74-cü Beynəlxalq Astronavtika Konqresinin 2023-cü ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

07 fevral 2022, 18:43

Azərbaycanda müasir texnologiyaların geniş tətbiqi, rəqəmsal inkişaf və kosmik sənaye quruculuğu sahəsində mühüm nailiyyətlər əldə edilmişdir. Ötən illərdə hərtərəfli dövlət dəstəyi ilə ölkədə kosmik sənaye üzrə müasir infrastruktur yaradılmış, informasiya təhlükəsizliyinin vacib komponenti olan telekommunikasiya peykləri orbitə buraxılmış, xarici dövlətlərin peyklərindən asılılıq aradan qaldırılmış və peyk xidmətlərinin ixracına başlanılmışdır. Mövcud peyk şəbəkəsi ölkəmizin suverenliyinin qorunması ilə yanaşı, onun sosial-iqtisadi inkişafına da mühüm dəstək verir. Uğurlu peyk layihələri sayəsində Azərbaycan dünya kosmik ailəsinin bir üzvünə çevrilərək beynəlxalq kosmik icmada böyük nüfuz qazanmışdır.

Kosmik sənaye və peyk xidmətləri sahəsində əldə edilmiş təcrübənin, formalaşmış yeni insan kapitalı və etibarlı tərəfdaş imicinin təzahürü olaraq, Azərbaycan 2023-cü ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququ qazanmışdır. İlk dəfə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə ‒ 1973-cü ildə Bakıda keçirilən Beynəlxalq Astronavtika Konqresinə 50 il sonra Azərbaycanın yenidən ev sahibliyi etməsi böyük rəmzi məna daşıyır.

Dünya miqyasında ən mötəbər tədbirlərdən biri olan bu Beynəlxalq Konqresin ikinci dəfə Azərbaycanda keçirilməsi ölkəmizdə kosmik sənayenin inkişafına, beynəlxalq kosmik icma və onu təmsil edən Beynəlxalq Astronavtika Federasiyası ilə əməkdaşlığın genişləndirilməsinə, habelə qlobal kosmos sənayesinə daha yaxından inteqrasiya istiqamətində əvəzolunmaz imkanlar yaradacaqdır.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 74-cü Beynəlxalq Astronavtika Konqresinin 2023-cü il oktyabrın 2–6-da Bakı şəhərində keçirilməsi ilə əlaqədar aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılsın:

Təşkilat Komitəsinin sədri

Azərbaycan Respublikasının Baş naziri

Təşkilat Komitəsi sədrinin müavini

Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri

Təşkilat Komitəsinin üzvləri

Azərbaycan Respublikasının xarici işlər naziri

Azərbaycan Respublikasının daxili işlər naziri

Azərbaycan Respublikasının maliyyə naziri

Azərbaycan Respublikasının fövqəladə hallar naziri

Azərbaycan Respublikasının səhiyyə naziri

Azərbaycan Respublikasının mədəniyyət naziri

Azərbaycan Respublikasının təhsil naziri

Azərbaycan Respublikasının gənclər və idman naziri

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri

Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı

Azərbaycan Respublikası Kosmik Agentliyinin (Azərkosmos) İdarə Heyətinin sədri

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti

“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri

Heydər Əliyev Mərkəzinin direktoru

Bakı Konqres Mərkəzinin direktoru.

2. Bu Sərəncamın 1-ci hissəsi ilə yaradılmış Təşkilat Komitəsi 74-cü Beynəlxalq Astronavtika Konqresinin 2023-cü il oktyabrın 2‒6-da Bakı şəhərində keçirilməsinə dair Tədbirlər Planı hazırlayıb həyata keçirsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 fevral 2022-ci il

SƏNƏDLƏR Sərəncamlar 28 noyabr 2026
12:30
Ə.A.Vəliyevin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:                               

Azərbaycan Respublikasında təhsil sahəsində xidmətlərinə görə Əhməd Abdulkərim oğlu Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ord...

28 noyabr 2026, 12:30
SƏNƏDLƏR Sərəncamlar 28 noyabr 2026
12:00
Ə.H.Əsədovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:                                                             

Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında xüsusi xidmətlərinə görə Əli Hidayət oğlu Əsədo...

28 noyabr 2026, 12:00
SƏNƏDLƏR Qanunlar 27 noyabr 2026
16:24
“Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə “TotalEnergies EP Absheron B.V.”, “SOCAR Absheron” və “ADNOC International ProjectCo 1 RSC Limited” şirkətləri arasında dəyişdirilmiş və yeni redaksiyada tərtib olunmuş Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikasının Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

1. 2026-cı il sentyabrın 26-da Bakı şəhərində imzalanmış “Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron dəniz ...

27 noyabr 2026, 16:24
SƏNƏDLƏR Fərmanlar 25 noyabr 2026
13:13
İxracda hesablaşmaların tənzimlənməsi ilə bağlı əlavə tədbirlər və Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 iyun tarixli 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ixracda hesablaşmaların aparılma qaydalarının təkmilləşdirilməsi və hesablaşmalara nəzarət prosedurlarının optimallaşdırılması məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikas...

25 noyabr 2026, 13:13
SƏNƏDLƏR Fərmanlar 25 noyabr 2026
13:12
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində “Beynəlxalq Meşə Təlim və Tingçilik Mərkəzi”nin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında meşə təsərrüfatının və tingçiliyin inkişaf etdirilməsi, meşə ehtiyatlarının dayanıqlı idarə olunması və meşəçilik sahəsində kadr potensialının güclənd...

25 noyabr 2026, 13:12