Fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə yaradılan müvəqqəti xüsusi idarəetmə orqanı haqqında ƏSASNAMƏ

03 noyabr 2022, 13:11

Əlavə 1

Azərbaycan Respublikası Prezidentinin

2022-ci il 3 noyabr tarixli Fərmanı ilə təsdiq edilmişdir

 

1. Ümumi müddəalar

1.1. Bu Əsasnamə “Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 17.1-ci maddəsinə əsasən hazırlanmışdır və fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə müvəqqəti xüsusi idarəetmə orqanının (bundan sonra – müvəqqəti xüsusi idarəetmə orqanı) fəaliyyətinin əsaslarını müəyyən edir.

1.2. Müvəqqəti xüsusi idarəetmə orqanı fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə fövqəladə vəziyyətin tətbiqinə səbəb olmuş şəraitin aradan qaldırılması ilə bağlı işləri əlaqələndirməkdən ötrü, habelə həmin ərazinin yerli icra hakimiyyəti orqanları öz funksiyalarını lazımınca yerinə yetirmədikdə, Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən müddətə yaradılan xüsusi idarəetmə orqanıdır.

1.3. Müvəqqəti xüsusi idarəetmə orqanı öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, “Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununu, bu Əsasnaməni, Azərbaycan Respublikası Prezidentinin aktlarını, digər normativ hüquqi aktları və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri rəhbər tutur.

1.4. Müvəqqəti xüsusi idarəetmə orqanı fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə, bu mümkün olmadıqda isə yaxın ərazidə yerləşir.

1.5. Müvəqqəti xüsusi idarəetmə orqanının fəaliyyətinin maliyyələşdirilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.

2. Müvəqqəti xüsusi idarəetmə orqanının fəaliyyət istiqamətləri

2.1. Müvəqqəti xüsusi idarəetmə orqanının fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.1.1. fövqəladə vəziyyətin tətbiq edilməsinə səbəb olmuş şəraitin aradan qaldırılması işlərinin həyata keçirilməsinə nəzarət etmək və bu işləri əlaqələndirmək;

2.1.2. yerli icra hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının ona həvalə olunmuş səlahiyyətlərini həyata keçirmək;

2.1.3. fövqəladə vəziyyətin tətbiq edildiyi ərazinin komendantlığının işinə ümumi rəhbərliyi həyata keçirmək;

2.1.4. Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi digər istiqamətlərdə fəaliyyət göstərmək.

3. Müvəqqəti xüsusi idarəetmə orqanının vəzifələri

3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, müvəqqəti xüsusi idarəetmə orqanı aşağıdakı vəzifələri yerinə yetirir:

3.1.1. fövqəladə vəziyyətin tətbiq edilməsinə səbəb olmuş halların aradan qaldırılması üçün tədbirlər görmək;

3.1.2. fövqəladə vəziyyətin tətbiqi zamanı həyata keçirilən tədbirlərin və müvəqqəti məhdudiyyətlərin icrasına nəzarət etmək;

3.1.3. yerli icra hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının ona həvalə olunmuş səlahiyyətlərinin həyata keçirilməsi üçün müvafiq tədbirlər görmək;

3.1.4. fövqəladə vəziyyətin tətbiq edildiyi ərazinin komendantlığının fəaliyyətinə nəzarət etmək;

3.1.5. fövqəladə vəziyyətin tətbiq edilməsinə səbəb olmuş şəraitin aradan qaldırılması işlərinə cəlb olunmuş dövlət orqanlarının (qurumlarının), həmçinin hüquqi və fiziki şəxslərin fəaliyyətinin əlaqələndirilməsini həyata keçirmək;

3.1.6. fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə dövlət mühafizəsi altında olan obyektlərin və həyat əhəmiyyətli infrastrukturun mühafizəsinin gücləndirilməsi üçün zəruri tədbirləri planlaşdırmaq və həyata keçirmək;

3.1.7. Azərbaycan Respublikasının Prezidenti tərəfindən müvafiq səlahiyyətlər verildiyi halda, fövqəladə vəziyyətin qüvvədə olduğu müddətdə fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə yerləşən həyat təminatı obyektlərinə, sosial sahəyə və mənzil fondu obyektlərinin bərpasına yönəldilən büdcə ayırmalarına müəyyən olunmuş qaydada sərəncam vermək;

3.1.8. Qanunla və Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

4. Müvəqqəti xüsusi idarəetmə orqanının hüquqları

4.1. Öz vəzifələrini yerinə yetirmək üçün müvəqqəti xüsusi idarəetmə orqanının aşağıdakı hüquqları vardır:

4.1.1. fövqəladə vəziyyətin tətbiq edilməsinə səbəb olmuş şəraitin aradan qaldırılması ilə əlaqədar həyata keçiriləcək tədbirlərə və bu sahədə fəaliyyətin təşkilinə dair təkliflər hazırlamaq;

4.1.2. fəaliyyət istiqamətlərinə uyğun olaraq fövqəladə vəziyyət rejiminin təmin olunmasına dair icrası məcburi olan əmr və sərəncamlar vermək, vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar normativ hüquqi aktların layihələrini hazırlamaq;

4.1.3. vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar dövlət orqanlarına (qurumlarına), yerli özünüidarə orqanlarına, bütün hüquqi və fiziki şəxslərə zəruri məlumatlar barədə sorğular göndərmək, onlardan cavablar, habelə görülən işlər barədə arayışlar və məlumatlar almaq;

4.1.4. səlahiyyətinə aid məsələlərlə bağlı rəy və təkliflər vermək, təhlil və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq;

4.1.5. fövqəladə vəziyyətin tətbiqinə səbəb olan halların aradan qaldırılması üzrə fəaliyyətə dövlət orqanlarının (qurumlarının) və hüquqi şəxslərin mütəxəssislərini qanunla müəyyən edilmiş hədlər çərçivəsində cəlb etmək;

4.1.6. Qanunla müəyyən olunmuş tədbirlərin və müvəqqəti məhdudiyyətlərin tətbiq edilməsinin zəruriliyi ilə bağlı təkliflərlə Azərbaycan Respublikasının Prezidentinə müraciət etmək;

4.1.7. Qanunla və Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

5. Müvəqqəti xüsusi idarəetmə orqanının fəaliyyətinin təşkili

5.1. Müvəqqəti xüsusi idarəetmə orqanı fövqəladə vəziyyətin tətbiq edilməsinə səbəb olmuş şərait nəzərə alınmaqla, aidiyyəti dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və (və ya) digər qurumların nümayəndələrindən ibarət tərkibdə yaradılır.

5.2. Müvəqqəti xüsusi idarəetmə orqanının rəhbəri Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad olunur. Müvəqqəti xüsusi idarəetmə orqanının rəhbəri ona həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

5.3. Fövqəladə vəziyyətin tətbiq edildiyi ərazinin komendantı müvəqqəti xüsusi idarəetmə orqanının rəhbərinə tabe olmaqla vəzifəsinə görə onun birinci müavini olur. Digər müavinlər Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılmaqla, müvəqqəti xüsusi idarəetmə orqanının rəhbəri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilirlər.

5.4. Müvəqqəti xüsusi idarəetmə orqanının rəhbəri:

5.4.1. müvəqqəti xüsusi idarəetmə orqanının fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

5.4.2. müavinləri arasında vəzifə bölgüsü aparır;

5.4.3. müvəqqəti xüsusi idarəetmə orqanının strukturunu və bu orqanın fəaliyyətinə cəlb olunan şəxslərin say həddini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılmaqla müəyyən edir;

5.4.4. bu Əsasnamənin 5.1-ci bəndində nəzərdə tutulan şəxslərin müvəqqəti xüsusi idarəetmə orqanının fəaliyyətinə cəlb edilməsi üçün müvafiq tədbirlər görür;

5.4.5. müvəqqəti xüsusi idarəetmə orqanının strukturuna daxil olan bölmələrin iş bölgüsünü müəyyən edir;

5.4.6. müvəqqəti xüsusi idarəetmə orqanını təmsil edir;

5.4.7. Azərbaycan Respublikası Prezidentinin ona həvalə etdiyi digər səlahiyyətləri həyata keçirir.

5.5. Müvəqqəti xüsusi idarəetmə orqanının strukturu və bu orqanın fəaliyyətinə cəlb olunan şəxslərin say həddi fövqəladə vəziyyətin tətbiq edilmə səbəbi və fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə fəaliyyət göstərən yerli icra hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının ona həvalə olunmuş səlahiyyətlərinin həcmi nəzərə alınmaqla müəyyən edilir. Müvəqqəti xüsusi idarəetmə orqanının fəaliyyətinə cəlb olunan şəxsin əsas iş yeri və orta əmək haqqı saxlanılır.

6. Yekun müddəalar

6.1. Müvəqqəti xüsusi idarəetmə orqanı Azərbaycan Respublikası Prezidentinin fövqəladə vəziyyət rejimi çərçivəsində müəyyən etdiyi müddətdə fəaliyyət göstərir.

6.2. Fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə mərkəzi idarəetmə orqanı yaradıldığı halda müvəqqəti xüsusi idarəetmə orqanı öz fəaliyyətini dayandırır.

6.3. Müvəqqəti xüsusi idarəetmə orqanı ləğv edildikdən sonra onun fəaliyyəti ərzində hazırlanmış, əldə olunmuş sənədlər və məlumatlar müvəqqəti xüsusi idarəetmə orqanı rəhbərinin təmsil etdiyi dövlət orqanında saxlanılır.

SƏNƏDLƏR Fərmanlar 28 mart 2024
14:39
“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1101-VIQD nömrəli Qanununun tətbiqi və “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23...

28 mart 2024, 14:39
SƏNƏDLƏR Fərmanlar 27 mart 2024
14:10
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul...

27 mart 2024, 14:10