Azərbaycan və Misir prezidentlərinin geniş tərkibdə görüşü olub

28 yanvar 2023, 12:10
Azərbaycan və Misir prezidentlərinin geniş tərkibdə görüşü olub

Yanvarın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisinin geniş tərkibdə görüşü olub.

Dövlət başçıları görüşdə çıxış etdilər.

Azərbaycan Prezidenti İlham Əliyev çıxış edərək dedi:

- Hörmətli cənab Prezident, hörmətli qonaqlar, bir daha sizi səmimiyyətlə salamlayıram.

Səfərinizə çox böyük əhəmiyyət veririk. Əminəm ki, səfər Misir-Azərbaycan əlaqələrinin inkişafı üçün çox mühüm addım olacaqdır. Biz indicə təkbətək görüşümüzdə bir çox məsələləri müzakirə etdik. Misir-Azərbaycan əlaqələrinin gələcək inkişafı ilə bağlı bizim fikir ayrılığımız yoxdur. Bir çox sahələrdə əməkdaşlıq üçün çox gözəl imkanlar var. Əminəm, əldə olunmuş razılaşmaları biz səfərdən sonra icra edəcəyik.

Dünən Azərbaycan iş adamları ilə cənab Prezidentin görüşü olmuşdur. Məndə olan məlumata görə, görüşün çox gözəl nəticələri olmuşdur. Əlbəttə ki, biznes dairələrinin birgə fəaliyyəti bizim əlaqələrimizi daha da gücləndirəcək. Biz gələcək əməkdaşlıq sahələrini də müəyyən etdik. Əminəm ki, həm qarşılıqlı sərmayə qoyuluşu, həm ticarət dövriyyəsinin artırılması yaxın gələcəkdə mümkün olacaq.

Əlbəttə ki, siyasi əlaqələrimizin gücləndirilməsi məsələləri də diqqətdən yayınmadı. Beynəlxalq təşkilatlardakı birgə fəaliyyətimizi gücləndirəcəyik və əməkdaşlığımızı dərinləşdirəcəyik.

Əminəm ki, Prezident cənab Sisinin Azərbaycana səfəri ölkələrimizin gələcək uğurla inkişafına çox böyük töhfə verəcəkdir. Bir daha xoş gəlmisiniz.

x x x

Misir Prezidenti Əbdülfəttah Əs-Sisi dedi:

-Möhtərəm cənab Prezident, ilk növbədə, səmimi qəbula və qonaqpərvərliyə görə, dünəndən gördüyüm bu qonaqpərvərliyə görə Sizə dərin təşəkkürümü bildirmək və eyni zamanda, dünən Azərbaycan səfirliyinə baş vermiş hücumla əlaqədar başsağlığımı çatdırmaq istəyirəm.

Cənab Prezident, görüşümüz zamanı bütün sahələrdə özünü büruzə verən qarşılıqlı anlayış, istər siyasi, istər iqtisadi, istər digər sahələrdə əməkdaşlığın inkişafı istiqamətində hər iki tərəfin siyasi iradəsinin mövcudluğu bu əlaqələrin tez bir zamanda daha da gücləndiriləcəyinə məndə əminlik yaradır. Eyni zamanda, Azərbaycan xalqının Ümummilli Lideri, Misir xalqının yaxın dostu mərhum Prezident Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə də təbriklərimizi Sizə çatdırmağı şərəf bilirəm.

Əlbəttə, ötən il keçirilmiş Azərbaycan-Misir Hökumətlərarası Müştərək Komissiyanın iclasında da gözəl nəticələr əldə olunmuşdur. Amma hesab edirəm ki, bu səfərdən də sonra qarşılıqlı anlayış şəraitində ölkələrimiz arasında bütün sahələrdə münasibətlərin inkişafı qarşılıqlı istəklər və mövcud olan siyasi iradəyə əsaslanaraq daha da dərinləşəcək.

Eyni zamanda, cənab Prezident, Sizinlə razılaşdıq ki, istər Azərbaycan investorları, istərsə də misirli investorlar üçün ölkələrimizdə asanlaşdırıcı tədbirlər görülsün və onlara kömək göstərilsin. Əsasən də əczaçılıq sahəsində müştərək müəssisələrin və müştərək investisiyaların yaradılması da bizim aramızda əldə olunan razılaşmadır. Siz qeyd etdiyiniz kimi, Azərbaycanın ehtiyac duyduğu bütün dərman preparatlarının siyahısı hazırlanıb bizə təqdim olunandan sonra biz də bu istiqamətdə öz işlərimizi görəcəyik.

gallery-photo
SƏNƏDLƏR Fərmanlar 21 aprel 2026
16:22
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016,...

21 aprel 2026, 16:22
SƏNƏDLƏR Fərmanlar 20 aprel 2026
17:20
Yerin təkindən istifadə sahəsində fəaliyyətin təkmilləşdirilməsi (neft-qaz sahəsi üzrə fəaliyyət istisna olmaqla) və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında iqtisadi islahatların davamı olaraq faydalı qazıntı yataqlarının öyrənilməsi, istismarı və idarə olunması sahəsində...

20 aprel 2026, 17:20
SƏNƏDLƏR Fərmanlar 20 aprel 2026
17:19
“Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində əməliyyat-axtarış subyektlərinin səlahiyyət bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 507 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində əməliyyat-axtarış subyektlərinin səlahiyyət bölgüsü haqqında”...

20 aprel 2026, 17:19