12 yanvar 2022, 15:36

Zahirə Hacıyevadan, Cəlilabad, Azərbaycan  

Hörmətli cənab Prezident.

Azərbaycan xalqı bu gün özünü çox xoşbəxt, qürurlu hiss edir. Çünki Vətən müharibəsində qalib gəlib, uzun illər həsrətində olduğu doğma torpaqlarını işğaldan azad edib. Bu misilsiz uğurun - Böyük Qələbənin təməlində Sizin məqsədyönlü və praqmatik siyasətiniz dayanır. Ordumuzun maddi-texniki bazası və vətənpərvərlik ruhu çox yüksək səviyyədədir, çünki bu Ordunun Ali Baş Komandanı Sizsiniz. Sizin qətiyyətiniz, iradəniz, Vətənə sevginiz hər bir əsgəri daha dözümlü olmağa, Vətən üçün hər an canla-başla vuruşmağa səsləyir.

Ölkəmizin hər bir bölgəsi kimi, Cəlilabad da qəhrəmanları və zəhmətkeş insanları ilə sayılıb-seçilir. Ulu öndər Heydər Əliyev rayonumuza hər zaman xüsusi önəm verərdi. Siz də prezidentliyiniz dövründə Cəlilabada tez-tez səfərlər edir, diqqət göstərirsiniz. Bu, təbii ki, bizi çox sevindirir. Bu gün Cəlilabad inkişaf edir, insanların əhval-ruhiyyəsi yüksəkdir. Vətən müharibəsindəki Qələbədən sonra ümidlərimiz daha da artıb. 

Sizi çox sevirik və daim Sizinləyik. Yorulmadan çalışmağınızın nəticəsidir ki, Azərbaycanın bütün regionlarında quruculuq və abadlıq işləri gedir. Bir daha Sizə təşəkkürümüzü bildirir, uğurlar arzulayırıq. Çox sağ olun.

Hörmətlə,

Hacıyeva Zahirə.

Azərbaycan Respublikası, Cəlilabad şəhəri.