İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Abşeron rayonunda şəhid ailələrinə, müharibə əlillərinə və Vətən müharibəsi qəhrəmanlarına mənzillərin və avtomobillərin təqdim olunması mərasimində iştirak ediblər

26 avqust 2021, 14:00
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Abşeron rayonunda şəhid ailələrinə, müharibə əlillərinə və Vətən müharibəsi qəhrəmanlarına mənzillərin və avtomobillərin təqdim olunması mərasimində iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 26-da Abşeron rayonunda şəhid ailələrinə, müharibə əlillərinə və Vətən müharibəsi qəhrəmanlarına mənzillərin və avtomobillərin təqdim olunması mərasimində iştirak ediblər.

Bu dəfə şəhid ailələrinə, müharibə əlillərinə və Vətən Müharibəsi Qəhrəmanlarına 300 mənzil, həmçinin müharibə əlillərinə 50 avtomobil təqdim olunub.

Əmək və Əhalinin Sosial müdafiəsi naziri Sahil Babayev dövlətimizin başçısına və birinci xanıma buradakı yaşayış kompleksləri barədə məlumat verdi.

Bildirildi ki, birinci kompleksdə 1890, ikinci kompleksdə isə 1152 mənzil var. Hər 2 kompleks bütün zəruri sosial-texniki infrastrukturla təchiz edilib.

Qeyd edək ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsində şəhidlik zirvəsinə ucalanların ailə üzvlərinə, bu haqq savaşımızda şanlı Zəfər qazanan qüdrətli Azərbaycan Ordusunun hərbçilərinə, qazilərinə daim xüsusi diqqət və qayğı göstərir. Bu qəbildən olan vətəndaşlarımızın sosial müdafiəsinin möhkəmləndirilməsi, o cümlədən mənzil, fərdi ev və avtomobillərlə təmin edilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlər bunun bariz nümunəsidir. Xüsusilə qeyd olunmalıdır ki, hazırda dünyada pandemiyanın davam etməsi və iqtisadi-maliyyə çətinliklərinin olmasına baxmayaraq Azərbaycanda bu işlər uğurla davam edir. Avqustun 25-də Prezident İlham Əliyevin “Vətən Müharibəsi Qəhrəmanları və onların ailə üzvlərinin sosial-məişət şəraitinin yaxşılaşdırılması haqqında” imzaladığı Sərəncam bu prosesin ardıcıl xarakter aldığını göstərir və bu kateqoriyadan olan vətəndaşların mənzil problemlərinin həllində müstəsna rol oynayır.

Müharibə əlillərinin sosial şəraitinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən biri də onların avtomobillə təmin olunmasıdır. İndiyədək 7200 müharibə əlili avtomobillə təmin olunub. Cari ildə isə ümumilikdə, 160-dan çox avtomobilin verilməsi nəzərdə tutulub.

Kompleksin ərazisində 280 yerlik uşaq bağçası da inşa olunub. Gələcəyimiz olan uşaqların xoşbəxt böyüməsi, onların həm fiziki, həm də mənəvi cəhətdən sağlam olması işinə Azərbaycan dövləti daim xüsusi diqqət göstərir. Bu kompleksdə belə müasir bağçanın istifadəyə verilməsi burada yaşayanların övladlarının asudə vaxtlarının səmərəli təşkil edilməsində böyük rol oynayır.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva uşaq bağçasında yaradılan şəraitlə tanış oldular.

Dövlətimizin başçısına və birinci xanıma şəhid ailələri və müharibə əlillərinin sosial təminatı, postmüharibə dövründə sosial dəstək, məşğulluq, mənzil, fərdi ev və avtomobil, həmçinin müasir reabilitasiya vasitələri ilə təminatı istiqamətində görülən işlər barədə də məlumat verildi. Bildirildi ki, Heydər Əliyev Fondu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mühüm sosial tərəfdaşlarından biridir. Bu tərəfdaşlıq çərçivəsində indiyədək bir çox sosialyönümlü layihələr uğurla icra olunub.

Diqqətə çatdırılıb ki, 1997-2021-ci illərdə şəhid ailələrinin üzvlərinə 10 min 500 mənzil və fərdi ev təqdim olunub. Prezident İlham Əliyevin bu ilin yanvarında imzaladığı Sərəncamla bu sahədə yeni proqramlar təsdiq edilib. 2021-2025-ci illərdə şəhid ailələrinə 11 min mənzil və fərdi ev veriləcək.

Şəhid ailələrinin üzvləri və müharibə veteranlarının fəal məşğulluq tədbirləri çərçivəsində son 7 ayda 52 min nəfər işlə təmin olunub, 7 min 200 nəfər özünüməşğulluq proqramına, 56 min nəfər isə ictimai işlərə cəlb edilib. Bu ilin əvvəlindən indiyədək 26 min 200 nəfər reabilitasiya vasitəsilə təmin olunub, 2600 nəfərə isə reabilitasiya xidmətləri göstərilib. Bu qəbildən olan vətəndaşların orta aylıq əməkhaqqı 2018-2020-ci illərdə 30 faiz, orta aylıq pensiyası isə 60 faiz artıb. Postmüharibə dövründə 26 min nəfərə 36 min xidmət göstərilib.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva qazilərə verilən yüksək texnologiyalı protezlər və əlilliyi olan şəxslərin əl işlərinə də baxdılar.

Kompleksin ərazisindəki 1512 şagird yerlik 2 saylı tam orta məktəb də inşa edilib. Burada şagirdlərin təlim-tərbiyəsi ilə yüksək səviyyədə məşğul olmaq, onların elmin sirlərinə yiyələnmələri üçün bütün imkanlar yaradılıb. Təhsil müəssisəsində informatika, texnologiya, çağırışaqədər hərbi hazırlıq, kimya, fizika, biologiya otaqları, idman zalları, kitabxana şagirdlərin ixtiyarına veriləcək. Azərbaycanda dövlət səviyyəsində təhsil sahəsinin maddi-texniki bazasının möhkəmləndirilməsinə daim xüsusi diqqətlə yanaşılır. Bütün bu işlər gənc nəslin bilikli, savadlı və intellektual səviyyədə yetişməsində, həmçinin müəllimlərin təlim-tədris prosesini müasir şəraitdə aparmalarında mühüm rol oynayır.

Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva şəhid ailələrinin üzvləri, müharibə əlilləri və Vətən müharibəsi qəhrəmanları ilə görüşdülər.

Dövlətimizin başçısı görüşdə çıxış etdi.

Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı

-Bu görüş şəhid ailələri, Qarabağ qaziləri ilə növbəti görüşümdür. Xahiş edirəm ki, görüşümüzün əvvəlində Vətən uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edək.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Son illər ərzində şəhid ailələri və Qarabağ müharibəsi əlilləri ilə mənim çoxsaylı görüşlərim olub. Müharibədən əvvəl hər dəfə görüş əsnasında mən deyirdim ki, biz nəyin bahasına olursa-olsun öz torpağımızı qaytaracağıq, Qarabağı qaytaracağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik, şəhidlərimizin qisasını alacağıq və belə də oldu. Azərbaycan ədaləti bərpa etdi, beynəlxalq hüququ bərpa etdi, öz torpaqlarını qaytardı və şəhidlərimizin qanını aldı.

Bu gün müharibədən keçən aylar ərzində şəhid ailələri, Qarabağ qaziləri ilə görüşlər əsnasında tam başqa ab-hava hökm sürür. Əgər əvvəlki illərdə biz hər zaman şəhidlərimizin xatirəsini yad edərək özümüzə söz verirdik ki, onların qisasını alacağıq, bu gün qürur hissi ilə deyə bilərik ki, şəhidlərimizin qanını yerdə qoymadıq, ədaləti bərpa etdik, düşməni torpağımızdan qovduq və müzəffər xalq kimi dünya tarixinə öz adımızı yazdırdıq. Bu gün Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsini əbədiləşdirmək, daim qəlbimizdə saxlamaq üçün böyük işlər görülür və görülməlidir. Şəhid ailələrini, Qarabağ qazilərini evlərlə təmin etmək bizim siyasətimizin əsas istiqamətlərindən biri idi, bu gün də bu, belədir. Ancaq bununla yanaşı, əlbəttə ki, bu proses müəyyən müddət davam etdiriləcək. Çünki yaxın gələcəkdə bu problem tamamilə aradan qaldırılacaq. Ancaq bununla paralel olaraq, İkinci Qarabağ müharibəsi haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq üçün biz daha fəal olmalıyıq. Eyni zamanda, gənclərimizin tərbiyə işində də mütləq bu mövzu ön planda olmalıdır. Çünki İkinci Qarabağ müharibəsindəki, Vətən müharibəsindəki Qələbəmiz tarixi zəfərimizdir.

Bu günə qədər dövlət siyasəti olaraq şəhid ailələri, müharibə əlilləri üçün çox böyük işlər görülmüşdür. Onu demək kifayətdir ki, bu kateqoriyadan olan 10 minə yaxın insan dövlət tərəfindən mənzillərlə, fərdi evlərlə təmin edilmişdir. Təkcə keçən il 1572 mənzil verilmişdir, bu il 3 minə yaxın mənzil veriləcəkdir və beləliklə, növbədə duran vətəndaşların problemi öz həllini tapacaq. Eyni zamanda, bu gün 50 avtomobil təqdim ediləcək. Bu günə qədər verilən maşınların sayı 7 mini ötüb, daha doğrusu, 7200-dür. Bu gün açılışına toplaşdığımız yaşayış kompleksində bu kateqoriyadan olan mindən çox vətəndaş yaşayacaq. Burada bütün şərait yaradılıb, gözəl yaşayış kompleksidir, əsas yollara da yaxındır. Burada 1500 nəfərlik məktəb, - harada ki, biz indi görüşürük, - uşaq bağçası, işıqlı, yaraşıqlı, rahat mənzillər inşa edilib və bu, bir daha dövlət tərəfindən aparılan siyasəti göstərir.

Onu da bildirməliyəm ki, bu sahədə Azərbaycan dünya miqyasında nümunəvi ölkə sayıla bilər. Çünki bir daha demək istəyirəm ki, bu günə qədər 10 minə yaxın vətəndaş mənzillərlə, fərdi evlərlə təmin edilib. Biz hər il dövlət büdcəsindən kifayət qədər böyük vəsait ayırırıq ki, bu məsələlər öz həllini tapsın və növbəti müddət ərzində bu proqram tam icra olunacaq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müvafiq göstərişlər verilib, gələn ilin büdcəsi formalaşdıqda, əlbəttə ki, bu məsələ öz həllini tapacaq. Onu da bildirməliyəm ki, dünən imzaladığım Sərəncam əsasında İkinci Qarabağ müharibəsində qəhrəmanlıq göstərmiş və qəhrəman adına layiq görülmüş şəxslər də mənzillərlə təmin ediləcək, müvafiq Sərəncam imzalanıbdır. Vətən Müharibəsi Qəhrəmanı adını alan bütün şəxslər mənzillərlə təmin ediləcək. Ölümündən sonra bu ada layiq görülmüş şəhidlərin ailələri də bu mənzillərə sahib olacaqlar.

Eyni zamanda, müharibədən sonra 9 mindən çox insana sosial ödənişlər verilibdir. Orta hesabla hər insana 2 ödəniş edilib. Yaralı və sağlamlığını itirmiş hərbçilər ən müasir protezlərlə təmin edilir. Onlar üçün belə imkan yaradılıb və son nəsil protezlər alınıb. Mənə verilən məlumata görə, 180 nəfərdən çox insanın protezə ehtiyacı var, onlardan 140 nəfəri artıq protezlərlə təmin edilib və bu protezlər onları normal həyata qaytarır. Onlar normal gəzə, qaça, hətta futbol oynaya da bilərlər. Bu da siyasətimizin tərkib hissəsidir. Çünki mən dəfələrlə demişdim ki, biz ən həssas kateqoriyadan olan insanlara daim diqqət göstərməliyik və Birinci Qarabağ müharibəsindən sonra keçən dövr ərzində maddi imkanlar çərçivəsində bunu edirdik. İmkanlar az olanda az edirdik, imkanlar çox olanda çox edirdik, amma edirdik, bu gün də edirik və edəcəyik.

Eyni zamanda, müharibə dövründə öz əmlakını itirmiş insanlar üçün də minlərlə yeni ev tikilməkdədir. Çünki mənfur düşmən döyüş meydanında məğlubiyyətə uğrayarkən bunun əvəzini mülki vətəndaşlardan çıxmaq istəyirdi. Bizim bir çox şəhərlərimiz daim atəş altında idi, artilleriya ilə, qadağan edilmiş bombalarla, ağ fosforlu bombalarla, ballistik raketlərlə bombalanırdı. Yüzdən çox mülki şəxs, onların arasında qadınlar, uşaqlar bu namərd atəş nəticəsində həlak olmuşlar və minlərlə insan öz əmlakını itirmişdir. Ona görə bu gün bu işlər də görülür, minlərlə ev inşa edilir, onların böyük hissəsi artıq inşa edilib.

Təbii ki, bütün bunlar böyük vəsait tələb edir və bütün bu işləri Azərbaycan öz vəsaiti hesabına edir, heç kimə möhtac deyil, heç kimdən yardım istəmir, öz hesabına edir və edəcək. O cümlədən, azad edilmiş torpaqlarda bu gün bütün bərpa işləri Azərbaycanın vəsaiti hesabına icra olunur. Biz Qarabağı və Şərqi Zəngəzuru bərpa etmək üçün xüsusi proqram qəbul etdik. Bu proqram bir neçə ili əhatə edir və birinci il - 2021-ci il üçün proqram icra olunur. Bu gün o bölgələrdə gedən quruculuq-abadlıq işləri göz önündədir. Bir çoxları üçün bu, çox gözlənilməz oldu və bəziləri təəccüb edirlər ki, biz bu işləri belə yüksək templərlə görürük. Əlbəttə, burada təkcə maliyyə vəsaiti kifayət etməz. Gərək bu genişmiqyaslı layihələri icra etmək üçün texniki imkanlar olsun, kadr potensialı olsun, daxili resurslar olsun. Biz bütün bu gücləri səfərbər etmişik və bu gün erməni vəhşiliyinin fəsadlarını aradan qaldırırıq. Mən demişdim, biz Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Biz bunu edəcəyik. Necə ki, bu günə qədər verilən bütün vədlər həyatda öz əksini tapdı, bir dənə də olsun vəd yerinə yetirilməmiş qalmadı və İkinci Qarabağ müharibəsindəki parlaq Qələbəmiz buna əyani sübutdur.

Müharibə dövründə Azərbaycan hərbçiləri həm peşəkarlıq, həm rəşadət, cəsarət, qəhrəmanlıq, eyni zamanda, fədakarlıq göstərmişlər, sözün əsl mənasında, ölümə gedirdilər. Şəhidlərimizin əziz xatirəsi hər birimiz üçün müqəddəsdir. Biz əməliyyatları planlaşdıranda, ilk növbədə, mümkün olan itkilər haqqında düşünürdük və müqayisə apardıqda Azərbaycan məhz buna görə az itki verib. Hər bir şəhidin həyatı təkrarolunmazdır, hər bir şəhidin həlak olması onun yaxınları, qohumları üçün faciədir, böyük bir dərddir.

Ancaq, eyni zamanda, onu da bildirmək istəyirəm ki, şəhidlərin sayı daha çox ola bilərdi. Əgər biz əməliyyatları planlaşdıranda bu amili nəzərə almasaydıq. Ona görə Ermənistan ordusu ilə müqayisədə bizdə itkilər kifayət qədər azdır. Düzdür, Ermənistan öz itkilərini gizlədir. Ancaq bizdə olan dəqiq məlumata görə ən azı 7-8 min itki vermişdir. Təkcə azad edilmiş torpaqlarda bu günə qədər davam edən axtarış əməliyyatları nəticəsində 1600-dən çox erməni işğalçının cəsədi tapılmışdır. Burada da Azərbaycan humanistlik göstərir. Birinci Qarabağ müharibəsindən sonra bizim təxminən 4 minə yaxın itkin düşmüş insanımız olmuşdur. Ermənilər onların nəşini bizə qaytarmadılar. Ancaq biz yenə də humanizmin ən ülvi əlamətlərini, prinsiplərini rəhbər tutaraq bu işi də görürük. Biz bütün əməliyyatları planlaşdıranda əməliyyatların gedişatını izləyirdik, canlı rejimdə izləyirdik. Biz bilirik ki, düşmən ən azı 7-8 min itki verib. Azərbaycan isə 3 minədək şəhid verib. Nəzərə alsaq ki, biz əks hücum əməliyyatı keçirirdik. Nəzərə alsaq ki, 5-6 müdafiə xətti var, böyük mühəndis istehkamları var idi, təbii relyef bizim üçün əlverişsiz idi. Anlamaq olar ki, biz insanların sağlamlığını, həyatda qalmasını nə qədər düşünürdük və buna nail olduq.

İkinci Qarabağ müharibəsi tarixdə əbədi qalacaq. Azərbaycan xalqının çoxəsrlik tarixində buna oxşar parlaq və tam Qələbə olmamışdır. Biz 300-dən çox şəhəri, kəndi, qəsəbəni döyüş meydanında işğalçılardan azad etdik. İşğalçıları məcbur etdik ki, onlar kapitulyasiya aktını imzalayaraq digər rayonlardan öz xoşları ilə çıxsınlar. Halbuki müharibənin ilk günlərindən mən deyirdim ki, Ermənistan rəhbərliyi bizə tarix verməlidir nə vaxt bizim torpaqlarımızdan çıxır və biz müharibəni dayandırmağa hazırıq. Belə də oldu. Noyabrın 9-da Ermənistan artıq kapitulyasiya aktını imzalamağa hazır olmuşdur. Ağdam, Kəlbəcər, Laçın rayonlarının bizə qaytarılması tarixi müəyyən olunmuşdur. Noyabrın 10-na keçən gecə isə Ermənistan kapitulyasiya aktını imzaladı və müharibə dayandı. Müharibənin bizim tərəfimizdən dayandırılması da tamamilə əsaslı bir addım idi. Çünki müharibə davam etsəydi, birincisi biz daha çox itkilər verəcəkdik. Müharibə davam etsəydi, Kəlbəcər və Laçın rayonlarının azad edilməsi müəyyən çətinliklərlə üzləşə bilərdi. Çünki o bölgənin təbii iqlimi, dağları bizə problem yarada bilərdi. Bir də ki, qış başlayırdı. Eyni zamanda, Azərbaycan müharibəni müharibə qanunları ilə aparırdı. Biz ermənilərdən fərqli olaraq hərbi cinayət törətməmişik, etnik təmizləmə siyasəti aparmamışıq. Bu, bir daha xalqımızın böyüklüyünü, siyasətimizin müdrikliyini göstərir. Ona görə biz hər şeyi vaxtında etdik, hər şeyi vaxtında. Torpaqlarımızı vaxtında azad etdik, müharibəni vaxtında dayandırdıq və tarixi Zəfərə çatdıq. Bir neçə gün bundan əvvəl dediyim kimi, ermənilərin bütün miflərini darmadağın etdik. Bu gün Ermənistan artıq açıq etiraf edir ki, öz təhlükəsizliyini özü təmin edə bilmir, öz sərhədlərini özü qoruya bilmir, öz hesabına yaşaya bilmir. Belə olan halda müstəqillikdən söhbət gedə bilməz. Ermənistanı müstəqil ölkə adlandırmaq tamamilə əsassızdır. Çünki müstəqil ölkəyə xas olan əlamətlərin mütləq əksəriyyəti Ermənistan dövlətində yoxdur. Bunun da səbəbi onların işğalçılıq siyasətidir. Əgər vaxtında mənim sözlərimə əməl edib torpaqlarımızdan çıxsaydılar, belə bir rəzil vəziyyətə düşməzdilər. Nəticədə yenə də mənim sözlərimə əməl etməli oldular. Mən deyirdim ki, bizim torpağımızdan rədd olmalısınız. Rədd oldular. Nəticədə mən deyən oldu, amma vaxt itirdilər. Bu gün Ermənistan nə gündədir, hər kəs bunu görür. Əlbəttə, acı məğlubiyyətin şokunu onlar hələ uzun illər yaşayacaqlar. Biz isə bundan sonra qalib ölkə, müzəffər xalq kimi yaşayacağıq, qürurla yaşayacağıq. Öz gələcəyimizi özümüz quracağıq, azad edilmiş torpaqları bərpa edəcəyik. Şəhidlərimizin xatirəsini daim qəlbimizdə yaşadacağıq.

Müharibədən sonra bütün dünya erməni vəhşiliyinin yırtıcı sifətini gördü. Çünki müharibəyə qədər işğal dövründə Ermənistan tərəfi o vaxt işğal edilmiş torpaqlara heç kimi buraxmırdı. Eyni zamanda, bu məsələ ilə məşğul olan vasitəçilər də oraya getməyə o qədər can atmırdılar. Halbuki qanunsuz məskunlaşma hərbi cinayət sayılır. Əgər 1990-cı illərin əvvəllərində Ermənistan bu qanunsuz məskunlaşmanı gizlin şəkildə edirdisə, son vaxtlar o qədər azğınlaşmışdılar ki, bunu açıq şəkildə edirdilər. İndi yada salmaq lazımdır, müharibədən əvvəl onların televiziyalarında hansı reportajlar gedirdi. Xaricdən - Suriyadan, Livandan gəlmiş ermənilər Şuşa şəhərində müsahibələr verirdilər. Deyirdilər ki, bəli, biz gəlmişik buraya. Bura Ermənistan torpağıdır. Biz burada yaşayırıq. Bunları təbliğ edirdi, hərbi cinayəti təbliğ edirdi. Onlara bizdən başqa söz deyən yox idi. Minsk qrupu onlara bir söz demirdi. Qanunsuz məskunlaşma tək Şuşada getmirdi, Cəbrayılda da gedirdi, Zəngilanda da gedirdi, Kəlbəcərdə də, Laçında da. Təkcə Ağdam və Füzulidə məskunlaşma getmirdi. Çünki orda heç nə yox idi, hər şeyi dağıdıblar, bütün şəhər və kəndlərimizi yerlə-yeksan ediblər. Amma qalan yerlərdə - Zəngilan, Qubadlı, Laçın, Kəlbəcər və Şuşada qanunsuz məskunlaşma gedirdi. Düzdür, az gedirdi, çünki onların insan resursları yox idi, amma gedirdi. Bu, hərbi cinayətdir. Bu hərbi cinayətə görə təkcə Ermənistan yox, o cinayətlərə göz yuman da məsuliyyət daşıyır. Bizim uğurlu əməliyyatlarımız buna son qoydu. Ancaq bu gün qeyd etdiyim kimi, bütün dünya erməni vəhşiliyini görür. Görür ki, ermənilər bizim məscidlərimizi dağıdıblar, 60-dan çox məscid dağıdılıb. Ermənilər bizim məscidlərimizdə inək, donuz saxlayıblar. Bu, bütün müsəlman aləminə təhqirdir. Bir daha sizin qarşınızda bütün müsəlman ölkələrinin rəhbərlərinə üz tutaraq deyirəm, bunu heç vaxt unutmayın, buna göz yummayın, görməzliyə vurmayın. Ermənistan rəhbərliyi bütün müsəlman aləmini təhqir edib. Qəbirləri dağıdan da, qəbir daşlarının üzünü silərək satan da ermənidir, ölülərin qızıl dişlərini çıxardan da ermənidir, məscidlərimizi sökən də ermənidir, evlərimizi kərpic-kərpic söküb öz daxmasına daşıyan da ermənidir. Bunu hər kəs görür və görməlidir. Biz azad edilmiş torpaqlara xarici qonaqları, jurnalistləri, siyasətçiləri, ictimai xadimləri müntəzəm olaraq gətiririk ki, görsünlər və bilsinlər, biz təkcə öz ərazimizi işğaldan azad etməmişik, biz bölgəni erməni faşizmindən azad etmişik.

Bu gün biz bu əraziləri bərpa edərək tarixi ədaləti bərpa edirik. Əfsuslar olsun ki, xalqımız uzun illərdir ədalətsizliklərlə üzləşir. XX əsrin 20-ci illərində xalqımıza iki böyük zərbə vuruldu. Birincisi, 1920-ci ildə. O vaxt sovet hakimiyyəti bizim tarixi torpağımız olan Zəngəzuru Azərbaycandan qoparıb Ermənistana birləşdirdi. Ondan sonra o bölgədə azərbaycanlılar deportasiyaya məruz qaldılar.

İkinci isə 1923-cü ildə bizim ərazimizdə süni bir qurum yaradıldı - Dağlıq Qarabağ Muxtar Vilayəti, hansı ki, bunun yaradılmasının heç bir əsası yox idi. Nə tarixi əsası var idi, nə coğrafi əsası var idi, nə də iqtisadi əsası var idi. Heç bir əsası yox idi. Sadəcə olaraq, bizim canımıza bu süni bir cisim yeridildi ki, bir canlı bomba kimi orada dursun və vaxtında partlasın. Belə də oldu. 1923-cü il iyulun 7-də Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldı. Onun da mərkəzi şəhəri bizim Xankəndi qəsəbəmiz olmuşdu. Ona da cəllad Stepan Şaumyanın adını verdilər, Stepanakert adlandırdılar. Xalqımıza iki böyük zərbə dəymişdi. Ondan sonra da zərbələr oldu. 1940-1950-ci illərdə Ermənistan ərazisindən - qədim Azərbaycan torpaqlarından azərbaycanlıların deportasiyası, 1980-ci illərin sonlarında erməni separatizminin baş qaldırması və buna sovet hakimiyyəti tərəfindən reaksiyanın verilməməsi. Əksinə, separatçıları təhrik edirdilər, onların havadarları bizə meydan oxuyurdular. Dağlıq Qarabağı Azərbaycandan qoparıb Ermənistana birləşdirmək sovet vaxtında ortaya atılmış tezis idi. Heydər Əliyev hakimiyyətdən gedəndən iki həftə sonra bu, ortalığa atıldı. Görünür ki, çoxdan belə planlar var idi. Amma Heydər Əliyev amili, onun qətiyyəti və gücü imkan vermirdi ki, baş qaldırsınlar. O canlı bomba, hansı ki, 1923-cü ildə qoyuldu Azərbaycanda və o partladı o vaxt. O vaxtkı Azərbaycan rəhbərliyi, sadəcə olaraq, buna ya hazır deyildi, ya da ki, öz vəzifə borcunu yerinə yetirə bilmədi. Bəzi hallarda xəyanət etdi, satqınlıq etdi. Nəticə etibarilə hələ sovet vaxtında Dağlıq Qarabağ Muxtar Vilayəti faktiki olaraq Azərbaycandan defakto ayrılmışdı. Orada bir xüsusi komitə yaradılmışdı. O komitəyə rəhbərlik üçün Moskvadan ermənipərəst bir adam gətirilmişdi. Hansı ki, faktiki olaraq orada ermənilərlə birləşib bizə qarşı iş aparılırdı.

Azərbaycanlılar öz doğma torpağında artıq müdafiəsiz bir topluma çevrildilər. Ondan sonrakı tarix məlumdur. Biz isə tarixi, bu antiazərbaycan siyasətini geri çeviririk. Biz bəzilərinin heç yuxusuna gəlməyən işləri görürük. Bu gün bölgəyə tam sahibik, söz sahibiyik, işğal edilmiş torpaqları azad etmişik. Bu torpaqlarda indi möhkəmlənirik.

Mən görürəm, bəzi xarici mətbu orqanlarında deyilir ki, Azərbaycan yeddi rayonu azad edib. Bu həqiqətə uyğun deyil. Yeddi rayonu azad edib, amma bununla bərabər Şuşa şəhərini azad edib, bununla bərabər Hadrutu azad edib, bununla bərabər Xocavənd rayonunun 60 faizini azad edib, Suqovuşan qəsəbəsini azad edib. Ona görə biz yeddi rayondan daha çox ərazini azad etmişik. Bu ərazilərin strateji əhəmiyyəti göz önündədir. Hər kəs xəritəyə baxıb görə bilər ki, Azərbaycan hakim strateji nöqtələrə sahibdir, istər Qarabağ bölgəsində, istər Azərbaycan-Ermənistan sərhədində. Əgər 1923-cü il 7 iyul tarixi xalqımızın faciəsi idisə, 2021-ci ildə biz artıq bu qara səhifəni də qapadıq. Artıq 7 iyul gözəl bir tarix kimi tarixdə qalacaq. Çünki 2021-ci il iyulun 7-də mənim tərəfimdən Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarının yaradılmasına dair Fərman imzalandı, tarixi ədalət bərpa edildi.

Mən bir daha şəhidlərimizin əziz xatirəsini yad edərək deməliyəm ki, siz - onların yaxınları onlarla fəxr edirsiniz. Haqlı olaraq fəxr edirsiniz. Bütün Azərbaycan xalqı şəhidlərimizlə, hərbçilərimizlə fəxr edir. Şəhidlərimizin əziz xatirəsi bizim ürəyimizdə əbədi yaşayacaqdır.

Bir daha sizi bu hadisə münasibətilə təbrik edirəm. Sizə cansağlığı arzulayıram. Sağ olun.

X X X

Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Ramiz Cəfərovun həyat yoldaşı Sitarə Cəfərova, Vətən müharibəsi şəhidi Fərid Şamilovun atası Mirzə Şamilov və Vətən müharibəsi qazisi, ehtiyatda olan polkovnik-leytenant Ehtiram Məmmədov çıxış edərək göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Sitarə Cəfərova: Möhtərəm cənab Prezident, hörmətli Mehriban xanım.

Mən Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Ramiz Cəfərovun yoldaşıyam. Mənim yoldaşım otuz il bu Vətənə xidmət edib. Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. Sizin Sərəncamınızla ona “Vətən Müharibəsi Qəhrəmanı” adı verildi və digər medallarla təltif olundu. Sizə təşəkkür edirəm.

Cənab Prezident, hörmətli Mehriban xanım.

Siz şəhid ailələrinə daim dəstək olmusunuz və həmişə bizim yanımızda olmusunuz. Bu gün də bizə sevinc bəxş etmisiniz. Bizi mənzillərlə təmin edirsiniz. Allah Sizə cansağlığı versin. Allah Sizi Azərbaycan xalqının üstündə həmişə var eləsin.

Hörmətli Mehriban xanım, bu gün Sizin doğum gününüzdür. Fürsətdən istifadə edərək Sizi təbrik edirəm. Allah Sizə cansağlığı versin, uzun ömür və bol-bol nailiyyətlər arzulayıram. Çox sağ olun.

Prezident İlham Əliyev: Sağ olun.

X X X

Mirzə Şamilov: Cənab Prezident, hörmətli Mehriban xanım.

Mən Vətən müharibəsi şəhidi Fərid Şamilovun atasıyam. Oğlum ilk günlərdən könüllü olaraq cəbhəyə yollanıb, Füzuli, Xocavənd, Zəngilan uğrunda döyüşüb, Şuşa və Xocavəndin azad olunmasında igidlik göstərib. Son döyüşü də elə Şuşanın yaxınlığında, Xocavənd rayonunda olub. Noyabrın 8-də qəhrəmancasına şəhid olub. Sizin Sərəncamınızla “Vətən uğrunda”, Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının azad olunmasına görə medallarla təltif edilib. Buna görə minnətdarıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Cənab Prezident, bu gün oğlumun və bütün şəhidlərimizin ruhu şaddır. Çünki Sizin rəhbərliyinizlə tarixi Qələbəyə imza atdıq. Xalqımız öz arzusuna çatdı. Otuz il düşmən işğalında olan torpaqlarımız azad edildi. Gələcək nəsillərimiz də bu tarixi Zəfəri qürurla yad edəcəklər, xatırlayacaqlar.

Vətən müharibəsindən çox az, doqquz ay keçməsinə baxmayaraq, Sizin tapşırığınızla bizə, bütün şəhid ailələrinə yüksək diqqət və qayğı ilə yanaşırlar. Bütün sosial dəstəklə əhatə olunmuşuq. Gənc qazilərimizin evlə, mənzillə, maşınla təmin olunması şəhid atası kimi məni həqiqi mənada sevindirir və qürurlandırır. Buna görə Sizə minnətdaram. Tanrı Sizi, Mehriban xanımı qorusun.

Mehriban xanım, şəhid ailələrinə xüsusi, həssas, diqqətli yanaşmağınızın göstəricisidir ki, ad gününüzdə də bizimləsiniz. Sizi təbrik edirik. Sağ olun.

Prezident İlham Əliyev: Sağ olun.

Mehriban Əliyeva: Çox sağ olun.

X X X

Ehtiram Məmmədov: Möhtərəm Prezident, cənab Ali Baş Komandan. Hörmətli Mehriban xanım.

Vətən müharibəsi əlili, ehtiyatda olan polkovnik-leytenant Ehtiram Məmmədov. Mən də Sizin rəhbərliyinizlə Vətən müharibəsində iştirak etmək şərəfinə nail oldum. Mənfur düşmənin otuz ildə hazırladığı mövqeləri qəhrəman Azərbaycan əsgərləri ilə 44 gün ərzində darmadağın edərək bütün torpaqlarımızı işğaldan azad etdik. Döyüşlərdə iki dəfə yaralandım. Mən Sizin tərəfinizdən “Qarabağ” ordeni, Füzuli, Xocavənd və Şuşanın işğaldan azad olunması medalları ilə təltif edilmişəm. O günləri yaxşı xatırlayıram. Ən çox da Sizin xalqımıza qələbə xəbərlərini çatdırdığınız günləri. O günlər xalqımızın tarixində daim yaşayacaq. Sizin də dəfələrlə qeyd etdiyiniz kimi, Azərbaycan tarixində belə Qələbə olmamışdır. Sizin rəhbərliyinizlə ordumuz bütün dünyaya öz gücünü göstərdi. Azərbaycan qalib gəldi, möhtəşəm Qələbə əldə etdi. Düşmənə vurduğumuz zərbə heç vaxt onun yadından çıxmayacaq. Çətin ki, onlar bir daha ayağa qalxsın. Biz təkcə qalib gəlmədik, eyni zamanda, müasir hərb tarixinə misilsiz döyüş peşəkarlığı həkk etdik.

Cənab Prezident, biz bu gün sevinirik, fərəhlənirik. Ona görə ki, Sizin bizə göstərdiyiniz böyük qayğının bir daha şahidi oluruq. Şəhid ailələri, qazilər mənzillə təmin olundular. Həmçinin qazilərimizə minik avtomobilləri hədiyyə etdiniz. Sizin Sərəncamınızla hərbçilərimizin döyüşlərdə göstərdikləri qəhrəmanlıqlar bir daha yüksək qiymətləndirilərək Vətən Müharibəsi Qəhrəmanları və onların ailələri mənzillərlə təmin olunurlar. Mən ehtiyatda olmağıma baxmayaraq, daim Sizin tapşırığınızı yerinə yetirməyə hazıram. Azərbaycan xalqı Sizinlə daim yeni zəfərlərə imza atacaq. Çox sağ olun.

X X X

Görüşdən sonra xatirə şəkili çəkdirildi.

X X X

Dövlətimizin başçısı və birinci xanım tədbir iştirakçıları ilə söhbət etdilər.

Prezident İlham Əliyev: Oğlunuzun neçə yaşı var idi?

Şəhid atası: 20 yaşı.

Prezident İlham Əliyev: Harada həlak olub?

Şəhid atası: Könüllü getmişdi, Xocavənddə.

Prezident İlham Əliyev: Müharibənin son günündə.

Şəhid atası: İki saat qalmış. Qismət belə imiş. Vətən sağ olsun.

Prezident İlham Əliyev: Allah rəhmət eləsin.

Sən harada döyüşmüsən?

Vətən Müharibəsi Qəhrəmanı Nail Həsənov: Cənab Ali Baş Komandan, Xüsusi Təyinatlı Qüvvələrin tərkibində Kəlbəcərdən başlamış Şuşanın alınmasına qədər.

Prezident İlham Əliyev: Şuşanın alınmasında iştirak etmisən?

Nail Həsənov: Şuşanın alınmasında üç tabordan birinin komandiri olmuşam.

Prezident İlham Əliyev: Təbrik edirəm.

Nail Həsənov: Sağ olun, minnətdarlığımı bildirirəm.

Vətən müharibəsi qazisi İsa Şabanov: Suqovuşan, Ağdam, Tərtər istiqamətlərində, Murovdağda bir çox yüksəkliklər uğrunda döyüşlərdə iştirak etmişəm.

Prezident İlham Əliyev: Harada yaralanmısan?

İsa Şabanov: Ağdərə istiqamətində minaya düşmüşəm. Protez qoyulub.

Prezident İlham Əliyev: Normaldır?

İsa Şabanov: Bəli.

Prezident İlham Əliyev: Problem yoxdur?

İsa Şabanov: Xeyr, hər şey qaydasındadır.

Prezident İlham Əliyev: Sən harada yaralanmısan?

Ehtiyatda olan polkovnik-leytenant Ehtiram Məmmədov: Cənab Ali Baş Komandan, iki dəfə yaralanmışam. Bir dəfə Füzulidə Alxanlıda, bir dəfə isə Daşaltıda.

Prezident İlham Əliyev: Daşaltı əməliyyatında da iştirak etmisən?

Ehtiram Məmmədov: Bəli.

Prezident İlham Əliyev: Təbrik edirəm.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo