milyard kubmetrədək genişləndirməyi planlaşdırırıq. Bu, əsasən Avropadan tələbatın artması ilə əlaqədardır, çünki təsəvvür edə bilərsiniz ki, 3500 kilometr uzunluğu olan, 3 kəmər sistemini birləşdirən, 2021-ci il yanvarın 1-də istismara verilmiş kəmərin indi genişlənməyə ehtiyacı var.

Rusiya-Ukrayna müharibəsi başlayandan sonra bizə qaz təchizatı və ya mövcud qaz təchizatının artırılması ilə bağlı 10-dan çox Avropa ölkəsindən müraciət olunub. Biz tərəfdaşlarımızın ehtiyaclarını qarşılamaq üçün hər şeyi edirik. Bizim qaz təchizatımızın artıq kifayət qədər şaxələndirilmiş coğrafiyası var.

Müzakirələrimizin tərkib hissəsi olacaq başqa bir məsələ nəqliyyat və logistikadır. Biz enerji satışından əldə etdiyimiz vəsaiti, yəni, neft və qaz gəlirlərini nəqliyyat infrastrukturuna yönəltmək üçün çox gərgin işləmişik. Hazırda buna demək olar ki, nail olunub. Buna, demək olar ki, bizdə olan və faktiki surətdə infrastrukturumuzun tamamilə əhatə etdiyi proqnoza əsasən nail olunub. Lakin indi yenə də Rusiya-Ukrayna müharibəsi nəticəsində Azərbaycanın nəqliyyat infrastrukturuna tələbat artır. Ötən il tranzit yüklərimizdə 75 faizdən çox artım olub və hətta bizim nisbətən yeni tikilmiş yükaşırma imkanı 15 milyon ton olan dəniz ticarət limanında müəyyən tıxac yaranıb.

Bir sözlə, biz çox ürəkdən çalışırıq və əlavə maliyyə vəsaitlərini ayırırıq ki, dəniz limanımızın və dəmir yolu infrastrukturunun imkanlarının artırılması baş tutsun. Əlbəttə ki, bütün bunlar icra olunmalıdır. Təbii ki, ümidvarıq, Almaniya şirkətləri bu sahədə bizim tərəfdaşlarımız olacaqlar. Əsas perspektiv planlarımıza gəldikdə, əlbəttə ki, təxminən 30 il ərzində işğal altında olmuş Qarabağ və Şərqi Zəngəzurun azad edilmiş torpaqlarında yenidənqurma işləri nəzərdə tutulur. Hazırda Livanın ərazisi qədər sahə tamamilə yerlə-yeksan edilib. Beləliklə, biz “Böyük Qayıdış” adlanan dövlət proqramına artıq start vermişik. Biz proqramı tərtib etmişik və ilk sınaq layihəsini artıq həyata keçirmişik. Müharibə bitdikdən sonra cəmi ilyarım ərzində 400-dən artıq məcburi köçkün öz yerlərinə qayıdaraq məskunlaşıb. Planımızda yüz minlərlə keçmiş məcburi köçkünü öz yurd-yuvalarına qaytarmaqdır, çünki erməni işğalı nəticəsində bir milyon soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Bir sözlə, bu, böyük proqramdır və onun icrası böyük vəsaitlər tələb edəcək. Biz tamamilə yeni, müasir standartlar əsasında layihəni icra etməyi planlaşdırırıq. Qarabağ və Şərqi Zəngəzur bölgələrini artıq yaşıl enerji zonası elan etmişik. Orada yalnız bərpaolunan enerji mənbələrindən istifadə ediləcək. Bu mənbələr nəinki həmin yerlərdə insanların və sənayenin tələbatını ödəyəcək, o cümlədən ölkənin qalan hissəsinə də xidmət edəcək.

Eyni zamanda, bərpaolunan enerji mənbələrinin böyük potensialı var. Ola bilsin, biz bu mövzunu görüşümüz zamanı daha geniş şəkildə müzakirə edə bilərik. Lakin deyə bilərəm ki, Azərbaycanda külək və günəş enerjisi mənbələrinin potensialı 200 qiqavata yaxındır. Beləliklə, hazırda biz nəinki xarici sərmayədarları cəlb etməkdə davam edirik, o cümlədən həmin enerji həcmlərini ixrac etmək məqsədilə lazımi ötürmə imkanlarını da yaradırıq. Bəlkə burada mən çıxışımı yekunlaşdırım ki, müzakirələrimiz üçün çox vaxtımız olsun. Sağ olun.

Moderator Mixael Harms: Cənab Prezident, aydın strateji istiqamətləri təsvir etdiyinizə görə çox sağ olun. Təəssürat bağışlayan rəqəmləri qeyd etdiyinizə görə minnətdaram. Bu, çox maraqlıdır və gördüm ki, bir çox iştirakçı bunları qeyd edir, çünki bizim üçün çox aydın perspektivlər açılır. Gəlin, enerji sahəsi ilə başlayaq. Əvvəlcə mən “Siemens Energy” şirkətinin nümayəndəsi, cənab Vaysa söz verəcəyəm. Sonra “Uniper” şirkətindən cənab Peter Hohaus çıxış edəcək. “S.E.T.” şirkətindən cənab Dohna, “Notus Energy” şirkətindən cənab Pallut, daha sonra cənab Kasapoğlu və doktor Falk. Masa üzərində mikrofonlar qoyulub, onlardan istifadə edin.

“Siemens Energy” şirkətinin təmsilçisi Kristian Vays: Sağ olun. Zati-aliləri, Prezident Əliyev. Xanımlar və cənablar. Əvvəlcə, dəvətə görə çox sağ olun. Mühüm tədbirdir. Adım Kristian Vaysdır. Mən “Siemens Energy” şirkətini təmsil edirəm. Mən enerji sahəsində kommersiya əməliyyatlarına görə Avropa və Mərkəzi Asiya regionları üzrə cavabdehəm. Bizim 90 ölkədə 19 min əməkdaşımız var. Biz, həmçinin Azərbaycanda işləyirik. Orada quraşdırılmış enerji güc avadanlıqlarına xidmət göstəririk. Məmnunluqla qeyd etdim ki, iqtisadiyyatınız güclü dərəcədə artır və Siz alman və digər xarici şirkətlərlə əməkdaşlığı təşviq edirsiniz. Konkret layihələrdən danışsaq, biz artıq uzun müddətdir ki, Azərbaycanda fəaliyyət göstəririk. Sumqayıtdakı 500 meqavatlıq Enerji Stansiyası layihəsində iştirakımızdan fərəhlənirik.

Yerli elektrik şəbəkəsinin və elektrik enerjisinin ötürülməsi üçün yarımstansiyaların istismarı, xüsusən də Qarabağ regionunda potensialın qiymətləndirilməsi sahəsində yerli tərəfdaşlarla birgə səylər göstəririk. Yeri gəlmişkən, bu halda Türkiyə və Avropa istiqamətində Qafqaz ölkələrindən elektrik enerjisinin ötürülməsi xətlərinin gücləndirilməsi də nəzərdə tutulur. Bununla yüksək gərginlikli xətlərin tam əlaqəsi təmin edilə bilər. Beləliklə, Sizin də qeyd etdiyiniz kimi, Azərbaycanda istehsal olunmuş elektrik enerjisinin ötürülməsinə imkanlar yarada bilərik. Sonuncu, lakin mühüm məsələ ondan ibarətdir ki, biz BP kimi tərəfdaşımızla birgə Səngəçalda elektrikləşdirmə layihəsinin icrası ilə bağlı öhdəliyi öz üzərimizə götürməyə və dəstək verməyə hazırıq. Dekarbonlaşdırma strategiyası çərçivəsində Azərbaycanın növbəti inkişafını təmin etmək məqsədilə Sizin göstərişləriniz və planınıza uyğun birbaşa və ya dolayı yolla karbohidrogenlərin havaya atılmasının qarşısını almaq üçün tam müasir konsepsiyanı tərtib etmək işinə artıq cəlb olunmuşuq. Biz düşünürük ki, məhz həmin konkret üç sahədə töhfə verə bilərik. Bir daha bildirmək istəyirəm ki, Azərbaycanda işləyirik və ölkənin uğuruna inanırıq. Lakin inanıram ki, biz daha çox işlər görə bilərik. Çox sağ olun.

Prezident İlham Əliyev: Sağ olun.

“Uniper” şirkətinin təmsilçisi Peter Hohaus: Hörmətli cənab Prezident, xanımlar və cənablar.

Mən “Uniper” şirkətini təmsil edirəm. Bu gün Sizinlə bu fikir mübadiləsini aparmaqdan çox məmnunuq. Mən “Uniper” şirkətini Berlində təmsil edirəm, çünki mən Sizin təbii qaz üzrə etibarlı tərəfdaş olduğunuzu təsdiq edə bilərəm. Məhz bu sahəni birinci mövzu kimi qeyd etmək istərdim. “Uniper” şirkəti olaraq, iki istiqamət üzrə işləyirik: istehlakçılar üçün təchizatın təhlükəsizliyi və ikincisi, enerji sisteminin dekarbonlaşdırılmasıdır. Təbii ki, biz Sizin şirkətiniz SOCAR ilə 2006-cı ildən etibarən tərəfdaşlıq qurmuşuq. 2013-cü ildə uzunmüddətli müqavilə imzalamışıq və 2019-cu ilin sonundan başlayaraq şirkətiniz bizim üçün Cənub Qaz Dəhlizində etibarlı təbii qaz təchizatçısıdır. Bu səbəbdən düşünürük ki, hazırkı şəraiti nəzərə alaraq, bizim şaxələndirmə strategiyamız dəyişib. Almaniyada hesab edirlər ki, Cənub Qaz Dəhlizinin daha da genişləndirilməsi baş tutsa, yaxşı olardı. Yəni, ötürmə qabiliyyəti 20 milyard kubmetrə qədər artsın, çünki “Uniper” şirkəti olaraq biz həmin marşrutla daha çox təbii qazın təchiz olunmasında çox maraqlıyıq. Buna görə yaxşı olardı ki, hər iki hökumət həll olunmalı qalan məsələlərə diqqət yetirsin və maliyyələşmə sahəsində addımlar atılsın, icazələrin verilməsi prosedurları sürətləndirilsin. Buraya, əlbəttə ki, tənzimləyici qaydaları da əlavə edirəm.

İkinci addım ondan ibarətdir ki, biz artıq enerji səmərəliliyi sahəsində SOCAR ilə birgə işlər görmüşük. Birinci layihə Sumqayıtda SOCAR-ın “Azərikimya” kompleksində həyata keçirilib. Orada biz Azərbaycanda tam inteqrasiya edilmiş ilk istilik enerji stansiyasını tikib təhvil verdik. Bu layihənin daha da genişləndirilməsi üçün əlavə imkan var, çünki “Uniper” şirkəti dekarbonlaşdırmaya 2035-ci ildə kömürdən tamamilə imtina edərək enerjinin istehsalına tam sadiqdir. Bu səbəbdən növbəti enerji keçidi üçün biz SOCAR ilə artıq birgə işçi qrupu yaratmışıq ki, ölkənizdə yaşıl hidrogenin potensialını araşdıraq. Biz Çilov adasında artıq kiçik külək enerjisi stansiyasını istismara vermişik. Gələn illərdə bərpaolunan enerji potensialının çox yüksək olduğunu görürük və bilirik. Enerjinin ənənəvi sahəsində, yəni, təbii qaz və neft sektorunda qalmamaqdan ötrü hökumətlərimizin dəstəkləməli olduğu ümumi ikitərəfli əməkdaşlıq üçün qeyd etdiklərim növbəti iş sahəsi ola bilər. Zati-alinizin qeyd etdiyi kimi, bu, ölkənizdə, həmçinin şaxələndirmə üçün çox vacibdir və biz bu sahəyə töhfə verməyi arzulayırıq. Çox sağ olun.

Moderator Mixael Harms: Sağ olun. Buyurun, cənab Dohna.

“SCT Energy” şirkətinin təmsilçisi Dohna York: Hörmətli cənab Prezident, giriş sözünüzə görə təşəkkür edirəm. Çox maraqlı çıxış oldu. Biz kifayət qədər kiçik və o qədər də tanınmayan alman şirkətiyik. Bu, bir ailəyə məxsus və Hamburqda yerləşən şirkətdir. Bununla belə, biz enerji, xüsusən də neft və qaz sənayesi sahəsində 40 ildən artıqdır ki, fəaliyyət göstəririk. Atdığımız ilk addımlardan və gördüyümüz işlərdən biri Azərbaycanla bağlı olmuşdur. Həmin vaxt şirkətə mən rəhbərlik etmirdim, hələ məktəbdə təhsil alırdım. Ailəmizin digər üzvləri 1990-cı və 2000-ci illərdə SOCAR-dan olan tərəfdaşlarla çalışırdılar. Elə həmin vaxtdan biz SOCAR ilə münasibətlərimizi qoruyub saxlamışıq. Bu, xüsusən neft və qaz sektoruna aiddir. Bununla belə, Sizin ölkəniz ənənəvi enerji mənbələrindən yeni mənbələrə keçid etdiyi kimi, biz də ötən il və inişil keçid proseslərinə qoşulduq. Ekspert biliklərimizin daşımalar və nəqliyyat sahəsinə aid olmasına baxmayaraq, biz ticarət şirkəti kimi fəaliyyət göstəririk. Bu səbəbdən biz nəinki Almaniyada, eləcə də digər ölkələrdə, Qara və Aralıq dənizləri regionlarında fəalıq. Biz Albaniyada böyük işlər görürük və bu ölkə TAP boru kəmərində əsas iştirakçılardan biridir. Məndən əvvəl çıxış etmiş natiqlərdən fərqli olaraq, biz o qədər strateji və siyasi layihələrlə məşğul olmasaq da, yenə də ümidvarıq ki, Sizinlə və Azərbaycandan, SOCAR-dan olan həmkarlarımızla müzakirə etmək istədiyimiz daşımalar sahəsində bəzi ideya və layihələrimiz maraqlı olardı. Sağ olun.

Prezident İlham Əliyev: Sağ olun.

Moderator Mixael Harms: Sağ olun. Buyurun, Matthias Pallutt.

Potsdamda yerləşən “Lotus Energy” şirkətinin təmsilçisi Matthias Pallutt: Çox sağ olun. Biz bərpaolunan enerji sahəsində layihələri tərtib edən şirkətik. Bu, əsasən, külək və günəş enerjisi layihələridir. Biz fəaliyyətə 2001-ci ildə Almaniyada başladıq və sonra qısa müddət ərzində digər ölkələrə keçdik. Ölkələr sırasında təkcə Avropa dövlətləri deyil, o cümlədən Latın Amerika ölkələri də var. Biz Azərbaycanda da fəaliyyətə başlamışıq. Ötən il bizim torpaq mülkiyyətçiləri, elektrik enerjisini alan tərəflərlə və investorlarla çox perspektivli danışıqlarımız oldu. Hələ ki, konkret biznes təklifini tapmamışıq.

Bildirmək istəyirəm ki, ölkənizdə nəhəng sərvətlər var. Bu, təkcə neft və qaz deyil. Siz də qeyd etdiyiniz kimi, buraya günəş və külək enerjisi də aiddir. Lakin əsaslı biznes təklifinə gəldikdə, biz adətən qarşımıza bir neçə sual qoyuruq. Bilirəm ki, təbii sərvətlərə gəldikdə, enerji istehsalı kifayət qədər çoxdur. Lakin enerjinin qiyməti, investorların sərmayə qoyacağı sahələr və faizlər kimi digər məsələlərə toxunduqda suallar qalır. Hesab edirəm ki, layihə tərtibatçısı kimi, biz hər kəsin üzləşdiyi eyni problemləri görürük. Burada söhbət faiz dərəcələrinin kəskin artmasından gedir. Düşünürəm ki, bu cür məsələlər sərmayələri məhdudlaşdıra bilər. Mənim üçün bilmək maraqlıdır ki, Sizin ölkənizdə bərpaolunan enerji layihələrinin gücləndirilməsində strategiyanız nədən ibarətdir? Çox sağ olun.

Moderator Mixael Harms: Sağ olun, cənab Pallutt. Cənab Kasapoğlu, söz sizindir.

“Edison Technologies and Engineering Group”un baş icraçı direktoru Edison Kasapoğlu: Cənab Prezident, çox sağ olun. Sizin məqsədləriniz və təqdim etdiyiniz hazırkı planlarınız çox böyük təəssürat bağışlayır. Qarşınıza qoyduğunuz planlar həqiqətən əla planlardır.

Bizim şirkət enerji bazarında 2004-cü ildən etibarən fəaliyyət göstərir. Dünyadakı digər mühəndis tərəfdaşlarımızla biz əsasən böyük hökumət layihələrinə dəstək veririk. Bu gün mən, cənab Prezident, üç məsələni qeyd etmək istərdim və ümidvaram ki, həmin məsələlərə cavabınızı eşidəcəyəm. Birinci məsələ ondan ibarətdir ki, cənab Putin Xəzər dənizinin hüquqi statusu ilə bağlı razılaşmanı təsdiqlədikdən sonra biz 2018-ci ilin avqustunda “Erlikid”, “Sinopec Engineering” və “Manesman” şirkətləri ilə Türkmənistandan Azərbaycan vasitəsilə Avropaya çəkiləcək qaz boru kəməri üzərində işləməyə başladıq. İşlər müəyyən dərəcəyə qədər icra olundu. Lakin əfsuslar olsun ki, biz növbəti mərhələyə çıxa bilmədik. Burada, cənab Prezident, mən Sizdən “Transxəzər” boru kəməri barədə soruşmaq istərdim. Bu layihə yenidən bərpa oluna bilərmi? Həmin vaxt, yəni, 2018-ci ilin avqust ayında, qeyd etdiyim kimi, mətbuatda hətta konsorsiumla birgə məlumat verilmişdi ki, biz həmin layihədə əməkdaşlıq üçün tam şəbəkə yaratmışıq. Bu layihənin maliyyələşdirilməsini dəstəkləmək üçün idarə heyətinə hətta çox böyük maliyyə təsisatı da qoşulmuşdu. Bu, birinci məsələdir.

İkinci məsələ bizim DESFA və “Snam” ilə olan öhdəliklərimizə aiddir. Bu, Türkiyə ilə Yunanıstan arasında yerləşən qovşaqda təbii qazın qəbul edilməsi əməliyyatı ilə bağlıdır. Avropa istiqamətində bir neçə milyard kubmetr qazın qəbul edilməsi nəzərdə tutulur. Aydındır ki, “Snam” Avropa ölkələrinə gedən boru kəmərlərinə malikdir. Mən bilmək istərdim ki, Azərbaycan bu həcmlərin alınmasında bizə dəstək verə bilərmi? Biz artıq BOTAŞ ilə müzakirələr aparmışıq və onlar bu həcmlər üzrə bizə dəstək verəcəklərini bildiriblər.

Diqqətinizə çatdırmaq istədiyim üçüncü məsələ isə ümumi xarakterli məsələdir. İki həftə əvvəl Özbəkistandan nümayəndə heyətini qəbul etdik. Onların, həmçinin günəş panelləri, iri həcmdə enerji istehsalı, günəş enerjisi ilə bağlı böyük planları var. Cənab Prezident, Siz də bunu əvvəldə qeyd etdiniz. Mühəndis şirkəti kimi biz günəş panellərinin istehsalı ilə bağlı işlərə hələ 2014-cü ildə başlamışıq və günəş enerjisi bazarında fəaliyyət göstəririk. Hazırkı vəziyyəti götürsək görürük ki, indi günəş panellərinin 95 faizi Çin təchizatından asılıdır. Həmin mono və ya polikristala əsaslanan panellərin istehsalı, əslində, 85 faiz enerji tələb edir. Bu isə günəş panellərinin istehsal xərclərini açıq-aydın göstərir. Əsas xərclər məhz istehsal prosesində kremniyin istifadəsi ilə bağlıdır. Biz bunu “kvarts kremniy” adlandırırıq. Biz ondan ərinti alaraq günəş panellərinin daxili hissələrini hazırlayırıq. Sonra isə həmin panellər günəş enerjisini verir. Bu, istehsalın son mərhələsidir.

Moderator Mixael Harms: Xahiş edirəm, vaxta qənaət edək.

Edison Kasapoğlu: Bitirirəm. Bu, sonuncu sualdır. Sualım Sizədir, cənab Prezident. Bizdə texnologiya var, konsorsium qurmuşuq. Ölkəniz üçün maraqlı layihə ola bilər ki, biz günəş paneli çərçivəsini istehsal edən xətti işə salaq. Bu, enerjiyə çox qənaət edən xətt olacaq. Belə olan halda, günəş panellərini bütün dünyaya sata bilərsiniz. Bu, üçüncü sualım idi. Çox sağ olun, cənab Prezident.

Moderator Mixael Harms: Sağ olun. Çox konkret suallardır. Enerji sahəsində sonuncu, lakin vacib sual. Buyurun, doktor Tomas Falk.

“Falk and Zeitung” şirkətinin təsisçisi və baş icraçı direktoru Tomas Falk: Hörmətli Prezident Əliyev, bizim şirkət müstəqil konsaltinq şirkətidir. Mən və heyətim siyasi və iqtisadi məsələlərlə, eləcə də biznesin inkişafı ilə bağlı böyük beynəlxalq korporasiyalara məsləhətçi xidmətləri göstəririk. Biz Şərqi Avropa, Xəzər regionu və Mərkəzi Asiyaya xüsusi diqqət yetiririk. Bu gün iki müştərim adından bu tədbirdə iştirak etmək üçün yaratdığınız şəraitə görə minnətdaram. Onlardan biri “Nikisa” Yaponiya şirkətidir. O, nasoslar və maye qaz, eləcə də təbii qazın separatorları, hidrogen və digər sənaye qazları, karbon qazının yığılması və saxlanılması sahələrində aparıcı avadanlıq istehsalçılarından biridir. Qrupumuz Azərbaycanda artıq fəaliyyət göstərir və məsələn, maye oksigenin, azotun istehsalı üçün ölkənizə avadanlıq təchiz edib. Biz alman podratçısı vasitəsilə yerli şirkətlə işbirliyi qurmuşuq. Gələcəkdə “Nikisa” şirkəti öz fəaliyyətini genişləndirmək istəyir və hava separatorları, CO2-nin yığılması və saxlanılması, maye qaz sahələrində, Bakı gəmiqayırma zavodunda, Sumqayıt Texnologiyalar Parkında işləməyi arzulayır.

Çənlər və nasoslara gəldikdə, “AzerGold” şirkəti ilə əməkdaşlıq qurmaq istəyirik. Əlavə olaraq biz doldurma stansiyaları, maye qaz, xüsusi nasoslar və hidrogen sahələrində aparıcı texnologiyaları təqdim edə bilərik və mümkün əməkdaşlığı SOCAR ilə müzakirə etməyə hazırıq.

“Nikisa” şirkəti ilə yanaşı, biz “Sana Clinic” şirkəti ilə də birgə işləyirik. Bu, Almaniyada iri özəl klinikalar şəbəkəsidir. 60 müasir klinikaya əlavə olaraq “Sana Clinic” bütün Avropada tibbi avadanlığın istehsalı şəbəkəsinə malikdir. Hazırda “Sana Clinic” Mərkəzi Asiyada ambulator tibbi xidmətlər göstərir. Bundan sonra istərdik ki, Azərbaycan kimi ölkələrin də tibbi xidmətlər bazarına daxil olaq.

Cənab Prezident, diqqətinizə görə çox sağ olun. Ümidvaram ki, qeyd edilən səhiyyə sektoruna aid layihələr üzrə müştərilərimin fəaliyyəti üçün dəstək alacağam. Biz müvafiq vaxtda həmin məqsədlə görüşlər keçirmək üçün Azərbaycana səfər etməkdən məmnun olardıq.

Moderator Mixael Harms: Çox sağ olun, Tomas. Buyurun, cənab Prezident, şərh verərdiniz.

Prezident İlham Əliyev: Çox sağ olun. Praktiki əhəmiyyət daşıyan bir çox məsələlər qeyd edildi, o cümlədən bəzi gələcək planlarımızla bağlı suallar verildi. Mən xronoloji ardıcıllıqla başlayacağam. “Siemens”ə gəldikdə, bəli, mən “Sumqayıt” Elektrik Stansiyasının açılışında iştirak etdim. Məncə, o, 2009-cu ildə idi. 525 meqavat gücündə stansiya Azərbaycanda müasir texnologiya əsasında tikilmiş ilk elektrik enerjisi stansiyası idi. Həmin vaxtdan etibarən elektrik enerjisi stansiyası tam gücü ilə işləyir. Həmin layihəni başladığımız zaman düşündük ki, 525 meqavat həddindən artıq çoxdur. Lakin indi anlayırıq ki, bu, vaxtında icra edilmiş layihə oldu, çünki Azərbaycanın tələbatı artıb və bu, sənaye və əhali artımı ilə bağlıdır. Əfsuslar olsun ki, bəzi iqlim dəyişiklikləri səbəbindən Xəzər dənizinin səviyyəsi aşağı düşüb, su dayazlaşıb. Biz dənizdə estakada tikməli idik ki, daha çox suyu toplayıb götürə bilək. Bununla belə, elektrik stansiyası tam gücü ilə işləyir və biz bundan tamamilə məmnunuq.

Hazırda icra olunan və ya icrasını planlaşdırdığımız layihələrə gəldikdə, xüsusən də siz Yaşmada elektrik stansiyasını qeyd etdiniz. Bilirəm ki, Yaşma layihəsində tender proseduru gedir və əminəm ki, sizin təklifiniz ən yaxşılar sırasında olacaq. Tender proseduru açıq və şəffafdır. Məlumat almışam ki, burada maraqlı olan bir sıra şirkətlər iştirak edir və mən sizə, sadəcə, uğurlar arzu edə bilərəm.

Məlumat üçün bildirmək istərdim ki, biz bu yaxınlarda Mingəçevirdə 1280 meqavat gücündə yeni elektrik stansiyasının təməlqoyma mərasimini keçirdik. Bərpaolunan enerji planlarımıza baxmayaraq, biz hələ də anlayırıq ki, sənaye və əhali artımı səbəbindən daha çox elektrik enerjisi istehsal etməli olacağıq. Bizim bərpa ediləsi 10 min kvadratkilometrlik torpaqlarımız var. Buna görə bizə əlavə təchizat lazım olacaq.

Naxçıvan Elektrik Stansiyasına gəldikdə, Qarabağ və Şərqi Zəngəzurla yanaşı, Naxçıvanı da yaşıl enerji zonasına çevirmək planlarımız var. Naxçıvanda su elektrik stansiyasının tikintisi üçün böyük potensial mövcuddur. Həmçinin bu yaxınlarda orada ekspertiza aparılıb və ola bilsin, yaxın vaxtlarda 500 meqavatlıq günəş elektrik enerjisi stansiyasının tikintisi ilə bağlı bəzi addımlarımız olsun. Eyni zamanda, Naxçıvanda ənənəvi elektrik stansiyaları da çox münasibdir. Çünki Naxçıvanın böyük ixrac potensialı mövcuddur, onun Türkiyə və İranla sərhədi var. Hər iki ölkədə elektrik enerjisinə artan tələbat var.

Elektrik şəbəkəsi ilə bağlı apardığınız fəaliyyəti tam dəstəkləyirəm. Bu, bizə həqiqətən lazım olan sahədir, çünki bərpaolunan enerjinin böyük həcmi mövcud şəbəkəyə inteqrasiya edilməlidir. Belə olmasa, biz həmin enerjini, necə deyərlər, toplaya bilmərik. Buna görə enerji şirkətlərimizin qarşısında duran əsas hədəflərdən biri məhz bundan ibarətdir. Ümidvaram ki, bu layihə uğurla icra olunacaq.

Siz, həmçinin elektrik enerjisinin ötürülməsini qeyd etdiniz. Bu, ən vacib məsələlərdən biridir, çünki bu gün bizim ixrac imkanlarımız ötürülmə gücləri ilə məhdudlaşır. Xatirimdədir ki, Gürcüstan və Türkiyə vasitəsilə maksimum 1000, yaxud 1500 meqavat ötürmə qabiliyyəti var. Hər iki ölkədə - Gürcüstan və Türkiyədə bu həcmlər tamamilə son həddədir. Buna görə ötürmə qabiliyyətinin artırılması üçün həmin iki ölkəyə əlavə sərmayələr yatırılmalıdır. Xüsusən də nəzərə alsaq ki, ötən ilin dekabrında Buxarestdə Azərbaycandan Avropaya yaşıl enerjinin ötürülməsi üçün Qara dənizin dibi ilə kabelin çəkilməsi məqsədilə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında saziş imzalandı. Cari ilin fevralında bu layihənin idarəetmə komitəsinin ilk iclası həmin ölkələrin nazirlərinin və Avropa Komissiyasının enerji üzrə komissarının iştirakı ilə Bakıda keçirildi. Birinci görüşdə biz onun vahid layihə olacağı üzərində razılığa gəldik. O, Cənub Qaz Dəhlizindən fərqlənəcək, çünki orada Cənub Qafqaz Boru Kəməri, TANAP və TAP var. Bu, Xəzər dənizində külək enerjisi stansiyalarından başlayan və Avropa istehlakçılarına xidmət edən vahid layihə olacaqdır. Qara dənizin dibi ilə ötürmənin birinci mərhələsində 4 qiqavatlıq güc nəzərdə tutulur. Lakin bunun üçün biz ötürmə xətlərini genişləndirməliyik. Yoxsa, bu, tamamilə mənasız olardı. Bundan əlavə, bir azdan sonra mən sizə artıq imzaladığımız planlarımız, müqavilələrimiz və anlaşma memorandumları barədə məlumat verəcəyəm. Hesab edirik ki, 4 qiqavat yalnız başlanğıcdır. Avropadakı tələbatı, o cümlədən Almaniyadakı tələbatı bilirik. Düşünürəm ki, rəqəmlər onlarla qiqavat təşkil edir və tələbat yalnız artacaq. Buna görə, bizdə bu imkan var və biz sadəcə bütün sxemləri yığmalıyıq.

BP ilə birgə icra etdiyiniz Səngəçal Terminalına elektrik enerjisinin verilməsinə gəldikdə, sizə deyə bilərəm ki, bu layihənin özü də bərpa olunan enerji siyasətimizdən qaynaqlanır. Biz BP ilə razılaşdıq ki, o, Qarabağın azad olunmuş şəhərlərindən birində – Cəbrayıl şəhərində 240 meqavat gücündə günəş enerji stansiyasının tikintisində birbaşa xarici sərmayədar olacaq. İstehsal olunmuş həmin enerji bizim enerji sistemimizə daxil ediləcək. Eyni zamanda, biz Səngəçal terminalını elektrik enerjisi ilə təmin etmiş olacağıq və onlar qazdan istifadəni dayandıracaq. Həmin qaz boru kəmərinə daxil ediləcək və Avropaya yönləndiriləcək. Bir sözlə, burada üçtərəfli uduşlu vəziyyətdir. Biz 240 meqavatlıq günəş enerji stansiyasını alırıq, BP-nin Səngəçal terminalı karbonsuz və daha səmərəli qaydada fəaliyyət göstərməyə başlayır və onların istifadə etdiyi qaz Avropaya ixrac olunur. Biz bu layihəni enerji səmərəliliyi baxımından, çox əhəmiyyətli hesab edirik.

SOCAR-ın işlədiyi digər layihə də var. O, dənizdəki platformalarımıza elektrik kabellər çəkir ki, orada fəaliyyət üçün təbii qazdan istifadə olunmasın. Onlar yaşıl enerjidən istifadə edəcək və platformalarda əvvəlcə elektrik stansiyalarında istifadə olunan qaz sahilə nəql olunacaq və həmçinin Avropaya çatdırılacaq. Avropada artan tələbatı nəzərə alaraq, biz nəinki qazın hasilatını artırırıq, o cümlədən biz enerji səmərəliliyi sayəsində əlavə qazı toplayacağıq.

“Uniper”ə gəldikdə, bildiyimə görə, alış və satış müqaviləsi müddəti baxımından ən uzun müqavilələrdən biridir. Məncə onun vaxtı 2045-ci ildə bitir, 25 ildən sonra. Elədir! Sonra, ola bilsin, onun müddəti artırılacaq, çünki Avropaya təbii qazın çatdırılması ilə bağlı planlarımız həmin vaxtla məhdudlaşmayacaq. Bildiyimə görə, Sumqayıtda enerji səmərəliliyi ilə bağlı birgə müəssisə layihəniz bu yay başa çatır. Siz həmin layihənin uzadılması planlarınızı qeyd etdiniz. Mən bunu tam dəstəkləyirəm, çünki “Azərikimya”nın buna ehtiyacı var. Bir sözlə, əməkdaşlığın artıq yaxşı tarixi var. Təbii qaza gəldikdə, siz bizim müştərimizsiniz. Əlbəttə, Azərbaycanda nə qədər çox birgə biznes aparsaq, bir o qədər yaxşı olar.

Çilov adasında yaşıl hidrogenlə bağlı layihənizə gəldikdə, belə başa düşürəm ki, bu, sizin üçün bir növ sınaq layihəsi idi, çünki onun real həcmi kiçikdir. Mən bəzi rəqəmləri gətirəcəyəm, bəzi planlarımızı xatırladacağam. Lakin məsləhət görərdim ki, əgər bərpaolunan enerji ilə bağlı layihələri nəzərdən keçirsəniz, sizə və buna marağı olan bütün tərəfdaşlarımıza nəyin baş verdiyini, o cümlədən qiymətlər barədə bəzi məlumatı sadəcə bildirmək istərdim. Azərbaycanda elektrik enerjisi ilə bağlı mövcud daxili qiymətlər xarici sərmayədarlar üçün sərfəlidir. Bu, birincisi. Belə olmasa, onlar sərmayə yatırmazdı. Bu gün bizim icra olunan iki müqaviləmiz var. Onlardan biri “Masdar” ilə, digəri isə, “ACWA Power” ilə imzalanıb. Bunlar iki qlobal enerji şirkətləridir və onlar bərpaolunan enerjiyə böyük sərmayələr yatırırlar. Bu iki müqavilə icra olunmaqdadır. Ümumi həcmi 470 meqavatdır. Bundan əlavə, ümid edirəm, bu yaxınlarda BP ilə təməlqoyma mərasimi olacaq. Bu, əlavə 240 meqavat təşkil edəcək. Beləliklə, üç əsas enerji şirkəti hesab edir ki, Azərbaycanda bərpaolunan enerji sahəsində qiymətlər, tənzimləyici qaydalar və biznes mühit münasibdir. Belə olmasa, onlar sərmayə yatırmazdılar.

Əlavə olaraq biz anlaşma memorandumlarını imzalamışıq və bütövlükdə imzalanmış anlaşma memorandumları və müqavilələrin həcm səviyyəsi 25 qiqavatdır. “ACWA Power”, “Masdar”, BP və “Fortescue” resursları. Beləliklə, bu şirkətlərlə 25 qiqavat həcmində anlaşma memorandumları o deməkdir ki, bu layihələr icra olunacaq. Çünki bunlar ciddi şirkətlərdir və biz də ciddi ölkəyik. Bu şirkətlərlə anlaşma memorandumları imzalamaqla biz tamamilə əminik ki, onlar icra olunacaq. Buna görə potensial buradadır, dediyim kimi, 200 qiqavata yaxın. Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən təsdiqlənmiş 157 qiqavat enerji dənizdədir, qalanı isə qurudadır və hələ hidrogeni demirəm.

Beləliklə, biz həqiqətən də Avropa üçün vacib yaşıl enerji təchizatçısına çevriləcəyik və neft-qaz kəmərlərinin tikintisi üzrə uğurlu təcrübəmizi nəzərə alaraq, enerji təhlükəsizliyi üzrə Avropadan olan ölkələr və şirkətlərlə mövcud əməkdaşlığımız, Avropa Komissiyası tərəfindən bizim planların tamamilə dəstəklənməsi, bir ildən çox müddətdən əvvəl Avropa Komissiyası və bizim Energetika Nazirliyi arasında başlanılmış enerji dialoqu kimi bütün bu amillər həqiqətən onu nümayiş etdirir ki, Azərbaycandan olan yaşıl enerji tezliklə bu gün təbii qaz qədər əhəmiyyətə malik olacaqdır.

Sonra biz treydinq şirkətinə gəlib çıxırıq və siz yəqin bilirsiniz ki, SOCAR-ın, - bizim enerji şirkətinin, - öz treydinq departamenti - “SOCAR Treydinq”i var. Bu departament təkcə Azərbaycan neftinin deyil, həm də üçüncü tərəflərin neftinin satışı ilə də məşğuldur. Hesab edirəm ki, burada əməkdaşlıq imkanlarının dəyərləndirilməsi aparıla bilər. Beləliklə, hesab edirəm ki, bu, tamamilə mümkündür. Qiymətlərlə və biznes modelinin axtarışı ilə bağlı cənab Palluttun sualını cavablandırdım.

Bizdə günəş və küləkdən enerjinin əldə edilməsi ilə bağlı potensialın xəritəsi var. Bununla məşğul olan hökumət orqanı Energetika Nazirliyidir və bu nazirliyin bir hissəsi olan Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyidir. Düşünürəm ki, əgər marağınız varsa bizim iqtisadiyyat naziri sizi əlaqə məlumatı ilə, Azərbaycana gəlmək, Azərbaycanda biznesə başlamaqla bağlı məlumatla təmin edə bilər.

Cənab Kasapoğlunun Transxəzər boru kəməri ilə bağlı sualına gəldikdə bildirməliyəm ki, Transxəzər boru kəməri uzun illər müzakirə olunub. Mən ən azından onun on il müzakirə olunduğunu xatırlayıram. O, müzakirə olunan müddətdə biz Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kəmərlərini, Cənub Qaz Dəhlizini inşa etdik və Avropaya yaşıl enerji ötürən xətti çəkəcəyik və hələ də Transxəzər boru kəməri müzakirə olunacaq. Bax, vəziyyət belədir. Bizim təşəbbüskarı olduğumuz bütün layihələr artıq ya tamamlanıb, ya da şübhəsiz uğurlu olacaqdır. Transxəzər bizim layihəmiz deyil. Transxəzər layihəsində biz tranzit ölkəsi hesab olunuruq və biz, o cümlədən mən, dəfələrlə açıq bəyan etmişik ki, biz Xəzərin o tayında dost və tərəfdaşlarımızın boru kəmərini inşa etməyi qərarlaşdırdığı təqdirdə onlar üçün zəruri tranziti təmin etməyə hazırıq. Lakin məndə olan məlumata görə bu məsələnin indiyədək öz həllini tapmamasının səbəbi odur ki, maliyyələşmənin mənbəyi hələ də müəyyən olunmayıb. 30 milyard kubmetr həcmində olan boru kəmərinin tikintisinin yükünü kimin daşıması aydın deyil. Bu, müəyyən Avropa şirkətləri olacaq, yoxsa vəsait Avropa İttifaqı tərəfindən ayrılacaq, bunun üçün layihə ortaq maraqlar layihələri sırasına daxil edilməlidir. Mən bildiyimə görə bu belə deyil və bunun Türkmənistan hökumətinin olub-olmamasını da biz bilmirik. Buna görə bu, birinci sualdır, bu layihə üçün ödənişi kim edəcək? İkinci sual isə ondan ibarətdir ki, yaxşı, layihəni kimin maliyyələşdirdiyi müəyyən edildikdən sonra layihə Azərbaycana gələcək və oradan hara gedəcək? Çünki bizdə-TANAP-da indi boş qalan tutumumuz yoxdur. Biz yeni kompressor stansiyaları tikməklə TANAP-ı 16 milyard kubmetrdən 32 milyard kubmetrə qədər genişləndirəcəyik və boru Azərbaycan qazı ilə tam dolu olacaqdır. Bu isə o deməkdir ki, potensial kəmər olan Transxəzər boru kəməri Azərbaycana gəldikdən sonra kimsə Azərbaycandan Avropaya başqa bir boru kəmərini tikməlidir. Bu şirkətin kim olduğu yaxşı sualdır. Mən bu məsələyə skeptisizmlə yanaşmıram. Mən hər şeyi real qiymətləndirirəm. Yenə də deyirəm, bu, bizim layihəmiz deyil. Kimsə onu tikməyi qərarlaşdırarsa biz buna çox şad olarıq, çünki biz tranzitdən pul qazanacağıq, Şərqdə və Qərbdə olan qonşularımıza yaxşı xidmət göstərmiş olacağıq. Aralıq dənizi regionunda DESFA və “Snam” təbii qaz layihələrinə gəldikdə, mən bu sualı belə başa düşdüm, elə deyilmi?

Edison Kasapoğlu: Əslində, tranzit Kiprdən Türkiyə və Yunanıstan arasında həyata keçiriləcəkdir. DESFA yunan şirkətidir, lakin “Snam” törəmə şirkətdir və onlar bizim qarşımızda üzərinə öhdəlik götürdülər ki, bizə 1 milyard kubmetrdən 3 milyard kubmetrə qədər sərbəst tutum verəcəklər.

Prezident İlham Əliyev: Sərbəst tutum harada, TANAP-da?

Edison Kasapoğlu: Yox Kiprdən. Bizim Kipr-Yunanıstan sərhədinə qədər gedən boru kəmərimiz var. Onlar bizə Avropaya qazı nəql etmək üçün 1-3 milyard kubmetr sərbəst tutum verəcəklər.

Mikayıl Cabbarov: Cənab Prezident, Türkiyə və Yunanıstan sərhədindən söhbət gedir.

Prezident İlham Əliyev: Orada tutum var?

Mikayıl Cabbarov: Cənab Kasapoğlu deyir, - əgər mən onu düz başa düşürəmsə, - Türkiyə hökuməti şirkətə imkan verir ki, bu tranzit ötürmə tutumuna malik olsun. Bu da sonra beynəlxalq qaz donorların tapılmasından asılıdır. Düzdür?

Edison Kasapoğlu: Düzdür, bəli 1 milyard kubmetrdən 3 milyard kubmetrə qədər.

Prezident İlham Əliyev: Anladım. Bu fikir barədə heç nə eşitməmişəm, ona görə şərh verə bilmərəm. Bəlkə görüşümüzdən sonra bunu nazirimizlə müzakirə edib bizi daha çox məlumat və təfərrüatlarla təmin edə bilərsiniz. Əlbəttə ki, enerji təhlükəsizliyi ilə bağlı bizim dəstəyimizə ehtiyacı olan istənilən layihəni dəstəkləyəcəyik. Sonuncu qeyd isə Azərbaycanda bəzi işlərlə- gəmiqayırma zavodu və Sumqayıt Texnologiyalar Parkı ilə bağlı idi, əgər sualı düzgün başa düşmüşəmsə. Eləcə də hidrogen. Düşünürəm ki, mən bu məsələyə toxunmuşam, lakin Bakı gəmiqayırma zavodu çox məşğul olacaq. Biz onun tutumunu artırmağı planlaşdırırıq.

Dediyim kimi, Xəzər dənizi ilə daşımalar üçün tələbat artır. Azərbaycanın hələ ki, Xəzər dənizində ən böyük ticarət donanması, 50-dən çox gəmisi var. Bakı gəmiqayırma zavodu isə ildə 6 gəmi istehsal edə bilər və bu da həmin neft həcmləri və Mərkəzi Asiyadan, yəqin ki, Çindən gözlədiyimiz quru yük üçün kifayət etmir. Yəqin ki, eşitmisiniz Çindən, Qırğızıstan, Özbəkistan ərazisindən Xəzər dənizinə dəmir yolunun tikintisi layihəsi var və əlbəttə ki, layihə Xəzər dənizinə çatan kimi o, bizə tərəf gələcək. Beləliklə, biz Azərbaycan ərazisindən potensial daşıma həcmlərinin ciddi dəyərləndirmə prosesindəyik və biz buna hazır olmalıyıq. Biz investisiya yatırmalıyıq və bu sahədə çoxlu investisiya imkanları və ya müqavilə imkanları olacaq. Düşünürəm ki, mən bütün məsələləri əhatə edə bildim.

Moderator Mixael Harms: Konkret şərhlərinizə görə çox sağ olun, cənab Prezident. Növbəti klaster sənayeyə keçməzdən əvvəl mən cənab Trondleni unutmuşam. O, Almaniyanın günəş enerjisinin paytaxtını təmsil edir. Günəş enerjisi ilə bağlı qısaca qeydlərini bildirmək istəyir.

Dirk Trondle: Mən Frayburqdan gəlirəm. Təəssüf ki, bir az gec oldu. Bəzən belə şeylər baş verir, üzr istəyirəm. Frayburq günəş enerjisi sənayesinin paytaxtı sayılır, hətta dünya miqyasında deyərdim. Bizim böyük elmi bazamız, mühəndislərimiz var və onlar karbon emissiyaların azaldılması üçün Azərbaycanla işləməyə çox şad olardı. Frayburqla birgə işləməkdə maraqlı olsaydınız mən böyük məmnuniyyətlə Sizi, Sizin komandanızı, SOCAR-ı, nazirliyi dəvət etmək istərdim ki, özünüz hər şeyi görüb müzakirə edə biləsiniz. Əminəm ki, başqa imkanlar olacaq.

Prezident İlham Əliyev: Təşəkkür edirəm. Biz böyük məmnuniyyətlə birlikdə işləyərik və həmçinin əvvəlki sualda mən Azərbaycanda günəş panellərinin istehsal imkanları ilə bağlı fikrimi bildirməyi unutdum. Sizin şirkətlə və yaxud istənilən digər şirkətlə işləməyə şad olardıq. Çünki dediyim kimi böyük proses olacaq, böyük inkişaf olacaq. Bizim günəş elektrik stansiyalarında istifadə olunacaq günəş panellərinin əksəriyyəti Çində istehsal edilən panellərdir. Onlar yaxşı keyfiyyətə malikdir və əlçatan qiymətə satılır. Bildiyimə görə Avropa istehsalı, yumşaq desək, bir az bahadır. Lakin işçi qüvvəsinin qiymətini, enerji qiymətini və yerli tələbatı nəzərə alaraq Azərbaycanda birgə istehsalat təşkil etsək hesab edirəm ki, bu, rəqabətli ola bilər.

Dirk Trondle: Frayburq şəhərində günəş panellərinin yeni nəsli var. Onlar daha da elastik və mükəmməldirlər. Lakin bu məsələdə elm də tələb olunur. Yaxşı olardı ki, ümumi elmi layihələr olsun.

Prezident İlham Əliyev: Bəli, çox yaxşı. Bəlkə bizim görüşümüzdən sonra bu məsələ ilə bağlı təfərrüatlı fikir mübadiləsi apara bilərsiniz. Biz belə bir istehsalatı təşkil etməyə çox şad olardıq. Biz hazırda azad ticarət zonası üçün bütün zəruri infrastrukturun tamamlanması mərhələsindəyik. Bu zona Bakıya yaxın, Xəzər dənizinin sahilində yerləşir. Bu azad zonanın artıq ilk rezidentləri var. Azad ticarət zonası, onun qaydaları və üstünlükləri haqqında məlumat bizim nazir tərəfindən bu gün bir az sonra təqdim oluna bilər.

Moderator Mixael Harms: Çox sağ olun. Biz növbəti klaster olan sənaye və tikintiyə gəlib çatdıq. Biz “Knauf”un nümayəndəsi olan cənab Knotzer ilə başlayaq. Buyurun, cənab Knotzer.

“Knauf” Şirkətlər Qrupunun tərəfdaşı Uve Knotzer: Zati-aliləri, əvvəlcə gecikdiyim üçün üzr istəyirəm. “Knauf” tikinti materialları sahəsində dünya miqyasında lider şirkətdir. Keçən il 15 milyard avroluq satışımız olub və 90 ölkədə 42 min əməkdaşımız var. Biz 1990-cı illərdən bəri Azərbaycanda marketinq və satışla məşğuluq. 2008-ci ildən bəri isə biz Gəncədə yerli tikinti sənayesi üçün materiallar istehsal edirik. Məhsullarımız əsasən alçıpan əsaslıdır. Bizim dünya miqyasında 80 karxanamız və 4 yeraltı mədənimiz var. Bu, bizim xammalımızdır. Hər şey alçıpan əsaslıdır. Sizdən və nazirlikdən bir xahişim var. Bizim alçıpan ehtiyatlarımız qurtarıb. Azərbaycanda çoxlu alçıpan qəlibi var və bizə daha böyük həcm üçün dəstək lazımdır. Çünki biz yerli istehsalat üçün həcmi artırmaq istəyirik. Biz Azərbaycanda əlavə məhsullar istehsal etmək istəyirik və biz, həmçinin Gürcüstana ixrac etmək istəyirik və siyasət imkan versə Cənubi qonşulara ixrac etmək istəyirik. Mənim xahişim budur.

Prezident İlham Əliyev: Yeni alçıpan ehtiyatlarına çıxışda çətinliyiniz var? Siz bu məsələni yerli orqanlarla, İqtisadiyyat Nazirliyi ilə müzakirə etmisiniz?

Uve Knotzer: Hələ ki, birbaşa əlaqə yaratmamışıq, çünki biz tərəfdaşla işləyirik. Lakin oradakı material miqdarı ilə bağlı çətinliklərimiz var.

Prezident İlham Əliyev: Beləliklə, mövcud ehtiyat demək olar ki, bitib.

Uve Knotzer: Bəli və bizə daha çox lisenziyalar və mədən işləri aparmaq üçün yeni ərazi lazımdır ki, biz məhsuldar olmağa davam edək.

Prezident İlham Əliyev: Bəli, mən bunu tamamilə dəstəkləyirəm. Mənim layihə barədə məlumatım var. Sizin dediyiniz kimi, o, 2008-ci ildə Gəncə şəhərinin yaxınlığında, Goranboy rayonunun ərazisində icra olunmuşdur. Hesab edirəm ki, bu məsələnin həllini tapmaq mümkündür. Bəlkə iqtisadiyyat nazirinə əlavə məlumat verəsiniz və əlbəttə ki, biz həmişə xarici investorları dəstəkləyirik və sizin şirkətiniz onlardan biridir. Biz şaxələndirmə prosesinə başladıqda siz Azərbaycana sərmayə yatırmısınız. Beləliklə, siz Almaniyadan sərmayə yatıran şirkətlər arasında birincilərdən olmusunuz. Əlbəttə ki, biz sizinlə işbirliyinə davam etməkdə şad olardıq. Ehtiyatlarınızın bitməsi haqqında eşitməmişdim. Yəqin ki, çox gərgin çalışırsınız, bu yaxşı göstəricidir. Lakin mən iqtisadiyyat nazirinə indi göstəriş verirəm ki, bu məsələni ciddi araşdırsın və sizin üçün əlavə ehtiyatları tapsın ki, siz də öz növbənizdə fəaliyyətinizi davam edə biləsiniz. Bildiyimə görə siz 100 faiz yerli bazardan olan materialları təchiz edirsiniz. Xaricdən heç nə idxal olunmur. Əksinə, siz özünüz ixrac edirsiniz.

Uve Knotzer: Bəli, biz bir az Gürcüstana ixrac edirik. Biz gips dəyirmanını tikməklə istehsalımızı artırmaq istəyirik. Həmçinin tərəfdaş şirkətdə olan payımızı da artırmaq istəyirik.

Prezident İlham Əliyev: Bu məsələ ilə bağlı hər hansı bir köməyə ehtiyacınız olarsa, iqtisadiyyat naziri buradadır. Görüşdən sonra o, ehtiyatla bağlı problemin həll olunmasına necə yardımçı ola biləcəyimizi müəyyən etmək üçün hazır olacaq. Düşünürəm ki, bu, asandır. Sizin tərəfdaşınızla münasibətlərinizə biz müdaxilə edə bilmərik.

Uve Knotzer: Bu, başqa məsələdir.

“Global Clearance Solutions AG” şirkətinin baş icraçı direktoru Filip Mixaelis: Zati-aliləri bu dəyirmi masada iştirak etmək mənim üçün böyük şərəfdir. Biz minatəmizləmə sahəsində fəaliyyət göstəririk. Mən bir necə dəfə Azərbaycanı və bir neçə rayonu ziyarət etmişəm. Mən özüm dağıntıların və minaların təmizlənməsinin şahidi olmuşam. Biz Fövqəladə Hallar Nazirliyinə avadanlıq, Almaniyada istehsal olunmuş texnologiyanı təchiz edirik. Son bir neçə ayda biz çox geniş təlim proqramlarını tamamlamışıq. Biz təkcə avadanlıq istehsal etmirik, digər ölkələrdə fəaliyyət də göstəririk. Biz təkcə keyfiyyətli avadanlığı təchiz etmirik, eyni zamanda, bu avadanlığı səmərəli şəkildə istismar etmək üçün zəruri olan dəstəyi də təmin edirik. Biz Qarabağ bölgəsinin inkişafını sürətləndirmək və məcburi köçkünlərin öz dədə-baba yurdlarına qayıda bilmələri üçün Azərbaycan hökuməti ilə münasibətlərimizi intensivləşdirmək istəyirik.

Prezident İlham Əliyev: Çox sağ olun. Bildiyiniz kimi, keçmiş məcburi köçkünlərin tezliklə məskunlaşdırılması bizim üçün ən böyük çağırışlardan və maneələrdən biridir. Çünki bizim dəqiq hesablamalarımıza əsasən, Ermənistan işğal dövründə bir milyondan çox mina basdırıb və 2020-ci ilin noyabrında müharibə bitəndən bəri demək olar ki, 300 azərbaycanlı mina səbəbindən ya həlak olmuş və ya ciddi xəsarət almışdır. Bizim potensial nisbətən məhduddur. Baxmayaraq ki, bu yaxınlarda biz müxtəlif ölkələrdən, o cümlədən Avropa ölkələrindən avadanlıq almışıq. Biz hətta indi havadan minanı aşkar edə bilən dronlardan istifadə edirik. Həmçinin təlim də çox vacibdir. Bu dəstəyə görə təşəkkür edirəm. Biz sizin təklifinizə daha təfərrüatlı şəkildə baxmalıyıq, çünki səmimi desəm xarici şirkətləri mina təmizləmə əməliyyatlarını həyata keçirmək üçün dəvət etmək istəyəndə minatəmizləmə əməliyyatları üçün qiymət yerli qiymətlərlə müqayisədə çox yüksək idi. Bir kvadratmetrin minalardan təmizlənməsi üçün Avropada olan qiymət bizim milli minatəmizləmə agentliyinin işi aparmağa hazır olduğu qiymətdən bir neçə dəfə çox idi. Əlavə olaraq bu yaxınlarda bir neçə Azərbaycan şirkəti də fəaliyyətə başladı. İndi onlar da mina təmizləmə işləri ilə məşğuldurlar və onların qiyməti məqbuldur. Çünki təsəvvür etdiyiniz kimi, on minlərlə kvadratkilometrdən söhbət getdikdə bu, çox vəsait tələb edən bir işdir. Əlbəttə ki, bu ərazinin heç də hər bir metri yoxlanılmayacaq, çünki yüksək dağlıq ərazilər var. Əlbəttə ki, mina ilə çirklənmə potensialının harada olduğunu biz bilirik. Lakin hesab edirəm ki, bizim minalardan təmizləmə üzrə agentliyimiz ilə təfərrüatlı müzakirələr aparmağınız yaxşı olar. Çünki bu gün üç şirkət Azərbaycanda minalardan təmizləmə xidmətini göstərir. İşinin həcminə görə birinci ANAMA-dır. Bu, Azərbaycanın minatəmizləmə agentliyidir. İkincisi, Müdafiə Nazirliyinin minalardan təmizləmə üçün yaradılmış xüsusi alayları və batalyonlarıdır. Fövqəladə Hallar Nazirliyinin də bu prosesdə çox kiçik bir payı var. Beləliklə, mən sizə tövsiyə edərdim ki, bizim milli minatəmizləmə agentliyi ilə təmasa keçmək üçün yardım əldə edəsiniz və qiymətləri nəzərdən keçirəsiniz və baxasınız bəlkə birgə müəssisə yaratmaq olar. Əfsuslar olsun ki, uzun illər ərzində bunun üçün böyük bir potensial var.

Filip Mixaelis: Əfsuslar olsun, biz bunu bir çox ölkələrdə görürük. Biz inanırıq ki, beynəlxalq ekspertiza və infrastrukturun da tətbiq edilməsi ilə qiyməti aşağı sala bilərik. Bəli, qiymət bahadır. Lakin biz 20-25 illik münaqişələrdə bir kvadratmetrə görə qiymətin 15 sent olduğunu görmüşük. Təşəkkür edirəm.

Prezident İlham Əliyev: Təşəkkür edirəm.

Moderator Mixael Harms: Xahiş edirəm, ucadan danışın. Bizim təqribən yarım saat vaxtımız qalıb. Ona görə hər kəs öz suallarını bildirmək imkanında olmalıdır. Cənab Şults buyurun.

“Nokia” şirkətinin təmsilçisi Olaf Şults: Bu gün “Nokia” rəqəmsal infrastruktur sahəsində innovasiyalar və texnologiyalar üzrə liderdir. Biz artıq mobil telefon şirkəti deyilik. Burada bu gün mövzuların əksəriyyəti rəqəmsallaşdırmanın səmərəli olması və rəqəmsal infrastrukturla bağlı idi. Əlbəttə ki, biz elektrik şəbəkəsini və enerjinin ötürülməsini nəzərdə tuturuq. Bu, tam aydındır. Bütün hökumətlərin rəqəmsallaşma proqramları var. Həmçinin Sizin hökumətinizin də belə proqramı var. Bilirik ki, siz də bu sahədə xüsusi uğurlar qazanmısınız. Beləliklə, biz qərara gəldik ki, Azərbaycan regionda böyük fəaliyyət aparılan ölkədir. Biz Mərkəzi Asiyada biznesimizi idarə etmək üçün Bakıda regional nümayəndəliyimizi yaratmışıq. Lakin bu, məsələnin tək bir hissəsidir. Biz Sizin uğur hekayənizin bir hissəsi olmaq istəyirik. Biz texnologiyanın bir tərəfdə, insanların isə digər tərəfdə olduğuna inanırıq. Ən yaxşı texnologiya savadlı insanlar və texnologiyadan faydalana bilən insanlar tərəfindən istifadə olunur. İnnovasiyalar və Rəqəmsal İnkişaf Agentliyi ilə əməkdaşlıq edirik. Təhsil proqramı üçün pul vəsaitləri ayırmışıq. Növbəti ay Bakıda laboratoriya və şəbəkəni istismara verəcəyik. Biz Azərbaycanı təkcə məhsul verdiyimiz bazar kimi qəbul etmirik. Bu gün bu işləri görürük və bundan fərəhlənirik. Bununla belə, ölkədə rəqəmsallaşdırma prosesinin bir hissəsi olmaq istəyirik. Əlbəttə, bu sahədə də biznes fəaliyyəti aparmağa ümid edirik. Artıq söylədiyim kimi biznes işlərimiz gedir. Lakin daha çox işlər görə biləcəyimiz sahələr də var. Rəqəmsallaşdırmaya gəldikdə, biz hansı sahədə daha çoxlu işlərin görülməsini Sizinlə müzakirə etmək istəyirik ki, beləliklə, sərmayələrin mümkün qədər tez qayıdışını təmin edə bilək.

Prezident İlham Əliyev: Təşəkkür edirəm. Yeri gəlmişkən, rəqəmsal transformasiya bizim strategiyanın, təkcə 2030 strategiyasının bir hissəsi yox, eyni zamanda, bizim prioritetlərin bir hissəsidir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin adının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə dəyişilməsi də təsadüfi deyil. Bu, sadəcə, adın dəyişilməsi deyildi, bu, yanaşmanın dəyişməsi idi. Mən sizin dediklərinizi tamamilə dəstəkləyirəm. Hesab edirəm ki, bizim nazirlik və sizin şirkətiniz arasında təmaslar daha da aktiv olmalıdır. Çünki biz regionumuzda rəqəmsal transformasiya ilə bağlı ön sırada olanlardan biri olmağı planlaşdırırıq. Bu, böyük potensialı olan sahələrdə müasir texnologiyaları cəlb etmək və tətbiq etmək üçün bizim hökumətin ümumi strategiyasıdır. Gecikməmək, neft və qaz, coğrafiya və nəqliyyat haqqında düşünərək tənbəl olmamaq və gələcəyimiz üçün faydalı ola bilən şirkətləri və investisiyaları ölkəyə cəlb etmək. Əlavə olaraq Azərbaycanı regionda, Mərkəzi Asiyada fəaliyyətinizin mərkəzi olaraq seçməyiniz məni şad edir. Hər dəfə mən bu xəbəri eşidəndə düşünürəm ki, biz etdiklərimizlə bağlı təkcə məlumat verməklə yox, həm də yaxşı investisiya mühiti yaratmaqla yaxşı iş görmüşük. Yeri gəlmişkən, məlumatınız üçün demək istəyirəm ki, Davos Dünya İqtisadi Forumu da dördüncü sənaye inqilabi mərkəzi üçün Bakını regional mərkəz olaraq seçməyi qərarlaşdırmışdır və bu mərkəzin açılışı da təqribən iki il bundan əvvəl olmuşdur. Bu Mərkəz Azərbaycanı və Mərkəzi Asiyanı əhatə edir. Yəni, bu, təkcə coğrafi bağlantı yox, eyni zamanda, texnoloji bağlantıdır. Texnologiyanın regiona, Avropaya, Asiyaya yaxınlıq nöqteyi-nəzərdən, əlbəttə ki, daha yaxşı yeri tapmaq çətindir. Bəlkə də bələdçi kimi danışmağı dayandırmalıyam, lakin mənim vəzifəm neft və qaza aid olmayan sahələrə investorları, texnologiyanı, şirkətləri, strateji tərəfdaşları cəlb etməkdir. Neft və qaz artıq tamamlanıb. Növbəti mərhələdə görəcəklərimiz artıq mövcud şablon əsasında görüləcəkdir. İndi bizim üçün yeni olan rəqəmsal transformasiya üzrə bizə uzunmüddətli strateji tərəfdaşlar lazımdır və mən ümid edirəm ki, “Nokia”ya gəldikdə bu, belə də olacaq. Təşəkkür edirəm.

Moderator Mixael Harms: Çox yaxşı. Cənab Kappelhoff, xahiş edirəm, bir dəqiqə olsun.

“Tauber” şirkətinin təmsilçisi Jan-Bernd Kappelhoff: Hörmətli cənab Prezident, bizə vaxt ayırdığınız və dəyirmi masa üçün çox sağ olun. Bizim şirkət Almaniyada, həmçinin Portuqaliyada və İsveçrədə fəaliyyət göstərir. Şirkətimiz infrastrukturun yaradılması və saxlanılması üzrə ixtisaslaşıb. Vaxtilə biz “Azərsu” üçün işlər icra etmişik. Ümidvaram ki, biz gələcəkdə “Azərsu” üçün yenidən işlər görə bilərik. Çox sağ olun.

Prezident İlham Əliyev: Təşəkkür edirəm. Suyun paylanması ilə bağlı görülməli çox iş olacaq. Hazırda biz su təchizatı və sanitariya şəraitinin yaxşılaşdırılmasına ehtiyac duyduğumuz bir çox şəhərdə layihələr həyata keçiririk. Hədəfimiz bütün ölkə ərazisində içməli su təchizatının 100 faiz təmin edilməsidir. Sözsüz ki, bunu etmək çətin olacaq, çünki görülməli işin həcmi böyükdür. Lakin bizim, həmçinin su ehtiyatlarının idarə olunması sahəsində bəzi struktur islahatlarının həyata keçirilməsi ilə bağlı planlarımız var. Bunun vaxtı gəlib çatıb. Hazırda hökumət müxtəlif variantları və xüsusilə indi suyun ildən-ilə azaldığını gördüyümüz bir vaxtda, suyun paylaşdırılması ilə bağlı müasir texnologiyaların tətbiqini dəyərləndirir. Qeyd etdiyim kimi, Xəzər dənizi dayazlaşır, həmçinin çaylarımızda, transsərhəd çaylarında və mənbəyini Azərbaycandan götürən çaylarda sululuq azalıb. Əfsuslar olsun ki, biz bunu görürük. Beləliklə, su ehtiyatlarının idarə olunması, su ehtiyatlarından səmərəli istifadə sözsüz ki, qarşıdakı illər üçün prioritetlərdən biri olacaq.

“Gerber Architekten” şirkətinin icraçı direktoru Marius Rayrko: Zati-aliləri, cənab Prezident. Burada, bu görüşdə olmaq mənim üçün də şərəfdir. Biz memarıq, landşaft üzrə memar, şəhər salanlar və əlbəttə ki, interyer üzrə dizaynerik. Biz 60 ildir ki, Almaniyada, həmçinin Səudiyyə Ərəbistanı və Çində, əsasən dövlət sektorunda inşaat işi ilə məşğuluq. Biz, həmçinin Almaniyaya universitetlər, dövlət sektoru binaları, kitabxanalar, səhiyyə layihələri və ekoloji cəhətdən bir çox faydalı binalarla öz töhfəmizi veririk. Hazırda biz Səudiyyə Ərəbistanında faydalı qazıntılara və enerjiyə əsaslanan cəmiyyətdən bərpaolunan enerjiyə əsaslanan cəmiyyətə keçidi həyata keçiririk. Cəmiyyət bu dəyişiklikdə mühüm rol oynadı.

Ötən il biz Azərbaycanda, Bakıda fəaliyyətə başlamışıq. Biz Qarabağa da səfər etdik. Şəhərinizdə parkların dizaynı ilə bağlı meriya ilə danışıqlar apardıq. Hazırda biz yaşayış məkanları və digər layihələrimizin müəllifləri ilə müzakirələr aparırıq. Cənab Prezident, Sizə bərpaolunan enerji ilə bağlı iki sualım var. Düşünürəm ki, gələcəkdə binalar enerji istehlakçısından enerji istehsalçısına çevrilə bilər. Bu dəyişikliyə təkan verən siyasət yürüdüləcəkmi? Əgər belədirsə, “Gerber Architekten” bu dəyişikliyə təkan verməyə, yardım etməyə çox şad olardı. İkincisi, Bakıda gəzərkən müşahidə etdim ki, insan axını, şəhərin inkişafı və uğuru tıxac problemini ortaya çıxarır. Biz bu məsələni başqa yerlərdə də müşahidə etmişik. Gələcəkdə bizimlə paylaşmaq istədiyiniz tranzityönümlü tikinti planı və ya metro planınız varmı?

Prezident İlham Əliyev: Azərbaycana səfər etdiyinizə görə təşəkkür edirəm. Əgər siz Qarabağda olmusunuzsa, ola bilsin ki, bizim planlarımızdan xəbərdarsınız. Biz artıq bütün şəhərlər üçün Baş planı təsdiqləmişik. Hazırda 20-dən çox kəndin də Baş planı təsdiqlənib. Bilirsiniz ki, biz, həmçinin müxtəlif ölkələrdən beynəlxalq şirkətləri və yerli şirkətləri dəvət etmişik. Qeyd etdiyim kimi, biz Qarabağda və Şərqi Zəngəzurda ekoloji cəhətdən təmiz, yaşamaq üçün asan olan, nəqliyyata və bütün xidmətlərə yaxşı çıxışı olan yaşayış sahələri və ictimai məkanlar inşa etmək istəyirik.

Sizin enerji istehsal edən binalarla bağlı sualınıza gəlincə, Davos Dünya İqtisadi Forumunda iştirakım zamanı mən bir şirkətin sahibi ilə görüşdüm, mənə bu məlumatı verən ölkənin və şirkətin adını çəkmək istəmirəm, bu, mənim üçün çox maraqlı xəbər idi, mən dərhal Qarabağda bütün bərpa işlərinin koordinatoru olan Prezident Administrasiyasına göstəriş verdim və hazırda biz pilot layihə üzərində işə başlamışıq. Pilot layihənin texniki-iqtisadi əsaslandırma işləri ola bilsin ki, bir neçə aya hazır olacaq. Bina özü çox gözəl görünür, çox yaxşı təsir bağışlayır, təkcə panellər deyil, özü enerji istehsal edir. Əgər sizdə bu texnologiya və ya “nou-hau” varsa, yaxud bununla bağlı təklif verə bilərsinizsə, bunu ancaq alqışlamaq olar. Bu, həqiqətən də tamamilə yeni inkişaf, yeni texnologiyadır. Düşünürəm ki, bu, Qarabağ üçün çox uyğun olacaq, xüsusilə nəzərə alsaq o, yaşıl enerji zonasıdır.

Bakı şəhərinin inkişafına gəlincə, siz Bakıda olmusunuz, şəhəri tanıyırsınız. Bəli, bizim metro ilə bağlı böyük planlarımız var. Biz keçmiş Sovet İttifaqının metro tikən az sayda ölkələrindən biriyik, çünki Sovet İttifaqı dağılandan sonra onların çoxu bunu dayandırdı. Bizim strategiyamız var və həmçinin hazırda ictimai nəqliyyatımızın metro ilə inteqrasiyası üzərində işləyirik və bunun üçün vahid sistem tətbiq etmək üzrəyik. Bundan əlavə, əhalinin sayı artır. Bakı getdikcə böyüyür. Ona görə də hazırda biz nəqliyyatla bağlı yeni layihələr işləyib hazırlayırıq. Yollar, körpülər, tunellər, bütün bunlarla bağlı proses artıq gedir. Bundan əlavə, hazırda yeni tikinti bumuna böyük maraq var. Çünki Bakının artıq bir neçə dəfə yaşayış kompleksləri bazarında artım dalğası olub. Ona görə də düşünürəm ki, sizin layihələrinizə baxmaq maraqlı olar. Bəzi ideyalara nəzər sala bilsəm, çox şad olardım.

Marius Rayrko: Sözsüz ki, bölüşmək istərdim.

Prezident İlham Əliyev: Bəlkə görüşdən sonra mənimlə bölüşəsiniz.

Marius Rayrko: Mən cənab Şultsun sözlərinə əlavə etmək istərdim. Ərəbdilli regionda, Çin regionunda işləyəndən sonra Mərkəzi Asiya regionunda ətraf mühitin qurulmasını tədqiq edən və töhfə verən mərkəz olaraq Bakıya gəlmək hazırda bizim hədəfimizdir. Mən hər kəs üçün daha ağıllı və daha sağlam ətraf mühitin yaradılmasına dəstəyi alqışlayardım.

Prezident İlham Əliyev: Təşəkkür edirəm.

Moderator Mixael Harms: Gəlin, logistika və infrastruktur sahəsinə keçək. Mən cənab Svins, cənab Kerstgens, cənab Klaner, cənab Teoman və cənab Novakla başlayardım.

“HHLA International”ın icraçı direktoru Filip Svins: Zati-aliləri, günaydın. “HHLA” Hamburq limanıdır. Biz əsasən Hamburqda fəaliyyət göstəririk, çünki məhz Hamburq limanında konteyner terminalları operatoru kimi tanınırıq. Biz, həmçinin Qərbi Avropada ən böyük intermodal operatoruq. Biz Gürcüstan və Azərbaycanda 20 ildən çoxdur “HHLA Project Logistics” adlı törəmə şirkəti olaraq fəaliyyət göstəririk. Bu, NATO-nun Əfqanıstana yük daşıması ilə başladı. Tədricən inkişaf edərək daha ağır yüklərin daşınması, hətta zavodların köçürülməsi ilə Qara dənizlə Azərbaycan arasında məşğul oluruq. Bu yaxınlarda biz Qazaxıstanda ofis açdıq. Biz Orta dəhlizlə bağlı çoxlu imkanlar görürük. Siz bir qədər əvvəl bunları qeyd etdiniz. Xüsusən də Aktau ilə Poti limanları, yaxud Türkiyənin Qars məntəqəsi arasında marşrut bizi maraqlandırır. Dənizdən dəmir yoluna yüklərin aşırımı və ya geriyə daşınmasında imkanlar məhduddur. Biz operator olaraq orada böyük imkanlar görürük, inkişaf edə biləcək geosiyasi imkanlar görürük. Bizim üçün limanların fəaliyyətini və azad nəqliyyatın inkişafını dəstəkləmək maraqlı olardı.

Prezident İlham Əliyev: Artıq qeyd etdiyim kimi, hazırda biz yeni çağırışla üz-üzəyik. Bizim mövcud imkanları genişləndirməyə ehtiyacımız var. Çünki bizim qurduğumuz potensial mövcud yüklərin həcminə və proqnozumuza əsaslanırdı. İndi Mərkəzi Asiyadan Azərbaycana doğru böyük dönüşlə əlaqədar, biz gərgin işləməliyik. Məlumat üçün sizə bildirim ki, hazırda Azərbaycan məhdud imkanları olan Bakı-Tbilisi-Qars dəmir yolunun, onun Gürcüstan hissəsinin genişlənməsinə investisiya yatırır. Ola bilsin ki, gələn il bu investisiya layihəsi tamamlanacaq. O, bir milyon tondan beş milyon tonadək genişləndiriləcək. Azərbaycanın əlavə investisiyaları 120 milyon ABŞ dollarından çox olacaq və ümidvarıq ki, biz onu gələn il tamamlayacağıq. Başqa dar keçidlər də var, onlardan biri bizim Dəniz Ticarət Limanı ola bilər. Hazırda biz onun 15 milyon tondan 25 milyon tona və 1 milyon TEU-dək genişlənməsinin texniki əsaslandırmasının tamamlanması prosesindəyik. Bizim marşrut üzrə bir neçə başqa dar keçidlərimiz də var. Ona görə də, əlbəttə ki, biz nəqliyyat infrastrukturunun və həmçinin gömrük idarəçiliyinin inteqrasiyası üzərində işləyirik. Ümumdünya Gömrük Təşkilatının Baş katibi Bakıya səfərdədir. Bizim müzakirə edəcəyimiz məsələlərdən biri Ümumdünya Gömrük Təşkilatının Mərkəzi Asiya, Azərbaycan, Gürcüstan və Türkiyə arasında koordinasiyaya, bu marşrutun inteqrasiyasına necə kömək edəcəyi olacaq. Əlbəttə ki, tariflərə yekdil yanaşma olmalıdır. Çünki əgər bir ölkə, məsələn, Azərbaycan tarifi azaldarsa, digər ölkə azaltmazsa və ya artırarsa, bu işə yaramayacaq. Şəffaflıq, yaxşı idarəetmə və idarəçilik nöqteyi-nəzərindən ola bilsin ki, sizin Azərbaycandakı nümayəndələriniz,- siz 20 ildir orada fəaliyyət göstərdiyinizi dediniz,- bizim hökumətimizin nəqliyyat seqmentlərində çoxlu dəyişiklikləri görə bilirlər. Bu, şəffafdır, səmərəli olmalıdır və yükləri toplamaq imkanına sahib olmalıdır. Bundan əlavə, biz unutmamalıyıq ki, başqa bir nəqliyyat dəhlizi – Şimal-Cənub dəhlizi var ki, o da Azərbaycanın ərazisindən keçir və biz yükləri təkcə Şərqdən Qərbə deyil, həm də Şimaldan Qərbə, həmçinin Cənubdan Qərbə ixrac və ya tranzit etmirik. Beləliklə, dəmir yolu infrastrukturumuza, dəniz limanımıza və magistral yola təzyiq artacaq. Bilirsiniz ki, bizim şaxələndirilmiş dəmir yolu sistemimiz var. Lakin hazırda biz qatarlarımızın sürətini artırmaq üçün dəmir yollarımızı təkmilləşdiririk. Bu, tranzit müddətini daha da qısaldacaq. Eyni zamanda, əlbəttə ki, bütün bunlar Xəzərin şərq sahillərində olan təsisatlarla koordinasiya şəraitində edilməlidir, Aktau, Kurık, Türkmənbaşı və Bakı limanları bir mexanizm kimi fəaliyyət göstərməlidir. Əlbəttə ki, əgər sizin tranzitin həcmi və biznes üçün əlverişli olacağını hesab etdiyiniz müəyyən ideya və tövsiyələriniz varsa, yüksək qiymətləndiriləcək.

Moderator Mixael Harms: Təşəkkür edirəm. Cənab Kerstgins, buyurun.

“Rhenus SE & CO. KG” şirkətinin təmsilçisi Haynrix Kerstgens: Cənab Prezident, Siz artıq mənim bir çox sualıma cavab vermiş oldunuz. Bizim “Reynos” 60 ölkədə fəaliyyət göstərən, 40 min işçisi olan logistika şirkətidir. Sizin ölkənizdə 8 ildir fəaliyyət göstəririk, Bakıda ofisimiz var. Biz, həmçinin Mərkəzi Asiya, Çin və Hindistanda fəaliyyət göstəririk. Mən ötən həftə Azərbaycandan ikinci işgüzar səfərdən qayıtmışam. Hazırda bizim strategiyamız Orta Dəhlizi həqiqətən də yaxşı işlək vəziyyətə gətirmək üçün əlimizdən gələni etməkdən ibarətdir. Mən bununla bağlı iqtisadiyyat nazirinin müşavirləri, nəqliyyat nazirinin müşavirləri və Ələtdəki Bakı limanının baş icraçı direktoru və Ələt Azad İqtisadi Zonasının baş icraçı direktoru ilə danışıqlar aparmışam. Danışıqlar çox yaxşı, çox səmərəli keçdi. Biz Bakı limanı ilə bağlı araşdırmalar apardıq, bəzi planlar qurduq və onu baş icraçı direktora təklif etdik. Biz limanın 2-ci və 3-cü mərhələsində gördük ki, sizin planlaşdırdığınız potensial texniki-iqtisadi cəhətdən əsaslandırılmamış ola bilər. Biz belə fikrə gəldik ki, limanın konteyner hissəsini yenidən layihələndirək, bu, xeyli ucuz olacaq, 1 milyard əvəzinə, cəmi 200 milyon avro təşkil edəcək. Biz artıq bir həftədir bunun üzərində işləyirik. İqtisadiyyat Nazirliyi ilə müzakirə etdiyimiz başqa bir məsələ Xəzər dənizində gəmiçilik oldu, çünki hazırkı potensial gələcəkdə ehtiyac olacaq nəqliyyata tab gətirə bilməyəcək. Xəzər dənizi üçün optimal ölçüdə olan gəmilərin layihələndirilməsi zəruridir. Artıq iki dəfə qeyd etdiyiniz kimi, Xəzər dənizi getdikcə dayazlaşır. Beləliklə, problem quraqlıqdır. Almaniyada Reyn çayı ilə bağlı bu cür problem var idi. Xüsusi gəmiçilik konsepsiyasının hazırlanmasına ehtiyac duyulur. Yəni, onun göyərtəsinin qabaq və arxa hissələri başqa cür layihələndirilə bilər. Hesab edirik ki, gələcəkdə optimallaşdırılmış gəmilərə ehtiyac olacaq. 20-40 belə gəmi Qazaxıstanla Azərbaycan arasında bölüşdürülə bilər. Çünki gəmilər 20 ildən 40-50 ilə kimi istismar oluna bilər. Eyni zamanda, mühərrik təkcə daxiliyanma mühərriki olmalı deyil. Bütün bunlar nazirliklərlə, sənaye sahəsindən olan insanlarla, universitetlərlə birlikdə edilməlidir, investisiya təkcə bir özəl şirkət tərəfindən yatırıla bilməz, dövlətin birgə səyi olmalıdır. Mənim son olaraq qeyd etmək istədiyim, Siz artıq qeyd etdiniz Bakı-Tbilisi-Qars xəttidir. Siz, həmçinin Türkiyəyə, Qarsa qapı olan Axalkalakinin istismarında səhmdarsınız. Gördüyümüz odur ki, terminalın planlaşdırılması əsaslandırılmış şəkildə olmayıb. Təcili olaraq yenidən layihələndirilməlidir. Biz bu işdə sizə kömək etməyə hazırıq. Lakin bu, edilməlidir, çünki əks halda Türkiyə ilə yaxşı bağlantı olmayacaq. Təşəkkür edirəm.

Prezident İlham Əliyev: Dəyərli fikirlərinizə görə təşəkkür edirəm. Şadam ki, bu yaxınlarda Bakıda olmusunuz və bütün rəsmi şəxslərlə görüşmüsünüz. Siz Ələt Azad İqtisadi Zonasını, limanı, Nəqliyyat və İqtisadiyyat nazirliklərini qeyd etdiniz. Bununla bağlı yaxşı təmaslar var və əlbəttə ki, sizin gəmilərin dizaynının optimallaşdırılması ilə bağlı tövsiyələriniz yüksək qiymətləndirilir. Çünki mənim bildiyimə görə ideya bizdə olan gəmilərin, istər quru yük gəmisi və ya tankerlərin inşasının davam etdirilməsindən ibarətdir. Əgər hansısa səbəblərdən və ya bəlkə dayaz sular səbəbindən, bəzi kanalların qazılması ilə əlaqədar, - biz hələ də Xəzərin hər iki tərəfində kanallar qazmalıyıq, - gəmilərin optimallaşdırılması ilə, imkanların genişləndirilməsi və ya sürətinin artırılması ilə bağlı yeni yanaşma olsa, düşünürəm ki, bu, nəzərə alınacaq. Axalkalakidəki terminala gəlincə, bu, da maraqlı olar, çünki mən bu texniki məsələlərlə dərindən məşğul olmuram, mənim hədəfim Bakı-Tbilisi-Qarsın genişlənməsi üçün maliyyələşməni təmin etmək olub. Lakin sözsüz ki, biz səmərəliliyə əsaslanaraq, həmçinin dəniz limanının genişlənməsi ilə əlaqədar bunu etməliyik. Əgər eyni işi aşağı qiymətlə görə biliriksə, əlbəttə ki, biz bunu etməliyik. Sözsüz ki, sizin təkliflərinizlə tanış olmağa çox şad olarıq. Mən İqtisadiyyat Nazirliyinin bu təklifləri alıb-almadığını bilmirəm. Beləliklə, qərar vermək üçün bir neçə həftəyə təklif olacaq, elə deyilmi? Çox yaxşı, bu barədə məlumat verərsiniz. Təşəkkür edirəm.

“Thales” şirkətinin Azərbaycan və Gürcüstandakı təmsilçisi Henrik Klaner: Hörmətli cənab Prezident Əliyev. Vaxt ayırdığınıza görə öz adımdan Sizə təşəkkür edirəm. Faktiki olaraq ki, mən 20 ildən çoxdur ki, Azərbaycandayam. Yəqin ki, bilirsiniz, bizim Bakı metrosu ilə bağlı layihəmiz var. Gələcəkdə biz Azərbaycan Dəmir Yolları İdarəsi ilə əməkdaşlıq etməyə hazırıq. Üç həftə bundan əvvəl mən “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri cənab Rüstəmovla görüşmək şərəfinə nail oldum. Biz Bakıdan Gürcüstan sərhədinə uzanan Şərq-Qərb dəhlizinin müasirləşdirilməsi və bərpası ilə bağlı söhbət etdik. Biz, həmçinin İrandan Bakı vasitəsilə Rusiya sərhədinə çatan Şimal-Cənub dəhlizi adlandırdığımız hissəni müzakirə etdik. Bu, bizim gələcəkdə əsas işlərimizdən biridir. Biz Azərbaycan dəmir yollarını daha da təkmilləşdirməyə hazırıq. İlk layihə kimi deyə bilərəm ki, şirkətin Bakıda səlahiyyətli mərkəzinin açılması planlaşdırılır. Bu, Azərbaycan, Gürcüstan və Mərkəzi Asiyadakı fəaliyyətin özəyi olacaq. Bir əlavə məlumat da verim ki, “Thales”in Almaniya səhmi Yaponiyanın “Hitachi” şirkətinə satılacaq. Beləliklə, gələcəkdə şirkət “Hitachi Almaniya” adı altında fəaliyyət göstərəcək. Yəni, “Thales”in bundan sonra Azərbaycanda başqa fəaliyyəti olmayacaq. O dəyişir və bu, artıq alman biznesi olacaq. Təşəkkür edirəm.

Prezident İlham Əliyev: Təşəkkür edirəm. Bütün bu layihələr çox mühüm əhəmiyyət kəsb edir. Çox şadam ki, rəsmilərlə görüşmüsünüz. Metro tikintisi ilə bağlı siz bizim planımızdan xəbərdarsınız. Biz bunu mərhələli şəkildə həyata keçiririk. Mən artıq qeyd etdiyim kimi, dəmir yollarını təkmilləşdirməliyik. Şərq-Qərb əsas etibarilə tamamlanıb, lakin Şimal-Cənubda qatarların sürəti çox aşağıdır. Hazırda biz Bakıdan Rusiya sərhədinə dəmir yolunun yenidən qurulmasına investisiya yatırırıq. Ümidvaram ki, bir neçə ilə bu, tamamlanacaq. Biz, həmçinin Cənub istiqamətində gedən dəmir yolunun istiqamətini dəyişməyi planlaşdırırıq. Çünki hazırda o, birbaşa Xəzər dənizinin sahilinə gedib çıxır. Şimal-Cənub nəqliyyat dəhlizində yüklərin potensial həcmi 15 milyon tondan 30 milyon tona qədər olacaq. Bu, Azərbaycandan tranzit ölkə kimi istifadə etməyi planlaşdıranlardan aldığımız son məlumatdır. Ona görə də bizim bu həcmdə yükü nəql etmək imkanına sahib olan bir dəmir yolumuz olmalıdır. Ümidvarıq ki, bu marşrut boyunca çoxlu biznes fəaliyyəti olacaq, söhbət təkcə dəmir yolunun inşasından deyil, bütün vacib sənaye, ticari infrastrukturdan gedir və əlbəttə ki, dəmir yolları müasir standartlara uyğun inşa edilməlidir. Həqiqətən də açıq dənizə birbaşa çıxışı olmadan Azərbaycan artıq mühüm nəqliyyat qovşağına çevrilir, təkcə Şərqdən Qərbə və əks istiqamətdə deyil, həm də Şimaldan Cənuba və Şimaldan Qərbə. Bilirsiniz ki, mallarını ixrac edə bilmək üçün hazırda şirkətlərin öz yüklərinin nəqli üçün yeni yollar tapmasına böyük ehtiyac var. Beləliklə, nəqliyyat iqtisadiyyatımızın lokomotivlərindən biri olacaq. Ümidvarıq ki, söhbət təkcə tranzit gəlirlərinin əldə edilməsindən getmir, biz marşrut boyunca biznes üçün, əsasən kiçik və orta müəssisələr üçün əlavə imkanlar yaratmaq istəyirik və düşünürəm ki, Ələt Azad İqtisadi zonası xarici istehsalçıların Azərbaycana cəlb olunması baxımından mühüm rol oynayacaq.

Almaniyanın “Silkway West Airlines” şirkətinin təmsilçisi: Hörmətli cənab Prezident. Xanımlar və cənablar. Mən burada Almaniyanın “Silkway West Airlines” şirkətini təmsil edirəm. “Silkway West” Azərbaycana uçuşlar həyata keçirir. Biz Afrikaya Frankfurt-Hahn hava limanından həftədə 28 reys və Leypsiq hava limanından əlavə reyslər həyata keçiririk. Biz Bakı habından istifadə edirik. Bakı habının fəaliyyəti çox yaxşıdır. Mən Bakıdakı hava limanını nəzərdə tuturam. Asiya-Sakit okean regionuna, eləcə də Mərkəzi Asiya regionuna tranzit uçuşlarımız var. Bakı Almaniya iqtisadiyyatı üçün, 90 milyondan çox insan üçün həm də aeroport habıdır. Mən bu açıqlamanı ona görə verirəm ki, biz bu sahədə aparılan işlərdən çox məmnunuq. Hökumətinizin Almaniya hökumətinə dəstəyinə görə təşəkkür edirəm. Çünki son bir neçə ildə, xüsusilə COVID pandemiyası dövründə bu aviareyslərin həyata keçirilməsinə böyük dəstək vermisiniz.

Prezident İlham Əliyev: Təşəkkür edirəm, çox şadam ki, siz məmnunsunuz. Bu, ən yaxşı xəbərdir. Sizə gələcəkdə uğurlar arzulayıram.

“Luna Group”un baş icraçı direktoru Merko Novak: Zati-aliləri, cənab Prezident. Burada olmaq şərəfdir. Təşəkkür edirəm, xanımlar və cənablar. Baş ofisi Hamburqda yerləşən, artıq 30 ildir ki, Şərqi Avropa ilə işləyən bizim şirkət əsasən logistika və strukturun inkişafı üzrə ixtisaslaşıb. Son iki ildə ən sevimli mövzularımdan biri Orta Dəhliz, bu dəhlizin inkişafı məsələsidir. Bu məqsədlə biz Gürcüstanda şirkət yaratmışıq və hazırda faktiki məlumatlar və göstəricilər, növbəti 30 il üçün proqnozlarla birlikdə Orta Dəhlizin texniki-iqtisadi əsaslandırılması işlərini aparırıq. Bu, gələn ayın sonunda hazır olacaq. Düşünürəm ki, Sizin üçün də maraqlı olar.

Biz limanların infrastrukturunun inkişafı üzərində də işləyirik. Konstansa limanında bizim nəhəng investisiya layihəmiz var. Sözsüz ki, biz Poti və Anakliya limanlarını da nəzərdən keçiririk. Orada aktiv fəaliyyət göstərmək istəyən investor var. Yeni Poti limanı və terminalı, Anakliya limanı. Sizə sualım belədir ki, hazırda beynəlxalq logistikada fəal inkişaf edən Qazaxıstan dəmir yolu kimi, - eşitdiyimə görə, onlar Poti limanına investisiya yatırmaq istəyirlər, bəlkə də Anakliyaya, hazırda mən rəqəmləri bilmirəm, - lakin ümidvaram ki, cəlbedici olacaq. Yəqin ki, Qara dənizə yeni bağlantının yaranması Azərbaycan üçün də maraqlı olar. Biz orada çox fəalıq.

Prezident İlham Əliyev: Təşəkkür edirəm. Səhv etmirəmsə, mənə Gürcüstanın Anakliya limanı layihəsi barəsində məlumat verilib. Gürcüstan dövlətinin dəvəti əsasında biz həmin layihənin həmsərmayəçisi olmaq imkanını nəzərdən keçirməyə başladıq, lakin sonra bildiyiniz kimi, Anakliya limanı layihəsi təxirə salındı. İndi isə o, yenidən gündəmə gəlib və biz bu layihəyə yenidən baxmalıyıq, çünki hər halda onun vaxtilə təxirə salınmasının indi isə yenidən canlanmasının səbəbləri var. Əlbəttə, sərmayədarların tərkibi, pay bölgüsü və həmsərmayədarların kimlərdən ibarət olacağı haqqında məlumatımız olsa, biz bu imkanları yenidən nəzərdən keçirə bilərik.

Bizim artıq müzakirə etdiyimiz kimi, Xəzər dənizindən keçəcək bağlantı reallaşacağı təqdirdə Qara dənizin sahilində limanların texniki imkanları genişlənməli olacaq. Onu da əlavə etmək istəyirəm ki, Qara dənizdə bizim Xəzər Dəniz Gəmiçiliyi – ASCO-ya məxsus gəmilər üzür və şirkətin əlavə gəmilər almaq planları var. Onlar həm Xəzər dənizində, həm də Qara dənizdə fəaliyyət göstərir, ancaq Qara dənizdəki fəaliyyətləri nisbətən məhduddur. Hesab edirik ki, Azərbaycanın Xəzər Dəniz Gəmiçiliyi şirkəti Qara dənizdə də daha geniş təmsil oluna bilər. Bilirəm ki, Gürcüstan və Avropa limanları istiqamətində fəaliyyət göstərəcək “Ro-Ro” tipli bərələrin və digər növ gəmilərin inşası nəzərdə tutulub. Azərbaycanın Xəzər Dəniz Gəmiçiliyi şirkətinin potensialı və müvafiq dövlət dəstəyi var. Qeyd etdiyim fürsətlərdən yararlanmaq, işgüzar fəaliyyət göstərmək və nəqliyyat təhlükəsizliyinə töhfə vermək üçün dövlət şirkətə maliyyə dəstəyi də verə bilər. Beləliklə, gəlin müzakirə edək, rəqəmlərə baxaq və sonra qərar verək.

Moderator Mixael Harms: Növbəti çox vacib seqment kənd təsərrüfatıdır.

“Europlant Pflanzenzucht” şirkətinin ixracat üzrə direktoru Tomas Bottner: Burada sual vermək imkanına görə çox təşəkkür edirəm. Maraqlıdır ki, kənd təsərrüfatı bu gün bu müzakirənin bir hissəsidir. Sizin qeyd etdiyiniz kimi, ölkəniz neft və qaz sahəsindən asılılığı azaltmaq istiqamətində çalışır. Biz şadıq ki, bu tədbirdə iştirak edirik. Biz kartof toxumçuluğu ilə məşğul olan 120 illik təcrübəyə malik şirkətik. Biz ölkənizin əsas toxum təchizatçısıyıq. Söhbət təkcə supermarketlərdə satılan məhsuldan deyil, kartof çipsisi və qızardılmış kartofdan gedir ki, ölkəniz artıq bunu xaricdən idxal etməsin və gələcəkdə bu emal olunmuş kartof məhsullarını ixrac edə bilsin. Gələcəkdə biz Sizin istehsalçılara məhsuldarlığı və səmərəliliyi artırmaq üçün dəstək verməyə hazırıq. Təşəkkür edirəm.

Prezident İlham Əliyev: Təşəkkür edirəm. Azərbaycanda kartof istehsalına gəldikdə, bilirsiniz, nəhayət ki, biz artıq özümüzü tam təmin edirik. Bəzi illərdə biz hətta kartofu ixrac etmişik. Ancaq məhsuldarlıq artırılmalıdır. Azərbaycanın bəzi bölgələrində isə kartof istehsalı olduqca yüksək səviyyədədir. İndi isə işğaldan azad olunmuş Qarabağın və Şərqi Zəngəzurun böyük kənd təsərrüfatı potensialı var. Hazırda Kənd Təsərrüfatı və İqtisadiyyat nazirlikləri, həmin zonalarda Prezidentin xüsusi nümayəndələri və digər qurumlar birgə çalışırlar ki, kənd təsərrüfatına uyğun torpaqlardan maksimal səmərəliliklə istifadə edilsin. Çünki 30 il ərzində Ermənistan qanunsuz olaraq torpaqlarımızı istismar edib, lakin bu da səmərəsiz edilib. Onlar heç bir vəsait yatırmayıb, sadəcə, torpaqdan istifadə ediblər və bu səbəbdən məhsuldarlıq Azərbaycanda digər növlərlə müqayisədə üç dəfə aşağı olub. İndi isə biz azad olunmuş ərazilərə qayıdacaq fermerlərimiz üçün hansı məhsulların yetişdirilməsi ilə bağlı tövsiyələr hazırlayırıq və zənnimcə bu iş bitib. Biz onları məcbur edə bilmərik. Lakin güzəştli subsidiyalarla biz onları istiqamətləndirə bilərik ki, bəzi torpaqlar kartof, digərləri başqa tərəvəz və meyvələr üçün istifadə edilsin.

Toxum təchizatının nə dərəcədə vacib olduğunu siz hamıdan yaxşı bilirsiniz. Kartof çipsisinin istehsalına başlamısınızsa çox yaxşı haldır. Bu, həm də bizim idxaldan asılılığımızı azaldacaq. Azərbaycanda istehsal ilə bağlı planlarınız nədir?

Tomas Bottner: Əsas məsələ məhsuldarlıqdır. Hər hektardan neçə ton əldə edilməsi vacibdir, çünki məhsuldarlıq aşağı olsa idxal etmək daha sərfəli olur. Bu səbəbdən bizim əsas hədəfimiz məhsuldarlığı artırmaqdır.

Prezident İlham Əliyev: Çox yaxşı, sağ olun.

Moderator Mixael Harms: Cənab Prezident, burada “Claas Global Sales GmbH” şirkətinin regional direktorunun nümayəndəsi Klima Martin iştirak edir. Şirkət avadanlıq istehsalı üzrə ixtisaslaşıb.

Klima Martin: Siz məhsuldarlıq haqqında danışdınız. Bu gün kənd təsərrüfatı sahəsində kiçik və orta həcmli istehsaldan, sənaye həcmli istehsala keçid baş verir və daha müasir texnologiyalar və böyük avadanlıq və qurğular tətbiq edilir. Bizim bu gün üzləşdiyimiz problem tərəfdaşlarımızın böyük avadanlıqların istifadəsində maliyyə sıxıntısıdır. Mənim sualım həmin avadanlığın idxalına maliyyə dəstəyinin verilə bilməsi ilə bağlıdır. Bununla yanaşı, həmin avadanlığın istismarı və texniki baxışı ilə təlimlərin keçirilməsi də vacibdir. Bu sahədə daha çox təlimdən keçən insanların olması əsas məsələlərdən biridir.

Prezident İlham Əliyev: Sağ olun. Sizin məhsullarla tanışam, çünki kənd təsərrüfatı sərgilərində sizin dəfələrlə stendlərinizdə olmuşam. Əvvəllər sizin məhsullarınızı dövlət vəsaiti hesabına əldə edirdik, indi isə vəziyyətin nə yerdə olması ilə bağlı məlumatım yoxdur. Özəl şirkətlərdə maliyyə problemlərinin olması, kreditlərin ayrılması, yoxsa avadanlığın birbaşa sizdən alınması – problem nədən ibarətdir? Praktiki cəhətdən nə etmək lazımdır ki, əməkdaşlığımızı genişləndirək?

Klima Martin: Özəl şirkətlərin daha çox maliyyə vəsaitinə ehtiyacı var, çünki məhsulun həcmi artır və tələbatın fonunda bu tipli avadanlığa ehtiyac yüksəlir. Dediyim kimi, texniki servis və təlimlər.

Prezident İlham Əliyev: Təlimlərə gəldikdə, ümid edirəm ki, siz bu xidməti təşkil edəcəksiniz. Maliyyə vəsaitinə gəldikdə isə bizim kiçik və orta sahibkarlığın dəstəklənməsi mexanizmimiz var – İqtisadiyyat Nazirliyinin tabeliyində olan fond vasitəsilə. İqtisadiyyat naziri həmin subsidiya və güzəştli kreditlər barəsində məlumat versin.

Mikayıl Cabbarov: Təşəkkür edirəm, cənab Prezident. Sual yəqin ki, güzəştli maliyyələşmə ilə bağlıdır. Hazırda bu maliyyələşmənin illik həcmi avro ekvivalentində 100 milyona bərabərdir. Kredit əsasən kiçik və orta sahibkarlıq subyektlərinə 7 illik müddətinə verilir və məqsəd müəssisələrin müasirləşdirilməsidir. Biz sizinlə əlaqə yaradıb müəyyən yeni proqramı nəzərdən keçirə bilərik. Burada maliyyələşmə dövlət tərəfindən deyil, kommersiya bankları tərəfindən həyata keçirilir.

Prezident İlham Əliyev: Bununla yanaşı, hesab edirəm ki, sizin üçün yaxşı imkan Qarabağda servis mərkəzinin yaradılması ola bilər. Bizim Qarabağda iki sənaye zonamız var – Ağdam və Cəbrayılda. Orada artıq müəyyən avadanlığın istehsalı ilə bağlı tikinti işləri gedir. Zənnimcə, bu, hər baxımdan əlverişlidir, çünki “Claas” şirkətinin traktor və kombaynları Azərbaycanda çox populyardır. Burada potensial böyükdür, çünki həmin bölgələrdə geniş kənd təsərrüfatı fəaliyyəti olacaq.

Alman Aqrobiznes Alyansının icraçı direktoru Brodersen Per: Biz aqrobiznes seqmentini təmsil edirik. Siz təbii sərvətlərdən və bərpaolunan enerjidən danışdınız. Kənd təsərrüfatı sahəsində ölkənizdə müəyyən məhsullar - pomidor və şəkər çuğunduru istehsalında gözəl nəticələr var. Lakin 2020-2021-ci illərdə rəqəmlərə baxsaq görərik ki, ölkəniz 300 milyon dollarlıq tərəvəz idxal edib. Biz ölkənizlə məhsuldarlığın artırılması, yeni iş yerlərinin yaradılması baxımından əməkdaşlıq etmək istəyirik. Siz iqlim dəyişikliyi və su qıtlığına toxundunuz. Bizim alyans bu baxımdan da Azərbaycan ilə kənd təsərrüfatı sahəsində əməkdaşlığa hazırdır.

Prezident İlham Əliyev: Təşəkkür edirəm. Siz suvarma ilə bağlı çox vacib məsələyə toxundunuz. Bu yaxınlara qədər bizdə bu sahədə çox xaotik vəziyyət var idi. Xüsusilə də bizim su anbarlarımızda sayğacların olmaması və fermerlər arasında su bölgüsünün ədalətsiz olması. Bu sahədə keyfiyyətsiz idarəçilik və pozuntular var idi. İndi isə biz bu işlə məşğul olan xüsusi hökumət komissiyası yaratmışıq. Anbarların monitorinqi gündəlik həyata keçirilir. Bu, ilk məsələ idi. İndi isə biz sudan istifadədə müasir texnologiya tətbiq etməliyik, çünki dediyim kimi, bizdə quraqlıq müşahidə olunur. Son 5-6 ildir ki, bizdə quraqlıq müşahidə edilir. Əvvəllər belə olmayıb, bir il vəziyyət yaxşı olurdu, növbəti il isə yox. İndi isə proses dayanmadan davam edir və çaylarımızda suyun səviyyəsi dayanmadan azalır.

Bizə müasir sistemlər lazımdır ki, suya qənaət etsin. Bundan əlavə, sovet dövründə inşa edilmiş kanallar beton deyil, torpaq kanallardır. Əlbəttə ki, su torpağa sızır, itkilərimiz çoxdur. Bundan əlavə, torpaq da münbitliyini itirir. Yəni, indi biz həmin kanalların müasirləşdirilməsi, ən səmərəli texnologiyanın seçimi və suvarma məsələləri kimi çağırışla üzləşmişik.

Ərzaq təhlükəsizliyi çox vacib məsələdir. Biz tələbatımızı tam şəkildə təmin edə bilməsək də çalışmalıyıq ki, əsas tələbatımızı təmin edək. Məsələn, taxıl istehsalına gəldikdə, biz 100 faiz təminat kimi hədəf qoymuruq. Çünki bu, böyük torpaq sahələri tələb edəcək. Bu torpaqlar daha səmərəli şəkildə digər məhsullar üçün istifadə oluna bilər. Dediyim kimi, təhlükəsizlik baxımından özümüzü tam təmin etməyə çalışmalıyıq.

Bu gün təchizat zəncirində fasilələr yaranır, hətta müqavilə bağlayıb ödəniş edilən məhsulları idxal etməkdə çətinlik yaranır. Biz bir neçə dəfə belə vəziyyətə düşmüşük. Yəni, ərzaq təhlükəsizliyi bir nömrəli məsələyə çevrilir. Suyun olması bunun üçün əsas meyardır. Hesab edirəm ki, biz bu sahədə uzunmüddətli institusional əməkdaşlıq edərək su ehtiyatlarının idarə olunması ilə bağlı strategiya hazırlaya bilərik. Bu sahədə bizə dəstək verə bilsəniz minnətdar olarıq.

Moderator Mixael Harms: Cənab Prezident, daha iki suala vaxtınız varmı?

Prezident İlham Əliyev: Əlbəttə.

Moderator Mixael Harms: Daha iki vacib sahə maliyyələşmə və texniki qaydalardır.

“ODDO BHF” maliyyə qrupunun baş regional meneceri Yevgeni Epifanov: Salam, cənab Prezident. Bizimlə görüşdüyünüzə görə sağ olun. Mən bank sahəsini təmsil edirəm. Sizin qeyd etdiyiniz kimi, Rusiya-Ukrayna müharibəsi Azərbaycan kimi ölkələrə yeni imkanlar açıb. Biz artıq Azərbaycanda təmsil olunur, Azərbaycan Beynəlxalq Bankı və “Paşa Bank” ilə əməkdaşlıq edirik. Biz böyük layihələri dəstəkləməyə hazırıq. Biz İqtisadiyyat Nazirliyinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Almaniyanın ixrac agentlikləri arasında əməkdaşlığını təşviq etməyə hazırıq. Bizim ötən ilin oktyabrında Mərkəzi Bankın sədri Taleh Kazımovla da səmərəli görüşümüz oldu.

Prezident İlham Əliyev: Sağ olun. Yəqin bilirsiniz ki, bizim qonşuluğumuzda sanksiyalardan yayınma kimi qanunsuz fəaliyyətlə məşğul olanlar var. Belə məlumatlar mövcuddur. Həmin ölkənin ingilis dilində adı da “A” ilə başlayır, lakin bu Azərbaycan deyil. Bu, sirr deyil, bütün rəqəmlər bəllidir. Biz gözləyirik ki, onlara bu əməllərinə görə sanksiyalar tətbiq olunsun. Yaxud ümumiyyətlə, buna görə onlara sanksiya tətbiq ediləcəkmi? Müxtəlif dövlətlərin nüfuzlu rəsmi nümayəndələrinin dediklərinə nəzər salsanız anlayarsınız ki, bu çirkli bizneslə kim məşğul olur.

Azərbaycan bu işlə məşğul deyil və bu prosesin ilk günlərindən mənim bununla bağlı təlimatım aydın olub - paralel idxala və sanksiyalardan yayınma üçün hər hansı fürsətə imkan verilməsin. Biz qanuna tabe ölkə və xalqıq. Bizim başağrısına və çirkli pullara ehtiyacımız yoxdur. Əldə etdiyimiz vəsait özümüzə kifayətdir və biz maliyyə bazarlarında da müsbət imicimizi qoruyuruq. Siz qeyd etdiniz ki, Azərbaycanda müəyyən vaxt keçirmisiniz. Ümid edirəm ki, həmin dövrdən zövq almısınız.

Şadam ki, siz ölkənin aparıcı maliyyə qurumları ilə təmasdasınız. Bilirsiniz ki, ölkəmizin bank sektorunda olduqca ciddi problemlər var idi. Onlardan biri Azərbaycan Beynəlxalq Bankı ilə bağlı idi ki, bu, az qala Azərbaycanın maliyyə sisteminin dağıdılması cəhdi idi. Bu, məqsədyönlü təxribat idi və sadəcə, dövlət vəsaitinin oğurlanması deyildi. Bu, Azərbaycanın maliyyə sisteminin dağıdılması cəhdi idi. Bizim bunun arxasında kimlərin dayanması ilə bağlı müəyyən mənada təsəvvürümüz var.

Burada böyük təmizləmə işləri aparıldı və zənnimcə, nəhayət ki, prosesin sonuna çatmışıq. Beləliklə, Azərbaycanın bank sektoru heç vaxt olmadığı qədər sağlamdır. Mərkəzi Bankdan mənə verilən əlavə məlumata görə, hələ də müəyyən həll edilməli məsələlər var. Lakin əminəm ki, tezliklə Azərbaycanın bank sistemi regionun ən şəffaf və səmərəlilərindən biri olacaq.

“ALPHA GmbH” şirkətinin icraçı direktoru Tomas Krause: Zati-aliləri cənab Prezident, bu gün Sizinlə bir yerdə olub ölkələrimizin mənafeyi naminə müxtəlif sahələri əhatə edən mövzuları müzakirə etmək olduqca xoşdur. Biz mühəndis şirkətlərinə müvafiq həllər təklif edirik. Texniki nizamnamələr, layihə idarəetməsi, zavod tikintisində təhlükəsiz həllər, kibertəhlükəsizlik sahəsində xidmətlər göstəririk. Azərbaycanda bir sıra şirkətlər, o cümlədən “Siemens Energy” ilə əməkdaşlıq etmişik.

Prezident İlham Əliyev: Bizim hər beş ildən bir qəbul olunan beşillik Regional İnkişaf Proqramımız var. Birinci belə proqram 2004-cü ildə mənim ilk dəfə Prezident seçilməyimdən bir neçə ay sonra qəbul edilib. Hazırda biz 4-cü proqramın yekunlaşdırılması prosesindəyik. Bütün bu proqramlar məlumdur və mətbuatda dərc edilib. Bu proqramlar konkretdir və beş il ərzində Azərbaycanda həyata keçiriləcək layihələri əks etdirir. Bundan əlavə, bizim illik sərmayə proqramımız var. İndi biz onu iki yerə bölmüşük. Biri ənənəvidir, digəri isə Qarabağın və Şərqi Zəngəzurun bərpası ilə bağlıdır. Bu və növbəti illər üçün nəzərdə tutulmuş layihələr haqqında məlumat İqtisadiyyat Nazirliyindədir. Nazir buradadır və siz sonra onunla daha praktiki məsələləri müzakirə edə bilərsiniz.

Eyni zamanda, əvvəl də qeyd etdiyim kimi, biz artıq 2030-cu ilə qədər 42-50 milyard ABŞ dolları investisiya həcmində milli inkişaf strategiyasını təsdiqləmişik. Bu investisiyaların əksəriyyəti dövlət tərəfindən maliyyələşəcək. Lakin, eyni zamanda, özəl-dövlət tərəfdaşlığı layihələri də olacaq. Buna görə icra edəcəyimiz və tərəfimizdən icra edilməsi lazım olan konkret layihələr əminəm ki, bizim nazirin kitabçasında qeyd edilib. Beləliklə, bu layihələrdə iştirak edə bilərsiniz.

Moderator Mixael Harms: Cənab Prezident, çox sağ olun. Bizə vaxt ayırdığınız üçün çox sağ olun. Biz hətta nəzərdə tutulan qrafikdən kənara çıxdıq. Biz Sizin vaxt cədvəlinizi bilirik, buna görə bu, bizim üçün şərəfdir. Hesab edirəm ki, biz məqsədimizə tamamilə nail olmuşuq. Bizdə çox uzun təqib olunası layihələr siyahısı var. İcazə verin, onların bir neçəsini qeyd edim. Hesab edirəm ki, sözsüz ki, yaşıl enerji prioritet məsələlərdən biridir. Ölkənizin böyük potensialını nəzərə alaraq, xüsusilə yaşıl enerjinin logistikası çox vacibdir. Çünki dünya miqyasında çoxlu layihələr var. Məsələn, hidrogen, lakin yaşıl hidrogen və digər enerji mənbələri üçün ən yaxşı logistikanı təşkil edə biləcək ölkə yarışda qalib gələcək və burada Azərbaycan çox yaxşı mövqedədir. Nəqliyyat və infrastruktur da çox vacibdir və açıq-aydın olan məsələdir.

Siz təkcə nəqliyyat və logistikanı yox, həm də nəqliyyat marşrutları boyunca sənaye inkişafını qeyd etdiniz. Hesab edirəm ki, bu da çox vacib məsələdir. Sonra rəqəmsallaşdırma və kənd təsərrüfatı qeyd edilmişdir və bütün sahələr üçün iştirakçıların bəziləri tərəfindən kadrların təlimi məsələsi də qeyd olunmuşdur. Bu da çox vacib məsələdir və bu məsələdə biz əməkdaşlığa hazırıq. Sonuncu xüsusi məsələ, - çünki bizdə olan məlumata görə, bu məsələ də ölkəniz üçün çox vacibdir, - suvarma kanalları sistemlərinin reabilitasiyasıdır. Burada hesab edirəm ki, Almaniyanın sizə təklif edə biləcəyi bir çox şeylər var. Bu məsələ də bizim təqib olunası məsələlər siyahısına daxil edilə bilər. Bəlkə nazirlə də müzakirəmiz olacaq və vaxtı çatanda müvafiq nazirliklərlə onlayn görüşlər keçiriləcək. Siz də ola bilsin, əlaqələndirici şəxs təyin edəcəksiniz və mən də sonra ilin ikinci yarısında Bakıya səfər edəcək biznes nümayəndə heyətini elan edə bilərəm. Çox sağ olun.

Prezident İlham Əliyev: Çox sağ olun. Əvvəla, bu görüşü təşkil etmək üçün təşəbbüsü irəli sürdüyünüzə görə təşəkkür edirəm. Çox maraqlı müzakirələr üçün bütün iştirakçılara təşəkkürümü bildirirəm.

Yekunda bir neçə qeydimi bildirmək istəyirəm. Təhsillə bağlı biz Almaniya və Azərbaycan təhsil müəssisələri arasında bu sahədə daha çox əməkdaşlığın şahidi olmaqdan şad olardıq. Xüsusilə peşə təlimi sahəsində, çünki bizim müzakirə etdiyimiz sahələrdə, kənd təsərrüfatı və sairədə buna böyük tələbat var. Hesab edirəm ki, təhsil sahəsində əməkdaşlıqla bağlı bəlkə də xüsusi istiqamətə ehtiyacımız olacaq. Həmçinin nümayəndə heyəti Azərbaycana səfər etməzdən əvvəl təklif edərdim ki, bizə İqtisadiyyat Nazirliyi vasitəsilə konkret layihələr göndərilsin ki, siz və nümayəndə heyətiniz Bakıya gələndə biz artıq bütün bu təklifləri təhlil etmiş olaq və bəlkə də siz gələnə kimi və hətta ondan da əvvəl, işlər uğurla gedərsə, müqavilələr bağlayaq. Bu, sizin səfərinizin yaxşı əməli nəticəsi olar. Əlbəttə ki, mən bütün iştirakçıları və bəlkə də bu tərkibdən də böyük tərkibdə olan nümayəndə heyətini sizə münasib olan vaxtda Azərbaycana səfər etməyə və bir neçə gün ölkəmizdə keçirməyə və müzakirələri davam etdirməyə dəvət edirəm.

Mən Almaniya ilə Azərbaycan arasında müzakirə etdiyimiz sahələrdə və bu sahələrdən də kənara çıxaraq həqiqətən də güclü tərəfdaşlığın olacağını səbirsizliklə gözləyirəm. Diqqətiniz və təmkinli olduğunuz üçün çox sağ olun.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Qanunlar 08 noyabr 2024
12:12
“Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

2024-cü il avqustun 23-də Daşkənd şəhərində imzalanmış “Azərbaycan Respublikası...

08 noyabr 2024, 12:12
SƏNƏDLƏR Qanunlar 08 noyabr 2024
12:10
“Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

2024-cü il avqustun 19-da Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası...

08 noyabr 2024, 12:10
SƏNƏDLƏR Fərmanlar 08 noyabr 2024
12:08
“Xüsusi rabitə ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 aprel tarixli 622 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması və Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 27 sentyabr...

08 noyabr 2024, 12:08
SƏNƏDLƏR Qanunlar 08 noyabr 2024
12:06
“Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Sosial sığorta haqqında” və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 8 oktyabr tarixli 44-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Sosial sığorta haqqında” və “Tibbi sığorta haqqında” Azərbaycan...

08 noyabr 2024, 12:06
SƏNƏDLƏR Qanunlar 08 noyabr 2024
12:04
Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Sosial sığorta haqqında” və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci və 27-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının Vergi Məcəlləsində (Azərbaycan...

08 noyabr 2024, 12:04
SƏNƏDLƏR Fərmanlar 08 noyabr 2024
12:02
“Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 22 oktyabr tarixli 52-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik...

08 noyabr 2024, 12:02
SƏNƏDLƏR Qanunlar 08 noyabr 2024
12:00
Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 15-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində (Azərbaycan...

08 noyabr 2024, 12:00
SƏNƏDLƏR Fərmanlar 08 noyabr 2024
11:58
“Balıqçılıq haqqında”, “Heyvanlar aləmi haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında” və “Ovçuluq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 8 oktyabr tarixli 43-VIIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Balıqçılıq haqqında”, “Heyvanlar aləmi haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında” və “Ovçuluq haqqında” Azərbaycan...

08 noyabr 2024, 11:58
SƏNƏDLƏR Qanunlar 08 noyabr 2024
11:56
“Balıqçılıq haqqında”, “Heyvanlar aləmi haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında” və “Ovçuluq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci və 15-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Balıqçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda...

08 noyabr 2024, 11:56