Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

01 sentyabr 2021, 16:57

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 6, maddə 1050, № 12, maddə 1939; 2020, № 5, maddə 551; 2021, № 3, maddə 224; Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 iyun tarixli 1361 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. 2.4.1-ci yarımbəndə “siyahısının” sözündən sonra “(bu Qaydanın 2.5-1-ci bəndi nəzərə alınmaqla)” sözləri əlavə edilsin;

1.2. aşağıdakı məzmunda 2.5-1-ci və 3.1-1-ci bəndlər əlavə edilsin:

“2.5-1. Bu Qaydanın 2.4.1-ci yarımbəndinə uyğun olaraq Şuranın təsdiq etdiyi siyahıya “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aqrar sığorta predmetinə aid olan bitkilər (bundan sonra – sığortalanmalı olan bitkilər) daxil edildiyi təqdirdə, həmin bitkilərin ixracyönümlü olması və ya ərzaq təhlükəsizliyinin təmin edilməsindəki rolu əsas götürülür.”;

“3.1-1. İstifadəsində olan 10 hektar və daha çox torpaq sahəsində (sahələrində) bu Qaydanın 2.4.1-ci yarımbəndinə uyğun olaraq Şuranın təsdiq etdiyi siyahıya daxil edilmiş sığortalanmalı olan bitkinin becərilməsinə görə əkin subsidiyası bu Qaydanın tələblərinə əsasən, sığorta müqaviləsi bağlandıqdan sonra verilir.”;

1.3. 3.1-ci bəndin ikinci abzasına “bitkilər” sözündən sonra “, habelə əkin sahəsinin (sahələrinin) həcmi” sözləri əlavə edilsin;

1.4. 3.8.3-cü yarımbəndə “sənədləri” sözündən sonra “, sığortalanmalı olan bitkilərə münasibətdə isə həmçinin sığorta müqaviləsinin nömrəsini” sözləri əlavə edilsin.

2. Bu Fərman 2025-ci il yanvarın 1-dək qüvvədədir.


İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 sentyabr 2021-ci il

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55