Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (I kitab), maddə 202, № 3, maddələr 397, 403, 429, № 4, maddələr 631, 647, 654, № 5, maddələr 835, 846, № 6, maddələr 997, 1010, № 7, maddələr 1247, 1249, № 10, maddə 1608, № 11, maddələr 1769, 1774, 1781, 1783, 1786, 1788, № 12, maddələr 1984, 2000, 2009, 2024, 2049; 2017, № 1, maddə 21, № 2, maddələr 139, 147, 152, 162, № 3, maddələr 331, 344, № 5, maddələr 698, 701, 734, 749, 754, № 6, maddələr 1020, 1033, 1036, № 7, maddələr 1273, 1296, 1297, 1299, № 11, maddələr 1964, 1966, 1969, 1979, № 12 (I kitab), maddələr 2214, 2217, 2220, 2233, 2237, 2240,2253, 2256, 2266; 2018, № 1, maddə 19, № 2, maddələr 160, 162, 163 № 3, maddələr 383, 401, 404, № 4, maddə 646, № 5, maddələr 857, 860, 862, 876, 883, № 6, maddələr 1153, 1188, № 7 (I kitab), maddələr 1435, 1437, 1438, № 10, maddə 1963, № 11, maddələr 2188, 2191, 2214, 2217, 2231, № 12 (I kitab), maddələr 2473, 2475, 2499, 2507, 2512, 2522; 2019, № 1, maddələr 4, 6, 15, 18, 23, 44, № 3, maddələr 374, 389, № 4, maddələr 579, 581, 587, 595, № 5, maddələr 791, 800, 803, 804, 813, № 6, maddələr 992, 998, 1007, № 7, maddə 1193, № 8, maddələr 1364, 1367, 1368, 1381, 1383, № 11, maddələr 1682, 1686, 1696, № 12, maddələr 1883, 1900; 2020, № 3, maddə 222, № 5, maddələr 505, 515, 519, № 6, maddələr 670, 672, 681, № 7, maddələr 838, 841, 846, 854, № 8, maddələr 1008, 1011, № 11, maddələr 1332, 1333, 1336, № 12 (I kitab), maddələr 1432, 1440; 2021, № 4, maddə 306, № 5, maddə 428, № 6 (I kitab), maddələr 535, 541, 546, 560, № 7, maddələr 701, 705, 711, № 8, maddə 894; Azərbaycan Respublikasının 2021-ci il 5 noyabr tarixli 397-VIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 43.1-ci maddəyə “428.7,” rəqəmlərindən sonra “428.9,” rəqəmləri və “428.10,” rəqəmlərindən sonra “429.0.5,” rəqəmləri əlavə edilsin;
1.2. 398-ci maddənin “Qeyd” hissəsinin 1-ci bəndindən “401.1, 401.2,” rəqəmləri çıxarılsın;
1.3. 401-ci maddə aşağıdakı redaksiyada verilsin:
“Maddə 401. Qumar oyunları
401.1. Azərbaycan Respublikasının ərazisindən qumar oyunlarında iştirak üçün imkanların yaradılması, o cümlədən qumar oyunlarının oynanıldığı virtual mühitə çıxışın təmin edilməsinə görə –
fiziki şəxslər üç min manat məbləğində, vəzifəli şəxslər yeddi min manat məbləğində, hüquqi şəxslər qırx min manat məbləğində cərimə edilir.
401.2. Qumar oyunlarında iştirak üçün biletlərin (və ya biletə bərabər tutulan digər iştirak hüququnun) satışının təşkili və (və ya) satışına görə –
fiziki şəxslər üç min manat məbləğində, vəzifəli şəxslər yeddi min manat məbləğində, hüquqi şəxslər qırx min manat məbləğində cərimə edilir.
401.3. Qumar oyunlarında iştirak üçün mərclərin qəbul edilməsi, pul vəsaitlərinin, əşyaların və qeyri-maddi əmlak nemətlərinin qəbulu, köçürmələrin aparılması, uduşların ödənilməsi, uduşların, mükafatların və ya digər gəlirin verilməsi, bunların təşkili və bunlarla əlaqədar xidmətlərin göstərilməsinə görə –
fiziki şəxslər üç min manat məbləğində, vəzifəli şəxslər yeddi min manat məbləğində, hüquqi şəxslər qırx min manat məbləğində cərimə edilir.
401.4. Qumar oyunlarının təşkili, keçirilməsi, iştirak üçün biletlərin (və ya biletə bərabər tutulan digər iştirak hüququnun) satışı ilə, qumar oyunlarında iştirakla bağlı müştərinin ödəniş tapşırıqlarının və ya bank hesabı üzrə digər əməliyyatlarının bank əməliyyatları aparan şəxslər tərəfindən icrasına (aparılmasına) görə –
fiziki şəxslər üç min manat məbləğində, vəzifəli şəxslər yeddi min manat məbləğində, hüquqi şəxslər qırx min manat məbləğində cərimə edilir.
Qeyd:
1. Bu Məcəllədə “qumar oyunları” dedikdə pul vəsaitləri, maddi və sair nemət (uduş) barəsində oynanılan və uduşu qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan oyunlar (o cümlədən mərclər) başa düşülür.
2. “Lotereyalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada keçirilən lotereyalara və “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada keçirilən idman mərc oyunlarına bu maddənin qüvvəsi şamil edilmir.
3. Qumar oyunlarının təşkili və ya keçirilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244–1.1-ci maddəsi ilə cinayət məsuliyyətinə səbəb olur.”;
1.4. 428.9-cu maddə aşağıdakı redaksiyada verilsin:
“428.9. Qumar oyunlarının və ya belə oyunların təşkilatçısının (operatorunun) və satıcısının, o cümlədən keçirilməsi qadağan edilmiş və ya keçirilmə hüququ əldə edilməmiş stimullaşdırıcı lotereyaların və qeydiyyata alınmamış digər lotereyaların reklamına görə –
fiziki şəxslər üç min manat məbləğində, vəzifəli şəxslər yeddi min manat məbləğində, hüquqi şəxslər qırx min manat məbləğində cərimə edilir.”;
1.5. 429-cu maddə üzrə:
1.5.1. adına və 429.0-cı maddəyə “Lotereyalar” sözündən sonra “və idman mərc oyunları” sözləri əlavə edilsin;
1.5.2. 429.0.1-ci maddə ləğv edilsin;
1.5.3. 429.0.2-ci maddədə “yaratdığı qurumun” sözləri “müəyyən etdiyi orqanın (qurumun)” sözləri ilə əvəz edilsin;
1.5.4. aşağıdakı məzmunda 429.0.4-cü və 429.0.5-ci maddələr əlavə edilsin:
“429.0.4. İdman mərc oyunlarının təşkili və keçirilməsi sahəsində idman mərc oyunlarının operatoru tərəfindən “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməməsinə görə –
fiziki şəxslər səkkiz yüz manatdan doqquz yüz manatadək məbləğdə, vəzifəli şəxslər min manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min manatdan doqquz min manatadək məbləğdə cərimə edilir.
429.0.5. İdman mərc oyunlarının satıcısı tərəfindən yetkinlik yaşına çatmayanların idman mərc oyunlarında birbaşa və ya dolayı iştirakına yol verilməsinə görə –
min manat məbləğində cərimə edilir.”;
1.5.5. “Qeyd” hissəsi ləğv edilsin;
1.6. 471-ci maddənin dispozisiyasından “idman mərc oyunlarının operatorları,” və “lotereya təşkilatçısı” sözləri çıxarılsın;
1.7. 525-ci maddə üzrə:
1.7.1. sanksiyada “müsadirə edilməklə dörd yüz manatdan altı yüz manatadək məbləğdə” sözləri “, qazanılmış uduş, mükafat və ya digər gəlir müsadirə edilməklə üç min manat məbləğində” sözləri ilə əvəz edilsin;
1.7.2. “Qeyd” hissəsi ləğv edilsin.
Maddə 2. Bu Qanun 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 dekabr 2021-ci il