17 yanvar 2022, 18:31

Luçko Oksanadan, Lvov, Ukrayna

Hörmətli cənab Prezident.

İcazə verin, dost Azərbaycanın Ukraynaya xoş münasibətinə və qətiyyətli mövqeyinə görə Sizə təşəkkürümü bildirim. Ölkəmiz üçün ən çətin dövrlərdə Azərbaycan həmişə qardaş çiynini önə verir.

2020-ci ildə erməni qəsbkarları üzərində parlaq qələbədən və əzəli torpaqlarınızı azad etdikdən sonra Azərbaycan dünya ictimaiyyətinin gözündə öz dəmir yumruğu ilə düşmənin təzyiqini layiqincə dəf edən, bununla da bütün Azərbaycan xalqını birləşdirən qüdrətli dövlət kimi ucaldı. Təbii ki, bu, Sizin xalq birliyinin rəmzinə çevrilmiş xidmətlərinizin bəhrəsidir.

Ölkənizin rifahı üçün çalışan dövlət orqanlarının fəaliyyətini xüsusilə qeyd etmək istəyirəm. Fəaliyyətimlə əlaqədar mən tez-tez Azərbaycanın nümayəndələri ilə görüşlər keçirirəm və vurğulamaq istərdim ki, Azərbaycanda yetişdirilən kadrlar çox vətənpərvər və zəhmətkeşdirlər. Azərbaycan diasporunun fəaliyyətində də son vaxtlar müsbət irəliləyiş hiss olunur.

Ukraynada “Xarı bülbül” simpoziumunun, həmçinin “Azərbaycan-Ukrayna” beynəlxalq alyansının iştirakı ilə Kamenets-Podolsk şəhərində “Şuşa günləri”nin keçirilməsi barədə Azərbaycan nümayəndələrinin təklifləri ölkəmizdə xoş qarşılandı. “Şuşa günləri”nin məhz bu şəhərdə keçirilməsi təsadüfi deyil. Oranı ziyarət edən azərbaycanlılarının fikrincə, bu qala-şəhər öz qüllələri ilə Şuşanı xatırladır.    

Mən bu layihə ilə yaxından maraqlanarkən bu qədim şəhərin tarixi ilə tanış olduqdan sonra öyrəndim ki, Şuşa Qarabağ mədəniyyətinin beşiyidir. Şuşada keçirilən “Xarı bülbül” festivalında Sizin Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva və gözəl qızlarınızla birlikdə iştirakınız silinməz təəssürat yaratdı. Bu festivalda çoxşaxəli, multikultural repertuar Azərbaycanda yaşayan digər xalqlara qarşı tolerantlığın bir daha təsdiqi idi.

Bir daha Sizin Ukraynaya xoş, səmimi münasibətinizə görə təşəkkür edir, Azərbaycana sülh, firavanlıq və çiçəklənmə arzulayıram.

Hörmətlə,

Luçko Oksana

Lvov rayon Radasının deputatı

Ukrayna, Lvov şəhəri.