23 sentyabr 2022, 10:31

Mahir Verdiyev və Yusif Şərifovdan, Bakı, Azərbaycan

Zati-aliləri.

“Yeddinci Günün Adventistləri" dini icması Azərbaycanın dini və ictimai həyatında fəal şəkildə iştirak etməkdədir. Biz xalqın digər nümayəndələri kimi ölkəmiz üçün əhəmiyyət daşıyan hadisələri izləyirik. Xalqımızın sevinci sevincimiz, kədəri kədərimizdir.

İki il əvvəl düşmənlərin bizə qarşı törətdiyi təxribat və cinayətlərə qarşı Sizin rəhbərliyinizlə həyata keçirilən Vətən müharibəsi bizi də dərin hisslərə sövq etmişdi. Biz cəbhədən gələn xəbərləri həyəcan və riqqətlə izləyirdik. Müzəffər Azərbaycan Ordusunun mənfur düşmənə qarşı ard-arda qazandığı qələbələr bizi sevinc hissinə qərq etmişdi. 44 günün ardından qazanılmış Zəfər icmamız tərəfindən coşqu ilə qarşılanmışdır.

Bununla birlikdə azad edilmiş ərazilərdən gələn məlumat və görüntülər bizi kədər hissinə qapılmağa sövq etdi. Erməni işğalçılarının kənd və şəhərlərimizə qarşı törətdiyi vandalizm aktları humanizm və insanpərvərliklə qətiyyən uzlaşmır. Bu, ümumiyyətlə, insan cəmiyyətinə zidd davranışdır.

Eyni zamanda, ölkəmizdə dini qurumların, o cümlədən icmamızın inkişafı üçün ayrılan maliyyə yardımına görə Sizə və dövlətimizə dərin təşəkkürümüzü bildirmək istəyirik.

Sizə məqsədlərinizə çatmağınızda, Azərbaycanı daha da inkişaf etdirməyinizdə kömək olması üçün Rəbbimizə dua edirik. Qoy Uca Tanrı Azərbaycanı öz əmin-amanlığında saxlasın.

Dərin hörmət və ehtiramla,

Verdiyev Mahir,

Nərimanov rayonu “Yeddinci Günün Adventistləri” dini icmasının sədri.

Şərifov Yusif,

Gəncə şəhəri “Yeddinci Günün Adventistləri” dini icmasının sədri.

Azərbaycan Respublikası, Bakı şəhəri.