“2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransında İlham Əliyevin yekun nitqi

20 iyun 2012, 11:40
“2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransında İlham Əliyevin yekun nitqi

- Beləliklə, bu gün burada səslənən çıxışlarda Bakıda və ətraf qəsəbələrdə gedən işlər haqqında məlumatlar verildi.

Deyə bilərəm ki, bütün rayonlarda quruculuq-abadlıq işləri sürətlə gedir. Əminəm ki, biz bu tempi saxlayacağıq və gələn ilin sonuna qədər Proqram tam şəkildə icra ediləcəkdir. Baxmayaraq ki, bu, çox böyük və çətin bir işdir. Proqram qəbul olunarkən sənədə daxil edilən məsələlərin həlli çox böyük işgüzarlıq, peşəkarlıq və maliyyə vəsaiti tələb edirdi. Nəzərə alsaq ki, hazırda biz Proqrama əlavələr haqqında danışırıq, aydındır ki, onun icrası daha da böyük məsuliyyət tələb edəcəkdir. Onu da qeyd etməliyəm ki, Proqramın müddəti qısadır. Biz bu Proqramın icra müddətini uzada da bilərdik.

Çünki doğrudan da, iki il yarım ərzində bu qədər işlərin görülməsi çox böyük səfərbərlik və peşəkarlıq tələb edən məsələdir. Ancaq mən hesab edirəm ki, əgər biz indiki templəri saxlaya bilsək, proqramda nəzərdə tutulmuş bütün məsələləri gələn ilin sonuna qədər həll edə biləcəyik. Bunu etmək üçün və xüsusilə əlavə tədbirlərin görülməsi ilə bağlı yeni maliyyə resurslarını əldə etmək üçün biz əlbəttə ki, gələn ilin dövlət büdcəsində investisiya proqramında bu məqsədləri təmin etməklə əlaqədar daha da böyük məbləğ nəzərdə tutmalıyıq.

Bu il iqtisadi göstəricilərimiz müsbətdir. Ona görə büdcədə əlavə vəsait yaranmışdır. Bildiyiniz kimi, bu vəsaitin böyük hissəsi zəlzələdən əziyyət çəkmiş insanların yaşayış səviyyəsinin yaxşılaşmasına yönəldilibdir. Şimal-qərb bölgəsində baş vermiş güclü zəlzələ minlərlə evi yararsız vəziyyətə salmışdır və insanlar böyük çətinliklər çəkirlər. Ona görə büdcədə yaranmış əlavə vəsait ilk növbədə, o insanların problemlərinə yönəldilibdir. Yeni tədris ilinə qədər onlarla yeni məktəb tikilməlidir. Minlərlə ev bərpa edilməlidir. Ancaq bununla bərabər, Bakıətrafı qəsəbələrin inkişafına müəyyən məbləğ nəzərdə tutulubdur.

Sirr deyil ki, əsas maliyyə yükü gələn ilə düşəcəkdir. Gələn il biz elə etməliyik ki, maliyyə problemlərimiz olmasın. Əgər ölkəmizin ümumi iqtisadi inkişafını biz təmin edə bilsək, - mən buna şübhə etmirəm, - bizdə maliyyə problemi olmayacaqdır. Qarşımızda təkcə bu maliyyədən səmərəli istifadə etmək, işi keyfiyyətlə və vaxtında görmək məsələləri dayanacaqdır. Bu məqsədlərə çatmaq üçün Proqramın icrası ilə bağlı əlaqələndirmə işləri daha da gücləndirilməlidir.

Çünki proqramın icrasında həm şəhər və rayon icra orqanları, eyni zamanda, dövlət qurumları fəal iştirak edirlər. Bu qurumlar arasındakı əlaqələndirmə işlərini daha da keyfiyyətli şəkildə təmin etmək üçün böyük diqqət göstərilməlidir.

Ümumiyyətlə, Proqramın icrası ilə Bakı Şəhər İcra Hakimiyyəti və İqtisadi İnkişaf Nazirliyi ilk növbədə məşğuldurlar. Əsas məsuliyyət onların üzərinə düşür. Əlaqələndirmə məsələlərinin həllinə gəldikdə, İqtisadi İnkişaf Nazirliyi bu funksiyanı öz üzərinə götürməlidir, daha doğrusu, götürübdür və bütün dövlət qurumları arasındakı uzlaşma, əlaqələndirmə məsələləri öz həllini tapmalıdır.

Nəyə görə mən bunu deyirəm, çünki bəzi hallarda müəyyən işləri bəzi qurumlar görür, ondan sonra başqa qurum gəlir, o işlərin elə bil ki, yenidən görülməsinə səbəb olan addımlar atır. Burada ardıcıllıq əlbəttə ki, gözlənilməlidir. İlk növbədə, yeraltı işlərin görülməsi gündəlikdə olmalıdır. Kanalizasiya, yeraltı su, qaz, elektrik xətlərinin, ondan sonra yolların çəkilişi məsələləri həllini tapmalıdır. Əgər bu ardıcıllıq pozularsa və bu işləri görən qurumlar arasında əlaqələndirmə olmasa, onda biz bir işi iki-üç dəfə görməli olacağıq. Buna isə yol vermək olmaz.

Əlaqələndirmə, ardıcıllıq plan üzrə getməlidir. Bu məsələlərlə bağlı İqtisadi İnkişaf Nazirliyində konkret cədvəl vardır. Hesab edirəm növbəti mərhələdə, - nəzərə alsaq ki, bu gündən başlayaraq gələn ilin sonuna qədər daha da böyük işlər görülməlidir, - əlaqələndirmə işlərinə daha da ciddi diqqət verilməlidir.

Eyni zamanda, nəzarət mexanizmi daha da güclü olmalıdır. İşlərin böyük əksəriyyəti keyfiyyətlə görülür. Ancaq son bir il ərzində - keçən ilin may ayından bu günə qədər keçən dövr ərzində siqnallar gəlmişdir ki, bəzi işlər keyfiyyətsiz görülür.

Məktəblər keyfiyyətsiz tikilir. İşlər keyfiyyətsiz görülür. Əlbəttə ki, burada ciddi nəzarət olmalıdır. Keyfiyyətə nəzarət olmasa, bu işin heç bir əhəmiyyəti olmayacaqdır. Biz əlbəttə ki, bütün işləri qısa müddət ərzində görməliyik, ancaq böyük keyfiyyətlə. Ayrılan vəsaitə də qənaətlə yanaşmaq lazımdır. Ən səmərəli yanaşma burada tətbiq edilməlidir. Görüləsi işlər hələ çoxdur.

Son bir il ərzində müəyyən işlər görülüb. Amma əsas işlər bundan sonra görüləcəkdir. Bütün infrastruktur layihələrinin görülməsi üçün konkret tapşırıqlar verilib. Bu layihələr çox böyük vəsait tələb edir. Vəsait də nəzərdə tutulub. Həmçinin Proqrama əlavələr üçün də vəsait nəzərdə tutulub. Beləliklə, maliyyə problemlərimiz yoxdur. Əsas məsələ texniki peşəkarlıq, nəzarət, keyfiyyət və bu işləri görən insanların məsuliyyəti dərk etməsidir.

Qazlaşdırma ilə bağlı Bakıda və ətraf qəsəbələrdə demək olar ki, əsas işlər görülüb. Bəzi yerlərdə təzyiqin aşağı səviyyədə olması problemlər yaradır. Amma hesab edirəm ki, bu məsələlər köklü şəkildə öz həllini tapmışdır.

Qazlaşdırma təxminən 100 faizə yaxındır. Gələn müddət ərzində qazlaşdırma 100 faiz olmalıdır. Təzyiq də yüksək səviyyədə olmalıdır və heç bir fasilə olmamalıdır.

Elektrik enerjisi ilə təchizatda da heç bir problem yoxdur. Artıq bir neçə ildir ki, bu məsələ öz həllini tapıbdır. Vaxtilə fasilələr də, kəsilmələr də olurdu, bu problem bizi həmişə narahat edirdi. Son illər ərzində tikilmiş yeni stansiyaların fəaliyyətə başlaması, Bakı Elektrik Şəbəkə sisteminin təkmilləşdirilməsi və onun dövlət nəzarətinə qaytarılması nəticəsində bu sahədə də köklü dəyişikliklər baş vermişdir. Beləliklə, Bakı şəhərində və ətraf qəsəbələrdə işıqla problem demək olar ki, yoxdur.

Ancaq bununla bərabər, bəzi küçələrdə işıq dirəkləri yoxdur. İndi mərkəzi küçələrdə hər yerdə gözəl işıq dirəkləri quraşdırılıbdır. Onlar həm yaxşı işıq verir, həm də ki, zövq oxşayır. Amma kənar küçələrin bir çoxunda işıq dirəkləri ümumiyyətlə yoxdur. İşıq xətləri çəkilməyib. Bir müddət bundan əvvəl mən qarşıya vəzifə qoymuşam ki, bu məsələyə də diqqət göstərilsin. Tədricən bu işlər görülməyə başlanmışdır. Elə etməliyik ki, gələn ilin sonuna kimi Bakı şəhərinin bütün küçələrində müasir işıq dirəkləri və daim, davamlı işıq olsun.

Su və kanalizasiya məsələlərinin həlli əsas diqqəti cəlb etməlidir. Çünki bayaq qeyd etdiyim kimi, bu problem bütün dövrlərdə aktual idi. Biz isə bu problemi köklü şəkildə həll etmək əzmindəyik. Bakı şəhərinin kanalizasiya layihəsi icra edilir. Müəyyən işlər görülüb, daha da böyük işlər görülməlidir ki, ən müasir standartlara cavab verən sistem yaradılsın.

Bakını içməli su ilə təchiz etmək üçün böyük işlər görülür. Oğuz-Qəbələ-Bakı su kəmərinin istismara verilməsi bu sahədə atılmış böyük addımdır. Əlavə tədbirlərin görülməsi və “Azərsu” şirkətinin yeni təklifləri imkan verəcək ki, biz Bakının su problemlərini köklü şəkildə həll edək.

İndi yaxşılığa doğru addımlar atılıbdır. Ancaq biz indiki bu vəziyyətlə də barışa bilmərik. İndi fasilələr azalıb, suyun verilmə müddəti artırılıb. Ancaq biz elə etməliyik ki, Bakı şəhərində və Bakı qəsəbələrində 24 saat keyfiyyətli içməli su olsun. Mən qarşıya belə vəzifə qoymuşam. Əlbəttə, bu, böyük və çətin problemdir. Bakı böyük şəhərdir. Bakı Cənubi Qafqazın və bölgənin ən böyük şəhəridir. Əhalimiz də artır. Bakının əhalisi iki milyonu ötübdür. Burada su və kanalizasiya problemlərinin həlli həm çox böyük maliyyə vəsaiti, həm də texniki imkanlar tələb edir. Ancaq qarşıya bu vəzifə qoyulub.

Biz bu vəzifəyə doğru getməliyik. Görülən işlər nəticəsində yeni sutəmizləyici qurğular tikilməkdədir. Bakıda yeni su anbarları tikilir ki, ümumiyyətlə onlar heç vaxt olmamışdır. Bu anbarlar olmadan şəhəri dayanıqlı şəkildə su ilə təmin etmək mümkün deyildir. Sutəmizləyici qurğular, süzgəclər və xətlər dəyişdirilməlidir, yenilənməlidir. Bu, böyük işlər, böyük peşəkarlıq tələb edən məsələlərdir. Ancaq vəzifə belə qoyulub ki, Bakının su problemləri birdəfəlik həll edilsin və icra olunan bu layihə gələcəyə də hesablansın. Çünki əhali artır, tələbat artır, iqtisadiyyat artır, sənaye potensialı artır.

Beləliklə, biz uzunmüddətli strategiyamızı ona əsasən hesablamalıyıq.

Bununla paralel olaraq, bütün bölgələrdə, bütün rayon mərkəzlərində və bəzi kəndlərdə indi böyük su-kanalizasiya layihələri icra edilir. Bölgələrdə isə ümumiyyətlə su problemi heç vaxt lazımi səviyyədə olmamışdır. Kanalizasiya, ümumiyyətlə yox idi. Ona görə bütün rayon mərkəzlərini su və kanalizasiya ilə təmin etmək üçün indi konkret tapşırıqlar verilmişdir. Bu Proqramı da biz çalışmalıyıq, gələn ilin sonuna qədər yekunlaşdıraq. Əgər buna imkan olmasa, 2014-cü ilin sonuna qədər bütün rayon mərkəzlərinin və ətraf böyük kəndlərin su-kanalizasiya problemləri həll edilməlidir.

O ki qaldı Bakı şəhərinə, bir daha demək istəyirəm, qarşıya vəzifə qoyulubdur ki, hər bir yerdə 24 saat, Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun səviyyədə təmiz içməli su təmin edilsin. Eyni zamanda, su sayğaclarının quraşdırılması prosesi daha da sürətlə getməlidir. Vaxtilə heç qaz, işıq sayğacları da olmamışdır. Biz yaxşı xatırlayırıq ki, bu sahədə nə qədər böyük pozuntular olmuşdur, nə qədər böyük problemlər yaranmışdır. Yığım çox aşağı səviyyədə idi -8 faiz, 10 faiz. Yadımdadır, 7-8 il bundan əvvəl yığımın 20 faizi keçmirdi. İndi qaz, elektrik enerjisi yığımında biz təxminən 100 faizə yaxınlaşmışıq. Nəyin hesabına? Nizam-intizam gücləndirildi, qanunsuz əməllərə son qoyuldu və müasir sayğaclar quraşdırıldı. Artıq vətəndaş bilir nəyin pulunu ödəyir. “Smart-kart” sayğaclarının quraşdırılması da hesab edirəm ki, çox uğurlu təşəbbüs idi.

İndi hər bir vətəndaş qazı kartla almaqla rahat ödəmələr aparır və nəzarətçi ilə artıq heç bir əlaqə, ünsiyyət yoxdur. Bu, eyni zamanda, korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizədə çox ciddi vasitədir. Su sayğaclarının quraşdırılması da davam edir və daha sürətlə getməlidir. Biz buna nail olsaq, - əminəm ki, olacağıq, - bu sahədə də nizam-intizam yaradılacaqdır.

Beləliklə, bu layihələr, eyni zamanda, istilik təchizatının yaxşılaşdırılması məsələləri paralel şəkildə aparılmalıdır. Biz bu məsələlərə də həmişə diqqət vermişik. Son bir neçə il ərzində bu sahədə də dönüş yaranmışdır. “Azəristiliktəchizat” təşkilatı yaradılmışdır. Bütün istilik təsərrüfatı orada cəmləşmişdir. Artıq bu proses gedir və vaxtilə istiliyi kəsilmiş evlərə yeni layihələrin icrası nəticəsində istilik verilir. Bu, həm ucuz enerjidir, həm elektrik enerjisinə qənaətdir, həm də insanların maddi rifahına dəstəkdir. Biz çalışmalıyıq ki, bu prosesi sürətləndirək. Məndə olan arayışa görə, son müddət ərzində yüzlərlə ev, demək olar ki, bütün məktəblər, uşaq bağçaları, səhiyyə obyektləri istiliklə təchiz edilmişdir. Ancaq o illəri də xatırlayırıq ki, istilik demək olar, heç yerdə yox idi. Əlbəttə ki, bu sahə ilə bağlı mən ciddi məşğul olmuşam. Bilirəm ki, bəzi hallarda vaxtilə təchizatın kəsilməsi nəticəsində batareyalar da kəsilmişdir. O evlərə gedən xətlər də kəsilmişdir. Onları bərpa etmək çətindir. Ancaq çalışmalıyıq ki, bu işlər daha da sürətlə getsin.

Yol təsərrüfatının təmiri və tikintisi layihələri Bakıda uğurla gedir. Deyə bilərəm ki, Bakı şəhərində bu sahədə aparılan işlər bəlkə də heç bir başqa şəhərdə aparılmır. Son illər ərzində 30-dan çox böyük yol qovşağı, tunellər, körpülər tikilmişdir. Onlar həm memarlıq abidələridir, eyni zamanda, əgər vaxtilə biz bu layihələrə başlamasaydıq, indi Bakının nəqliyyatı iflic vəziyyətə düşərdi. Çünki biz təqribən 2006-2007-ci illərdə artıq birinci layihələri icra etməyə başlamışdıq. Bu gün Bakını son beş il ərzində tikilmiş bax, bu körpülərsiz, yol qovşaqlarsız təsəvvür etmək çətindir. Hamımız yaxşı xatırlayırıq ki, Bakı-Aeroport yolunda neçə dairə var idi. Hər bir dairədə insanlar saatlarla dayanırdılar. Əgər biz dairələri ləğv etməsəydik, yeni qovşaqlar yaratmasaydıq, indi Bakıdan aeroporta getmək üçün ən azı iki saat vaxt lazım olacaqdı.

Təkcə Bakı-Aeroport yolu deyil, başqa istiqamətlərdə də yol qovşaqları tikilir, yollar genişləndirilir, yeni yollar salınır. Bəzi hallarda sənaye obyektləri köçürülür. Baxmayaraq ki, yenə də deyirəm, 30-dan çox yol qovşağı tikilmişdir, yeni yollar, yeni arteriyalar, yeni damarlar çəkilir və bu proses davam etdirilir. Yeni layihələr, yeni planlar vardır. Biz bu planları icra edəcəyik. Eyni zamanda, qəsəbədaxili yollar diqqət mərkəzində olmalıdır. Qeyd etdiyim kimi, ardıcıllıqla. Çünki Bakı qəsəbələrində, - qəsəbə sakinləri bunu yaxşı bilirlər, - yolların əksəriyyəti torpaq yollar idi. Mən də qəsəbələrdə tez-tez olaraq bu məsələyə fikir vermişəm, diqqət göstərmişəm. Qarşıya vəzifə qoyulmuşdur ki, Bakı qəsəbələrində torpaq yol olmamalıdır. Heç kəndlərdə, bölgələrdə də olmamalıdır. İndi görürsünüz, bölgələrdə kənd yollarının tikintisinə Prezidentin Ehtiyat Fondundan nə qədər vəsait ayrılır ki, kəndlərə gedən yollar da asfalt yollar olsun. Ancaq Bakı qəsəbələrində torpaq yolların mövcudluğu, ümumiyyətlə, dözülməzdir. Ona görə su-kanalizasiya layihələri başa çatdıqdan sonra, yaxud da ki, onlarla paralel olaraq qəsəbədaxili yolların hamısı asfaltlanmalıdır, genişləndirilməlidir və rahat şərait yaradılmalıdır.

Qəsəbələrarası yolların bəziləri magistral yolların bir hissəsidir. Misal üçün, hazırda Bakı-Bilgəh-Sumqayıt yolunun tikintisi aparılır. Bu yolun üzərində bir neçə kənd yerləşir və beləliklə, biz qəsəbələrarası yolların həllinə də nail oluruq. Bu da çox böyük yoldur, yeni yoldur, heç vaxt olmamışdır. Bu yolun çəkilişi həm qəsəbələr arasında nəqliyyatın hərəkətini asanlaşdıracaq, eyni zamanda, Bakını Sumqayıt ilə yeni gözəl dənizkənarı yolla birləşdirəcəkdir.

İndi Bakı şəhərində digər layihələr də icra edilməkdədir. Yeni ideyalar, yeni təkliflər, fikirlər vardır. Yəni, bu, daimi proses olmalıdır və biz əlbəttə ki, bu işləri görməklə həm indiki vəziyyəti yaxşılaşdırırıq, həm də gələcəyə əsas bir zəmin yaradırıq. Çünki Bakı şəhəri böyüyəcəkdir. Buna heç kimin şübhəsi olmasın. Bu gün Bakının əhalisi iki milyondan artıqdır. Ancaq dünyanın elə şəhərləri var ki, onların əhalisi beş milyon, altı milyon, yeddi milyon səviyyəsindədir.

Bizdə iqtisadi inkişaf sürətlidir. Əhalinin artması prosesi müsbət istiqamətdə gedir. Artıq 9 milyon 200 min əhalimiz vardır və son illər ərzində statistika onu göstərir ki, doğuşlar daha da çoxalır. Bu, məni çox sevindirir və əvvəlki dövrlə müqayisədə dünyaya daha da çox körpə gəlir. Beləliklə, Bakının, Azərbaycanın əhalisi artacaq və biz bütün infrastruktur layihələrimizi gələcəyə - 30 il, 40 il bundan sonrakı dövrə hesablamalıyıq. Elə şərait yaratmalıyıq ki, onilliklər bundan sonra, bax, bu gün icra olunan layihələr insanlara xidmət göstərsin. Necə ki, biz bu gün 20 il, 30 il, 40 il bundan əvvəl görülmüş işlərdən bəhrələnirik, onlardan istifadə edirik, eləcə də gələcək nəsillər də bu gün bizim gördüyümüz işlərdən bəhrələnməlidirlər. Bu, həm yol-nəqliyyat infrastrukturuna, həm də bütün başqa sahələrə aiddir.

Nəqliyyata gəldikdə, bu sahədə də müsbət meyillər müşahidə olunur. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi yaradılıbdır. Bu da dünya miqyasında nadir, bir sistemdir. Yeni avtobuslar, yeni taksilər gətirilir. Bütün bunlar insanların rahatlığı üçün edilir.

Metro tikintisi sürətlə gedir, daha da sürətlə getməlidir. Çünki biz Metronun Uzunmüddətli İnkişaf Planını qəbul etdik və qarşıya vəzifə qoyuldu ki, 2030-cu ilə qədər Bakıda metro stansiyalarının sayı 70-ə çatsın. Nəzərə alsaq ki, bizim indi 23 stansiyamız var, onlardan üçü son illər ərzində tikilmişdir. Beləliklə, ildə Bakıda bir neçə stansiya tikilməlidir. Mən hesab edirəm ki, bu sahəyə daha da böyük diqqət göstərilməlidir. Əlbəttə ki, özümüzün texniki imkanlarımız, şirkətlər vardır.

Amma iş həcminin böyük olduğunu nəzərə alaraq hesab edirəm, biz bu layihəyə xarici şirkətləri də cəlb edə bilərik ki, işlər daha da sürətlə getsin. Yəni, 2030-cu ilə qədər təqribən 50-yə yaxın yeni stansiyanın tikintisini təmin etmək üçün orta hesabla ildə bir neçə stansiya təhvil verilməlidir.

Bu da çox böyük layihədir. Ancaq bu da gələcəyə yönəlmiş bir baxışdır. Çünki əgər biz bu layihəni icra etməsək, nə qədər yol qovşağı tiksək də, Bakının tıxac problemlərindən canımızı qurtara bilməyəcəyik. Böyük şəhərlərdə elə yerlər vardır ki, orada 4-5-6 mərtəbəli yollar tikilir. Elə yollar var ki, o, binaların 6-cı, 7-ci mərtəbəsinin səviyyəsindədir. Yəni, nədən belə bir vəziyyət yaranıb? Çünki yolları artıq genişləndirməyə imkan yoxdur. Ona görə də biz də öz işimizi elə aparmalıyıq, elə hesablamalıyıq ki, gələcəkdə problem olmasın. İndi biz bu günün problemlərini həll edəcəyik. Müzakirə etdiyimiz Proqramın gələn ilin sonuna qədər, ondan sonra regionların iqtisadi inkişaf Proqramının icrası nəticəsində bütün bu problemlər həll olunacaqdır. Biz gələcək haqqında düşünməliyik və nəqliyyat sektorundakı məsələlər orada əlbəttə ki, prioritetlərdən biridir.

Sosial infrastrukturun təkmilləşdirilməsi ilə bağlı burada çıxışlarda səsləndi ki, neçə məktəb təmir edilib, neçə məktəb tikilib. Bütün göstərişlər verilmişdir. Qəbul edilmiş Proqrama əlavə olaraq onlarla yeni məktəbin tikintisi nəzərdə tutulur və beləliklə, mən əminəm ki, gələn dərs ilinə qədər Bakının bütün məktəb problemləri həll ediləcəkdir. Yəni, məktəblərin maddi-texniki bazası yenilənəcək, bir dənə də olsun təmirsiz məktəb qalmayacaqdır.

O ki qaldı uşaq bağçalarının vəziyyətinə, bu sahədə hələ görüləsi işlər çoxdur. Çünki indiki uşaq bağçalarının, burada olan uşaqların sayı bizi qane etmir. Məndə olan məlumata görə bu, Bakı şəhərinin tələbatının təqribən 20 faizini təşkil edir. Yəni, əgər biz indi bərbad vəziyyətdə olan mövcud uşaq bağçalarını bərpa etsək belə, yenə də bu, problemin həlli deyildir. Problemin həlli ondadır ki, yeni uşaq bağçaları tikilsin. Yaxşı ki, vaxtilə tikilmiş uşaq bağçaları böyük ərazini əhatə edir. İndi həmin ərazidə yeni korpuslar tikilə bilər. Bu da bir yoldur.

Digər yol ondan ibarətdir ki, - bu da bizim digər proqramlarımızla uzlaşır, - “Qaçqınların və məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması və məşğulluğun artırılması üzrə Dövlət Proqramı”nda erməni işğalından əziyyət çəkmiş soydaşlarımızın köçürülməsi məsələləri dayanmışdır. Bu Proqram da icra edilir. Bildiyiniz kimi, çadır şəhərcikləri artıq beş ildir ki, ləğv edilib. İndi yataqxanalarda məskunlaşmış soydaşlarımızın evlərə köçürülməsi prosesi gedir. Fin evlərində, o cümlədən uşaq bağçalarında yaşayan köçkünləri də biz normal şəraitlə təmin etməliyik. Bu vəzifə də qarşıya qoyulub və hesab edirəm ki, bu konfransdan sonra bu məsələyə daha da ciddi diqqət göstərilməlidir. Həm Qaçqınkom, həm Bakı Şəhər İcra Hakimiyyəti birgə baxsınlar, bir cədvəl tutsunlar ki, biz soydaşlarımızı o uşaq bağçalarından yeni evlərə köçürək, bu bağçaları isə uşaqların sərəncamına verək. Elə hallar var ki, bağçanın bir hissəsində uşaqlar qalır, bir hissəsində isə qaçqın ailələri. Buna artıq dözmək olmaz. Amma yenə də deyirəm, biz köçkünləri ancaq o vaxt köçürə bilərik ki, onlar üçün lazımi şərait yaradılsın.

Beləliklə, uşaq bağçalarının problemlərinin həlli üçün biz əlavə tədbirlər görməliyik. Burada həm bağçaların vəziyyəti, təmiri, eyni zamanda, yemək məsələləri nəzərdə tutulmalıdır. Çünki məktəbdən fərqli olaraq, uşaq bağçalarında körpələr hələ öz hüquqlarını müdafiə edə bilmirlər. Onlara verilən yeməyi yeyir, verilən suyu içirlər. Ona görə, burada bu işlərə rəhbərlik edənlərdən çox şey asılıdır.

Mən çox narahatam və narahat idim ki, gələn siqnallar da onu göstərir, hətta uşaqlara heç o aşağı səviyyəli normativlər də, onlar da verilmir. Uşaqlar ya ac qalır, ya da ki, evlərindən özü ilə yemək gətirirlər. Bu, dözülməz haldır. Mən son müddət ərzində dəfələrlə uşaq bağçalarında vəziyyətlə tanış olmuşam və eyni zamanda, bu yemək məsələləri ilə də maraqlanmışam. İndi bu məsələlər paytaxtda Bakı Şəhər İcra Hakimiyyətinə həvalə edilibdir və çox ciddi göstərişlər verilmişdir ki, yemək məsələləri birinci planda olmalıdır. Hacıbala Abutalıbovun mənə verdiyi məlumata görə, bu sahədə dönüş yaranmışdır. Əlbəttə ki, bu məlumat inandırıcıdır. Ancaq mən valideynlərdən xahiş edirəm, əgər hər hansı bir bağçada yeməklə problem varsa, ya verilmir, ya keyfiyyətsiz verilir, Prezident Administrasiyasına və Bakı Şəhər İcra Hakimiyyətinə, İqtisadi İnkişaf Nazirliyinə məlumat versinlər ki, biz bu məsələləri də həll edək.

Uşaq bağçalarının hamısı təmirli olmalıdır. Hamısında da keyfiyyətli yemək verilməlidir ki, uşaqlarımız sağlam böyüsünlər.

Proqramda səhiyyə məsələlərinin həlli də nəzərdə tutulur. Əlavə tibb məntəqələri, xəstəxanalarla bağlı, - burada qeyd olundu, vətəndaşların xahişi nəzərə alınmışdır - Prezidentin Ehtiyat Fondundan vəsait ayrılmışdır ki, təxirəsalınmaz tədbirlər görülsün. Ancaq əlbəttə ki, əsas işlər dövlət büdcəsinin xətti ilə görülür. Elə etməliyik ki, biz səhiyyə məntəqələrinin fəaliyyətini yaxşı səviyyədə saxlayaq. Ona nə qədər lazımdırsa vəsait ayrılacaqdır ki, bütün qəsəbələrdə keyfiyyətli tibbi xidmət göstərilsin.

Sahibkarlıqla bağlı mən giriş sözümdə qeyd etdim. Keçən ildən Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə Bakı qəsəbələrinin iş adamlarına da vəsait ayrılmağa başlanmışdır. Bu proses gələn il davam etdiriləcəkdir. Bu il Fondun idarə etdiyi məbləğ rekord həddə çatıb – 200 milyon manatdır. Lazım olsa, gələn il biz bu məbləği artıra bilərik. Çünki biz görürük ki, bu mexanizm çox gözəl işləyir. Bölgədə yaradılmış yeni müəssisələrin böyük hissəsi, o cümlədən bu kreditlərin hesabına mümkün olmuşdur. Çünki biznesə başlamaq, öz işini qurmaq üçün bəzi hallarda insanlarda ilkin kapital olmur. O ilkin kapitalı güzəştli şərtlərlə dövlət verir və beləliklə, sənayenin inkişafını stimullaşdırır, iş yerlərinin yaradılmasına da xidmət göstərir. Bakı qəsəbələrində bu proses başlamışdır. Artıq qeyd etdiyim kimi, buradakı stendlərdə ilkin işlər göstərilir. Bu işlər davam etdirilməlidir.

Bakı böyük sənaye mərkəzidir. Həmişə belə olub, sovet dövründə, inqilabdan əvvəl də belə olub. Bakı əslində sənaye şəhəri kimi formalaşmışdır. Təsadüfi deyildir ki, şəhərin mərkəzində çoxlu sənaye obyektləri, zavodlar, fabriklər vardır ki, bunlar da bizim indiki yanaşmamıza uyğun gəlmir. Ancaq biz bu sahəyə də diqqət veririk. Yeni yanaşma ondan ibarətdir ki, köhnəlmiş sənaye obyektləri şəhərin mərkəzindən çıxarılsın. Bu proses gedir, köçürmələr davam edir. Burada mən deyə bilərəm ki, çox güclü iradə göstərilmişdir. Bəzi hallarda müqavimət də var idi. Bizim Bakı ilə bağlı planlarımız bəzi hallarda bəzi vətəndaşlar tərəfindən o qədər də dərk edilmirdi. Ancaq bugünkü Bakının gözəlliyi, yeni yaradılmış şərait göstərir ki, vaxtilə qəbul edilmiş qərarlar düzgün qərarlar idi.

Vaxtilə köhnəlmiş, fəaliyyət göstərməyən sənaye müəssisələrinin yerində gözəl binalar, ictimai yerlər yaradılmış, parklar salınmışdır. Onların bir neçəsini xatırlamaq kifayətdir. Səttarxan zavodunun ərazisində dünyanın memarlıq möcüzəsi sayılan Heydər Əliyev Mərkəzi artıq mayın 10-da açılmışdır. İndi o ərazidəki əvvəlki vəziyyəti heç təsəvvür etmək belə çətindir. Bu mərkəz, yenə də deyirəm, dünyanın müasir memarlıq abidələrinin siyahısındadır, onların içərisində öz gözəlliyi, funksional tərəfi ilə seçilir. Lampa zavodu, şifer zavodu və digər zavodlar artıq yoxdur.

Bizim sənayemiz bundan, necə deyərlər, zərər görmür. Bu ilin birinci rübünün statistik göstəricilərinə görə, qeyri-neft sənayemiz 16 faiz artmışdır. Yəni, bu işlər düzgün istiqamətdə görülən işlərdir. Yeni parklar salınır. Elə o lampa zavodunun ərazisində indi gözəl fəvvarə, gözəl park insanların sərəncamına verilmişdir. İndi gənclər bəlkə də onu xatırlamırlar, amma bizim nəsil yaxşı xatırlayır ki, o mənzərə necə idi. Yəni, bu gözəlləşmə, abadlıq, quruculuq işləri davam etdirilməlidir.

Yaxud da ki, götürək Yeni Bakı Bulvarını. Bir müddətdən sonra insanların yadından çıxacaqdır ki, o sahə ümumiyyətlə, necə deyərlər, hasarın arxasında qalmışdı. O hasarın arxasında köhnəlmiş zavodlar, gəmi təmiri zavodları və başqa köhnəlmiş sənaye obyektləri yerləşmişdi. Yol da çox dar idi. Bir-iki ildən sonra o da yaddan çıxacaqdır, qoy, elə yaddan çıxsın. Biz onları köçürdük, sənayenin inkişafına heç bir zərər vermədən yeni bulvar – iki kilometrlik gözəl gəzinti yerləri salındı. Orada xüsusi velosiped zolaqları da yaradılmışdır ki, insanlar rahat istifadə etsinlər. Ümumiyyətlə, Bakı Bulvarının Bayraq Meydanındakı bulvar ilə birlikdə uzunluğu 3,5 kilometrdən 14 kilometrə çatmışdır. İndi Bayraq Meydanında “Eurovision” mahnı müsabiqəsindən sonra təmizləmə işləri görülür. Yaxın zamanlarda Bayraq Meydanı da açılacaqdır və insanlar orada gəzəcəklər, istirahət edəcəklər. Bu da dünya miqyasında nadir bir yerdir. Həm müstəqilliyimizin, dövlətçiliyimizin rəmzidir, eyni zamanda, gözəl istirahət parkıdır. Altmış hektar ərazidə yerləşən bu Bayraq Meydanı hələ də sahəsini genişləndirir. Hazırda Bayraq Meydanından Bibiheybət istiqamətinə yeni bulvar salınır. Əgər hər şey plan üzrə gedərsə, yəqin ki, bir-iki ildən sonra o sahə böyük istirahət və əyləncə zonasına çevriləcəkdir. O zona ilə bağlı bizim böyük fikirlərimiz, planlarımız vardır. Parklar zonası Bibiheybətə qədər uzadıla bilər.

Yəni, budur yeni yanaşma. Şəhərin mərkəzindən köhnəlmiş, yararsız vəziyyətdə olan sənaye obyektləri köçürülür, onların yerində ictimai yerlər, parkinqlər yaradılır.

İndi köçürmələr aparılır. Heydər Əliyev Sarayının arxasındakı yerlər köçürülübdür, bazar qiymətindən artıq səviyyədə kompensasiya da verilibdir. Bunu hamı bilsin. Amma onun yerində nə tikilir?! Deyirdilər ki, buradan əhali köçürülür, bura satılacaqdır, binalar, restoranlar tikiləcəkdir. Orada ikimərtəbəli yeraltı parkinq tikilir, üstü də park, gəzinti zonası, meşə zolaqları olacaqdır. Bu, şəhərimizə hava-su kimi lazımdır. Çünki yaşıllıq, meşə zolaqları azdır. Ona görə köhnəlmiş sənaye obyektlərinin ərazilərində ictimai yerlər – parklar, yeraltı parkinqlər və yaşıllıq zolaqları yaradılır.

Bəzi hallarda bu yerlərin bir hissəsi özəl yerlərlə kəsişir və hesab edirəm ki, bu sahədə özəl sektor da məsuliyyətli olmalıdır. Biz hamımız bu şəhərdə yaşayırıq, Bakı hamımızın paytaxtıdır. Bakının gözəlləşməsi üçün hamımız fədakar olmalıyıq. Ona görə, əgər hansısa yeni inkişaf layihələri müəyyən dərəcədə özəl torpağa da düşürsə, burada, əlbəttə, kompensasiya verməklə, ilk növbədə, dövlət maraqları və Bakı sakinlərinin maraqları ön planda olmalıdır. Çünki vaxtilə aparılmış özəlləşdirmə nəticəsində bəzi hallarda şəhərin mərkəzində yerlər qanunsuz olaraq zəbt edildi, ondan sonra hasar çəkildi, ondan sonra heç nə, elə torpaq kimi qalıb. Biz indi bu vəziyyətlə barışa bilmərik. Şəhərin mərkəzində, ya kənarında kifayət qədər yerlər vardır ki, hasara alıb saxlayıblar. Niyə saxlayırlar?! İndi şəhər inkişaf edir, yollar, yol qovşaqları çəkilməlidir, yeraltı parkinqlər, parklar, yaşıllıq zolaqları tikilməlidir. Ona görə, şəhər meriyası bu məsələlərlə bağlı, əlbəttə ki, qanun çərçivəsində bütün işləri elə görməlidir ki, ilk növbədə Bakı şəhərinin sakinləri o yerlərdən istifadə etsinlər. Biz imkan verə bilmərik ki, şəhərin mərkəzində hektarlarla ərazi hasarlanıb və ora elə ölü vəziyyətdə qalıbdır, insanlar da gəzməyə yer axtarırlar. İndi axşam vaxtlarında bulvarda tərpənməyə imkan yoxdur. Baxmayaraq ki, biz bulvarı genişləndirmişik, dənizə tərəf uzatmışıq, yenə də o qədər insan gəlir ki, orada indiki bulvar artıq kifayət etmir. Yəni insanların rahatlığı üçün şəhərdə gəzinti yerləri, parklar, meşə zolaqları tikilməlidir. Biz bunu edəcəyik. Amma yenə də deyirəm ki, özəl qurumlar bu məsələyə diqqətlə yanaşsınlar, özləri könüllü şəkildə təşəbbüs göstərsinlər. Əlbəttə ki, bu məsələlər onsuz da qanun çərçivəsində həll olunacaqdır.

O ki qaldı şəhərimizin sənaye inkişafına verilən diqqətə, bu, yüksək səviyyədədir. Bakı sənaye şəhəri kimi, əlbəttə ki, inkişaf etməlidir. Yeni, böyük sənaye obyektləri, - mən bu barədə əvvəllər də fikrimi bildirmişəm, - Qaradağ rayonu ərazisində tikilməlidir. Orada böyük ərazi vardır. İndi orada böyük sənaye müəssisələri, sement zavodu, başqa zavodlar tikilir. Neft Şirkəti Qaradağ rayonu ərazisində böyük neft-kimya kompleksi tikəcəkdir. Ələtdə yeni Dəniz Ticarət Limanı, gəmiqayırma zavodu tikilir. Yəni, biz Bakı sənayesini daha çox Qaradağ rayonunun ərazisində yerləşdirməliyik.

Texnoparkların yaradılması məsələləri də bu məqsədə xidmət etməlidir.

Texnoparklara gəldikdə, həm Bakıda, Sumqayıtda, Gəncədə bu proses gedir. Bu, bizə imkan verəcək ki, giriş sözümdə dediyim kimi, 2023-cü ilə qədər qeyri-neft sənayesinin inkişafı hesabına ümumi daxili məhsulu iki dəfə artıraq.

Ekoloji tədbirlərin görülməsi ilə bağlı bir neçə söz demək istəyirəm. Bu məsələ daim diqqət mərkəzində olmalıdır.

Bakının ekoloji vəziyyəti bizi qane edə bilməz. Bu, reallıqdır. Əfsuslar olsun ki, əsrlər boyu Bakı sənaye şəhəri formalaşıb, xüsusilə neft sənayesi burada yaranıb. Həmişə şəhər ekoloji cəhətdən çox ağır vəziyyətdə idi. Sovet dövründə müəyyən standartlar var idi, sovet standartları var idi. O standartlar gözlənilirdi. Amma indi biz bilirik ki, o standartlar dünya standartlarına əlbəttə, uyğun deyildir.

Postsovet dövründə, xüsusilə ilk illərində maliyyə vəziyyətimiz çox ağır idi. Bizim çox böyük ehtiyacımız var idi. Biz bu məsələlərə lazımi qədər vəsait ayıra bilmirdik. İndi isə biz bunu edirik, etməliyik və bütün sahələr üzrə konkret tapşırıqlar verilmişdir.

Burada qeyd edildi, Balaxanıda poliqon yaradılıbdır. Vaxtilə Balaxanı zibilxanasından qalxan tüstü bütün şəhəri bürüyürdü, zəhərləyirdi. İndi ora gözəl bir parkdır. Məişət tullantıları emalı zavodunun tikintisi nəticəsində artıq bu məsələlər öz həllini tapacaqdır.

İçməli su, kanalizasiya layihələri, göllərin təmizlənməsi məsələləri ilə də bağlı İqtisadi İnkişaf Nazirliyinə göstəriş verilmişdi. Bakının ərazisində yerləşən göllər təmizlənməlidir. İlk növbədə, oraya axıdılan suların təmizlənməsi və yeni xətlərin çəkilişi məsələləri həllini tapmalıdır. Biz gərək, ilk növbədə, çirklənmənin səbəbini aradan qaldıraq. Ondan sonra biz təmizləmə, ekoloji tədbirlərlə indiki gölləri gözəl, təmiz göllərə çevirməliyik. Onların ətrafında meşə zolaqları, parklar salınmalıdır ki, insanlar bu göllərdən istifadə etsinlər. Bütün bu göllərin siyahısı vardır. Konkret tapşırıqlar verilmişdir. Bu il müəyyən dərəcədə vəsait də nəzərdə tutulur. Əsas vəsait gələn il və 2014-15-ci illərdə ayrılacaq ki, bu gölləri biz gözəl, şəffaf, təmiz göllərə çevirək. Beləliklə, həm insanların istirahəti üçün yeni yerlər yaradılacaq, həm də ekoloji vəziyyət yaxşılaşacaqdır.

Bakıda yerləşən yod zavodunun qalıqlarının köçürülməsi prosesi də başlamışdır. Bu da çox zəhərli müəssisə idi. O işləmir, ancaq onun ətrafında yerləşən tullantılar zəhərlidir. Büdcədə vəsait nəzərdə tutulub. Həmin vəsait Fövqəladə Hallar Nazirliyinə ayrılıb. Onlar indi işləyirlər. Bu ilin sonuna qədər yod zavodunun ərazisi tamamilə təmizlənəcəkdir.
Ağacəkmə məsələləri də yaddan çıxmamalıdır. Mən çox şadam ki, “Ekologiya ili”ndə bütün şəhər, rayon icra hakimiyyətlərində böyük fəallıq nümayiş etdirilirdi. Hər yerdə ağacəkmə prosesləri gedirdi. “Ekologiya ili” başa çatandan sonra yavaş-yavaş bu proses - yeni ağacların əkilməsi, yeni zolaqların yaradılması səngiməyə başlamışdır. Düzdür, biz dövlət xətti ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə vəsait ayırırıq, onlar bu prosesi davam etdirirlər. Nəzərdə tutulmuş yerlərdə yeni ağaclar əkilir. Ancaq hesab edirəm ki, əlbəttə, mövsüm gələndə rayon icra orqanları da ağacəkmə məsələlərinə yenə də diqqət göstərməlidirlər. Bu, kampaniya olmamalıdır, bu, daimi, gündəlik iş prosesi olmalıdır.

Şəhərimizin tarixi abidələrinin qorunması yüksək səviyyədədir. Bizim üstünlüyümüz ondan ibarətdir ki, Bakı qədim, tarixi və müasir şəhərdir. Bakıda tarixi gözəllik, memarlıq abidələrimiz və qədim Bakının siması müasir Bakının siması ilə uzlaşır. Yəni, ziddiyyət təşkil etmir. Bakıya gələn qonaqlar bunu qeyd edirlər ki, burada qədim dövr ilə müasir dövr arasında sintez, harmoniya vardır. Bəzi hallarda, bəzi şəhərlərdə bu harmoniya olmur. Amma bizim məqsədimiz elə ondan ibarət idi ki, Bakının qədim simasını saxlamaqla, bütün tarixi abidələri bərpa etməklə yanaşı, müasir Bakımızın yeni simasını da yaradaq və buna nail olduq. Bu gün artıq Bakının yeni simvolları, rəmzləri vardır. Heydər Əliyev Mərkəzi, Bayraq Meydanı, “Alov qüllələri”, “Bakı Kristal Sarayı”- bunlar Bakımızın yeni simvollarıdır, Azərbaycanın inkişaf dinamikasını göstərən abidələrdir. Şəhərimizi gözəlləşdirmək üçün biz bundan sonra da fəal işləməliyik. Mən çox şadam ki, cəmiyyətdə və dövlət qurumları nümayəndələri arasında bu məsələ ilə bağlı çox böyük fəallıq, böyük ruh yüksəkliyi və şəhərimizə böyük məhəbbət vardır.

Bakı doğrudan da, dünyanın ən gözəl şəhərlərindən biridir. Mən demişəm, bir daha demək istəyirəm ki, vaxt gələcək deyəcəyik ki, Bakı dünyanın ən gözəl şəhəridir. Sağ olun.

SƏNƏDLƏR Sərəncamlar 26 noyabr 2024
13:49
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkının adının dəyişdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Yüksək...

26 noyabr 2024, 13:49
SƏNƏDLƏR Fərmanlar 23 noyabr 2024
17:40
Elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər...

23 noyabr 2024, 17:40
SƏNƏDLƏR Sərəncamlar 23 noyabr 2024
16:05
Azərbaycan Respublikası vətəndaşlarının 2025-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 26-cı bəndini rəhbər tutaraq, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-cü və 40.1-ci maddələrinə əsasən və Azərbaycan Respublikasının...

23 noyabr 2024, 16:05
SƏNƏDLƏR Sərəncamlar 23 noyabr 2024
16:03
Sumqayıt şəhərinin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq, Sumqayıt şəhərinin 75 illiyi münasibətilə qərara alıram:

Sumqayıt şəhərinin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan...

23 noyabr 2024, 16:03
SƏNƏDLƏR Fərmanlar 22 noyabr 2024
16:19
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 276 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 276 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

22 noyabr 2024, 16:19
SƏNƏDLƏR Fərmanlar 22 noyabr 2024
16:17
“Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 22 oktyabr tarixli 53-VIIQD nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və...

22 noyabr 2024, 16:17