11:00
Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının, habelə onların ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
23 dekabr 2021, 16:33Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının 1997-ci il 20 may tarixli 296-IQ nömrəli Qanunu 1997-ci il avqustun 2-də qüvvəyə minənədək Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının, habelə onların ailə üzvlərinin sosial müdafiəsini gücləndirmək məqsədilə qərara alıram:
1. 1997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan halların baş verməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə aşağıdakı məbləğlərdə birdəfəlik ödəmə verilsin:
1.1. I dərəcə əlilliyə görə – 8 800 manat;
1.2. II dərəcə əlilliyə görə – 6 600 manat;
1.3. III dərəcə əlilliyə görə – 4 400 manat;
1.4. bu Fərmanın 1-ci hissəsində göstərilən kateqoriyadan olan hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə – vəfat etmiş şəxsin əlillik dərəcəsinə uyğun olaraq bu Fərmanın 1.1–1.3-cü bəndlərində nəzərdə tutulan məbləğdə.
2. Müəyyən edilsin ki:
2.1. bu Fərmanın 1-ci və 8-ci hissələrində nəzərdə tutulmuş ödənişlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilir;
2.2. bu Fərmanın 5.1-ci bəndi nəzərə alınmaqla, birdəfəlik ödəmənin verilməsi bu Fərmanın 1-ci hissəsində müəyyən edilmiş məbləğlərdə sığorta ödənişi almış və barəsində sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olan hərbi qulluqçulara və daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə şamil edilmir.
3. Birdəfəlik ödəmənin verilməsi qaydasına dair təkliflərin hazırlanması, bu istiqamətdə yerinə yetiriləcək işlərin əlaqələndirilməsi məqsədilə aşağıdakı tərkibdə Komissiya yaradılsın:
Komissiyanın sədri
Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri
Komissiyanın üzvləri
Azərbaycan Respublikası müdafiə nazirinin müavini
Azərbaycan Respublikası daxili işlər nazirinin müavini
Azərbaycan Respublikası ədliyyə nazirinin müavini
Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini
Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti rəisinin müavini
Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi rəisinin müavini
Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti rəisinin müavini
Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini
Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin sədri.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
4.1. bu Fərmanın 3-cü hissəsi ilə yaradılan Komissiyanın təklifləri əsasında birdəfəlik ödəmənin verilməsi qaydasını iki ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;
4.2. bu Fərmanın 1-ci və 8-ci hissələrində nəzərdə tutulmuş ödənişlərin verilməsi üçün Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsindən ilkin olaraq 50,0 (əlli) milyon manat vəsait ayrılması üçün tədbirlər görsün;
4.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
5. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi:
5.1. bu Fərmanın 1-ci və 8-ci hissələrində nəzərdə tutulmuş ödənişlərin verilməsini bu Fərmanın 4.1-ci bəndində nəzərdə tutulan qaydaya uyğun olaraq təmin etsin;
5.2. bu Fərmanın 1-ci və 8-ci hissələrində nəzərdə tutulmuş ödənişlərin nağdsız qaydada müvafiq şəxslərin bank hesabına köçürülməsini təmin etsin və bu barədə həmin şəxslərə məlumat versin;
5.3. bu Fərmanın 1-ci və 8-ci hissələrində nəzərdə tutulmuş ödənişlərin verilməsi başa çatdıqdan sonra tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun xüsusi bank hesabına bu məqsədlə köçürülmüş vəsaitin qalığının dövlət büdcəsinə qaytarılmasını təmin etsin;
5.4. bu Fərmanda verilən tapşırıqların icrası ilə əlaqədar görülmüş işlər barədə Azərbaycan Respublikasının Prezidentinə illik hesabat təqdim etsin.
6. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi:
6.1. bu Fərmanın 1-ci və 8-ci hissələrində nəzərdə tutulmuş ödənişlərin verilməsi üçün ayrılacaq vəsaitin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun xüsusi bank hesabına köçürülməsini təmin etsin;
6.2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təqdim etdiyi məlumatlar əsasında bu Fərmanın 1-ci və 8-ci hissələrində nəzərdə tutulmuş ödənişlərin verilməsi ilə əlaqədar maliyyələşmənin həyata keçirilməsi üçün tələb olunan vəsaitin müvafiq illərin dövlət büdcəsində nəzərdə tutulmasını təmin etsin.
7. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi, Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının siyahısını iki ay müddətində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etsinlər.
8. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 1997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan halların baş verməsi nəticəsində əlilliyinin müəyyən edilməsi ilə əlaqədar sığorta ödənişinin verilməsinə dair barəsində qanuni qüvvəyə minmiş məhkəmə aktı olan hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının siyahısını bir ay müddətində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etsin.
9. Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkəti 1997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan halların baş verməsi nəticəsində əlilliyinin müəyyən edilməsi ilə bağlı bu Fərmanın 1-ci hissəsində müəyyən edilmiş məbləğdə sığorta ödənişi verilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının siyahısını bir ay müddətində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 dekabr 2021-ci il
11:00
15:45
15:25
15:05
15:01
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 3-də Zəngilan şəhərində altıncı yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak edib.
Dövlətimizin başçısına yaşayış kompleksi barədə məlumat verildi.
Bildirildi ki,...
03 oktyabr 2024, 15:0115:00
14:50
14:00
13:45
13:13
12:55
12:20