Azərbaycan və Tacikistan prezidentlərinin geniş tərkibdə görüşü olmuşdur

12 iyul 2012, 12:10
Azərbaycan və Tacikistan prezidentlərinin geniş tərkibdə görüşü olmuşdur

Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olmuşdur.

Azərbaycan dövlətinin başçısı İlham ƏLİYEV görüş iştirakçılarına müraciətlə dedi:

- Hörmətli Emoməli Şərifoviç!

Hörmətli qonaqlar!

İcazə verin, Sizi Azərbaycanda bir daha ürəkdən salamlayım. xoş gəlmişsiniz!

Dəvətimizi qəbul edib ölkəmizə rəsmi səfərə gəldiyiniz üçün Sizə təşəkkür edirəm. Biz Sizin səfərinizə və bütövlükdə dövlətlərimiz arasında yaxşı tarixə və gözəl perspektivə malik olan münasibətlərə çox böyük əhəmiyyət veririk. Bu gün biz Sizinlə siyasi və iqtisadi sahələrdə ikitərəfli münasibətlərin mühüm məsələlərinə dair fikir mübadiləsi apardıq, konkret məsələlərin həlli yollarını qeyd etdik. Sizin səfərinizin müsbət məzmun kəsb etməsi üçün bu gün müvafiq qurumlara konkret tapşırıqlar veriləcəkdir.

Ümid edirəm ki, səfər çox uğurlu olacaqdır. İmzalayacağımız sənədlər də qarşılıqlı münasibətlərin inkişafı üçün yaxşı yeni baza yaradır. Xalqlarımız arasında tarixən çox yaxın, qardaşlıq münasibətləri vardır. Bu münasibətlər dövlətlərimizin qarşılıqlı maraqları ilə möhkəmlənir. Biz beynəlxalq məsələlərdə, beynəlxalq qurumlarda da fəal əməkdaşlıq edirik. Bir-birimizi dəstəkləyirik və dəstəkləyəcəyik. Əlbəttə ki, Sizin ölkəni özümüzə dost və qardaş hesab edirik. Bütün istiqamətlər üzrə fəal əməkdaşlığın davam etdiriləcəyinə ümidvarıq. Buna görə də Sizin səfəriniz bizim münasibətlər üçün xüsusi əhəmiyyət kəsb edir. Əminəm ki, bu səfər əlaqələrimizin inkişafına yeni təkan verəcək və gələcəkdə ölkələrimizin və xalqlarımızın rifahı naminə iki dost, qardaş dövlət kimi fəal qarşılıqlı əlaqə saxlayacağıq.

Bir daha xoş gəlmişsiniz.

X X X

Tacikistan Respublikasının Prezidenti Emoməli RƏHMON səmimi qəbul üçün minnətdarlığını bildirərək dedi:

- Hörmətli İlham Heydər oğlu!

Əziz azərbaycanlı dostlar!

İcazə verin, hər şeydən əvvəl, bizi ölkənizə rəsmi səfərə dəvət etdiyinizə görə bir daha səmimi təşəkkürümüzü bildirim. Bizə göstərdiyiniz səmimi qonaqpərvərliyə görə Sizə və Sizin şəxsinizdə Azərbaycan Hökumətinə və dost Azərbaycan xalqına minnətdarıq.

Biz bu səfərə böyük əhəmiyyət veririk və onu əsası 2007-ci ildə yüksək səviyyədə qarşılıqlı səfərlərlə qoyulmuş daimi əlaqələrimizin məntiqi davamı kimi qəbul edirik.

Hörmətli İlham Heydər oğlu, bu baxımdan biz Sizin Tacikistana səmərəli səfərinizi xüsusi hərarətlə xatırlayırıq. Bu səfər iki ölkənin bütün istiqamətlər üzrə qarşılıqlı faydalı əməkdaşlığının inkişafına güclü təkan vermişdir.

Tacikistan Azərbaycan Respublikası ilə səmimi, dolğun və konstruktiv dövlətlərarası münasibətləri yüksək qiymətləndirir və bu münasibətlərin daha da inkişaf etdirilməsinə xüsusi diqqət yetirir.

Bu gün Tacikistan-Azərbaycan əlaqələri çoxşaxəlidir və əməkdaşlığın mühüm istiqamətlərini əhatə edir. BMT, ATƏT, MDB, İqtisadi Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və bir sıra başqa beynəlxalq və regional birliklərin üzvləri olan ölkələrimizin obyektiv olaraq üst-üstə düşən maraq dairəsi genişdir. Bu, bizim imkanlarımızın bir-birini qarşılıqlı tamamladığı sahələrdə konkret birgə layihə və proqramların həyata keçirilməsində təcəssüm etməlidir. Bu baxımdan, tərəflərin qarşılıqlı əlaqələrinin digər universal və regional mexanizmləri, habelə ümumi qayğı mövzusu olan qlobal problemlər barəsində mövqelərin qarşılıqlı dəstəklənməsi iki ölkənin səylərinin əlaqələndirilməsi üçün əlverişli məkandır.

Çox sağ olun.

gallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 12 may 2025
15:27
“İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 29 mart tarixli 3851 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 29...

12 may 2025, 15:27
SƏNƏDLƏR Fərmanlar 12 may 2025
15:25
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 21 fevral tarixli 535 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyası haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 21 fevral tarixli 535 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

12 may 2025, 15:25
SƏNƏDLƏR Qanunlar 12 may 2025
15:23
“Azərbaycan Respublikası Hökuməti ilə Somali Federativ Respublikası Hökuməti arasında müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

2025-ci il fevralın 12-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası...

12 may 2025, 15:23