07 sentyabr 2012, 12:15

Tale Şamçıyevdən, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident!

Mənim Sizin atdığınız addımlara qiymət vermək səlahiyyətimin olmadığını gözəl anlayıram. Lakin bu yazını özümdən asılı olmayaraq yazıram, emosiyalar məni qəhərləndirir.

Mən Sizin Ramil Səfərov barədə imzaladığınız əfv Sərəncamını nəzərdə tuturam. Əlbəttə, Azərbaycanda heç kimin şübhəsi yox idi ki, dövlətimizin başçısı öz vətəndaşını mütləq Vətənə qaytaracaq və Ramilin dustaq həyatı burada çox çəkməyəcəkdir.

Amma heç kim təsəvvür belə etməzdi ki, Siz bu addımı belə çevik, qəhrəmancasına, igid, cəngavər kimi atacaqsınız, bizi sevməyənlərə məhəl qoymadan, onları yandırıb-yaxaraq edəcəksiniz. İnternetdə rusdilli erməni elektron KİV-lərin səhifələrində əsl yasdır, yazıların müəllifləri isə nokaut vəziyyətindədirlər. Bu bizim hamımızın, ilk növbədə isə Sizin şəxsi qələbənizdir.

Sizi ürəkdən təbrik edir, əmin olduğumu bildirmək istəyirəm ki, mənim təbrikimə yüz minlərlə insan qoşulur. Bu gün biz nankor düşmənlər üzərində çox mühüm, strateji bir qələbə qazandıq. Allah davamını gətirsin. Azərbaycan xalqı bir daha özü üçün aydın etdi ki, onun arxasında duran mərd, polad kimi möhkəm xarakterli və yeri gələndə yalnız sərkərdələrə xas olan addımlar atmağı bacaran Ali Baş Komandanı vardır.

Dərin hörmətlə,

Azərbaycan Respublikasının vətəndaşı olmağı
ilə fəxr edən Şamçıyev Tale Əli oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri.