30 sentyabr 2022, 15:00

Ramazan Əsgərlidən, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Azərbaycan bəhailərinin salamlarını Zati-alilərinizə çatdıraraq, heç də sakit dövrünü yaşamayan bir dünyada xalqımızın təhlükəsizliyini və əmin-amanlığını qorumaq üçün göstərdiyiniz müdrik səylərə görə Sizə minnətdarlığımızı bildirirəm.

Bir çox ölkələrin siyasi və dini ideologiyalardan əzab çəkdikləri, dinlərarası ədavət toxumlarının əkildiyi, nifrət şüarları ilə beyinlərin yuyulduğu və mədəniyyətlərin tənəzzülə getdiyi bir vaxtda Azərbaycanın mənəvi dəyərlərinin möhkəmləndirilməsi və zənginləşdirilməsi, bəşəri dəyərlərin yüksək tutulması üçün səylərinizə görə Sizə təşəkkür edirik.

Siyasi və diplomatik səylərlə ölkəmizin ərazi bütövlüyünü bərpa etmək cəhdlərinizdə qətiyyətiniz, Ermənistanla olan münaqişəni sülh danışıqları ilə həll etmək üçün apardığınız səbirli və iradəli işlər Sizin yüksək bəşəri dəyərlərə və sülh işinə sədaqətinizin göstəricisidir. Lakin təəssüf ki, bu münaqişədə ədalət kifayət qədər dəstəklənmədi və destruktiv qüvvələr Azərbaycana başqa seçim buraxmadı. Əlbəttə, ədalət qələbə çalmalı idi və belə də oldu.

Cənab Prezident, biz hamımız bilirik ki, bu gün dünyanın ən böyük ehtiyacı sülhdür. Hətta müharibədən yeni çıxmış, davamlı təhriklərə baxmayaraq, yenə də sülhə sədaqət göstərməklə sülhpərvər xalqımızın iradəsini dünyaya çatdırmaq üçün çalışmalarınız göz qabağındadır. Azad olunmuş ərazilərimizin yenidən dirçəlişi üçün göstərdiyiniz qeyri-adi səylər ölkəmizi yeni tərəqqi üfiqləri gözlədiyindən xəbər verir. Ölkəmizdə dini durumun vəziyyəti bütün dünyada rəğbət doğurur. Azərbaycan məhz bu mövqeyi ilə - multikulturalizmi dövlət siyasəti elan edən, hər cür dini ixtilafdan uzaq bir mövqeyi ilə dünyaya çıxır. Biz də Azərbaycan vətəndaşları olaraq bununla qürur duyuruq.

Möhtərəm Prezident, bəhailər də daxil olmaqla bütün dini icmalar üçün yaradılmış əlverişli şəraitə görə bir daha təşəkkür edir, Sizə, ailənizə cansağlığı arzu edir, xalqımıza xidmətinizdə daha böyük uğurlar qazanmağınız üçün dua edirik.

Dərin hörmət və ehtiramla,

Ramazan Əsgərli

Azərbaycan Bəhailəri Dini Mərkəzinin katibi

Azərbaycan Respublikası, Bakı şəhəri.