Azərbaycan Elm Fondunun NİZAMNAMƏSİ

15 oktyabr 2022, 14:38

Azərbaycan Respublikası Prezidentinin

2022-ci il 15 oktyabr tarixli

Fərmanı ilə təsdiq edilmişdir

 

 

1. Ümumi müddəalar

1.1. Azərbaycan Elm Fondu (bundan sonra – Fond) təbiət, texniki, humanitar və ictimai sahələr üzrə fundamental, tətbiqi və eksperimental tədqiqatların və digər elmi tədbirlərin qrant şəklində məqsədli maliyyələşdirilməsi sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir.

1.2. Fond öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, bu Nizamnaməni, Azərbaycan Respublikası Prezidentinin digər fərmanlarını, həmçinin sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər normativ hüquqi aktları rəhbər tutur.

1.3. Fond öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət orqanları (qurumları), yerli özünüidarəetmə orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

1.4. Fond ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olur. Fond bu Nizamnamədə qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər.

1.5. Fondun müstəqil balansı, əmlakı, xəzinə və bank hesabları, öz adı həkk olunmuş möhürü, müvafiq ştampları və blankları vardır.

1.6. Qanuna uyğun olaraq, Fondun əqdlər bağlamaq, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək hüququ, həmçinin vəzifələri vardır. Fond məhkəmədə iddiaçı və ya cavabdeh qismində çıxış edə bilər.

1.7. Fond Bakı şəhərində yerləşir.

2. Fondun fəaliyyət istiqamətləri

2.1. Fondun fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.1.1. müvafiq sahədə dövlət siyasətinin formalaşmasında və həyata keçirilməsində iştirak etmək;

2.1.2. təbiət, texniki, humanitar və ictimai sahələr üzrə fundamental, tətbiqi və eksperimental tədqiqatları və digər elmi tədbirləri qrant şəklində məqsədli maliyyələşdirmək, elmi tədqiqatların keyfiyyətinin və səmərəliliyinin artırılmasını, elmi tədqiqatlara marağın gücləndirilməsini təmin etmək, müxtəlif elmi tədbirlərin təşkili üzrə layihələri dəstəkləmək;

2.1.3. elmi müəssisə və təşkilatların, ali təhsil müəssisələrinin, elmi fəaliyyətlə məşğul olan digər hüquqi şəxslərin, o cümlədən müasir yeniliklərin tətbiq edildiyi istehsal müəssisələrinin, habelə Azərbaycan Respublikasının vətəndaşı olan fiziki şəxslərin (bundan sonra – elmi fəaliyyətlə məşğul olan hüquqi və fiziki şəxslər) elm sahəsində innovativ ideyalarını və fəaliyyətini dəstəkləmək;

2.1.4. müvafiq sahənin inkişafını təmin etmək;

2.1.5. bu Nizamnamə ilə müəyyən edilən digər istiqamətlərdə fəaliyyət göstərmək.

3. Fondun vəzifələri və hüquqları

3.1. Fond bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:

3.1.1. müvafiq sahədə normativ hüquqi aktların, inkişaf konsepsiyalarının və məqsədli proqramların hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;

3.1.2. Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ilə tənzimlənən və Fondun səlahiyyətinə aid olan məsələlər üzrə Azərbaycan Respublikasının götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etmək;

3.1.3. fəaliyyət istiqamətlərinə uyğun olaraq elmi fəaliyyətlə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən təqdim olunmuş fundamental, tətbiqi, ictimai-sosial əhəmiyyətə malik innovativ ideyaları və layihələri müsabiqələr yolu ilə dəstəkləmək, qrant maliyyələşdirilməsini təşkil və təmin etmək;

3.1.4. Azərbaycan Respublikasında elmi tədqiqatların stimullaşdırılması, ölkənin təbii resurslarının, mədəni və tarixi irsinin öyrənilməsinin gücləndirilməsi, elmin müxtəlif sahələrində aparılan araşdırmaların səmərəliliyinin artırılması məqsədilə tədbirlər görmək;

3.1.5. elm sahəsində beynəlxalq araşdırmaların aparılması, qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi, elmi tədbirlərin, o cümlədən elmin kütləviləşdirilməsi məqsədilə keçirilən tədbirlərin təşkili üzrə layihələrin dəstəklənməsi, yüksək elmi nailiyyətləri olan alimlərin həvəsləndirilməsi üçün onların mükafatlandırılması da daxil olmaqla tədbirlər həyata keçirmək;

3.1.6. Azərbaycan Respublikasının sosial-iqtisadi və elmi-mədəni inkişaf meyilləri nəzərə alınmaqla hər bir müsabiqə üzrə elmin prioritet istiqamətlərini müəyyən etmək;

3.1.7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydaya uyğun olaraq elmi və elmi-texniki fəaliyyətin qrant maliyyələşdirilməsinin həyata keçirilməsi məqsədilə qrant müsabiqələri təşkil etmək, o cümlədən müsabiqələrin keçirilməsi barədə elanlar vermək, onların keçirilmə müddətini, əhatə etdiyi elm sahələrini və istiqamətləri, layihələr üzrə vəsaitin miqdarını, həmçinin müsabiqənin ümumi maliyyələşdirilmə həcmini, layihələrin xarakterindən asılı olaraq tələb olunan sənədlərin siyahısını müəyyən etmək, layihələrin elektron formada təqdim olunmasını təmin etmək;

3.1.8. maliyyələşdirdiyi qrant müsabiqələrində elmi fəaliyyətlə məşğul olan hüquqi (mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq) və fiziki şəxslərin bərabər hüquqlarla iştirakını təmin etmək;

3.1.9. maliyyələşdirdiyi layihələrin maliyyə monitorinqinin aparılmasını təşkil etmək;

3.1.10. müsabiqəyə təqdim olunmuş layihələrin ideyasının obyektiv formada orijinal ifadəsini müəlliflik hüququnun obyekti kimi Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyində qeydiyyatdan keçirmək;

3.1.11. Fond tərəfindən qrant şəklində ayrılan vəsaitin təyinatı üzrə istifadəsinə nəzarət etmək;

3.1.12. qrant ayıran yerli və xarici fiziki və hüquqi şəxslərlə birgə müsabiqələrin keçirilməsi və müsabiqənin nəticələrinə görə qalib elan edilmiş elmi tədqiqat layihələrinin maliyyələşdirilməsi barədə qərarlar qəbul etmək;

3.1.13. qrant müsabiqəsinə təqdim edilmiş layihələrin ekspertizadan keçirilməsini və ekspertizanın nəticələri əsasında müsabiqə yolu ilə seçilməsini təşkil etmək, habelə maliyyələşdirdiyi layihələrin nəticələrinə dair rüblük, yarımillik, illik və yekun hesabatları qəbul etmək, onların qiymətləndirilməsini aparmaq, icrası başa çatmış layihələrin ekspertizadan keçirilməsini təşkil etmək;

3.1.14. elmi tədqiqat layihələrinin dəstəklənməsi və maliyyələşdirilməsi ilə bağlı ictimai rəyin öyrənilməsini təşkil etmək;

3.1.15. qrant müsabiqəsinə təqdim edilmiş layihələrin həyata keçirilməsi üçün Fondun vəsaitinin xərclənməsi istiqamətlərini müəyyən etmək və bununla əlaqədar zəruri tədbirlər görmək;

3.1.16. qrant müsabiqəsinin qalibi ilə qrant vəsaitinin istifadəsi şərtləri haqqında Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydaya uyğun olaraq müqavilə bağlamaq və onun qeydiyyata alınmasını təmin etmək, layihələri birdəfəlik və ya mərhələlərlə maliyyələşdirmək;

3.1.17. qrant müsabiqəsinin nəticələri barədə məlumatları açıqlamaq;

3.1.18. tətbiqi və innovativ xarakterli qrant layihələrinin maliyyələşdirilməsinə fiziki və hüquqi şəxslərin cəlb edilməsi üçün Fondun imkanlarından səmərəli istifadə etmək;

3.1.19. dövlət orqanları (qurumları), beynəlxalq və qeyri-hökumət təşkilatları, hüquqi və fiziki şəxslər tərəfindən maliyyələşdirilən məqsədli proqram və layihələrin, o cümlədən dövlət proqramlarının həyata keçirilməsində iştirak etmək;

3.1.20. xarici ölkələrin nüfuzlu elmi qurumlarında və ali təhsil müəssisələrində qısamüddətli təcrübəkeçmə, eləcə də alim və tədqiqatçıların nüfuzlu regional və beynəlxalq elmi tədbirlərdə iştirakının maliyyələşdirilməsini nəzərdə tutan layihələri dəstəkləmək;

3.1.21. elmin kütləviləşdirilməsi, elmi vərdiş və bacarıqların formalaşdırılması üzrə müxtəlif tədbirlər, o cümlədən alim və tədqiqatçılar üçün təlimlər, seminarlar və digər tədbirlər keçirmək;

3.1.22. qrant layihələri yolu ilə maliyyələşdirilmiş elmi tədqiqatların ictimaiyyət üçün açıq reyestrini, habelə istedadlı alimlər, o cümlədən gənc alim və tədqiqatçılar haqqında məlumat bankı yaratmaq;

3.1.23. elmi fəaliyyətlə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən qrant layihələri üzrə müqavilə şərtlərinin pozulması və ayrılmış qrantdan təyinatdan kənar istifadə halları aşkar edildikdə, maliyyələşdirmənin dayandırılması və verilən vəsaitin qaytarılması üçün tədbirlər görmək, müqavilə şərtlərini pozan hüquqi və fiziki şəxslərin 3 (üç) ilədək müddətə Fondun keçirdiyi qrant müsabiqələrində və layihələrində iştirakına yol verməmək;

3.1.24. dövlət orqanlarının (qurumlarının), yerli özünüidarəetmə orqanlarının, hüquqi və fiziki şəxslərin müvafiq sahə üzrə fəaliyyətini əlaqələndirmək;

3.1.25. müvafiq sahədə elektron xidmətləri “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanına uyğun olaraq təşkil etmək;

3.1.26. Fondun fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək;

3.1.27. kargüzarlığı və vətəndaşların qəbulunu müvafiq normativ hüquqi aktların tələblərinə uyğun təşkil etmək, Fondun əməkdaşlarının əlavə təhsili və peşəkarlığının yüksəldilməsi üçün tədbirlər görmək;

3.1.28. öz fəaliyyəti haqqında ictimaiyyətin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin etmək;

3.1.29. Fondun informasiya təminatını təşkil etmək və onun təhlükəsizliyini təmin etmək;

3.1.30. dövlət və kommersiya sirrinin, habelə məxfilik rejiminin qorunması üçün tədbirlər görmək;

3.1.31. Fonda ayrılan büdcə vəsaitindən, kredit, qrant və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;

3.1.32. Fondun strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi üçün tədbirlər görmək;

3.1.33. qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla, elmi-texniki nailiyyətlərin tətbiqini təmin etmək;

3.1.34. müvafiq sahədə peşəkar mütəxəssislərin hazırlanması və tədris proqramlarının tərtibi ilə bağlı təkliflər vermək;

3.1.35. bu Nizamnamə ilə müəyyən edilmiş digər vəzifələri həyata keçirmək.

3.2. Öz vəzifələrini yerinə yetirmək üçün Fondun aşağıdakı hüquqları vardır:

3.2.1. müvafiq sahədə normativ hüquqi akt layihəsinin qəbul olunması, aktda dəyişiklik edilməsi, aktın şərh edilməsi, qüvvəsinin dayandırılması və ya ləğv edilməsi haqqında aidiyyəti üzrə təklif vermək;

3.2.2. müvafiq sahədə beynəlxalq müqavilələrə Azərbaycan Respublikasının tərəfdar çıxması barədə təkliflər vermək;

3.2.3. beynəlxalq təcrübənin tətbiqi imkanlarının araşdırılması məqsədilə beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək;

3.2.4. xaricdə yaşayan elmi diasporun nümayəndələrini və tanınmış xarici alimləri Fondun fəaliyyətinə (elmi prioritetlərin müəyyənləşdirilməsi, layihələrin ekspertizası, məsləhətləşmələr və s.) və qrant müsabiqələrinə cəlb etmək;

3.2.5. maliyyələşdirdiyi qrant layihələri çərçivəsində müasir texnologiyaların və texnoloji həllərin seçilməsi üzrə təkliflərinin verilməsini təmin etmək;

3.2.6. elmi tədqiqatlar üçün infrastrukturun yaradılmasını, modernləşdirilməsini və ya gücləndirilməsini layihələr çərçivəsində tam və ya qismən maliyyələşdirmək;

3.2.7. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı araşdırmalar aparmaq, işçi qruplar və komissiyalar yaratmaq;

3.2.8. dövlət orqanlarına (qurumlarına), yerli özünüidarəetmə orqanlarına, hüquqi və fiziki şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

3.2.9. Fondun fəaliyyətini və maliyyələşdirdiyi qrant layihələrinin mühüm elmi nəticələrini ölkə daxilində və xaricdə təbliğ etmək, o cümlədən uğurlu layihələrin nəticələrini ayrıca toplular (kitablar) şəklində nəşr etmək;

3.2.10. yerli, regional və beynəlxalq təşkilatlara üzv olmaq;

3.2.11. fəaliyyət istiqamətləri üzrə rəy və təkliflər vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq;

3.2.12. müstəqil ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə cəlb etmək;

3.2.13. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı konfranslar, müşavirələr, seminarlar və digər tədbirlər təşkil etmək;

3.2.14. əməkdaşlarını dövlət təltiflərinə və digər mükafatlara təqdim etmək, onların həvəsləndirilməsi üçün tədbirlər görmək;

3.2.15. Fonda investisiyaların (sərmayələrin) cəlb olunması üçün tədbirlər görmək;

3.2.16. sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, təsərrüfat cəmiyyətləri yaratmaq və ya onlarda iştirak etmək;

3.2.17. müvafiq sahədə dövlət orqanlarına (qurumlarına), fiziki və hüquqi şəxslərə müqavilə əsasında ödənişli xidmətlər göstərmək;

3.2.18. xüsusi bülletenlər və digər nəşrlər buraxmaq;

3.2.19. bu Nizamnamə ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

4. Fondun idarə olunması

4.1. Fond öz fəaliyyətində və idarəetmədə mütərəqqi korporativ idarəetmə standartlarını tətbiq edir.

4.2. Fondu Müşahidə Şurası (bundan sonra – Şura) və İcraçı direktor idarə edirlər.

4.3. Şura Fonda ümumi rəhbərliyi və nəzarəti həyata keçirir.

4.4. Şura onun sədri də daxil olmaqla 5 (beş) üzvdən ibarətdir. Şuranın sədrini və digər üzvlərini Azərbaycan Respublikasının Prezidenti vəzifəyə təyin və vəzifədən azad edir.

4.5. Şura ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərir.

4.6. Bu Nizamnamə ilə müəyyən edilən hallar istisna olmaqla, Şura qərar qəbul etməkdə müstəqildir.

4.7. Şuranın vəzifələri aşağıdakılardır:

4.7.1. təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının Prezidentinə təkliflər vermək və sənədlər (o cümlədən Fondun maliyyə hesabatını və fəaliyyətinə dair illik hesabatı) təqdim etmək;

4.7.2. Fondun inkişaf istiqamətlərini, strateji məqsəd və planlarını müəyyən etmək;

4.7.3. Fondun fəaliyyətinə nəzarət etmək;

4.7.4. Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, Fondun strukturunu, əməyin ödənişi fondunu, işçilərin say həddini və onların əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğini təsdiq etmək, o cümlədən Fondun əldə etdiyi vəsait (dövlət büdcəsindən və dövlətə məxsus digər fondlardan ayrılan vəsait istisna olmaqla) hesabına işçilərə əlavə ödənilən həvəsləndirmə sistemini müəyyənləşdirmək;

4.7.5. Azərbaycan Respublikası Prezidentinin razılığı ilə Fondun təsərrüfat cəmiyyətlərinin yaradılması və ya onlarda iştirak barədə, həmçinin Fondun idarə, filial və nümayəndəliklərinin yaradılması barədə qərar qəbul etmək;

4.7.6. Fondun maliyyə planlaşdırmasını və büdcəsini təsdiq etmək;

4.7.7. İcraçı direktorun fəaliyyətinə nəzarət etmək və onun fəaliyyətini yoxlamaq;

4.7.8. Fondun fəaliyyətinə dair daxili qaydaları (o cümlədən maraqlar münaqişəsinin istisna olunması qaydasını), habelə idarə, filial və nümayəndəliklərinin əsasnamələrini, təsərrüfat cəmiyyətlərinin nizamnamələrini təsdiq etmək;

4.7.9. Şura üzvlərinin və İcraçı direktorun müraciətlərinə baxmaq və qərar qəbul etmək;

4.7.10. Fondun fəaliyyətinə dair illik hesabatı dinləmək;

4.7.11. Fondun kənar auditorunu təyin etmək və audit hesabatını qəbul etmək;

4.7.12. kənar auditorun yoxlamalarının, habelə digər yoxlamaların nəticələrinə dair tədbirlər görmək;

4.7.13. Fondun maliyyələşdirdiyi qrant müsabiqələrini elan etmək və müsabiqənin nəticələrinə görə qalib elan edilmiş layihələri müəyyən etmək, habelə müsabiqənin nəticələri barədə məlumatları dərc etmək;

4.7.14. Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, Fondun xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri Fondun aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul etmək;

4.7.15. bu Nizamnamə ilə müəyyən edilmiş digər vəzifələri həyata keçirmək.

4.8. Şuranın sədri ildə 2 (iki) dəfədən az olmayaraq Şuranın iclaslarını çağırır və iclaslara sədrlik edir. Şuranın iclaslarının keçirilməsi təşəbbüsü ilə Şuranın üzvü və ya Fondun İcraçı direktoru çıxış edir. Şuranın iclasları üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Şuranın iclasında qərarlar hər üzvün bir səsi olmaqla açıq səsvermə yolu ilə sadə səs çoxluğu ilə qəbul edilir. Səslər bərabər olduqda iclasa sədrlik edənin səsi həlledici hesab edilir. Səsvermə zamanı üzvlərin bitərəf qalmasına icazə verilmir.

4.9. Şuranın üzvlərinə, habelə İcraçı direktora və Şuranın iclaslarına dəvət olunan şəxslərə Şuranın iclaslarının keçiriləcəyi yer və vaxt, habelə gündəliyə daxil edilmiş məsələlər barədə iclasa azı 3 (üç) iş günü qalmış, zəruri sənədlər əlavə edilməklə yazılı məlumat verilir.

4.10. Şuranın iclasında İcraçı direktor da iştirak edə bilər.

4.11. İclasın gündəliyinə Şuranın hər hansı üzvünün maraqlarına toxunan məsələ çıxarıldıqda, həmin üzv bununla bağlı maraqları haqqında ətraflı məlumat verməli, bu məsələnin müzakirəsində və həmin məsələyə dair səsvermədə iştirak etməməlidir.

4.12. Gündəliyə daxil edilməmiş və ya tələb olunan aidiyyəti sənədləri iclasdan qabaq təqdim edilməmiş məsələlər barədə, bütün iştirakçı üzvlərin razılıq verdiyi hallar istisna olmaqla, qərar qəbul edilə bilməz.

4.13. Şuranın iclasının nəticəsi Şura üzvlərinin və katibinin imzaladıqları protokolda əks olunmaqla rəsmiləşdirilir. Şuranın katibi Şuranın iclasında iştirak edə bilmədikdə, Şuranın sədri onu əvəz edəcək şəxsi təyin edir. Şura protokolu təsdiq edərək İcraçı direktora göndərir.

4.14. Şuranın katibini Şuranın üzvü olmayan əməkdaşlar sırasından Şuranın sədri təyin edir və Şuranın katibi Şuranın sədrinə hesabat verir.

4.15. Şuranın katibi:

4.15.1. Şuranın iclaslarını təşkil edir;

4.15.2. bu Nizamnamənin 4.9-cu bəndində nəzərdə tutulmuş vəzifəni icra edir;

4.15.3. Şuranın iclaslarının protokollarını tərtib edir və imzalanmaq üçün Şuranın üzvlərinə təqdim edir;

4.15.4. Şuranın qərarlarının layihələrini hazırlayır, baxılması və imzalanması üçün Şuranın sədrinə təqdim edir;

4.15.5. Şuranın qəbul etdiyi qərarların aidiyyəti üzrə göndərilməsini təmin edir.

4.16. Şuranın sədri:

4.16.1. Şuranın işini təşkil edir və onun fəaliyyətinə rəhbərlik edir, habelə özünün və İcraçı direktorun qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;

4.16.2. Şuranın iclaslarının gündəliyini müəyyənləşdirir, iclaslar çağırır və iclaslara sədrlik edir;

4.16.3. öz təşəbbüsü ilə, habelə Şuranın hər hansı digər üzvünün və ya İcraçı direktorun xahişi əsasında digər şəxsləri Şuranın iclasında iştirak etməyə dəvət edir;

4.16.4. Şuranın fəaliyyətinin təşkili ilə bağlı digər tədbirlər görür.

4.17. Şura sədri müvəqqəti olmadıqda onun səlahiyyətlərini müvafiq əmrlə Şura üzvləri arasından sədrin müəyyən etdiyi şəxs icra edir.

4.18. Şuranın üzvləri:

4.18.1. Şuranın səlahiyyətlərinə aid məsələlərin həllində iştirak edirlər;

4.18.2. Şuranın iclasının gündəliyi ilə və baxılması nəzərdə tutulan materiallarla əvvəlcədən tanış olurlar;

4.18.3. Şurada qəbul ediləcək qərarlara dair fikir bildirirlər;

4.18.4. Şuranın səlahiyyətlərinə aid məsələlərə Şuranın iclaslarında baxmaq barədə təklif verirlər;

4.18.5. Şuranın qərarları ilə, iclas protokolları ilə və digər sənədlərlə tanış olurlar.

4.19. Şura üzvləri Şuranın iclaslarında baxılan məsələlərə qərəzsiz yanaşmalı, Şura üzvünün adına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməlidirlər, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-cu maddəsində müəyyən edilmiş digər tələbləri yerinə yetirməlidirlər.

4.20. Fondun cari fəaliyyətinə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən İcraçı direktor rəhbərlik edir.

4.21. İcraçı direktorun onun təqdimatı əsasında Şura tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən bir müavini vardır. İcraçı direktor müvəqqəti olmadıqda, onun səlahiyyətlərini müvafiq əmrlə onun müavini icra edir.

4.22. İcraçı direktor və onun müavini adlarına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməlidirlər, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-cu maddəsində müəyyən edilmiş digər tələbləri yerinə yetirməlidirlər.

4.23. İcraçı direktorun vəzifələri aşağıdakılardır:

4.23.1. Fondun fəaliyyətini təşkil edir, onun cari fəaliyyətinə rəhbərlik edir və Fondu təmsil edir;

4.23.2. Fondun fəaliyyət istiqamətlərinə dair qəbul olunmuş aktların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir;

4.23.3. Şuranın qərarlarını icra edir;

4.23.4. bu Nizamnamə ilə müəyyən edilmiş vəzifələri həyata keçirmək üçün Şuraya təkliflər verir və sənədlər təqdim edir;

4.23.5. Fondun strateji məqsədlərinin və planlarının, habelə büdcəsinin icrasına nəzarət edir;

4.23.6. cari və operativ məsələlər barədə Şuranı məlumatlandırır;

4.23.7. bu Nizamnamənin 3.1.1-ci və 3.2.1-ci yarımbəndlərində nəzərdə tutulmuş məsələlərin həlli üçün tədbirlər görür;

4.23.8. aidiyyəti şəxslə dəyəri Fondun aktivlərinin 5 faizədək hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edir;

4.23.9. müəyyən edilmiş struktur, əməyin ödənişi fondu və işçilərin say həddi daxilində Fondun Aparatının və digər struktur bölmələrinin strukturunu, ştat cədvəlini və xərclər smetasını təsdiq edir;

4.23.10. bu Nizamnamənin 3.1.31-ci yarımbəndində nəzərdə tutulan vəsaitdən təyinatı üzrə istifadə olunmasını təmin edir;

4.23.11. Fondun əmlakından bu Nizamnamədə nəzərdə tutulmuş məqsədlərə uyğun istifadə olunmasını təmin edir;

4.23.12. Fondun fəaliyyət istiqamətləri üzrə dövlət sirrinin və məxfilik rejiminin, habelə qanunla qorunan digər məlumatların mühafizəsi üçün zəruri tədbirlər görür;

4.23.13. Fondun işçilərinin vəzifə maaşlarının, vəzifə maaşlarına əlavələrin, mükafatların və digər ödənişlərin verilməsini əməkhaqqı fondu çərçivəsində təşkil edir;

4.23.14. Fondun fəaliyyətinin təşkili ilə əlaqədar icrası məcburi olan daxili sərəncam və əmrlər verir;

4.23.15. bu Nizamnamə ilə müəyyən olunmuş səlahiyyətlər çərçivəsində Fondun adından əməliyyatlar aparır, müqavilələr bağlayır və onların yerinə yetirilməsini təmin edir;

4.23.16. bu Nizamnamə ilə müəyyən edilmiş hallar istisna olmaqla, Fondun, o cümlədən onun idarə, filial və nümayəndəliklərinin, habelə tabeliyindəki digər qurumların işçilərinin (təsərrüfat cəmiyyətlərində isə yalnız rəhbərlərin) vəzifəyə təyin və vəzifədən azad edilməsi, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirlərinin görülməsi barədə qərarlar qəbul edir;

4.23.17. özünün və Fondun struktur bölmələrinin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;

4.23.18. Fondun fəaliyyət istiqamətləri üzrə məşvərətçi komitələr və işçi qruplar yaradır;

4.23.19. Fondda kargüzarlıq və arxiv işinin aparılmasını təmin edir;

4.23.20. Fondda vətəndaşların qəbulunu və müraciətlərinə baxılmanı təmin edir;

4.23.21. Şuranın səlahiyyətlərinə aid edilməyən bütün digər məsələlər barədə qərar verir.

5. Fondun nizamnamə fondu, əmlakı və maliyyə fəaliyyətinin əsasları

5.1. Fondun nizamnamə fondu 4157866,0 (dörd milyon yüz əlli yeddi min səkkiz yüz altmış altı) manatdır.

5.2. Fondun əmlakı nizamnamə fondundan, təsisçinin ona verdiyi əmlakdan, habelə dövlət büdcəsindən ayrılan vəsaitdən, fəaliyyətindən əldə edilmiş gəlirdən, ianələrdən, qrantlardan, cəlb olunan investisiyalardan və qanunla qadağan edilməyən digər vəsaitdən formalaşır.

5.3. Fond öz əmlakından yalnız bu Nizamnamədə müəyyən olunmuş məqsədlərə uyğun istifadə edir. Fond balansında olan dövlət əmlakına münasibətdə səlahiyyətlərini “Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı ilə müəyyən edilmiş qaydada həyata keçirir.

5.4. Fond qanunla nəzərdə tutulmuş vergiləri və digər məcburi ödənişləri ödədikdən sonra Fondun, onun idarə, filial, nümayəndəliklərinin və təsərrüfat cəmiyyətlərinin, habelə tabeliyindəki digər qurumların fəaliyyətindən əldə edilmiş vəsait üzərində müstəqil sərəncam vermək hüququna malikdir.

5.5. Fondun məhsullarının (malların, işlərin, xidmətlərin) qiymətləri tənzimlənən qiymətlərə (tariflərə) aid deyildir.

5.6. Maddi formada verilən bütün qrantların dəyəri Fond üçün maliyyə ili ərzində dövlət sifarişi əsasında ayırmaların ümumi məbləğinin 35 faizindən çox ola bilməz.

5.7. Fondun mənfəəti bu Nizamnamədə nəzərdə tutulmayan məqsədlər üçün yalnız Azərbaycan Respublikası Prezidentinin qərarı ilə dövlət büdcəsinə köçürülə bilər.

6. Fondun fəaliyyətinə nəzarətin forması və əhatə dairəsi

6.1. Fondun fəaliyyətinə nəzarəti Azərbaycan Respublikasının Prezidenti, həmçinin bu Nizamnamə ilə müəyyən edilmiş qaydada Şura və İcraçı direktor həyata keçirirlər.

6.2. Fondun fəaliyyətinə dair illik hesabat Azərbaycan Respublikasının Prezidentinə təqdim edilir.

7. Fondda uçot və hesabat

7.1. Fond “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə publik hüquqi şəxslər üçün müəyyən edilmiş qaydada mühasibat uçotu aparır, maliyyə hesabatlarını tərtib, təqdim və dərc edir.

7.2. Fond “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq statistik hesabatları tərtib və təqdim edir.

7.3. Fond idarə, filial, nümayəndəlik və təsərrüfat cəmiyyətlərinin, habelə tabeliyindəki digər qurumların maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılmasını təmin edir.

7.4. Fond öz fəaliyyətinin müstəqil surətdə yoxlanılması üçün kənar auditor cəlb edir.

8. Fondun ləğvi və yenidən təşkili

Fondun ləğvini və yenidən təşkilini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir.

SƏNƏDLƏR Müraciətlər 15 oktyabr 2024
12:19
“Xəzər İnşaat Həftəsi” çərçivəsində keçirilən 4-cü Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” – “Rebuild Karabakh” sərgisinin iştirakçılarına

Hörmətli sərgi iştirakçıları!

Hörmətli xanımlar və cənablar!

Sizi “Xəzər İnşaat Həftəsi” çərçivəsində keçirilən 4-cü Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” – “Rebuild Karabakh” sərgisinin...

15 oktyabr 2024, 12:19
SƏNƏDLƏR Sərəncamlar 14 oktyabr 2024
15:18
Apellyasiya instansiyası məhkəmələri sədrlərinin müavinlərinin, məhkəmə kollegiyaları sədrlərinin, birinci instansiya məhkəmələri hakimlərinin və sədrlərinin təyin edilməsi ilə bağlı bəzi məsələlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Məhkəmə-Hüquq Şurasının təkliflərini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 9-cu və 32-ci bəndlərini rəhbər tutaraq qərara alıram:

1. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası...

14 oktyabr 2024, 15:18
SƏNƏDLƏR Fərmanlar 14 oktyabr 2024
15:16
“Elektron su təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 13 fevral tarixli 1289 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Elektron su təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin...

14 oktyabr 2024, 15:16