İlham Əliyev ADA Universitetində "Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq" mövzusunda keçirilən beynəlxalq konfransda iştirak edib

29 aprel 2022, 10:10
İlham Əliyev ADA Universitetində "Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq" mövzusunda keçirilən beynəlxalq konfransda iştirak edib

Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransda iştirak edib.

ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev dedi: Zati-aliləri cənab Prezident. Zati-alilərinizi illik beynəlxalq konfransımızda salamlamaqdan şərəf və böyük iftixar hissi duyuruq. Eyni zamanda, mən məmnunluqda Azərbaycana 23 ölkədən gəlmiş 40 konfrans iştirakçısını salamlayıram. Ötən il Böyük Qələbəyə və Azərbaycan torpaqlarının işğaldan azad olunmasına həsr edilmiş birinci forumumuz zamanı Siz, cənab Prezident, professor Əhməd Yükselin regional sülhün, təhlükəsizliyin və inkişaf məsələlərinin müzakirə olunması məqsədilə bu tədbirin illik əsaslarla keçirilməsi və beynəlxalq ekspertlərin, beyin mərkəzləri nümayəndələrinin dəvət olunması təklifini nəzakətlə dəstəklədiniz. Siz bunun icrası üçün bizə təlimat verdiniz və şadıq ki, bu il biz bu tədbiri “Beynəlxalq Şuşa Forumu” kimi yeni ad altında təşkil edə bilmişik.

Dünən xarici iştirakçılarımız Azərbaycan mədəniyyətinin incisi Şuşa şəhərinə səfər etmişlər. Yolda olarkən, onlar azad edilmiş Qarabağda bir sıra mühüm yenidənqurma və inkişaf layihələri, o cümlədən Füzulidəki hava limanı və yeni Zəfər yolu ilə tanış ola bildilər. Cəsur əsgərlərimiz həmin yol boyunca irəliləyərək Şuşa şəhərini azad etmişlər. Səfər zamanı qonaqlarımız, həmçinin erməni işğalından sonra miras qalan bəzi barbar dağıntıları görə bilmişlər.

İndi isə bu, dövlətimizin mühüm məqsədidir və Prezident İlham Əliyevin fərdi məramında öz əksini tapıb: Qarabağ dünyanın ən çiçəklənən və dinc bölgəsinə çevrilməlidir! İnanıram ki, iştirakçılarımız Şuşadan sevinc və təəssürat dolu qayıdıblar. Qarabağın tarixi, azadlıq müharibəsinin nəticələri, regional inteqrasiya, təhlükəsizlik və inkişaf məsələlərinə aid çağırışlar forumda müzakirə olunacaq mövzular sırasındadır. Ümid edirik ki, panel müzakirələrdə səsləndirilən mesajlar və mülahizələr bütün dünyaya məqalələr, sosial şəbəkələr vasitəsilə yayılacaq. Şuşa sessiyası zamanı bir sıra natiqlər təklif və tövsiyələrlə çıxış etmişlər və hesab edirəm ki, cənab Prezident, Sizin rəyinizi bilmək üçün iştirakçılar onları bu gün də təqdim edə bilərlər.

Cənab Prezident, bu foruma güclü dəstək verdiyinizə, regionda davamlı sülhün qurulmasında müdrik rəhbərliyinizə görə bütün iştirakçılar adından mən Sizə səmimi təşəkkürümüzü bildirmək istərdim.

Cənab Prezident, fürsətdən istifadə edərək mən, həmçinin ADA Universitetinə hər zaman dəstək verdiyinizə görə Sizə təşəkkürümü bildirmək istəyirəm. İndi isə sözü Zati-alinizə veririk və Sizin giriş nitqinizi səmimiyyətlə arzulayırıq və dinləməkdən məmnun olardıq. Sağ olun.

Prezident İlham Əliyev dedi: Çox sağ olun. Sabahınız xeyir, xanımlar və cənablar, əziz qonaqlar. Əvvəlcə, mən bu tədbirə ev sahibliyi etdiyinə görə ADA Universitetinə təşəkkürümü bildirmək istəyirəm. Bu, artıq bir ənənədir. Sonuncu dəfə biz ötən ilin aprelində burada görüşdük və münaqişədən sonrakı vəziyyətə aid bir çox məsələləri müzakirə etdik. Əlbəttə ki, planlarımızı, niyyətlərimizi daha yaxşı anlamaq və görülmüş işləri nəzərdən keçirmək məqsədilə bizim üçün və fikrimcə, beynəlxalq ictimaiyyət üçün bu ənənəvi görüşlərin təşkili çox vacibdir.

Şadam ki, ADA Universiteti belə mühüm təşəbbüslə çıxış etdi. Bildiyiniz kimi, o, Azərbaycanda çox yüksək səviyyəli təhsili, çox yaxşı beynəlxalq əlaqələri ilə seçilən və genişlənən aparıcı universitetlərdən biridir. Bu yaxınlarda təhsildə yeni beynəlxalq tərəfdaşlıq formatı qurulmuşdur və əminəm ki, yaxın zamanlarda ADA yanında İtaliya-Azərbaycan Universiteti öz qapılarını tələbələrin üzünə açacaq.

Mən ölkəmizə və Şuşaya səfər etdiklərinə görə bütün iştirakçılara, qonaqlarımıza təşəkkürümü bildirmək istərdim. Əminəm ki, Qarabağın gözəlliyini seyr etmək və eyni zamanda, Şuşaya aparan yol boyunca və Şuşanın özündə dağıntıları görmək üçün bu, maraqlı səfər oldu. Hesab edirəm ki, gördükləriniz 30 illik işğal ərzində çəkdiyimiz əziyyətlərin ən yaxşı təzahürüdür. Həmin kütləvi dağıntılar Birinci Qarabağ müharibəsinin deyil, 30 il çəkən işğal zamanı Ermənistanın törətdiyi barbarlıq və vandalizmin nəticəsidir. Bir sözlə, bütün kəndlərimiz və şəhərlərimizin əksər hissəsi dağıdılıb və yerlə-yeksan edilib. Bəzi rayonlarda, məsələn, Kəlbəcərdə, Laçında və qismən, Zəngilanda və Şuşada rəsmən Ermənistan hökumətinin sponsorluq etdiyi qeyri-qanuni məskunlaşma proqramı həyata keçirilmişdir. Bu, beynəlxalq konvensiyaların kobud pozulmasıdır. Qarabağı və Şərqi Zəngəzuru yenidən qurmaq planlarımız barədə sizə məlumat verilib. Bu planlar həqiqətən genişmiqyaslıdır və biz onları büdcəmizdən ayrılan vəsaitlərimiz hesabına icra edirik. İcra işlərində beynəlxalq şirkətlər bizə dəstək verir. Lakin bundan başqa, ötən ilin aprelində görüşdüyümüz və müzakirə etdiyiniz zaman qarşımızda olan mühüm vəzifələrdən biri yeni reallıqları möhkəmləndirmək və regionda öz işimizi, baxışlarımızı təqdim etmək üçün aparıcı beynəlxalq təşkilatlarla işləməkdən ibarət idi. Həmçinin vacib idi ki, beynəlxalq ictimaiyyət və aparıcı beynəlxalq təşkilatlar formalaşmış yeni reallıqları qəbul etsinlər. Bu, baş tutdu.

Eyni zamanda, biz Qafqazda yeni eranı, sülh və əməkdaşlıq erasını fəal şəkildə təşviq edirdik. Nəhayət biz bu yaxınlarda Ermənistandan müsbət cavab aldıq. Onların hökuməti Azərbaycanın irəli sürdüyü 5 təməl prinsipi qəbul etdi. Bu prinsiplər Ermənistanla sülh müqaviləsinin əsasını təşkil etməlidir. Həmçinin Azərbaycanın təklifinə uyğun olaraq, Ermənistan sərhədlərimizin delimitasiya prosesinə başlamaq üçün Azərbaycanla birgə işçi qrupunun yaradılmasına, nəhayət razılıq verib. Fikrimcə, bunlar son hadisələrin mühüm təzahürüdür və onlar, həmçinin göstərir ki, hazırda, İkinci Qarabağ müharibəsindən ilyarım keçdikdən sonra Ermənistan rəhbərliyi və ümid edirəm ki, onun əhalisi sülhün zəruriliyini anlayır. Əgər sülh müqaviləsi imzalanarsa və həmin təməl prinsiplər həyata keçərsə, onda Qafqazda sülh uzunmüddətli və dayanıqlı olacaq. Niyyətimiz budur. Hesab edirəm ki, nümayiş etdirdiyimiz və elan etdiyimiz addımlar Qafqazda sülhə töhfə vermək üçün iradəmizin bariz nümunəsidir. Biz Qarabağı yenidən qururuq, iqtisadiyyatımızı gücləndirmək üçün resurslarımızı səfərbər edirik, çünki onsuz gözəçarpan vəsaitləri ayırmaq asan olmaz. Eyni zamanda, biz Qafqazda sülh gündəliyini təşviq edirik. Hesab edirəm ki, bütün istiqamətlərdə təşəbbüs bizim əlimizdədir. Həmin təşəbbüs sülhə xidmət edir və etməlidir.

Ola bilsin, bununla mən giriş nitqimi yekunlaşdırım və müzakirələrimizə müəyyən vaxt saxlayım. Bir daha bizimlə olduğunuza görə sağ olun. Əminəm ki, ənənəvi toplantı formatı davam edəcək. Hafiz Paşayev dedi ki, iştirakçılardan biri bu təkliflə çıxış etmişdir. Mən isə sadəcə, onu əlavə etmək istərdim ki, dövri əsaslarla keçiriləcək Şuşa Beynəlxalq forumları arasında qarşılıqlı fəaliyyət üçün müəyyən vaxt olsun. Bəlkə görüşlərin və konfransların bu arada başqa forması da olsun. Bu, başqa şəhərlərdə də, məsələn, Ağdamda, Zəngilanda və azad etdiyimiz digər şəhərlərdə keçirilə bilər. Hesab edirəm ki, beləliklə, biz qarşılıqlı fəaliyyətimizi daha səmərəli edə bilərik. Çünki bizim üçün beynəlxalq ictimaiyyət tərəfindən nəyin baş verdiyinin, işğal illəri barədə tam həqiqətin, sülhün qurulmasında planlarımızın və niyyətlərimizin bilinməsi vacibdir. Bu səbəbdən, fikrimcə, iştirakçılarımız və bu gün bizimlə ola bilməyən ekspert dairələrinin üzvləri arasında daimi əlaqə xətti olmalıdır. Bu, işçi proqramın növbəti mərhələsi üçün mənim təklifimdir. Lakin, əlbəttə ki, sizin tərəfinizdən veriləcək bütün təkliflər lazımınca nəzərdən keçiriləcək. Bir daha sağ olun və sizə Azərbaycanda xoş səfər arzulayıram.

Rektor Hafiz Paşayev: İcazə versəniz, Şuşaya səfərlə bağlı mən bir neçə söz əlavə edim. Növbəti toplantının Laçında keçirilməsi ilə bağlı artıq təklif var.

Prezident İlham Əliyev: Razıyam. Bilirsiniz, hazırda Laçında beynəlxalq hava limanının tikintisi mərhələsindəyik. Zəngilanda hava limanı bu il açılacaq. Laçında, ola bilsin, 2024-cü ildə baş verəcək. Lakin oraya asan və rahat formada səfərin təşkil olunmasını təmin edəcəyik.

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev: Sağ olun, cənab Prezident. İcazənizlə biz sual-cavab sessiyasına başlaya bilərik. Xeyli sayda iştirakçılarımız suallarla müraciət edib və icazənizlə, birinci sualı vermək üçün mən cənab Svante Korneldən başlamaq istərdim. Mən iştirakçımızdan təmsil etdiyi ölkəni və qurumu təqdim etməyi xahiş edirəm. Sağ olun.

Təhlükəsizlik və İnkişaf Siyasəti İnstitutunun direktoru (İsveç) Svante Kornel: Çox sağ olun. Bu dəvətə və konfransa görə təşəkkür edirəm, cənab Prezident. Burada olmaq şərəfdir. Azad olunmuş Şuşanı ilk dəfə görmək xüsusi şərəf oldu. Adım Svante Korneldir. Mən Vaşinqtonun “Mərkəzi Asiya və Qafqaz” İnstitutunu və İsveçin “Təhlükəsizlik və İnkişaf Siyasəti” İnstitutunu təmsil edirəm. Sualım söylədiyiniz sülh erası ilə bağlı olacaq. Biz anlayırıq və fikrimcə, bunu xüsusi qeyd edirəm ki, 25-30 il ərzində tədqiqatları aparmaq bir məsələ, lakin Şuşanı öz gözlərinizlə görmək tam başqa məsələdir. Bu torpaqlarda törədilmiş dağıntılardan sonra irəliyə nəzər salmağın da çətin olduğunu anlayırıq. Lakin sülhün qurulmasına gəldikdə, Sizə sualım Qafqazda yeni era naminə inkişaf məsələləri ilə məşğul olan təşkilatların regional səviyyədə dəstəyinin verilməsi ilə bağlıdır. Düşünürəm ki, Qarabağın azad edilməsi bütöv bölgəyə dəyişiklik gətirən məqam ola bilər və 1990-cı illərdə Qarabağın işğalına aparan separatizm nəticəsində baş vermiş ayrılmalar, münaqişələrlə dolu prosesin geriyə çevrilməsi üçün tarixi fürsət ola bilər. Bütün bunlar fərqli proses və era ilə əvəzlənə bilər. Bu, nəinki Qarabağda, bütövlükdə, Qafqazda baş verə bilərdi. Əməkdaşlıq və inkişaf məsələlərinin, həqiqətən, regional miqyası var. Fikrimcə, bunun üçün təsisatlara ehtiyac duyulacaq və bu cür təsisatların yaradılmasında Azərbaycan etimad doğuran və resurslara malik olan yeganə ölkədir. Sizin fikrinizcə, Cənubi Qafqazda regional təsisatların yaradılmasına ölkəniz rəhbərlik edə bilərmi? Xüsusən də, maliyyə təsisatlarına gəldikdə... məsələn, Regional İnkişaf Fondu və sairə. Təşəkkür edirəm.

Prezident İlham Əliyev: Bəli, toxunduğunuz çox maraqlı məsələdir və biz regional maliyyə zərfinin olması ilə bağlı ekspert dairələri və hökumətlə məsləhətləşməliyik. Lakin aydındır ki, hazırda əsas diqqətimiz Qarabağın yenidən qurulmasına və keçmiş məcburi köçkünlərin tezliklə qayıtmasına yönəlir. Eyni zamanda, ictimaiyyət qarşısında açıqlanmış və beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənmiş sülh gündəliyimiz və təşəbbüslərimiz regional inkişafa, Cənubi Qafqazda onun yeni imkanlarına yönəlir. Nəinki Azərbaycan ilə Ermənistan arasında, - əlbəttə ki, bu, regional əməkdaşlığın ən vacib elementlərindən biridir, - o cümlədən bütövlükdə Cənubi Qafqaz regionunda əməkdaşlıq nəzərdə tutulur. Biz separatizm, erməni təcavüzü səbəbindən otuz il həmin fürsəti əldən qaçırmışıq. Cənubi Qafqaz inteqrasiya etməmişdir. Bəli, Azərbaycan və Gürcüstan arasında ikitərəfli və artıq beynəlxalq səviyyədə çox sıx əməkdaşlıq var. Bu, vacibdir. Lakin, eyni zamanda, hesab edirəm ki, Ermənistanda, həmçinin anlamalıdırlar ki, onlar bu bölgədə təcrid olunmuş ada kimi yaşamaqda davam edə bilməzlər. Onlar bizimlə münasibətləri normallaşdırmalıdırlar, Azərbaycana və Türkiyəyə ərazi iddialarına son qoymalıdırlar və Cənubi Qafqazda üçtərəfli səviyyədə hər hansı qarşılıqlı təmasdan çəkinməli deyillər. Mən bunu ona görə söyləyirəm ki, aparıcı beynəlxalq təşkilatların dəstəyi ilə müxtəlif səviyyələrdə üçtərəfli görüşlərin təşkilinə dair Azərbaycandan artıq bir neçə dəfə təkliflər olub. Biz xarici işlər nazirləri səviyyəsində görüşü təklif etmişik. Ermənistan imtina etdi. Sonra təklif olundu ki, bu görüş ekspertlər səviyyəsində keçirilsin. Ermənistan yenə imtina etdi. Sonra təklif etdik ki, vətəndaş cəmiyyəti səviyyəsində görüş təşkil olunsun. Bir daha Ermənistan imtina etdi. Bu, tərəfdaşlarımıza məlumdur. Səbəbini başa düşmürük, niyə? Bilirik ki, bu imtina əks nəticə verir. Biz gələcəyə baxmalıyıq və Cənubi Qafqaz inteqrasiya edilmiş təhlükəsizlik və əməkdaşlıq, eləcə də ümumi rifah məkanı olmalıdır. Bu halda, Ermənistanın siyasəti heç bir məntiqə sığmır. Ola bilsin, onlara bir az vaxt lazımdır. Bəlkə də onlar öz fikirləri əsasında ola biləcək riskləri qiymətləndirməlidirlər. Lakin hesab edirəm ki, bu, qaçılmazdır. Biz hazırıq. Gürcü həmkarlarımız da hazırdır. Fikrimcə, bu, birinci addım ola bilərdi. Region üçün maliyyə zərfinə gəldikdə, enerji və daşımalar marşrutlarını nəzərə alsaq, Azərbaycan və Gürcüstanın necə inteqrasiya etdiyini siz bilirsiniz. Bu sahədə siz yaxşı ekspertsiniz. Hesab edirəm ki, Ermənistanın regional inkişafın bir hissəsi olması üçün bu ölkəni dəvət etməyə imkan var. Onlar bundan faydalanacaqlar. Onlar enerji resurslarımıza çıxışdan bəhrələnə, müəyyən dərəcədə beynəlxalq daşımalar dəhlizinin bir hissəsinə çevrilə bilərlər. Bu isə, öz növbəsində, əlavə dəyər gətirəcək.

Əlbəttə, Azərbaycanla əlaqələrin normallaşdırılması Ermənistan üçün elə imkan açacaq ki, bu gün onu proqnozlaşdırmaq belə çətin olardı. Bir sözlə, planlarımız bundan ibarətdir. Təsisatların qurulması, fikrimcə, müxtəlif istiqamətlərdə getməlidir. Əvvəlcə, biz siyasi çərçivədən başlamalıyıq. Ən vacibi isə Ermənistanın hansı nöqtəyə qədər irəli gedə biləcəyindən ibarətdir, çünki işğal dövründə və mənim Ermənistan rəhbərləri ilə çoxsaylı təmaslarımda, hər zaman görürdük ki, irəliləyiş üçün çox həlledici məqama gəlib çatanda, onlar hər zaman geriyə addım atırdılar. Etimad çox az idi. Deyə bilərəm ki, hələ də etimad çox deyil. Əgər, belə demək olarsa, onların davranışında bu, görünür, çünki bəzən onlar çox ziddiyyətli bəyanatlarla çıxış edirlər. Bir sözlə, siyasi çərçivədə, fikrimcə, onların nümayəndəsinin müzakirələrimizdə iştirakı mühüm töhfə ola bilərdi. Məsələn, biz bunu dəstəkləyə bilərdik. Həmçinin biz QHT-lər səviyyəsində şəxslər arasında təmaslar haqqında düşünürük. Öncə söylədiyim kimi, bunun müəyyən regional miqyası ola bilər. Eyni zamanda, biz regional inkişafa daha geniş miqyasda baxmalıyıq, çünki bilirsiniz ki, Avropa İttifaqı Ermənistan üçün 2,6 milyard avro həcmində çox böyük maliyyə paketini elan edib. Sonradan Azərbaycan üçün də bunu elan edib. Həmin ehtiyatların bir hissəsi əlaqələrin qurulmasına və insanlar üçün daha yaxşı imkanların yaradılmasına sərf oluna bilər. Ermənistanın çox az sayda əhalisini nəzərə alsaq ki, fikrimcə, bu, revanş və qonşularına hədə yaratmaq cəhdləri üçün deyil, sülh işlərinə sərf edilərsə, onda artıqlaması ilə kifayət edəcək.

Haider Global BVBA şirkətinin icraçı direktoru (Birləşmiş Krallıq) Sacat Karim: Cənab Prezident mən Avropa Parlamentinin deputatı və Cənubi Qafqaz üzrə nümayəndə heyətinin rəhbəri olmuşam. Bakıda yenidən olmağımdan çox məmnunam. Ötən görüşümüzdən sonra vəziyyət olduqca dəyişib. Şəxsən Sizi və Azərbaycan xalqını uzun sürən bu haqsızlığa son qoyulması kimi mühüm nailiyyət münasibətilə təbrik etmək istəyirəm.

Bizim nümayəndə heyəti ilə keçirdiyiniz bütün görüşləri belə xatırlayıram ki, Siz inkişafla bağlı baxışınızı heç vaxt Azərbaycanla məhdudlaşdırmırdınız. Siz hər zaman bütün Cənubi Qafqazda sülh və inkişaf haqqında danışırdınız. Hazırda Avropa İttifaqının vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında sülh sazişi və Türkiyə-Ermənistan münasibətləri ilə bağlı müəyyən irəliləyiş var. Necə düşünürsünüz, Azərbaycan və onun dostları, müttəfiqləri baş nazir Nikol Paşinyana müəyyən bir siyasi imkan yarada bilərmi ki, o, Ermənistan daxilində, ABŞ və Avropada olan erməni diasporunun iştirakı ilə öz xalqı tərəfindən sülhü dəstəkləmək ideyasına təkan verə bilsin. Təşəkkür edirəm.

Prezident İlham Əliyev: Sağ olun. Biz ümid edirik ki, bu, məhz belə olacaq. Əlbəttə, hər bir hökumətin özünün gündəliyi var və biz Ermənistan hökumətinin də sülh gündəliyini elan etməsinin şahidi olduq. Bunlar olduqca müsbət bəyanatlardır. Ancaq, eyni zamanda, burada hərəkət olmalıdır. Hazırda biz hərəkət görürük. Ermənistan hökuməti tərəfindən regionda yeni reallıqlara və beynəlxalq hüquqa əsaslanan sülhə yönəlmiş bəyanatlar verilir. Biz hər zaman bunun tərəfdarı olmuşuq. Reallıqlar dəyişib və bu, hətta vasitəçilər tərəfindən qəbul edilib. Rusiya-Ukrayna müharibəsindən əvvəl belə Minsk qrupunun həmsədrləri arasında gələcək fəaliyyətləri ilə bağlı məyusluq var idi. Çünki Azərbaycan özü Madrid prinsiplərini həyata keçirdi və mən müharibə bitəndən sonra Minsk qrupunun nümayəndələri ilə görüşərkən bildirdim ki, onlar nə edəcəkləri ilə bağlı təklif versinlər. Onların gündəliyi nədən ibarət olacaqdır? Mən bilirəm ki, onlar üçün hər hansı praktiki təkliflər vermək çətin oldu. Rusiya-Ukrayna müharibəsindən sonra elan edildi ki, Minsk qrupu həmsədrliyi artıq fəaliyyət göstərmir. Bu isə onu nümayiş etdirir ki, yeni reallıqların öz təsiri var.

Beləliklə, Ermənistan hökuməti və ölkənin siyasi spektrinin bunu tam olaraq dərk etməsi və qisas almaq cəhdlərindən birdəfəlik əl çəkməsi vacibdir. Birincisi, bu qeyri-məhsuldardır, çünki bunun baş verməsi Ermənistan üçün əvvəlkindən daha ağrılı olacaq. İkincisi isə bu, regionun və beynəlxalq ictimaiyyətin tələblərinə zidd olacaqdır. Həmin tələblər isə regionda nəhayət ki, davamlı sülhə nail olunmasından ibarətdir.

Biz öz tərəfimizdən müsbət meyillərin dəstəklənməsi üçün əlimizdən gələni edirik. Uzun sürən müharibələrin, işğalların və dağıdıcılığın tarixinə nəzər salsanız görərsiniz ki, bizim halda, düşmənçilik mərhələsindən sülhə doğru keçid çox sürətlidir. Bu isə bir daha qeyd etmək istəyirəm ki, bizim təkliflərimiz əsasında baş verir. Mən şəxsən bir ildən artıq müddətdir ki, Ermənistanla sülh sazişinin bağlanmasının vacibliyini bəyan edirəm. Nəhayət ki, yalnız bir neçə həftə bundan əvvəl onlar buna razı oldular. Buna qədər sükut hökm sürürdü. Bizim ərazi bütövlüyümüzü şübhə altına alan bəyanatlar verilirdi. Sərhədlərin delimitasiyasına start verilməsini də biz təklif etdik. Bu təklif də bir ildən artıq Ermənistan tərəfindən cavabsız qoyulmuşdur. Nəhayət ki, onlar buna razılıq verdilər və deyə bilərəm ki, çox tezliklə birgə işçi qrupları görüşəcəklər.

Nə üçün onlar bir il itirdilər? Bunu anlamaq mümkün deyil. Beləliklə, bizim bütün səylərimiz müsbət meyillərin gücləndirilməsinə yönəldiləcək. Lakin biz bunu birtərəfli qaydada edə bilmərik. Biz Ermənistan hökuməti simasında etibar edə biləcəyimiz və davamlı sülhə nail olmaqla bağlı razılığa gələ biləcəyimiz tərəfdaş görməliyik. Düşünürəm ki, bu, mümkündür, ancaq bunlar Ermənistanda daxili siyasi proseslərlə bağlı olacaqdır. Bunu anlamaq olar, çünki onların ideoloji təməlləri sarsılıb. Çünki onların bütün ideologiyası işğal və onun legitimləşdirilməsi üzərində qurulmuşdu. Azərbaycanın mədəni irsinin silinməsindən tutmuş Ağdam və Şuşa da daxil olmaqla bütün şəhərlərimizin adlarının dəyişdirilməsinə qədər – bütün səylər de-fakto işğalı de-yure ilhaqın qanuniləşdirilməsinə yönəldilmişdi.

İndi isə bu ideoloji təməl artıq mövcud deyil. Biz anlayırıq ki, hazırda onlar üçün yeni hədəf müəyyən etmək asan deyil. Bizə gəldikdə isə hədəf çox aydın idi – müstəqilliyin gücləndirilməsi. Biz həmişə işğal dövründə yalnız Qarabağı geri qaytarmaq üzərində düşünmürdük. Biz müstəqilliyimizin gücləndirilməsi və onun dönməz xarakter alması, habelə heç kəsdən, nə siyasi, nə iqtisadi, nə də enerji cəhətdən asılı olmamağımız üzərində çalışırdıq. Biz buna nail olduq. Biz tam olaraq müstəqil olduq, müstəqil siyasət aparmaq imkanını əldə etdik və Qarabağı geri qaytardıq. Ermənistan isə, həqiqətən müstəqil ölkə olmaq şansını əldən verdi. Çox da təfərrüata varmaq istəməzdim, oranın siyasi konfiqurasiyası hər kəsə məlumdur. Bununla yanaşı, onlar özlərinə məxsus olmayan torpaqları itirdilər. Yəni, onlar bunu dərk etməli və özləri üçün yeni hədəf müəyyən etməlidirlər.

Zənnimcə, həmin hədəf sülh, əməkdaşlığın bəhrəsi, Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarından imtina edilməsi olacaqdır. Bilirsiniz, Türkiyə kimi iqtisadi gücə və dünyada barmaqla sayıla biləcək aparıcı orduya sahib olan ölkəyə qarşı ərazi iddiasının olması tamamilə qeyri-rasionaldır. Biz Türkiyə-Ermənistan prosesini dəstəkləyirik. Hesab edirəm ki, bu, Ermənistan hökuməti və siyasətçiləri üçün fürsətdir. Gələcəkləri necə olacaq və özlərini regionda necə görürlər. Bax, bu haqda yaxşı düşünməlidirlər. Fikrimcə, onların aydın anlayışı yoxdur. Onlar bütün illüziyaları bir kənara qoymalı, ordunu yenidən qurmaq, 5 milyon nəfər əhaliyə sahib olmaq və güc toplayaraq torpaqları geri qaytarmaq kimi fikirlərdən vaz keçməlidirlər. Əks halda, bu, onların dövlətçiliyinin rəsmi süqutu olacaqdır.

Biz müsbət meyilləri dəstəkləməyə hazırıq və bunu edirik. Bizim ümidlərimiz var, ancaq biz erməniləri sınamalıyıq, çünki bu günədək onlarla sülh ətrafında danışıqlar aparmamışıq. Artıq bunun vaxtı çatıb. Dediyim kimi, sərhəd məsələsi ilə bağlı danışıqlar tezliklə başlayacaq. Sülh müqaviləsi ilə bağlı danışıqlara gəldikdə, biz başlamağa hazırıq və Ermənistan hökuməti tərəfindən tarixlərin verilməsini gözləyirik.

Türkiyənin Maltəpə Universitetinin Siyasi elmlər və beynəlxalq münasibətlər fakültəsinin müəllimi Həsən Unal: Cənab Prezident, Sizin bizimlə ötənilki görüşünüzdə mən də iştirak edirdim. Mən Sizi misilsiz miqyaslı olan bir Zəfər münasibətilə təbrik etdim. Həmin Qələbə regionun siyasi mənzərəsini dəyişdi. Sizin rəhbərliyinizlə Azərbaycan Silahlı Qüvvələri vəzifənin öhdəsindən çox yüksək səviyyədə gəldilər. Siz Ermənistanın təkcə ekspansiya xülyalarına son qoymadınız. Siz onları reallığa qaytardınız ki, cəzasız şəkildə istədiklərinə nail ola bilməzlər.

Bu il Sizi xüsusilə iki məsələ münasibətilə təbrik etmək istəyirəm. Birincisi, azad olunmuş ərazilərdə yenidənqurma ilə bağlı görülən işlərdir və biz dünən Füzuli və Şuşa daxil olmaqla bu işlərin bir hissəsi ilə tanış olduq. İkincisi isə münaqişənin diplomatik həlli ilə bağlı yorulmaz səylərinizdir. Buraya Azərbaycan və Ermənistan, Türkiyə və Ermənistan arasında münasibətlər daxildir.

Bu məqamda Sizə sualım Rusiya ilə bağlıdır. Zənnimcə, bu sual yerinə düşər, çünki bu gün Qərbdə Rusiya tənqid edilir. Siz Rusiya ilə münasibətləri peşəkarcasına həyata keçirirsiniz. Ötən il Siz Türkiyə ilə müdafiə sahəsində əməkdaşlıq müqaviləsi imzaladınız və onu Azərbaycan-Türkiyə-NATO müqaviləsi adlandırdınız. Türkiyədə bu, bizi məmnun etdi. Bu il isə Siz Moskva ilə bəyannamə imzaladınız ki, orada müxtəlif mövzular sırasında müdafiə sahəsində əməkdaşlıq və Cənubi Qafqazda münaqişələrin sülh yolu ilə həlli kimi məsələlər də yer alıb.

Beləliklə, demək olar ki, burada bir növ Ankara-Bakı-Moskva üçbucağı yaranıb və işlər nizamla gedir. Qərbdə Rusiya ilə bağlı tənqidlərin hökm sürdüyü vaxtda bununla əlaqədar fikrinizi bilmək istərdim. Daha bir sualım - Sizin Rusiya ilə münasibətlərinizin Ermənistana hər hansı bir təsiri varmı? Çox sağ olun.

Prezident İlham Əliyev: Azad olunmuş ərazilərdə gördüyümüz işlərlə bağlı xoş sözlərə görə sağ olun. Keçən il və bu il bizimlə bir yerdə olduğunuza görə təşəkkür edirəm. Sualınıza gəldikdə, artıq qeyd etdiyim kimi, bunlar Azərbaycanın xarici siyasətinin müstəqil xarakterini nümayiş etdirir. Həmin siyasət bizim milli maraqlarımıza əsaslanır və maksimal nailiyyətlərin əldə olunmasına yönəlib. Biz regionumuzda təhlükəsizlik və əməkdaşlığa bu günümüz və sabahımız prizmasından baxmalıyıq. Təhlükəsizlik olmadan əməkdaşlıq və iqtisadi faydadan söhbət gedə bilməz. Azərbaycanın iqtisadi fəaliyyəti də, hansı ki, öz resurslarımız hesabına həyata keçirilir, sabitlikdən qaynaqlanır. Davamlı sabitlik isə təhlükəsizliyin tərkib hissəsidir.

Beləliklə, qeyd etdiyiniz mühüm hadisələr – ötən ilin iyun ayında Prezident Ərdoğanla Şuşa şəhərində imzalanmış Şuşa Bəyannaməsi bizim Türkiyə ilə əməkdaşlığımız və qardaşlığımızın mahiyyətini əks etdirir. Biz, sadəcə, bu əməkdaşlığın mahiyyətini rəsmiləşdirdik, çünki biz onsuz da istənilən şəkildə müttəfiq idik, bütün sahələrdə, o cümlədən hərbi və müdafiə sənayesi sahəsində. İndi isə bu tarixi şəhərdə Şuşa Bəyannaməsini imzalamaqla bütün dünyaya nümayiş etdirdik ki, biz sözümüzlə və imzamızla birlikdəyik.

Azərbaycan ilə Rusiya arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin imzalanması da bizim strateji maraqlarımıza əsaslanır, çünki Rusiya bizim qonşumuzdur. Bu ölkə İkinci Qarabağ müharibəsinin sona çatdırılmasında fəal iştirak edib və onların sülhməramlı qüvvələri müvəqqəti olaraq Azərbaycanda, Qarabağdadır. Bundan əlavə, bizim Rusiya ilə üzərində uzun illər ərzində çalışdığımız çoxsaylı məsələlər var – iqtisadiyyat, enerji, nəqliyyat, mədəniyyət və humanitar sahələrdə. Əlbəttə, biz Rusiyadan böyük həcmdə silah və avadanlıq alırıq. Bəli, biz həmin silahları Ermənistandan fərqli olaraq bazar qiymətinə alırdıq. Ermənistan isə onları havayı əldə edirdi. Onlar bunun üçün guya kredit alırdı, lakin həmin kreditlər heç vaxt qaytarılmırdı. Yəni, fərq bundan ibarət idi.

Eyni zamanda, hesab edirəm ki, bu, regional oyunçulara bir növ mesaj idi – regionda sülh olmalıdır. Həm Türkiyə, həm də Rusiya müharibədən sonra regionda yeni konfiqurasiyanın iştirakçılarıdır. Bildiyiniz kimi, vəziyyətə nəzarət edən Türkiyə-Rusiya Monitorinq Mərkəzi Ağdamda yerləşir. Hesab edirəm ki, belə bir format tarixdə ilk dəfə mümkün olmuşdur. Bundan əlavə Türkiyə-Rusiya münasibətləri də nəzərə alınmalıdır. Bu gün biz görürük ki, Prezident Ərdoğan Ukraynada atəşkəsin əldə olunmasında vasitəçilik edir. Bütün bunlar regional təhlükəsizlik və sabitliyə xidmət edir və dediyim kimi, bizim əməkdaşlığımızın müstəqil xarakterini ortaya qoyur. Bizim bütün etdiklərimiz Azərbaycan xalqının maraqları naminədir ki, bu xalq uzun illər sürən işğaldan sonra sülh arzusundadır.

Əlbəttə, siyasi və iqtisadi dialoq davam etməlidir və biz bunun tərəfdarıyıq. Siz Azərbaycan-Türkiyə-Rusiya üçbucağına toxundunuz. Bu, hələ baş verməyib, heç bir səviyyədə hər hansı rəsmi təmaslar başlamayıb. Lakin bir sıra məsələlər var ki, onlar bir-biri ilə bağlıdır, xüsusilə də nəqliyyat və enerji sahələrində. Bizim ayrıca olaraq bu sahədə hər iki ölkə ilə fəal dialoqumuz var. Onların öz aralarında münasibətləri var, ancaq bu, heç vaxt üçtərəfli formatda olmayıb. Hesab edirəm ki, bu gün bu haqda danışmaq hələ tezdir. Hazırkı regional konfiqurasiya bizi qane edir. Bizim bütün qonşularla yaxşı münasibətlərimiz var - təkcə Rusiya və Türkiyə ilə deyil, Gürcüstan və İranla da. Ümid edirik ki, Ermənistanla da yaxşı münasibətlər olacaq və beləliklə, biz sabitlik məkanı ilə əhatə olunacağıq. Bizim istəyimiz də məhz budur. Biz sülh gündəliyinə və iqtisadiyyata diqqətimizi ayırmalıyıq ki, hər il milyardları silah alınmasına yox, iqtisadi inkişafa yönəldək.

Yerdən replika: Rusiyanın Ermənistanın davranışına təsir edə biləcəyini düşünürsünüzmü?

Prezident İlham Əliyev: Demək çətindir. Ermənistanda gözləntilər var idi ki, Rusiya Qarabağda müharibəyə müdaxilə edəcək. Bu, baş vermədi, çünki biz öz ərazimizdə döyüşürdük. Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə bağlı öhdəliklərə dair manipulyasiya cəhdləri edirdi. Lakin KTMT-nin mandatına üzv dövlətləri öz ərazilərində müdafiə etmək daxildir. Biz isə öz ərazimizdə döyüşürdük. Beləliklə, bu, baş vermədi. Bununla yanaşı, bu, hər kəsə məlumdur və biz 44 günlük müharibə zamanı bunu ictimai şəkildə dəfələrlə bəyan etdik ki, müntəzəm qaydada, gündə bir neçə dəfə Rusiyadan təyyarələr vasitəsilə Ermənistana silah daşınırdı. Biz bütün marşrutları izləyirdik – Rostovdan və Mozdokdan silah daşınırdı. Biz gürcüstanlı dostlarımızdan hava məkanını bağlamağı xahiş etdik və onlar bunu etdilər. Bundan əlavə, biz gürcüstanlı dostlarımızdan xahiş etdik ki, quru yolu vasitəsilə Rusiyadan Gürcüstan ərazisindən silahların daşınmasının qarşısını alsınlar və onlar belə də etdilər. Biz buna görə minnətdarıq. Biz bütün Xəzəryanı ölkələrə məktublar göndərdik ki, Rusiyadan Ermənistana silah daşıyan yük təyyarələrinə uçuş icazəsi verilməsin. Belə məktublar Qazaxıstan, Türkmənistan və İrana göndərildi. Təəssüf ki, bu təyyarələr həmin ölkələrin hava məkanından istifadə edərək Ermənistana daxil olurdu.

Yəni, vəziyyət belə idi və biz 44 günlük müharibənin bu hissəsini gizlətməməliyik. Lakin Ermənistanın gözləntiləri daha yüksək idi. Onlar hesab edirdilər ki, Rusiya ordusu bura gələrək separatizmi müdafiə edəcək. Bu isə baş vermədi. Orada müəyyən məyusluq var idi, ancaq işğal illəri ərzində bizim Ermənistan hökuməti və diasporunun necə fəaliyyət göstərməsi ilə bağlı məlumatımız var idi. Onlar hesab edirdilər ki, bütün dünyanın onlara borcu var və kimsə gəlib onları müdafiə edəcək, onların əvəzindən döyüşəcək, gəlib onlara pul verəcək, digər yardım edəcək. Bunlar isə oturacaqlar və bu şübhəli “faciədən” sui-istifadə edəcəklər. Hər bir xalqın özünün tarixində faciəvi məqamları olub. Onların problemi isə ondan ibarətdir ki, onların ideologiyaları gələcəyə baxmaq əvəzinə şübhəli və qondarma tarixi faktlara əsaslanır.

Nəzərə alsaq ki, Rusiya-Ukrayna müharibəsinin başlanmasından iki ay sonra – aprelin 19-da baş nazir Paşinyan Rusiyaya rəsmi səfər edib, bu, iki ölkə arasında münasibətlərin əla olduğunu nümayiş etdirir. Biz isə qonşuluqda olan ölkələr arasında münasibətlərin hər zaman yaxşı olmasının tərəfdarıyıq və bu, bizim sülh gündəliyimizin tərkib hissəsidir.

Amerika Birləşmiş Ştatları Ali Hərbi Dəniz Donanma Məktəbinin müəllimi, professor Brenda Şafer: Salam cənab Prezident. Bizim üçün gözəl Şuşa şəhərinə səfərin təşkil edilməsinə görə təşəkkür edirəm. Mən hazırda ABŞ Ali Hərbi Dəniz Donanma Məktəbinin müəllimiyəm və yenidən Azərbaycanda olmağımdan məmnunam. Siz Ermənistanın davranışı və münaqişə haqqında danışdınız. Beynəlxalq münasibətlər sistemində danılmaz bir razılıq varsa, o da minalardan istifadədir. Bəzən terrorçuluq haqqında danışarkən biri bunu terrorçuluq, digəri azadlıq mübarizəsi adlandırır. Ancaq çətin ki, elə bir insan tapılsın ki, minalardan istifadəni legitim adlandırsın. Bu münaqişədə isə minalardan xüsusi olaraq istifadə edilib. Bu, yalnız müdafiə xətlərinin yaradılması deyil, hətta Kəlbəcərdə humanitar məqsədlərlə 10 günlük əlavə vaxt istənilən zaman belə orada əlavə olaraq minlərlə mina yerləşdirilmişdir. Bununla yanaşı, Azərbaycan Ordusunun şəhidlərinin cəsədləri altına minalar yerləşdirilirdi ki, onları daşımaq və ailələrinə təhvil vermək üçün yaxınlaşan həkimlər və tibb işçiləri qətlə yetirilsin və yaralansın. Bu, müasir dövrdə misli görünməmiş hallardır. Beynəlxalq ictimaiyyət buna rəvac verməlidirmi? Məsələn, ABŞ Konqresi demək olar ki, hər il Qarabağın minalardan təmizlənməsinə vəsait ayırırdı. Ancaq mənə elə gəlir ki, həmin vəsait minalı ərazilərin yaradılmasına sərf edilib. Sizin də dediyiniz kimi, Avropa İttifaqı Ermənistana qeyd-şərtsiz olaraq 3 milyard vəsait ayırır. Sizdən isə soruşmurlar ki, bəlkə minatəmizləmə işləri üçün sizə də maliyyə vəsaiti lazımdır. Necə hesab edirsiniz, bu cür fəaliyyətə göz yuman beynəlxalq ictimaiyyət həmin bölgələrdə minatəmizləmə əməliyyatlarına vəsait ayırmalı deyilmi?

Prezident İlham Əliyev: Sizinlə tamamilə razıyam və bu məsələni qaldırdığınıza görə sizə təşəkkür edirəm. Bu, ən böyük problem və ən böyük faciələrdəndir. Çünki müharibənin bitməsindən sonra minalar səbəbindən 200-dən artıq hərbçi və mülki vətəndaşımız minaya düşərək həlak olmuş və ya ağır yaralanmışdır. Düzgün qeyd etdiniz ki, onlar minaları müharibədən sonra yerləşdiriblər və Kəlbəcərdə yeni basdırılmış minanın partlaması nəticəsində faciə baş vermiş və iki jurnalistimiz həlak olmuşdur. Hazırda bütün əraziləri minalardan təmizləmək olduqca çətindir, çünki bizim buna fiziki imkanlarımız yetmir. Bizim Minatəmizləmə Agentliyimiz illər əvvəl yaradılıb və hazırda biz heyətin sayını artırır və yeni avadanlıqlar alırıq, o cümlədən minalanmış əraziləri müəyyən edən dronlar əldə edirik, lakin bu, çox vaxt və zəhmət tələb edir.

Bu günə qədər türkiyəli mütəxəssislər bizə minatəmizləmə işlərində kömək edirlər, ancaq bizim daha geniş beynəlxalq əməkdaşlığa ehtiyacımız var. Təəssüflər olsun ki, bu cür dəhşətli davranışa görə Ermənistana heç irad belə tutulmayıb. Bizim hazırda tapdığımız minalar yeni basdırılanlardır və həmin ərazilər onları aşkar etmək üçün çox əlverişsizdir. Bu, bir daha onların davranışının göstəricisidir. Düzgün qeyd etdiniz, biz onlara 10-20 gün arası vaxt verdik ki, noyabrın 10-da imzalanmış razılaşmaya əsasən tərk etməli olduqları ərazilərdən çıxsınlar. Lakin onlar bu müddəti minaların basdırılması, özlərinə məxsus olmadığı, lakin içində yaşadıqları evlərin yandırılması, ağacların kəsilməsi və digər ekoloji fəlakətlərə yol açan əməllərə sərf etdilər.

Yəni, bu, onların davranışını göstərir və bu, açığı desək, təkcə hökumətin davranışı deyil. Bu, onlara heç bir pislik etməmiş, oraya yalnız sahib olduqlarını qaytarmağa gələnlərə və doğma yurdlarında yaşamağa gələnlərə qarşı olan nifrətin səviyyəsidir.

Beynəlxalq dəstəyə gəldikdə, təəssüf ki, bu günədək biz heç bir beynəlxalq təşkilatdan hər hansı bir dəstək almamışıq. Görülən bütün işləri öz hesabımıza görürük. Biz bir neçə beynəlxalq şirkətlə müqavilə bağlamaq istədik ki, bizə prosesi sürətləndirməyə kömək etsin. Lakin onların təklif etdiyi xidmət haqqı bizim minatəmizləmə agentliyimizə başa gələn qiymətdən bir neçə dəfə artıq oldu. Onlar bu işə kommersiya nöqteyi-nəzərdən yanaşdılar və biz bunu anlaya bilərik, çünki bunlar özəl şirkətlərdir. Ancaq onlar bir kvadratmetr əraziyə astronomik qiymət tələb edirlər, bu isə bizim işimizə yaramır.

Avropa İttifaqı Ermənistana 2.6 milyard, Azərbaycana isə 140-160 milyon avro yardım paketini elan edəndə, əlbəttə ki, biz ən yüksək səviyyədə səsimizi ucaltdıq. Bu, bir daha ikili standartların təzahürü idi. Artıq dediyim kimi, Ermənistanda bir dənə də olsun ev dağıdılmayıb. Nə üçün onlara 2.6 milyard verilir? Həmin vəsaitin böyük hissəsi kredit deyil, qrant olacaq, yəni hədiyyə. Azərbaycana isə yüz neçə milyon. O ölkəyə ki, onun 10 min kvadratkilometrlik ərazisi tamamilə dağıdılıb. Bunun cavabı olmadı. Müsbət haldır ki, daha sonra Avropa İttifaqı bu məsələyə baxdı və mənim Avropa İttifaqı Şurasının Prezidenti cənab Şarl Mişel ilə sonuncu söhbətimdə o mənə dedi ki, minatəmizləmə işlərinə 5 milyon avro ayrılacaq. Biz buna görə təşəkkür edirik. Lakin bu rəqəmin böyük təsiri olmayacaqdır. Bizim ciddi dəstəyə ehtiyacımız var. Bundan əlavə, mina problemi ilə məşğul olan beynəlxalq QHT-lərin dəstəyinə ehtiyac duyuruq. Onların hələ ki, heç biri Azərbaycana nəzər salmayıb. Biz bilirik ki, minaların təmizlənməsinə yardım edən bir sıra QHT və fondlar var. Bizə gəldikdə, heç kəs yardım etmir. Azad olunmuş ərazilərdə görülən bütün işlər Azərbaycanın dövlət büdcəsi hesabına həyata keçirilir. Heç bir ölkədən və ya beynəlxalq təşkilatdan bir dollar belə almamışıq.

Əlbəttə ki, bu, ədalətsizlikdir. Bu, ikili standartlardır, ancaq nə etmək olar. Bu, bizim yaşadığımız dünyadır. Bununla belə, kiminsə bizə yardım edib-etməməsindən asılı olmayaraq biz bütün əraziləri təmizləyəcəyik, əlbəttə, bu, daha çox vaxt aparacaq. Biz keçmiş məcburi köçkünlərin hamısını geri qaytaracağıq və Qarabağı dünyaya nümunə olacaq şəkildə yenidən quracağıq. Sağ olun Brenda, sizi görməyimə çox şadam.

Enerji təhlükəsizliyi üzrə ekspert (Birləşmiş Krallıq) Con Roberts: Əvvəlcə, burada olmağınıza və bu konfransı təşkil etdiyinizə görə təşəkkür edirəm. Sülhə nail olmaq bir çox hallarda müharibəni udmaq qədər çətin, bir çox hallarda isə ondan daha da mürəkkəb məsələdir. Mənim iki sualım var və onlar mənim sahəm olan enerji ilə əlaqəlidir.

Sülhün bərqərar olması mexanizmi kimi Ermənistana və Qarabağa neft və qazın nəqli məsələsi gündəmdədirmi?

Digər sualım isə, Türkiyə və Türkmənistanla üçtərəfli Zirvə Görüşü ilə bağlı planlar nə yerdədir və enerji sahəsinə aid hansı məsələlər müzakirə ediləcəkdir?

Prezident İlham Əliyev: Qarabağa neft və qazın nəqlinə hələ başlanılmayıb. Əlbəttə, Qarabağın hazırda tərəfimizdən yenidənqurma işlərinin aparıldığı hissəsində qaz xətlərinin inşası planımızdadır. Biz elektrik stansiyalarını inşa edirik. Həcm o qədər də böyük olmasa da, 20 meqavatlıq yeni stansiya ötən il inşa edilib və bu il daha bir 25 meqavatlıq stansiya istifadəyə veriləcəkdir. Bütün Qarabağ və Şərqi Zəngəzur elektrik xətləri ilə birləşdirilib. Bəzi hallarda həmin elektrik xətləri ilin altı ayı qarlı olan 3500 metrlik dağlar üzərindən salınmalı olub. Yəni, elektrik enerjisi təminatı var. Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərə gəldikdə, biz oraya enerji nəql etmirik. Lakin Ermənistandan Xankəndiyə gedən qaz xətti bizim nəzarətimizdə olan ərazidən keçir. Bu yaxınlarda orada qəza baş vermişdi və bir neçə gün ərzində qazın nəqlində fasilə yaranmışdır.

Təəssüflər ki, bizi dərhal orada humanitar fəlakətə səbəb olmaqda ittiham etdilər. Bu, bir daha ikili standartlardır, çünki Birinci Qarabağ müharibəsi başlayanda ermənilər Azərbaycanın əsas ərazisindən Naxçıvana gedən qaz xəttini kəsdilər və 15 il ərzində o zaman 400 min əhalisi olan Naxçıvan təbii qazsız yaşamalı oldu. Orada qış sərt olur, temperatur mənfi 30 dərəcədən aşağı düşür və heç kəs Ermənistanı Naxçıvanda humanitar fəlakətə səbəb olmaqda ittiham etmədi. Yalnız 2005-ci ildə biz İranla razılığa gələrək oraya qaz kəməri inşa etdik və bu gün Naxçıvan 100 faiz qazla təmin edilir. Biz isə nə etdik? Biz Ermənistandan Qarabağın Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan hissəsinə gedən kəməri təmir etdik və qazın nəqli bərpa olundu.

Mən bilmirəm gələcəkdə necə olacaq? Bizim enerji ehtiyatımızdan istifadəyə ehtiyac yaranarsa, bu, daha rahat ola bilər. Çünki Ağdamdan Xankəndiyə qazın nəqli daha ucuz başa gələr, nəinki həmin qazın Rusiyadan Gürcüstana, oradan Ermənistana və daha sonra isə Azərbaycana, Xankəndiyə nəqli. Yəni, belə bir müraciət olsa, biz onu nəzərdən keçirərik.

Azərbaycan-Türkiyə-Türkmənistan üçtərəfli Zirvə Görüşünə gəldikdə, bəli, belə bir plan var idi, ancaq hələ ki, tarixlər müəyyən edilməyib və biz tərəfdaşlarımızdan məlumat gözləyirik. Görüşün təşəbbüskarı Türkmənistan idi, zirvə görüşü orada baş tutacaq və biz tarixlərin təqdim olunmasını gözləyirik.

Hikmət Hacıyev: Siyahıda həm də Amanda Pol var. Buyurun, Amanda.

Avropa Siyasət Mərkəzinin Baş Analitiki (Belçika) Amanda Pol: Sabahınız xeyir, cənab Prezident.

Prezident İlham Əliyev: Sabahınız xeyir.

Amanda Pol: Dəvətiniz üçün çox sağ olun. Buraya gəlmək və Şuşaya səfər etmək imkanını əldə etmək, - mən uzun müddət idi ki, oraya səfər etmək istəyirdim, - məndə həm şərəf, həm də məmnunluq hissi doğurur. Belə demək olarsa, bu, sanki xəyallarımın gerçəkləşməsi idi. Mən Brüsseldə beyin mərkəzi olan Avropa Siyasət Mərkəzindənəm. Avropa İttifaqından gəldiyim üçün Sizə Avropa İttifaqı ilə bağlı sual ünvanlamaq istəyirəm. Sizin və baş nazir Paşinyan arasında dialoqun qurulmasına vasitəçilik etmək və gündəliyi irəli çəkmək üçün Şarl Mişel çox fəallıq göstərmişdir. Bu prosesdə Avropa İttifaqının oynadığı rolu necə xarakterizə edərdiniz? Əgər səhv etmirəmsə, bu vaxtadək iki görüş keçirilmişdir. Siz Avropa İttifaqının rolunu nədə gördüyünüzlə bağlı fikrinizi daha da inkişaf etdirə bilərsinizmi? Avropa İttifaqı doğru iş görürmü? O, daha çox işlər görə bilərmi? Siz Avropa İttifaqının daha çox hansı məsələlərlə məşğul olmasını görmək istərdiniz?

Prezident İlham Əliyev: Çox sağ olun. Bu sual üçün təşəkkür edirəm. Bizim planları və regional əməkdaşlıq perspektivlərini başa düşmək üçün bu, önəmli məsələdir. Biz postmünaqişə dövründə münasibətlərin normallaşması prosesində Avropa İttifaqının və xüsusilə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin rolunu yüksək qiymətləndiririk. O, ötənilki səfəri ərzində planlarımız, Avropa İttifaqının mövqeyi ilə bağlı bizim onunla birinci dəfə çox uzun və çox konstruktiv müzakirələr apardığımız regiona, Azərbaycana və Ermənistana səfər etmişdir. Eyni zamanda, biz çox minnətdarıq ki, onlar bizi narahat edən məsələni ciddi şəkildə həll ediblər. Mənim artıq qeyd etdiyim kimi Ermənistana və Azərbaycana verilmiş maliyyə paketi arasında böyük fərq mövcud idi və buna düzəliş olunmuşdur. Biz indi konkret təfərrüatları gözləyirik. Çünki bizim mövqeyimiz ondan ibarət idi və bu mövqe Avropa İttifaqının rəhbərliyinə çatdırılmışdır ki, Azərbaycan eyni proporsiyada Ermənistanın aldığı qədər almaq istəyir. Avropa banklarından eyni faiz dərəcəsi ilə eyni həcmdə olan kreditləri və eyni həcmdə olan qrantları. Hesab edirəm ki, bu, çox ədalətli mövqedir. Sonra sizin də bildiyiniz kimi, aramızda bir neçə qarşılıqlı təmas görüşləri oldu. Dekabr və aprel aylarında Brüsseldə cənab Şarl Mişel tərəfindən üçtərəfli görüşlər təşkil olunmuşdur. Fevral ayında Fransa Prezidentinin iştirakı ilə videokonfrans vasitəsilə görüş olmuşdur. Həmçinin biz müntəzəm olaraq telefon vasitəsilə ünsiyyət qururuq. May ayının əvvəlində yenə də Brüsseldə Ermənistan və Azərbaycan nümayəndələrinin növbəti görüşünün keçirilməsi planlaşdırılır. Beləliklə, biz bu səyləri yüksək qiymətləndiririk. Bizim üçün Avropa İttifaqı çox önəmli tərəfdaşdır. Bizim Avropa İttifaqı ilə çox geniş gündəliyimiz mövcuddur. Ermənistan-Azərbaycan münaqişəsi heç vaxt onun bir hissəsi olmamışdır. Çünki bu məsələ ilə Minsk qrupu məşğul olurdu və Avropa İttifaqı bu məsələdən bir az uzaq idi. Lakin indi ticarət, enerji, nəqliyyat, humanitar və demokratik inkişaf məsələləri ilə birlikdə bu məsələ də gündəliyimizdədir. Biz Avropa İttifaqını ədalətli vasitəçi kimi hesab edirik və onun səylərini alqışlayırıq. Hesab edirəm və düşünürəm ki, indi Minsk qrupunun həmsədrliyi disfunksional olduğu üçün Avropa İttifaqı normallaşma prosesində çox fəal rol oynaya bilər və oynayır da. Biz bunu dəstəkləyirik və faydalarını görürük. Yeri gəlmişkən, mənim ermənistanlı həmkarımla son təmaslarım da Brüsseldə olmuşdur. Beləliklə, Brüssel indi mənim səfərlərimin əsas təyinat məntəqəsinə çevrilib. Bir məsələni də əlavə etmək istəyirəm. Biz indi Avropa İttifaqı ilə yeni sazişimiz üzərində bəzi məsələlərin razılaşdırılmasının son mərhələsindəyik. Bu razılaşmanın 90 faizdən çox hissəsi bizim və Avropa İttifaqının dəyərləndirilməsinə görə hazırdır. Müharibə gedirdi, COVID problemi var idi və buna görə bu məsələ bir az gözləməli oldu. Lakin hesab edirəm ki, bu məsələni kifayət qədər tezliklə yekunlaşdıra bilərik. Bizim aramızda razılaşma var idi, lakin o uzun illər bundan öncə imzalanmışdır. Yeni razılaşma çox hərtərəflidir. İkinci Qarabağ müharibəsindən sonra reallıqları əks etdirir və əlbəttə ki, dünyada cərəyan edən yeni vəziyyətə də toxunulacaqdır.

Hikmət Hacıyev: Siyahımızda həm də Fransadan doktor Maksim Qoən var. Cənab Prezident, məlumat üçün bildirmək istəyirəm ki, Maksim Qoən fransız məhkəməsində 10 ildən çoxdur erməni lobbi qrupları ilə mübarizə aparır. Cənab Qoən, söz sizindir.

Maksim Qoən: Bu konfransda bizi qəbul etdiyinizə görə çox sağ olun, cənab Prezident. Mən Sizə iki sual vermək istəyirəm. Birincisi, əvvəllər işğal olunmuş ərazilərdə mədəni abidələrin dağıdılması ilə bağlıdır. Hamımız bu ərazilərdə kimin nəyi dağıtdığını və kimin bu əraziləri yenidən qurmağa hazır olduğunu gördük. Əfsuslar olsun ki, heç kəs Avropa Parlamentinin qurbanı günahlandırmağı üstün tutduğunu başa düşmür. Bildiyim qədər, UNESCO da bu məsələni kifayət qədər başa düşmədi. Mən UNESCO-nun rəhbərinə ünvanlanmış məktuba imza atmış şəxslərdən biriyəm. Beləliklə, bədxah niyyətə nə aiddir, informasiyanın çatışmazlığına nə aiddir, bunu qiymətləndirə bilərikmi? Hər iki halda daha yaxşı anlaşma üçün nə etmək olar? Mən ciddi şəkildə əminəm ki, Avropa İttifaqı şəhərlərinin və Avropa İttifaqı vətəndaşlarının əksəriyyəti düzgün məlumata çıxışı olduğu halda ədalətli qiymətləndirməyə hazırdır. İkinci sualım ondan ibarətdir ki, əməkdaşlıqda, əvvəllər işğal olunmuş ərazilərin yenidən qurulmasında öz ölkələrinə, yəni, Azərbaycana sadiq qalan, - mən ilk öncə bu gün Bakıda və Gəncədə yaşayan etnik erməniləri nəzərdə tuturam, - onların gələcəkdə rolunu nədə görürsünüz? Çox sağ olun.

Prezident İlham Əliyev: Təşəkkür edirəm. Birinci suala gəldikdə deyərdim ki, əlbəttə, münaqişəyə və illərdir davam edən işğala qeyri-müvafiq münasibətə təkcə məlumat çatışmazlığının səbəb olmaması, faktlarla bilərəkdən manipulyasiya edilməsi bizi çox məyus edir. Çünki bu ədalətsizliklə üzləşməyə başlayanda bizə belə gəldi ki, öz işimizi təqdim etmək, işğaldan əziyyət çəkənlərin Azərbaycan xalqının olduğunu, bizim torpaqların təcavüzün qurbanı olduğunu izah etmək üçün biz daha gərgin çalışmalı idik. Biz hesab edirdik ki, bunu söylədikdən sonra hər kəs bunu başa düşəcək və bizimlə ədalətli davranacaqdır. Sonra biz dərk etdik ki, dediklərimizin nədən ibarət olduğuna baxmayaraq, çox güclü erməniyönümlü qruplar və mövqelər, qavranış və inanclar var. Ermənilərin işğal dövründə etdiklərinə baxmayaraq, onların heç bir əməli heç vaxt hər hansı bir cəzalandırma və ya hətta qınaq obyekti deyildi. Mən uzun illər idi deyirdim ki, Ermənistana qarşı sanksiyalar tətbiq edin. Bu, münaqişənin həll edilməsi, müharibəyə yol verilməməsi üçün yeganə yoldur. Ermənistana qarşı sanksiyalar tətbiq etməsəniz, onlar heç vaxt o əraziləri tərk etməyəcəklər. Üç həmsədr ölkədə belə güclü lobbi mövqeyinə malik olduğunu, bu ölkələrlə xüsusi və hərbi əməkdaşlığının olduğunu nəzərə alaraq onlar heç vaxt könüllü şəkildə oranı tərk etməyəcəkdilər. Lakin əfsuslar olsun ki, bu, baş vermədi. Başqa münaqişələrdə sanksiyaların tətbiq olunduğunu gördükdə, biz yenə də ikili standartları görürük. Müharibədən sonra çox qəribə və yenə də feyk faktlara, deyərdim ki, Azərbaycanafobiyaya əsaslanan bir hekayə var idi ki, Azərbaycan bizim işğaldan azad etdiyimiz ərazilərdə Ermənistanın mədəni irsini dağıdacaq. UNESCO qapımızda idi və səfər etməyi planlaşdırırdı. Əlbəttə ki, biz onlarla işləyirdik, çünki bizə yazışmamızın müvafiq mətndə olması lazım idi, bizə onların açıq bəyanatlarında Azərbaycanın ərazi bütövlüyünə tam şəkildə riayət edilməsi lazım idi. Yekun olaraq biz mətnin və missiyanın tərkibi üzərində razılığa gəldik. Qeyd etmək istəyirəm otuz ildir ki, biz UNESCO-dan işğal olunmuş ərazilərə gəlməyi və şahid olduqlarını bildirməyi xahiş edirdik. Onlar həmişə imtina edirdilər. İkinci Qarabağ müharibəsindən bir il və ya ola bilsin bir il yarım əvvəl bizim ovaxtkı xarici işlər naziri UNESCO-da idi və bu sualı onlara vermişdi. Cavab isə belə oldu ki, UNESCO siyasi məsələlərlə məşğul olmur.

Müharibə bitəndən sonra vəziyyət dəyişdi. Nəyə görə? Çünki belə bir qavrayış var idi ki, erməni tarixi irsi dağıdıla bilər. Lakin 67 məsciddən 65-nin ermənilər tərəfindən dağıdılmasına heç bir məhəl qoyulmamışdır. Sanki heç bu, bir tarixi irs deyil, sanki bu, bir dini irs deyil. Bu, bizim üzləşdiyimiz vəziyyətdir. Lakin minlərlə, on minlərlə beynəlxalq nümayəndənin Şuşanı ziyarət etməsi və onların hamısının erməni kilsəsinə toxunulmamasını görmələri faktı, əksinə olaraq ermənilərin dağıtdığı məscidlərə rəğmən bu kilsənin bərpa ediləcəyi faktı indi UNESCO-nun regiona gəlmək marağını aşağı salır. Çünki onlar gəldiyi zaman və ya gəldiyi təqdirdə nə haqqında hesabat verəcəklər? Onlar 65 dağıdılmış məscid haqqında hesabat verməli olacaqlar. Onlar ermənilərin Ağdam məscidində donuz və inək saxladıqları haqqında hesabat verməli olacaqlar. Onlar erməni, xristian və alban dini irsinin toxunulmaz qaldığı haqqında hesabat verməli olacaqlar. Biz bunu heç vaxt etməzdik və biz bunu heç vaxt etməmişik də. Burada, Bakıda, şəhərin mərkəzində erməni kilsəsini görə bilərsiniz. Orada beş min erməni kitabı var. İrəvanda bəs nə görürük? Onlar Azərbaycan məscidinin adını dəyişiblər, onu fars məscidi adlandırıblar. Şuşadakı məscidi də fars məscidi adlandırırlar. Onlar məscidin mənşəyini dəyişmək, bəzi təmir işlərini aparmaq üçün hətta İrandan mütəxəssis də dəvət ediblər. Diplomatik nota verilmişdir, İranın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə dəvət edilmişdir və biz buna son qoyulmasını tələb etdik. Çünki bu da müsəlman irsinin dağıdılmasının legitimləşdirilməsinin bir hissəsi idi. Beləliklə, fərq burasındadır. Bizim Azərbaycandakı dini və tarixi irsimiz bütün Azərbaycan xalqına məxsusdur. Zərdüştlük məbədi, məscid, katolik kilsə, pravoslav kilsə, erməni kilsəsi və sinaqoq - bütün bunlar bizim milli irsimizdir və biz onları qoruyub saxlayırıq. Bakını, Şuşanı, Qubanı və digər yerləri ziyarət edən hər kəs bunu görə bilər. Lakin, əlbəttə, bu ikili standartlar yanaşması belə bir məsələdir ki, əfsuslar olsun, biz artıq onunla yaşamağa öyrəşmişik. Lakin yenə də düşünürəm ki, belə görüşlər və Şuşanın hər həftə çox mühüm beynəlxalq tədbirlərin keçirildiyi bir şəhər olması və orada tezliklə on ölkənin folklor qrupunun iştirak edəcəyi növbəti “Xarıbülbül” festivalının keçiriləcəyi heç kimin məhəl qoya bilmədiyi və göz yuma bilmədiyi bir məsələdir.

İkinci məsələdə də bizim mövqeyimiz çox aydındır. Mən artıq demişəm ki, biz Qarabağda yaşayan erməniləri öz vətəndaşlarımız hesab edirik. Ümid edirik, onlar da tezliklə anlayacaqlar ki, Azərbaycan vətəndaşları kimi yaşamaqla onların bütün hüquqları və təhlükəsizliyi təmin olunacaq. Azərbaycan Ermənistandan fərqli olaraq çoxlu etnik xalqların yaşadığı bir ölkədir. Burada bütün etnik qruplar, ermənilər da daxil olmaqla sülh və ləyaqət içində yaşayırlar. Bizdə erməni azlığı var və onların bu mənada heç vaxt heç bir problemi olmamışdır. Lakin bunun üçün Ermənistanda Azərbaycanafobiyaya yönəlmiş təbliğata son qoyulmalıdır. Azərbaycanlıları iblisləşdirmək, bizim haqqımızda mifologiyalar yaratmaq sülh işinə xidmət etməyəcək. Müharibədən sonra baş verənlər onu göstərir ki, bizim heç bir pis niyyətimiz yoxdur. Biz sülh, ərazi bütövlüyümüzün tanınmasını istəyirik və Azərbaycanda yaşayış standartları Ermənistandakından qat-qat yüksəkdir. Mən heç Qarabağda rus sülhməramlılarının müvəqqəti olaraq nəzarət etdiyi əraziləri demirəm. Buna görə düşünürəm ki, onlar özləri bunu dərk edəcəklər. Bizə artıq Qarabağdakı ermənilərdən mesajlar daxil olur. Bunlar çox müsbət mesajlardır. Biz artıq müxtəlif səviyyələrdə ilkin təmaslara başlamışıq. Bunun təfərrüatlarına varmaq istəmirəm, lakin proses artıq başlayıb və bu, bir daha bizim niyyətimizi göstərir. Onlar sürətli iqtisadi inkişafın bir hissəsi ola bilərlər, onlar vahid Azərbaycan dövlətində özlərini daha çox təhlükəsiz, rahat hiss edə bilərlər, lakin onlar separatçı tendensiyalardan və separatçı istəklərindən vaz keçməlidirlər. Onlar həm də reallığı başa düşməlidirlər. Onlar xəritəyə baxmalı, coğrafiyaya nəzər salmalı və başa düşməlidilər ki, yüz minlərlə azərbaycanlı yaxın gələcəkdə Kəlbəcərə, Laçına, Şuşaya, Ağdama qayıdacaqdır. Onlar bu mühitdə yaşamalı olacaqlar. Qonşu kimi yaşamalı, düşmənçiliyi bir kənara qoymalı, separatçıları təcrid etməli, separatçıları məsuliyyətə cəlb etməli və bundan sonra düşünürəm ki, onlar da faydaları görəcəklər.

Hikmət Hacıyev: Siyahımızda Ventzeslav Sabev var. Ventzeslav, buyurun.

Cenevrə Universiteti İdarəçilik və Etiqad Mərkəzinin direktoru (İsveçrə) Ventzeslav Sabev: Təşəkkür edirəm, Zati-aliləri. Sabahınız xeyir, cənab Prezident. Mənim adım həm də mənim mənşə ölkəmi bildirir. Baxmayaraq ki, İsveçrəni təmsil edirəm mən, ölkəmizin təhlükəsizliyini bu həftə bərpa etdiyinizə görə Sizin ölkənizə minnətdar olan Bolqarıstandakı qardaşlarınızdanam. Bu, vacib yardım idi. Bolqarıstandan olduğumu, İsveçrəni və Cenevrə Universitetini təmsil etdiyimi nəzərə alaraq, mən etiqadlararası və mədəniyyətlərarası dialoq üzərində işləyirəm. Siz əvvəlki cavabınızda Azərbaycandakı mədəni və mədəniyyətlərarası ənənələri xatırladaraq bu suala cavab verdiniz. Bu, regionda yaxşı işləyən bir modeldir. Biz bu modelin bütün regionda və hətta ondan kənarda tətbiq edilməsini səbirsizliklə gözləyirik. Siz, həmçinin çox aydın mesaj bildirdiniz, bu, həmçinin Qərbi Avropadakı təşkilatlara bir müraciət idi. Siz dediniz ki, QHT səviyyəsində xalqlar arasında təmaslar üçün lazımi vaxt yetişib. Son bir neçə ayda bu tip tədbirləri təşkil etməyə çalışanda bizə dedilər ki, tarix və gələcəyə doğru mesaj arasında olan hissədə tarazlığın qorunması üçün ehtiyatlı olmalıyıq. Biz səylərimizi yenidənqurmaya, icmaların yaradılmasına, inteqrasiya edilməsinə yönəltmək istəyirik. Saxta tarixlə, təhrif olunmuş tarixdən bəhs edən mesajla mübarizə aparmaqla gələcəyə yönəlmiş icmaların inteqrasiyasından bəhs edən mesaj arasında tarazlığın idarə edilməsi üçün məsləhətiniz nə olardı?

Prezident İlham Əliyev: Hesab edirəm ki, əvvəlcə tarixin hansı hissəsinin saxta olduğunu və saxta olmadığını aydın anlamaq lazımdır. Çünki əfsuslar olsun ki, erməni tarixşünaslıq elmində hər bir addımda saxtakarlıq görürük. O cümlədən Azərbaycan əraziləri ilə bağlı, Qarabağın tarixi ilə bağlı. Yeri gəlmişkən, sizə deyə bilərəm ki, bu saxta tarix siyasəti son beş-altı ildə hətta yeni bir forma almışdı. Onlar Azərbaycan şəhərlərini rəsmən erməni adları ilə, saxta adlarla adlandırmağa başladılar. Buraya məsələn, Şuşa şəhəri də aiddir, onlar onu “Şuşi” adlandırmağa başladılar. Bu şəhər heç vaxt “Şuşi” olmamışdır və yeri gəlmişkən mən “Şuşi”nin nə məna daşıdığını və nəyə görə erməni adı hesab edilməli olduğunu bilmirəm. Mən başa düşmürəm. Bütün xəritələrə baxsanız, tarixi xəritələrə baxsanız, sovet ensiklopediyasına baxsanız Şuşa görərsiniz. Lakin bu, son 5-6 ildə baş verənlərin nəticəsi idi. Həmçinin Azərbaycanda olan ermənilər haqqında saxta tarix var. Biz tarixi bilirik və aydındır ki, bunu Vikipediyada da görmək olar. 1805-ci il tarixli Kürəkçay sülh sazişinə baxın. Onu kim imzaladı? İbrahim xan, Qarabağ, Şuşa xanı və Rusiya generalı. Orada ermənilər qeyd edilmir.

Ermənilər daha sonra - Türkmənçay və Gülüstan müqavilələrindən sonra Persiyadan və Şərqi Anadoludan həmin ərazilərə gətirilməyə başladılar. Bütün bunlar tarixi faktlardır. Biz onların iki yüz il ərzində Qarabağda yaşadıqlarına görə etnik təmizlənməli olduğunu demirik. Xeyr. Lakin tarix manipulyasiya edilməməlidir. Eyni məsələni onların təqdim etməyə çalışdığı dırnaqarası tarixi sənədlərə də şamil etmək olar. Lakin hesab edirəm ki, əgər biz məqsədə nail olmaq istəyiriksə, əsas səylərimizi gələcəyə cəmləşdirməliyik. Çünki həddən artıq tarixi keçmişə getmək, əslində, Ermənistanın uğursuzluğunun səbəbidir. Çünki onlar həmişə düşündüyünə görə özlərinin itirmiş olduqlarına necə nail ola biləcəkləri haqqında xəyal edirdilər. Onlar həmişə öz ideologiyası, öz təhsilini keçmişə əsaslandırırdılar və gələcəyi də əldən verdilər. Gələcəyə gəldikdə, hesab edirəm ki, vətəndaş cəmiyyəti üzvləri arasında təmaslara başlamaq indi önəmli olacaq. Biz buna hazırıq, biz bunu Avropa İttifaqının nümayəndələri ilə, ABŞ hökumətinin nümayəndələri ilə müzakirə etmişik və bu təmasların təşkil edilməsi üçün təkliflərimizi vermişik. Həmçinin Rusiya hökuməti tərəfindən təşkil olunmuş bir təmas da var idi. Moskvada Azərbaycan və Ermənistandan olan ziyalılar qrupu görüşmüşdür və düşünürəm ki, bu formatı da davam etdirmək olar. Hesab edirəm ki, bu görüşləri Bakıda və İrəvanda da keçirə bilərik. Başqa sözlə, bir-birimizlə danışmağa başlamalıyıq, çünki Ermənistan hökuməti ilə sülhlə bağlı razılığa gəlsək, bu razılaşma, həmçinin milli konsensusun da bir hissəsi olmalıdır. Biz bunu anlayırıq. Əks halda, bu razılaşmanı imzalamaq və həyata keçirmək çox çətin olacaq. Lakin onlar Azərbaycanı iblisləşdirməyə və bizi onları məhv etmək istəyən xalq və ölkə kimi təqdim etməyə davam etdikdə milli konsensusa necə nail olmaq olar? Biz, sadəcə, ərazi bütövlüyümüzü bərpa etmək və sülh içində yaşamaq istəyirdik. Beləliklə, mənim tövsiyəm belə olardı, çünki hesab edirəm ki, vaxt artıq yetişib, artıb bir il yarım keçib. Vaxt çox tez keçir. Bu tip tədbirləri Avropada, Rusiyada, Türkiyədə, Amerikada təşkil etmək, ictimai diplomatiyaya başlamaq olardı. Həmçinin ola bilsin, ekspertlər səviyyəsində də bunu etmək mümkündür. Çıxışımın əvvəlində dediyim kimi, Şuşa Beynəlxalq Forumlar arasında bəzi tədbirlər keçirə bilər. Bu tədbirlərdən biri də bunun bir hissəsi ola bilər. Ermənistandan ekspertləri, Ermənistanda sülh istəyən insanları, nifrəti yox, sülhü təşviq edən insanları dəvət etmək və bu prosesin başlanğıcında hesab edirəm ki, ADA çox yaxşı ev sahibi ola bilər. Təşəkkür edirəm.

Hikmət Hacıyev: Siyahımızda Rik Fon var. Rik, buyurun.

Müqəddəs Endryus Universitetinin müəllimi (Birləşmiş Krallıq) Rik Fon: Çox sağ olun, Zati-aliləri. Bu, bizim üçün möhtəşəm fürsətdir. Dünənki səfər möhtəşəm idi. O, mümkünsüz şeylərin görülməsini mümkün etdi. Həmçinin Azərbaycanın çox qısa müddətdə nəyə nail olduqlarını da görmək çox vacib idi. İrəlidə olan bəzi əngəlləri də müəyyən etdiyimizi nəzərə alaraq mənim soruşduğum sual 10 il müddətində regionun hansı hal ala biləcəyini və Azərbaycanın Cənubi Qafqaza töhfəsi ilə bağlıdır. Təşəkkür edirəm.

Prezident İlham Əliyev: Mənim tərəfimdən belə bir proqnozun verilməsi məsuliyyətsiz bir addım olardı. Çünki bilirsiniz ki, regiondakı vəziyyət dünyadakı vəziyyətlə sıx bağlıdır. Hesab edirəm ki, postsovet məkanında dünyadakı vəziyyət regional vəziyyətə ciddi şəkildə təsir edəcək. Buna görə də bu proqnozu verəndə biz ağlımızda iki ssenarini tutmalıyıq. Birinci ssenari postsovet məkanı üçün sülh şəraitində gələcəkdir, digər ssenari isə sülh şəraitində olmayan gələcəkdir. Rusiya və Ukrayna arasında indi gedən müharibəni nəzərə alsaq, biz müharibənin nə vaxt bitdiyini və postmüharibə vəziyyətinin nədən ibarət olduğunu bilmirik. Lakin Azərbaycana gəldikdə, hesab edirəm ki, 10 il müddətində, əlbəttə ki, biz qat-qat güclü olacağıq. Mən ümid edirəm ki, o vaxta kimi və bəlkə hətta ondan da əvvəl Ermənistanla olan bütün bu anlaşılmazlıqlar və bu problemlər öz həllini tapacaqdır. Cənubi Qafqaz regionu möhkəm şəkildə inteqrasiya edəcək və üç Cənubi Qafqaz ölkəsi arasında sıx əməkdaşlıq olacaqdır. Bunun üçün imkanlar mövcuddur. Azərbaycan regional layihələrin müəllifi olaraq istər nəqliyyat, istərsə də enerji layihələri olsun, artıq Azərbaycan Türkiyə və Gürcüstan arasında üçtərəfli əməkdaşlıqda mühüm rolunu oynayıb. Bu da o vaxtı geniş Avropa əməkdaşlığı üçün təməl olmuşdur. 2006-cı ildə Bakı-Tbilisi-Ceyhanla bağlı etdiklərimiz olmasaydı, bu gün Avropanın enerji təhlükəsizliyi qat-qat zəif olardı, çünki o zaman qaz kəməri inşa edilməyəcəkdi.

Beləliklə, layihələrin müəllifi və əlbəttə ki, Cənubi Qafqazda artmaq üçün böyük potensialı olan, böyük iqtisadiyyatı olan ölkə kimi. Çünki yalnız bu üç ayda iqtisadiyyatımız 7 faiz və ixracımız 90 faizdən çox artıb, o cümlədən enerjiyə aid olmayan ixrac sektorunda 45 faiz artım olub. Eyni zamanda, biz sərvət və sabitlik yaradıcısıyıq. Lakin bu, əlbəttə ki, Ermənistandakı gündəmdən, orada nə baş verəcəyindən, Ermənistan hökumətinin sülh gündəliyi ilə bağlı planlarından, yəni, onların icra olunub-olunmayacağından asılı olacaqdır. Lakin hesab edirəm ki, siyasi nöqteyi-nəzərdən tərkib tamamilə yeni olmalıdır. İqtisadi, regional nəqliyyat əlaqələri nöqteyi-nəzərdən tamamilə yeni xəritə olmalıdır. Çünki biz artıq yeni nəqliyyat xəritəsini yaratmışıq. 2008-ci ildə Bakı-Tbilisi-Qars üzərində işləməyə başlayanda və 2017-ci ildə bu kəmərin tamamlanmasına nəzər salsaq görərik ki, bu, tamamilə yeni mənzərədir. Düşünürəm ki, bundan əvvəl bəlkə Cənubi Qafqaz və Mərkəzi Asiya arasında daha çox qarşılıqlı əlaqələr ola bilər. Bu gün bu, baş vermir, bu, bir az qeyri-müntəzəm xarakter daşıyır və bu, əsasən, Azərbaycan üzərindən, bizim infrastruktur müəssisələrimiz üzərindən baş verir. Lakin hesab edirəm ki, Azərbaycanın Xəzər dənizinin sahilində yerləşən bir dövlət, Cənubi Qafqazın bir dövləti kimi bu formatda xüsusi rolu var və bu, baş verə bilər.

Beləliklə, bu, bizim planlarımızdır. Adətən bizim planlar rəsmən elan edildikdə icra olunur. İndi dediklərim mənim düşüncələrimdir. Mən bunu rəsmi gündəliyin bir hissəsinə hələ də çevirməmişəm. Biz bunun üzərində işləyirik. Hesab edirəm ki, Azərbaycanın Mərkəzi Asiya ölkələrinin öz aralarında apardığı siyasi məsləhətləşmələrə qoşulmaq üçün böyük potensialı var. Bilirsiniz ki, beş ölkə formatı var. Bizim bu ölkələrlə və ölkələrin xalqları ilə çox yaxın tarixi əlaqələrimiz və ənənəvi münasibətlərimiz var. Əlavə olaraq, Xəzər dənizi mədəniyyətlər və iqtisadiyyatlar arasında daha böyük körpü rolunu oynamalıdır. Ermənistan bu prosesdə iştirak edəcəkmi? Bilmirəm. Düşünürəm ki, onlar iştirak etsələr hamı üçün yaxşı olar. Bunun üçün imkan var. Bizim təklif etdiyimiz Zəngəzur dəhlizi adlandırılan dəhliz onların ərazisindən keçəcək. Əminəm ki, keçəcək, lakin onlar yenə də vaxt itirirlər. Çünki biz artıq Ermənistan sərhədinə avtomagistralı və dəmir yolunu tikirik və dəmir yolu bu ilin sonuna kimi hazır olacaq və avtomagistral ola bilsin sonra.

Beləliklə, onlar bu prosesdə iştirak etməsələr, onda onlardan dolayı yollarla keçəcəyik. Ötən ay biz İranla Ermənistandan yan keçən körpülərin tikilməsi üçün artıq anlaşma memorandumunu imzaladıq. Baxın, biz neft və qaz kəmərləri layihələri ilə bağlı onlardan yan keçdik və Gürcüstan bundan faydalanır, tariflərdən yaxşı vəsait əldə edir. Tbilisidən Qarsa yol çəkəndə də biz onlardan yan keçdik. İndi isə hərbi uğursuzluğunun faydalarının mümkün olduğunu öz xalqına göstərmək üçün əllərinə tarixi fürsət düşdükdə, - bu fayda regionun bir hissəsi olmaq və sərvətə çıxış əldə etməyi nəzərdə tutur, - yenə də onlar bir il yarım müddətində bu işi əngəlləyirlər. Onlar bizə Mehri regionunda yolun keçəcəyi yerin coğrafi koordinatlarını vermədilər və onlar dəmir yolunun tikintisi ilə bağlı isə heç texniki-iqtisadi əsaslandırma işlərinə belə başlamayıblar. Baxmayaraq ki, bizim hissəmizə düşən dəmir yolunun 60 kilometri artıq hazırdır, 40 kilometri qalıb. Dediyim kimi, ola bilsin bu ilin sonunadək və ya növbəti ilin əvvəlinədək o, hazır olacaqdır. Sonra biz körpü inşa edəcəyik və bizim artıq İran hökuməti ilə razılığımız var və onlardan yan keçəcəyik. Beləliklə, mənim proqnozum, əlbəttə ki, bizim gündəliyimizə əsaslanır. Lakin mən Ermənistanda gündəliyin nədən ibarət olduğunu və dünyada qlobal vəziyyətin necə olacağını bilmirəm. Çünki keçən dəfə görüşdüyümüzdən bəri dünyadakı vəziyyət artıq fərqlidir və əlbəttə ki, dünya heç vaxtı fevraldan əvvəl olduğu vəziyyətdəki kimi olmayacaqdır.

Hikmət Hacıyev: İndi biz doktor Zinq Fenqə söz veririk.

Böyük Britaniyanın Kembric Universitetinin tədqiqatçısı Zinq Fenq: Çox sağ olun Zati-aliləri. Çox sağ olun vaxt ayırdığınız üçün. Bizimlə ünsiyyətdə olmaq və açıq şəkildə bizim suallara cavab vermək üçün vaxt ayırdığınıza görə çox sağ olun. Mən Böyük Britaniyanın Kembric Universitetinin tədqiqatçısıyam. Mənim tədqiqat sahəm Çin ilə Avrasiya ölkələri arasında münasibətlər, həmçinin Avrasiya ölkələrində dekarbonizasiya haqqındadır. Mənim iki sualım vardır: ilk sualım Çin və Azərbaycan arasındakı münasibətlər və “Bir kəmər-bir yol” təşəbbüsü barədədir. 2013-cü ildə Çin Xalq Respublikasının Sədri Si Cinpin Qazaxıstana səfər etmişdir. O, Avrasiya ölkələrinin inteqrasiyasını irəli sürərək, Avrasiya ölkələrini birlikdə “İpək Yolu İqtisadi Kəmərini” qurmağa çağırmışdır və Azərbaycan və Çin bununla bağlı əməkdaşlıq haqqında sənəd - Anlaşma Memorandumu imzalamışlar. Lakin xarici resurslardan əməkdaşlıq sahələrinin və layihələrinin aydın olmadığı görünür. Mən Sizdən bu çərçivədə işlənib hazırlanan iki ölkə arasında əməkdaşlıq sahələri, eləcə də Cənubi Qafqazda inteqrasiyanı təşviq etmək üçün Azərbaycanın hazırkı səyləri barədə soruşmaq istərdim. Siz çinli tərəfdaşlar ilə əməkdaşlığın gücləndirilməsi üçün daha çox perspektiv görürsünüzmü?

İkinci sualım Azərbaycanda bərpa oluna bilən enerji sahələrinin inkişafı barədədir. Düşünürəm ki, qlobal dekarbonizasiya meyilləri səbəbindən Azərbaycan da dekarbonizasiya və bərpa oluna bilən enerji sahələrinin inkişafına lazımi əhəmiyyət verir. Yalnız qlobal dekarbonizasiyanın inkişaf etdirilməsi təşəbbüslərini irəli sürməklə deyil, həm də Qarabağ regionunda “ağıllı şəhər”lər inşa etməklə. Siz bərpa oluna bilən enerji sahələrinin inkişafına yalnız dekarbonizasiya kontekstində deyil, həmçinin postmünaqişə dövründə quruculuq kontekstində mühüm əhəmiyyət verirsiniz. Hökumətin nəzərdə tutduğu baxışa uyğun olaraq, həm bütün ölkə boyu, həm də Qarabağda yaşıl enerjinin inkişafının həyata keçirilməsinin hazırkı statusu ilə bağlı məlumat verməyinizi istərdik. Hansı problemlər ilə üzləşirsiniz? Çox sağ olun.

Prezident İlham Əliyev: Çox sağ olun. İlk növbədə, Çin ilə münasibətlər barədə. Bildirmək istərdim ki, biz bu münasibətləri strateji əhəmiyyətə malik hesab edirik. Mən çox şadam ki, bu münasibətlər çox uğurla inkişaf edir. Prezident Si Cinpin ilə mənim çoxsaylı görüşlərim zamanı biz ikitərəfli gündəliyi, eləcə də regional məsələləri geniş müzakirə etdik. Bizim münasibətləri təsvir etmək üçün cənab Si Cinpinə istinad etmək kifayətdir ki, o, məni “Çinin böyük dostu” adlandırmışdır. Mən düşünürəm ki, bu bütün suallara yaxşı cavabdır. Eyni zamanda, o, Azərbaycanın çox yaxşı dostudur. Biz həmişə təmasdayıq. Mən az sayda dünya liderləri sırasında idim ki, 2019-cu ildə “Bir kəmər - bir yol” konfransına dəvət olunmuşdum. Bunu da siz Azərbaycana xüsusi diqqət, xüsusi əhəmiyyət verilməsi işarəsi kimi hesab edin.

Biz Xəzər dənizi, Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə Çindən karqo qəbul etməyə başlamağa hazır idik. Lakin çox böyük həcmlərlə deyil. Biz aydın başa düşürdük ki, Çinin müxtəlif mənbələr vasitəsilə şaxələndirilmiş təchizat yolları vardır. Biz öz yolumuzu daha da cəlbedici etməyə çalışırdıq. Lakin bu yaxınlarda biz Çin şirkətlərindən bir neçə mesajlar aldıq ki, onlar karqo daşımalarını “Orta dəhliz” vasitəsilə ciddi şəkildə artırmaq istəyirlər. Bu dəhliz Çindən Azərbaycan, Xəzər dənizi və Gürcüstandan keçməklə ya Gürcüstanın dəniz limanlarına, ya da Türkiyənin Qars şəhərinə daşımanı nəzərdə tutur. Bu, bizim üçün yeni imkandır. Bizim nəqliyyat infrastrukturumuz tamamilə yenidir. Bu, tamamilə yeni dəniz limanı, Xəzəryanı dövlətlər arasında ən böyük Xəzər donanması, dəmir yoludur. Əlbəttə ki, əgər karqoda dramatik artım haqqında düşünürüksə, biz, həmçinin nəqliyyatda yükdaşıma potensialımızın genişləndirilməsinə də sərmayə qoymalıyıq. Çünki bizim bütün layihələrimiz mövcud karqo həcmlərinə və yavaş artan karqo həcmlərinə əsaslanır. Lakin bu gün biz karqonun dramatik artırılmasına tələb müşahidə edirik. Buna görə, aidiyyəti dövlət qurumlarımıza təlimat verilmişdir ki, mənə hesabat versinlər, nə edə bilərik, dəniz ticarətimizin həcmini necə artıra bilərik, hansı ki, 15 milyon tondur. Biz onu qısa müddət ərzində 25 milyon tona qədər artıra bilərik. Əlbəttə ki, bütün bu daşımaları Azərbaycan vasitəsilə həyata keçirmək üçün bizim gəmiqayırma zavodumuzda yeni bərə gəmilərinin və tankerlərin tikintisi də vacibdir. Başqa sözlə, bu yeni imkanlar ilə tamamilə yeni vəziyyətdir. Lakin biz əməkdaşlığımızı yalnız tranzit və daşımalar sahəsində görmürük, daha geniş şəkildə, çox yaxşı siyasi əməkdaşlığa malik olaraq biz Çin şirkətlərini burada investorlar kimi görmək istərdik. Biz indi “azad zonalar”ın yaradılması prosesindəyik. “Ələt azad zonası” hansı ki, ümid edirəm ilk rezidentlərini gələn il qəbul edəcəkdir. O, həm də çox yaxşı yerdə yerləşir, dəniz limanının yanında, geniş ərazi, oradakı qaydalar beynəlxalq şirkətlər üçün çox cəlbedicidir. Beləliklə, biz münasibətlərimizdə böyük potensial görürük. Biz onları inkişaf etdirmək üçün hər şeyi edəcəyik.

Bərpa oluna bilən enerjiyə gəldikdə, bir neçə il əvvəl biz öz potensialımızı qiymətləndirməyə başladıq. Qarabağın azad olunmasından sonra, əlbəttə ki, bu ərazilər də qiymətləndirildi. İlkin məlumata əsasən, azad edilmiş ərazilərdə 9200 meqavat günəş və külək enerjisi potensialı vardır. Təəssüf ki, Ermənistanın 2020-ci il 10 noyabr tarixində kapitulyasiya aktı imzalamasından sonra onlar tərk etmək üçün verilmiş 20 günü Kəlbəcəri dağıtmaq üçün istifadə etdilər. Evlərdən və ağaclardan başqa, onlar 30 su elektrik stansiyasını dağıtdılar. Təsəvvür edə bilirsiniz? Bizim onlara əşyalarını toplamaq və köçmək üçün verdiyimiz vaxtdan onlar dağıtmaq üçün istifadə etdilər.

Hazırda, hər şey sənədləşdirilmişdir. Biz Kəlbəcər və Tərtərdə quruculuq işlərinə başladıq. Qeyd etdiyim kimi, 20 meqavatlıq stansiya artıq işə salınıb. Bu il 25 meqavat olacaqdır. Lakin bu, sudan alınan enerjidir. Sudan alınan enerji üçün daha çox potensial vardır. Qarabağda günəş və külək enerjisi üçün hazırda biz bp ilə danışıqların yekun mərhələsindəyik. Cəbrayılda 240 meqavatlıq günəş enerjisi stansiyaları, həmçinin beynəlxalq şirkətlər ilə Kəlbəcərdə 100 meqavatlıq külək enerjisi stansiyaları haqqında - bundan əlavə, bu ilin yanvar ayından başlayaraq iki mühüm hadisə, təməlqoyma mərasimi olub: ümumi olaraq 430 meqavat gücündə bir günəş, bir külək enerjisi stansiyası tikmək üçün. Biri Səudiyyə Ərəbistanının bu sahədə aparıcı şirkəti “ACWA Power”, digər layihə BƏƏ-nin “Masdar” şirkəti tərəfindən. Bu, həqiqətən bizim enerji sistemimizə böyük töhfədir, Azərbaycanın cəlbediciliyinin böyük nümayişidir. Biz hazırda külək enerjisinə münasibətdə Xəzər dənizinin potensialını qiymətləndirməkdəyik. İlkin rəqəmlər çox böyükdür. Bizim ona dair hərtərəfli öyrənməyə ehtiyacımız olacaqdır.

Qarabağ “yaşıl enerji” zonası elan edildiyi təqdirdə, bu, əsas məsələ olacaqdır, “ağıllı şəhər”lər, “yaşıl enerji” zonası. Düşünürəm ki, planlaşdırdığımız bütün hər şey, mən detallara getmək istəmirəm, həyata keçirilsə, bizim enerjinin əhəmiyyətli hissəsi nəinki günəş və küləkdən gələcək, hansı ki, bizim 30 faiz hədəfimiz vardır və düşünürəm ki, bu, 50 faizdən də yuxarı ola bilər. Həmçinin vacibi odur ki, biz ixrac üçün çoxlu təbii qaza qənaət edə bilərik, hansı ki, buna da ehtiyac vardır. Əvvəl qeyd etdiyim “ACWA Power” və “Masdar” tərəfindən tikilən iki stansiya ilə onlar 400 milyon kub qaza qənaət edə bilərlər. Bu, böyük həcm deyildir. Lakin bəzi ölkələr üçün bu, əhəmiyyətli həcmdir. Həmçinin indi biz SOCAR-da da fəal islahatlar aparılması prosesindəyik. Yeni rəhbərlik ilə SOCAR nəhayət ki, şəffaf beynəlxalq enerji şirkətinə çevriləcəkdir. Mən əminəm, çünki yeni rəhbərliyə bu təlimat verilib. Müvafiq surətdə itkilərdə də azalma olacaqdır. Çünki bizim qazda çoxlu itkilərimiz olur. Bəzi itkilər vaxtı keçmiş infrastruktur ilə əsaslandırılır, lakin bəzi itkilər çox şübhəlidir. Bizim aparıcı şirkətimiz olan SOCAR-ın şəffaflığının, korporativ idarəçiliyinin optimallaşdırılması əminəm ki, bizə əlavə resurslar verəcəkdir, artıq indi verir. Mən onun haqqında danışmaq istəyirəm. Əvvəllər bu, baş verib, bizim rəsmi rəqəmlərimiz vardır. Bizim həqiqətən qazdan gələn enerjinin əhəmiyyətli hissəsini günəş və külək enerjisi ilə əvəz etmək potensialımız vardır. Sizin sualdan kənara çıxaraq bildirmək istəyirəm ki, biz artıq Rumıniya və Gürcüstan arasında Qara dənizin dibindən keçən elektrik xətləri barədə layihələri birləşdirmək imkanlarını dəyərləndiririk, hansı ki, ilkin olaraq bizim tərəfdən istifadə olunacaqdır. Çünki bizim, necə deyərlər, 4 ölkəyə ekstra elektrik enerjisi istehsalı və ixracımız vardır və onu genişləndirməyi planlaşdırırıq. Avropanın qazımızla bərabər, elektrik enerjimizə ehtiyacı vardır.

Sonuncu məqam kimi sizin bilmənizi istərdim ki, Avropa İttifaqı ilə biz bir neçə ay əvvəl “enerji dialoqu” adlanan formata başladıq, hansı ki, çox hərtərəfli proqramdır. O, neft, qaz, neft məhsulları, bərpa oluna bilən enerji və hidrogeni nəzərdə tutur. Hidrogendə biz çox fəalıq. Bütün təlimatlar verilmişdir. Hidrogen gələcəkdir. Biz onu başa düşürük. Bizim bu potensialımız vardır. Biz həmişə proseslərdən, innovasiyalardan qabaqdayıq. Bəlkə qabaqda deyil, düzgün desək, bəlkə digər bir sıra ölkələrdən qabaqda, lakin bir addım geridə, texnoloji inkişafdan bir addım geridə. Mən qəti əminəm ki, bərpa oluna bilən enerji sahələri enerji bazarını tamamilə dəyişəcəkdir və bizə təbiəti qorumaq və xalqımıza daha çox fayda vermək üçün əlavə imkanlar verəcəkdir.

Hikmət Hacıyev: Söz verilir Aleksandra Matasa.

İsveçrənin Təhlükəsizlik Siyasəti üzrə Cenevrə Mərkəzinin diplomatik dialoq üzrə baş müşavir və direktor müavini Aleksandra Matas: Çox sağ olun. Cənab Prezident, mən burada İsveçrənin Təhlükəsizlik Siyasəti üzrə Cenevrə Mərkəzini təmsil edirəm. Dünən bizim Şuşaya məlumatlarla zəngin səfərimiz oldu. Bu gün burada olmaq, Sizinlə çox maraqlı müzakirələrdə iştirak etmək mənim üçün də böyük şərəfdir. Buna görə Sizə çox minnətdaram. Cənab Prezident, Siz giriş sözünüzdə qeyd etdiniz ki, Qarabağı dünyada ən çiçəklənən bölgəyə çevirəcəksiniz. İsveçrədən olan həmkarımın sualına cavab verərkən dediniz ki, biz Ermənistanın Azərbaycana qarşı qarayaxma kampaniyası problemini aradan qaldırmalıyıq. Uzun illər çəkən münaqişədən sonra sualım belədir: öz ictimaiyyətinizi, əhalinizi sülhə necə hazırlayırsınız? Digər tərəfin düşmənçiliyə əsaslanan bir çox rəyləri var. Bu, anlaşılan vəziyyətdir. Həmin rəylərin aradan qaldırılması yolları hansılardır? Qonşunuzla barışmaq və dayanıqlı sülhü qurmaq yolları nədən ibarətdir? Sağ olun.

Prezident İlham Əliyev: Sağ olun. Çox vacib sualdır. Bu məsələni qaldırdığınıza görə sağ olun. Çünki bu, gələcək üçün, sülh və qarşılıqlı fəaliyyət üçün çox əhəmiyyətlidir. Lakin, əlbəttə, biz realist nöqteyi-nəzərindən yanaşırıq və anlayırıq ki, bu, asan olmayacaq. Siz hər bir şeyi vaxtında görməlisiniz. Bilirsiniz, qeyd etməliyəm ki, həmin otuz il ərzində Azərbaycan xalqının yaraları sağalmayıb. Lakin torpaqlar azad olunandan sonra insanlar həmin yerlərə baş çəkməyə başladı. Şuşaya, Ağdama avtobusla müntəzəm reyslər təşkil olunur. Onlar öz gözləri ilə gördükdə və mən özüm şəxsən birinci dəfə gördükdə, sanki şok yaşandı. Biz heç bir zərər vurmadığımız insanlarda bu qədər ədavət dərəcəsini təsəvvür edə bilməzdik, çünki biz Şuşada, Xankəndində və digər yerlərdə yanaşı yaşamışıq və heç vaxt öz tərəfimizdən düşmənçilik etməmişik. Şəhərlərin yerlə-yeksan olunması, meyitlərin qazılıb qəbirlərdən çıxarılması kimi bu cür nifrət inanılmazdır. Təsəvvür etmək mümkün deyil. Əgər bunu mən hiss etmişəmsə, onda görün öz yaxınlarını itirmiş şəxslər nə etsin. Mən onların ağrısını anlayıram, onu bölüşürəm. Şəxsən özüm də vəhşilikləri və barbarlığı heç zaman yaddan çıxarmayacağam. Çıxara bilməyəcəyəm və yaddan çıxarmaq da istəmirəm. Çünki biz bunu xatırlamalıyıq. Çünki bu, faciəli tariximizin bir hissəsidir.

Eyni zamanda, biz yadda saxlamalıyıq və hər zaman özümüzü müdafiə etməyi bacarmalıyıq. Lakin, eyni zamanda, sülh gündəliyimiz ictimai dəstək olmadan həyata keçirilə bilməz. Biz, həmçinin anlayırıq ki, İkinci Qarabağ müharibəsindən sonra erməni cəmiyyətinin də yaraları var. Bunu başa düşmək olar. Əgər yaralarımız otuz ilə sağalmadısa, bilirik ki, onların da yaraları qanlı qalacaq. Bu, reallıqdır. Lakin nə etmək olar?! Biz məsuliyyəti öz üzərimizə götürməliyik və ölkələrə rəhbərlik edən liderlər məsuliyyəti eyni olaraq qəbul etməlidirlər. İnsanları inandırmağa çalışmalıdırlar ki, maraqlarımız, strateji gələcəyimiz naminə bizə sülh gərəklidir. Sülh bizim üçün zəruridir. Biz müharibələrin tarixini bilirik. İkinci Dünya müharibəsinin tarixini bilirik. Düşünürəm ki, bir-birini öldürən şəxslər on-iyirmi ildən sonra biznes qurmağa başlayırlar. Bunun bir çox misalları var. Bir cəmiyyət kimi onlar hazır olacaqlar ya yox, mən bunu bilmirəm. Lakin hesab edirəm ki, siz, həmçinin bilirsiniz, Zəfərdən sonra Azərbaycan cəmiyyətində çox xüsusi ab-hava var, birlik var. Əgər belə demək mümkünsə, gördüyümüz işlərlə insanların reaksiyası arasında daim əlaqə var. Biz planlarımızla əlaqədar xalqla məsləhətləşirik. Məsələn, şəhərlərin yenidən qurulmasına gəldikdə, Ağdam və Füzulinin baş planları həmin rayonların tanınmış nümayəndələrinin iştirakı ilə təsdiqlənib, çünki onlar orada yaşayacaqlar. Buna görə də cəmiyyət gördüyümüz işlərə böyük etimadla yanaşır. Bu, hər zaman belə olub. Lakin Qələbədən sonra bu, daha aydın hiss olunur. Hesab edirəm ki, Azərbaycan cəmiyyəti sülh haqqında danışdıqda məni anlayacaq. Anlayıram ki, bu, asan deyil. Lakin bizə digər müharibə lazım deyil və biz özümüzü Ermənistanın hər hansı revanş risklərindən qorumalıyıq. Bu səbəbdən, bir tərəfdən biz yaddan çıxarmalı deyilik, digər tərəfdən isə, biz ordumuzu gücləndirməli və müasirləşdirməliyik. Eyni zamanda, biz paralel olaraq cəmiyyəti hazırlamalıyıq. İnsanlar, jurnalistlər və ziyalılar arasında təmasların qurulmasına dair mənim təklifim buna yönəlir. Sülh üçün əsaslar olmalıdır. Bu, uzun vaxt tələb edəcək, lakin alternativ yoxdur, alternativ daha pisdir. Bir sözlə, bu cür çox mühüm sual verdiyinizə görə bir daha minnətdaram.

Hikmət Hacıyev: Doktor Vəli Kaleci.

Tehrandakı Mərkəzi Asiya və Qafqaz Araşdırmaları Mərkəzinin baş elmi işçisi doktor Vəli Kaleci: Sağ olun, cənab Prezident. Mən İrandan, Tehrandan gəlmişəm. Bakıda keçirilən beynəlxalq konfransda İkinci Qarabağ müharibəsindən sonra ikinci dəfə iştirak etməkdən çox məmnunam. Bildiyiniz kimi, son illər iki ölkə arasında münasibətlər xeyli inkişaf edib. Son zamanlar İran ərazisi ilə Zəngilanı Naxçıvanla birləşdirən 55 kilometrlik dəmir yolunun çəkilməsi və şosesinin tikintisi barədə Tehran ilə Bakı arasında razılaşma imzalanıb. Siz bunu nitqinizdə qeyd etdiniz. Lakin digər tərəfdən, aradan qaldırılmalı olan bəzi narahatlıqlar var. Həmin narahatlıqlardan biri ötən həftə Şuşada keçirilmiş Dünya Azərbaycanlılarının V Qurultayı zamanı baş vermişdir. Əfsuslar olsun ki, tədbirdə iştirak edən bəzi iranlı azərbaycanlılar İranın ərazi bütövlüyü və milli təhlükəsizliyinə qarşı çıxış etmişlər. Bu, ölkəmin şimal-qərb hissəsində, Azərbaycan bölgələrində separatizmə aid olan sözlər idi. Əfsuslar olsun ki, bütöv Azərbaycanı formalaşdırmaq, Araz çayının iki hissəsini birləşdirmək xülyası həmin şəxslər tərəfindən aydın şəkildə səsləndirildi. Bu cür məsələ bir çox həmkarlarım və İrandakı insanlar arasında narazılıq yaratdı. Dünən mənim bu məsələyə dair Hikmət Hacıyev ilə söhbətim oldu.

Cənab Prezident, son üç onillik ərzində Azərbaycan Respublikasının ərazi bütövlüyü ilə bağlı İranın mövqeyi Sizə məlumdur. İranın mövqeyi, həmçinin İkinci Qarabağ müharibəsində kifayət qədər aydın idi. İranın Azərbaycan bölgələrində insanların və Azərbaycan xalqının ümumi dil, din və dəyərləri iki ölkə arasında münasibətlərin inkişafında güclü meyardır və sosial zənginlikdir. O, iki ölkə arasında separatizm üçün siyasi alətə çevrilməli deyil, fərqlər və gərginlik yaratmalı deyil. Həmin şəxslər Şuşada keçirilmiş rəsmi hökumət tədbirinə dəvət olunmuşdu. Gözləyirdik ki, İranda narahatlığı və gərginliyi azaltmaq üçün Azərbaycanın Xarici İşlər Nazirliyi bu bəyanatlara, müsahibələrə və nitqlərə reaksiya versin. Sizin məsələ ilə bağlı mövqeyinizi və rəyinizi bilməkdən çox məmnun olardım və bu, İranda birmənalı olaraq yaxşı qarşılanardı. İkinci qısa sualım İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan ilə Ermənistan arasında sərhədlərin müəyyən edilməsi ilə bağlıdır. İki ölkənin sərhədlərinin müəyyən edilməsi üçün sovet dövrünün xəritəsi, o cümlədən SSRİ Müdafiə Nazirliyinin xəritələri Sizin Soçidə Nikol Paşinyan və Vladimir Putinlə görüşünüz zamanı müzakirə edilib.

Sualım belədir: Sərhədlərin müəyyən edilməsi üçün SSRİ-nin hansı rəsmi xəritəsindən istifadə etmək Sizinlə Paşinyan və Putin arasında razılaşdırılıb?

Qonaqpərvərliyinizə, qəbula və konfransa dəvətinizə görə bir daha təşəkkür edirəm. Çox sağ olun.

Prezident İlham Əliyev: Xəritələrlə bağlı bu günədək hər hansı bir baza mövcud deyil. Biz sizin qeyd etdiyiniz xəritələri görməmişik və bizim mövqeyimiz ondan ibarətdir ki, sərhədlərin müəyyən edilməsi zamanı tarix nəzərə alınmalı, Cənubi Qafqazın sovetləşdirilməsindən sonrakı dövrə aid xəritələr istifadə edilməlidir. Biz yalnız bir xəritə üzərində dayanmamalıyıq, çünki bir çox xəritələr var – 1918-ci ilin xəritəsi var ki, İrəvan o zaman Azərbaycanın tərkib hissəsi idi. 1920-ci ilin noyabr ayının xəritəsi var ki, Zəngəzur o zaman Azərbaycanın tərkib hissəsi idi. Bununla yanaşı, bu gün İran-Ermənistan sərhədi boyu olan ərazilərdə o zaman azərbaycanlılar yaşayırdı və o torpaqların erməni xalqına heç bir aidiyyəti yox idi. 1920-ci ilin noyabrında sovet hakimiyyəti Zəngəzuru Ermənistana vermək qərarı qəbul etdi. Lakin bu ərazi Ermənistana veriləndə o bugünkü sahəyə - 42 kilometrlik sahəyə malik deyildi, ərazi daha ensiz idi. Lakin ermənilər hiyləgərlik edərək ərazini 42 kilometrə qədər genişləndirdilər və bu gün İranla sərhəd məhz oradan keçir.

Beləliklə, bizim mövqeyimiz ondan ibarətdir ki, biz bütün xəritələrdən istifadə edəcəyik – 1918-ci ildən və hətta ondan əvvəlki dövrün xəritələrindən başlayaraq Sovet İttifaqının dağıldığı dövrə qədərki xəritələrə qədər. Əlbəttə, bu, bizim birgə işçi qruplarımızın danışıqlarının tərkib hissəsi olacaq.

Sizin birinci sualınızı aydınlaşdırmaq istəyirəm. Siz qeyd etdiniz ki, kimsə İranın ərazi bütövlüyünü şübhə altına alıb. Bunu edən Azərbaycan hökumətinin nümayəndəsi idi? Siz Şuşa konfransını qeyd etdiniz. İranın ərazi bütövlüyünü şübhə altına alan bizim hökumət nümayəndəsi idi?

Doktor Vəli Kaleci: Hökumət nümayəndəsi deyildi. Ankarada yerləşən Təbriz Tədqiqatları Mərkəzinin nümayəndəsi idi.

Prezident İlham Əliyev: Yəni, onun Azərbaycan hökuməti ilə hər hansı bir bağlılığı yox idi, elə deyilmi?

Doktor Vəli Kaleci: Xeyir, ancaq o, Şuşa konfransında iştirak edib.

Prezident İlham Əliyev: Yəni, bu şəxs Azərbaycan vətəndaşı deyildi.

Doktor Vəli Kaleci: Xeyir, ancaq həmin tədbirdə rəsmi olaraq iştirak edirdi.

Prezident İlham Əliyev: Baxın, bu gün burada konfransda neçə ölkədən iştirakçı var. Onların hər biri öz ölkəsini təmsil edir. Məsələn, siz başqa dövlətin vətəndaşı olaraq nə isə demiş olsanız, İran hökuməti buna görə məsuliyyət daşımamalıdır. Bu səbəbdən, hesab edirəm ki, sizin söylədiklərinizin Azərbaycan-İran əlaqələrinə heç bir aidiyyəti yoxdur. Hər iki ölkənin ərazi bütövlüyü ilə bağlı bizim hökumətimizin və İran hökumətinin mövqeyi yaxşı məlumdur və sual doğurmur. Dəfələrlə biz və bizim iranlı həmkarlarımız bunu ictimai şəkildə bəyan etmişik.

Həmin tədbirdə 400-dən çox iştirakçı olub və demokratik cəmiyyət olan Azərbaycanda insanlar fikirlərini ifadə etməkdə sərbəstdirlər. Biz bununla razılaşa və ya razılaşmaya bilərik, ancaq biz iştirakçılara nəzarət etməmişik. Biz onlara tezislər verməmişik ki, nəyi demək olar, nəyi isə yox. Azərbaycan azad ölkədir və hər kəs – bizim vətəndaşlar və əcnəbi vətəndaşlar istədiyini söyləyə bilər. Əlbəttə, bunun bizim qanunvericiliklə ziddiyyət təşkil etməməsi şərti ilə.

Bununla yanaşı, biz xaricdə yaşayanların müxtəlif mövzularla bağlı fərqli mövqelərinə görə məsuliyyət daşımırıq. Vacib olan odur ki, qonşu ölkələr ilə və ümumiyyətlə bütün ölkələrlə münasibətlərdə Azərbaycan Hökumətinin və onun nümayəndələrinin bəyanatları olduqca məsuliyyətlidir.

Sizin söylədiklərinizlə bağlı bir nümunə deyim. İranda sığınacaq tapmış bir sıra şəxslər var ki, onlar Azərbaycanın ərazi bütövlüyünü müntəzəm qaydada şübhə altına alır. Aktau şəhərində Xəzəryanı dövlətlərin Zirvə toplantısı çərçivəsində mənim ovaxtkı Prezident Həsən Ruhani ilə görüşümdə ona 20-yə yaxın azərbaycanlıdan ibarət siyahı təqdim etdim ki, həmin şəxslər İranda yaşayır və mütəmadi şəkildə media və sosial şəbəkələr vasitəsilə təkcə Azərbaycanın ərazi bütövlüyünü şübhə altına almır, onlar elə ifadələr işlədirlər ki, bu, normal cəmiyyətdə ədəbsizlikdir. Biz həmin şəxslərin Azərbaycana təhvil verilməsini tələb etdik, çünki həmin şəxslər Gəncə şəhərində polisə hücumda iştirak etmişlər və bizdə sübutlar var. Təəssüflər olsun ki, onların heç biri təhvil verilmədi.

Beləliklə, heç Azərbaycan vətəndaşı olmayan bir şəxs Şuşada nə isə deyibsə də - Şuşa açıq şəhərdir, oraya minlərlə insan gəlir və iradəsini ifadə edir. Azərbaycan tərəfindən təşkil edilmiş tədbirdə hər hansı şəxsin iştirakı belə bir reaksiyaya səbəb olmamalıdır.

İstər Azərbaycan, istərsə də İran rəsmilərinin bəyanatlarında mənim dediklərim yer alır. Ərazi bütövlüyü qırmızı xətdir. Bizim ərazi bütövlüyümüz hər zaman Ermənistan tərəfindən şübhə altına alınırdı. Hesab edirəm ki, biz diqqətimizi bura yönəltməli və Azərbaycana heç bir aidiyyəti olmayan ifadələrə əhəmiyyət verməməliyik.

Pakistanın Qlobal və Strateji Araşdırmalar Mərkəzinin icraçı direktoru Xalid Teymur Əkrəm: Mən Pakistanın İslamabad şəhərindənəm. Bizi yenidən dəvət etdiyinizə görə çox sağ olun. Ötən il bu zalda biz Sizinlə görüşdük və həmin vaxtdan Qarabağ bölgəsində həyata keçirilən işləri izləyirdik. Dünən biz Füzuli və Şuşada səfərdə olduq. Hava limanının 7-8 ay ərzində inşa edilməsi bizdə dərin təəssürat yaratdı. Bu, böyük nailiyyətdir və zənnimcə, Siz “Ginnesin Rekordlar Kitabı”nın nümayəndələrini də dəvət edə bilərdiniz ki, onlar da inkişafın şahidi olsunlar.

Sual verməzdən əvvəl mənim bir təklifim var. Siz Şuşanı mədəniyyət paytaxtı elan etmisiniz. Şuşanın tarixinə nəzər saldıqda, görürük ki, 1752-ci ildən etibarən o, mədəniyyət və poeziyanın mərkəzi olub. Mən təklif edərdim ki, Azərbaycan “Şuşanın dostları” adlı bir internet səhifəsi yaratsın və bu mədəniyyəti hiss etmək istəyənlər orada qeydiyyatdan keçsin və hər hansı bir mədəniyyət tədbiri keçirildikdə onlar oradan məlumat alsın və Şuşaya səfərə gəlsinlər. Bu, təkcə bu region deyil, bütün dünya üçün bir mədəniyyət platforması ola bilər.

Sualıma gəldikdə isə bu, iqtisadi transformasiya və müxtəlif nəqliyyat dəhlizləri haqqındadır. Gördüyümüz kimi, son bir ildə Pakistan-İran-Azərbaycan marşrutu üzrə sınaq karqomuz olub, həmçinin iki ölkə arasında birbaşa uçuşlar start götürüb. Cənubi Asiya və Cənub-Şərqi Asiyanın Sizin tərəfinizdən güclü şəkildə müdafiə olunan bu nəqliyyat dəhlizlərinin tərkib hissəsi olmasını səbirsizliklə gözləyirik. Siz bəlkə də regionda yeganə lidersiz ki, yalnız Cənubi Qafqaz regionunda deyil, onun xaricində də bu bağlantı haqqında danışmısınız. Sualım Cənubi Qafqazdan kənarda regional əlaqəyə dair Sizin fikirləriniz və Azərbaycan üçün olduqca əhəmiyyətli olan Zəngəzur dəhlizi barədədir. Çox sağ olun.

Prezident İlham Əliyev: Sağ olun. Təklifiniz üçün təşəkkür edirəm. Biz bu məsələni həll edəcəyik. Hesab edirəm ki, “Şuşanın dostları” kimi qrupa sahib olmağa dair ideyanız çox yaxşıdır. Əminəm ki, bu qrupun çoxsaylı üzvləri olacaq. Bəlkə də bizim bu qrupun necə formalaşdırılmasına dair düşünməyə ehtiyacımız var. Ola bilsin, siz bu haqda daha çox təkliflər verə bilərsiniz. Dəhlizlərə gəldikdə isə, əlbəttə, Azərbaycan Şimal-Cənub dəhlizi üzərində fəal şəkildə işləyib. Ölkəmizin coğrafi yerləşməsi olduqca üstünlükdür. Lakin dediyim kimi, infrastruktur olmadan bu, xüsusi əhəmiyyət daşımır. Bayaq Azərbaycan-Çin əlaqələrinə dair sualı cavablandıranda Şərq-Qərb dəhlizinə dair danışdığımız kimi, Şimal-Cənub dəhlizi də bunun qədər əhəmiyyətlidir. Bu dəhliz qismən fəaliyyətdədir. Çatışmayan hissə İrandakı Astara-Rəşt dəmir yoludur. Bu, hazırda mövcud olmayan təxminən 160 kilometrdən artıq hissədir. Əgər bu hissə inşa edilərsə, şimaldan Azərbaycan-İran-Körfəz dəmir yolu marşrutu olar. Bu, həm də çox əhəmiyyətli beynəlxalq dəhliz ola bilər. O, hazırda da işləkdir. Lakin dəmir yolunun bir hissəsinin olmaması səbəbindən yüklər qatarlardan avtomobillərə yenidən yüklənməlidir. Eyni zamanda, vaxt baxımından bu, olduqca cəlbedicidir. Mən bilirəm ki, Pakistanın Qvadar limanının bu dəhlizə qoşulması planı mövcuddur. Eləcə də bu marşrut yalnız Cənubdan Şimala deyil, həmçinin ölkəmizin infrastrukturundan istifadə etməklə Azərbaycandan Gürcüstan vasitəsilə Türkiyə istiqamətində Cənubdan Şərqə doğru da işləyə bilər. Sizin də dəqiq ifadə etdiyiniz kimi, Zəngəzur dəhlizi digər marşrut olacaq. Əgər biz xəritəyə baxsaq görərik ki, məsafə baxımından əlçatanlılıq da olduqca əhəmiyyətlidir. Bizim Şərqdən - Pakistan, Çin və eyni zamanda, Mərkəzi Asiya ölkələrindən böyük həcmli yeni karqo gözləntilərimiz var. Bizim bütün dəmir yolu şəbəkəmiz bir-birinə bağlıdır. Bizim Şimal, Cənub, Şərq sərhədlərinə dəmir yolu bağlantımız var. Zəngəzur dəhlizi cənub-şərq istiqamətində olacaq. Beləliklə, bu, bizim ümumi nəqliyyat gündəliyimizin tərkib hissəsidir. Azərbaycanda çatışmayan yalnız Ermənistan sərhədinə kimi çəkilən 40 kilometrdir. Ondan sonra bizim ərazimizdə hər şey hazır olacaq. Qonşularımızın da öz üzərinə düşən işləri görməsinə ehtiyac var. Bundan sonra bu bağlantı tamamilə işlək olacaq.

Hikmət Hacıyev: Cənab Prezident, iki saatdan artıqdır ki, bizimləsiniz. İcazənizlə, daha bir neçə sual.

Prezident İlham Əliyev: Əlbəttə.

Roma Sapienza Universitetinin tədqiqatçısı Daniel Pommier Vinçelli: Salam, cənab Prezident, mənim ölkəm İtaliyanın Rusiya qazından dırnaqarası asılılığını aradan qaldırmağa dair müzakirələr aparılır. Bilirəm ki, Sizin İtaliyanın Baş naziri Draqi ilə tez-tez ünsiyyətiniz var. İtaliyanın xarici işlər nazirini qəbul edən zaman Siz bildirdiniz ki, İtaliya-Azərbaycan Universitetinin yaradılmasına dair razılıq əldə olunub. Beləliklə, bilmək istərdim ki, İtaliyanın qazdan asılılığı məsələsində Azərbaycan ən azından müəyyən qədər də olsa, qaz tədarükündə Rusiyanı əvəz edə bilərmi? Ukrayna məsələsindəki qanuni mövqeyimizə görə biz güclü şəkildə Rusiya qazından canımızı qurtarmağı çox istəyirik. Əgər bu, baş verərsə, Azərbaycan-Rusiya münasibətlərinə necə təsir edə bilər?

Bir şeyi də əlavə etmək istəyirəm ki, mən bu yaxınlarda azərbaycanlı həmkarımla Şuşaya dair kitab yazmışam, Şuşanın qısa tarixindən bəhs edir. Bu kitabı Sizə təqdim etmək istərdim. Kitab italyan dilindədir, lakin orada çoxlu şəkillər var, Sizin şəkilləriniz də. Bilirəm ki, Siz başa düşə bilərsiniz. Hesab edirəm ki, Qərb dillərində Şuşa haqqında yazılan ilk kitabdır, Şuşa tarixinin təqdimatıdır.

Prezident İlham Əliyev: Buna görə çox sağ olun. Biz, əlbəttə, onu tərcümə etdirəcəyik. Hələlik şəkillərə baxaq.

Qaz məsələsinə gəldikdə, mövqeyimizi bir qədər geniş ifadə etmək istərdim. Biz bütün öhdəliklərimizi yerinə yetirmişik. İstehlakçılarla imzalanan müqavilələr üzrə işlər yüz faiz yerinə yetirilir. Bu gün Azərbaycan qazı Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan və İtaliyaya ixrac olunur. Keçən il İtaliya Türkiyə ilə birlikdə Azərbaycan qazını ən böyük həcmdə alan ölkə olub. Bu, 9 milyard kubmetrdən artıq idi. Biz, əlbəttə ki, mövcud müqavilələr əsasında qaz inkişafı layihələrimizi planlaşdırırıq. Hazırkı müqavilələrdə bu qədər həcm nəzərdə tutulub. Biz çox hasil etmək istəmirik, ona görə ki, alıcı yoxdur. Sizin də hazırda təcili olduğunu qeyd etdiyiniz kimi, tələbat olacağı təqdirdə biz, ilk növbədə, mənbələrə baxmalıyıq. Çünki bizim istehsalımız daxili bazar və ixrac üçün hesablanıb. Biz satmağa alıcı olmadığından bundan artığını hasil etmək istəmirdik. Bu vəziyyətdə bizə təkcə İtaliyadan deyil, digər Avropa ölkələrindən də təchizatın artırılmasına dair müraciətlər daxil olub. İlk növbədə, bizə mənbələri tapmaq lazımdır. Dediyim kimi, bu, qismən daxildə qaz itkilərinin optimallaşdırılması hesabına olacaq. Bir hissəsi təbii qazın günəş və külək enerjisi ilə əvəz edilməsi olacaq, digər hissəsi isə yeni hasilat hesabına olacaq. Biz yeni yataqlardan hasilatı gələn il üçün gözləyirik. Artıq Abşeron yatağında 1.5 milyard kubmetr əlavə qaz var. Digər yataqlardan da gözləntilərimiz var. Əlbəttə, bunun tərkib hissəsi olan qaz kəmərlərinin ötürücülük qabiliyyəti də önəmlidir. Cənub Qaz Dəhlizi qaz kəmərləri sisteminə inteqrasiya olunub. Məsələn, TANAP-ın ayrı, TAP-ın ayrı diametri var. TANAP 30 milyard kubmetr, TAP isə 10 milyard kubmetr ötürücülük gücünə malikdir. Niyə? Bazara görə. Çünki biz İtaliyaya 8 milyard kubmetr qaz ixrac etməli idik. Bu məqsədlə 20 faiz paya sahib SOCAR da daxil olmaqla, TANAP-ın səhmdarları əlavə xərclərdən kənar layihələndiriblər. Biz yaxın gələcəkdə əlavə qazın gələcəyini gözləmirdik. Ona görə də TAP-ın layihəsi fərqli oldu. Onun imkanlarını genişləndirmək olar? Bəli, nasos stansiyalarının sayını artırmaqla, bu, mümkündür. Bunu 20 milyard kubmetrə çatdırmaq olar. Başqa sözlə desək, İtaliya bu gün aldığından iki dəfə çoxunu ala bilər. Bu məqsədlə TAP komandası bir araya gəlməlidir. Bu, mənim Baş nazir Draqi və keçən il səfər edən nazir Di Mayo ilə müzakirələrimin tərkib hissəsi idi. TAP-ın səhmdarları onu necə genişləndirməyə dair əlavə sərmayə proqramına razılıq verməli və texniki cəhətdən buna baxmalıdır. Mən texniki detallara çox varmaq istəmirəm, lakin bu, bir ay ərzində görülə bilinəcək iş deyil. Bu, texniki cəhətdən mümkün deyil.

Beləliklə, eyni zamanda, başqa yol birləşdirici şəbəkələrə sahib olmaqdır. Məsələn, hazırda Bolqarıstanla Yunanıstan arasında interkonnektorun tikintisi son mərhələdədir. Bolqarıstanlı həmkarlarımdan aldığım məlumata əsasən, sentyabr ayına qədər o, işlək olacaq. Avropanın qaz tədarükü şəbəkəsini birləşdirəcək digər layihələr də mövcuddur. Bunların hamısı bizim proqramımızda var. Biz heç bir zaman Rusiya qazını əvəz etməyi planlaşdırmamışıq. Bu, həcmlərin fərqinə görə mümkün deyil. Bizim Avropa bazarları uğrunda yarışmaq niyyətimiz yoxdur. Biz, sadəcə, Avropa bazarına çıxış istəmişik. Çünki o, ən yaxşısıdır. O, qaydalarla tənzimlənir. O, sabitdir və ən yüksək qiymət olan bazardır. Bu gün biz müxtəlif istehlakçılara qaz tədarük edirik. Ən yaxşı qiymət Avropadadır. Bu, kommersiyadır. Biz heç vaxt Rusiya ilə yarışmaq niyyətində olmamışıq. Bizim enerji siyasətimiz heç bir zaman Rusiya tərəfindən sual doğurmayıb. Bizim heç vaxt heç bir formada sualımız, müzakirəmiz olmayıb. Əminəm ki, bu, bizim Rusiya ilə münasibətlərimizə mənfi təsir göstərməyəcək. Sağ olun.

Böyük Britaniyanın Henri Cekson Cəmiyyətinin strateji münasibətlər üzrə meneceri Alyona Hlivko: Vaxt ayırdığınıza görə sağ olun. Mən Londonda yerləşən beyin mərkəzini təmsil edirəm. Həmçinin Ukrayna parlamentinin sabiq üzvüyəm. Azərbaycanın uzunmüddətli işğala məruz qalmaq təcrübəsi olub və ərazilərinizi artıq azad etmisiniz. Bu gün Sizin Ukrayna üçün şəxsi məsləhətiniz nə ola bilər?

Prezident İlham Əliyev: Çox sağ olun. Bizim təcrübəmizə əsaslanaraq, ən önəmlisi heç bir zaman işğalla razılaşmamaqdır. Bilirsiniz, danışıqlar zamanı müxtəlif anlar olub və mən Qərbdən olan həmkarlarımdan müxtəlif mesajlar almışam. Onlardan biri o idi ki, siz reallığı nəzərə almalısınız. Azərbaycan Birinci Qarabağ müharibəsini uduzub və sizin davranışınız reallığa əsaslanmalıdır. Ərazi bütövlüyümüzlə əlaqədar məsələlərdə bizə məsləhət verməyə cəhdlər olub və mən hər zaman yox demişəm. Şəxsən mən, Azərbaycan xalqı öz torpaqlarımızda digər saxta erməni dövlətinin yaradılmasına heç vaxt razı olmayacağıq, lazım olarsa, biz ölənə kimi döyüşəcəyik. Mənim şərhlərim bəzən düşmənçilik, aqressivlik kimi təqdim edilib. Mən hər zaman ritorikama görə tənqid olunmuşam. Ermənistan liderləri hər zaman “konstruktiv” olduqlarına görə təriflənib. Onlar belə “konstruktiv” idi, onlar işğalı möhürləmək istəyirdilər. Onlar istəyirdilər ki, biz Dağlıq Qarabağdakı separatçılara müstəqillik verməyə razı olaq. Onlar bizim ərazinin böyük hissəsini, xüsusilə keçmiş DQMV ilə Ermənistan arasındakı əraziləri öz nəzarətləri altında saxlamaq istəyirdilər. Mənim mövqeyim belə idi ki, biz heç vaxt buna razı olmayacağıq. Beləliklə, ilk növbədə, öz təcrübəmizə əsaslanaraq deyə bilərəm ki, heç vaxt, heç bir halda ərazi bütövlüyünün pozulması ilə razılaşmayın. İkincisi, işğal dövründən mən nə öyrəndim? Öz ehtiyatlarına bel bağlamağı. Üçüncüsü, beynəlxalq təşkilatların qətnamə və qərarlarına güvənməməyi. Onların heç bir dəyəri yoxdur. BMT Təhlükəsizlik Şurası erməni qoşunlarının bizim ərazimizdən qeyd-şərtsiz, tamamilə və dərhal çıxarılmasına dair 27 il ərzində icra olunmayan dörd qətnamə qəbul edib. Biz onları özümüz icra etmişik. Bu qətnamələri qəbul edən ölkələrdən üçü BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür və ATƏT-in Minsk qrupunun həmsədrləridir. Mən hər zaman onlardan soruşurdum ki, qəbul etdiyiniz qətnamələri niyə icra etmirsiniz? Cavab aydın idi. İşğal vəziyyəti onlar üçün məqbul idi. Bu, Ermənistan üçün, bu, həmsədrlər üçün məqbul idi, lakin bizim üçün məqbul deyildi. Biz azlıq idik. Biz real dünyada yaşamalı və başa düşməli idik ki, beynəlxalq təşkilatlardan heç bir dəstək yoxdur. Mən hazırda Ukraynadakı vəziyyət barədə danışmıram. Bu xüsusda, vəziyyət bir qədər fərqlidir. Mən özümüz barədə danışıram. Əlbəttə ki, bizə güclü ordu lazım idi. Bunun üçün isə bizə güclü iqtisadiyyat lazım idi. Hər bir şey nəticəyə hesablanaraq edilirdi - biri digərindən sonra, bəzən paralel. Bizim yeni nəslə, doğma torpaqlar naminə ölümə gedəcək nəslə ehtiyacımız var idi. Bu nəsil yetişdi. Qarabağ uğrunda şəhid olan nəslin əksəriyyəti heç vaxt Qarabağı görməmişdi. Cavan vətənpərvər nəsil yüksək motivasiyalı idi. Əlbəttə, ən önəmlisi güclü orduya sahib olmaq idi. Biz onu etdik. Prezident kimi bütün illər ərzində bu, mənim bir nömrəli məsələm idi. Ona görə də hərbi xərclərimiz digərləri ilə müqayisədə bir nömrəli idi. İkinci təhsil idi, o da öz növbəsində vacibdir. Əks təqdirdə torpaqları geri alacaq vətənpərvər insanları yetişdirmək mümkün deyil. Əlbəttə ki, yüksək motivasiya - biz onları motivasiya edirdik. Ermənistanın tərəfində kimin dayanmasından asılı olmayaraq, biz axıradək getməyə hazır idik. Biz müəyyənləşdirdik ki, Ermənistanın tərəfində olanlar çoxdur. Bu, baş verdi, lakin bizi saxlaya bilmədi. Müharibə zamanı mən dayanmağa hazır olduğumu dəfələrlə açıq şəkildə demişdim: Ermənistanın baş naziri çıxmağa dair mənə nə vaxt cədvəl verərsə, - biz bu müharibəni istəmirdik, biz öz ərazimizdə döyüşürdük, - o, həmişə imtina edirdi. Lakin biz Şuşanı azad edəndən sonra o, 9 noyabrda tarixləri verməyə razılaşdı. Bundan sonra biz dayandıq. Biz əlavə olaraq döyüşmədik, çünki insanların həlak olmasını istəmirdik. Kapitulyasiya aktına əsasən biz qalan əraziləri azad etdik. Bu, bizim necə döyüşdüyümüz, necə hazırlaşmağımızdır. Əgər siz məndən bunların arasında ən vacib olanı soruşursunuzsa, deyə bilərəm, mütləq şəkildə inanıram ki, bu, əzmdir. Ən vacib olan budur. Özünü müdafiə etmək əzmi olan ölkənin xalqını sən heç vaxt məğlub edə bilmərsən. Bu, yalnız müvəqqəti ola bilər. Biz bunu nümayiş etdirdik. İndi mən fəxr edirəm ki, biz Ukraynanın və digər ölkələrin ərazi bütövlüyünü açıq şəkildə dəstəkləyirik, böyük ağacların arxasında gizlətmirik. Nə demək istədiyimizi deyirik.

Bəli, bizim Rusiya ilə yaxşı münasibətlərimiz var. Eyni zamanda, Ukrayna ilə də yaxşı münasibətlərimiz var. Beynəlxalq hüququn prinsipləri siyasi seçimlərə əsaslanaraq təfsir edilməməlidir. Biz özümüz hər zaman bunun subyekti olmuşuq. Çünki hətta Ukraynadakı hadisədən əvvəl beynəlxalq ictimaiyyət tərəfindən Gürcüstanın və Moldovanın ərazi bütövlüyünə hər zaman açıq şəkildə dəstək ifadə olunub. Bizə çatanda isə mesaj həmişə bu olub ki, gedin sülh yolu ilə həll edin. Lakin sənin ərazindən çıxmaq istəməyən işğalçı ilə necə sülh yolu ilə razılaşa bilərsən? Biz cəhd etdik. Mən, demək olar ki, 17 il cəhd etdim. Sonra biz gördük ki, bu, mümkün deyil. Sonra biz gördük ki, bizim sülh yolu ilə həll etmək istəyimiz işğalçını daha təkəbbürlü və aqressiv etdi. Onlar yeni ərazilər naminə yeni müharibə ilə bizi hədələməyə başladılar və “Qarabağ Ermənistandır” dedilər. Lakin indi nə deyirlər? İndi isə deyirlər ki, Qarabağ Azərbaycandır. Bunu kim dedi? 2019-cu ildə “Qarabağ Ermənistandır” deyən eyni şəxslər. Biz yeni reallıqlar yaratdıq - necə deyərlər, öz əllərimiz və öz qəlbimizlə. Hesab edirəm ki, bizim təcrübəmiz ləyaqət, ərazi bütövlüyü və ədalət naminə bütün ölkələr üçün əhəmiyyətlidir.

Almaniyanın Münaqişə və Zorakılıq üzrə Sahələrarası Tədqiqat İnstitutunun tədqiqatçısı Nina Lutteryohan: Zati-aliləri, hesab edirəm ki, mənim sualıma artıq cavab verdiniz. Hazırda baş verən hadisələr kontekstində gələcəkdə Rusiya və Avropa İttifaqı ilə iqtisadi əməkdaşlığı necə görürsünüz? Bu yaxınlarda yeni saziş imzalanıb. Bir-iki məqamla bu məsələni necə qiymətləndirə bilərsiniz?

Prezident İlham Əliyev: Bu günlərdə, aprelin 26-sında Bakıda Rusiya-Azərbaycan Hökumətlərarası Komissiyasının iclası olub və gələcək planlarımıza dair çoxşaxəli məsələlər müzakirə edilib. İndiyə kimi biz hər il yaxşı nəticələr əldə etmişik. Ticarət dövriyyəsi artır. Əlbəttə, hazırkı vəziyyətdə biz baxmalıyıq ki, daha nə edə bilərik. Çünki bizim fermerlər üçün Rusiya bazarı böyük bazardır. Rusiya istehsalçıları üçün də Azərbaycan bazarı olduqca önəmlidir. Biz Rusiyadan satdığımızdan daha çox alırıq. Bizim mənfi ticarət dövriyyəsi saldomuz var. Lakin bununla belə, keçən il bizim Rusiyaya ixracımızın həcmi artıb. Yeni vəziyyətdə, sanksiyaların praktiki təsirlərinin nə ola biləcəyini görməliyik. Siz indi təsəvvür edə bilərsiniz – bizim iki qonşumuz sanksiyalar altındadır. İran və Rusiya. Bu, çox çətin vəziyyətdir. Biz necə uğurlu əməkdaşlıq və ticarət edə bilərik ki, sanksiyalar pul köçürmələri və digər əlavə problemlər yaradır. Buna görə də biz qarşıdan gələn dövrdə qərarlarımıza baxmalıyıq. Rusiya ilə bizim ticarətimiz çoxşaxəlidir. O, kənd təsərrüfatını, xidmətləri, sərmayələri əhatə edir. O, böyük həcmdə deyil. Burada və orada çoxlu şirkətlər çalışır. Sözsüz ki, Rusiyadakı Azərbaycan icması çox böyükdür. Onlar da ticarət dövriyyəsinin artmasına töhfə verirlər. Hələ ki, Rusiyaya tətbiq edilən sanksiyaların neqativ təsirlərini görmürük. Lakin bilmirik ki, bunun cədvəli necə dəyişəcək. Əgər sanksiyalar qalarsa, növbəti altı ayda və ya bir ildə nə olacaq, proqnozlaşdırmaq çətindir.

“Musulmans en France” və “La Gazette” jurnallarının baş icraçı direktoru Jan-Mişel Brön: Cənab Prezident, bizi belə xoş qarşıladığınız üçün təşəkkür edirəm. İlk növbədə, mən üzr diləmək istəyirəm, mən fransızam və bu səbəbdən sualım siyasi olmayacaq. Mən hesab edirəm ki, qələm çox vaxt silahlardan daha effektivdir. Fransa və Azərbaycan iki yüksək mədəniyyətə sahib ölkələrdir. Şuşa və Paris möhtəşəm mədəni paytaxtlardır. Beş əsr öncə Didro və Russo, böyük şair və filosof Nizami Gəncəvi maarifləndirmə fəlsəfəsinin nümayəndələri olmuşlar. Beləliklə, mənim sualım belədir – Siz Fransa və Azərbaycan arasında güclü mədəni münasibətləri inkişaf etdirməyi planlaşdırırsınızmı?

Prezident İlham Əliyev: Biz artıq iki ölkə arasında güclü mədəni münasibətlərə sahibik və əməkdaşlığımızın tarixi bunu göstərir. Biz mədəniyyət, təhsil sahələrində böyük irəliləyişə nail olmuşuq. Bir sıra önəmli tədbirlər, Azərbaycan mədəniyyətinin Fransanın fərqli şəhərlərində çoxsaylı təqdimatları, günləri olmuşdur. Dəqiq yadımda deyil, Fransa və Azərbaycanın təxminən ondan çox qardaşlaşmış şəhəri var. Bu, sadəcə, formallıq deyil, burada böyük ictimai münasibətlər var. Həmçinin mədəniyyətin tərkibi kimi təhsilə gəlincə, Bakıda Fransız liseyinin yaradılması da bizim təşəbbüsümüz idi. Şəhərimizin ən gözəl məkanlarından birində yerləşir, Xəzər dənizinə gözəl mənzərəsi var. Bunun davamı olaraq, ovaxtkı Prezident Fransua Olland ilə Azərbaycan-Fransız Universitetinin yaradılması haqqında razılığa gəldik və biz bunu bir il ərzində həyata keçirdik, artıq o fəaliyyətdədir, yaxşı nəticələri var.

Beləliklə, biz həqiqətən çoxşaxəli mədəni münasibətlərə sahib idik və bu gün də sahibik. Bu münasibətlər son proseslərin təsirinə məruz qalmadı. Ümumilikdə siyasi münasibətlərdən danışdıqda isə deyə bilərəm ki, onlar normaldı, deyərdim ki, münasibətlər normala qayıdır. Əlavə edərdim ki, nəsə yanlış addım atan biz deyildik. Təəssüf, lakin biz başa düşürük ki, orada nəinki qərarvermə proseslərinə təsir göstərən, eyni zamanda, insanların beyninə təsir edən erməni icması var, güclü qruplar var. Fransa ilə münasibətlər bizim üçün həmişə önəmli olub, çünki Fransa dünyanın aparıcı ölkələrindən biridir. Həmçinin bizim üçün önəmli idi ki, öz vəziyyətimizi düzgün təqdim edək. Fransa ictimaiyyətinə göstərək ki, Azərbaycan ermənilərin bizi təqdim etdiyi kimi deyil. Biz onların Fransanın aparıcı media qurumlarındakı əlaqələrindən xəbərdarıq, bizə qarşı qərəzli məqalələr çap etdiklərini bilirik. Bu məqalələrin 95 faizi ermənilər və ya ermənipərəstlər tərəfindən yazılıb. Biz bunu başa düşürük, bu, böyük bir yenilik deyil.

Fransa Minsk qrupunun həmsədri kimi Azərbaycan üçün həmişə məqbul olub. Lakin təəssüf ki, torpaqlarımızın azad olunduğu müharibə zamanı, Fransa parlamentinin hər iki palatasının qondarma “Dağlıq Qarabağın” tanınması ilə bağlı qərarları da daxil olmaqla, lazım olmayan addımlar atılmışdır. Belə bir deyim var – “Roma Papasından daha çox katolik olmaq”. Hətta Ermənistan da “Dağlıq Qarabağı” tanımamışdı. Beləliklə, Senat və Nümayəndələr Palatası bu qərarı qəbul etdilər. Bu, çox kədərlidir. Mən bunun lehinə səs verənlərin kim olduğunu da yaxşı bilirəm. Bu, tamamilə qeyri-məhsuldar olub. Praktiki baxımdan bunun heç bir mənası yox idi, bu, Ermənistana dəstək baxımından da, bizi torpaqlarımızı azad etməkdən çəkindirmək baxımından da işləmədi. Sadəcə, lazımsız atmosfer yaratdı, hansı ki, hər iki hökumət dəyişməyə çalışırlar və mən düşünürəm ki, bunu uğurla edirlər. Mənim dekabrda, Brüsseldə Prezident Makronla yaxşı və uzun sürən görüşüm olmuşdu. Daha sonra biz telefonla ünsiyyətdə idik. Mən düşünürəm ki, biz bu səhifəni çevirməliyik və unutmalıyıq. Sizin də üzr istəməyinizə ehtiyac yoxdur, fransızlar bizim dostlarımızdır və dostlarımız kimi də qalacaqlar.

Türkiyənin Kadir Has Universitetinin professoru Dimitrios Triantafillo: Cənab Prezident, bizim suallarımıza cavab vermək üçün vaxt ayırdığınıza görə təşəkkür edirəm. Mən İstanbulun Kadir Has Universitetində on ildən çox işləyən yunan akademikəm və bir növ körpü yaradanam. Mən Sizin bu gün dedikləriniz haqqında, bizim dünən Şuşada danışdıqlarımız haqqında düşünürdüm və bu, çox maraqlıdır. Yaddaş və gələcəyə baxış arasında balansın qorunması - bu proses çətindir və başlayanda qarşıya maneələr çıxır, icmalar və ölkələr arasında körpü qurmaq çoxlu vaxt aparır. Lakin mən bir məsələyə qayıtmaq istəyirəm. Mənim sualım Azərbaycan və Avropa İttifaqına aiddir. Bilirəm, Amanda da bu barədə sual verdi, lakin Rusiyanın Ukraynanı işğal etməsini nəzərə alaraq, Siz Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin davamını necə görürsünüz və bu münasibətlər necə inkişaf edə bilər?

Siz artıq bəzi məqamlar haqqında danışdınız, tərəfdaşlıq və əməkdaşlıq sazişinin yenilənməsi prosesi gedir, Şarl Mişelin Azərbaycan və Ermənistan arasında münasibətlərin qurulmasında fəallığını görürük. Siz Ermənistanın aldığı maliyyə, qrantlar və kreditlərin sayına bərabər miqdarda vəsaitin alınmasından danışdınız. Bundan əlavə, Siz yeni reallıqlardan danışırsınız. Biz şəffaf topa baxmırıq və necə inkişaf olacağını dəqiq bilmirik. Avropa İttifaqı özü dəyişir, o, strateji avtonomiyası, öz strateji kompası üzərində işləyir. Prezident Makronun yenidən seçilməsi prosesin davam etməsinə kömək edir. Siz Azərbaycan və Avropa İttifaqı arasındakı münasibətlərin hansı istiqamətdə getməsini istəyərdiniz?

Prezident İlham Əliyev: Bəli, bu münasibətlər çox vacibdir. Düşünürəm ki, bizim üstünlüyümüz Avropa İttifaqı ilə münasibətlərdə çox aydın və realistik gündəliyimizin olmasıdır. Mən bilirəm ki, Şərq Tərəfdaşlığı Proqramının digər iştirakçılarının üzvlük ilə bağlı fərqli niyyətləri var. Biz anlamalıyıq ki, bu, çox uzun prosesdir. Azərbaycana gəldikdə isə bu, mümkün ssenari deyil. Biz münasibətlərimizi praqmatizm üzərində, qarşılıqlı fayda və maraqlar üzərində qurmalıyıq. Çox yüksək gözləntilərimiz də olmamalıdır, əks-təqdirdə, məyusluq ola bilər. Əgər sən məqsəd qoyub ona çata bilmirsənsə, o zaman kimisə bunda günahlandırmağa başlayırsan. Axırıncı günahlandırdığın şəxs isə özün olursan. Özündən başqa hamını günahlandırırsan. Bunun qarşısını almaq üçün çox realistik hədəflər qoymalıyıq: biz nə istəyirik və Avropa İttifaqı nə istəyir. Bu, az-çox aydındır. Avropa İttifaqı öz qonşuluğunda, sərhədlərində sabitlik istəyir. Onlar bizdən indi də enerji resursları alırlar, lakin daha çox enerji resursları almaq istəyirlər. Bu, hətta Rusiya-Ukrayna müharibəsindən əvvəl də belə idi və bizim əməkdaşlığımızın strateji hissəsi idi. Onlar bizim nəqliyyat infrastrukturumuzda çox maraqlıdırlar və düşünürlər ki, bu, daha geniş Avropa nəqliyyat şəbəkəsi ilə necə bağlana bilər. Bu səbəbdən, məsələn, keçmiş Avropa İttifaqı Şurasının prezidenti cənab Donald Tusk 2019-cu ildə Bakıda olarkən buradakı infrastrukturu görmək üçün bizim dəniz ticarət limanına getdi. Keçən il Avropa İttifaqı Şurasının hazırkı Prezidenti Şarl Mişel Bakıda olanda Şamaxıya regional tura getdi və orada ona Bakı Dəniz Limanının imkanları haqqında təqdimat edildi. Bu, nə deməkdir? Bu, o deməkdir ki, bizim nəqliyyat infrastrukturuna böyük maraq var. Əlbəttə, Avropa İttifaqı təhlükəsizlik və sabitlik istəyir, Dağlıq Qarabağ münaqişəsinin həllini istəyirdi. Bəli, onlar münaqişənin sülh yolu ilə həllini istəyirdi. Bu, baş tutmadı. İndi onlar yeni reallıqları tam olaraq qəbul edirlər və bu səbəbdən bizim Brüsseldə mütəmadi görüşlərimiz olur. Biz nə istəyirik? Biz, ilk növbədə, yaxın münasibətlərin qurulmasını istəyirik. Biz qarşımıza üzvlük kimi qeyri-real hədəflər qoymaq və bu münasibətlərə ziyan vurmaq istəmirik. Biz müasir texnologiyalara çıxış istəyirik və bizim belə çıxışımız var. Əlbəttə, biz Avropanın enerji bazarına daha geniş çıxış istəyirik və bu, Avropanın enerji strategiyası ilə tamamilə uzlaşır. Biz regiondakı vəziyyətə təkstandartlı yanaşma istəyirik. Yalnız Ermənistan və Azərbaycana yox, Gürcüstan, Ermənistan və Azərbaycanın - Cənubi Qafqazın hər üç dövlətinə eyni bucaq altından baxılmasını istəyirik.

Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına gəldikdə isə hər iki tərəf üçün balanslı və adekvat maliyyə paketi çox önəmli olacaq. Bu balans qorunmasa, aydındır ki, çox böyük məyusluq ola bilər. Lakin dediyim kimi, biz bu istiqamətdə - Avropa İttifaqı ilə sazişin qalan hissəsinin yekunlaşdırılması və imzalanması istiqamətində irəliləyirik. 2018-ci ildə biz Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına dair çox önəmli paraqrafın olduğu Avropa İttifaqı ilə Azərbaycan arasında Tərəfdaşlıq Prioritetləri sənədini parafladıq. Bu, ilk dəfə idi. Bundan əvvəl isə Avropa İttifaqı belə qəti və birbaşa ifadələrin işlənməsini istəmirdi. Onlar həmişə sülh danışıqları, Minsk qrupu və s. məsələlərə istinadlar edirdilər. Lakin Tərəfdaşlıq Prioritetləri sənədi çox önəmli siqnal idi və bizi ruhlandırdı. Mən Brüsseldə imzalanma mərasimində iştirak etdim və daha sonra biz həqiqətən inanmağa başladıq ki, Avropa İttifaqı ədalətli vasitəçi ola bilər. Müharibədən sonra baş verənlər bunu açıq nümayiş etdirir. Çünki ortalıqda sanki bir boşluq var idi, Minsk qrupu qeyri-funksional idi və bu boşluq müəyyən dərəcədə Avropa İttifaqı tərəfindən doldurulur.

Bir başqa faktoru da deyə bilərəm. Avropa İttifaqı ilə yaxın əməkdaşlıq, əlbəttə, Azərbaycanın müasirləşməsinə, o cümlədən gənc nəslə, təhsil potensialına ciddi töhfə verəcək. Biz İtaliya-Azərbaycan Universitetindən, Azərbaycan-Fransız Universitetindən danışdıq. Həmçinin Avropa İttifaqı ilə sıx əlaqələr Azərbaycan cəmiyyətinin dünyəvi xarakterini gücləndirəcək. Bu, bizim dövlət siyasətimizin önəmli tərkib hissəsidir. Bu dövlət siyasəti Azərbaycan əhalisi tərəfindən geniş şəkildə dəstəklənir. Dünyəvilik bizim dövlətçiliyimizin fundamental sütunlarından biridir və Avropa İttifaqı ilə sıx əlaqələr Azərbaycanın gələcək dünyəvi inkişafına müsbət təsir göstərəcək.

Hikmət Hacıyev: Cənab Prezident, səfir Hafiz Paşayev konfransımızı Laçın konfransı təşəbbüsü ilə başladı. Sizin icazənizlə, sonuncu sual vermək imkanını bu təşəbbüsün müəllifi doktor Yulian Çifuya vermək istərdim.

Rumıniya Baş nazirinin dövlət müşaviri doktor Yulian Çifu: Təşəkkür edirəm, cənab Prezident, çox sağ olun. Füzulidə gördüyümüz yol, hava limanı və bəzi digər infrastruktur obyektlərinin yenidən qurulması işlərinin sürətinə və keyfiyyətinə görə Sizi təbrik etməliyəm. Mənim sualım Zəngəzur dəhlizi, avtomobil və dəmir yolları ilə bağlı idi. Siz artıq bu suala cavablarınızı geniş şəkildə ifadə etdiniz.

Sizin yalnız Qarabağ deyil, inteqrasiya olunmuş Azərbaycan üzrə inkişaf strategiyanız haqqında soruşmaq istərdim. Bilmək istərdim ki, bu strategiyanın təfərrüatlarını öyrənmək mümkündürmü və bilək ki, harada bizim iştirakımız alqışlanardı? Eyni zamanda, Zəngəzur məsələsinə qayıdaraq, qeyd etmək istəyirəm ki, üçtərəfli razılaşmada Rusiyanın qoşunları üçün bu məsələdə bir rol nəzərdə tutulur. Bu məsələnin inkişafını necə görürsünüz? Türkiyə-Ermənistan-Azərbaycan inteqrasiya olunmuş qarşılıqlı əlaqəsi yaradılarsa, Rusiya ordusunun mövcudluğunu harada və necə görürsünüz? Təşəkkür edirəm.

Prezident İlham Əliyev: Rusiya sülhməramlılarının mövcudluğu məsələsi 10 noyabr gecəsi imzalanmış Üçtərəfli Bəyannamənin bir hissəsidir. Həmin Bəyannamədə hərbi heyətin və hərbi zirehli maşınların dəqiq sayları əks olunub, hər şey bu sənəd əsasındadır. Həmçinin onların sülhməramlı fəaliyyəti ilə bağlı müddət mövcuddur – 5 il. Əgər həmin razılaşmanın tərəflərindən hər hansı biri qərar versə ki, 5 il kifayətdir, onda müddətin sonuna 6 ay qalmış bu açıq şəkildə elan edilir. Düşünürəm ki, gələcək konfiqurasiyanı başa düşmək üçün bu, vacib faktordur. Həmçinin dediyim kimi, vəziyyətə nəzarət edən Türkiyə-Rusiya monitorinq mərkəzi fəaliyyət göstərir. Ümumilikdə, ilyarım ərzində Rusiyanın sülhməramlılarının müvəqqəti nəzarəti altında olan ərazilərdə vəziyyət stabildir. Keçmişdə Azərbaycan ilə Ermənistan arasında sərhəddə müəyyən gərginliklər olub. İndi burada da vəziyyət stabildir. Amma Qarabağ ərazisində müəyyən gərginliklər olsa da, bu, çox az hallarda baş verib. Ümumilikdə Rusiya sülhməramlıları bizim üçün çox əhəmiyyətli nəqliyyat imkanlarını təmin edirlər. Çünki biz onların müvəqqəti nəzarəti altında olan əraziləri Kəlbəcərə yükləri gətirmək üçün istifadə edirik. Çünki başqa halda, Ömər aşırımından keçən yollardan istifadə çox çətindir. Biz 12 kilometr uzunluğunda tunel tikirik, amma hələ hazır deyil. Buna görə, onlar ehtiyacımız olanda, Laçın dəhlizi vasitəsilə nəqliyyatı da təmin edirlər. Biz də onların yüklərinin Azərbaycan dəmir yolları vasitəsilə sülhməramlılara nəqlinə şərait yaradırıq. Yüklər Moskvadan birbaşa Bərdəyə göndərilir və oradan Xankəndiyə aparılır. Başqa halda onlar təyyarə ilə uçmalı və sonra bir neçə saata Laçın dəhlizi vasitəsilə getməli idilər. Deməli, Rusiya sülhməramlıları ilə Azərbaycanın hərbi qulluqçuları arasında yaxşı səviyyədə qarşılıqlı əlaqə var. Mən düşünürəm ki, bizim dəhlizlərlə bağlı hazırda etdiklərimiz hər hansı digər müdaxilədən tamamilə azaddır.

Nəqliyyat dəhlizlərinə gəlincə, əlbəttə, biz onların qısa müddətdə reallaşdırılmasını istəyirik. Ermənistan, nəhayət, qərar verməlidir ki, onlar bunu necə görmək istəyirlər. Mən artıq bu haqda danışdım, əlavə edim ki, biz həqiqətən də Zəngəzurdan yoxlamasız keçid məsələsinə sadiqik və Ermənistanın bunun bir hissəsi olması üçün biz, hətta elektrik xətləri haqqında düşünə bilərik. Yeri gəlmişkən, İranla imzaladığımız anlaşma memorandumunda biz avtomobil və dəmir yolları ilə yanaşı, elektrik kabellərinin keçidi ilə bağlı məsələləri əks etdirmişik. Çünki bu da elektrik enerjisinin ixracı yollarından biridir. Ümumilikdə Azərbaycanın inteqrasiyası və gələcək inkişafı ilə bağlı - Azərbaycanda biz regionların beşillik inkişafı planları əsasında işləyirik, bu, regionların inkişafı proqramı adlanır. Bu proqramlardan birincisi mənim tərəfimdən birinci dəfə prezident seçiləndən bir neçə ay sonra – 2004-cü ilin fevral ayında qəbul edilib və hər beş ildən bir biz bu planları yenidən nəzərdən keçirir və digər beşillik hədəflər qoyuruq. Bu proqram nəşr olunur, ictimaiyyətə açıq sənəddir və əsasən regionların müraciətləri – insanların istəkləri əsasında formalaşır. Çox işlər görülüb, indi Qarabağ və Zəngəzurun Azərbaycanın digər hissələrinə dərin inteqrasiyası üzərində işləyirik. Buna görə də bu dəmir yolları, hava limanları, avtomobil yolları, elektrik xətləri demək olar ki, yekunlaşmaq üzrədir.

Ən vacib məqam müəyyən vaxta ehtiyac olan su paylanması ilə bağlıdır. Çünki biz 30 il ərzində çaylarımızdan məhrum olmuşduq. Ermənistan yaz və yayda, bizim suya ehtiyacımız olanda Tərtər çayının qarşısını bağlayır və yüz minlərlə hektar ərazilərimizdə quraqlıq yaradırdı və sonra qışda onlar çayın qarşısını açır və sel yaradırdılar. Bu, ekoloji terror idi. Yeri gəlmişkən, Avropa Şurası Parlament Assambleyası bir neçə il bundan əvvəl bu məsələ ilə bağlı xüsusi hesabat hazırlamışdı. Səsvermə ilə qəbul edilmiş həmin sənəddə Ermənistanı bu ekoloji terrora görə qınamışdı. Amma Qarabağda çoxlu su resursları var ki, biz onları, həmçinin Azərbaycanın digər hissələrinə yönləndirəcəyik və bu, bizə yalnız bütövlükdə Qarabağın suvarılmasına deyil, bu suyu Azərbaycanın su problemi olan digər ərazilərinə də gətirməyə imkan verəcək. Bu, sürətli və səmərəli inteqrasiya olacaq.

Həmçinin bizim orada yeni idarəçilik sistemimiz var. Mənim Qarabağ və Şuşa üzrə xüsusi nümayəndələrim var, siz onlarla görüşdünüz. Digər ərazilər üçün də xüsusi nümayəndələr təyin ediləcək, onların hələlik təyin edilməməsinin səbəbi orada hələ ki, fəal yerləşmə prosesinin aparılmaması ilə əlaqədardır, amma bu da olacaq. Biz, bu yeni idarəçilik modelini sınaqdan keçiririk. Çünki mövcud regional idarəçilik sistemi Sovet İttifaqının çökməsindən sonra yaradılıb və fikirləşirəm ki, bu, o qədər də hərtərəfli düşünülməmişdir. Buna görə də çoxlu suallar var. Çox güman ki, bilirsiniz, çoxlu, bəlkə də 10-dan çox regional rəhbər şəxslər rüşvət, səhv idarəçilik və digər yanlış hərəkətlərə görə həbs olunub. Bu proses ictimai şəkildə baş verib, rüşvət prosesi videoya çəkilib. Təəssüf ki, bu sahə korrupsiya ilə çirklənib. Beləliklə, Qarabağda sınaqdan keçirdiyimiz yeni sistem fərqli olacaq və düşünürəm ki, yekun sınaqlar bitəndən sonra bu sistemi Azərbaycanın digər ərazilərinə də tətbiq etmək və regionlarda dövlət idarəçiliyini təkmilləşdirmək mümkün olacaq. Çünki Bakıda qəbul etdiyimiz qərarların hamısı insanların həyat şəraitinin və infrastrukturun yaxşılaşdırılması, iqtisadi inkişaf məqsədi daşıyır, amma bəzən onlar regionlarda icra edilmir və insanlar bunu görmür.

Yaşıl gündəliklə bağlı - mən artıq Qarabağı yaşıl zona elan etmişəm və bu, o deməkdir ki, bu, həyata keçiriləcək. Çünki mən heç vaxt icrasına əmin olmadığım məsələləri bəyan etmirəm. Eyni zamanda, bu yaşıl gündəlik ölkənin digər bütün ərazilərində tətbiq ediləcək.

“Ağıllı şəhər” – bizdə heç vaxt “ağıllı şəhər” olmayıb. Birinci “ağıllı şəhər” Ağdamda, “ağıllı kənd” isə Zəngilanda olacaq. Sonra biz onu Azərbaycanın digər ərazilərində də tətbiq edəcəyik. Həqiqətən də çoxlu planlarımız var. Çox işlər var, gündə 24 saat işləyirik, hər kəs həvəslidir – hökumət, xalq, keçmiş məcburi köçkünlər.

Biz oraya ilk məcburi köçkünləri çox tezliklə qaytaracağıq, demək istəmirəm nə vaxt, amma çox tezliklə Zəngilana qaytaracağıq. Digər planlar da mövcuddur. Bizim planlaşdırdıqlarımızı həyata keçirməyə hər şeyimiz var – sadiqlik, iradə, resurslar, səfərbərlik, cəmiyyətimizin birliyi və stabillik. Biz bunları qonşularımızla paylaşmaq istəyirik. Biz artıq müzakirə etdik və müzakirəmizin ən böyük hissəsi Ermənistan–Azərbaycan arasında gələcək əməkdaşlıq məsələsinə həsr olundu. Düşünürəm ki, bizim gündəliyimizi düzgün başa düşmək üçün onlar bizim etdiklərimizi dərindən təhlil etməli və bu şansı əldən verməməlidirlər. Çünki bu, sonuncu şans olacaq, onlar bu qatara minməlidirlər.

Hikmət Hacıyev: Cənab Prezident, bununla suallar bitdi və qrupumuzun adından Sizə dərin minnətdarlığımızı bildirməkdən şərəf duyuram. Bizimlə demək olar ki, üç saat vaxt keçirdiniz və iyirmi müxtəlif suala cavab verdiniz.

Prezident İlham Əliyev: Vaxt tez keçdi. Bizimlə olduğunuz üçün təşəkkür edirəm, sizə uğurlar arzulayıram. Müzakirə etdiyimiz kimi, illik Şuşa forumlarından öncə aralıq tədbirlər haqqında fikirləşəcəyik.

Xalid Teymur Əkrəm: Cənab Prezident, görüşümüzü bitirməmişdən öncə 23 ölkədən gəlmiş bütün iştirakçılar adından Qarabağın yenidən qurulması işinə cəlb edilən hər kəsə hörmətimizi ifadə etmək istərdim. Onlar qəhrəmandırlar və düşünürəm ki, burada onları alqışlamalıyıq.

Prezident İlham Əliyev: Çox təşəkkür edirəm.

x x x

Sonra xatirə şəkli çəkdirildi.

Beynəlxalq konfrans işini panel iclası ilə davam etdirdi.

x x x

Qeyd edək ki, aprelin 28-də Şuşada işinə başlayan və Bakıda davam edən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransın ideyası ötən il aprelin 13-də Prezident İlham Əliyevin iştirakı ilə ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda yaranmışdı. Həmin konfransda iştirakçılar Qarabağda beynəlxalq konfransın keçirilməsini təklif etmiş və Prezident İlham Əliyev bu təklifi müsbət qiymətləndirmişdi.

Şuşanın BMT və digər nüfuzlu təşkilatların tədbirlərinin əsas ünvanına, bölgənin diplomatik paytaxtına çevrilməsi bu qədim Azərbaycan şəhərinin saxta məlumatlar əsasında uzun illər erməni şəhəri kimi tanıtdırılması məqsədilə aparılan çirkin kampaniyaların da iflası deməkdir.

Təsadüfi deyil ki, beynəlxalq konfransın iştirakçıları aprelin 28-də Şuşada quruculuq və bərpa mövzusunda “Şuşa - dirçəlişə gedən yol”, postmünaqişə dövrünə dair “Əməkdaşlıq, imkanlar və çağırışlar” adlı panel müzakirələri keçiriblər. Bu mühüm platforma xarici ekspertlərə postmünaqişə dövründə Cənubi Qafqaz ölkələri arasında əlaqələrin inkişafı, kommunikasiyaların açılması imkanlarının nəzərdən keçirilməsi, bölgənin tərəqqisinin, təhlükəsizliyinin və rifahının təməli kimi Azərbaycanın formalaşdırdığı Ermənistanla münasibətlərin normallaşdırılması üçün sülh gündəliyinin müzakirəsi baxımından əlverişli imkan yaradır.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 20 dekabr 2024
20:07
Z.M.Hüseynovun “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                           

Zaur Mir Tofiq oğlu Hüseynov “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən...

20 dekabr 2024, 20:07