16:37
Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:
Orxan Rüfət oğlu Hüseynzadə Ağdaş Rayon İcra Hakimiyyətinin...
01 noyabr 2024, 16:37Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir.
Dövlət başçısı iclası giriş nitqi ilə açdı.
Azərbaycan Prezidenti İlham Əliyevin giriş nitqi
- Nazirlər Kabinetinin bugünkü toplantısı ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr edilmişdir. Bu toplantılar ənənəvi xarakter daşıyır. Keçən dəfə ilin birinci rübünə yekun vuraraq qeyd edildi ki, 2012-ci il Azərbaycan iqtisadiyyatı üçün çox uğurlu il olacaqdır. İlin birinci ayları iqtisadi cəhətdən çox müsbət idi və bu, bizə imkan verirdi ki, ümumiyyətlə, 2012-ci ili Azərbaycan iqtisadiyyatı üçün növbəti uğurlu il kimi qiymətləndirək.
Altı ayın yekunları bu fikirləri bir daha təsdiqləyir. Çünki altı ayda ölkə iqtisadiyyatı uğurla inkişaf etmiş və qarşıda duran bütün vəzifələr icra edilmişdir. Ümumi daxili məhsul 1,5 faiz artmışdır. Bu rəqəm əvvəlki dövrlərlə müqayisədə o qədər də böyük rəqəm deyildir. Ancaq ölkəmizin ümumi iqtisadiyyatı artdıqca hər bir faizin daha da böyük qiyməti və dəyəri vardır. Onu qeyd edə bilərəm ki, iqtisadiyyatın hər bir faizi təxminən 700 milyon dollara bərabərdir və iqtisadiyyatımızın 1,5 faiz artımı onu göstərir ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə ölkədə 1 milyard dollar dəyərində çox məhsul istehsal edilmişdir.
Ancaq bizi daha çox sevindirən qeyri-neft iqtisadiyyatımızın inkişafı olmuşdur. Bu, demək olar ki, iqtisadi siyasətimizin əsas istiqamətidir və altı ayda qeyri-neft iqtisadiyyatımız 11,3 faiz artmışdır. Bu, hesab edirəm ki, dünya miqyasında ən yüksək göstəricidir. Ümumi iqtisadiyyatımızın cəmi 1,5 faiz artımının səbəbi ondan ibarətdir kİ, neft hasilatında müəyyən dərəcədə azalma müşahidə edilir. Nəzərə alsaq ki, neft sektoru iqtisadiyyatımızın böyük hissəsini təşkil edir, əlbəttə, bu azalma istər-istəməz ümumi göstəricilərə də təsir göstərir. Ancaq biz bundan sonrakı illərdə də əsas diqqətimizi qeyri-neft iqtisadiyyatımızın inkişafına yönəldəcəyik və ilin altı ayının yekunları Azərbaycanda aparılan islahatların məntiqi nəticəsidir. Sənaye istehsalının ümumi həcmi 3 faiz azalmışdır. Bunun da səbəbi neft hasilatının aşağı düşməsi olmuşdur. Ancaq qeyri-neft sənayemizin inkişafı 8,3 faiz səviyyəsindədir. Bu da son illər ərzində sənayeləşmə proqramının icrasının nəticəsidir. Ölkəmizin müxtəlif bölgələrində, Bakı şəhərində yeni böyük və kiçik müəssisələr işə düşür, yeni iş yerləri açılır. Beləliklə, sənayeləşmə proqramı uğurla icra edilir. Növbəti illərdə bu məsələyə daim diqqət göstəriləcəkdir. Bu il və gələn illərdə yeni sənaye müəssisələrinin işə düşməsi qeyri-neft sektorumuzu daha da gücləndirəcəkdir.
Birinci üç ayda investisiyalar 4,3 milyard dollar təşkil etmişdir. Hələ ki, altı ayın investisiya rəqəmləri hesablanır və bu da müsbət göstəricidir. Keçən illə müqayisədə ölkə iqtisadiyyatına qoyulan investisiyalar 30 faiz artmışdır. Əgər biz ilin sonuna qədər bu templə işləsək və mən hesab edirəm ki, temp daha da yüksək olmalıdır, - təqribən 18, bəlkə də 19 milyard dollar investisiyaya çatacağıq. Bu da əhalisi o qədər çox olmayan Azərbaycan kimi ölkə üçün böyük rəqəmdir. Nəzərə alsaq ki, hər il 10 milyard dollardan az olmayaraq investisiyalar qoyulur, növbəti illərdə ölkə qarşısında duran bütün infrastruktur və sosial məsələlər öz həllini tapacaqdır.
Makroiqtisadi vəziyyət çox müsbətdir, sabitdir. İnflyasiya cəmi 2,2 faizdir. İstehlak bazarına, qiymətlərə daim diqqət göstərilir. Əhalinin pul gəlirləri isə 14,2 faiz artmışdır. Yəni, inflyasiya ilə əhalinin pul gəlirləri arasında 12 faiz fərq vardır. Bu da real gəlirlərin nə qədər yüksək templərlə artmasına dəlalət edir.
Altı ayda kənd təsərrüfatı 10,4 faiz artmışdır. Hesab edirəm ki, bu da son illər üçün rekord göstəricidir. Biz bu göstəricini gəzləyirdik, bilirdik. Çünki son müddət ərzində kənd təsərrüfatının inkişafına göstərilən diqqət, qoyulan investisiyalar, aparılan islahatlar məhsuldarlığı artırır. Dövriyyəyə buraxılan və buraxılacaq yeni əkin sahələri əlbəttə ki, gələcək illərdə də kənd təsərrüfatının inkişafına daha da böyük təkan verəcəkdir.
Yəni, əsas iqtisadi göstəricilər bundan ibarətdir. Bu gün əlbəttə, bu barədə daha da geniş danışacağıq, məlumatlar veriləcəkdir. Ancaq ilin altı ayı onu göstərir ki, 2012-ci il də ölkə iqtisadiyyatı üçün uğurlu il olacaqdır. Keçən rübdə əfsuslar olsun ki, biz yenidən təbii fəlakətlə üzləşmişdik. Şimal-qərb bölgəsində güclü zəlzələ baş vermişdir, minlərlə ev uçub dağılmışdır, yararsız vəziyyətə düşmüşdür, məktəblər, tibb ocaqları, sosial infrastruktur dağılmışdır. Ancaq operativ tədbirlərin görülməsi nəticəsində bu böyük zəlzələnin fəsadları aradan qaldırılır. Operativ qaydada ehtiyat fondundan və dövlət büdcəsindən əlavə vəsaitin ayrılması məsələləri də öz həllini tapmışdır. Mən zəlzələ bölgəsində vəziyyətlə tanış olarkən sakinlərə bildirdim ki, qısa müddət ərzində onlar üçün daha da gözəl evlər tikiləcək, bütün sosial infrastruktur yenilənəcək, tikiləcək və onların yaşayış şəraiti daha da yaxşı olacaqdır.
Yəni, birinci dəfə deyil ki, biz təbii fəlakətlərlə üzləşirik. İki il əvvəl böyük daşqına məruz qaldıq. O, sınaqdan da şərəflə çıxdıq. Minlərlə ev tikilmişdir, kompensasiya ödənilmişdir və bu proses hələ də davam edir. Əlavə vəsaitin ayrılmasına da biz müsbət baxdıq. Zəlzələ bölgəsində də eyni yanaşma tətbiq olundu. Çünki ilk növbədə, biz Azərbaycan vətəndaşlarının normal, rahat yaşamasına çalışmalıyıq və bütün evlər dövlət hesabına yenidən tikiləcəkdir.
Mən daşqından sonrakı dövrdə bu məsələ ilə bağlı fikirlərimi bildirmişdim, bir daha demək istəyirəm ki, inkişaf etmiş ölkələrdə dövlət öz üzərinə bu maliyyə öhdəliyini götürmür. Çünki orada bütün evlər sığortalanıb. Hər bir vətəndaş öz evini gedib sığorta şirkətində sığortalayır və təbii fəlakət baş verdikdə sığorta şirkəti kompensasiyanı ödəyir. Bizdə əlbəttə ki, vəziyyət fərqlidir. Ancaq biz çalışmalıyıq ki, bu sığorta sisteminə keçidi daha da sürətləndirək. Amma hələ ki, bu, mümkün deyildir. Dövlət bu vəzifəni öz üzərinə götürür.
Onu da deyə bilərəm ki, dünyada çox nadir hallarda belə məsələyə rast gəlmək olar ki, dövlət bütün maliyyə texniki yükünü tamamilə, yəni 100 faiz öz üzərinə götürür. Ancaq bu, bizim siyasətimizin əsas istiqamətlərindən biridir. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Əminəm ki, yeni tikiləcək evlər, məktəblər, sosial-infrastruktur əvvəlkindən qat-qat keyfiyyətli və rahat olacaqdır.
Keçən rübdə Bakının və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının birinci ilinə yekun vuruldu, geniş müşavirə keçirildi. Birinci ildə görülən işlər təhlil edildi, gələn il üçün qarşıya vəzifələr qoyuldu. Bütövlükdə bir il ərzində Bakıda və onun qəsəbələrində çox böyük quruculuq və abadlıq işləri aparılıb. Bu işlər davam edir. Yaxın zamanlarda biz bu işlərin məntiqi, yəni, real nəticələrini görəcəyik. Onlarla məktəb tikilir, bərpa edilir. Uşaq bağçaları, tibb ocaqları tikilir, yollar salınır, qazlaşdırma prosesi gedir. Su, kanalizasiya layihələri icra edilir. Bakı qəsəbələrində, ümumiyyətlə, heç vaxt kanalizasiya sistemi olmamışdır. Qəsəbədaxili yollar tikilir. Yəni, biz bu məsələyə kompleks şəkildə yanaşmışıq. Eyni zamanda, qəsəbələrdə yeni iş yerlərinin açılması məsələləri də öz həllini tapır. Bakı qəsəbələrində fəaliyyət göstərən iş adamlarına da Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə güzəştli kreditlərin verilməsi prosesi başlanmışdır. Beləliklə, əminəm ki, gələn ilin sonuna qədər Bakı və onun qəsəbələrinə dair ikinci Dövlət Proqramı uğurla icra ediləcəkdir.
Bununla bərabər, bölgələrdə regional inkişaf proqramı icra edilir. Ötən dövr ərzində, yəni ilin 6 ayında 46 min yeni iş yeri açılmışdır ki, onlardan 37 mini daimi iş yeridir. Bu proses davam edir və bu, təbiidir. Çünki demək olar ki, Azərbaycanda hər həftə yeni müəssisə, yeni fabrik və yeni zavod tikilir, insanların məşğulluğu artır. Eyni zamanda, əmək bazarına nəzarət daha da güclü olmalıdır. Bu məsələ ilə bağlı müvafiq göstərişlər verilmişdir. Əfsuslar olsun ki, Azərbaycanda hələ də bu sahədə dəqiq sistem tətbiq edilməyibdir. Gizli məşğulluq halları kifayət qədər çoxdur, xarici miqrantların ölkəmizə qanunsuz gəlməsi və qanunsuz fəaliyyət göstərməsi halları aşkarlanır və bu meyillər güclənir. Bu da təbiidir. Çünki xüsusilə son 4 il ərzində Avropada iqtisadi-maliyyə böhranı davam edir, Azərbaycan nadir inkişaf templərini nümayiş etdirir. Əlbəttə ki, buraya gəlmək, işləmək istəyənlərin sayı artır, Dövlət Miqrasiya Xidməti bütün lazımi tədbirləri görür. Bu tədbirlər daha da səmərəli olmalıdır ki, biz ilk növbədə, Azərbaycan vətəndaşlarının əmək bazarında işlə təmin edilməsi məsələlərinə baxaq, onları tamamilə həll edək. Baxmayaraq ki, Azərbaycanda işsizlik aşağı səviyyədədir, - keçən ilin yekunlarına görə 5,4 faizdir, - ancaq hələ də işsizlik var və bəzi hallarda bu işsizlik reallığı əks etdirmir. Çünki heç kəs üçün sirr deyil ki, qeydiyyata düşməyən, amma müəyyən işlərdə, tikintidə işləyənlər, maaş alanlar vardır. Ancaq heç yerdə bunun qeydiyyatı aparılmır. Yəni, belə hallar var və müvafiq göstərişlər verilibdir ki, bu sahədə də şəffaflıq tam şəkildə təmin edilsin və beləliklə, ölkə büdcəsinə daha da böyük vəsait daxil ediləcəkdir, o cümlədən pensiya fonduna. Beləliklə, bu sahədə də qayda-qanun yaradılmalıdır, birdəfəlik və tam şəkildə.
Regionlarda gedən quruculuq-abadlıq işləri artıq ənənəvi xarakter daşıyır. Mən bölgələrdə mütəmadi qaydada oluram və hər dəfə yenilikləri görəndə çox sevinirəm. Deyə bilərəm ki, rayonlar arasında sağlam rəqabət gedir. Həm rayon rəhbərləri, eyni zamanda, ictimaiyyət, əlbəttə, hər bir rayon sakini istəyir ki, onun rayonu daha da gözəl, abad və inkişaf etmiş olsun. Biz də bu meyilləri gücləndiririk və Prezidentin ehtiyat fondundan ayrılan vəsaitin mütləq əksəriyyəti bölgələrin inkişafına yönəldilibdir.
Sosial məsələlərin həlli daim diqqət mərkəzində olmuşdur, bu gün də belədir. Bu ilin yaddaqalan əlamətlərindən biri də sovet dövründən qalmış, yəni batmış əmanətlərin kompensasiyasıdır. Yenə də demək istəyirəm ki, Azərbaycan dövləti o əmanətlərə görə heç bir hüquqi, yaxud da ki, mənəvi məsuliyyət və öhdəlik daşımır. Azərbaycan müstəqil dövlətdir. Azərbaycan müstəqil dövlət kimi bütün öhdəliklərini yerinə yetirir.
Ancaq nəzərə alsaq ki, sovet dövründə 2 milyon 400 min əmanətçi var idi və insanlar bu əmanətlərin qaytarılmasını, kompensasiyasını gözləyirdi, yenə də siyasətimizin sosial xarakterini və sosial ədalət prinsiplərini daha da gücləndirmək üçün belə qərar qəbul edildi. Deyə bilərəm ki, postsovet məkanında ən işlək, ən səmərəli, ən ədalətli və insanlar üçün ən məqbul variant məhz Azərbaycanda tətbiq edilib. Həm müddət baxımından, - çünki cəmi 2 il ərzində bütün kompensasiyalar ödəniləcək, - eyni zamanda, verilən məbləğ baxımından. Əgər biz sovet rublunu manatla deyil, dollarla müqayisə etsək, kompensasiyalar təqribən birə-beş, birə-altı əmsalı əsasında ödənilir. Bu da postsovet məkanında ən yüksək əmsaldır. Artıq proses başlanmışdır. Minlərlə, on minlərlə insan artıq müraciət etmişdir. Minlərlə insan öz əmanətlərini almışdır və bu proses 2013-cü ilin sonuna qədər başa çatmalıdır.
Yəni, bu təşəbbüs bir daha bizim niyyətimizi göstərir ki, sosial məsələlərin həlli daim diqqət mərkəzində olmalıdır, bazar iqtisadiyyatı prinsipləri əlbəttə ki, bizim üçün əsasdır. Ancaq bəzi hallarda bazar iqtisadiyyatı prinsipləri sosial ədalət prinsipləri ilə üst-üstə düşmür. Amma Azərbaycanda hər iki vacib amil daim diqqət mərkəzindədir və görülən tədbirlər bunun məntiqi nəticəsidir. Ünvanlı sosial yardım proqramı icra edilir, hər bir ailəyə verilən məbləğ 109 manat səviyyəsindədir və 143 min ailə ünvanlı sosial yardım alır. Bu da sosial siyasətimizi gücləndirən amildir.
Beynəlxalq mövqelərimiz son 6 ayda daha da güclənmişdir. Həm ikitərəfli formatda, həm beynəlxalq təşkilatlardakı fəaliyyətimiz çox uğurlu olmuşdur. İkitərəfli əlaqələr, təmaslar güclənir, tərəfdaşlarımızın sayı artır və indi Azərbaycan diplomatiyasının fəaliyyət dairəsi genişlənir. Biz ənənəvi, regional tərəfdaşlıqdan, yeni bölgələrə, yeni qitələrə çıxırıq – Afrika, Latın Amerikası ölkələri ilə daha da sıx əməkdaşlıq qururuq. Bu da həm ölkəmizin yeni statusuna uyğundur, həm ölkəmizin siyasi imicinin təzahürüdür, eyni zamanda, bizim xarici siyasətlə bağlı fikirlərimizin əlamətidir. Biz diplomatiyamızı şaxələndirməliyik. Ənənəvi tərəfdaşlarla əlbəttə ki, əlaqələrimiz davam edir, güclənir və özümüz üçün yeni dostlar aşkarlayırıq. Biz Qoşulmama Hərəkatına üzv olduq. Bu da düşünülmüş və çox düzgün bir addım idi.
oşulmama Hərəkatına üzv olduqdan sonra dərhal fəal işə başlamışıq və qısa müddət ərzində böyük hörmət qazana bilmişik. Latın Amerikası ölkələri ilə əlaqələrimiz daha da güclənir və qarşılıqlı səfərlərin keçirilməsi bunu göstərir. Eyni zamanda, Latın Amerikasında həm siyasi, həm də iqtisadi maraqlarımızın təmin edilməsi üçün gözəl şərait vardır. Azərbaycan investisiyaları orada tələb olunur və biz bu məsələyə çox diqqətlə baxırıq. Afrika qitəsi ilə fəal işə başlamışıq. Yəni, bizim xarici siyasətlə bağlı fəaliyyətimiz genişlənir və bir daha demək istəyirəm ki, bu, həm dövrün tələbidir, eyni zamanda, güclənən Azərbaycanın xarici siyasəti daha da şaxəli olmalıdır.
Bu ilin may ayında Azərbaycan tarixdə ilk dəfə olaraq BMT Təhlükəsizlik Şurasına sədrlik etmişdir. Bu, tarixi hadisədir. Dünyanın bir nömrəli təşkilatına bir ay ərzində Azərbaycan sədrlik etmişdir və əlbəttə ki, bu dövr daim bizim tariximizdə qalacaqdır. Azərbaycanın artan nüfuzu, imici, imkanları, gücü bax, bu reallıqları mümkün etmişdir. Təhlükəsizlik Şurasının yeni üzvü kimi Azərbaycan bütün məsələlərdə öz prinsipial mövqeyini nümayiş etdirir və bu mötəbər təşkilata üzv olduqda bəyan etdiyim kimi, Azərbaycan Təhlükəsizlik Şurasında ədaləti və beynəlxalq hüququ müdafiə edir. Təsadüfi deyil ki, bu gün Azərbaycan dünyanın qlobal məsələləri ilə bağlı çox fəal və geniş müzakirələr aparır, biz dünyanın aparıcı ölkələri ilə daim təmasdayıq və bizim prinsipial mövqeyimiz qiymətləndirilir.
Azərbaycan ilə dost olan ölkələrin sayı çoxdur. Bizim siyasətimizi dəstəkləyən, bəyənən ölkələrin sayı çoxdur. BMT Təhlükəsizlik Şurasında 155 ölkənin bizi dəstəkləməsi bunun əyani sübutudur. Ancaq təbii ki, hər kəsə xoş olmaq mümkün deyildir. Belə vəzifə də heç vaxt qarşımıza qoyulmayıbdır. Bizi istəməyən qüvvələr də, dairələr də vardır. Ancaq hətta onlar da Azərbaycana hörmətlə yanaşırlar. Biz bu hörməti yenə də öz prinsipial mövqeyimizlə qazanmışıq. Bütün dövrlərdə bizim sözümüz də, əməlimiz də bir olmuşdur.
Beləliklə, növbəti aylar, illər ərzində bizim xarici siyasətlə bağlı işimiz daha da böyük, əlaqələrimiz daha da geniş olacaqdır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı prinsipial mövqeyimiz, yenə də deyirəm, ədalətə və beynəlxalq hüquqa əsaslanır. Azərbaycanın ərazi bütövlüyü məsələləri heç vaxt danışıqlar predmeti olmamışdır və olmayacaqdır. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir. Məndə bu barədə heç bir şübhə yoxdur. Danışıqlar prosesində müəyyən durğunluq vardır. Baxmayaraq ki, Minsk qrupuna həmsədrlik edən ölkələrin başçıları yeni bəyanatla çıxış etmişlər və status-kvonun qəbuledilməz olduğunu bir daha təsdiq etmişlər. Hələ ki, status-kvonu dəyişdirən konkret, real addımlar atılmır. Ancaq bu, qaçılmazdır. Status-kvo dəyişdirilməlidir. Həm Minsk qrupunun həmsədr ölkələrinin dövlət başçıları, Avropa İttifaqı Şurasının prezidenti Bakıda olarkən, ATƏT nümayəndələri, digər beynəlxalq təşkilatlar və siyasətçilər status-kvonun qəbuledilməz olduğunu dəfələrlə bəyan edirlər. Bu, çox dəyərli bəyanatdır. Status-kvonun dəyişdirilməsi işğal edilmiş torpaqlardan erməni işğalçı qüvvələrinin çıxarılması deməkdir. Bu işğalçı qüvvələr işğal edilmiş torpaqlardan çıxdıqca əlbəttə ki, danışıqlar prosesində də müsbət meyillər daha da güclənəcək və bu məsələ tezliklə öz həllini tapacaqdır.
Ancaq bütün siyasi və diplomatik səylərlə yanaşı, şübhəsiz ki, biz öz hərbi qüdrətimizi artırırıq, gücləndiririk. Güclü ordu yaratmışıq və yaradırıq. Güclü ordu danışıqlarda bizim mövqeyimizi böyük dərəcədə gücləndirir. Azərbaycanın iqtisadi imkanları genişlənir. Azərbaycan nəinki bölgədə, dünya miqyasında güclü ölkəyə çevrilir. Əlbəttə ki, bizim iqtisadi və maliyyə, eyni zamanda, siyasi resurslarımız məsələnin ədalətli, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə gətirib çıxaracaqdır. Bizim həm iqtisadiyyatımız, həm valyuta ehtiyatlarımız, həm də əhalimiz artır. Son məlumata görə, artıq Azərbaycanın əhalisi 9,3 milyon nəfərə çatmışdır. Ermənistana gəldikdə, ancaq onların rəsmi statistikasına görə ilin birinci beş ayında 80 min nəfər o ölkəni həmişəlik tərk etmişdir. İlin sonuna qədər bu rəqəm təqribən 170, 200 minə çatacaqdır. Beləliklə, bir neçə ildən sonra ümumiyyətlə, demoqrafik vəziyyət həlledici məqama çevriləcəkdir. Təsadüfi deyildir ki, son çıxışlarımda mən bu məsələyə xüsusilə diqqət yetirirəm. Azərbaycanda demoqrafik vəziyyət yaxşıdır, müsbətdir, təbii artım vardır. Ancaq hesab edirəm ki, bu artım daha da güclü olmalıdır. Bu artımı stimullaşdırmaq və əhalinin artımını təmin etmək üçün yəqin ki, əlavə tədbirlər görülməlidir.
İqtisadiyyatımız, sənaye gücümüz, maliyyə imkanlarımız, imkan verəcək ki, biz indiki səviyyədən iki dəfə çox əhalini işlə təmin edək və bütün şəraiti yaradaq.
Əlbəttə ki, bu, olacaqdır. Bu gün 9,3 milyondur. Bir neçə ildən sonra olacaq 15 milyon, 20 milyon. Yəni, bu proses gedir və gedəcəkdir. Biz indidən müəyyən əlavə tədbirlərin görülməsi ilə bu prosesi daha da stimullaşdırmalıyıq.
Ermənistana gəldikdə, bəlkə də Ermənistan rəhbərləri sevinir ki, əhali azalır. Çünki orada nə iş yerləri, nə pul, nə iqtisadiyyat, nə sənaye, nə də heç bir perspektiv yoxdur. Əhali nə qədər azalsa, hökumətin üzərinə düşən yük də o qədər azalır. Bu, bir yanaşmadır.
Bizim yanaşmamız tam başqadır. Bizim iqtisadiyyatımız, sənaye gücümüz və siyasi iradəmiz diktə edir ki, Azərbaycan əhalisi daha da artmalıdır. Bu, nəinki Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsinin həlli üçün lazımdır, - bu məsələni biz həll edəcəyik və Azərbaycan bayrağını Xankəndidə qaldıracağıq, - bu ümumiyyətlə gələcək üçün lazımdır. Çünki bu gün dünyada əfsuslar olsun ki, bir çox hallarda beynəlxalq hüquq normaları işləmir. Beynəlxalq hüquq normalarına məhəl qoyulmur. Güc amili ön plana çıxır. Bu, əslində ötən əsrlər üçün xas olan bir mənzərə idi. Sadəcə olaraq İkinci Dünya müharibəsindən sonra - dünyanın yeni quruluşu, yeni qaydaları tətbiq olunduqdan sonra beynəlxalq hüquq normaları əsas kimi qəbul edildi və bu gün də bu, belədir. Ancaq tendensiyalara və bölgədə, dünyada gedən proseslərə baxdıqda biz görürük ki, bəzi hallarda beynəlxalq hüquq normalarına kobudcasına zidd olan addımlar atılır, güc amili ön plana çıxır. Güclü kimdir, haqlı da odur. Bu, bizim seçimimiz deyildir, amma əfsuslar olsun ki, dünyada gedən proseslər bunu göstərir. Güclü olmaq üçün güclü iqtisadiyyat, hərbi sənaye potensialı və böyük əhali lazımdır. Ona görə biz bu məsələ ilə bağlı ciddi məşğul olmalıyıq. Bu günə qədər bu proseslər təbii xarakter alırdı. Sadəcə olaraq, ölkə iqtisadiyyatı artdıqca təbii artım da, necə deyərlər, daha da sürətli idi. Biz statistik rəqəmlərdə bunu görürük. Son illər ərzində doğulan uşaqların sayı daha da çoxdur, nəinki 10-15 il bundan əvvəl. Yəni, bu, iqtisadi və sosial amillərlə birbaşa bağlı olan məsələdir. Ancaq yenə də deyirəm, biz bu məsələyə yeni prizmadan yanaşmalıyıq. Azərbaycan əhalisi daha da sürətlə artmalıdır.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə gəldikdə, onu da qeyd etmək istəyirəm ki, son müddət ərzində Xocalı soyqırımını soyqırımı kimi tanıtdırmaq üçün biz - həm dövlət, hökumət, diplomatiyamız, ictimai təşkilatlar, diaspor təşkilatlarımız çox böyük işlər görmüşük. Bu, çox vacib və çox önəmli məsələdir. Artıq üç ölkə - Kolumbiya, Meksika və Pakistan Xocalı soyqırımını soyqırımı kimi rəsmi qaydada qəbul etmişdir. Əminəm ki, bu proses davam etdirilməlidir və etdiriləcəkdir. Həm səfirliklərimiz, əlbəttə ki, dövlət qurumları, ictimai təşkilatlar bu məsələ ilə bağlı öz səylərini davam etdirəcəklər. Getdikcə Xocalı soyqırımını soyqırımı kimi tanıyan ölkələrin sayı daha da çoxalacaqdır.
Biz, yenə də deyirəm, bu ilin altı ayının yekunlarını müzakirə edərkən deyə bilərik ki, 2012-ci il bütövlükdə Azərbaycan iqtisadiyyatı üçün çox uğurlu il kimi tarixdə qalacaqdır. Çünki bu ildə böyük infrastruktur layihələri icra edilir. Azərbaycanın siyasi gücü böyük dərəcədə artıb. BMT Təhlükəsizlik Şurasına seçilməyimiz həqiqətən tarixi hadisədir. Müstəqilliyimizin bərpasının 20 illiyinə təsadüf edən bu hadisə rəmzi xarakter daşıyır. Əlbəttə, biz bu gün ilin sonuna qədər görüləcək işlər haqqında danışacağıq, müvafiq göstərişlər veriləcəkdir. Artıq biz 2013-cü ildə görüləcək işlər haqqında fikirləşirik, fikirləşməliyik. Hesab edirəm ki, müsbət dinamika ilin sonuna qədər davam edəcək və ölkə iqtisadiyyatı daha da inkişaf edəcəkdir.
İndi isə keçək müzakirələrə. Söz verilir maliyyə naziri Samir Şərifova.
X X X
Maliyyə naziri Samir ŞƏRİFOV Prezident İlham Əliyevin rəhbərliyi ilə son altı ayda ölkədə aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində makroiqtisadi dayanıqlığın qorunması və iqtisadiyyatın neft sektorundan asılılığını azaltmaq istiqamətində mühüm işlərin görüldüyünü dedi. Dövlət büdcəsinin artım dinamikasının bu ilin altı ayında xüsusilə nəzərəçarpan olduğunu vurğulayan nazir bildirdi:
-Bu müddət ərzində dövlət büdcəsinin mədaxili 8 milyard 134 milyon manat və ya 106,2 faiz yerinə yetirilməklə ötən ilin eyni dövrü ilə müqayisədə 45,0 faiz çox olmuşdur.
Təsdiq olunmuş proqnoza Vergilər Nazirliyi 116,0 faiz əməl etmişdir, yəni büdcəyə 2 milyard 968 milyon manat, ötən ilin eyni dövrünə nisbətən isə 405,0 milyon manat və ya 15,8 faiz çox vəsait təmin etmişdir.
Həmin vəsaitin 55,0 faizi və ya 1 milyard 633 milyon manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür ki, bu da 2011-ci ilin müvafiq dövrünə nisbətən 222 milyon manat və yaxud 15,8 faiz çoxdur.
Dövlət Gömrük Komitəsi tərəfindən proqnoza 100,4 faiz əməl olunmaqla büdcəyə 557,0 milyon manat vəsait təmin edilmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,7 faiz çoxdur.
Dövlət Neft Fondundan büdcəyə 4 milyard 592 milyon manat vəsait transfer edilmişdir.
Sair daxilolmalar üzrə büdcəyə 17,0 milyon manat vəsait təmin edilmişdir.
Cari ilin altı ayında dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 91,4 faiz və ya 7 milyard 110 milyon manat, ötən ilin eyni dövrü ilə müqayisədə isə 2 milyard 227 milyon manat və ya 45,6 faiz çox icra olunmuşdur.
Xərclərin funksional təsnifatına uyğun olaraq cari ilin altı ayında ötən ilin eyni dövrü ilə müqayisədə investisiya xərclərinə 1,9 dəfə, iqtisadi fəaliyyətlə bağlı xərclərə 42,8 faiz, sosial müdafiə və sosial təminat xərclərinə 42,1 faiz, müdafiə xərclərinə 41,6 faiz, mədəniyyət, incəsənət, informasiya və bədən tərbiyəsi xərclərinə 36,9 faiz, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq xərclərinə 28,0 faiz, nəqliyyat və rabitə xərclərinə 19,4 faiz, səhiyyə xərclərinə 16,2 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi xərclərinə 6,3 faiz vəsait yönəldilmişdir.
İqtisadi təsnifata uyğun olaraq cari ilin altı ayı ərzində dövlət büdcəsinə daxil olan vəsaitin 32,3 faizi və ya 2 milyard 300 milyon manatı sosial təyinatlı xərclərin maliyyələşdirilməsinə yönəldilməklə 2011-ci ilin eyni dövrü ilə müqayisədə 370,0 milyon manat və ya 19,2 faiz çox olmuşdur.
Cari ilin altı ayında investisiya xərclərindən elm, təhsil, səhiyyə, mədəniyyət, idman və digər sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisinə və yenidən qurulmasına 514,0 milyon manat vəsait istifadə olunmuşdur.
Ölkənin əsas enerji, su və qaz təchizatı, nəqliyyat, kommunal, meliorasiya infrastrukturların tikintisi və yenidənqurulması üçün 1 milyard 476,0 milyon manat, o cümlədən yol-nəqliyyat infrastrukturlarının tikintisi və yenidən qurulması üçün 405,0 milyon manat, “Bakı Metropoliteninin 2011-2015-ci illərdə inkişafına dair Dövlət Proqramı”nın icrası üçün 118,0 milyon manat, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı” çərçivəsində nəzərdə tutulmuş tədbirlərə 150,0 milyon manat, su təchizatı və kanalizasiya sisteminin bərpası və yenidənqurulması üçün “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 154,0 milyon manat, torpaqların su təminatı və meliorativ vəziyyətinin yaxşılaşdırılması tədbirləri üçün “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Acıq Səhmdar Cəmiyyətinə 156,0 milyon manat vəsait yönəldilmişdir.
Altı ayda dövlət büdcəsinin əsaslı vəsait qoyuluşu xərclərindən Naxçıvan Muxtar Respublikasında həyata keçirilən investisiya layihələrinin maliyyələşdirilməsi üçün 118,0 milyon manat, o cümlədən Arpaçay və Ordubad su elektrik stansiyalarının tikintisinə üst-üstə 29,0 milyon manat, Naxçıvan şəhərinin və yeddi rayonun su təchizatı və kanalizasiya sisteminin tikintisinə 44,0 milyon manat, Naxçıvan-Culfa avtomobil yolunun yenidənqurulmasına 13,0 milyon manat vəsait sərf edilmişdir.
Dövlət büdcəsindən ayrılmış investisiya xərcləri ilə yanaşı, ölkəmizdə yol, su təchizatı və meliorasiya, kənd təsərrüfatı, sosial və digər infrastrukturların tikintisi və yenidən qurulması üçün Azərbaycan hökuməti tərəfindən xaricdən cəlb olunmuş kreditlər hesabına 348,0 milyon manat məbləğində vəsait istifadə edilmişdir.
Son altı ayda Prezidentin Ehtiyat Fondundan müxtəlif şəhər və rayonlarda bir sıra sosial və infrastruktur layihələrinin həyata keçirilməsinə 133 milyon manat vəsaitinin ayrıldığını, son iki ildə kəndlərarası yolların təmirinə 215 milyon manat vəsaitin xərcləndiyini bildirən maliyyə naziri dedi:
-Hesabat dövründə dövlət büdcəsinin ehtiyat fondundan əvvəlcədən büdcədə nəzərdə tutulmayan bir sıra dövlət əhəmiyyətli tədbirlərin maliyyələşdirilməsinə 400,0 milyon manat, o cümlədən “Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin imzaladığı tarixi Fərmanın icrası olaraq 300,0 milyon manat vəsait ayrılmışdır.
Qeyd olunan Fərmanın icrası olaraq cari ilin iyunun 1-dən fərdi birdəfəlik ödəmələrin verilməsinə başlanılmış, 10 iyul tarixə keçmiş SSRİ Əmanət Bankının hüquqi varisi olan Kapital Banka daxil olmuş 315 min əmanətçinin müraciətlərinin 192 mini üzrə müsbət qərar qəbul edilmiş, onun 156 mini üzrə isə 86,0 milyon manat məbləğində vəsait əmanətçilərə ödənilmişdir.
Eyni zamanda, cənab Prezident, ali diqqətinizə çatdırıram ki, fərdi birdəfəlik ödəmələrin verilməsi zamanı yarana biləcək mübahisəli məsələlərə baxılması, müvafiq qərarların qəbul edilməsi və bu işlərə ümumi nəzarətin həyata keçirilməsi məqsədi ilə xüsusi idarələrarası komissiya yaradılmış, əmanətçiləri ən çox maraqlandıran məsələlər müəyyənləşdirilərək bu istiqamətdə geniş məlumatlandırma və təbliğat işləri aparılır.
Ölkə vətəndaşları xalqın rifahı naminə imzalanan bu Fərmanı Azərbaycan Respublikası Prezidentinin ölkə vətəndaşlarına yüksək diqqət və qayğısının növbəti təzahürü kimi qiymətləndirirlər.
Ölkə həyatı üçün heç də az əhəmiyyət daşımayan sosial siyasətin mühüm qolu kimi hərbi qulluqçuların yaşayış şəraitinin və maddi təminatının gücləndirilməsi istiqamətində möhtərəm Prezidentimiz tərəfindən qarşıya qoyulmuş vəzifələri və atılmış real addımları qeyd etmək olar.
Cənab Prezident, bu yönümdə siyasətinizə uyğun “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” imzaladığınız müvafiq Fərmanın icrası olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş 74 nəfər hərbi qulluqçuya Bakı şəhəri daxil olmaqla respublikanın müxtəlif şəhər və rayonlarında, o cümlədən Abşeron, Sumqayıt, Gəncə, Naxçıvan, İsmayıllı, Mingəçevir, Lənkəran və digər rayon və şəhərlərdə dövlət vəsaiti hesabına mənzillər təqdim edilmişdir. Cənab Prezident, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə yaratdığınız komissiya tərəfindən isə daha 178 nəfər hərbi qulluqçuya mənzil verilməsi ilə bağlı qərarlar qəbul edilmişdir.
Maliyyə naziri onu da dedi ki, bu ilin altı ayında dövlət borcu üzrə öhdəliklərin yerinə yetirilməsinə 61 milyon, kənd təsərrüfatı məhsulları istehsalçılarına 35 milyon, damazlıq heyvanların alınmasına 10 milyon, lizinq xidmətlərinə 33 milyon, fermerlərə kreditlərin verilməsinə 8 milyon, sahibkarlığın inkişafına 110 milyon manat vəsait yönəldilmişdir.
undan əlavə, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən dəstəklənən investisiya layihələrinin sayı ötən illə müqayisədə 57,1 faiz, verilən güzəştli kreditlərin məbləği isə 53 faiz artmışdır. Azərbaycanda sığorta bazarının məcmu aktivləri iki dəfə, sığorta şirkətlərinin məcmu nizamnamə kapitalı isə 3,3 dəfə çoxalmışdır. Samir Şərifov nağdsız ödənişlərlə bağlı Maliyyə Nazirliyi tərəfindən bir sıra tədbirlərin görüldüyünü diqqətə çatdıraraq bildirdi:
-2012-ci ilin iyul ayından Nazirliyin Dövlət Xəzinədarlığı Agentliyində xəzinə xidməti göstərilən təşkilatların xərcləri yalnız nağdsız qaydada aparılır. Bununla bağlı büdcə və büdcədənkənar xərclərin aparılması üçün əmək haqqı, müavinət, pensiya, təqaüd və sair sosial ödənişlər üzrə fiziki şəxslər tərəfindən istifadə olunan plastik kartlarla bərabər hüquqi şəxslərə verilən korporativ kartların geniş tətbiqi nəzərdə tutulur.
Möhtərəm cənab Prezident!
Sizin tapşırığınıza uyğun olaraq cari ilin may ayında 2012-ci il dövlət büdcəsinə yenidən baxılmaqla müvafiq dəyişikliklər edilmişdir.
Dəyişiklik nəticəsində dövlət büdcəsinin gəlirləri və xərcləri 600 milyon manat artırılaraq, gəlirlər 17 milyard 38 milyon manata, xərclər isə 17 milyard 672 milyon manata çatdırılmışdır.
2012-ci il dövlət büdcəsinin xərclərində formalaşan əlavə vəsaitin çox hissəsi ölkənin şimal-qərb bölgəsində baş vermiş zəlzələ nəticəsində Zaqatala, Qax, Balakən və Şəki rayonlarının əhalisinə və infrastrukturlarına dəymiş ziyanın, 2010-cu ildə Kür və Araz çaylarının Sabirabad və Salyan rayonlarının ərazisində törətdiyi irimiqyaslı fəlakətin nəticələrinin, cari ildə ölkənin bəzi rayon və şəhərlərinin ərazisində normadan artıq yağan leysan yağışlarının, sel və daşqınların törətdiyi fəsadların aradan qaldırılmasına, ölkədə ehtimal olunan təbii fəlakət və fövqəladə halların qarşısının alınmasına və qabaqlayıcı tədbirlərin görülməsi məqsədi ilə xüsusi təyinatlı maşın və avadanlığın alınmasına yönəldilmişdir.
Bununla yanaşı, Bakı şəhərinin bəzi ərazilərində müəyyən edilmiş qrunt sularının səviyyəsinin qalxması və sürüşmə zonalarında müvafiq tədbirlərin görülməsi üçün də əlavə maliyyə təminatı yaradılmışdır.
Cari ilin ötən dövrü ərzində ölkənin hərbi quruculuğu və təhlükəsizliyi sahəsində qəbul edilmiş fərman və tapşırıqların icrası və dövlət büdcəsində əvvəlcədən nəzərdə tutulmayan tədbirlərin maliyyələşdirilməsi üçün də əlavə vəsaitin ayrılması büdcədə aparılmış dəyişikliklər zamanı nəzərə alınmışdır.
Cənab Prezident, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının qanununa uyğun olaraq 2013-cü il və sonrakı üç il üçün dövlət və icmal büdcə layihələrinin tərtibi prosesinə başlanılmışdır.
Büdcə layihələri hazırlanarkən müəyyən etdiyiniz iqtisadi strategiyaya və prioritet vəzifələrə, ölkədə yaranmış makroiqtisadi mühitə və dünyadakı mövcud iqtisadi duruma uyğun olaraq qeyri-neft sektorundan və digər real mənbələrdən dövlət büdcəsinə əlavə daxilolmaların təmin edilməsinə, ən ümdə vəzifələrdən hesab etdiyiniz əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına və maddi rifahının yüksəldilməsinə, regionların, qeyri-neft sektorunun, ələlxüsus kiçik və orta sahibkarlığın inkişaf etdirilməsinə, biznes şəraitinin yaxşılaşdırılmasına, dövlətin müdafiə potensialının və ərzaq təhlükəsizliyinin gücləndirilməsinə, sənaye və emal təmayüllü infrastrukturların genişləndirilməsinə, bütün dövlət proqramları üzrə maliyyə təminatının yaradılmasına diqqət yetirilir.
Çıxışımın sonunda icazə verin, cənab Prezident, Sizi əmin edim ki, bugünkü müşavirədə verəcəyiniz tapşırıqlar da nəzərə alınmaqla, 2012-ci büdcə ilinin layiqincə başa çatdırılması və müəyyən etdiyiniz inkişaf hədəflərinə nail olunması üçün Maliyyə Nazirliyinin kollektivi səylərini daha da artıracaqdır.
Diqqətinizə görə təşəkkür edirəm.
X X X
Son illərdə Azərbaycanda milli mədəniyyətin və turizmin inkişafı sahəsində mühüm nailiyyətlərin əldə edildiyini bildirən mədəniyyət və turizm naziri Əbülfəs QARAYEV qeyd etdi ki, bu gün ölkəmiz beynəlxalq əhəmiyyətli tədbirlərin keçirildiyi məkana çevrilmişdir. Bakıda keçirilmiş “Eurovision” mahnı müsabiqəsinin ölkəmizin təbliği baxımından vacib rola malik olduğunu vurğulayan nazir dedi:
-May ayında Bakıda keçirilən “Eurovision–2012” mahnı yarışması təkcə xalqımızın zəngin mədəniyyətinin, yurdumuzun gözəl təbiətinin, turizm potensialının təbliği üçün geniş imkanlar açmaq baxımından deyil, həmçinin qısa müddət ərzində əldə etdiyi yüksək inkişaf səviyyəsini, demək olar ki, bütün dünyaya nümayiş etdirmək baxımından böyük əhəmiyyətə malik olmuşdur.
Təkcə Avropada deyil, bütün dünyanın mədəni hissəsinin diqqət mərkəzində olan bu mahnı yarışmasının belə yüksək səviyyədə keçirilməsi, möhtərəm Prezident, yalnız Sizin dəstəyiniz və Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın böyük səyləri nəticəsində mümkün olmuşdur.
“Eurovision” musiqi yarışması nə qədər iri mədəniyyət layihəsi olsa da, yeganə misal deyildir. Ötən ayın sonunda Şəkidə keçirilən “İpək yolu” Beynəlxalq Musiqi Festivalı, yaxın günlərdə Qəbələ şəhərində keçiriləcək Beynəlxalq Musiqi Festivalı, Üzeyir Hacıbəyli, Mstislav Rostropoviç adına Beynəlxalq Musiqi festivalları nəinki Bakıya, həm də Azərbaycanın regionlarına dünyanın ən nüfuzlu musiqi ustaları və həvəskarlarının böyük axınına səbəb olmuşdur. Qarşıdakı aylarda da ölkənin mədəni həyatında nüfuzlu, dünya miqyaslı professional incəsənət layihələri üstünlük təşkil edəcəkdir.
Qısa zaman aralığında dörd ölkədə Azərbaycan mədəniyyəti günləri keçirilmişdir. Bunların hər biri – İtaliya, Ukrayna, Qazaxıstan və Türkiyə dövlətimizin xarici siyasətində mühüm yer tutan ölkələrdir. Onu da qeyd edim ki, İtaliya, Qazaxıstan və Türkiyədə Azərbaycan Mədəniyyəti günləri ilk dəfə olaraq keçirilirdi. Burada təqdim edilən milli rəqslər, klassik və xalq musiqisi, sərgilər, keçirilmiş elmi konfrans və simpoziumlar ölkəmizin zəngin mənəvi-mədəni palitrasını yaratmışdır desəm, səhv etmərəm. Yeri gəlmişkən qeyd edim ki, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə İtaliyada keçirilən Mədəniyyət Günləri rəmzi bir sonluqla – Roma şəhərinin “Villa Borghese” parkında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsinin ucaldılması ilə başa çatmışdır.
Hörmətli müşavirə iştirakçıları!
Ümummilli lider, müasir Azərbaycanın memarı Heydər Əliyev xalqımızın mədəni irsinin təbliğinə, məşhur şəxsiyyətlərinin, elm, mədəniyyət və təhsil ocaqlarının yubileylərinin qeyd olunmasına xüsusi diqqət yetirirdi.
Bu ənənə bu gün də davam etdirilir. Təsadüfi deyil ki, cənab Prezident, Sizin imzaladığınız müvafiq sərəncamlarla doqquz dünya şöhrətli ədəbiyyat xadiminin, böyük söz ustadlarının yubiley tədbirlərinə start verilmişdir. Bunlar Nizami Gəncəvinin 870, Mirzə Ələkbər Sabirin 150, Mirzə Fətəli Axundzadənin 200, Xurşidbanu Natəvanın 180, Əhməd Cavadın 120, Hüseyn Cavidin 130, Məmməd Səid Ordubadinin 140, Mirvarid Dilbazinin 100, Xəlil Rza Ulutürkün 80 illik yubileyləridir. Artıq üç yubiley, əsasən beynəlxalq miqyasda, təntənəli surətdə qeyd edilmişdir. Onu da vurğulamaq istərdim ki, TÜRKSOY təşkilatı 2012-ci ili bütün türk dünyasında “Axundzadə ili” elan etmişdir. Eyni zamanda bu ayın əvvəlində Azərbaycan və dünya memarlığının nadir incisi hesab olunan Şəki Xan Sarayının 250 illik yubileyi Şəkidə beynəlxalq səviyyədə qeyd olunmuşdur.
Möhtərəm cənab Prezident!
Hesabat dövründə respublikanın muzey və digər mədəniyyət müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılması, Azərbaycanın qeyri-maddi mədəni irsinin qorunub saxlanılması istiqamətində müəyyən işlər görülmüş, xalq yaradıcılığının inkişafı və təbliği ilə bağlı müvafiq tədbirlər həyata keçirilmişdir.
2012-ci ilin birinci yarısında ölkəmizin mədəni həyatında ən əlamətdar hadisələrdən biri də Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə Azərbaycan Milli İncəsənət Muzeyində təşkil edilən “Fransanın inciləri” sərgisi olmuşdur. Qeyd etmək istərdim ki, belə bir zəngin eksponatlı nadir sərgi Fransanın da təcrübəsində ilk dəfə məhz Bakıda nümayiş etdirilmişdir. Sərgi respublika ictimaiyyəti tərəfindən maraqla qarşılanmış, onu 50 minə yaxın tamaşaçı ziyarət etmişdir.
Eyni zamanda, ölkəmizin tarixi və mədəniyyətinin Roma şəhərində layiqincə təqdim edilməsi üçün Roma Sivilizasiyası Muzeyində ayrılmış min kvadratmetrdən çox sahədə “Azərbaycan – Odlar Yurdu İpək Yolunda” adlı sərgi təşkil edilmişdir. Sərgi üç ay müddətinə nəzərdə tutulsa da, çoxsaylı tamaşaçıların və Roma şəhər meriyasının arzusu nəzərə alınaraq daha iki ay uzadılmışdır.
İstanbulun Topqapı şəhər parkında yerləşən Azərbaycan Mədəniyyət evinin əsaslı təmiri və yeni ekspozisiyasının qurulması işləri həyata keçirilmişdir.
Azərbaycanın qeyri-maddi mədəni irsinin qorunması, təbliği və təşviqi məqsədi ilə “2010–2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları” Proqramı ilə əlaqədar 2012-ci ildə Gədəbəy şəhəri “Azərbaycanın Əfsanələr Paytaxtı”, Masallı şəhəri “Azərbaycanın Folklor Paytaxtı” və Quba şəhəri “Azərbaycanın Sənətkarlıq Paytaxtı” elan edilmişdir.
Cari ilin aprel ayında “Təzyiq altında irs – şəhərlərin tarixi landşaftlarının perspektivləri” adlı Beynəlxalq Bakı Konfransı keçirilmişdir. Tədbirdə bütün qitələri əhatə edən nüfuzlu alimlər və ekspertlər iştirak etmişdir.
Qobustan Milli Tarix-Bədii Qoruğunda yeni muzey tikilib istifadəyə verilmiş, nəticədə ziyarətçi axını xeyli güclənmiş, onların sayı ötən illə müqayisədə iki dəfə artmışdır.
Azərbaycan kinosunun inkişafı ilə bağlı Dövlət Proqramında nəzərdə tutulan işlərin uğurla davam etdiyini bildirən Əbülfəs Qarayev demişdir ki, ötən il dövlət sifarişi ilə 4 bədii, 8 qısametrajlı bədii, 4 cizgi və 32 sənədli film çəkilmişdir, satirik jurnalın 2 nömrəsi işıq üzü görmüşdür. Hazırda 10 bədii, 16 sənədli və 3 cizgi filminin istehsalı ilə bağlı işlər gedir. “Yaddaş” studiyasında milli qəhrəmanlar ilə bağlı 10 sənədli filmin çəkildiyini deyən mədəniyyət və turizm naziri Azərbaycan filmlərinin beynəlxalq müsabiqələrdə uğurla iştirak etdiyini vurğuladı, Kinematoqrafçılar İttifaqının yaradılmasının böyük əhəmiyyət kəsb etdiyini dedi.
Hazırda Azərbaycanda yeni mədəniyyət və turizm müəssisələrinin inşa olunduğunu, fəaliyyətdə olanların isə əsaslı təmir edildiyini deyən nazir yaradıcı insanlar adından Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.
Əbülfəs Qarayev 2011-ci ilin Prezident İlham Əliyev tərəfindən “Turizm ili” elan edilməsini bu sahənin inkişafına təkan verdiyini bildirərək dedi:
-Azərbaycana gələn xarici vətəndaşların və turistlərin sayı çoxalmışdır. Ötən il Azərbaycan ilk dəfə iki milyondan çox, yəni, 2 milyon 239 min nəfər əcnəbi qəbul etmişdir. Bu, 2010-cu ilə nisbətən 14 faiz çoxdur. Ölkədə 508 mehmanxana fəaliyyət göstərir, orada yerləşdirilmiş şəxslərin sayı 2010-cu illə müqayisədə 16,3 faiz artmışdır, onların da 50 faizdən çoxu xarici ölkə vətəndaşlarıdır. Onu da qeyd etmək istərdim ki, 5 il öncə ölkəmizdə fəaliyyət göstərən mehmanxanaların sayı 300-dən az idi. Təkcə ötən il Azərbaycanda 30 mehmanxana və mehmanxana tipli obyekt istifadəyə verilmişdir. Hazırda ölkə ərazisində 45 mehmanxana inşa edilir, 178 turizm şirkəti fəaliyyət göstərir.
Hesabat dövründə, cənab Prezident, Sizin tapşırığınız və şəxsən rəhbərliyiniz altında Qusar rayonunda “Şahdağ” Qış-Yay Turizm Kompleksinin tikintisi davam etdirilmişdir. Birinci mərhələdə nəzərdə tutulan işlər artıq tamamlanmaq üzrədir. Hazırda İsveçrə və Avstriya şirkətləri tərəfindən növbəti mərhələlər üzrə layihələndirmə işləri və marketinq araşdırmaları aparılır, Nəqliyyat Nazirliyi yolların tikinti-təmiri, “Azərenerji” elektrik xətlərinin çəkilməsi işlərini davam etdirir. İşlərin gedişatı göstərir ki, artıq bu ilin sonunda kompleks turist qəbuluna başlaya biləcəkdir.
Hazırda Sizin tapşırığınıza əsasən, 2013-cü ildə Bakıda keçiriləcək II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilə bağlı hazırlıq işləri görülür. Bu Forumun əhəmiyyəti ondan ibarətdir ki, UNESCO, İSESCO, BMT-nin Sivilizasiyalararası Alyansı, BMT-nin Ümumdünya Turizm Təşkilatı, Avropa Şurası və Avropa Şurasının Şimal-Cənub Mərkəzi, Euronews kimi nüfuzlu beynəlxalq qurumlar Azərbaycan paytaxtında həmtəşkilatçı qismində çıxış etməyə qərar veriblər və fərqli mədəniyyətlər arasında dialoq qurmağa məhz burada çalışacaqlar. Hesab edirik ki, bu fakt Azərbaycan dövlətinin, şəxsən Sizin cənab Prezident, beynəlxalq sülhsevər və multikulturalizm siyasətinizin dünya ictimaiyyəti tərəfindən qəbul olunmasının əyani sübutudur.
Mədəniyyət və Turizm Nazirliyi mədəniyyətimizin inkişafı, təbliği, dünya müstəvisində daha əhəmiyyətli yer tutması, eyni zamanda yeni-yeni yaradıcılıq nümunələrinin meydana çıxması, mədəni irsimizin qorunması və turizmin inkişafı istiqamətində geniş miqyaslı fəaliyyətini bundan sonra da səmərəli şəkildə davam etdirəcəkdir.
Diqqətinizə görə təşəkkür edirəm.
X X X
Sonra Dövlət Gömrük Komitəsinin sədri Aydın ƏLİYEV çıxış edərək dedi:
-Möhtərəm cənab Prezident!
Azərbaycanın dünyəvi hüquqi dövlət kimi beynəlxalq aləmdə özünəməxsus yer alması son 10 ildə ölkədə həyata keçirilən uğurlu iqtisadi siyasətin nəticəsidir. Zati-alinizin rəhbərliyi altında keçid dövrü kimi səciyyələnən ictimai-iqtisadi formasiya dəyişikliyi mərhələsini artıq geridə qoyan müstəqil Azərbaycan regionun aparıcı dövlətinə çevrilmişdir.
Bu gün ölkədə əsas hədəflərdən biri də sahibkarlığın inkişafı üçün biznes mühitinin daha da yaxşılaşdırılması, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, milli iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin yüksəldilməsi, dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyası və bu əsasda ölkədə dinamik inkişafın davamlılığını təmin etməkdir.
İqtisadi inkişafı şərtləndirən və əhəmiyyətli dərəcədə sürətləndirən əsas amillərdən biri də dövlətlərarası ticarət əlaqələrinin genişləndirilməsi, uğurlu idxal-ixrac əməliyyatlarının həyata keçirilməsi, onlar arasında nisbətin milli maraqlara uyğun olaraq düzgün qurulmasıdır.
Ulu öndər Heydər Əliyevin təkrarsız və unikal dövlət idarəçilik məktəbinin davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının həyata keçirdiyi müstəqil siyasət milli maraqlarımızın qorunmasını təmin etmişdir. Digər sahələrdə olduğu kimi ölkəmizin xarici-iqtisadi fəaliyyət sferasında da daim inkişaf nəzərə çarpır, xarici-ticarət dövriyyəsinin həcmi böyük sürətlə artır. Ölkənin fiskal siyasətinin həyata keçirilməsində önəmli rola malik olan Dövlət Gömrük Komitəsi üçün hər il olduğu kimi “2012-ci il Dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq 1 milyard 200 milyon manat həcmində büdcə daxilolmaları proqnozlaşdırılmışdır. Hesabat ilinin ilk 6 ayında 555.0 milyon manat büdcə proqnozuna qarşı faktiki olaraq 557.2 milyon manat gömrük vergi və rüsumları toplanaraq dövlət büdcəsinə köçürülməsi təmin olunmuş, proqnoza 100.4 faiz əməl edilmişdir.
Beynəlxalq ticarətin inkişaf etdirilməsində, mal dövriyyəsinin sürətləndirilməsində, yük-nəqliyyat daşımalarının həcminin artırılmasında, tranzit sisteminin səmərəli fəaliyyət göstərməsində, gömrük işi sahəsində hüquqpozmalarla mübarizədə, nəqliyyat daşımalarında təhlükəsizlik məsələlərinin təmin olunmasında gömrük xidməti müstəsna rol oynayır.
Cənab Prezidentin müvafiq Sərəncamına əsasən tətbiq olunan “Bir pəncərə” sistemi gömrük rəsmiləşdirilməsi əməliyyatlarının avtomatlaşdırılmış qaydada həyata keçirilməsini, bu işə sərf olunan vaxtın minimuma endirilməsini təmin edərək xarici iqtisadi fəaliyyət iştirakçılarına və fiziki şəxslərə xidmətin səviyyəsini yaxşılaşdırmış, bütövlükdə gömrük orqanlarında idarəçiliyin təkmilləşdirilməsinə imkan yaratmışdır.
Bununla yanaşı, gömrük ödənişlərinin bank və ya plastik kart vasitəsilə alınması təşkil olunmuş, bütün gömrük idarələrində pos-terminallar quraşdırılmış və ya müvafiq bankların filialları açılmışdır.
Hazırda gömrük ödənişlərinin 97 faizinin nağdsız qaydada alınması təşkil edilmişdir. Şəffaflığın artırılması və nəzarətin təkmilləşdirilməsi istiqamətində gömrük orqanlarında daim müvafiq tədbirlər həyata keçirilir. Qeyd etmək istəyirəm ki, aidiyyəti tədbirlərin, o cümlədən, şəffaflığın təmin olunması, korrupsiyaya qarşı mübarizənin aparılması cənab Prezidentin Fərman və Sərəncamları ilə təsdiq olunmuş Dövlət Proqramı və Milli Strategiyada təsbit olunmuş müddəalara uyğun olaraq həyata keçirilməklə xarici iqtisadi fəaliyyət iştirakçılarına böyük həcmdə idxal-ixrac əməliyyatlarının aparılmasına imkan verir. Ötən dövr ərzində gömrük xidmətinin fəaliyyəti avtomatlaşdırılmış vahid idarəetmə sisteminə keçirilmişdir. Bu sistem Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə ticarətin liberallaşdırılması, iş adamlarına daha əlverişli iş şəraitinin yaradılması istiqamətində mühüm addımların atıldığını bir daha göstərir.
Yeri gəlmişkən qeyd etmək istəyirəm ki, son zamanlar digər aidiyyəti icra orqanları ilə məlumatların birgə elektron qaydada mübadilə edilməsi və vahid şəbəkənin qurulması istiqamətində işlər davam etdirilir.
Möhtərəm cənab Prezident!
Hörmətli müşavirə iştirakçıları!
2012-ci ilin birinci yarısında gömrük orqanlarında qaçaqmalçılığa qarşı mübarizə daha da gücləndirilmiş, vergidən yayınmanın və hüquqpozma faktlarının aşkar edilməsi məqsədi ilə təxirəsalınmaz tədbirlər görülmüşdür. Belə ki, cari ilin ilk 6 ayı ərzində gömrük orqanları tərəfindən gömrük işi sahəsindəki hüquqpozmalara qarşı mübarizə istiqamətində görülən tədbirlər nəticəsində 8237 hüquqpozma faktı aşkar olunmuşdur.
Gömrük orqanları tərəfindən görülən tədbirlər nəticəsində narkotik vasitələrin qaçaqmalçılığı ilə əlaqədar 37 fakt aşkar olunmuş və 5,8 kq narkotik vasitə, 6,2 kq psixotrop maddə dövriyyədən götürülmüşdür.
Hesabat dövründə 8119 inzibati xəta faktı üzrə 180 hüquqi şəxs və 7912 nəfər fiziki şəxs inzibati qaydada müvafiq məsuliyyətə cəlb edilmişdir. Bu şəxslərə qarşı gömrük orqanları tərəfindən 563 min manat cərimə tətbiq edilmiş, 100 min manat dəyərində hüquqpozma predmeti olan mallar müsadirə edilmişdir.
Eyni zamanda 3 ədəd ov silahı və 200 ədəd ona aid sursat, 79 ədəd pnevmatik silah, 3 ədəd odlu silah və 19 ədəd patron, 8 ədəd soyuq silah, 5 ton dizel yanacağı, 780 ədəd mobil telefon və külli miqdarda digər əşyalar hüquqpozma predmeti kimi saxlanılmışdır.
Aksizli malların qeyri-qanuni keçirilməsinə qarşı aparılmış qabaqlayıcı tədbirlər nəticəsində 767 litr və 25937 ədəd spirtli içki, 76,3 min manat dəyərində tütün məmulatları tutulmuşdur.
Hesabat dövründə qanunvericiliyin təkmilləşdirilməsi və struktur dəyişikliyi ilə əlaqədar mühüm tədbirlər həyata keçirilmişdir. Belə ki, cari ilin yanvar ayından qüvvəyə minmiş “Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin məlum Fərmanı, o cümlədən qeyd olunan Fərmanın icrası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq Sərəncamı ilə hazırlanması Dövlət Gömrük Komitəsinə həvalə edilmiş normativ hüquqi aktların Gömrük Məcəlləsinə uyğunlaşdırılması, o cümlədən “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamənin və Komitənin strukturunun təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanının icrasını təmin etmək məqsədi ilə fərman və qərar layihələri hazırlanaraq aidiyyəti üzrə təqdim olunmuşdur.
Hesabat dövrü ərzində beynəlxalq təşkilatlarla əməkdaşlığın inkişaf etdirilməsi və möhkəmləndirilməsi istiqamətində də məqsədyönlü iş aparılmış, bir sıra xarici ölkələrlə gömrük işi sahəsində beynəlxalq normalara uyğun saziş, protokol və digər sənədlər imzalanmışdır.
Cari ilin aprel ayında Bakı şəhərində keçirilmiş Ümumdünya Gömrük Təşkilatının Avropa Regionu Gömrük Xidməti Rəhbərlərinin 2012-ci il Konfransı çərçivəsində “Azərbaycan Respublikası Hökuməti və Makedoniya Respublikası Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında Saziş” imzalanmış və 10-a yaxın xarici ölkə ilə gömrük işi sahəsində Sazişlərin layihələri hazırlanmışdır.
Hesabat dövründə beynəlxalq təşkilatların dəstəyi ilə Bakı şəhərində və dünyanın bir çox ölkələrində keçirilmiş beynəlxalq forum, konfrans, simpozium, sərgi və digər mühüm tədbirlərdə Dövlət Gömrük Komitəsinin rəhbərliyi, həmçinin gömrük orqanlarının əməkdaşlarından və mütəxəssislərdən ibarət nümayəndə heyətləri iştirak etmişlər.
Möhtərəm cənab Prezident!
2012-ci ilin yanvar ayında Azərbaycan Respublikası Gömrük Xidmətinin yaranmasının 20 illik yubileyi münasibətilə beynəlxalq səviyyədə qonaqların iştirakı ilə Bakı şəhərində bir sıra mühüm tədbirlərin, o cümlədən Bakı Dövlət Universiteti ilə birgə Beynəlxalq Konfransın keçirilməsi Sizin dəstəyinizlə həyata keçirilmişdir. Cari ilin yanvar ayında Sizin imzaladığınız sərəncamlara əsasən gömrük əməkdaşlarının 3 nəfərinə ali xüsusi rütbənin verilməsini, Gömrük Komitəsinin şəxsi heyətinin 42 üzvünün orden və medallarla təltif edilməsini və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Akademiyasının yaradılmasını bütövlükdə gömrük xidmətinə verdiyiniz ən yüksək qiymət kimi dəyərləndiririk.
Gömrük Komitəsinin əməkdaşlarına göstərdiyiniz böyük etimada, yüksək diqqət və qayğıya görə bütün gömrük xidməti əməkdaşları adından Sizə dərin təşəkkürümü və minnətdarlığımı bildirərək, cənab Prezident, Sizi və müşavirə iştirakçılarını əmin etmək istəyirəm ki, ölkəmizdə mövcud iqtisadi sərbəstlik şəraitində özəl bölmənin inkişafı və eyni zamanda xarici ticarət əlaqələrinin həcmi və miqyasının daha da artması üçün respublikamızın uğurlu inkişafı naminə vəzifə və funksiyalarımıza uyğun bütün bacarığımızı səfərbər etməklə tərəfimizdən aidiyyəti işlər həyata keçiriləcəkdir.
Diqqətinizə görə təşəkkür edirəm!
X X X
Prezident İlham Əliyevin yekun nitqi
- Əminəm ki, iqtisadiyyatda müsbət meyillər ilin sonuna qədər daha da güclənəcəkdir. İlin sonuna qədər hələ görüləsi işlər çoxdur. Biz infrastruktur layihələrini başa çatdırmalıyıq. Eyni zamanda, əminəm ki, makroiqtisadi vəziyyət ilin sonuna qədər sabit olaraq qalacaqdır. Çünki altı ayda inflyasiyanın cəmi 2,2 faiz səviyyəsində olması belə deməyə əsas verir. Əlbəttə, bu, çox müsbət göstəricidir. Qeyd etdiyim kimi, əhalinin pul gəlirləri inflyasiyanı 10 faizdən çox üstələyir. Şübhəsiz ki, bu dinamika və bu göstəricilər hər bir vətəndaşın həyatında, onun maddi rifahında öz izlərini buraxmalıdır.
Manatın məzənnəsi bizdə sabitdir. Hətta biz ən çətin, böhranlı illərdə manatın məzənnəsini saxlamışıq. Baxmayaraq ki, bəzi ölkələrdə 20, 30, 40 faiz devalvasiya olurdu, amma biz manatın məzənnəsini saxlamışıq ki, Azərbaycan vətəndaşları bu böhrandan az itki ilə çıxsınlar. Bu gün də manatın məzənnəsi və manatın gücü ölkəmizin iqtisadi qüdrətini göstərir, əlbəttə ki, Azərbaycana xaricdə olan inamı daha da artırır.
Biz, pul sahəsində islahat aparanda, yeni manatı dövriyyəyə buraxanda bir manatı dollara bərabər etdik. Amma hazırda bir manat bir avroya bərabərdir, ondan daha da dəyərlidir. Hesab edirəm ki, bu, düzgün yanaşmadır. Bizim iqtisadi potensialımız və sənaye gücümüz imkan verir ki, manatın məzənnəsini bax, belə güclü səviyyədə saxlayaq. Bəzi ölkələrdə ümummilli valyutanın qiymətdən düşməsi ixrac imkanlarını daha da genişləndirir. Ancaq bizim ixrac imkanlarımız onsuz da genişlənir və ölkəmizdə yaradılan və yaranmaqda olan yeni müəssisələr, o cümlədən ixracyönümlü müəssisələrdir. Bizim üçün əsas vəzifə makroiqtisadi sabitliyi saxlamaqdır. Çünki investisiya xərclərimiz, büdcəmiz, sosial ödəmələr artır, əmanətlərin kompensasiyası məsələləri əlavə yükdür. Bütün bunlar istər-istəməz inflyasiyaya təkan verə biləcək amillərdir. Amma buna baxmayaraq, inflyasiya çox aşağı səviyyədədir.
Eyni zamanda, istehlak qiymətlərinə nəzarət daim güclü olmalıdır. Bu sahədə müsbət dəyişikliklər vardır. Hesab edirəm ki, əlavə tədbirlərin görülməsi nəticəsində bu sahədə daim müsbət vəziyyət qalacaqdır. Biz sağlam rəqabəti gücləndirməliyik. İnhisarçılığa qarşı mübarizəni daha da gücləndirməliyik. Bu mübarizə öz nəticələrini verir. Amma hələ də görüləsi işlər çoxdur. Yəni, iqtisadiyyatımızın bu bloku daim diqqət mərkəzindədir və burada aparılan islahatlar, atılan addımlar ümumi iqtisadi iqlimimizi sağlamlaşdırır.
Baxmayaraq ki, Azərbaycanda aparılan köklü iqtisadi islahatlar bugünkü reallıqları mümkün etmişdir, biz iqtisadi islahatları daha da sürətləndirməliyik. Biz 20 il ərzində həm siyasi, həm iqtisadi sahədə köklü islahatlar aparmaqla ölkəmizi yeni müstəviyə gətirib çıxarmışıq. Azərbaycan artıq ortagəlirli ölkələr sırasındadır, qarşıya vəzifə qoyulubdur ki, yüksəkgəlirli ölkələr sırasında olsun, inkişaf etmiş ölkəyə çevrilsin. Bunun üçün iqtisadi islahatlar davam etdirilməlidir. Bu islahatların böyük bir hissəsi artıq icra edilib, həm qanunvericilikdə öz əksini tapıbdır, həm verilən qərarlarda və gündəlik həyatda da biz bunu görürük. Beynəlxalq təşkilatlar, yəni mötəbər beynəlxalq maliyyə təşkilatları bizim uğurlarımızı qeyd edir. Dünyanın üç aparıcı reytinq agentliyi – “Standard & Poor's”, “Fitch” və “Moody's” Azərbaycanın kredit reytinqini artırmışlar. Baxmayaraq ki, Avropa ölkələrinin və Avropa banklarının reytinqləri eyni agentliklər tərəfindən aşağı salındı, Azərbaycanın kredit reytinqi qalxdı.
Yəni, bu, görülən işlərin, aparılan islahatların məntiqi nəticəsidir. Biz islahatları aparmaqla neft-qaz amilindən iqtisadi asılılığımızı böyük dərəcədə aşağı sala bilmişik və gələcəkdə şaxələndirmə, yerli istehsalın, sağlam rəqabətin gücləndirilməsi, investisiyaların cəlb edilməsi sayəsində, əminəm ki, daha da böyük uğurlara çatacağıq.
Biznes mühitinin yaxşılaşdırılması sahəsində əhəmiyyətli dərəcədə müsbət dəyişikliklər baş vermişdir. Bu il biznes proqramında Azərbaycan yüksək səviyyədədir. Ancaq hesab edirəm ki, daha da yüksək pilləyə qalxmaq üçün imkanlar vardır. Müəyyən bürokratik əngəllərin aradan qaldırılması və biznes mühitinin yaxşılaşdırılması istiqamətində atılacaq yeni addımlar, əminəm ki, bu il biznes cədvəlində Azərbaycanı daha da yüksək pilləyə çıxaracaqdır. Yəni, məsələ onda deyildir ki, biz reytinqlərdə lap yüksək pillədəyik, - baxmayaraq ki, bu da vacibdir, - əsas məsələ konkret, real işlərin görülməsi, biznes iqliminin yaxşılaşdırılması və özəl sektorun inkişafı üçün əlavə tədbirlərin görülməsidir.
Qeyd etməliyəm ki, özəl sektora diqqət yüksək səviyyədədir. Hər il sahibkarlarla və yerli icra orqanlarının nümayəndələri ilə geniş müşavirə keçirilir. Hər il sahibkarlara həm siyasi, həm də iqtisadi dəstək verilir və Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə yüz milyonlarla ölçülən kreditlər verilir, bu kreditlər işləyir. Yəni bu, bizim özəl sektora konkret münasibətimizdir. Bir daha demək istəyirəm ki, şəxsən mənim üçün Azərbaycanın dövlət və özəl şirkətləri arasında heç bir fərq yoxdur. Hər ikisi Azərbaycan şirkətləridir, hər ikisində Azərbaycan vətəndaşları işləyir və maaş alır, biz hər ikisini də dəstəkləməliyik. Ona görə biznes mühitinin yaxşılaşdırılması daimi prosesdir. Biz yeni yanaşmaları tətbiq etməklə bu sahədə daha da böyük nəticələrə çata bilərik.
Dövlət orqanlarının biznes strukturlarına əsassız müdaxilə hallarına tamamilə son qoyulmalıdır. Bu sahədə müsbətə doğru irəliləyiş vardır. Ancaq hələ ki, bu müdaxilələr olur. Əlbəttə, bu, o demək deyildir ki, bu sahə tamamilə nəzarətsiz qalsın. Nəzarət qanun çərçivəsində güclü olmalıdır. Ancaq nəzarət biznesi əngəlləməməlidir və əsassız maneələr yaradılmamalıdır.
Ümumiyyətlə, bu sahədə elektron xidmətə keçid daha da sürətli olmalıdır. Bəzi dövlət qurumları bu sahədə çox sürətlə irəliyə gedirlər, bəzi qurumlar hələ ki, ləng tərpənirlər. Keçən müşavirədə mən bu məsələ ilə bağlı fikirlərimi daha da geniş bildirdim. Elektron sistemə keçid qaçılmaz bir reallıqdır. Bu, labüddür və biz bunu etməliyik. Dünya iqtisadiyyatının inkişafı bu istiqamətdə gedir, eyni zamanda, bu, bizə həm şəffaflıq gətirəcəkdir, həm çox məsələlər daha da dəqiq təşkil ediləcək və xoşagəlməz hallara qarşı mübarizə daha da güclü olacaqdır.
Korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə yaxşı nəticələr vardır. İctimaiyyət də görülən işlər haqqında mütəmadi qaydada məlumat alır, məlumatlandırılır. Bu mübarizə davam etdiriləcəkdir. Mən bir daha demək istəyirəm ki, korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə kampaniya xarakteri daşımır. Bu, bizim şüurlu seçimimizdir. Elə etməliyik ki, bu böyük bəlanı Azərbaycandan çıxaraq, buna son qoyulsun. Bu sahədəki işlər daha da sürətlə getməlidir. Burada, əlbəttə ki, cəza tədbirləri tətbiq olunmalıdır. Əfsuslar olsun, hələ ki, bunsuz mümkün deyildir. Eyni zamanda, institusional islahatlar, tədbirlər, yenə də elektron sistemə keçid, “elektron hökumət”in bütün əlamətlərini tətbiq etməklə biz daha da ciddi nəticələrə çata bilərik. Burada, əlbəttə, hələ ki, təkmilləşdirməyə imkanlar çoxdur. Əminəm ki, növbəti aylar ərzində daha da böyük nəticələr olacaqdır.
Yerli istehsalın gücləndirilməsi sahəsində konkret addımlar atılır. Yeni sənaye parklarının yaradılması prosesi gedir. Kimya parkı artıq yaranmaqdadır.
Yüksək texnologiyalar parkının yaradılması haqqında müvafiq göstərişlər verilmişdir. Sumqayıt texnoparkı öz fəaliyyətini genişləndirir. Balaxanı texnoparkının yaradılması istiqamətində konkret addımlar atılır. Qaradağ rayonunda yeni sənaye müəssisələrinin fəaliyyətə başlaması və ümumiyyətlə Qaradağın sənaye mərkəzlərindən birinə çevrilməsi prosesi uğurla gedir. Bu sahədə bütün göstərişlər verilib, iş ardıcıllıqla gedir, sadəcə olaraq, mən həmişə bu işlərdə çox tələbkaram, dövlət qurumlarının nümayəndələrini tələsdirirəm ki, bu işləri daha da qısa müddət ərzində görək. Bu işlərin gözəl nəticələrini biz bax bugünkü statistik göstəricilərdə də görürük. Qeyri-neft sənayemiz təxminən 10 faiz artmışdır. Əminəm ki, bu dinamika yeni yaradılan müəssisələrin fəaliyyəti nəticəsində saxlanılacaqdır.
Dünən Qaradağ rayonunda “Holcim” sement zavodunun açılışında iştirak edərkən bir daha vurğuladım ki, belə layihələr Azərbaycan iqtisadiyyatını gücləndirir. Bu layihələri icra etmək üçün Azərbaycanda çox gözəl işlək mexanizm vardır.
Dünən də qeyd etmişəm, bu gün də qeyd etmək istəyirəm, sevindirici haldır ki, xarici investorlar Azərbaycanın təkcə neft-qaz sektoruna deyil, qeyri-neft sektoruna da maraq göstərir. Bu layihəyə xarici şirkət, yəni “Holcim” şirkəti 300 milyon avro dəyərində investisiya qoymuşdur. Vaxtilə bizim təşəbbüsümüzlə yaradılan Azərbaycan Dövlət İnvestisiya Şirkəti də bu layihədə iştirak edir. Bu iştirak xarici investorları daha da ruhlandırır. Bu, onu göstərir ki, vaxtilə Azərbaycan Dövlət İnvestisiya Şirkətinin yaradılması çox düzgün addım idi. O şirkətə verilən vəsait artıq işləyir. Biz istədiyimiz məqsədə çatmışıq.
Dövlət İnvestisiya Şirkətinin yaradılması iqtisadiyyatda, yaxud da ki, sənayedə dövlət sektorunun artırılması məqsədlərini güdmürdü. Təsadüfi deyil ki, məhz sement zavodunun layihəsində Dövlət İnvestisiya Şirkətinin payı cəmi 10 faizdir.
Ancaq biz bu 10 faiz ilə həm idarəetmə prosesində iştirak edirik, eyni zamanda, konkret vəsaiti investisiya şəklində qoyuruq, investorlarda inamı gücləndiririk və istisna edilmir ki, Azərbaycan Dövlət İnvestisiya Şirkəti gələcəkdə öz payını lazım gəldikdə hərrac, yəni tender yolu ilə satışa da çıxara bilər. Çünki əsas məqsədimiz sənaye müəssisələrinin yaradılmasıdır. Nə üçün mən bu gün bu məsələ ilə bağlı xüsusilə geniş danışıram. Təkcə ona görə yox ki, dünən biz bu zavodun açılışında iştirak etmişik. Ümumiyyətlə, bu zavodun açılışı onu göstərir ki, investorlar bizə inanırlar. Böhranlı illərdə, 2009-cu ildə Avropa bankları demək olar ki, iflasa uğrayırdı. Böhranın ən ağır dövrü hökm sürürdü. O vaxt böyük məbləğdə investisiyaların qoyuluşu Azərbaycan iqtisadiyyatına və Azərbaycanın gələcəyinə böyük inamın təzahürüdür. Azərbaycanda müsbət investisiya mühitinin mövcudluğu, xarici investorlara gözəl şəraitin yaradılması sayəsində biz buna nail ola bildik. Yeni, müasir, ekoloji cəhətdən tamamilə təhlükəsiz zavod artıq dünəndən fəaliyyətə başlayıb.
Bir neçə il bundan əvvəl Azərbaycanda sementin istehsalı təxminən 1 milyon ton səviyyəsində idi, tələbat isə ildən-ilə artırdı. Çünki bu qədər tikinti, bu qədər sənaye müəssisələrinin yaradılması sement tələb edir. Hazırda tələbat 3,3 milyon tondur. İstehsal ondan azdır, biz özümüzü təqribən 70 faiz təmin edirik. Ancaq icrada olan layihələr bir neçə ildən sonra Azərbaycanda sementin istehsalını 5 milyon tona çatdıracaqdır. Bu, təqribən 2014 -2015-ci illərdə olmalıdır. Beləliklə, biz bu sahədə həmin məhsula daxili tələbatımızı ödəyirik.
Bütövlükdə bu meyillər hər bir sahədə özünü büruzə verməlidir. Həm kənd təsərrüfatı sahəsində, - bu barədə hələ danışacağıq, - həm tikinti materiallarının istehsalında.
Dünən biz metal konstruksiyalar zavodunun açılışını qeyd etdik. Bu layihə də dövlət dəstəyi ilə icra edilmişdir. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə kreditlər ayrıldı, yerli iş adamları öz vəsaitini qoydu və müasir müəssisə yaradıldı. Yəni, belə layihələrin sayı çox olmalıdır. Həm iri, həm orta həcmli, həm kiçik müəssisələrin yaradılması bu gün artıq reallıqdır.
Kənd təsərrüfatının inkişafı ilə bağlı görülən tədbirlər öz nəticəsini verir. Kənd təsərrüfatı 10 faizdən çox artmışdır. Əminəm ki, biz növbəti illərdə çalışıb bu dinamikanı saxlamalıyıq. Mən dəfələrlə bu barədə fikirlərimi bildirmişəm. Kənd təsərrüfatı Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi üçün əsas sahələrdən biridir və məşğulluğun təmin edilməsi üçün demək olar ki, əsas sahədir. Çünki əhalimizin təxminən yarısı bölgələrdə, yəni, kənd yerlərində yaşayır. Burada həm yeni təşəbbüslərin icra edilməsi, eyni zamanda, təkmilləşmə proseslərinin sürətlə getməsi daha da gözəl nəticələr verəcəkdir.
İri fermer təsərrüfatlarının yaradılması prosesi, nəhayət, başlamışdır. Mən bu barədə hələ bir il bundan əvvəl demişəm, əfsuslar olsun ki, buna o qədər də böyük diqqət verilməmişdir. Ancaq keçən müşavirədə mənim sahibkarlarla bağlı kəskin sözlərim bizim dövlət məmurlarını da hərəkətə gətirdi. Hazırda yerlər müəyyən edildi. Artıq birinci beş min hektar hazırlanır ki, biz orada iri fermer təsərrüfatlarının yaradılmasına başlayacağıq. Əminəm ki, bu təcrübə uğurlu olacaqdır və biz bundan sonra dövriyyəyə buraxılacaq əkin sahələrinin həcmini böyük dərəcədə artırmalıyıq. Yerlər müəyyən edilib, indi orada aqrotexniki, meliorativ tədbirlər görülməlidir ki, sahibkarlığa daha da güclü təkan verilsin.
Eyni zamanda, məhsuldarlığın artırılması məsələləri xüsusilə taxıl yığımı prosesində daha da ciddi diqqət tələb edir. Müəyyən təcrübə vardır və bu il daha da çox məhsuldarlıq gözlənilir. Ancaq biz hamımız yaxşı bilirik, imkan var ki, hətta indiki əkin sahələrini də nəzərə almaqla, məhsuldarlığı artırmaqla ərzaq təhlükəsizliyini tam şəkildə təmin edə bilək. Ümumiyyətlə, kənd təsərrüfatı məhsullarının istehsalında özümüzü yüz faiz təminetmə prinsipi tətbiq edilir. Yaxın illərdə biz özümüzü əsas ərzaq məhsulları ilə yüz faiz təmin edəcəyik.
Bununla paralel olaraq meliorativ tədbirlərin həyata keçirilməsi prosesləri gedir. Bu sahədə iki böyük layihə icra edilir.
Samur-Abşeron kanalı - Taxtakörpü su anbarı və Şəmkirçay Dəryaçası tikilir. Hər iki layihə qlobal layihədir. Ölkə iqtisadiyyatına, yəni bir layihəyə qoyulan investisiya baxımından bəlkə də ən böyük layihələrdir və kənd təsərrüfatının inkişafı üçün ən vacib layihələrdir. Bu layihələrin icrası nəticəsində on minlərlə, bəlkə də yüz minlərlə hektar yeni əkin sahələri dövriyyəyə buraxılacaq, yeni iş yerləri, yeni istehsal sahələri yaranacaq, yəni, o bölgələrdə böyük canlanma müşahidə olunacaqdır.
Orada işlər cədvəl üzrə gedir və bəlkə də cədvəli bir qədər qabaqlayırlar. Ona görə, baxmaq lazımdır, - düzdür, bizim dövlət büdcəmiz artıq formalaşıbdır, əlavə vəsait yoxdur, - ancaq əgər haradasa bir imkan yaranarsa, mən hesab edirəm ki, bu layihələri daha da sürətləndirmək, vaxt itirməmək üçün əlavə vəsait ayrıla bilər.
Altı ayda digər infrastruktur layihələrinin icrası davam etmişdir. Prezidentin ehtiyat fondundan və dövlət büdcəsi hesabına bir çox yeni layihənin icrası başlamışdır, xüsusilə, kənd yollarının tikintisi. Biz çalışmalıyıq ki, gələn ilin sonuna qədər kənd yollarının tikintisi ilə bağlı əsas məsələləri həll edək. Tərtib edilmiş proqrama əsasən, - əgər biz bu templəri saxlaya bilsək, - gələn ilin sonuna qədər kənd yerlərində əhalinin yaşadığı məntəqələrin 85 faizində yeni kənd yolları artıq istismara veriləcəkdir.
Bölgələrdə, Bakıda su və kanalizasiya layihələri icra edilir. Oğuz-Qəbələ-Bakı su kəmərinin istifadəyə verilməsi nəticəsində bu sahədə dönüş yaranmışdır. Digər layihələr icra edilir.
Bu yaxınlarda mənə verilən məlumata görə, Hövsan qəsəbəsində artıq 24 saat fasiləsiz su verilir. Bu, çox gözəl göstəricidir. Çünki biz yaxşı bilirik ki, Hövsan qəsəbəsində, ümumiyyətlə o bölgədə həmişə su ilə problemlər olmuşdur. Yadımdadır, mən bir neçə dəfə Hacıbala Abutalıbovla oraya getmişdim, əhali ilə görüşmüşdüm. Yuxarı mərtəbələrə, ümumiyyətlə, su çatmırdı. Gündə bir-iki saat su verilirdi və daim ən ağır yerimiz ora idi. Amma görülən tədbirlər nəticəsində indi 24 saat fasiləsiz keyfiyyətli su verilir. Bu, onu göstərir ki, hər bir işi görmək olar, təki iradə, istək və işə düzgün münasibət olsun. Biz bu layihənin timsalında görürük ki, bütün Bakıətrafı qəsəbələrdə bu layihələr icra ediləcək və bütövlükdə ölkə üzrə bu layihələr icra edilir. Bakıda, qəsəbələrdə, hər bir şəhərdə, hər bir rayon mərkəzində və artıq rayon mərkəzinə yaxın olan kəndlərdə, yaxud da ki, yeni çəkiləcək su xətlərinin üzərində yerləşən kəndlərdə bu layihələr maksimum dərəcədə icra edilir. Paralel olaraq, kanalizasiya layihəsi icra edilir.
Mənə bu yaxınlarda yeni layihələr təqdim edilmişdir, hansılar ki, əvvəllər nəzərdə tutulmurdu. Kür çayının suyunu rayon istiqamətinə yönləndirməklə biz yeddi rayonun su təchizatını böyük dərəcədə yaxşılaşdıra biləcəyik. Gələn ilin sonuna qədər Hacıqabul, Şirvan, Neftçala, Biləsuvar, Salyan, Sabirabad, Saatlı rayonlarının 111 kəndinə yeni layihə əsasında təmiz içməli suyun verilməsi nəzərdə tutulur. Bu böyük layihə bu yaxınlarda artıq start götürəcəkdir. Digər infrastruktur layihələrinə gəldikdə, qazlaşdırma, elektrik enerjisi ilə təchizatla bağlı sahələrdə işlərin mütləq əksəriyyəti görülmüşdür. Sadəcə olaraq, qalan işlər də cədvəl üzrə görülməlidir ki, burada 100 faiz təminat təşkil edilsin.
Biz artıq bərpa olunan enerji mənbələrinin yaradılması ilə ciddi məşğuluq. Bu məsələ ilə bağlı konkret addımlar atılmış, strukturlar formalaşmışdır. Artıq Bakı və Sumqayıtda günəş panelləri zavodu fəaliyyətə başlamışdır. Hesab edirəm ki, bütün aidiyyəti qurumlar – dövlət qurumları və özəl qurumlar bu zavodun məhsullarından istifadə etməlidirlər. Məsələn, dövlət xətti ilə tikilən yeni evlər, indi zəlzələ bölgəsində, yaxud da ki məcburi köçkünlər üçün tikilən evlərdə biz günəş panellərindən daha da geniş şəkildə istifadə etməliyik. Çünki bu, böyük iqtisadi səmərə verəcəkdir, bu, təmiz enerji növüdür. Düzdür, hazırda Azərbaycanda qeyri-təmiz enerji növlərindən istifadə edilmir. Bizim enerji növlərimiz təbii qaz və sudur. Hər ikisi təmizdir. Ancaq günəş enerjisi qazdan daha da təmizdir. Bir də ki, bunun böyük iqtisadi səmərəsi olacaqdır, bizə qaza əlavə qənaət etmək imkanı yaradacaqdır. Nəzərə alsaq ki, bizim indi ixrac imkanlarımız genişlənir, təbii qaza nə qədər çox qənaət olunsa, o qədər də çox ixrac oluna bilər.
Eyni zamanda, bərpa olunan enerjidən istifadə texnologiyalarının yaradılması ölkəmizin müasirliyə doğru getməsini əks etdirir. Bu, bizim böyük məsuliyyətimizi göstərir. Çünki neftlə, qazla zəngin olan ölkədə bərpa olunan enerji növlərinin inkişafı, ilk növbədə, məsuliyyətimizi və niyyətimizi göstərir. Eyni zamanda, bu, iş yerləri, müasir texnologiyalar, kadrların hazırlanması deməkdir. Hesab edirəm ki, bu sahədə daha da böyük işlər görülməlidir. Biz təzə başlamışıq, ancaq yaxşı başlamışıq. Hesab edirəm ki, bizim təcrübə başqa ölkələrdə də öyrənilə bilər.
Əlbəttə, bizim üçün bərpa olunan enerji növlərinin yaradılması və genişləndirilməsi çox da təcili xarakter daşımır, çünki bizim zəngin neft-qaz yataqlarımız vardır. Yeni yataqlar aşkar edilib. “Şahdəniz”, “Abşeron”, “Ümid” və digər yataqlarımızda 2,6 trilyon kubmetr qaz ehtiyatları vardır ki, bu da gələn 100 il ərzində bizə və tərəfdaşlara kifayət edəcəkdir. Ancaq bununla bərabər, biz bərpa olunan enerji növlərini mütləq inkişaf etdirməliyik.
Enerji təhlükəsizliyi məsələlərinə gəldikdə, bu sahədə də deyə bilərəm ki, biz ölkə qarşısında duran bütün vəzifələri icra edirik. Azərbaycanın enerji təhlükəsizliyi ilə bağlı həll olunmamış heç bir məsələsi qalmayıbdır. Bütün məsələlər həll edilib. Sadəcə olaraq, neft-qaz sektorunun inkişafının indiki mərhələsində biz strategiyamızı düzgün işləməliyik. Bunu müəyyən etmişik və bu strateji hədəflərə çatmaq üçün konkret addımlar da atılmalıdır. Bu sahədə görülən bütün işlər haqqında ictimaiyyət bilir.
Bizim çoxşaxəli ixrac nəqliyyat infrastrukturumuz vardır. Hasilat lazımi səviyyədədir. Keçən ay biz TANAP layihəsinə start verdik. Bu layihə bir neçə səbəbə görə tarixi layihədir. İlk növbədə, bildiyiniz kimi, uzun illərdir ki, Azərbaycan və ümumiyyətlə, Xəzər qazının Avropaya çatdırılması ilə bağlı müzakirələr, danışıqlar aparılır, konfranslar, zirvə görüşləri keçirilir. Ən azı son yeddi il ərzində bu məsələ ilə bağlı müzakirələr gedir, ancaq nəticə yoxdur. Belə olan halda biz qərara gəldik ki, bu sahədə də Azərbaycan liderliyi üzərinə götürməlidir. Necə ki, 1990-cı illərin ortalarında Azərbaycan Bakı-Tbilisi-Ceyhan layihəsinin icrası ilə bağlı liderliyi, bütün məsuliyyəti və öhdəlikləri öz üzərinə götürmüşdür. Biz gördük ki, əgər bu sahədə də liderliyi üzərimizə götürməsək, bu danışıqlar hələ bəlkə bir on il də heç bir nəticəsiz davam edəcəkdir. Qısa müddət ərzində türkiyəli tərəfdaşlarımızla bu məsələ ilə bağlı müzakirələr, danışıqlar aparıldı. Layihəyə ad verildi – TANAP, Trans-Anadolu Qaz Kəməri. Bütün məsələlər həllini tapdıqdan sonra keçən ay İstanbul şəhərində gözəl mərasim keçirildi və TANAP ilə bağlı bütün sənədlər imzalandı. Yəni, bu layihəyə start verildi. Bir daha vurğulamaq istəyirəm ki, bu layihə sırf Azərbaycan-Türkiyə layihəsidir. Pay bölgüsü 80 faiz Azərbaycan, 20 faiz Türkiyə tərəfinə çatacaqdır. Pay bölgüsü bu əsasda aparılmışdır. Bu pay bölgüsü, eyni zamanda, maliyyə öhdəliyini göstərir. Yəni, biz hazırıq ki, layihənin 80 faizinin maliyyəsini özümüz təmin edək. Eyni zamanda, mən bunu elan etmişəm, bu gün də demək istəyirəm ki, bu layihə tərəfdaşlar üçün, bizim üçün dost olan şirkətlər, Azərbaycanda uzun illər fəaliyyət göstərən şirkətlər üçün də açıqdır. Əgər hər hansı bir şirkət bu layihədə səhmdar, investor kimi iştirak etmək istəyərsə, biz buna müsbət baxacağıq. Əlbəttə, biz qərar verəcəyik ki, hansı şirkətlər bu layihədə iştirak edə bilər.
Çünki bu layihə, yenə də deyirəm, Azərbaycan və Türkiyə layihəsidir. Mən tam əminəm ki, bu layihənin uğurlu nəticəsi olacaqdır. Çünki bu günə qədər Azərbaycan tərəfindən irəli sürülmüş layihələrin heç biri iflasa uğramayıb. Hər biri gözəl nəticələrlə sonuclanıb. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Supsa, Bakı-Novorossiysk kəmərləri və digər kəmərlər Azərbaycan tərəfindən icra edilib və uğurla icra edilib.
O ki qaldı neft-qaz yataqlarının işlənilməsinə, bizim son illər ərzində, bu sahədə də heç bir problemimiz olmamışdır. Biz bütün hədəflərə çatmışıq. Bu gün bir daha demək istəyirəm ki, Azərbaycan öz enerji təhlükəsizliyini təmin edib, başqa ölkələrin enerji təhlükəsizliyi məsələlərinin həllində iştirak edir və gələcəkdə daha da geniş şəkildə iştirak edəcəkdir. Bu layihə, yenə də deyirəm, böyük əhəmiyyətə malik olan layihədir, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum layihələrindən az əhəmiyyət daşımır. Bu, bizə imkan verəcək ki, öz qaz resurslarımızı Türkiyəyə və ondan sonra Avropaya daha da böyük həcmdə nəql edək. Beləliklə, biz enerji siyasətimizdə əsas amil olan şaxələndirmə məsələlərinə tam şəkildə çatacağıq.
Biz bu gün də bu sahədə heç bir problemlə üzləşmirik. Azərbaycanda hasil edilən neft-qaz ixrac olunur, daxildə istehlak edilir. Hazırda hasilatın səviyyəsi bizi qane edir və əslində uzun illər bundan sonra bu səviyyə qalarsa, iqtisadiyyatımız yalnız inkişaf edəcəkdir. Nəzərə almalıyıq ki, biz indi neft-qaz amilindən iqtisadi asılılığımızı azaldırıq və azaldacağıq. Yəni, demək istəyirəm ki, hər şey indiki səviyyədə də qalsa, yenə də biz inkişaf edəcəyik və inkişafımızı yavaşıdan amil olmayacaqdır. Ancaq bu layihə icra edilsə, inkişafımız əlbəttə ki, daha da sürətli olacaq, təsir dairəmiz daha da genişlənəcəkdir. Çünki bu sahə - enerji sahəsi iqtisadi maraqlarla bərabər, digər maraqları da təmin edir. Artıq bu, heç kəs üçün sirr deyil və Azərbaycanın, şübhəsiz ki, regional və beynəlxalq mövqeləri yalnız və yalnız güclənəcək və möhkəmlənəcəkdir.
Sənaye inkişafımız ilə bağlı bir məsələyə də toxunmaq istəyirəm. İri sənaye müəssisələrinin şəhər mərkəzindən çıxarılması prosesi gedir, getməlidir. Bakı sakinləri bu prosesin müsbət nəticələrini görürlər. Biz vaxtı ilə köhnəlmiş, ekoloji cəhətdən təhlükəli sənaye müəssisələrini şəhərin mərkəzindən çıxarırıq, yeni yerlərə köçürürük. Eyni zamanda, köhnəlmiş müəssisələrin fəaliyyətə davam etməsi də lüzumsuzdur. Biz yeni, güclü sənaye potensialı yaradırıq. Əlbəttə, çalışmalıyıq ki, ən qabaqcıl texnologiyalar tətbiq edilsin. Şəhərin mərkəzində - köçürülən köhnəlmiş sənaye müəssisələrinin yerlərində ictimai istifadə üçün yerlər yaradılmalıdır. Parklar, avtomobil dayanacaqları, bağçalar salınmalıdır ki, insanlar üçün daha da yaxşı şərait yaradılsın. Yaşıllıq zolaqları, ağaclar əkilməlidir. Bu il iki milyondan artıq ağac əkilmişdir. Əvvəlki dövrdə daha da çox idi. Çünki “Ekologiya ili” çərçivəsində hər yerdə bu proses gedirdi. Ancaq mən “Ekologiya ili” başa çatdıqda demişdim ki, hesab edin ki, “Ekologiya ili” bu gün də davam edir, sabah da davam edəcək, hər il bizdə “Ekologiya ili” olmalıdır. Çünki bu, həyatımızdır, sağlamlığımızdır, gələcəyimizdir. Yəni, bu proses davam etdirilir və bu prosesin müsbət nəticələri vardır. Bayraq meydanına gedən yol və Yeni Bulvar bunun bariz nümunəsidir. Bu yerlər köhnəlmiş, yəni sovet dövründə tikilmiş və heç bir əhəmiyyət daşımayan zavodlarla elə bil ki, əhatə olunmuşdu. Onları oradan köçürmək o qədər də asan olmamışdır. Müqavimətlər də oldu. Ancaq siyasi iradə olduqda heç bir müqavimət heç bir nəticə vermir.
Ancaq bu gün Bakı sakinləri və Azərbaycan vətəndaşları görürlər ki, nə qədər böyük işlər görüldü. Bu sahə ümumi istifadəyə verildi, bulvar uzadıldı, gözəl yaşıllıq zolaqları yaradıldı və insanlar rahat istirahət edirlər. Belə yerlər Bakının mərkəzində hələ çoxdur və biz çalışmalıyıq ki, onları mərkəzdən çıxaraq və işləyən müəssisələri köçürək, işləməyən müəssisələr də oradan yığışdırılmalıdır.
Eyni zamanda, şəhərimizdə və ətraf qəsəbələrdə çirklənmiş göllər həddindən artıq çoxdur. Təxminən 30-a qədər göl vardır. O göllərin yaranması tarixi bizə bəllidir. Oraya lay suları, kanalizasiya suları axır. Bu, əlbəttə ki, Bakının müasir simasına uyğun gəlmir. Göstəriş verilmişdir, hazırda İqtisadi İnkişaf Nazirliyi və “Azərsu” şirkəti bu məsələ ilə bağlı təkliflər hazırlayır. Biz bu gölləri təmizləməliyik, abadlaşdırmalıyıq, kanalizasiya və drenaj sistemlərini yaratmalıyıq ki, bu göllərdən Bakı sakinləri və onun qonaqları istifadə etsinlər. Hazırda çox acınacaqlı mənzərə təşkil edən bu göllər gözəl, şəffaf göllərə çevrilməlidir. Mən hesab edirəm ki, biz buna nail olacağıq. Baxmayaraq ki, bu, böyük və çətin bir işdir. Həm maliyyə resursları tələb edən, həm də texniki cəhətdən çox çətin bir işdir. Ancaq mən hesab edirəm ki, biz bunu mütləq etməliyik. Bunun ölkəmizin gələcəyi üçün çox böyük əhəmiyyəti olacaqdır. Təsəvvür edin ki, çirklənmiş, ekoloji vəziyyəti korlayan bu göllər gələcəkdə əgər təmiz göllərə çevrilərsə, görün nə qədər yaxşı şərait, nə qədər yeni istirahət yerləri, parklar, meşə zolaqları yaradılacaqdır. Misal üçün, Böyük Şor gölü. İndi ən ağır vəziyyətdə olan Böyük Şor gölü şəhərin lap mərkəzindədir. İndi Böyük Şor gölünün təmizlənməsi, yeni kanalizasiya sistemlərinin, lay sularının ötürülməsi, yaşıllıq zolaqlarının yaradılması layihəsi əgər uğurla başa çatarsa, böyük bir ərazidə, şəhərin mərkəzində gözəl, təmiz göl yaranacaqdır.
Xocasən gölü, Xırdalan gölü, Qanlı göl, Zığ gölü yəni, bu göllərin sayı həddindən artıq çoxdur. Bütün bu göllərə yuxarıdan, vertolyotdan baxanda dəhşətli bir mənzərə açılır. Biz bu gölləri təmizləməliyik. Göstərişlər verilib, bu il əlavə vəsaitin ayrılması da nəzərdə tutulub. Ancaq gələn ilin investisiya proqramında bu məsələ xüsusilə qeyd olunmalıdır və çalışmaq lazımdır ki, mümkün olan işləri bu il görək. Əsas işləri gələn ilin əvvəlində maksimum diqqətlə görməliyik.
Bakı və qəsəbələrin Proqramı icra edilir. Bu barədə mən giriş nitqimdə sözümü dedim. Burada bütün vəzifələr qarşıya qoyulub. Əminəm ki, Proqramda olan bütün məsələlər 2013-cü ilə qədər öz həllini tapacaqdır. Proqrama əlavələr də edildi. Çünki baxmayaraq ki, Proqram tərtib olunanda yerlərdən bizə daha çox məlumat gəldi və bu məlumat, sifarişlər əsasında biz bu proqramı yaratdıq. Ancaq əlbəttə ki, indi yeni məsələlər ortaya çıxır. Misal üçün qəzalı məktəblərin təmiri. İndi qəzalı məktəb hansı məktəb sayılır? Dağılan məktəb, yoxsa ki, pis vəziyyətdə olan məktəb? Yəni bu qəzalı məktəbi müəyyən etmək o qədər də asan məsələ deyildir. Ancaq bir halda ki, indi biz ən pis vəziyyətdə olan məktəbləri ya sökürük, yenidən tikirik, ya da bərpa edirik, o qədər də yaxşı vəziyyətdə olmayan məktəblər qalır kənarda, onlar da təmir olunmalıdır. Yəni, onlar da Proqrama əlavə edilir. İndi uşaq bağçalarının hamısı təmir olunacaqdır. Şəhərdə bir dənə də təmirsiz uşaq bağçası qalmayacaqdır.
Ancaq uşaq bağçalarının sayı və potensialı bizi təmin etmir. Yeni bağçalar tikilməlidir, ona görə Proqrama əlavələr edildi, vəsait də ayrıldı. Əminəm ki, gələn ilin sonuna qədər icra ediləcəkdir.
Gələn ilin büdcəsi haqqında biz artıq indidən fikirləşirik. Bu gün Maliyyə Nazirliyi bu məsələ ilə məşğuldur. Gələn ilin büdcəsi həmişə olduğu kimi, yenə də investisiya yönümlü olmalıdır. Əlbəttə ki, sosial yönümlü olmalıdır. Gələn il Bakı və qəsəbələrin Proqramı, böyük infrastruktur layihələri başa çatmalıdır. Ona görə göllərlə bağlı ekoloji tədbirlər icra edilməlidir. Ona görə gələn il bizim xərcimiz yəqin ki, çox olacaqdır. Yəqin ki, yox, dəqiq çox olacaqdır. Biz bu işi indidən planlaşdırmalıyıq və bu barədə mən artıq göstəriş vermişəm. Bu gün də bir daha demək istəyirəm ki, gələn ilin investisiya proqramını biz bu ilin sonunda təsdiq etməliyik. Çünki adətən bizdə investisiya proqramı ilin əvvəlində, təqribən yanvar ayında təsdiq edilir. Ondan sonra vəsait açılır və investisiya layihələri demək olar ki, fevral ayına qədər öz icrasını gözləyir. Ancaq vaxt itirməmək üçün investisiya proqramı bu ilin sonunda qəbul edilməlidir ki, yanvarın əvvəlindən artıq bu proqram icra edilməyə başlasın.
Bizim maliyyə vəziyyətimiz bütövlükdə yaxşıdır. İlin əvvəlindən ölkəmizin strateji valyuta ehtiyatları artmışdır. Hazırda Azərbaycanın valyuta ehtiyatları 44 milyard dollar səviyyəsindədir. İlin sonuna qədər bu rəqəm artmalıdır. Xarici dövlət borcu çox aşağı səviyyədədir. Ümumi daxili məhsulun 7 faizini təşkil edir. Bu, dünya miqyasında ən müsbət göstəricilərdən biridir. Buna baxmayaraq, mən göstəriş vermişəm ki, biz əlavə kreditlərin götürülməsində daha da ehtiyatlı olmalıyıq. Bu gün biz özümüz kreditlər veririk və bu, həm siyasi, həm iqtisadi cəhətdən müsbət haldır. Biz öz pulumuzu müxtəlif alətlər vasitəsilə yerləşdiririk. Götürüləcək kreditlər, sadəcə olaraq, istisna hal kimi ola bilər. Çünki əsas işlər dövlət büdcəsi, yaxud da ki, əvvəllər götürülmüş kreditlər hesabına görülür. Mən yeni kreditlərin götürülməsinə o qədər də böyük ehtiyac görmürəm. Yəni, müstəsna hal kimi etmək olar, hər bir kreditin götürülməsi əsaslandırılmalıdır. Bu, krediti götürmək istəyən şirkət, yaxud da nazirlik tərəfindən əsaslandırılmalıdır ki, biz xarici dövlət borcunu artırmayaq. Düzdür, ümumi daxili məhsulun 7 faizi çox aşağı göstəricidir. Müqayisə üçün deyim ki, inkişaf etmiş ölkələrdə bu, 80, 100, 150 faizdir və o, artıq iflasa gedən yoldur. Bizdə 7 faizdir. Ola bilər müəyyən dərəcədə artsın, çünki əvvəlki illərdən götürülmüş kreditlər hələ gəlməyə davam edir. Ola bilər artsın, amma heç bir halda 10 faizi keçməməlidir və çalışmalıyıq ki, növbəti illərdə biz bu kreditlərin borcunu bir az endirək. Halbuki biz bu borcu bir gündə ödəyə bilərik. Yəni, bizim valyuta ehtiyatlarımız borcumuzdan 10 dəfə çoxdur.
Amma yenə də elə etməliyik ki, bu gün də, sabah da, 10 ildən, 20 ildən, 50 ildən sonra ancaq inkişaf yolu ilə gedək. Avropanın bəzi ölkələri borc götürməklə bax, bu vəziyyətə düşdülər. Borc götürürdülər, o borcu yönəldirdilər sosial proqramlara, seçkiqabağı vədlərin yerinə yetirilməsinə. Populist çıxışları təmin etmək üçün ondan sonra gələn siyasi qüvvələr yenə də borc götürürdülər və beləliklə, piramida yaranırdı ki, o da çökməli idi, çökdü də. Belə təhlükə bizdə yoxdur, ola da bilməz. Amma hər halda həmişə deyirəm ki, siyasətdə də, iqtisadiyyatda da, həyatda da hər kəs ayağını yorğanına görə uzatmalıdır.
Bir məsələyə də toxunmaq istəyirəm. “Eurovision” mahnı müsabiqəsinin Azərbaycanda keçirilməsi bizə imkan verdi ki, ölkəmizi dünyaya olduğu kimi təqdim edək. Ancaq sözün düzü, keçən il bizim istedadlı gənc müğənnilərimiz Almaniyada keçirilən müsabiqədə qalib gəldikdə heç təsəvvür edə bilməzdik ki, bu müsabiqə bu qədər siyasiləşdiriləcəkdir. Çünki bu vaxta qədər bu müsabiqə sadəcə olaraq mahnı yarışması idi, bunun heç bir siyasi tərəfi olmamışdı və ola da bilməz. Ancaq əfsuslar olsun ki, Azərbaycana gəldikdə bunu siyasiləşdirmək istəyən qüvvələr tapıldı və deyə bilərəm ki, Azərbaycana qarşı böyük və çirkin kampaniya başlamışdı. Qeyd etməliyəm ki, “Eurovision”u Azərbaycanda keçirmək üçün biz heç vaxt təşəbbüs irəli sürməmişdik, bu, mümkün deyil. Çünki yarışmanın qaydaları belədir ki, qalib olan ölkə məcburdur ki, bu tədbiri keçirsin və biz də bunu böyük məsuliyyət kimi qəbul etdik. Doqquz ay ərzində, - bu da dünya miqyasında yəqin ki, rekord göstəricidir, - “Crystal Hall” kimi möhtəşəm idman-konsert sarayını tikdik. Bayraq Meydanı onsuz da genişləndirilirdi, biz orada işləri sadəcə olaraq sürətləndirdik və bütün şəraiti yaratdıq.
Təşkilati nöqteyi-nəzərdən ən gözəl müsabiqə idi. Bizə gələn minlərlə xarici qonaq təşkilati məsələləri yüksək qiymətləndirdi və bütövlükdə şəhərimizə heyran oldu. Çünki Bakının gözəlliyi elədir ki, Bakıya vurulmamaq mümkün deyil. Biz bütün qonaqları ənənəvi olaraq qonaqpərvərliklə qarşıladıq, çalışdıq ki, onlar üçün gözəl şərait yaradaq və elə edək ki, bu mahnı müsabiqəsi hər bir cəhətdən yadda qalsın və əvvəlkilərdən fərqlənsin. Görürəm və bilirəm ki, biz buna müvəffəq olduq.
Bakıda keçirilmiş “Eurovision” müsabiqəsi hesab edirəm ki, başqa şəhərlər üçün nümunə ola bilər. Ancaq bununla bərabər, biz gözlənilməz kampaniya ilə də üzləşdik. Bu, bizim üçün gözlənilməz idi. Çünki yenə də deyirəm, “Eurovision”un tarixində heç vaxt siyasi məqamlar olmamışdı. Burada antiazərbaycan qüvvələrin birləşməsi prosesi sürətlə getmişdir. İlk növbədə, erməni lobbisi və bu məsələ ilə bağlı mən əvvəllər də demişəm, bu gün də deyirəm, “Eurovision” müsabiqəsi bir daha mənim sözlərimi təsdiqləyir ki, bizim üçün, Azərbaycan xalqı, Azərbaycan dövləti üçün bir nömrəli düşmən dünya erməni lobbisidir. Onlar gündəlik fəaliyyətdə Azərbaycanı ləkələmək, qaralamaq, şayiə, böhtan yaymaq üçün çalışırlar və bütün maliyyə-siyasi qüvvələrini səfərbər edirlər ki, təki Azərbaycana zərbə vursunlar. Erməni lobbisi, ondan sonra digər qurumlar, digər dairələr, Avropada islamofobiya xəstəliyinə düçar olmuş bəzi dairələr bu kampaniyaya qoşuldu. Bunu da mən təəssüf hissi ilə deyə bilərəm. Belə fikirlər səsləndi ki, müsəlman ölkəsində Avropa müsabiqəsi keçirilə bilməz. Bu, əlbəttə ki, çox məyusedici bəyanatlardır. Düzdür, belə qüvvələrin Qərb dünyasında, siyasi müstəvidə çəkisi çox aşağı səviyyədədir. Ancaq bu qüvvələr, belə partiyalar, bu fikirdə olan siyasətçilər əfsuslar olsun ki, vardır.
Əgər belə təsnifat aparsaq deyə bilərəm ki, üçüncü qüvvələr sadəcə olaraq Azərbaycanın uğurlu inkişafını qəbul edə bilməyən, Azərbaycanın böhranlı illərdə bu qədər inkişaf etdiyini həzm edə bilməyən və sadəcə olaraq uğurlarımıza qısqanan, paxıllıq edən dairələrdir. Onları qıcıqlandıran budur ki, necə ola bilər ki, hər yerdə böhran, hər yerdə problem, nümayişlər, polis ilə əhalinin toqquşması, - indi bəzi şəhərlərdə bu ənənəvi hal almışdır, - ancaq burada sakitlik, rahatlıq, inkişaf və xoş ovqat hökm sürür.
İnkişafımızı qəbul etməyən qüvvələr, insanlar, siyasətçilər var və biz onları tanıyırıq. Bunlara qoşulmuş yerli, antimilli qüvvələr, özünü müxalifət adlandıran, əslində, uzun illər antiazərbaycan mövqeyində dayanan və Azərbaycana qarşı kampaniya aparan qüvvələr vardır. Mən onlara qüvvə demərəm, elementlər, ünsürlər desəm daha dəqiq olar, - bax, bunların simbiozu birləşərək Azərbaycana qarşı çox çirkin, yalan və böhtan üzərində kampaniya aparmağa başlamışlar. Həm xarici, həm daxili mətbuatda qəsdən müəyyən təxribatların baş verməsini onlar təşkil etmişlər. Onlar üçün, yəni xüsusilə daxildəki bu elementlər üçün siyasi həyatda bir prinsip var ki, Azərbaycan üçün nə qədər pisdirsə, onlar üçün bir o qədər yaxşıdır. Yəni, Azərbaycanı ləkələmək, Azərbaycan haqqında yanlış məlumat yaymaq, erməni lobbisi ilə birləşmək – bütün bunlar bizim gözümüzün qabağında baş vermiş hadisələr idi. Əlbəttə, Azərbaycan xalqı bir daha açıq-aydın gördü ki, kim kimdir. Demək olar ki, bütün Azərbaycan xalqı bu bir ay ərzində sevinc içində idi. Bu qədər qonaq gəlir, hər kəs istəyirdi ki, öz ölkəsini təqdim etsin, tanıtdırsın, gözəl yerləri göstərsin. Antimilli qüvvələr isə xarici qonaqlara deyirdilər ki, siz baxmayın ki, bura belə gözəldir, gəlin biz sizi kənara aparaq, siz görərsiniz ki, bura necə pisdir. Yəni, adamın ağlına gəlmir ki, bu dərəcədə antimilli duyğularla yaşayan insanlar burada ümumiyyətlə özləri üçün necə yer tapa bilirlər?! Yəni, onlar üçün hər gün dərddir, hər gün faciədir. Bir yenilik görəndə üzülürlər, bir inkişaf görəndə yasa batırlar. Bunlar doğrudan da, çox ağır bir psixoloji durumda olan insanlardır, özü də uzun illər ərzində. Çünki Azərbaycanın inkişafı bu günün işi deyil. Bu, ardıcıllıqla gedən bir inkişafdır. 1990-cı illərin ortalarından bu günə qədər hər il inkişaf, gözəllik, abadlıq - indi Bakı dünyanın ən gözəl şəhərlərindən birinə çevrilibdir. Bunu biz demirik, xarici qonaqlar deyirlər. Bunlar üçün bu, daimi stressdir və yəqin ki, onların məntiqsiz hərəkətləri illərcə yığılmış bu stressin təzahürüdür. Çünki o hərəkətləri başqa cür izah etmək mümkün deyildir.
“Eurovision”a qədər 20-ci Sahədə ayrılan yerdə üç mitinq keçirilmişdir. Mən bir daha demək istəyirəm ki, onlar üçün ən məqbul yer 20-ci Sahədir və özləri də öz xoşu ilə 20-ci Sahədə mitinqləri çox sakit şəkildə keçirdilər. Heç kim onlara dəymədi. Amma görəndə ki, hər dəfə, - yəni üç dəfə belə yığıncaqlar keçirildi, - oraya gələn insanların sayı getdikcə azalır, yeni taktikaya əl atdılar. Şəhərin mərkəzində qanunsuz piket, ya mitinq keçirməklə xarici mətbuatın diqqətini cəlb etməyə cəhd etdilər. Bu, sırf təxribat xarakteri daşıyan bir addım idi. Yaxşı, “Eurovision” artıq qurtardı. Haradadır o piketlər, haradadır o mitinqlər?! Hacıbala Abutalıbov onlara müraciət etsin və onları 20-ci Sahəyə dəvət etsin. “Eurovision” növbəti dəfə nə vaxt Azərbaycanda keçiriləcək, biz bilmirik. Yəni, biz o qədər gözləyə bilmərik.
Bu, nə qədər gülməli olsa da, bir o qədər də acınacaqlıdır. Çünki doğrudan da öz xalqına, öz millətinə, öz dövlətinə bu qədər mənfi münasibət bəsləyən insanlara bir ad vermək olar – milli satqınlar, xəyanətkarlar və antimilli qüvvələr. Ancaq bütün bu cəhdlərə və bizə qarşı bu çirkin kampaniyaya baxmayaraq, yenə də biz qalib gəldik - Azərbaycan dövləti, Azərbaycan xalqı qalib gəldi. Çünki biz güclüyük. Bizim gücümüz xalqın dəstəyidir və biz haqlıyıq. Haqlı qüvvə qalib gələndə o zaman ədalət zəfər çalır və əminəm ki, biz bundan sonra da həmişə qalib gələcəyik!
Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:
Orxan Rüfət oğlu Hüseynzadə Ağdaş Rayon İcra Hakimiyyətinin...
01 noyabr 2024, 16:37Hörmətli cənab Prezident,
Əziz Qardaşım,
Əlcəzair Xalq Demokratik Respublikasının milli bayramı - İnqilab Gününün 70-ci ildönümü münasibətilə Sizi və Sizin simanızda qardaş xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən...
01 noyabr 2024, 11:09Hörmətli cənab Sədr,
Valensiya regionunda baş vermiş güclü daşqınlar nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər bizi olduqca kədərləndirdi.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və...
31 oktyabr 2024, 19:07Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafında xidmətləri olan aşağıdakı şəxslər təltif edilsinlər:
3-cü dərəcəli...
31 oktyabr 2024, 16:00