02 mart 2022, 18:45

Yelesin Vadim Anatolyeviçdən, Toronto, Kanada

Hörmətli cənab Prezident.

Sizə və ailənizə, bütün Azərbaycan xalqına ən səmimi və ən xoş arzularımı bildirir, möhkəm cansağlığı, firavanlıq və tərəqqi arzulayıram.

Mən Bakıda, Bibiheybətdə ilk neft quyusunun bərpa edilərək abidəyə çevrilməsi barədə xəbəri böyük maraq və sevinclə oxudum. Əlbəttə, bu, çox möhtəşəm və əlamətdar hadisədir.

Azərbaycan neftin Vətənidir. 1847-ci ildə məhz buradan, Bibiheybət torpaqlarının dərinliklərindən sənaye üsulu ilə neft hasilatı başlandı. Bu isə tarixdir - Azərbaycanın, Azərbaycan xalqının, faşizm üzərində Qələbədə əvəzsiz xidmətləri olan qəhrəman neftçilərin tarixidir!

Şəxsi ailə arxivlərimizdən bilirəm ki, Bibiheybətdə ilk sənaye neft quyusunun tədqiqində, istismarında və istifadəsində mənim əcdadım-Zaqafqaziya təhsil dairəsinin müvəkkili, Zaqafqaziya Vilayət Administrasiyasının üzvü, dövlət müşaviri Vasili Nikolayeviç Semyonov bilavasitə iştirak etmişdir.

Mən əcdadlarımın bilik və əməyinin bu gün də Azərbaycan xalqına xeyir və tərəqqi gətirdiyinə görə şad və qürurluyam. Ailəmin tarixinin Azərbaycan tarixinə qovuşduğunu bilmək çox xoşdur, bunu Bibiheybətdə dünyada sənaye üsulu ilə qazılmış ilk quyunun yerində Sizin tərəfinizdən abidənin açılışı da sübut edir.

İcazə verin, bir daha Sizə minnətdarlığımı bildirim, cansağlığı, ailənizə xoşbəxtlik arzulayım.

Dərin ehtiramla,

Yelesin Vadim Anatolyeviç.

Kanada, Toronto şəhəri.