Azərbaycan və Tacikistan prezidentləri mətbuata bəyanatlarla çıxış etmişlər
12 iyul 2012, 14:25
Ali ordenlərin təqdim edilməsi mərasimi başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon mətbuata bəyanatlarla çıxış etmişlər.
Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı
-Hörmətli cənab Prezident!
Əziz Emoməli Şərifoviç!
Əziz qonaqlar, dostlar!
Bu gün mən Tacikistan Respublikasının Prezidenti möhtərəm Emoməli Şərifoviçi ölkəmizdə bir daha ürəkdən salamlayıram.
Tacikistan Prezidentinin rəsmi səfəri bizim ikitərəfli münasibətlərin tarixində mühüm hadisədir. Bu, Tacikistan Prezidentinin ikinci rəsmi səfəridir. Özlüyündə bu fakt ölkələrimiz arasında münasibətlərin səviyyəsinin göstəricisidir. Bizi tarix birləşdirir, bizi bu günümüz birləşdirir. Mənə çox xoşdur ki, müstəqillik illəri ərzində ölkələrimiz böyük dostlara, tərəfdaşlara çevrilmişlər, beynəlxalq arenada fəal qarşılıqlı əlaqə saxlayır, konkret siyasi və iqtisadi əməkdaşlıq məsələlərini həll edirlər.
Müstəqil dövlətlərimiz arasında münasibətlərin təməli hörmətli Emoməli Şərifoviç Rəhmon və Azərbaycan Prezidenti Heydər Əlirza oğlu Əliyev tərəfindən qoyulmuşdur. Bu gün uğurla inkişaf edən münasibətlərin əsası məhz onların rəhbərliyi ilə yaradılmışdır. Xalqlarımız arasında dostluq və qardaşlıq ənənələri davam edir, möhkəmlənir, yeni formalar kəsb edir. Biz beynəlxalq qurumlarda fəal qarşılıqlı əlaqə saxlayır, bir-birimizi qarşılıqlı dəstəkləyirik.
Mən bu gün Emoməli Şərifoviçə Azərbaycan BMT Təhlükəsizlik Şurasına üzv seçilərkən onun namizədliyini dəstəklədiyinə görə artıq təşəkkür etmişəm, Tacikistan Prezidentinə hamınızın qarşısında bir daha təşəkkür etmək istəyirəm. Biz bu dəstəyi çox yüksək qiymətləndiririk, bu dəstək bizə çox kömək etdi. Mən onu da demişəm ki, biz Təhlükəsizlik Şurasının üzvü kimi Tacikistan tərəfindən irəli sürüləcək bütün təşəbbüsləri dəstəkləyəcəyik. Biz İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində də əməkdaşlıq edirik, MDB-də, İƏT-də bir-birimizi dəstəkləyirik. Başqa sözlə desək, beynəlxalq baxımdan harmoniya və qarşılıqlı dəstək vardır.
Bu gün konkret iqtisadi əməkdaşlıq layihələri müzakirə edilmiş, iqtisadi əlaqələrin fəallaşdırılmasına dair yeni təşəbbüsləri və təklifləri qısa müddətdə hazırlamaq üçün nümayəndə heyətlərinin müvafiq üzvlərinə tapşırıqlar verilmişdir. Bunlar energetika, iqtisadiyyat, sənaye, habelə investisiya məsələlərinə aiddir. Yəni, bütün müvafiq göstərişlər verilmişdir və mən əminəm ki, bu göstərişlər həyata keçiriləcək, görülən tədbirlər nəticəsində ölkələrimiz arasında əmtəə dövriyyəsini qısa müddətdə xeyli, ola bilsin ki, dəfələrlə artırmağa nail olacağıq. İqtisadi əməkdaşlıq məsələlərini fəal həll etmək üçün yaxşı imkanlar, ən başlıcası, siyasi iradə vardır. Bunların köməyi ilə ölkələrimiz bir-birinə daha yaxın olacaq, daha sıx qarşılıqlı fəaliyyət göstərəcəklər, beləliklə mövqelərimiz möhkəmlənəcəkdir. Mərkəzi Asiyada Tacikistan, Xəzər və Qafqaz regionunda Azərbaycan regional məsələlərdə mühüm rol oynayır və biz səylərimizi birləşdirməklə daha böyük uğurlar qazana bilərik.
Mən hörmətli Emoməli Şərifoviçə bizim layihələr barədə, ilk növbədə Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi barədə məlumat vermişəm. Bu yol region ölkələrinə yüklərini daşımaq üçün yeni, səmərəli, qənaətli, sərfəli yollar açmaq imkanı yaradacaq, həmçinin regional inteqrasiyaya kömək edəcəkdir. Biz bir sıra başqa konkret layihələri müzakirə etdik, göstərişlər verildi və mən əminəm ki, həmin göstərişlərin hamısı reallaşacaqdır.
Bizim humanitar sahədə əməkdaşlığımız həmişə qarşılıqlı maraq, qarşılıqlı hörmət ilə fərqlənmişdir. Xalqlarımızın mədəniyyəti, ənənələri, həyat tərzi bir-birinə yaxındır və əlbəttə, mədəni sahədə mübadilə xüsusi əhəmiyyət kəsb edir. Bu gün imzalanmış, o cümlədən humanitar xarakterli – təhsil, mədəniyyət sahəsində mühüm sənədlər xalqlarımızı daha da yaxınlaşdıracaq, biz daha sıx ünsiyyət saxlayacaq, daha sıx dostluq edəcəyik.
Hörmətli Prezidenti ölkəmizdə bir daha salamlamaq istəyirəm. Bizim dəvətimizi qəbul edərək Azərbaycana gəldiyinə görə ona təşəkkür etmək, bütün qardaş Tacikistan xalqına yeni uğurlar və firavanlıq arzulamaq istəyirəm. Sağ olun.
Tacikistan Prezidenti Emoməli Rəhmonun bəyanatı
-Çox sağ olun, hörmətli İlham Heydər oğlu!
Hörmətli kütləvi informasiya vasitələri nümayəndələri!
Hörmətli xanımlar və cənablar!
Tacikistan 2007-ci il martın 15-də iki ölkə arasında dostluq və əməkdaşlıq haqqında müqavilədə təsbit edilmiş prinsiplər əsasında Azərbaycan ilə çoxplanlı əməkdaşlığın inkişafına prioritet əhəmiyyət verir. Azərbaycana budəfəki səfərin yekunları çoxəsrlik dostluq telləri və ümumi mədəni dəyərlərlə, qədim ənənələrə malik mehriban münasibətlərlə bir-birinə bağlı olan iki dövlətin, tacik və Azərbaycan xalqlarının qarşılıqlı münasibətlərinin inkişafında daha bir addımdır.
Ali səviyyədə qarşılıqlı rəsmi səfərlərdən beş il keçir. Bununla əlaqədar, biz qarşılıqlı münasibətlərimizin 2007-ci ildə yaradılmış müqavilə-hüquqi baza əsasında keçdiyi yola yekun vurduq və müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın yeni, hələ istifadə edilməmiş imkanlarını gerçəkləşdirməyin yolları və üsulları üzərində diqqəti cəmləşdirmişik. Biz İlham Heydər oğlu ilə qarşılıqlı faydalı və konstruktiv danışıqlar apardıq. Bu danışıqların gedişində ikitərəfli xarakter daşıyan məsələlərin geniş dairəsini müzakirə etdik, ölkələrimizdə və regionlarımızda vəziyyət, hər iki tərəfi narahat edən beynəlxalq problemlər barədə fikir mübadiləsi apardıq.
Görüşün və nümayəndə heyətlərinin danışıqlarının yekunlarına əsasən, qarşılıqlı fəaliyyətin mövcud müqavilə-hüquqi bazasını möhkəmlədən zəruri ikitərəfli sənədlər paketi imzalanmışdır. Onların sırasında 2013-2015-ci illər üçün ölkələrimiz arasında İqtisadi Əməkdaşlıq Proqramını xüsusi qeyd etmək istərdim.
Danışıqların gedişində qarşılıqlı maraq doğuran başqa məsələlərə, o cümlədən BMT, ATƏT, MDB, İqtisadi Əməkdaşlıq Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində qarşılıqlı fəaliyyətimizin vəziyyəti və perspektivləri məsələlərinə də toxunulmuşdur. Biz mövqelərimizi əlaqələndirmək və beynəlxalq aləmdə bir-birimizin təşəbbüslərini dəstəkləmək məqsədilə siyasi dialoqu müntəzəm əsasda davam etdirmək barədə razılığa gəldik.
Tacikistan və Azərbaycan, xüsusən ticari-iqtisadi və nəqliyyat-tranzit sahələrində bizim əməkdaşlıq münasibətlərini daha yüksək səviyyəyə çatdırmaq üçün mövcud potensialdan istifadə etmək əzmindədirlər. Ümid edirik ki, birinci iclası cari ilin mart ayında Düşənbədə keçirilmiş Ticari-İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya hər iki ölkənin zəngin potensialından səmərəli istifadə edilməsi, iqtisadi və mənəvi-mədəni xarakterli mənafelərimizin üst-üstə düşdüyü sahələrdə əməkdaşlığı intensivləşdirmək və fəallaşdırmaq üçün səy göstərəcəkdir.
Demək istəyirəm ki, səfərin gedişi və yekunları, ali səviyyədə baş tutmuş dialoq bizi qane edir və biz dövlətlərarası münasibətlərimizin gələcəyinə nikbinliklə baxırıq. Bizim münasibətlərimizin perspektivləri, görüşümüzün gedişində nazirlik və idarələrin rəhbərlərinə verilmiş tapşırıqlar barədə mənim dostum, hörmətli İlham Heydər oğlunun indicə dediyi fikirlərlə tam razıyam. Düşünürəm ki, bu səfər bütün istiqamətlər üzrə ikitərəfli əməkdaşlığımıza yaxşı təkan verəcəkdir.
Mən böyük məmnuniyyətlə dostum, Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyevi ölkəmizə rəsmi səfərə dəvət etdim. Güman edirəm ki, dialoqumuzun Düşənbədə davam etdirilməsi səmərəli və qarşılıqlı faydalı münasibətlərimizi daha da genişləndirmək və dərinləşdirmək yollarını göstərməyə imkan verəcəkdir.