09 iyun 2022, 18:00

Vüqar Quliyev və başqalarından, Gəncə, Azərbaycan

Çox hörmətli, Müzəffər Ali Baş Komandan cənab İlham Heydər oğlu Əliyev.

İlk növbədə, Vətən müharibəsi ilə adınızı şanlı tariximizə yazdırdığınız üçün Sizi təbrik edirik. Azərbaycan öz ərazi bütövlüyünü 30 ildən sonra Sizin komandanlığınız altında bərpa etməyi bacardı. Sizin rəhbərliyinizlə şanlı Ordumuzun və rəşadətli Azərbaycan əsgərlərinin mənfur erməni düşmənlərimizə möhtəşəm zərbələri nəticəsində torpaqlarımızı işğaldan azad edib qələbə qazanmağımıza və Azərbaycan Respublikasının üçrəngli bayrağının Qarabağ torpağında, Şuşa səhərinin ən yüksək yerində dalğalanmasına görə şəhid ailələri, Qarabağ və Vətən müharibəsi iştirakçıları kimi qürur duyuruq.

Tanrı Sizi qorusun, Müzəffər Ali Baş Komandanımız.

Qarabağ Azərbaycandır!

Çox hörmətli, Müzəffər Ali Baş Komandan cənab İlham Heydər oğlu Əliyev.

Şəhidlərimiz də tarixə öz adlarını canlarını fəda edərək yazmışdır. Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Biz Vətən müharibəsində birlik nümayiş etdirdik, hərb meydanında silahlı erməni döyüşçüləri ilə üz-üzə döyüşərək onları məhv etdik və torpaqlarımızdan qovduq. Xalqımızın bu ruhda formalaşmasında ulu öndər Heydər Əliyevin və onun layiqli davamçısı olan Sizin böyük zəhmətiniz var.

Şəhid ailələri, birinci və ikinci Qarabağ müharibəsi iştirakçıları adından bu məktubu yazmaqda məqsədimiz Ali Baş Komandanımız kimi Sizə öz təşəkkürümüzü və dərin minnətdarlığımızı bildirməkdir. Belə ki, şəhid ailələri, müharibə əlilləri və veteranları hər zaman Sizin və Mehriban xanım Əliyevanın diqqət mərkəzində olmuşdur. Bu kateqoriyalardan olan insanlarla görüşüb onların ailələrini mənzillə təmin etməyiniz, digər problemlərinin həlli ilə əlaqədar tapşırıqlar verməyiniz, eləcə də qayğıkeş münasibətiniz xalqımız tərəfindən yüksək qiymətləndirilir.

Biz - Azərbaycan Respublikasının müxtəlif regionlarından olan 4 nəfər şəhid ailəsi üzvü, 7 nəfər birinci Qarabağ müharibəsi və 33 nəfər ikinci Qarabağ müharibəsi iştirakçısı “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin tabeçiliyində olan Çovdar Filiz Emalı Sahəsində işə götürülmüşük. Hər ay vaxtlı-vaxtında verilən əməkhaqqımızla ailələrimizin ehtiyaclarını ödəyirik.

Çox hörmətli, Müzəffər Ali Baş Komandan cənab İlham Heydər oğlu Əliyev, bir daha Sizə və Mehriban xanım Əliyevaya öz təşəkkürümüzü və minnətdarlığımızı bildiririk.

Hörmətlə,

Quliyev Vüqar

Qocayeva İlahə

Mustafayev Müşfiq

Hüseynova Validə

Muradov Malik

Həmzəyev Əlirza

Abbasov Sədi

Alıyev Elvin və başqaları (44 nəfər).

Azərbaycan Respublikası, Gəncə şəhəri.