İsrail Dövlətinin Baş naziri Zati-aliləri cənab Benyamin Netanyahuya

29 dekabr 2022, 19:00

Hörmətli cənab Baş nazir,

İsrail Dövlətinin Baş naziri kimi fəaliyyətə başlamağınız münasibətilə Sizi ürəkdən təbrik edir, ən səmimi və xoş arzularımı çatdırıram. Bu, dost İsrail xalqının Sizə olan böyük inam və etimadının bariz təzahürü, ölkənizin hərtərəfli inkişafı və rifahı yolunda fəaliyyətinizə və xidmətlərinizə verilən yüksək qiymətdir.

Biz tarixən dostluq və qarşılıqlı anlaşma şəraitində yaşamış xalqlarımızın iradəsindən qaynaqlanan Azərbaycan-İsrail münasibətlərinə xüsusi əhəmiyyət veririk. Ötən otuzillik dövr ərzində qarşılıqlı etimad və dəstək kimi möhkəm təməllər üzərində qurulmuş dövlətlərarası əlaqələrimizin yüksələn xətt üzrə inkişaf edərək hazırkı səviyyəyə çatması məmnunluq doğurur. Ölkələrimiz arasında münasibətlərin təşəkkülündə və inkişafında Sizin xidmətləriniz böyükdür.

Bu ilin noyabrında Azərbaycanın İsraildə Səfirliyinin təsis edilməsi barədə qərar qəbul edilmişdir. Ümidvaram ki, Səfirliyimizin açılması Azərbaycan-İsrail münasibətlərinin inkişafına töhfə verəcəkdir.

Əminəm ki, dost xalqlarımızın mənafelərinə uyğun olaraq ölkələrimiz arasında əlaqələrin dərinləşdirilməsi, qarşılıqlı faydalı əməkdaşlığımızın daha da genişləndirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.

Fürsətdən istifadə edərək qarşıdan gələn Yeni, 2023-cü il münasibətilə Sizə səmimi təbriklərimi yetirir, möhkəm cansağlığı, xoşbəxtlik, dost İsrail Dövlətinin və xalqının əmin-amanlığı və firavanlığı naminə məsul fəaliyyətinizdə daim müvəffəqiyyətlər diləyirəm.

Hörmətlə,

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 dekabr 2022-ci il

SƏNƏDLƏR Fərmanlar 23 may 2025
14:20
“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 1 may tarixli 190-VIIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 1 may tarixli...

23 may 2025, 14:20