İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin NİZAMNAMƏSİ

21 oktyabr 2022, 17:07

Azərbaycan Respublikası Prezidentinin
2022-ci il 21 oktyabr tarixli
Fərmanı ilə təsdiq edilmişdir

 

1. Ümumi müddəalar

1.1. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (bundan sonra – Agentlik) rəqəmsal inkişaf sahəsində fəaliyyətin təşkili, əlaqələndirilməsi, həyata keçirilməsi (o cümlədən nəzarət və tənzimləmə), habelə yüksək texnologiyalar, nüvə elmləri, nüvə texnologiyaları və nüvə energetikası sahəsində kompleks tədbirlərin və innovasiya fəaliyyətinin həyata keçirilməsi, eləcə də fiziki və hüquqi şəxslərə müasir texnologiyaların və texnoloji həllərin əldə olunmasında yardım göstərilməsi, innovasiyayönümlü elmi tədqiqatların və innovativ layihələrin (həmçinin startapların) təşviqi, onlara maliyyə dəstəyi göstərilməsi və innovasiya təşəbbüskarlığının təbliği sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir.

1.2. Agentlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, bu Nizamnaməni, Azərbaycan Respublikası Prezidentinin digər fərmanlarını, həmçinin sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, həmçinin digər normativ hüquqi aktları, o cümlədən Nazirliyin qərar, əmr və sərəncamlarını rəhbər tutur.

1.3. Agentlik öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət orqanları (qurumları) ilə, yerli özünüidarəetmə orqanları ilə, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

1.4. Agentlik ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olur. Agentlik bu Nizamnamədə qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər.

1.5. Agentliyin müstəqil balansı, əmlakı, xəzinə və bank hesabları, Nazirliyin adı və öz adı həkk olunmuş möhürü, müvafiq ştampları və blankları vardır.

1.6. Qanuna uyğun olaraq, Agentliyin əqdlər bağlamaq, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək hüququ, həmçinin vəzifələri vardır. Agentlik məhkəmədə iddiaçı və ya cavabdeh qismində çıxış edə bilər.

1.7. Agentliyin rəsmi adı aşağıdakı kimidir:

1.7.1. tam halda – İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, qısaldılmış halda – İRİA;

1.7.2. ingilis dilində tam halda – Innovation and Digital Development Agency, qısaldılmış halda – IDDA.

1.8. Agentlik Bakı şəhərində yerləşir.

2. Agentliyin fəaliyyət istiqamətləri

2.1. Agentliyin fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.1.1. müvafiq sahədə dövlət siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində iştirak etmək;

2.1.2. müvafiq sahədə fəaliyyətin təşkilini, əlaqələndirilməsini və həyata keçirilməsini (o cümlədən tənzimləməni və nəzarəti) təmin etmək;

2.1.3. müvafiq sahənin inkişafını təmin etmək;

2.1.4. rəqəmsal inkişaf səviyyəsini müəyyənləşdirmək, idarəetmə proseslərinin rəqəmsal mühitə daşınması üzrə tədbirlər görmək;

2.1.5. dövlət informasiya sistemləri və ehtiyatları barədə qiymətləndirmənin aparılmasında iştirak etmək və nəticəsi barədə aidiyyəti üzrə təkliflər təqdim etmək;

2.1.6. dinc məqsədlərlə Azərbaycan Respublikasının ərazisində nüvə xammal ehtiyatlarının axtarışını və qiymətləndirilməsini həyata keçirmək;

2.1.7. innovativ ekosistemin inkişafını, yerli innovasiyaların istehsalını və ixracını dəstəkləmək;

2.1.8. innovasiyayönümlü elmi tədqiqatların, innovativ ideya və layihələrin (o cümlədən startapların) təşviqi, bu sahədə fəaliyyət göstərən şəxslərə maliyyə dəstəyi göstərilməsi və innovasiya təşəbbüskarlığının təbliği ilə bağlı tədbirlər görmək;

2.1.9. müvafiq sahə üzrə dövlət–özəl tərəfdaşlığının inkişafı və təşviqi üçün tədbirlər görmək;

2.1.10. müvafiq sahədə fəaliyyətin təkmilləşdirilməsi və şəffaflığın artırılması məqsədilə tədbirlər görmək;

2.1.11. bu Nizamnamə ilə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərmək.

3. Agentliyin vəzifələri və hüquqları

3.1. Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Agentliyin vəzifələri aşağıdakılardır:

3.1.1. müvafiq sahədə normativ hüquqi aktların, inkişaf konsepsiyalarının və məqsədli proqramların hazırlanmasında, dəyişdirilməsində və həyata keçirilməsində iştirak etmək;

3.1.2. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə tənzimlənən və Agentliyin səlahiyyətinə aid olan məsələlər üzrə Azərbaycan Respublikasının götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etmək;

3.1.3. dövlət orqanlarının (qurumlarının), yerli özünüidarəetmə orqanlarının, hüquqi və fiziki şəxslərin müvafiq sahə üzrə fəaliyyətini əlaqələndirmək;

3.1.4. rəqəmsal inkişafın və innovasiyaların həyata keçirilməsi ilə bağlı təkliflər vermək və tədbirlər görmək, habelə innovasiya təşəbbüskarlığının təbliğini həyata keçirmək və belə təşəbbüsləri dəstəkləmək;

3.1.5. rəqəmsal inkişaf sahəsində texnologiyaların və idarəetmə üzrə mövcud inkişaf tendensiyalarının təhlili əsasında rəqəmsal texnologiyaların tətbiqi üzrə prioritetləri, eləcə də dövlət orqanlarında (qurumlarında) və yerli özünüidarəetmə orqanlarında rəqəmsal hazırlıq səviyyəsini müəyyənləşdirmək;

3.1.6. dövlət orqanlarına (qurumlarına), yerli özünüidarəetmə orqanlarına, habelə digər fiziki və hüquqi şəxslərə rəqəmsal texnologiyaların tətbiqi ilə bağlı əməli və metodiki kömək göstərmək;

3.1.7. dövlət orqanlarında (qurumlarında) rəqəmsal texnologiyalardan istifadə imkanlarının artırılması üçün tədbirlər görmək, habelə informasiya təhlükəsizliyinin təmini ilə bağlı tədbirlərin həyata keçirilməsində iştirak etmək;

3.1.8. rəqəmsal inkişaf və innovasiyalar üzrə beynəlxalq reytinqlərdə ölkənin mövqeyinin yaxşılaşdırılması məqsədilə aidiyyəti dövlət orqanları (qurumları) ilə birgə tədbirlər görmək;

3.1.9. iki və ya daha çox qurum tərəfindən istifadəsi nəzərdə tutulan yardımçı dövlət informasiya ehtiyatlarının və sistemlərinin vahid texniki baza və platformada qurulmasında, habelə birdən çox quruma göstərilə biləcək xidmətlərin “Hökumət buludu”nda bir platforma və ya tətbiqi proqram modelində göstərilməsi ilə bağlı tədbirlər görülməsində iştirak etmək;

3.1.10. Agentliyin fəaliyyət istiqamətlərinə uyğun olaraq dövlət informasiya ehtiyatlarının və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və ya arxivləşdirilməsi ilə bağlı aidiyyəti dövlət orqanından (qurumundan) sənədləri (texniki məlumatları) almaq, həmin sənəd və məlumatlar əsasında dövlət informasiya ehtiyatlarında və sistemlərində dəyişiklik və təkmilləşdirmə işlərinin aparılması ilə bağlı Nazirliyə təkliflər vermək;

3.1.11. “Böyükhəcmli məlumatlar”ın analitik təhlilləri, maşınla öyrənmə,
“Süni intellekt”, “blokçeyn”, “əşyaların interneti” və “bulud hesablama” texnologiyalarının, eləcə də digər rəqəmsal texnologiyaların tətbiqi ilə bağlı təkliflər vermək və tədbirlər görmək;

3.1.12. fəaliyyət istiqamətlərinə uyğun olaraq dövlət informasiya ehtiyatlarının və sistemlərinin formalaşdırılması ilə bağlı layihələrin hazırlanmasında, eləcə də həmin informasiya ehtiyatlarının və sistemlərinin sınağında iştirak etmək;

3.1.13. dövlət–vətəndaş, dövlət–biznes, dövlət–dövlət, biznes–dövlət, biznes–istehlakçı və biznes–biznes xidmətlərinin rəqəmsallaşdırılması və proaktiv təşkili ilə bağlı təkliflər vermək;

3.1.14. dövlət informasiya sistemlərinin və ehtiyatlarının “Hökumət buludu”na mərhələli keçidi, İKT infrastruktur və proqram təminatına kapital və istismar xərclərinin optimallaşdırılması ilə bağlı tədbirlər görülməsində iştirak etmək;

3.1.15. müvafiq sahədə mütəxəssis hazırlığını dəstəkləməklə, əmək bazarının formalaşdırılmasında iştirak etmək, yeni nəsil innovatorların yetişdirilməsi, onların təcrübə və tədqiqat bacarıqlarının yüksəldilməsi, eləcə də araşdırmaların aparılması məqsədilə müddətli, tam və ya qismən maliyyələşdirilən fərdi proqramlar üzrə müsabiqələr, o cümlədən təqaüd proqramları elan etmək, bununla əlaqədar təhsil müəssisələri ilə, digər hüquqi və fiziki şəxslərlə əməkdaşlıq etmək, habelə xarici istedadlı innovatorları və yüksək potensialı olan innovativ ideya sahiblərini, innovativ tədqiqatçıları ölkəyə cəlb etmək;

3.1.16. informasiya ehtiyatlarında kağız daşıyıcıda olan məlumatların rəqəmsal formata keçilməsilə bağlı aidiyyəti dövlət orqanları (qurumları) ilə birgə tədbirlər görmək;

3.1.17. “Made in Azerbaijan” brendi ilə innovativ və yüksək texnoloji məhsul istehsalına və xidmətlərin göstərilməsinə təkan vermək, habelə mövcud yerli brendlərin xarici bazarlara çıxmasına dəstək olmaq;

3.1.18. Agentliyin əqli mülkiyyətini idarə etmək və onun barəsində sərəncam vermək;

3.1.19. innovasiya fəaliyyətini təşviq etmək, yerli sahibkarlıq subyektlərinə müasir texnologiyaların və texnoloji həllərin əldə olunmasına yardım göstərilməsini və onların transferinin təşkilini, habelə innovasiyayönümlü elmi tədqiqatları dəstəkləmək, innovativ layihələri (o cümlədən startapları) təşviq etmək və bu məqsədlərlə maliyyə dəstəyi göstərmək;

3.1.20. rəqəmsal inkişaf və innovasiya sahələrinə startap ekosisteminin, tədqiqat və təhsil müəssisələrinin cəlb edilməsi ilə bağlı tədbirlər görmək;

3.1.21. Azərbaycan Respublikasında ideyaların məhsula çevrilərək bazara çıxarılmasına xidmət edən innovativ sistemin qurulmasını təmin etmək və onu idarə etmək;

3.1.22. müvafiq sahədə investisiya mühitini təhlil etmək və onun təkmilləşdirilməsinə dair təkliflər vermək, habelə elmi tədqiqatların kommersiyalaşdırılmasına dəstək göstərmək;

3.1.23. innovativ inkişafla bağlı qlobal meyilləri təhlil etmək, müvafiq sahədə proqnozlar hazırlamaq və təkliflər vermək;

3.1.24. yeni texnologiyaların iqtisadiyyata inteqrasiyası üzrə layihələrin həyata keçirilməsini təşkil etmək;

3.1.25. innovativ layihələri təhlil etmək, onların iqtisadi səmərəliliyini, ixracyönümlülüyünü, rəqabət qabiliyyətliliyini qiymətləndirmək, onların tətbiqi imkanlarını araşdırmaq və investisiyalar cəlb etmək, habelə innovativ layihələrin həyata keçirilməsi üçün yüksək texnoloji infrastruktur (avadanlıq, qurğu, cihaz, alət, təchizat vasitələri və s.) əldə etmək, öz vəsaiti hesabına yüksəkixtisaslı işçi heyəti cəlb etmək və xərcləri qarşılamaq;

3.1.26. innovativ sahibkarlığın, sağlam rəqabətin və əmtəə bazarının inkişafını, yeni iş yerlərinin yaradılmasını təmin edən investisiya layihələrinin hazırlanmasında, həyata keçirilməsində, zəruri infrastrukturun formalaşdırılmasında iştirak etmək;

3.1.27. əməkdaşlıq etdiyi istedadlı gənclərin, gənc mütəxəssislərin və alimlərin məlumat bankını yaratmaq;

3.1.28. Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallarda texnoparkların idarəedici təşkilati funksiyalarını yerinə yetirmək, eləcə də texnoparkın və inkubatorun rezidentlərinə qeydiyyat şəhadətnaməsi vermək;

3.1.29. nüvə elmləri və nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi üzrə Azərbaycan Respublikasının maraqlarına uyğun aktual elmi və elmi-texnoloji istiqamətlərin müəyyənləşdirilməsinə, müvafiq dövlət proqramı və layihələrinin hazırlanmasına dair Nazirliyə təkliflər vermək və həyata keçirilməsi ilə bağlı tədbirlər görmək;

3.1.30. nüvə elmləri və texnologiyalarının gələcək inkişafı üçün lazımi texniki baza yaratmaq və istismarını təşkil etmək;

3.1.31. nüvə və neytron fizikası, neytron radioqrafiyası, neytron spektroskopiyası, nüvə çevrilmələri, neytron optikası, nüvə tibbi, materialşünaslıq və digər istiqamətlərdə fundamental və praktiki elmi tədqiqatların aparılmasını təşkil etmək;

3.1.32. materialların xassələrinin və tərkibinin modifikasiyası, elm və texnikanın müxtəlif sahələri üzrə neytron analitik məqsədli işlər həyata keçirmək;

3.1.33. nüvə elmləri və texnologiyalarının inkişafı üçün qurğu və sistemlərin təhlükəsiz iş rejiminin təmin edilməsi məqsədilə tədbirlər görmək;

3.1.34. nüvə materialları, radioaktiv materiallar və radioizotop tərkibli qurğu və sistemlərin təhlükəsizliyinin, fiziki mühafizəsinin, habelə nüvə və radioaktiv materialların daşınmasının, işlənilmiş nüvə yanacağı və radioaktiv tullantılarla davranılmasının, nüvə və radioloji qəza hallarına hazırlığın qüvvədə olan normativ hüquqi aktların tələblərinə uyğun təşkili məqsədilə tədbirlər görmək;

3.1.35. müasir tipli hissəcik və nüvə sürətləndiriciləri, radioizotop mənşəli şüalanma mənbəli qurğuların yaradılması və onların bazasında nüvə və radiasiya materialşünaslığı, nüvə çevrilmələri və digər elmi-praktik məqsədli işlərin icrasını təmin etmək;

3.1.36. nüvə, neytron, yüksək enerjili hissəcikləri və şüaları ayırd və qeyd edən materialların və onların əsasında cihazların hazırlanmasını, eləcə də tətbiqini həyata keçirmək;

3.1.37. dinc məqsədlərlə Azərbaycan Respublikasının ərazisində nüvə xammal ehtiyatlarının axtarışı, potensiallarının qiymətləndirilməsi, ekoloji və iqtisadi səmərəli emal üsullarının işlənilməsi və uyğun texnologiyanın yaradılmasını həyata keçirmək;

3.1.38. dinc məqsədlərlə nüvə materiallarını ayırıb saflaşdırma, zənginləşdirmə texnologiyalarını, nüvə yanacağı dövriyyəsini, istehsal texnologiyalarını və tətbiq sahələrini yaratmaq;

3.1.39. sənaye, kənd təsərrüfatı, tikinti və tibb sahələrində istifadə olunan materialların radiasiya üsulu ilə işlənilməsi, o cümlədən ölkədə istehsal edilən, idxal və ixrac olunan kənd təsərrüfatı, ərzaq məhsulları, tibbi və digər məmulatların radiasiya sterilizasiya texnologiyalarını yaratmaq;

3.1.40. nanomaterialların və radiasiya texnologiyalarının işlənilməsi, onların elm və texnikanın müxtəlif sahələrində tətbiqini həyata keçirmək;

3.1.41. Azərbaycan Respublikasının ərazisi üzrə radiasiya fonunun öyrənilməsində, eləcə də torpaq, su və havada radionuklid paylanmasının tədqiqində, aidiyyəti dövlət orqanlarının (qurumlarının), yerli özünüidarəetmə orqanlarının, hüquqi və fiziki şəxslərin müraciətləri əsasında materialların, digər məmulatların radioloji laboratoriya sınaqlarında, Azərbaycan Respublikasında aparılan nüvə və radiasiya təhlükəsizliyi üzrə layihələrin və dövlət proqramlarının həyata keçirilməsində iştirak etmək;

3.1.42. radioloji fövqəladə hallarda müvafiq dövlət orqanlarının (qurumlarının) işlərinə elmi-metodiki və ekspert dəstəyi göstərmək, eləcə də monitorinqlərin aparılmasında iştirak etmək;

3.1.43. Azərbaycan Respublikasında nüvə energetikasının inkişafının yerli və beynəlxalq tələblər kontekstində əsaslandırılmasının aparılmasında, nüvə energetikasının tətbiqi üzrə təkliflər hazırlanmasında iştirak etmək, eləcə də bu sahədə aparılan layihə və proqramlara elmi-metodiki dəstək göstərmək;

3.1.44. müvafiq sahədə dövlət–özəl tərəfdaşlığının inkişafı və təşviqi üçün tədbirlər görmək, habelə qanuna uyğun olaraq dövlət–özəl tərəfdaşlığı layihələrinin özəl investisiyaların cəlb edilməsi yolu ilə həyata keçirilməsi üçün tədbirlər görmək;

3.1.45. müvafiq sahədə elektron xidmətləri “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanına uyğun olaraq təşkil etmək;

3.1.46. Agentliyin fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək;

3.1.47. kargüzarlığı və vətəndaşların qəbulunu müvafiq normativ hüquqi aktların tələblərinə uyğun təşkil etmək, Agentliyin əməkdaşlarının əlavə təhsili və peşəkarlığının yüksəldilməsi üçün tədbirlər görmək;

3.1.48. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin etmək;

3.1.49. Agentliyə ayrılan büdcə vəsaitindən, kreditdən, qrantdan və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;

3.1.50. dövlət və kommersiya sirrinin, habelə məxfilik rejiminin qorunması üçün tədbirlər görmək;

3.1.51. Agentliyin informasiya təminatını təşkil etmək və onun təhlükəsizliyini təmin etmək;

3.1.52. Agentliyin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi üçün tədbirlər görmək;

3.1.53. müvafiq sahədə peşəkar mütəxəssislərin hazırlanması və tədris proqramlarının tərtibi ilə bağlı təkliflər vermək və onların həyata keçirilməsində iştirak etmək;

3.1.54. qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla, müvafiq sahədə elmi-texniki nailiyyətlərin tətbiqini təmin etmək;

3.1.55. bu Nizamnamə ilə müəyyən edilmiş digər vəzifələri həyata keçirmək.

3.2. Öz vəzifələrini yerinə yetirmək üçün Agentliyin aşağıdakı hüquqları vardır:

3.2.1. müvafiq sahədə normativ hüquqi aktın layihəsinin qəbul olunması, aktda dəyişikliklər edilməsi, aktın şərh edilməsi, qüvvəsinin dayandırılması və ya ləğv edilməsi haqqında Nazirliyə təklif vermək;

3.2.2. müvafiq sahədə beynəlxalq müqavilələrə Azərbaycan Respublikasının tərəfdar çıxması barədə Nazirliyə təkliflər vermək;

3.2.3. beynəlxalq təcrübənin tətbiqi imkanlarının araşdırılması məqsədilə beynəlxalq təşkilatlarla, habelə xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək;

3.2.4. fəaliyyət istiqamətlərinə uyğun olaraq dövlət informasiya sistemlərinin və ehtiyatlarının qiymətləndirilməsində və onların istismara qəbulunda iştirak etmək, eləcə də onların funksional imkanlarının artırılması və təkmilləşdirilməsi ilə bağlı Nazirliyə rəy və təkliflər vermək;

3.2.5. fəaliyyət istiqamətlərinə aid olan məsələlərlə bağlı araşdırmalar aparmaq, işçi qruplar və komissiyalar yaratmaq;

3.2.6. dövlət orqanlarına (qurumlarına), yerli özünüidarəetmə orqanlarına, hüquqi və fiziki şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

3.2.7. fəaliyyət istiqamətləri üzrə rəy və təkliflər vermək, təhlillər, tədqiqatlar və ümumiləşdirmələr aparmaq, habelə analitik materiallar hazırlamaq;

3.2.8.müvafiq sahədə dövlət orqanları (qurumları) tərəfindən normativ hüquqi aktlara əməl edilməsinə nəzarəti həyata keçirmək, bu məqsədlə müvafiq tədbirlər görmək, o cümlədən qanunda nəzərdə tutulduğu halda icrası məcburi olan göstərişlər vermək;

3.2.9.müstəqil ekspertləri və mütəxəssisləri fəaliyyətinə cəlb etmək;

3.2.10. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı konfranslar, müşavirələr, seminarlar keçirmək və digər tədbirlər təşkil etmək;

3.2.11. əməkdaşlarını dövlət təltiflərinə və digər mükafatlara təqdim etmək, onların həvəsləndirilməsi üçün tədbirlər görmək;

3.2.12. sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, təsərrüfat cəmiyyətləri yaratmaq və ya onlarda iştirak etmək;

3.2.13. fəaliyyət istiqamətlərinə uyğun olaraq müvafiq sahə ilə bağlı fiziki və hüquqi şəxslərə müqavilə əsasında xidmətlər göstərmək;

3.2.14. fəaliyyət istiqamətlərinə uyğun olaraq fondların, innovasiya mərkəzlərinin, tədqiqat və araşdırma mərkəzlərinin, laboratoriyaların, texnologiya və biliklər transferi mərkəzlərinin və digər təsisatların (infrastrukturun) yaradılması ilə bağlı təkliflər vermək, onları yaratmaq və onların fəaliyyətində iştirak etmək;

3.2.15. Agentliyin fəaliyyətini təbliğ etmək, müxtəlif metodiki vəsaitlər, jurnallar, kitablar, xüsusi bülletenlər və digər nəşrlər buraxmaq;

3.2.16. bu Nizamnamə ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

4. Agentliyin idarə olunması

4.1. Agentlik öz fəaliyyətində və idarəetmədə mütərəqqi korporativ idarəetmə standartlarını tətbiq edir.

4.2. Agentliyin idarəetmə orqanı onun İdarə Heyətidir.

4.3. Agentliyin İdarə Heyətinin tərkibi 3 (üç) üzvdən – Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən İdarə Heyətinin sədri və onun 2 (iki) müavinindən ibarətdir.

4.4. Agentliyin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti İdarə Heyəti həyata keçirir.

4.5. İdarə Heyətinin sədri müvəqqəti olmadıqda, onun səlahiyyətlərinin icrasını İdarə Heyəti sədrinin müəyyən etdiyi müavinlərindən biri həyata keçirir.

4.6. İdarə Heyətinin vəzifələri aşağıdakılardır:

4.6.1. Agentliyin fəaliyyətini təşkil etmək və onun fəaliyyətinə nəzarət etmək;

4.6.2. təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi üçün Nazirliyə təkliflər vermək və sənədlər (o cümlədən Agentliyin illik maliyyə hesabatını və fəaliyyətinə dair illik hesabatı) təqdim etmək;

4.6.3. Agentliyin strateji məqsəd və planlarını müəyyən etmək, inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi üçün Nazirliyə təkliflər vermək;

4.6.4. Agentliyin strukturunun, əməyin ödənişi fondunun, işçilərin say həddinin və onların əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğinin təsdiq edilməsi, o cümlədən Agentliyin əldə etdiyi vəsait (dövlət büdcəsindən və dövlətə məxsus digər fondlardan ayrılan vəsait istisna olmaqla) hesabına işçilərə əlavə ödənilən həvəsləndirmə sisteminin müəyyənləşdirilməsi məqsədilə Nazirliyə təkliflər vermək;

4.6.5. Nazirliyin razılığı ilə Agentliyin təsərrüfat cəmiyyətlərinin yaradılması və ya onlarda iştirak barədə, həmçinin Agentliyin idarə, filial və nümayəndəliklərinin yaradılması barədə qərar qəbul etmək;

4.6.6. Nazirliyin razılığı ilə Agentliyin maliyyə planlaşdırmasını və büdcəsini təsdiq etmək;

4.6.7. Agentliyin fəaliyyətinə dair daxili qaydaları (o cümlədən maraqların toqquşmasının istisna olunması qaydasını), habelə idarə, filial və nümayəndəliklərinin əsasnamələrini, təsərrüfat cəmiyyətlərinin nizamnamələrini Nazirliklə razılaşdırmaqla təsdiq etmək;

4.6.8. Agentliyin fəaliyyətinə dair illik hesabatı dinləmək;

4.6.9. Nazirliyin razılığı ilə Agentliyin kənar auditorunu təyin etmək və onun audit hesabatını qəbul etmək;

4.6.10. kənar auditorun yoxlamalarının, habelə digər yoxlamaların nəticələrinə dair tədbirlər görmək;

4.6.11. Agentliyin daxili audit bölməsinin fəaliyyətinə nəzarət etmək və fəaliyyətinə dair hesabatlar almaq, habelə Nazirliyin razılığı ilə onun üzvlərini vəzifəyə təyin və vəzifədən azad etmək;

4.6.12. Nazirliyin razılığı ilə Agentliyin xalis aktivlərinin dəyərinin 25 (iyirmi beş) faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri Agentliyin aktivlərinin 5 (beş) faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanılması haqqında qərar qəbul etmək;

4.6.13. aidiyyəti şəxslə dəyəri Agentliyin aktivlərinin 5 (beş) faizədək hissəsini təşkil edən əqdin bağlanılması haqqında qərar qəbul etmək;

4.6.14. Agentliyin strateji məqsədlərinin və planlarının, habelə büdcəsinin icrasına nəzarət etmək;

4.6.15. bu Nizamnamənin 3.1.49-cu yarımbəndində nəzərdə tutulan vəsaitdən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;

4.6.16. İdarə Heyəti üzvlərinin müraciətlərinə baxmaq və qərar qəbul etmək;

4.6.17. bu Nizamnamənin 3.1.1-ci və 3.2.1-ci yarımbəndlərində nəzərdə tutulmuş məsələlərin həlli üçün tədbirlər görmək;

4.6.18. Agentliyin fəaliyyəti ilə əlaqədar İdarə Heyəti sədrinin və ya təsisçinin səlahiyyətlərinə aid edilməyən bütün məsələlər barədə qərar vermək.

4.7. İdarə Heyətinin sədri ayda azı bir dəfə İdarə Heyətinin iclaslarını çağırır və iclaslara sədrlik edir. İdarə Heyətinin iclaslarının keçirilməsi təşəbbüsü ilə İdarə Heyətinin üzvü çıxış edir. İdarə Heyətinin iclasları üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. İdarə Heyətinin iclasında, hər üzvün bir səsi olmaqla, qərarlar sadə səs çoxluğu ilə qəbul edilir. Səsvermə zamanı üzvlərin bitərəf qalmasına icazə verilmir. Səslərin sayı bərabər olduqda, iclasa sədrlik edənin səsi həlledicidir.

4.8. İdarə Heyətinin üzvlərinə, habelə İdarə Heyətinin iclaslarına dəvət olunan şəxslərə İdarə Heyətinin iclaslarının keçiriləcəyi yer və vaxt, habelə gündəliyə daxil edilmiş məsələlər barədə iclasa azı 3 (üç) iş günü qalmış, zəruri sənədlər əlavə edilməklə yazılı məlumat verilir.

4.9. İclasın gündəliyinə İdarə Heyətinin hər hansı üzvünün maraqlarına toxunan məsələ çıxarıldıqda, həmin üzv bununla bağlı maraqları haqqında ətraflı məlumat verməli, bu məsələnin müzakirəsində və həmin məsələyə dair səsvermədə iştirak etməməlidir.

4.10. Gündəliyə daxil edilməmiş və ya tələb olunan aidiyyəti sənədləri iclasdan qabaq təqdim edilməmiş məsələlər barədə, bütün iştirakçı üzvlərin razılıq verdiyi hallar istisna olmaqla, qərar qəbul edilə bilməz.

4.11. İdarə Heyətinin sədri:

4.11.1. Agentliyin cari fəaliyyətinə rəhbərlik edir və onu təmsil edir;

4.11.2. İdarə Heyətinin fəaliyyətini təşkil edir, iclasların gündəliyini müəyyənləşdirir və iclaslara sədrlik edir;

4.11.3. öz təşəbbüsü ilə, İdarə Heyətinin digər üzvünün təşəbbüsü ilə İdarə Heyətinin iclaslarını çağırır;

4.11.4. öz təşəbbüsü ilə, habelə İdarə Heyətinin hər hansı bir üzvünün xahişi əsasında digər şəxsləri İdarə Heyətinin iclasında iştirak etməyə dəvət edir;

4.11.5. Agentliyin fəaliyyətinin təşkili ilə əlaqədar icrası məcburi olan daxili sərəncam və əmrlər verir;

4.11.6. Agentliyin fəaliyyət istiqamətlərinə dair qəbul olunmuş aktların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir;

4.11.7. özünün və Agentliyin struktur bölmələrinin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;

4.11.8. müəyyən edilmiş struktur, əməyin ödənişi fondu və işçilərin say həddi daxilində Agentliyin Aparatının və digər struktur bölmələrinin strukturunu, ştat cədvəlini və xərclər smetasını Nazirliklə razılaşdırmaqla təsdiq edir;

4.11.9. Agentliyin işçilərinin vəzifə maaşlarının, vəzifə maaşlarına əlavələrin, mükafatların və digər ödənişlərin verilməsini əməyin ödənişi fondu çərçivəsində təşkil edir;

4.11.10. bu Nizamnamə ilə müəyyən edilmiş hallar istisna olmaqla, Agentliyin, o cümlədən onun idarə, filial və nümayəndəliklərinin, habelə tabeliyindəki digər qurumların işçilərinin (təsərrüfat cəmiyyətlərində isə yalnız rəhbərlərin) vəzifəyə təyin və vəzifədən azad edilməsi, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi barədə qərarlar qəbul edir;

4.11.11. Agentliyin əmlakından onun Nizamnaməsində nəzərdə tutulmuş məqsədlərə uyğun istifadə olunmasına nəzarət edir;

4.11.12. bu Nizamnamə ilə müəyyən edilmiş səlahiyyətlər çərçivəsində Agentliyin adından əməliyyatlar aparır, müqavilələr bağlayır və onların yerinə yetirilməsini təmin edir;

4.11.13. Agentliyin fəaliyyət istiqamətləri ilə bağlı məşvərətçi komitələr və işçi qruplar yaradır;

4.11.14. Agentliyin fəaliyyət istiqamətləri üzrə dövlət sirrinin və məxfilik rejiminin, habelə qanunla qorunan digər məlumatların mühafizəsi üçün zəruri tədbirlər görür;

4.11.15. Agentlikdə kargüzarlıq və arxiv işinin aparılmasını təmin edir;

4.11.16. Agentlikdə müraciətlərə baxılmanı və vətəndaşların qəbulunu təmin edir.

4.12. İdarə Heyətinin üzvləri:

4.12.1. İdarə Heyətinin səlahiyyətlərinə aid məsələlərin həllində iştirak edirlər;

4.12.2. İdarə Heyətinin iclasının gündəliyi ilə və baxılması nəzərdə tutulmuş materiallarla əvvəlcədən tanış olurlar;

4.12.3. İdarə Heyətinin qəbul ediləcək qərarlarına dair fikir bildirirlər;

4.12.4. İdarə Heyətinin səlahiyyətlərinə aid məsələlərə onun iclaslarında baxmaq barədə təkliflər verirlər;

4.12.5. İdarə Heyətinin qərarları, iclas protokolları ilə və digər sənədlərlə tanış olurlar.

4.13. İdarə Heyətinin üzvləri onun iclaslarında baxılan məsələlərə qərəzsiz yanaşmalı, İdarə Heyəti üzvünün adına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməlidirlər, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-cu maddəsi ilə müəyyən edilmiş digər tələbləri yerinə yetirməlidirlər.

5. Agentliyin nizamnamə fondu, əmlakı və maliyyə fəaliyyətinin əsasları

5.1. Agentliyin nizamnamə fondunun məbləği 6 778 392 (altı milyon yeddi yüz yetmiş səkkiz min üç yüz doxsan iki) manatdır.

5.2. Agentliyin əmlakı nizamnamə fondundan, təsisçinin verdiyi digər əmlakdan, həmçinin dövlət büdcəsindən ayrılan vəsaitdən, fəaliyyətindən əldə olunmuş gəlirdən, ianələrdən, kreditlərdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunla qadağan edilməyən digər vəsaitdən formalaşır.

5.3. Agentlik öz əmlakından yalnız bu Nizamnamə ilə müəyyən olunmuş məqsədlərə uyğun istifadə edir. Agentlik balansında olan dövlət əmlakına münasibətdə səlahiyyətlərini “Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı ilə müəyyən edilmiş qaydada həyata keçirir.

5.4. Agentlik qanunda nəzərdə tutulmuş vergiləri və digər məcburi ödənişləri ödədikdən sonra Agentliyin, onun idarə, filial, nümayəndəliklərinin və təsərrüfat cəmiyyətlərinin, habelə tabeliyindəki digər qurumların fəaliyyətindən əldə edilmiş vəsait üzərində müstəqil sərəncam vermək hüququna malikdir.

5.5. Agentliyin mənfəəti bu Nizamnamədə nəzərdə tutulmayan məqsədlər üçün yalnız Nazirliyin qərarı ilə dövlət büdcəsinə köçürülür.

5.6. Agentliyin məhsullarının (malların, işlərin, xidmətlərin) qiymətləri dövlət tərəfindən tənzimlənən qiymətlərə (tariflərə) aid deyildir.

6. Agentliyin fəaliyyətinə nəzarətin forması və əhatə dairəsi

6.1. Agentliyin fəaliyyətinə nəzarəti Nazirlik, həmçinin bu Nizamnamə ilə müəyyən edilmiş qaydada İdarə Heyəti həyata keçirirlər.

6.2. Agentliyin fəaliyyətinə dair illik hesabat Nazirliyə təqdim edilir.

7. Agentlikdə uçot və hesabat

7.1. Agentlik “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə publik hüquqi şəxslər üçün müəyyən edilmiş qaydada mühasibat uçotu aparır, maliyyə hesabatlarını tərtib, təqdim və dərc edir.

7.2. Agentlik “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq statistik hesabatları tərtib və təqdim edir.

7.3. Agentlik idarə, filial, nümayəndəlik və təsərrüfat cəmiyyətlərinin, habelə tabeliyindəki digər qurumların maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılmasını təmin edir.

7.4. Agentlik öz fəaliyyətinin müstəqil surətdə yoxlanılması üçün kənar auditor cəlb edir.

8. Agentliyin ləğvi və yenidən təşkili

Agentliyin ləğvini və yenidən təşkilini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir.

SƏNƏDLƏR Sərəncamlar 10 dekabr 2024
16:08
“Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 25 fevral tarixli 287 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyətinin (bundan sonra – Cəmiyyət) maliyyə nəticələrinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin...

10 dekabr 2024, 16:08
SƏNƏDLƏR Fərmanlar 09 dekabr 2024
12:57
“Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”ə düzəliş Protokolu”nun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2024-cü il sentyabrın 3-də Buxarest şəhərində imzalanmış “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri...

09 dekabr 2024, 12:57
SƏNƏDLƏR Fərmanlar 09 dekabr 2024
12:55
“Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının 2022-ci il 16 dekabr tarixli 693-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 22 oktyabr tarixli 57-VIIQD nömrəli Qanununun tətbiqi və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 aprel tarixli 48 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının 2022-ci il 16 dekabr tarixli 693-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar...

09 dekabr 2024, 12:55
SƏNƏDLƏR Qanunlar 09 dekabr 2024
12:53
“Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının 2022-ci il 16 dekabr tarixli 693-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı, 10-cu və 15-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (Azərbaycan...

09 dekabr 2024, 12:53