Bakıda Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində xüsusi təyinatlı hərbi təhsil müəssisələrinin 2012-ci il buraxılışına həsr olunmuş mərasimdə İlham Əliyevin nitqi

25 iyun 2012, 14:10
Bakıda Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində xüsusi təyinatlı hərbi təhsil müəssisələrinin 2012-ci il buraxılışına həsr olunmuş mərasimdə İlham Əliyevin nitqi

- Əziz hərbçilər, hörmətli mərasim iştirakçıları!

Mən sizi və bütün Azərbaycan xalqını qarşıdan gələn Silahlı Qüvvələr Günü münasibətilə ürəkdən təbrik edirəm.

Azərbaycan Ordusunda xidmət edən bütün şəxsi heyətə Vətən uğrunda yeni uğurlar arzulayıram. Bu gün, eyni zamanda, hərbi məktəblərin növbəti buraxılışıdır. Bütün məzunları bu münasibətlə təbrik edirəm. Əminəm ki, məzunlar Azərbaycan Ordusunda ləyaqətlə xidmət edəcəklər.

Bu gün Heydər Əliyev adına Ali Hərbi Məktəbdə gedən təmir-tikinti işləri ilə də tanış oldum. Çox şadam ki, məktəbdə böyük quruculuq işləri aparılır, bütün binalar təmir edilir, kursantlara yaxşı şərait yaradılır. Eyni zamanda, yeni trenajorlar alınmışdır və bu trenajorlar imkan verəcəkdir ki, kursantlar döyüş qabiliyyətini artırsınlar.

Bizə hazırlıqlı hərbçilər lazımdır. Bütün sahələrdə yeni gənc kadrların yetişdirilməsi məsələlərinə böyük diqqət göstərilir.

Azərbaycan uğurla inkişaf edir. Ölkəmizdə bütün sahələr inkişaf edir. Gənc kadrların hazırlanması prosesi bizim gələcəyimizi şərtləndirən amildir. Hər bir sahədə, o cümlədən hərbi sahədə gənc peşəkar kadrlara ehtiyac vardır. Ulu öndər Heydər Əliyev bu məsələlərlə hələ 1970-ci illərdə məşğul olmuşdur. Onun təşəbbüsü ilə Naxçıvanski adına Hərbi Məktəbin yaradılması bizim o illərdəki tariximizdə çox önəmli hadisələrdən biri idi. Ulu öndər hələ o zaman yaxşı görürdü, yaxşı başa düşürdü ki, bizə yerli hərbi kadrların hazırlanması lazımdır - gün gələcək Azərbaycan müstəqil dövlətə çevriləcəkdir və müstəqil dövlətin güclü ordusu olmalıdır. Bu proses bu gün də davam etdirilir. Azərbaycanda hərbi kadrların hazırlanmasına böyük diqqət göstərilir. Mən çox şadam ki, hərbçilərimizin peşəkarlığı, döyüş qabiliyyəti ildən-ilə artır, ruh yüksəkliyi yüksək səviyyədədir. Gənclərimiz vətənpərvərlik ruhunda tərbiyə alırlar. Beləliklə, ölkə qarşısında duran əsas vəzifə - torpaqlarımızı işğalçılardan azad etmək üçün biz hazırıq və hazır olmalıyıq.

Azərbaycanda ordu quruculuğu prosesi də ulu öndərin adı ilə bağlıdır. 1993-cü ilə qədər, əfsuslar olsun ki, Azərbaycanda nizami ordu yaradılmamışdır. Bunun nəticəsində torpaqlarımız işğal altına düşmüşdür.

1993-cü ildən ordu quruculuğu prosesi başlamışdır. Bu proses bu gün də davam etdirilir. Bu illər ərzində Azərbaycanda nizami ordu yaradılmışdır, ordu güclənmişdir. Azərbaycan Ordusu artıq nəinki bölgədə, dünya miqyasında güclü orduların sırasındadır. Ordumuzun maddi-texniki bazası böyük dərəcədə möhkəmləndirilmişdir. Hərbi xərclər ildən-ilə artır. Azərbaycanın dövlət büdcəsində hərbi xərclər birinci yerdədir. Bu da təbiidir. Bu, belə də olmalıdır. Çünki biz müharibə şəraitində yaşayırıq. Müharibə hələ bitməyib. Müharibənin birinci mərhələsi başa çatıbdır. Atəşkəs rejimi vardır. Ancaq sülh müqaviləsi imzalanmayıb. Müharibə şəraitində yaşayan ölkədə birinci növbədə ordu məsələlərinə diqqət göstərilməlidir və Azərbaycanda bu, belədir. Son bir neçə il ərzində hərbi xərclərimiz 20 dəfədən çox artmışdır.

Hazırda bu xərclər 3,6 milyard dollar səviyyəsindədir. Bu da Ermənistanın bütün dövlət xərclərindən 50 faiz çoxdur.

Əlbəttə, bu reallıqları bizim uğurlu iqtisadi siyasətimiz, iqtisadi islahatlarımız yaratmışdır. Ordu xərcləri bundan sonra da artacaqdır. Bu, əlbəttə ki, ordumuzun gücləndirilməsinə böyük dəstəkdir. Ancaq bununla bərabər, mən çox şadam ki, ordumuzun döyüş qabiliyyəti artır. Orduda xidmət edənlərin arasında vətənpərvərlik duyğuları çox yüksək səviyyədədir. Biz peşəkar ordu yaradırıq. Əminəm ki, həm maddi-texniki təminat, iqtisadi qüdrətimiz, hərbçilərin hazırlanması, gənclərimizin vətənpərvərlik ruhunda böyüməsi – bütün bu amillər bizi müqəddəs məqsədə çatdıracaqdır.

Torpaqlarımız işğal altındadır. Bu işğal davam edir. Bu işğala son qoyulmalıdır və son qoyulacaqdır.

Biz keçən dövrdə ordumuzun hərbi potensialını böyük dərəcədə gücləndirə bilmişik. Xaricdən böyük sayda silah, texnika, sursatlar gətirilir. Döyüş təyyarələri, döyüş helikopterləri, artilleriya qurğuları, hava hücumuna qarşı qurğular gətirilir.

Azərbaycanda yerli istehsal da yaradılmışdır. Yeddi il bundan əvvəl mənim Sərəncamımla Müdafiə Sənayesi Nazirliyinin yaradılması bu sahədə də dönüşə gətirib çıxarmışdır. Bu yeddi il ərzində Azərbaycanda hərbi təyinatlı 20 zavod və istehsalat birliyi yaradılmışdır. Hazırda Azərbaycanda hərbi təyinatlı məmulatın sayı 665-dir. Azərbaycanda 665 adda hərbi təyinatlı məmulat istehsal edilir. Biz gələcəkdə bu sahədəki fəaliyyətimizi daha da genişləndirəcəyik. Azərbaycan Ordusuna lazım olan əsas təminat daxili istehsal hesabına formalaşmalıdır. Ümumiyyətlə, bu, bizim siyasətimizin demək olar ki, əsas istiqamətlərindən biridir. Daxili istehsalın gücləndirilməsi və genişləndirilməsi siyasəti aparılır. Bu, özünü bütün sahələrdə büruzə verir. Biz daha çox ərzaq təhlükəsizliyi və tikinti materialları məsələlərində özümüzü artıq təmin edirik. Eyni zamanda, Azərbaycanda hərbi təyinatlı məhsullar daha da çox istehsal edilməlidir.

Orduya diqqət təkcə bu amillərlə məhdudlaşmır. Azərbaycan dövləti hərbçilərin məişət problemlərinin həlli üçün də lazımi addımlar atır. Keçən il hərbçilərin əmək haqları 25 faiz artırılmışdır. Bir neçə gün bundan əvvəl 312 mənzildən ibarət iki yaşayış binası hərbçilərin sərəncamına verilmişdir. Hazırda yüzlərlə yeni mənzil tikilir. Keçən ilin sonunda mənim Sərəncamımla orduda 20 il qüsursuz xidmət etmiş hərbçilərə dövlət vəsaiti hesabına mənzillərin verilməsi də nəzərdə tutulmuşdur. Artıq sənədlərin qəbulu prosesi başlamışdır. Bu da Azərbaycan dövlətinin öz ordusuna, hərbçisinə olan diqqətinin təzahürüdür.

Bir sözlə, orduya diqqət Azərbaycan dövlətinin prioritetidir. Mən çox şadam ki, cəmiyyət də bu təşəbbüsləri alqışlayır.

Bizim ordumuz bizim qürurumuzdur. Bizim ordumuz müstəqilliyimizi şərtləndirən amildir. Biz bundan sonra da orduya, ordu quruculuğuna, hərbçilərə olan diqqəti artıracağıq, bu diqqəti göstərəcəyik.

Bizim qarşımızda duran əsas vəzifə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməsidir. Bildiyiniz kimi, Azərbaycan dövləti uzun illərdir ki, bu istiqamətdə fəaliyyət göstərir, çalışır. Ancaq əfsuslar olsun ki, məsələ öz həllini tapmır. Bayaq qeyd etdiyim kimi, müstəqilliyimizin ilk illərində Azərbaycana qarşı edilən təcavüz və ədalətsizlik əfsuslar olsun ki, bu günə qədər də gündəlikdən çıxmır. Mən tam əminəm və bu barədə dəfələrlə fikirlərimi bildirmişdim.

Bir daha demək istəyirəm, əgər ölkəmizin həlledici anlarında, müstəqilliyimizin ilk illərində ulu öndər Heydər Əliyev Azərbaycan rəhbərliyində olsaydı, bir qarış torpaq işğalçılara verilməzdi. Ancaq 1987-ci ildə sovet rəhbərliyi tərəfindən Heydər Əliyev siyasi hakimiyyətdən uzaqlaşdırıldı. Ondan sonra iki həftə keçməmiş erməni millətçiləri və onların havadarları Dağlıq Qarabağın Azərbaycandan ayrılıb Ermənistana birləşməsi haqqında iddialar irəli sürməyə başlamışlar. Sovet İttifaqının son aylarında Azərbaycana qarşı işğal siyasəti başlamışdır. Müstəqilliyimizin ilk aylarında bu işğal artıq böyük faciələrə gətirib çıxarmışdır. Xocalı soyqırımı törədildi, Şuşa, Laçın, Kəlbəcər işğal edildi.

Hazırda biz öz gücümüzü artırırıq və eyni zamanda, danışıqlar prosesində də iştirak edirik. Mən tam əminəm ki, ordumuz nə qədər güclü olsa, danışıqlar prosesində mövqeyimiz o qədər güclənər. Bu iki amil arasında birbaşa bağlantı vardır.

Biz danışıqlarda prinsipial mövqeyimizi göstəririk. Bu mövqedən bir addım geri atmayacağıq. Bununla bərabər, son illər ərzində biz böyük dərəcədə güclənə bilmişik. Əgər bir neçə il bundan əvvəl həm hərbi, həm iqtisadi sahədə Ermənistan ilə Azərbaycan arasında demək olar ki, paritet var idisə, artıq bu pariteti biz dağıtdıq. Azərbaycan iqtisadi cəhətdən Ermənistandan 10 dəfə güclü ölkədir. Dövlət büdcəmiz 10 dəfədən çoxdur. Hərbi xərclər 10 dəfədən çoxdur.

Azərbaycanda demoqrafik vəziyyət müsbətdir. Azərbaycan öz hesabına yaşayan ölkədir. Böyük ehtiyatlarımız, insan resurslarımız vardır. Güclü sənayemiz, güclü ordumuz vardır. Özümüz öz siyasətimizi müəyyən edirik, müstəqil siyasət aparırıq, Azərbaycan xalqının iradəsinə arxalanırıq. Getdikcə iki ölkə arasındakı uçurum daha da dərinləşir və dərinləşəcəkdir. Mən əminəm ki, bütün bu amillərin nəticəsində biz istəyimizə nail olacağıq, ədaləti, Azərbaycanın suverenliyini bərpa edəcəyik. Bunu etmək üçün biz daha da güclü olmalıyıq.

Əfsuslar olsun ki, beynəlxalq hüquq normaları dünyada pozulur. Biz bütün dövrlərdə beynəlxalq hüquqa əsaslanmışıq.

Bu gün də bu münaqişənin həlli üçün əsas beynəlxalq hüquq normalarıdır. Beynəlxalq hüquq normaları Azərbaycanın mövqeyini dəstəkləyir. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Azərbaycanın tarixi hissəsidir. Hüquqi cəhətdən Azərbaycanın tərkib hissəsidir. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Qondarma Dağlıq Qarabağın müstəqilliyini heç kim tanımayıb. Beləliklə, beynəlxalq hüquq baxımından Azərbaycanın mövqeləri çox möhkəmdir. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi Ermənistan işğalçı qüvvələrinin bizim torpaqlarımızdan qeyd-şərtsiz çıxarılmasını tələb edir. Digər beynəlxalq təşkilatların oxşar qərar və qətnamələri vardır. Yəni, hüquqi cəhətdən məsələ tam aydındır. Ancaq əfsuslar olsun ki, müasir dünyada beynəlxalq hüquq normaları pozulur. Biz bu mənzərəni görürük. Bu pozuntular getdikcə daha da geniş vüsət alır. Belə olan halda, əlbəttə, biz də görürük ki, güclü olmasan sənin hüquqların tapdanacaqdır. Biz bu güclənmə prosesini, o cümlədən hərbi potensialımızın gücləndirilməsini artıq bir neçə ildir ki, uğurla aparırıq. Bəzi hallarda belə bəyanatlar səslənir ki, nə üçün Azərbaycan öz hərbi potensialını gücləndirir? Bu, bölgədə təhlükə yarada bilər. Buna müəyyən şərhlər də verilir. Ancaq mən tam əminəm ki, bu gün Azərbaycan bölgədə sabitləşdirici amildir. Azərbaycanın güclü ordusu bölgədə sabitliyin keşiyində dayanır. Bizim güclü ordumuz bizim suveren işimizdir. Heç kim bizə heç bir məsləhət verə bilməz. Bizim hərbi xərclərimiz ümumi daxili məhsulda o qədər də böyük faiz təşkil etmir. Sadəcə olaraq, bizim ümumi iqtisadi inkişafımız çox sürətlidir. Dünyada analoqu olmayan inkişafdır. Azərbaycan son illər ərzində dünyada iqtisadi cəhətdən ən sürətlə inkişaf edən ölkədir.

Beləliklə, bütün başqa sahələrə olduğu kimi, hərbi məsələlərə də diqqət göstərilir.

Yəni, mən bir daha demək istəyirəm ki, biz bu siyasətdən kənara çıxmayacağıq. Bundan sonra da Azərbaycan Ordusunu gücləndirəcəyik. Maddi-texniki təminat daha da güclü olacaqdır. Silahlar, sursatlar, texnika daha da böyük həcmdə alınacaqdır. Ordumuzun peşəkarlığı daha da artırılacaqdır. Bizdə demoqrafik vəziyyət çox müsbətdir. Getdikcə ordumuzun sıralarının genişləndirilməsi məsələlərinə də baxıla bilər. Beləliklə, əminəm ki, bundan sonrakı illərdə də Azərbaycan Ordusu inkişaf edəcək və daha da güclənəcəkdir.

Beynəlxalq hüquq normaları 20 ildir ki, pozulur. Biz daha da güclü olmalıyıq. Bizim gücümüz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində əsas vasitədir. Siyasi nöqteyi-nəzərdən Azərbaycanın mövqeləri kifayət qədər güclüdür. Bölgədə bizim iştirakımız olmadan heç bir təşəbbüs gerçəkləşdirilə, heç bir layihə icra edilə bilməz. Biz dünyanın dəstəyini qazanmışıq. Keçən ilin oktyabr ayında BMT Təhlükəsizlik Şurasına seçilməyimiz də dünyanın Azərbaycana olan münasibətini göstərir.

Azərbaycanın namizədliyini 155 ölkə dəstəkləmişdir. Keçən ay Azərbaycan tarixdə ilk dəfə Təhlükəsizlik Şurasına sədrlik etmişdir. Onu da qeyd etmək istəyirəm ki, Təhlükəsizlik Şurasına seçilməyimiz o qədər də asan olmamışdır. Biz gərgin mübarizədə bu yeri qazanmışıq. Haqlı olaraq qazanmışıq. İlk günlərdən, ilk aylardan öz prinsipial mövqeyimizi nümayiş etdiririk.

Bizim mövqeyimiz beynəlxalq hüquqa və ədalətə əsaslanır. Onu da deyə bilərəm ki, ilkin mərhələdə Ermənistan da bizimlə bərabər bu mötəbər quruma üzv olmaq istəyirdi, öz namizədliyini vermişdi. Ancaq sonra görəndə ki, Azərbaycanın qarşısında acizdir və onları çox acı məğlubiyyət gözləyir, siyasi döyüş meydanından sakitcə çəkildi və öz siyasi məğlubiyyətini etiraf etdi. Bu, çox böyük rəmzi xarakter daşıyan bir addım idi. Artıq heç kimə sirr deyildir ki, Azərbaycana dünya birliyi tərəfindən diqqət çox yüksək səviyyədədir. Mən heç şübhə etmirəm ki, əgər müharibənin fəal fazası başlanarsa necə ki, Ermənistan siyasi meydandan qaçıb, döyüş meydanından da qaçacaqdır. Bizim bütün imkanlarımız vardır ki, ərazi bütövlüyümüzü bərpa edək. Cəbhə xəttində son hadisələr onu bir daha göstərdi. Ermənistanın bütün təxribatlarının qarşısı alındı. İşğalçı qüvvələr layiqli cavablarını aldılar. Azərbaycan əsgəri, Azərbaycan zabiti öz qəhrəmanlığını göstərdi və işğalçını yerinə oturtdu. Artıq dünya birliyi və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan ölkələr də, əminəm, daha çox dərk edirlər ki, Ermənistan Azərbaycanın qarşısında dayana bilməyəcəkdir. Bizim artan siyasi çəkimiz, iqtisadi potensialımız, hərbi gücümüz, bölgədəki rolumuz, artan əhalimiz məsələnin ədalətli həllinə gətirib çıxaracaqdır. Sadəcə olaraq biz hələ ümid edirik ki, bu məsələ öz həllini danışıqlar yolu ilə tapar. Çünki ümid edirik ki, nə vaxtsa Ermənistan rəhbərliyində normal fikirdə olan insanlar təmsil olunsun və onlar dərk etsinlər ki, münaqişənin uzadılması Ermənistanın ziyanınadır. Vaxt uzatmaqla Ermənistan heç nəyi əldə etmir. İşğal edilmiş torpaqlar ölü torpaqlardır. Orada heç bir həyat yoxdur. İşğal dünya birliyi tərəfindən heç vaxt qəbul edilə bilməz. Azərbaycan dövləti və Azərbaycan xalqı bu işğalla heç vaxt barışmayacaqdır. Biz heç vaxt sakitləşməyəcəyik. Bizim üçün – həm dövlət, həm xalq üçün bir nömrəli məsələ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsinin həllidir, Azərbaycan vətəndaşlarının işğal edilmiş torpaqlara qayıtmasıdır. Məsələ uzandıqca sadəcə olaraq Ermənistan ilə Azərbaycan arasındakı güclər nisbəti bizim xeyrimizə daha da çox dəyişir. Bir daha demək istəyirəm ki, 10 il bundan əvvəl müəyyən dərəcədə tarazlıq var idi. İndi bu tarazlıqdan əsər-əlamət də qalmayıb. Növbəti illərdə Azərbaycan yalnız və yalnız güclənəcəkdir. Çünki biz perspektivlərimizi yaxşı bilirik. Biz gələcəyimizi özümüz yaradırıq. Bizim gələcəyimiz Azərbaycan xalqının zəhməti hesabına yaranır. Biz yaxşı bilirik ki, güc baxımından Ermənistan bizim qarşımızda heç vaxt davam gətirə bilməz. Sadəcə olaraq, biz hələ ki, çalışırıq, məsələ dinc yolla, danışıqlar yolu ilə həll edilsin. Ancaq məsələnin həlli beynəlxalq hüquqdan keçir. Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağ hüquqi cəhətdən də Azərbaycanın ayrılmaz hissəsi kimi dünya birliyi tərəfindən qəbul edilir. Bizim ərazi bütövlüyümüz bərpa edilməlidir. İşğalçı qüvvələr işğal edilmiş bütün torpaqlardan çıxarılmalıdır. Azərbaycan vətəndaşları öz doğma torpaqlarına qayıtmalıdırlar.

Mən hərbi hissələrdə tez-tez oluram. Cəbhə xəttində də tez-tez oluram. Döyüşçülərlə səngərlərdə görüşürəm, söhbət aparıram. Görürəm ki, həqiqətən Azərbaycan əsgərinin Vətənə çox böyük bağlılığı vardır. Vətən sevgisi, vətənpərvərlik ruhu bizdə çox yüksəkdir. Əminəm ki, dediyim bütün bu amillər - bizim siyasi gücümüz, iqtisadi inkişafımız, hərbi gücümüz, Vətənə olan sevgimiz məsələnin həllinə gətirib çıxaracaq, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, Azərbaycan bayrağı Şuşada, Xankəndidə, Dağlıq Qarabağda dalğalanacaqdır.

Əziz dostlar, sizi və bütün Azərbaycan xalqını bir daha qarşıdan gələn Silahlı Qüvvələr Günü münasibətilə ürəkdən təbrik edirəm, hər birinizə cansağlığı, xoşbəxtlik arzulayıram. Sağ olun.

SƏNƏDLƏR Sərəncamlar 26 noyabr 2024
13:49
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkının adının dəyişdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Yüksək...

26 noyabr 2024, 13:49
SƏNƏDLƏR Fərmanlar 23 noyabr 2024
17:40
Elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər...

23 noyabr 2024, 17:40
SƏNƏDLƏR Sərəncamlar 23 noyabr 2024
16:05
Azərbaycan Respublikası vətəndaşlarının 2025-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 26-cı bəndini rəhbər tutaraq, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-cü və 40.1-ci maddələrinə əsasən və Azərbaycan Respublikasının...

23 noyabr 2024, 16:05
SƏNƏDLƏR Sərəncamlar 23 noyabr 2024
16:03
Sumqayıt şəhərinin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq, Sumqayıt şəhərinin 75 illiyi münasibətilə qərara alıram:

Sumqayıt şəhərinin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan...

23 noyabr 2024, 16:03
SƏNƏDLƏR Fərmanlar 22 noyabr 2024
16:19
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 276 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 276 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

22 noyabr 2024, 16:19
SƏNƏDLƏR Fərmanlar 22 noyabr 2024
16:17
“Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 22 oktyabr tarixli 53-VIIQD nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və...

22 noyabr 2024, 16:17