“e-KOB evi” portalı haqqında ƏSASNAMƏ

09 avqust 2021, 14:40

Azərbaycan Respublikası Prezidentinin

2021-ci il 9 avqust tarixli

Fərmanı ilə təsdiq edilmişdir

1. Ümumi müddəalar

1.1. “e-KOB evi” portalı haqqında Əsasnamə” (bundan sonra − Əsasnamə) “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanının 6.6-cı bəndinin icrası məqsədilə hazırlanmışdır və “e-KOB evi” portalının fəaliyyətinin hüquqi, təşkilati və texnoloji əsaslarını müəyyən edir.

1.2. Portal sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatların (sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün normativ hüquqi aktlarda nəzərdə tutulan sənədlər, ödəniləcək vergi və rüsumlar, hesabatlar, lisenziya və icazələr və s.) mərkəzləşdirilmiş qaydada əldə edilməsinin asanlaşdırılmasını və bu Əsasnamənin 3.3-cü və 3.4-cü bəndlərində qeyd olunan xidmətlərin göstərilməsini təmin edir.

1.3. Portalın fəaliyyəti “bir pəncərə” prinsipi əsasında müasir texnologiyalar tətbiq edilməklə təmin olunur. Portalda yaradılan, əldə edilən, toplanılan informasiya və elektron sənədlər Azərbaycan Respublikasının mülkiyyətidir.

1.4. Portalın formalaşdırılması, aparılması, arxivləşdirilməsi və digər dövlət informasiya ehtiyatları və sistemləri ilə inteqrasiyası ilə bağlı bu Əsasnamə ilə tənzimlənməyən məsələlər Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”na (bundan sonra – Qaydalar) uyğun olaraq tənzimlənir.

1.5. Portalın sahibi və operatoru (bundan sonra – operator) Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyidir (bundan sonra – Agentlik). Agentlik sahiblik hüququnu həyata keçirərkən bu Əsasnamə və digər normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydada portalın yaradılmasını, idarə olunmasını və inkişafını təmin edir.

1.6. Bu Əsasnamədə istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.6.1. “Biznes Naviqator” sistemi – KOB subyektlərinin sahibkarlıq fəaliyyətinə dair məlumatların, o cümlədən bu Əsasnamənin 3.3.5-ci yarımbəndində nəzərdə tutulan məlumatların, eləcə də KOB subyektlərinin müştərilərlə qarşılıqlı əlaqələrinin, təchizat zəncirlərinin, informasiya və sənədlərin idarə edilməsi, toplanması, təhlili və təqdim edilməsi, habelə sahibkarlıq sahəsində müxtəlif informasiya sistemlərinin tətbiqini nəzərdə tutan portalın altsistemi;

1.6.2. “Sahibkarın elektron kabineti” – bu Əsasnamənin 3.3-cü bəndində qeyd olunan xidmətlərdən istifadəni, müvafiq məlumatların əldə olunmasını və həmin məlumatlarda dəyişiklik edilməsini, ödənişlərin həyata keçirilməsini, həmçinin operatorla və digər dövlət orqanları (qurumları) ilə qarşılıqlı əlaqəni təmin edən fərdi elektron səhifə;

1.6.3. istifadəçi – portalın xidmətlərindən istifadə edən mikro, kiçik və orta sahibkarlıq subyekti (bundan sonra – KOB subyekti).

1.7. Bu Əsasnamədə istifadə olunan digər anlayışlar Qaydalarda nəzərdə tutulmuş mənaları ifadə edir.

1.8. Portalın saxlanılması, fəaliyyəti və inkişafı ilə bağlı xərclər operatorun vəsaiti hesabına maliyyələşdirilir.

1.9. Operator KOB evlərində göstərilən xidmətlərə (hüquqi hərəkətlərə və s.) görə ödənilən dövlət rüsumunun və qanunla müəyyən edilmiş digər ödənişlərin (haqların) qanunla və digər normativ hüquqi aktlarla müəyyən edilmiş hissəsinin portalın saxlanılması, fəaliyyəti və inkişafına, habelə öz işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə və kiçik və orta biznes evlərinin (bundan sonra – KOB evləri) maddi-texniki təminatının yaxşılaşdırılmasına yönəldilməsini təmin edir.

2. Portalın fəaliyyət prinsipləri

2.1. Portal Qaydaların 2.1-ci bəndində qeyd edilən prinsiplər nəzərə alınmaqla formalaşdırılır və aşağıdakı prinsiplər əsasında fəaliyyət göstərir:

2.1.1. şəffaflıq – portalın fəaliyyətində aşkarlığın və hesabatlılığın təmin edilməsi, həyata keçirilən prosedurların və onların nəticələrinin izlənilməsi imkanının mövcudluğu;

2.1.2. istifadə rahatlığı – istifadəçilərin portaldan istifadəsinin rahat və əlavə əməliyyatlar aparılmadan təmin edilməsi;

2.1.3. səmərəlilik – müraciətlərin təqdim edilməsi, qəbulu, cavablandırılması üçün tələb olunan vaxtın və maliyyə xərclərinin optimallaşdırılması, habelə istifadəçilərə göstərilən xidmətlərin keyfiyyətinin davamlı olaraq yüksəldilməsi;

2.1.4. effektivlik – portalın fəaliyyəti zamanı mövcud resurslardan səmərəli istifadə edilməsi;

2.1.5. nəticəyönümlü fəaliyyət – portalın fəaliyyəti zamanı qarşıya qoyulmuş məqsədlərin uğurlu icrasına və arzuolunan nəticələrin əldə olunmasına yönəldilmiş idarəetmə strategiyasının təmin edilməsi;

2.1.6. operativlik – müraciətlərin təqdim edilməsinin, qəbulunun, cavablandırılmasının və nəticələrinin göndərilməsinin, habelə informasiyanın əldə olunmasının və məlumatların ötürülməsinin real vaxt rejimində həyata keçirilməsi;

2.1.7. dayanıqlılıq – portalda aparılan təşkilati, inzibati, texniki və digər dəyişikliklərdən asılı olmayaraq, fəaliyyətinin fasiləsiz həyata keçirilməsi;

2.1.8. modulluq və miqyaslılıq – portalın ciddi dəyişikliklər edilmədən ən son texnologiyalardan istifadə etməklə davamlı təkmilləşdirilməsi və inkişaf etdirilməsi, funksiya və imkanlarının artırılmasını təmin edən proqram-texniki komponentlərin olması.

3. Portalın texniki-texnoloji infrastrukturu

3.1. Portalın texniki-texnoloji infrastrukturu aşağıdakı əsas komponentlərdən ibarətdir:

3.1.1. texniki avadanlıq və proqram təminatı;

3.1.2. mobil tətbiq;

3.1.3. telekommunikasiya kanalları;

3.1.4. “Sahibkarın elektron kabineti”;

3.1.5. “Biznes Naviqator” sistemi;

3.1.6. ehtiyat mərkəzi;

3.1.7. arxiv mərkəzi.

3.2. Portalın texniki avadanlığı və proqram təminatı, mobil tətbiqi, telekommunikasiya kanalları bu Əsasnamənin 3.3-cü və 3.4-cü bəndlərində qeyd olunan xidmətlərin həyata keçirilməsini, məlumatların ötürülməsini, portalın fəaliyyətinin etibarlılığını, təhlükəsizliyini və məlumatların mühafizəsini təmin edir.

3.3. “Sahibkarın elektron kabineti” portalda hər bir KOB subyekti üçün formalaşdırılır. “Sahibkarın elektron kabineti” vasitəsilə aşağıdakı xidmətlər göstərilir:

3.3.1. KOB evlərində bilavasitə göstərilən xidmətlərlə bağlı sahibkarların müraciətlərinin elektron qaydada qəbul edilməsi, aidiyyəti dövlət orqanına (qurumuna) yönləndirilməsi və cavablandırılması;

3.3.2. EHİS-ə inteqrasiya olunmuş “G2B” xidmətlərindən istifadə olunması və həmin xidmətləri təmin edən qurumlarla EHİS vasitəsilə əlaqələrin yaradılması;

3.3.3. portalda mövcud olan “B2B” xidmətlərindən istifadə olunmaqla həmin xidmətləri təmin edən sahibkarlarla əlaqələrin qurulması;

3.3.4. KOB evlərində bilavasitə göstərilən xidmətlərdən istifadə etmək üçün elektron növbənin əldə edilməsi;

3.3.5. sahibkar haqqında aşağıdakı məlumatların əldə olunması:

1. vergi ödəyicisinin eyniləşdirmə nömrəsi;

2. fəaliyyət növü;

3. sahib olduğu lisenziyalar və icazələr haqqında məlumatlar;

4. sahibkarlıq subyektlərinin meyarlarına görə bölgüsü;

5. əlaqə vasitəsi (telefon nömrəsi, elektron poçt ünvanı);

6. fiziki şəxsin soyadı, adı və atasının adı, qeydiyyat ünvanı;

7. hüquqi şəxsin adı, hüquqi ünvanı, təşkilati-hüquqi forması, mülkiyyət növü, qeydiyyat şəhadətnaməsinin nömrəsi və verilməsi tarixi;

3.3.6. sahibkarlıq fəaliyyətini tənzimləyən normativ hüquqi aktlara dair məlumatların əldə edilməsi.

3.4. KOB subyektlərinin sahibkarlıq fəaliyyəti çərçivəsində həyata keçirdikləri əməliyyatların elektronlaşdırılması məqsədilə operator “Biznes Naviqator” sistemi vasitəsilə aşağıdakı xidmətləri göstərir:

3.4.1. KOB subyektlərinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı məlumatlandırılmasını və ixtisaslaşmış məsləhət (konsaltinq) xidmətlərindən istifadə etmələrini təmin edir, habelə biznes alətləri vasitəsilə KOB subyektləri tərəfindən ayrı-ayrı sahələr üzrə mütəxəssislərin cəlb edilməsi üçün şərait yaradır;

3.4.2. müxtəlif mobil alətlərin istifadəsi üzrə tövsiyyələr verir, operator tərəfindən yaradılan mobil alətlərin istifadəsinə dair təlimatlar tərtib edir, bu mobil alətləri ilkin istifadə mərhələsində güzəştli qiymətlərlə təklif edir;

3.4.3. portaldan mobil cihazlar və səyyar qurğular vasitəsilə sərbəst istifadə edilməsi üçün şərait yaradır;

3.4.4. aktiv reklam, promo-aksiyalar keçirir, biznes prosesin avtomatlaşdırılması üçün texnoloji həlləri tətbiq edir və mobil elektron biznes alətlərini daim təkmilləşdirir;

3.4.5. informasiyanın mühafizəsi sistemlərinin tətbiqini və daim təkmilləşdirilməsini həyata keçirir;

3.4.6. informasiya ehtiyatını və əsas əməliyyatların yerinə yetirilməsi prosesini serverə keçirir, informasiyanın arxivləşdirilməsi sistemlərinin tətbiqi hesabına zəruri trafikin həcmini azaldır.

3.5. Portalın fəaliyyətinin dayanıqlılığını və təhlükəsizliyini təmin etmək məqsədilə onun ehtiyat mərkəzi yaradılır və portalın proqram təminatı və informasiya ehtiyatı üzrə paralel işlək nüsxələr bu mərkəzdə saxlanılır. Formalaşan məlumatlar portalın informasiya ehtiyatında, ehtiyat surətləri isə onun informasiya ehtiyatının arxiv mərkəzində saxlanılır.

3.6. Müvafiq sahədə xidmətlərdən istifadə üçün portal gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya mexanizmləri və ya digər elektron eyniləşdirmə vasitələri (istifadəçi adı, şifrə və s.) ilə təchiz edilir.

4. Portaldan istifadə qaydaları

4.1. Portaldan istifadə etmək üçün istifadəçi:

4.1.1. elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya mexanizmləri və ya digər elektron eyniləşdirmə vasitələri (istifadəçi adı, şifrə və s.) ilə portalda qeydiyyatdan keçərək “Sahibkarın elektron kabineti”nə daxil olur;

4.1.2. “Sahibkarın elektron kabineti” vasitəsilə bu Əsasnamənin 3.3-cü bəndində qeyd edilən xidmətlərdən bu Əsasnamə ilə müəyyən olunmuş qaydada istifadə edir.

4.2. Portalda göstərilən xidmətlər üzrə ödənişlərin edilməsi elektron ödəniş sistemləri vasitəsilə (“Sahibkarın elektron kabineti”ndə ödəniş sistemlərinə keçid verilməklə) həyata keçirilir.

5. Portalın funksionallığına dair tələblər

5.1. Portal vasitəsilə aşağıdakılar təmin edilir:

5.1.1. informasiyanın portalda toplanması, emalı, axtarışı, təhlili və ötürülməsi;

5.1.2. portala daxil edilən məlumatların dəqiqliyi, tamlığı, aktuallığı və etibarlılığı;

5.1.3. portalın fasiləsiz fəaliyyətinin təmin edilməsi;

5.1.4. portaldan, eyni zamanda çoxsaylı istifadəçilərin istifadə etməsinin mümkünlüyü;

5.1.5. təhlükəsizlik və məlumatların mühafizəsi;

5.1.6. informasiya mübadiləsində bir-biri ilə uzlaşa bilən texnologiyaların və proqram-texniki vasitələrin tətbiqi;

5.1.7. statistik məlumatların emalında intellektual idarəetmədən istifadə olunması;

5.1.8. məlumatların sistemləşdirilmiş şəkildə saxlanılması;

5.1.9. bu Əsasnamənin 3.3-cü və 3.4-cü bəndlərində qeyd olunan xidmətlərin təşkili.

6. Operatorun funksiyaları

6.1. Operatorun funksiyaları aşağıdakılardır:

6.1.1. portalın formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi üzrə işləri Qaydalarda müəyyən edilən tələblərə uyğun aparmaq;

6.1.2. “G2B” xidmətlərinin “bir pəncərə” prinsipi əsasında EHİS vasitəsilə göstərilməsini təmin etmək;

6.1.3. istifadəçilərin “Sahibkarın elektron kabineti” vasitəsilə dövlət orqanlarına (qurumlarına) müraciətlər etməsini və sorğular göndərməsini təmin etmək, həmin müraciətlərin və sorğuların portal vasitəsilə cavablandırılmasını izləmək;

6.1.4. mərkəzi və ehtiyat avadanlıq komplekslərində hər hansı bir qəza (xəta) baş verdiyi və ya portalın fəaliyyətində fasilə yarandığı halda portalın iştirakçılarını və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyini (bundan sonra – Əlaqələndirici qurum) bu barədə məlumatlandırmaq, dərhal onun aradan qaldırılması üçün müvafiq tədbirlər görmək və portalın ehtiyat mərkəzinin fəaliyyətə başlamasını təmin etmək;

6.1.5. portalın “Hökumət buludu”nda yerləşdirilməsini, aparılmasını və təkmilləşdirilməsini təmin etmək üçün “Hökumət buludu”nun operatoru ilə birlikdə zəruri tədbirlər görmək;

6.1.6. istifadəçilərin xidmətlərin göstərilməsi üçün qanunla tələb olunan dövlət rüsumlarını və ya digər ödənişləri elektron ödəniş sistemləri (“Sahibkarın elektron kabineti”ndə ödəniş sistemlərinə keçid verilməklə) vasitəsilə ödəməsi barədə məlumatların qəbulunu və portalın istifadəçilərinə çatdırılmasını təmin etmək;

6.1.7. portal vasitəsilə göstərilən xidmətlər haqqında məlumatın istifadəçilərin “Sahibkarın elektron kabineti”nə, elektron poçt ünvanına və mobil nömrəsinə göndərilməsi imkanlarını təmin etmək;

6.1.8. portalda KOB subyektləri üçün “B2B” xidmətlərinin, habelə müxtəlif növ maliyyə, bank, sığorta xidmətlərinin, eləcə də məsləhət (konsaltinq) xidmətlərinin göstərilməsini təşkil etmək;

6.1.9. saxlanılan informasiyanın itirilməsinə, oğurlanmasına, məhv edilməsinə, saxtalaşdırılmasına və informasiyaya icazəsiz girişə yol verməmək üçün onların təhlükəsiz və etibarlı mühafizəsini təmin etmək;

6.1.10. informasiyanın ehtiyat surətlərinin daşıyıcılarının saxlanma şəraitini onların istehsalçılarının tələblərinə uyğun təşkil etmək;

6.1.11. informasiyanın ehtiyat surətlərinin saxlandığı otaqlarda fiziki təhlükəsizlik və girişə nəzarət tələblərinə riayət olunmasını təmin etmək;

6.1.12. Qaydaların 6-cı hissəsi ilə müəyyən edilən digər funksiyaları həyata keçirmək.

7. Operatorun vəzifələri və hüquqları

7.1. Operatorun vəzifələri aşağıdakılardır:

7.1.1. qanunsuz daxilolma və saxtalaşdırma hallarının qarşısını almaq, giriş və əməliyyat tarixçələrini (loqları) saxlamaq;

7.1.2. portalın fəaliyyətinin fasiləsizliyini və dayanıqlığını təmin etmək, dayanma hallarının qeydiyyatını aparmaq, mütəmadi texniki dəstək fəaliyyətini həyata keçirmək;

7.1.3. portalda dəyişiklikləri müvafiq qeydlər edilməklə aparmaq, belə qeydlərin edilməsinə əsas olan sənədləri müvafiq sənədlər qovluğuna daxil etmək;

7.1.4. arxivləşməyə hazırlığın (arxiv qeydi aparılmaqla) avtomatlaşdırılmış qaydada həyata keçirilməsini təmin etmək;

7.1.5. portala çıxışı olan, habelə onun aparılmasında iştirak edən əməkdaşlar arasında iş və vəzifə bölgüsünü müəyyən etmək və həmin əməkdaşları bu barədə məlumatlandırmaq;

7.1.6. portalın mütəmadi monitorinqini, auditini, o cümlədən elektron auditini həyata keçirmək;

7.1.7. portalın fəaliyyəti ilə bağlı təhlükəsizlik qaydalarının hazırlanmasını, onun fəaliyyətinə təsir edən amillərin təhlil edilməsini və ehtiyat planın hazırlanmasını təmin etmək;

7.1.8. riskləri təhlil etmək, habelə risklərin idarə edilməsi, böhran və bərpa planlarının hazırlanmasını həyata keçirmək;

7.1.9. məlumatları portala vaxtında, tam, dəqiq və dürüst daxil etmək;

7.1.10. Əlaqələndirici qurumla birlikdə portaldan birgə və səmərəli istifadə imkanlarının artırılması məqsədilə texniki və təkmilləşdirici tədbirlər həyata keçirmək;

7.1.11. istifadəçilərin portalda özləri haqqında toplanılan məlumatlarla və həmin məlumatlardan istifadə qaydası ilə tanış olması, habelə qeyd edilən məlumatlarda dəyişiklik etməsi üçün EHİS vasitəsilə müvafiq imkan yaratmaq;

7.1.12. portaldan istifadəni (o cümlədən informasiyanın axtarılması və əldə edilməsini) bu Əsasnamə ilə müəyyən edilmiş qaydada təmin etmək;

7.1.13. əldə olunması qanunla məhdudlaşdırılan məlumatlardan yalnız müvafiq normativ hüquqi aktlara uyğun şəkildə istifadə etmək;

7.1.14. portalın mühafizəsi ilə bağlı normativ hüquqi aktlarla müəyyən edilmiş zəruri təşkilati və texniki tədbirləri görmək, habelə portalda formalaşdırılan, daxil edilən və yığılan məlumatların aktual, təhlükəsiz şəraitdə saxlanılmasını və mühafizəsinı təşkil etmək;

7.1.15. portalda məlumatların toplanılması, işlənilməsi, sorğuların verilməsi və icrası, müraciətlərin qeydiyyatı və baxılmasının nəticələri, habelə portalın idarə olunması və mühafizəsi ilə bağlı əməliyyat tarixçələrinin elektron nəzarət-audit jurnallarında toplanılmasını (hesabatlılığını) təmin etmək;

7.1.16. portalda fərdi məlumatların toplanılmasını, işlənilməsini, yayılmasını və ötürülməsini “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada həyata keçirmək;

7.1.17. bu Əsasnamənin 6-cı hissəsi ilə müəyyən edilmiş funksiyalara uyğun olaraq digər vəzifələri yerinə yetirmək.

7.2. operator bu Əsasnamənin 7.1-ci bəndində göstərilən vəzifələrini yerinə yetirərkən aşağıdakı hüquqlara malikdir:

7.2.1. dövlət orqanlarına (qurumlarına) və KOB subyektlərinə zəruri məlumatlar (sənədlər) barədə sorğular vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

7.2.2. portalın fəaliyyəti ilə bağlı təhlillər aparmaq, icmallar və analitik materiallar hazırlamaq;

7.2.3. portalın fəaliyyətini təmin etmək üçün müqavilə əsasında müstəqil ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə cəlb etmək;

7.2.4. bu Əsasnamə ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

8. İstifadəçilərin hüquqları

8.1. İstifadəçilərin aşağıdakı hüquqları vardır:

8.1.1. portal vasitəsilə bu Əsasnamənin 3.3-cü və 3.4-cü bəndlərində qeyd olunan xidmətlərdən sərbəst və maneəsiz istifadə etmək;

8.1.2. portal vasitəsilə dövlət orqanlarına (qurumlarına) müraciətlər etmək və sorğular göndərmək, həmin müraciətlərə və sorğulara dair cavab almaq;

8.1.3. portaldan özü barədə məlumatlar əldə etmək, bu məlumatlarda səhv aşkar etdikdə, onların dəyişdirilməsini tələb etmək;

8.1.4. portalın fəaliyyətinin təkmilləşdirilməsinə dair təkliflər vermək;

8.1.5. bu Əsasnamədən irəli gələn digər hüquqları həyata keçirmək.

SƏNƏDLƏR Fərmanlar 02 dekabr 2024
14:33
“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 22 oktyabr tarixli 58-VIIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 22 oktyabr tarixli...

02 dekabr 2024, 14:33
SƏNƏDLƏR Fərmanlar 02 dekabr 2024
14:29
“Bələdiyyələrin statusu haqqında” və “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 18 oktyabr tarixli 49-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Bələdiyyələrin statusu haqqında” və “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının...

02 dekabr 2024, 14:29
SƏNƏDLƏR Qanunlar 02 dekabr 2024
14:27
“Bələdiyyələrin statusu haqqında” və “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 7-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda...

02 dekabr 2024, 14:27
SƏNƏDLƏR Fərmanlar 02 dekabr 2024
14:25
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

02 dekabr 2024, 14:25