İlham Əliyevin Səmərqənddə Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə görüşü olub

15 sentyabr 2022, 18:23
İlham Əliyevin Səmərqənddə Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə görüşü olub

Sentyabrın 15-də Səmərqənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə görüşü olub.

Görüşdə Sədr Si Cinpin Azərbaycan ilə Çin arasında diplomatik münasibətlərin qurulmasının, həmçinin Yeni Azərbaycan Partiyasının yaradılmasının otuz illiyi münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırdı. Dövlət başçısı bildirdi ki, Azərbaycan ilə Çin arasında əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır və yüksək səviyyədə inkişaf edir. “Sizin Azərbaycan ilə Çin arasında əlaqələrin inkişafına mühüm əhəmiyyət verməyinizi çox yüksək qiymətləndiririk. Biz əlaqələrimizin strateji səviyyədə hərtərəfli inkişafını dəstəkləyirik”, - deyə Si Cinpin bildirdi.

Prezident İlham Əliyev Çinin lideri Si Cinpin ilə görüşdən çox məmnun olduğunu və əvvəlki görüşlərini məmnuniyyətlə xatırladığını, xüsusilə 2019-cu ildə “Bir kəmər, bir yol” Forumunda iştirak etmək üçün Çin Xalq Respublikasına səfərini yüksək qiymətləndirdiyini vurğuladı. Dövlətimizin başçısı da Azərbaycan ilə Çin arasındakı münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığını, ölkələrimizin bir çox sahələrdə uğurla əməkdaşlıq etdiyini diqqətə çatdırdı.

Yeni Azərbaycan Partiyasının yaranmasının otuz illiyi münasibətilə təbriklərə görə Sədr Si Cinpinə təşəkkürünü bildirən Prezident İlham Əliyev iki ölkənin hakim partiyaları arasında çox yaxşı əlaqələrin olduğunu qeyd etdi. Azərbaycan-Çin diplomatik əlaqələrinin otuz illiyinin uğurlu nəticələrlə qeyd olunduğunu vurğulayan dövlətimizin başçısı ölkələrimiz arasında bütün sahələrdə çox faydalı və səmərəli əməkdaşlığın qurulduğunu dedi.

Prezident İlham Əliyev COVID-19 pandemiyasına qarşı mübarizədə Çinin Azərbaycana göstərdiyi dəstəyi yüksək qiymətləndirdiyini, Çindən alınmış peyvəndlər sayəsində Azərbaycanın vaksinasiya prosesinə başlayan ilk ölkələrdən olmasını həmrəyliyin nümunəsi kimi dəyərləndirdi.

Azərbaycan Prezidenti “Orta dəhliz”, “Bir kəmər, bir yol” layihələri çərçivəsində də əməkdaşlıq və tərəfdaşlıq üçün böyük perspektivlərin olduğunu vurğuladı. Dövlətimizin başçısı bildirdi ki, Azərbaycan Çin ilə Avropa arasında nəqliyyat prosesində mühüm rol oynayır və ölkəmizin nəqliyyat-logistika imkanları beynəlxalq yük daşımalarında böyük əhəmiyyətə malikdir. Azərbaycan Çindən Avropaya və əks-istiqamətdə qatarlarla və digər yükdaşımaların artırılmasını tam şəkildə dəstəkləyir.

Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirir. Çinin bir çox şirkətləri də bu işlərdə iştirak üçün müraciət edib. Azərbaycan Çin şirkətlərinin bu layihələrə daha fəal şəkildə cəlb olunmasını dəstəkləyir.

Çin Xalq Respublikasının Sədri Si Cinpin ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini bildirdi və Azərbaycanın da Çinin ərazi bütövlüyünə və suverenliyinə göstərdiyi dəstəyi yüksək qiymətləndirdiyini qeyd etdi. Sədr Si Cinpin bildirdi ki, dövlətlərin işlərinə qarışmamaq vacib prinsipdir.

Prezident İlham Əliyev Azərbaycanın Çinin ərazi bütövlüyünü və suverenliyini daim dəstəklədiyini, Çinin də ölkəmizin ərazi bütövlüyünə birmənalı dəstəyini həmişə yüksək qiymətləndirdiyini vurğuladı, buna görə Si Cinpinə təşəkkürünü ifadə etdi. Azərbaycan Prezidenti xüsusilə qeyd etdi ki, dövlətlərin daxili işlərinə qarışmamaq Azərbaycan üçün də əsas prinsiplərdən biridir. Dövlətimizin başçısı Azərbaycanın beynəlxalq hüququn norma və prinsiplərinin aliliyinin təmin olunmasını daim dəstəklədiyini diqqətə çatdırdı, ölkəmizin 2019-cu ildən Qoşulmama Hərəkatının sədri olaraq bu istiqamətdə fəaliyyətini davam etdirdiyini vurğuladı. Prezident İlham Əliyev bildirdi ki, ərazi bütövlüyü beynəlxalq hüququn fundamental prinsipidir və buna hamılıqla riayət etmək lazımdır.

Dövlətimizin başçısı humanitar sahədə əməkdaşlığın tərkib hissəsi kimi şəhərlərarası əlaqələrin, tələbə mübadiləsinin artırılmasının, həmçinin turizm sahəsində əməkdaşlığın vacibliyini qeyd etdi. Azərbaycan Prezidenti pandemiya tam başa çatdıqdan sonra ölkələrimiz arasında turist mübadiləsinin COVID-19-dan əvvəlki səviyyəsinin bərpa olunacağına əminliyini vurğuladı. Dövlətimizin başçısı Çinin Azərbaycanın dostu və strateji tərəfdaşı olduğunu bir daha ifadə etdi.

Söhbət zamanı ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin inkişafı, ticarət dövriyyəsinin artırılması, investisiyaların təşviqi, enerji, kənd təsərrüfatı, nəqliyyat, logistika, elektron ticarət, avtomobil daşımaları və digər sahələrdə əməkdaşlıq üçün böyük perspektivlərin olduğu vurğulandı, tələbə mübadiləsinin artırılmasının, ölkələrimizin şəhərləri arasında birbaşa əlaqələrin qurulmasının vacibliyi qeyd edildi.

Sonda dövlət başçıları əlaqələrimizin dərinləşdirilməsi və daha da inkişafı üçün birgə səylərin bundan sonra da davam etdiriləcəyini bildirdilər.

gallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 13 fevral 2025
15:52
R.N.Mahmudun “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Rüfət Nahid oğlu Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri təyin edilsin.

İlham...

13 fevral 2025, 15:52
SƏNƏDLƏR Sərəncamlar 13 fevral 2025
15:29
Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Xidməti vəzifələrini və qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası...

13 fevral 2025, 15:29
SƏNƏDLƏR Sərəncamlar 13 fevral 2025
15:27
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi barədə” 2006-cı il 16 oktyabr tarixli 1737 nömrəli, “Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” 2008-ci il 7 fevral tarixli 2667 nömrəli, “Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” 2008-ci il 22 may tarixli 2833 nömrəli, “Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclik sahələrində əməkdaşlıq üzrə Müştərək Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi barədə” 2008-ci il 11 iyun tarixli 2861 nömrəli və “Azərbaycan Respublikası Hökuməti və Çexiya Respublikası Hökuməti arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Qarışıq Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” 2011-ci il 13 may tarixli 1502 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan...

13 fevral 2025, 15:27
SƏNƏDLƏR Sərəncamlar 12 fevral 2025
18:12
E.Ş.Bağırovun Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Elnur Şəmistan oğlu Bağırov Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin...

12 fevral 2025, 18:12
SƏNƏDLƏR Fərmanlar 12 fevral 2025
18:06
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin Əsasnaməsi” təsdiq...

12 fevral 2025, 18:06