16:35
Hörmətli cənab Prezident,
Azərbaycan Respublikası ilə Fransa Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ilə əlaqədar mənə ünvanladığınız məktuba görə Sizə təşəkkür edirəm. Mən də öz növbəmdə Sizi və Fransa xalqını bu əlamətdar tarix münasibətilə ürəkdən təbrik edir, ən xoş arzularımı çatdırıram.
1993-cü ildə Azərbaycan ilə Fransa arasında imzalanmış dostluq, qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında Müqavilə ikitərəfli münasibətlərimizin təməl prinsiplərini və inkişaf xəttini müəyyən etmişdi. Azərbaycan bu prinsiplərə daim sadiq qalaraq Fransa ilə bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlığın qurulmasına çalışmışdır.
Ötən dövr ərzində Azərbaycan-Fransa əlaqələri dinamik inkişaf etmiş, səmərəli əməkdaşlıq münasibətləri formalaşmış və bir çox sahələrdə yaxşı nailiyyətlər əldə olunmuşdur. Bu gün Fransa şirkətləri Azərbaycanın iqtisadi həyatında fəal iştirak edir, Bakıda Fransız Liseyi və Fransız-Azərbaycan Universiteti uğurla fəaliyyət göstərir. Mehriban Əliyevanın bilavasitə rəhbərliyi altında ölkələrimiz arasında mədəni əlaqələrin inkişafına göstərilən diqqəti xüsusilə qeyd etmək istəyirəm. İnanıram ki, iqtisadiyyat, mədəniyyət, təhsil və digər sahələrdə qarşılıqlı maraq doğuran əməkdaşlığımızın inkişafı bundan sonra da xalqlarımızın və ölkələrimizin rifahına xidmət edəcəkdir.
Müxtəlif sivilizasiyalara, mədəniyyətlərə və dinlərə mənsub xalqların tarixən birgə və mehriban yaşadığı Azərbaycan Respublikası xalqın iradəsi və maraqları əsasında müstəqil siyasət yürüdən dövlətdir. Azərbaycan öz tarixi, əzəli torpaqlarının Ermənistan tərəfindən işğalına son qoyaraq ərazi bütövlüyünü təmin etmiş, BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etmişdi. Otuz illik təcavüzün bitməsi yeni geosiyasi reallığa uyğun olaraq regionda əməkdaşlıq üçün imkanlar yaratmışdı. Bu baxımdan nəqliyyat-kommunikasiya xətlərinin açılması bölgəmiz üçün böyük iqtisadi perspektivlər vəd edir.
Hesab edirəm ki, Avropa İttifaqının hazırkı sədri qismində Fransanın təşəbbüsü ilə dördlü formatda keçirdiyimiz görüş və apardığımız danışıqlar regionda etimadın gücləndirilməsi, davamlı sülhün və sabitliyin təmin olunması üçün əlverişli imkan açmışdı.
Azərbaycan sülhün tərəfdarıdır. Biz ərazi bütövlüyü, suverenlik və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı kimi beynəlxalq hüququn fundamental baza prinsipləri əsasında Ermənistanla sülh sazişi üzrə danışıqlara başlamağa hazırıq. Ermənistanın bu məsələdə konstruktiv mövqe nümayiş etdirməli olduğunun vacibliyini vurğulayaraq Fransanın regionun sülh gündəliyini dəstəkləyəcəyinə ümidvarıq.
Hörmətli cənab Prezident,
Hazırda Azərbaycanın qarşısında duran əsas vəzifə çoxillik işğal nəticəsində dağıdılmış, tamamilə viran qoyulmuş ərazilərin bərpasıdır. Biz azad olunmuş ərazilərimizin minalardan təmizlənməsi prosesinə Fransanın verdiyi dəstəyi yüksək qiymətləndiririk. Eyni zamanda Ermənistan-Azərbaycan münaqişəsi zamanı 4000-ə yaxın itkin düşmüş soydaşımızın taleyinin aydınlaşdırılması məsələsinə ölkənizin göstərdiyi diqqəti alqışlayırıq.
UNESCO-nun üzvü kimi və onun Nizamnaməsinə uyğun olaraq Azərbaycan təşkilatın missiyasını öz ərazisində qəbul etmək niyyətini son onilliklər boyu rəsmi şəkildə dəfələrlə bəyan etmişdi. UNESCO-nun missiyasını üzv ölkənin suverenlik hüququna hörmət əsasında ölkəmizdə tezliklə görməyə hazırıq.
Azərbaycan Avropa İttifaqı ilə əməkdaşlığın şaxələndirilməsinə, eləcə də üzv ölkələr ilə əlaqələrin və dialoqun genişlənməsinə böyük önəm verir. Qarşıdan gələn aylarda ölkənizin Avropa İttifaqına sədrliyi çərçivəsində bu əlaqələrin daha da möhkəmlənəcəyinə inamımızı ifadə edirik.
Dərin hörmət və ehtiramlarımı izhar edirəm.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 7 mart 2022-ci il
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli 946 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 2, maddə 104 (Ci...
05 oktyabr 2026, 16:00
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə Jalə Fazil qızı Əliyeva “Şöhrət” ordeni il...
05 oktyabr 2026, 10:30Hörmətli cənab Prezident,
İraq Respublikasının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı yetirirəm.
İnanıram ki, dost xalqlarımızın mənafelərinə uyğun olaraq...
03 oktyabr 2026, 11:02Hörmətli cənab Prezident,
Koreya Respublikasının milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.
Azərbaycan ilə Koreya arasında əlaqələr dostluğa, qarşılıqlı hörmətə və səmərəli əməkdaşlığa ...
03 oktyabr 2026, 11:01Hörmətli cənab Prezident,
Ölkənizin milli bayramı – Alman Birliyi Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.
Azərbaycan Cənubi Qafqazda Almaniyanın ən mühüm və etibarlı tərəfdaşı olaraq ikitərəfli dö...
03 oktyabr 2026, 11:00
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasında və beynəlxalq səviyyədə cüdo idman növünün inkişafı sahəsində səmərəli fəaliyyətinə və verdiyi töhfəyə ...
03 oktyabr 2026, 10:04Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə və elmi-pedaqoji sahədə böyük xidmətlərinə görə Mis...
02 oktyabr 2026, 15:43