Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Sizi yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edirəm.
Sizin Azərbaycana rəhbərlik etdiyiniz dövr ərzində əldə edilən uğurlar siyasi və iqtisadi imkanlarımızın genişlənməsinə səbəb olub ki, bununla da ölkəmizin bölgədə və beynəlxalq arenadakı mövqeləri daha da möhkəmlənib. Yürüdülən siyasət Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını xeyli dərəcədə artırıb. Qürurverici haldır ki, bu gün regionda reallaşdırılan bütün beynəlxalq və irimiqyaslı layihələr Azərbaycanın iştirakı, həmçinin milli maraqlarımız nəzərə alınmaqla həyata keçirilir. Azərbaycan bu gün həm də bütün dünyada bir çox transmilli layihələrin təşəbbüskarı və uğurlu icraçısı, etibarlı tərəfdaş olaraq tanınır.
Bu gün birmənalı olaraq demək olar ki, Sizin Azərbaycana rəhbərlik etdiyiniz dövrdə gördüyüniz uğurlu işlərin zirvəsində ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş Vətən müharibəsi və 30 ilə yaxın müddət ərzində işğal altında qalan torpaqlarımızın azad olunması dayanır. Sizin Ali Baş Komandan olaraq qətiyyətli və səmərəli rəhbərliyiniz altında ötən il qazanılmış Qarabağ Zəfəri xalqımızın qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazılmaqla yanaşı, bütün Türk dünyasına sonsuz sevinc və qürur hissi yaşatdı. Bu möhtəşəm Qələbə sayəsində Azərbaycan qalib ölkəyə, xalqımız qalib xalqa çevrildi və nəticə etibarilə regionda yeni reallıqlar yarandı.
Məlum həqiqətdir ki, müharibəni qalibiyyətlə başa vurmaq üçün güclü, nizamlı və müasir silahlarla silahlanmış orduya malik olmaq başlıca şərtdir. Bu mənada xüsusi olaraq vurğulamaq istəyirəm ki, ölkəyə rəhbərlik etdiyiniz dövr ərzində bu sahəyə ciddi önəm verilib, Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması, Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində ardıcıl tədbirlər görülüb. Məhz bunun nəticəsidir ki, Azərbaycan Ordusu hazırda dünyanın ən güclü 50 ordusu sırasında yer alır və bu Ordu 2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təcavüzünə cavab olaraq Vətən savaşına başlayaraq dünyanı heyrətə salan hərbi uğurlara imza atmış oldu. 30 ilə yaxın müddətdə işğal altında qalan torpaqlarımız 44 gün ərzində azad olundu. Bununla da BMT Təhlükəsizlik Şurasının 27 il ərzində kağız üzərində qalmış qətnamələrini Azərbaycan özü icra etdi.
Bu möhtəşəm Qələbənin əldə olunması üçün siyasi baxışlarından və sosial mövqeyindən asılı olmayaraq hər bir azərbaycanlı Ali Baş Komandan olaraq Sizin əmrinizdə və dövlətinin, ordusunun yanında oldu ki, bu da Qələbəni şənləndirən əsas amillərdən biri olmaqla yanaşı, aparılan düzgün siyasətin nəticəsidir. Bu mənada Sizin bilavasitə göstərişinizlə Prezident Administrasiyasında Siyasi partiyalarla və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin təsis edilməsini və şöbənin iki il ərzində gördüyü səmərəli iş sayəsində ölkədə fəaliyyət göstərən siyasi partiyalarla dialoq mühitinin formalaşmasını yüksək qiymətləndirir və siyasi partiyalara ayırdığınız diqqətə görə Sizə bir daha təşəkkürlərimizi çatdırmağı vacib bilirəm.
Cənab Prezident, bu əlamətdar gündə bir daha doğum gününüzü təbrik edir, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq, Azərbaycan xalqının rifahı naminə ali və məsul dövləti fəaliyyətinizdə yeni uğurlar arzulayıram. Əminəm ki, zəngin dövlətçilik və siyasi fəaliyyət təcrübəniz bundan sonra da Azərbaycan Respublikasının dinamik inkişafına yeni uğurlar bəxş edəcəkdir.
Hörmətlə,
Arzuxan Əlizadə
Azərbaycan Milli İstiqlal Partiyasının sədri