Bakıda keçirilən "Orta Dəhliz boyunca: geopolitika, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda İlham Əliyevin nitqi

25 noyabr 2022, 10:01
Bakıda keçirilən "Orta Dəhliz boyunca: geopolitika, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda İlham Əliyevin nitqi

-Çox sağ olun. Əvvəlcə bizimlə burada olduqları üçün qonaqlarımıza, beynəlxalq ekspertlərə minnətdarlığımı bildirmək istəyirəm. Belə mühüm məsələlərin müzakirəsi üçün bu önəmli tədbirə ev sahibliyi etdiyinə görə ADA Universitetinə də xüsusi təşəkkürümü bildirirəm. Cənab Paşayev dediyi kimi, yaxın tariximizdə artıq üçüncü dəfədir ki, biz burada yığışırıq. Hesab edirəm ki, əvvəl apardığımız müzakirələrimiz və bu dəfə aparacağımız müzakirələr regiondakı reallıqların, Azərbaycanın planlarının və bizim regiondakı qarşılıqlı əlaqələrimizin daha yaxşı qavranılmasına töhfə verəcək. Bu günün mövzusu Orta Dəhliz məsələsinə həsr olunub. Lakin mən bu konfransın necə adlandırıldığını gördükdə, - “geosiyasət, təhlükəsizlik və iqtisadiyyat”, - bildim ki, bu nöqteyi-nəzərdən mövzunun əhatəliliyi daha geniş olacaq və bu da təbiidir. Çünki Orta Dəhliz kimi irimiqyaslı layihəni icra etmək üçün təhlükəsizlik və iqtisadi bacarıq məsələləri, əlbəttə ki, müzakirə olunmalıdır. Əlbəttə, təhlükəsizlik və iqtisadi potensial olmadan bütün region ölkələrinə fayda verəcək Orta Dəhlizin tam istismara verilməsi məqsədinə nail olmaq mümkün olmayacaq. Təbii ki, istənilən genişmiqyaslı layihənin icrası üçün önəmli elementlərdən biri sabitlikdir. Azərbaycanda uzun illərdir ki, sabitlik var və bu, bizim iqtisadi inkişafımızın əsas amillərindən biridir. İndi Azərbaycanın beynəlxalq arenada oynadığı rol da, həmçinin bizim daxili siyasətimiz sayəsində əmələ gəlmişdir. Çünki güclü iqtisadiyyat, siyasi, iqtisadi sabitlik və hökumət siyasətimizin proqnozlaşdırılması - bütün bu amillər körpülərin və mümkün qədər çox ölkə ilə daha yaxın münasibətlərin qurulması ilə yanaşı, bugünkü reallığa gətirib çıxarıb. Buna görə siyasi sabitlik, təhlükəsizlik, iqtisadiyyat - bütün bu amillər çox vacibdir. Bununla yanaşı, Orta Dəhlizin bir hissəsi olan hər bir ölkənin daxildə etdikləri də vacibdir. Başqa sözlə desək, fiziki nəqliyyat və logistika infrastrukturunu yaratmaq üçün onlara aid ev tapşırığının yerinə yetirilməsi səviyyəsinin nə yerdə olması da vacibdir.

Azərbaycanın coğrafiyası yaxşı məlumdur. Bizim açıq dənizə, okeanlara çıxışımız yoxdur. Buna görə istər bizim enerji layihələrimiz, istərsə də nəqliyyat layihələrimiz olsun, hədəfimizə çatmaq üçün biz çox gərgin işləməli idik. Eyni zamanda, bizim coğrafi mövqeyimizin üstünlüyü Avropa ilə Asiyanın arasında yerləşməyimizdir. Əslində, iki qitənin ortasında yerləşirik və bu bizə bağlılıq məsələlərində mühüm rol oynamağa imkan verir. Lakin infrastrukturun fiziki olaraq mövcudluğu ən vacib məsələ idi və biz bu sektora uzun illər ərzində sərmayə yatırmışıq. İndi isə dəmir yolları əlaqələrimizə, yol infrastrukturumuza baxdıqda biz Azərbaycanda hər şeyin hazır olduğunu görürük. Beş il bundan əvvəl biz tərəfdaşlarımızla birlikdə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin açılışını etdik. İndi isə ölkəmizdən keçən artan yük həcmlərini gördükdə biz Bakı-Tbilisi-Qarsın Gürcüstan hissəsinin genişləndirilməsinə sərmayə yatırmağa başladıq. Bu layihə bizə 100 milyon ABŞ dollarından daha baha başa gələcək və biz bu layihəni bir il və ya ola bilsin, bir il yarım müddətində bitirməyi planlaşdırırıq. Eyni zamanda, Şimal-Cənub dəhlizi kimi digər nəqliyyat layihələri Şərq-Qərb dəhlizinə sinerji əlavə edəcək. Azərbaycan hər iki dəhlizin iştirakçısıdır və Azərbaycanda bu dəhlizlərlə bağlı əksər nəqliyyat və logistika infrastrukturu hazırdır. İndi biz nə işlər görürük. Biz müasirləşdirmə işləri aparırıq. Biz qatarların, yük qatarlarının sürətini artırmaq üçün yeni dəmir yolları tikirik. Eyni zamanda, biz nəqliyyat infrastrukturuna sərmayə yatırırıq, xüsusilə hava ilə yükdaşımaları infrastrukturuna.

Bizim nəqliyyat-kommunikasiya layihələrinin nisbətən yeni elementi olan dəniz ticarət limanımız 15 milyon tondan 25 milyon tona qədər genişləndiriləcək. Çünki buna zərurət var, çünki dünyada yeni geosiyasi vəziyyət mövcuddur və Azərbaycandan daha çox yüklərin daşınmasına zərurət var. Həmçinin biz hava limanları layihələrinin tamamlanması prosesindəyik. Laçın hava limanı hazır olandan sonra, - hansı ki, işğaldan azad edilmiş ərazilərdə üçüncü hava limanı olacaq, - Azərbaycanda beynəlxalq hava limanlarının sayı doqquza çatacaq. Əlbəttə ki, bu, təkcə sərnişin daşımaları üçün yox, həm də yük daşımaları üçündür. Beləliklə, biz Azərbaycan ərazisindən yükdaşımaların sürətlə artmasını gözləyirik və buna hazırıq.

Bakıda gəmi infrastrukturu və yeni gəmiqayırma zavodlarımızın olması ilə bağlı potensialımızı əlavə etsək, biz, əlbəttə ki, planlaşdırdıqlarımıza nail olacağımızı görəcəyik. Xəzər dənizinin şərq sahillərindən yükləri Azərbaycan ərazisindən nəql etmək üçün bizə sözsüz ki, yeni tankerlər, bərələr və yük gəmiləri lazım olacaq.

Yəqin burada giriş sözümü bitirəcəyəm ki, müzakirələrimiz üçün daha çox vaxt qalsın. Bir daha xoş gəlmisiniz. Bilirəm ki, siz azad edilmiş şəhərlərdən biri olan Ağdama səfər edəcəksiniz. Buna görə də sizə təşəkkür edirəm. Siz Ermənistan tərəfindən otuzillik işğalın nəticələrini öz gözlərinizlə görəcəksiniz. Təşəkkür edirəm.

SƏNƏDLƏR Sərəncamlar 20 dekabr 2024
20:07
Z.M.Hüseynovun “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                           

Zaur Mir Tofiq oğlu Hüseynov “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən...

20 dekabr 2024, 20:07