Özbəkistan Respublikasının Prezidenti Zati-aliləri cənab Şavkat Mirziyoyevə

01 sentyabr 2022, 10:41

Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda qardaş xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı çatdırıram.

Son dövrlərdə qardaş Özbəkistan Sizin rəhbərliyiniz ilə böyük inkişaf yolu keçmişdir. Dövlətçiliyin möhkəmləndirilməsi, ölkənin sosial-iqtisadi yüksəlişi, beynəlxalq və regional təşkilatlar çərçivəsində səmərəli fəaliyyəti və dünya miqyasında nüfuzunun gündən-günə artması Sizin liderliyiniz, müdrik və uzaqgörən siyasətiniz nəticəsində mümkün olmuşdur.

Azərbaycan-Özbəkistan dövlətlərarası əlaqələri xalqlarımızın qardaşlığından, tarixi dostluğundan və ortaq mədəni köklərə bağlılığından qaynaqlanır. Bu xoş ənənələr və möhkəm təməllər üzərində qurulan çoxşaxəli əməkdaşlığımızın, qarşılıqlı inam və etimada əsaslanan strateji tərəfdaşlığımızın bu gün müvəffəqiyyətlə inkişaf etməsi və genişlənməsi məmnunluq doğurur. Eyni zamanda, beynəlxalq təsisatlar çərçivəsində uğurlu işbirliyimizi və qarşılıqlı dəstəyimizi xüsusi qeyd etmək istəyirəm.

Əminəm ki, Azərbaycan ilə Özbəkistan arasında ənənəvi dostluq əlaqələri və qarşılıqlı maraq doğuran əməkdaşlıq xalqlarımızın mənafelərinə uyğun olaraq birgə səylərimizlə bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcək və daha da dərinləşəcəkdir.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, qardaş Özbəkistan xalqına daim əmin-amanlıq və rifah diləyirəm.

Hörmətlə,

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 avqust 2022-ci il

SƏNƏDLƏR Fərmanlar 23 may 2025
14:20
“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 1 may tarixli 190-VIIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 1 may tarixli...

23 may 2025, 14:20