Azərbaycan və Latviya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

08 mart 2023, 13:55
Azərbaycan və Latviya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

Martın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Latviya Respublikasının Prezidenti Egils Levits mətbuata bəyanatlarla çıxış ediblər.

Əvvəlcə Azərbaycan Prezidenti bəyanatla çıxış etdi.

Prezident İlham Əliyevin bəyanatı

- Cənab Prezident.

Əziz qonaqlar.

Xanımlar və cənablar.

Azərbaycana rəsmi səfəri çərçivəsində Latviya Prezidentini qəbul etməkdən çox məmnunam. Biz bu yaxınlarda Davosda görüşdük. Mənim dəvətimi qəbul edib ölkəmizə səfərə gəldiyinə görə cənab Prezidentə minnətdaram. Sabah biz X Bakı Qlobal Forumunda bir yerdə olacağıq. Həmçinin mən bu fürsətdən istifadə edərək belə mühüm beynəlxalq tədbirdə iştirak etdiyinə görə cənab Prezidentə təşəkkürümü bildirmək istəyirəm.

Ölkələrimiz arasında münasibətlər çox uğurla inkişaf edir. Latviya və Azərbaycan strateji tərəfdaşlardır. Strateji Tərəfdaşlıq haqqında Bəyannamə bir neçə il bundan əvvəl imzalanıb. Biz həqiqətən strateji tərəfdaş kimi addımlar atırıq. Çox fəal siyasi dialoqumuz var. Mən Latviyada dəfələrlə səfərlərdə, o cümlədən rəsmi səfərdə olmuşam. Latviya prezidentləri bir neçə dəfə Azərbaycana səfərlər ediblər. Əlbəttə ki, cənab Prezidentin bugünkü səfəri sıx əməkdaşlığımızın yaxşı təzahürüdür. Çox fəal birgə iqtisadi komissiyamız var. O, dövri olaraq görüşlər keçirir. Yadımdadır, sonuncu dəfə belə görüş ötən il baş tutub.

Hesab edirəm ki, siyasi dialoq və iqtisadi əməkdaşlıq aramızda sıx münasibətlərin qurulmasında qarşılıqlı siyasi iradəmizi göstərir. Həmçinin Latviya Avropa İttifaqı və Azərbaycan arasında çox uğurla inkişaf edən əməkdaşlıqda mühüm rol oynayır. Biz Strateji Tərəfdaşlıq haqqında Bəyannaməni, yaxud sazişləri Avropa İttifaqının 9 üzvü ilə imzalamışıq və ya qəbul etmişik. Bu isə üzv dövlətlərin üçdəbiri deməkdir. Bu, Avropa Komissiyası ilə Azərbaycanda hazırda razılaşdırılan müqavilə üçün həqiqətən yaxşı platformadır. Sazişin əksər hissəsi artıq razılaşdırılıb. Biz son addım atmalıyıq və ümid edirik ki, bu tezliklə baş tutacaq. Eyni zamanda, Azərbaycan Avropa İttifaqı üçün enerji təchizatı sahəsində daha əhəmiyyətli tərəfdaşa çevrilir. Biz Avropa Komissiyası tərəfindən hər zaman etibarlı tərəfdaş sayılmışıq. Bu gün biz nefti, təbii qazı, elektrik enerjisini, neft-kimya məhsullarını, neft məhsullarını ixrac edirik. Ümid edirik ki, bu yaxınlarda yaşıl enerjini ixrac etməyə başlayacağıq. Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında müvafiq razılaşma Avropa İttifaqı Komissiyasının xanım sədrinin iştirakı ilə ötən ilin dekabr ayında Buxarestdə imzalandı. Bir sözlə, bu, Cənub Qaz Dəhlizi kimi meqalayihənin başa çatmasından dərhal sonra, sözün əsl mənasında, digər qlobal meqa layihədir.

Azərbaycanın Avropaya qaz təchizatı ilbəil artır. Ötən il biz Avropa Komissiyası ilə Enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında Saziş kimi mühüm sənədə burada imza atdıq. Biz bunun əsasında, bu yaxınlarda yaradılmış şaxələndirilmiş marşrutlarla qaz təchizatımızı artırırıq. Lakin əlbəttə, təkcə enerji təhlükəsizliyi Azərbaycanı Avropa ilə birləşdirmir. Daşımalar, təhsil, ticarət kimi digər sahələr də var. Avropa İttifaqı əsas ticari tərəfdaşımızdır. Birmənalı olaraq, gələn illərdə Avropa İttifaqı ilə ticarət həcmi artacaq. Çünki artıq söylədiyim kimi, biz qaz təchizatımızı artıracağıq, yaşıl enerji mənbələrindən elektrik enerjisinin ixracına bu yaxınlarda başlayacağıq. Bir sözlə, Latviya Avropa İttifaqı ilə Azərbaycan arasında sıx əməkdaşlıqda hər zaman çox mühüm və müsbət rol oynamışdır. Bu, o cümlədən Azərbaycan və NATO arasında əməkdaşlığa da aiddir və o, çox uğurla inkişaf edir. Biz latviyalı dostlarımıza belə davamlı dəstəyə görə çox minnətdarıq. İkitərəfli münasibətlərə gəldikdə, nəzərdən keçirəcəyimiz bir çox məsələlər var. Bu vaxta qədər gündəlik kifayət qədər genişdir.

Bu gün mən, həmçinin cənab Prezidentə Cənubi Qafqazda vəziyyətlə, xüsusən də Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşması ilə bağlı məlumat verdim. Ümid edirik ki, Ermənistan sülh sazişi təklifi ilə bağlı şərhlərimizə müsbət cavab verəcək. Biz bir az öncə beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan təklifimizi verdik. Sonra Ermənistandan şərhləri aldıq və onların şərhləri ilə bağlı öz şərhlərimizi göndərdik. Bu, baxılma prosesindədir. Ümid edirik ki, biz güclü siyasi iradəni, həmçinin Ermənistan tərəfindən görəcəyik və onlar düzgün qərar qəbul etsinlər və işğal dövründə olduğu kimi vaxtı udmağa çalışmasınlar. Biz 28 il danışıqlar aparmışıq. Əfsuslar olsun ki, bu, ciddi hərbi əməliyyatlarla nəticələndi və nəticədə Azərbaycan əraziləri azad olundu. Biz bunu güc tətbiqi ilə etdik. Əfsuslar olsun. Halbuki Ermənistan özünü konstruktiv aparsaydı, biz bunu siyasi vasitələrlə də edə bilərdik.

Hazırda iki ölkə arasında sülh müqaviləsini ciddi müzakirə etdiyimiz dövrdə, biz gözləyirik ki, Ermənistan vaxt itirməyəcək və bir çox beynəlxalq iştirakçıların dəstəklədiyi təklifimizə müsbət cavab verəcək. Ərazilərimizdə dağıntılara və uzunmüddətli işğala baxmayaraq düşünürük ki, ədavət səhifəsi çevrilməlidir. Biz gələcəyə baxmalıyıq və sülh şəraitində yaşayan Cənubi Qafqazı qurmalıyıq. Biz Baltik ölkələri arasında sıx əməkdaşlıq və inteqrasiyanın faydasını görürük. Biz uzun illər eyni ölkədə bir yerdə yaşamışıq. Onlar sıx əməkdaşlığın qurulmasına müvəffəq oldular. Hazırda uzun illərdir ki, onlar Avropa İttifaqının və NATO-nun üzvləridir. Onlar uğurla inkişaf edirlər. Əfsuslar ki, Cənubi Qafqazda fərqli vəziyyətdir. Bizdə müharibələr, separatizm, terrorçuluq, ekstremizm olub. Hazırda buna son qoyulmalıdır və əgər bu baş tutarsa, onda keçmiş SSRİ-nin Baltik ölkələri kimi Cənubi Qafqazın da dinc və çiçəklənən inkişaf şansı olacaq.

Cənab Prezident, bizimlə olduğunuza görə sizə bir daha minnətdarıq. Dəvətimi qəbul etdiyinizə görə təşəkkür edirəm. Sizə Azərbaycanda xoş səfər arzulayırıq.

x x x

Sonra Latviya Prezidenti bəyanatla çıxış etdi.

Prezident Egils Levitsin bəyanatı

- Prezident Əliyev. Məni Azərbaycana səfərə dəvət etdiyinizə görə minnətdaram. Biz iki ay öncə Davosda görüşdük.

Biz diplomatik əlaqələrin qurulmasının 30 illiyini qeyd etməyi planlaşdırırıq. Otuz il ərzində ikitərəfli münasibətlərimiz çox yaxşı və uğurla inkişaf edib. Aramızda təşviq edə biləcəyimiz bir çox ikitərəfli məsələlər var, o cümlədən biz qlobal, beynəlxalq səviyyədə əməkdaşlıq etməliyik.

İqtisadi münasibətlərimizə gəldikdə, ötən il tendensiya müsbət olub. Bu gün Latviya və Azərbaycanın iş adamları arasında, həmçinin biznes-forum olacaq. Biz İKT, ağıllı enerji, yaşıl texnologiyalar və artıq qeyd etdiyiniz kimi, nəqliyyat və daşımalar sahəsində imkanların nəzərdən keçirilməsində maraqlıyıq.

Həmçinin bəyan edə bilərəm ki, milli aviaşirkətimiz “airBaltic” bu ilin may ayında Riqa ilə Bakı arasında birbaşa uçuşları bərpa etməyə hazırlaşır. Beləliklə, Latviya turistlərinin Azərbaycana gəlməsi və Sizin vətəndaşların Latviyaya getməsi, o cümlədən işgüzar dairələrin səfərləri asanlaşacaq.

İkitərəfli səviyyədə əlaqələrlə bağlı demək istərdim ki, Avropa İttifaqının (Aİ) üzv dövləti kimi Latviya Aİ ilə Azərbaycan arasında sıx əməkdaşlıqda maraqlıdır. Latviya Aİ ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunu alqışlayır. Hazırda Azərbaycan Avropa İttifaqına enerji təchizatının şaxələndirilməsində və Aİ-nin enerji təhlükəsizliyinə töhfə verilməsində çox mühüm rol oynayır. Biz, həmçinin bərpaolunan enerji sahəsində daha sıx əməkdaşlıq etmək arzusundayıq.

Təhlükəsizlik sahəsində əməkdaşlığa gəldikdə, Siz artıq NATO çərçivəsində əməkdaşlığa toxundunuz. Latviya səfirliyi NATO-nun Azərbaycanda əlaqələndiricisi funksiyasını yerinə yetirir və biz Bakıdakı səfirliyimizin həmin mandatını 2024-cü ilədək uzadacağıq. Görürəm ki, Azərbaycan və NATO arasında təhlükəsizlik məsələləri üzrə daha sıx əməkdaşlığa dair qarşılıqlı maraq var.

Ukraynadakı vəziyyətə gəldikdə bildirmək istəyirəm ki, Latviyanın xarici siyasətinin təməlində beynəlxalq hüquqa və bütün ölkələrin ərazi bütövlüyünə hörmət dayanır. Ona görə də biz Ukraynaya qarşı bu səbəbsiz və əsassız təcavüzü pisləyirik. Latviya Ukraynanı hərbi və iqtisadi cəhətdən dəstəkləyir. Biz, həmçinin humanitar yardım da göstəririk. Göstərilən yardımın toplam həcmi bizim ÜDM-in 1 faizini təşkil edir. Ukraynadakı vəziyyətin hansı məcrada cərəyan edəcəyini gözləyirik. Ancaq onu deyə bilərəm ki, davamlı sülh yalnız beynəlxalq hüquqa əsaslanmalıdır. Biz beynəlxalq hüquqa müdaxiləyə və onun tapdalanması nəticəsində bu vəziyyətin uzunmüddətli dondurulmuş münaqişəyə çevrilməsinə imkan verə bilmərik.

Cənab Prezident, biz BMT üzvlərinin əksəriyyətinin, yəni, 120-dən artıq üzvü olan platformanın - Qoşulmama Hərəkatının sədri kimi ölkənizin rolunu yüksək qiymətləndiririk. Bildiyiniz kimi, biz 2025-ci il üçün BMT Təhlükəsizlik Şurasının üzvü kimi namizədliyimizi irəli sürəcəyik. Ümid edirik ki, bu məsələdə Qoşulmama Hərəkatının üzvlərinin dəstəyini qazanacağıq. Hesab edirəm ki, Qoşulmama Hərəkatı beynəlxalq hüquq və ərazi bütövlüyü prinsiplərindən çıxış edən ölkələrdən ibarət vacib qurumdur. Çünki bütün dövlətlər sülhdə maraqlı olmalıdır, sülh isə beynəlxalq hüquqa əsaslanır. Siz isə Hərəkatın hazırkı sədri kimi olduqca əhəmiyyətli rol oynayırsınız.

Onu da deyə bilərəm ki, Latviya Avropa Şurasında sədrliyi öz üzərinə götürəcəkdir və bizim ölkələr Avropa Şurasının üzvüdür. Azərbaycan bizim ilk sədrliyimiz dövründə təşkilata üzv olmuşdur. Görürük ki, Avropa Şurasının genişləndirilməsi kifayət qədər uğurlu olmuşdur. Biz bütün üzv ölkələrin maraqları naminə Avropada demokratiyanın və qanunun aliliyinin gücləndirilməsinin müzakirəsini davam etdirəcəyik.

Mən məmnuniyyətlə sabah “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda təşkil olunacaq X Bakı Qlobal Forumunda iştirak edəcəyəm. Bu gün həqiqətən həm çağırışlar, həm də ümidlər var. Hesab edirəm ki, sabahkı müzakirələrdə biz ümidlərin qalib gələcəyinin şahidi olacağıq.

Cənab Prezident, bu Qlobal Forumu dəstəklədiyinizə görə sağ olun. Çünki həmin Forum çərçivəsində müxtəlif regionları və mədəniyyətləri təmsil edən hazırkı və sabiq liderlər toplaşaraq cari problemləri müzakirə edə bilirlər. Həmçinin Sizin tövsiyələrinizə ehtiyacımız var. Mən mədəniyyətlərarası dialoqun təşviqi sahəsində Azərbaycanın və Sizin rolunuza dərin hörmət bəsləyirəm. Çünki bu Forumda müxtəlif mədəni mənsubiyyətə, siyasi sistemə və siyasi tarixə malik nümayəndələr iştirak edirlər. Ümumiyyətlə, bu vacib bir Forumdur.

Cənubi Qafqazda sülh prosesinə, Azərbaycan və Ermənistana gəldikdə, artıq qeyd etdiyim kimi, biz beynəlxalq hüquqa əsaslanan həllin tərəfdarıyıq. Beynəlxalq hüquq isə ölkələrin ərazi bütövlüyü deməkdir. Hesab edirəm ki, belə bir sülh sazişinə nail olmağın vaxtıdır və biz hər iki tərəfin razılığa gəldiyi sülh sazişini dəstəkləyəcəyik. Davamlı sülhə yalnız o zaman nail olmaq olar ki, o, beynəlxalq hüquqa və ərazi bütövlüyünə əsaslansın.

Beləliklə, cənab Prezident, dəvətinizə və çox səmimi, maraqlı müzakirələrə görə Sizə təşəkkür edirəm. Bu, mənim Azərbaycana ilk səfərimdir və mən onun sabit və firavan ölkə, Avropa İttifaqının etibarlı tərəfdaşı olduğunu görürəm.

Cənab Prezident, çox təşəkkür edirəm.

Prezident İlham Əliyev: Təşəkkürlər.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 10 oktyabr 2024
19:31
“Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının, Kioto Protokolunun və Paris Sazişinin Katibliyi arasında məlumat mübadiləsi haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2024-cü il sentyabrın 4-də Bakı şəhərində və 2024-cü il sentyabrın 9-da Bonn şəhərində imzalanmış “Azərbaycan Respublikası...

10 oktyabr 2024, 19:31
SƏNƏDLƏR Qanunlar 10 oktyabr 2024
19:29
“Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının, Kioto Protokolunun və Paris Sazişinin Katibliyi arasında Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının iyirmi doqquzuncu sessiyası, Kioto Protokolunun Tərəflər Görüşünün on doqquzuncu sessiyası, Paris Sazişinin Tərəflər Görüşünün altıncı sessiyası və Köməkçi Orqanların sessiyaları haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

2024-cü il avqustun 17-də Bakı şəhərində və 2024-cü il avqustun 23-də Bonn...

10 oktyabr 2024, 19:29
SƏNƏDLƏR Fərmanlar 09 oktyabr 2024
12:25
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

09 oktyabr 2024, 12:25