İlham Əliyev Bakıda XIX Beynəlxalq Xəzər neft, qaz, neftayırma, neft kimyası sərgi və konfransının açılışında iştirak etmişdir

05 iyun 2012, 13:00
İlham Əliyev Bakıda XIX Beynəlxalq Xəzər neft, qaz, neftayırma, neft kimyası sərgi və konfransının açılışında iştirak etmişdir

Bakı Sərgi Mərkəzində XIX Beynəlxalq Xəzər neft, qaz, neftayırma, neft kimyası sərgi və konfransı işə başlamışdır.

Prezident İlham Əliyev açılış mərasimində iştirak etmişdir.

Sərgidə dünyanın 35 ölkəsindən 304 şirkət təmsil olunur. Ekspozisiyanın 40 faizindən çoxu dünyada tanınmış iqtisadi qurumların payına düşür. Onların əksəriyyəti bu sərginin daimi iştirakçılarıdır. Almaniya, Böyük Britaniya, Çin, Rusiya və Türkiyənin milli qrupları üçün pavilyonlar əvvəlcədən sifariş olunmuşdur. Sərgidə iştirak etmək arzusunda olan MDB, Avropa və Şərqi Asiya ölkələrində fəaliyyət göstərən şirkətlərin sayı xeyli artmışdır. İlk dəfə olaraq, bu il sərgidə Vyetnam milli neft şirkəti də iştirak edir.

Ekspozisiya sahəsinin 59 faizi xarici şirkətlər üçün ayrılmışdır. Qalan ekspozisiya sahəsi isə yerli istehsalçılar və xarici şirkətlərin yerli nümayəndəlikləri üçün nəzərdə tutulmuşdur. Sərgiyə olan daimi marağı sübut edən əsas fakt ondan ibarətdir ki, ekspozisiyanın 10 faizini əvvəllər Azərbaycan bazarında fəaliyyət göstərməmiş yeni şirkətlərin stendləri təşkil edir.

Bütövlükdə, bütün sərgi ekspozisiyasının ümumi artımı 15 faizdir. Sərgi sahəsinin və iştirakçı şirkətlərin sayının artması Azərbaycanın neft və qaz sahəsinin sürətlə inkişaf etdiyini və dünya miqyasında böyük nüfuz qazandığını deməyə əsas verir.

Bu il sərgi və konfransa rekord sayda - 21 şirkət sponsorluq edir ki, bu da tədbirin yüksək statusunu göstərir. Dünyanın müxtəlif ölkələrindən onlarla aparıcı kütləvi informasiya vasitəsi sərgi və konfransa informasiya dəstəyi göstərir.

Ekspozisiya Bakı Sərgi Mərkəzinin iki pavilyonunda yerləşir. Burada ən yeni neft-qaz avadanlığı, neftçıxarma və enerji daşıyıcılarının nəqli sahəsində qabaqcıl texnologiyalar nümayiş etdirilir. Bundan başqa, sərgi iştirakçılarına Azərbaycanda hazırda reallaşdırılan və gələcək layihələr də təqdim olunur.

Sərgi çərçivəsində keçiriləcək konfransın işgüzar proqramı genişdir. Bu il konfrans neft-qaz bazarının yeni inkişaf təmayülləri, Xəzər dənizi regionunun potensialı və üstünlükləri, habelə dünyada enerji təhlükəsizliyi problemlərinin həlli perspektivlərini qiymətləndirmək üçün imkan yaradacaqdır.

Böyük Britaniyanın İTE Group Plc şirkətinin baş məsləhətçisi Endryu VUD sərgi və konfransı açaraq dedi:

- Cənab Prezident!

Zati-aliləri, xanımlar və cənablar!

Bu gün burada olmaqdan, İTE Group şirkətini təmsil etməkdən, XIX Beynəlxalq Xəzər neft, qaz, neftayırma, neft kimyası sərgisi və konfransını təşkil etməkdən çox məmnunam.

Bu sərgi ənənəvi olaraq keçirilən bir tədbir kimi beynəlxalq təqvimdə öz əksini tapmış, neft və qaz sənayesi üçün mühüm platformaya çevrilərək 1994-cü ildən etibarən sabiq Prezident Heydər Əliyevin təşkilatçılığı ilə ilk dəfə olaraq reallaşmışdır.

Biz növbəti illərin sərgilərində neft sektorunda davamlı inkişafın və artımın şahidi olmuşuq. Biz çox şadıq ki, builki sərgidə 35 ölkədən 304 şirkət iştirak edir. İştirakçıların sırasına Almaniyanın, Birləşmiş Krallığın, Çinin, Rusiyanın milli şirkətləri daxildir.

Bir çox şirkətlər artıq bir neçə ildir ki, bu sərgidə iştirak edirlər. Lakin bir sıra şirkətlər vardır ki, onlar bu sərgiyə ilk dəfə qatılırlar. Sözsüz ki, illər keçdikcə biz davamlı artımın şahidi olmuşuq. Düşünürəm ki, bu, çox mühüm bir haldır, bunu qeyd etmək lazımdır. Bu sərgidə Azərbaycanı müştərək şirkətlərlə bərabər, yerli istehsalçı şirkətlər də təmsil edir.

Builki sərgidə 75 Azərbaycan şirkəti iştirak edir. Son 20 ildə Azərbaycanda neft və qaz sektoru sürətli inkişaf edib. Xəzər neft, qaz, neftayırma və neft kimyası sərgiləri bu inkişafa daha çox töhfə vermişdir. Bu, başqa sektorların inkişafına da təsir göstərmişdir.

İTE Group dünyada sərgi təşkili ilə məşğul olan çox nüfuzlu şirkətdir. 19 ildir ki, Azərbaycanda fəaliyyət göstərir və iqtisadi inkişafın, eyni zamanda, bütövlükdə inkişafın şahidi olur, fəaliyyətini daha da fəallaşdırmışdır. İTE Group şirkəti il ərzində Bakıda 12 sərgi təşkil edir. Bu 12 sərgidə bütün sektorlar təmsil olunur. Bu il artıq qida və turizm sərgiləri keçirilmişdir.

İlin sonunadək səhiyyə, ekologiya, inşaat və s. sərgilərin də keçirilməsi planlaşdırılır.

Şirkətimizin Azərbaycandakı işi Bakı Sərgi Mərkəzinin təqdim etdiyi şəraitdən asılı olaraq çox müvəffəqiyyətli olmuşdur.

Bu gün bu imkandan istifadə edərək neft və qaz sərgisinin təşkilində və müvəffəqiyyət qazanmasında bizə kömək göstərən bütün qurumlara minnətdarlığımı bildirmək istərdim. İlin ən mühüm tədbirlərindən biri olan bu sərgi də əminəm ki, böyük müvəffəqiyyət qazanacaqdır. İTE Group şirkəti neftayırma və neft kimyası sahələrində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə fəal əməkdaşlıq etmişdir. Düşünürəm ki, bu sərgi boyunca biz paralel şəkildə keçirdiyimiz konfransda bu barədə ciddi müzakirələr aparacağıq.

Mən bu böyük sərginin təşkilinə və keçirilməsinə verdiyi önəmli dəstəyə tədbirə görə, hörmətli cənab Prezidentə minnətdarlığımı bildirmək istərdim. Biz bu sərginin hər bir iştirakçısını təbrik edirik. Düşünürük ki, İTE Group şirkətinin ölkədə gördüyü işlərin, keçirdiyi sərgilərin çox mühüm rolu olmuşdur. Cənab Prezident, bu sərginin davamlı ənənəyə çevrilməsi Sizin bu vacib tədbirə, bu vacib sahəyə, sənayenin inkişafına göstərdiyiniz diqqətin təsdiqidir.

Azərbaycan artıq neft sektoru üzrə vacib regional mərkəzə çevrilmişdir. Azərbaycanın iqtisadiyyatında neft-qaz sənayesi mühüm sahələrdən biri olaraq qalır.

Zati-aliləri, vaxt ayırıb Xəzər neft, qaz, neftayırma və neft kimyası sərgisi və konfransının açılışında iştirak etdiyinizə görə Sizə təşkilatçılar, iştirakçılar və qonaqlar adından minnətdarlığımızı bildiririk.

Bu, bir daha göstərir ki, bu sahədə beynəlxalq əməkdaşlıq, əlaqələr inkişaf etdiriləcək və neft-qaz sənayesinin regional mərkəzi olaraq Azərbaycanın nüfuzu daha da artacaqdır.

Hər birinizə uğurlar arzu edirəm.

X X X

XIX Beynəlxalq Xəzər neft-qaz sərgisi və konfransının açılışında Azərbaycan Prezidenti İlham Əliyevin nitqi 

- Hörmətli xanımlar və cənablar!

Əziz dostlar!

Mən Sizin hamınızı ürəkdən salamlayıram.

Xəzər neft, qaz, neftayırma, neft kimyası sərgi və konfransının keçirilməsi ölkəmiz üçün böyük hadisədir. Bu sərgi və konfransın artıq böyük tarixi vardır. Bu sərgi 19-cu dəfə keçirilir. Deyə bilərəm ki, maraq azalmır, artır. Bunun nəticəsidir ki, bu dəfə sərgidə 300-dən artıq şirkət iştirak edir.

Buraya gələrkən mən birinci sərgini xatırlayırdım. O sərgi 1994-cü ildə təşkil edilmişdi. Birinci sərginin Azərbaycanın nəinki neft-qaz sənayesində, ümumi inkişafında çox böyük rolu olmuşdur. Çünki Azərbaycan gənc müstəqil dövlət idi.

Dünyaya hələ özünü tanıtdıra bilməmişdi. Azərbaycanın zəngin neft-qaz yataqları haqqında, əlbəttə ki, mütəxəssis dairələrində bilgilər var idi. Ancaq geniş biznes dairələri bundan xəbərsiz idi. Məhz sərginin 1994-cü ildə keçirilməsi ilə Azərbaycanın imkanları, xüsusilə neft sektorundakı imkanları dünyaya təqdim edildi. Azərbaycana çox böyük maraq göstərilməyə başlandı. Təsadüfi deyildir ki, sərgidən bir neçə ay sonra “Əsrin kontraktı” imzalanmışdır ki, bu gün biz hamımız onun nəticələrini görməkdəyik.

O vaxt ölkəmiz gələcək inkişaf istiqamətlərini müəyyən edirdi. Azərbaycan necə inkişaf edəcək, hansı ölkəyə çevriləcəkdir?! Əlbəttə ki, bizim əsas potensialımız olan neft ölkənin ümumi inkişafına xidmət göstərməli idi. Bunu etmək üçün mütləq xarici tərəfdaşlar Azərbaycana sərmayə qoymalı idilər. Çünki o vaxt Azərbaycanın maddi imkanları çox məhdud idi. Biz buna nail ola bildik. Qısa müddət ərzində müxtəlif irimiqyaslı, böyük şirkətlər Azərbaycana gəldilər, sərmayə qoymağa başladılar. Beləliklə, Azərbaycanın uğurlu inkişafı başlandı.

Məhz 1994-cü ildə ulu öndər tərəfindən Heydər Əliyev neft strategiyası elan edilmişdir ki, bu gün də bu strategiya davam etdirilir. Əlbəttə, 19 il ərzində bu strategiya inkişafdadır, bu strategiyaya yeni istiqamətlər cəlb edilir. Beləliklə, bu gün Azərbaycanın enerji resursları tam şəkildə Azərbaycan xalqının maraqlarının xidmətindədir.

1994-cü ildə isə biz bu böyük yolun əvvəlində idik. Mən çox şadam ki, o vaxt qarşımıza qoyduğumuz bütün vəzifələr uğurla icra edildi. Azərbaycana böyük sərmayə qoyulmuşdur. Hazırda neft-qaz sektoruna qoyulan investisiyalar təxminən 50 milyard dollar səviyyəsindədir. Ancaq bütövlükdə 1995-ci ildən bu günə qədər ölkə iqtisadiyyatına təxminən 120 milyard dollar sərmayə qoyulmuşdur. Yəni, biz neft amilindən çox məharətlə və böyük səmərə ilə istifadə edə bildik. Neftdən əldə edilən gəlirləri qeyri-neft sektorunun inkişafına yönəldə bildik. Ölkə iqtisadiyyatını çoxşaxəli iqtisadiyyat kimi təşkil edə bildik. Bu gün bu proses davam etdirilir. Ancaq 1990-cı illərin ortalarında həm neft sənayesində, ümumiyyətlə, iqtisadi sahədə köklü islahatlar aparılmağa başlanmışdır. O vaxt həm geosiyasi, həm iqtisadi, həm siyasi baxımdan Azərbaycan indiki kimi güclü dövlət deyildi. Azərbaycana təzyiqlər də, təhdidlər də var idi. Biz gənc ölkə idik. Bizim maddi imkanlarımız çox məhdud idi. Amma buna baxmayaraq, Heydər Əliyevin qətiyyəti və cəsarəti sayəsində, düzgün təşkil edilmiş strategiya nəticəsində biz bütün hədəflərə çatdıq.

2003-cü ildə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təməli qoyulmuşdur. 2006-cı ildə kəmər istifadəyə verilmişdir. Bu kəmər bütövlükdə bölgənin və bəlkə də qitənin enerji xəritəsini əsaslı şəkildə dəyişdirə bilmişdir. Bu kəmər təkcə Azərbaycan neftinin dünya bazarlarına çıxarılması üçün deyil, eyni zamanda, yeni dəhlizin açılması üçün çox vacib, tarixi bir addım idi.

Artıq bu dəhliz işə düşəndən sonra növbəti mərhələdə böyük “Şahdəniz” yatağının qaz ehtiyatlarının dünya bazarına çıxarılması üçün Bakı-Tbilisi-Ərzurum qaz kəməri tikilmişdir.

“Şahdəniz” üzrə kontraktın imzalanması “Azəri-Çıraq-Günəşli” kontraktının imzalanmasından iki il sonra baş vermişdir. O vaxt Azərbaycanın qaz potensialı haqqında dünyada heç bir məlumat yox idi. Çünki sovet dövründə bizim qaz imkanlarımız araşdırılmamışdır. Geoloqlarımız, mütəxəssislərimiz, əlbəttə, bilirdilər ki, bizim zəngin qaz ehtiyatlarımız vardır. Amma heç vaxt Azərbaycan xarici investorlar tərəfindən qaz ölkəsi kimi maraq doğurmurdu. Ancaq “Şahdəniz” qaz yatağının kəşfindən sonra, - bu yataq dünya miqyasında ən böyük yataqlardan biridir, - əlbəttə ki, bu sahəyə diqqət daha da çox olmuşdur. Beləliklə, düzgün strategiyanın icra edilməsi nəticəsində dəhlizin açılması, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikilməsi nəticəsində biz artıq pəncərədən başlayaraq böyük qapı açdıq. Azərbaycanı beynəlxalq enerji ailəsinə daxil etdirə bildik. Həm siyasi, həm iqtisadi baxımdan böyük uğurlar əldə edə bilmişik.

Eyni zamanda, bu, bizim üçün böyük təcrübə idi. Çünki bizim Dövlət Neft Şirkətimiz – SOCAR o vaxt sadəcə olaraq daxili bazarda fəaliyyət göstərən adi bir şirkət idi. Başqa dövlət qurumlarından heç nə ilə fərqlənmirdi. Amma bizim məqsədimiz ondan ibarət idi ki, SOCAR-ı dünya miqyaslı nəhəng enerji şirkətinə çevirək. Hazırda biz bu məqsədə də çatmışıq. Bundan sonra SOCAR-ın həm ölkə daxilindəki, həm xaricdəki fəaliyyəti daha da genişmiqyaslı olacaqdır.

Biz təcrübə toplamışıq. Bizim gənc mütəxəssislərimiz xaricdə təhsil almışlar. “Əsrin müqaviləsi”nə əsasən bu əməliyyatlarda iştirak edən insanların mütləq əksəriyyəti yerli vətəndaşlardır. Yəni, burada məşğulluq məsələlərinə də diqqət göstərilmişdir. Bir sözlə, uğurlu neft strategiyamız həm 1990-cı illər üçün, həm bu gün üçün çox əhəmiyyətlidir və bizə imkan verdi ki, ölkə qarşısında duran əsas iqtisadi və sosial məsələləri uğurla inkişaf etdirək. Əlbəttə, biz bu strategiyanı icra edərkən bir neçə hədəfi qarşımıza qoymuşduq. İlk növbədə, məqsəd Azərbaycanın zəngin neft-qaz potensialını tam şəkildə realizə etmək idi. Digər tərəfdən, neft amilindən sadəcə olaraq istifadə edib qeyri-neft sektorunu inkişaf etdirmək məsələsi gündəlikdə idi. Hələ o illərdə mən demişdim ki, neft bizim üçün məqsəd deyil, vasitədir - ölkəmizi inkişaf etdirmək, müasir dövlət yaratmaq üçün vasitədir.

Hesab edirəm ki, biz bu imkanlardan səmərəli şəkildə istifadə edə bilmişik. Xüsusilə Dövlət Neft Fondunun yaradılması bu istiqamətdə atılan çox vacib addım idi. Çünki bu qurumun fəaliyyətə başlaması həm şəffaflığı təmin etdi, eyni zamanda, bizə imkan verdi ki, neftdən və indi qazdan əldə edilən gəlirlər əhəmiyyətli şəkildə qorunsun, saxlanılsın və ölkənin qeyri-neft sektoruna investisiya şəklində qoyulsun.

Biz valyuta ehtiyatlarımızı ildən-ilə artırırıq. Hazırda valyuta ehtiyatlarımız 40 milyard dolları ötübdür. Gələcəkdə bu məbləğ daha da böyük olacaqdır. Bu, bizə imkan verir ki, Azərbaycan iqtisadiyyatının neftdən asılılığını maksimum dərəcədə aşağı salaq. Buna nail oluruq. Çünki bu ilin birinci rübünün iqtisadi göstəriciləri deməyə əsas verir ki, biz bu yolda artıq uğurlara nail olmuşuq, Qeyri-neft sənayemiz birinci üç ayda 16 faiz artmışdır.

Ölkənin uğurlu inkişafı, iqtisadiyyatın şaxələndirilməsi bizim prioritetlər sırasında idi. Beləliklə, bu məqsəd də qarşıya qoyulmuşdur. Digər məqsəd dünya birliyi ilə əlaqələrimizi daha da möhkəmləndirmək idi. Dost, tərəfdaş ölkələrlə ikitərəfli əsasda əlaqələrimizi gücləndirmək işində də neft-qaz amili öz rolunu oynamışdır.

Bu gün bir neçə ölkənin enerji balansında Azərbaycan neftinin payı 25-30-35 faiz təşkil edir. Bu gün biz dostlarımız üçün, Avropa istehlakçıları üçün etibarlı tərəfdaş qismində çıxış edirik. Bu rol getdikcə artır. Biz, eyni zamanda, neftlə, qazla zəngin olan hər bir ölkə qarşısında duran digər məsələni də icra etdik. Bu da ixrac imkanlarımızın şaxələndirilməsi məsələsidir. Hazırda bizim yeddi neft və qaz kəmərimiz vardır ki, resurslarımızı bütün istiqamətlərə ixrac edir. Biz bir marşrutdan, bir yoldan asılı deyilik.

Hazırda Avropa istehlakçıları da bu məsələ ilə bağlı müəyyən tədbirlər görürlər. Onlar üçün də şaxələndirmə mühüm amildir. Bir mənbədən asılı olmaq, əlbəttə ki, o qədər məqbul variant sayıla bilməz. Ancaq biz Azərbaycan olaraq bu vəzifəni icra etmişik. Bu gün bizim neftimiz və qazımız müxtəlif istiqamətlər üzrə ixrac edilir. Əlbəttə, biz gələcəkdə tərəfdaşlarla bu sahədə işimizi daha da sürətləndirəcəyik.

Neft-qaz sahəsində istehsalçılar, tranzit ölkələr və istehlakçılar bir yerdə olmalıdırlar. Burada rəqabətə, yaxud da ki, qarşıdurmaya yol vermək olmaz. Əksinə, burada maksimum əməkdaşlıq olmalıdır. Çünki əməkdaşlıq olduqda hər üç tərəf öz mənfəətini götürür. Biz bu məsələyə bu fəlsəfə ilə yanaşırıq.

Bütövlükdə bizim enerji siyasətimiz çox açıqdır və xoşniyyətlidir. Biz hesab edirik ki, enerji siyasəti ölkələri birləşdirməlidir, ayırmamalıdır. Enerji amilindən qarşıya hansısa siyasi məqsədlər qoymaq və onlara çatmaq üçün istifadə edilməməlidir. Bizim yanaşmamız bundan ibarətdir. Bizim üçün dost olan ölkələrin enerji təhlükəsizliyi məsələlərinə də töhfəmiz buna dəlalət edir. Biz bəzi hallarda bəzi ölkələrin çətinliklərini nəzərə alaraq onlara yardım etmək üçün əlimizi uzatmışıq. Həm dostluğumuzu möhkəmləndirmişik, həm də iqtisadi və siyasi maraqlarımızı təmin edə bilmişik. Hesab edirəm ki, indiki mərhələdə və gələcək illərdə dünyada enerji siyasətində bu səpkidə meyillər güclənərsə, onda bütün məsələləri proqnozlaşdırmaq daha asan olacaqdır. Bir sözlə, enerji resursları ölkələri ayırmamalıdır, birləşdirməlidir.

Mən hesab edirəm ki, Azərbaycan təcrübəsi bu sahədə çox məqbul ola və öyrənilə bilər. Eyni zamanda, digər sahədə - xarici investorlar, yerli şirkətlər və yerli hakimiyyət orqanları arasında əməkdaşlıq baxımından hesab edirəm ki, Azərbaycanda vəziyyət nümunəvidir.

Biz əsas enerji tərəfdaşımız olan bp şirkəti ilə artıq 20 ilə yaxındır ki, əməkdaşlıq edirik. Bu əməkdaşlıq hər iki tərəfin maraqlarını təmin edir. bp bizim strateji partnyorumuzdur. Bir nömrəli investordur. Həm “Azəri-Çıraq-Günəşli”də, həm “Şahdəniz”də və digər yataqlarda bizimlə birgə işləyir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərində əsas oyunçudur. Bu, 20 ilə yaxın olan əməkdaşlıq onu sübut edir ki, investorların maraqları və ölkənin, xalqın maraqları üst-üstə düşə bilər. Bu əməkdaşlıq və bu təcrübə hesab edirəm ki, müəyyən mənada dünyada nadir təcrübədir. Bu da öyrənilə bilər və biz hesab edirik ki, bu sahədə də uğurlu əməkdaşlığa nail ola bilmişik.

Bizim üçün dövlət olaraq, ilk növbədə Azərbaycanın milli maraqlarıdır. Biz nail ola bilmişik ki, Azərbaycan zəngin neft yataqlarımızdan artıq nefti, qazı hasil və ixrac edir. Bu, ölkə iqtisadiyyatına əvəzedilməz bir töhfədir. Təsəvvür etmək çətindir ki, əgər 1994-cü ildə o cəsarətli addım atılmasaydı, indi bizim vəziyyətimiz necə olacaqdı?!

Enerji təhlükəsizliyi enerji müstəqilliyini şərtləndirir. Enerji müstəqilliyi isə bütövlükdə ölkələrin iqtisadi müstəqilliyinə böyük töhfə verir. İqtisadi müstəqillik olmadan siyasi müstəqillikdən söhbət gedə bilməz. Mən dəfələrlə qeyd etmişəm və artıq bu, reallıqdır ki, Azərbaycan bütün sahələrdə müstəqil siyasət aparır. Bu siyasəti aparmaq üçün bizə güc verən əlbəttə ki, xalqla iqtidar arasında olan birlikdir və eyni zamanda, iqtisadi müstəqilliyimizdir. Biz iqtisadi cəhətdən tam müstəqil ölkəyik. Biz enerji resurslarının ixracı məsələlərində tam müstəqilik. Çünki qeyd etdiyim kimi, çoxşaxəli neft-qaz kəmərlərimiz vardır, bir yoldan asılı deyilik. Bu, bizə imkan verir ki, siyasi müstəvidə siyasətimizi inamla və cəsarətlə aparaq. Beləliklə, keçən il müstəqilliyimizin bərpasının 20 illik yubileyində qeyd etdiyim kimi, bu gün Azərbaycanda müstəqillik tamdır, şərtsizdir.

Yenə də qayıdıram 1994-cü ilə. Bugünkü uğurların təməli məhz o vaxt qoyulmuşdur. Əlbəttə, biz bu imkanlardan maksimum səmərə ilə istifadə edə bilmişik. Biz elə ölkələr tanıyırıq ki, orada bizdən daha çox neft-qaz yataqları, resurslar vardır. Ancaq orada iqtisadiyyat birtərəflidir, çoxşaxəli deyil, neftdən, qazdan asılılıq mütləqdir. Ancaq bizdə belə deyildir.

Biz qarşıya hədəf qoymuşuq ki, neft-qaz sadəcə olaraq iqtisadi şaxələndirməni təmin edən vasitədir və buna nail olmuşuq. Əgər bizim ümumi iqtisadi göstəricilərə nəzər salsaq görərik ki, dünya miqyasında bu templər ən sürətli templərdir. Son səkkiz il ərzində iqtisadiyyat üç dəfə artmışdır. Sənaye istehsalı da üç dəfə artmışdır. Yoxsulluq isə beş dəfə azalmışdır. Artıq yoxsullar təbəqəsi Azərbaycanda getdikcə azalır. Əminəm ki, bir neçə ildən sonra biz bu böyük bəladan canımızı qurtaracağıq. Bu, nəyi göstərir? Onu göstərir ki, vaxtilə Azərbaycanda iqtisadiyyatın birtərəfli şəkildə inkişafı ilə bağlı verilən bəzi mülahizələr özünü doğrultmadı. Vaxtilə bizi “Holland sindromu” ilə hədələyən bəzi təhrikçilər öz səhvlərini etiraf etməlidirlər. Çünki biz iqtisadi şaxələndirməyə nail ola bilmişik.

Neft-qaz sektoru o qədər də böyük sayda iş yerlərinin açılmasına gətirmir. Ancaq Azərbaycanda son səkkiz il ərzində bir milyon yeni iş yeri açılmışdır. Harada? Qeyri-neft sektorunda, kənd təsərrüfatında, xidmət sektorunda. İnfrastruktur layihələrinə böyük həcmdə investisiya qoyulmuşdur. Bütövlükdə neft amili ölkəmizə böyük canlanma gətirdi. Yenə də deyirəm, həm resurslar vacibdir, həm onlardan səmərəli istifadə qaydaları. Mən hesab edirəm ki, biz Azərbaycanın timsalında uğurlu neft siyasətinin təzahürünü görürük. Bu siyasət bu gün də davam etdirilir. Əminəm ki, gələcək illərdə biz yalnız və yalnız inkişaf yolu ilə gedəcəyik.

O ki qaldı gələcək planlarımıza, mən bu gün buraya daxil olarkən sərgini təşkil edənlərlə qısa söhbət əsnasında qeyd etdim ki, hər il sərgidən-sərgiyə Azərbaycanın enerji sektorunda çox vacib hadisələr baş verir. Son bir il ərzində, keçən sərgidən ötən dövrdə bir neçə vacib hadisə baş vermişdir. Onların içində SOCAR-ın yeni neft, kimya, neftayırma kompleksinin yaradılması layihəsi artıq təqdimat şəklində göstərilmişdir. Bu, böyük layihədir. Ölkə iqtisadiyyatı üçün, bundan sonra onilliklər ərzində enerji sahəsində və qeyri-neft sahəsində iqtisadiyyatın inkişafı üçün çox vacib layihədir.

SOCAR, eyni zamanda, xarici bazarlara investisiyaları artırır. Bu investisiyalar milyardlarla dollar səviyyəsindədir.
Son iki il ərzində iki böyük qaz yatağının aşkarlanması qaz potensialımızı böyük dərəcədə artıra bilmişdir. “Ümid” və “Abşeron” qaz yataqlarında ilkin hesablamalara görə 600, bəlkə də 700 milyard kubmetr qaz ehtiyatları vardır. Beləliklə, Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrə bərabərdir.

Son bir il ərzində ilk alternativ və bərpa olunan enerji sektorunda böyük dəyişikliklər baş vermişdir. Azərbaycanın yeni hibrid tipli külək-günəş elektrik stansiyasının açılışı olmuşdur. Azərbaycanda artıq günəş panelləri zavodu fəaliyyət göstərir. Mənim göstərişimlə yaxın zamanlarda yüksək texnologiyalar parkının yaradılmasına başlanacaqdır. Mən çox şadam ki, bu sərgidə alternativ və bərpa olunan enerjiyə aid stendlər vardır və bu gün biz onunla tanış olacağıq.

Bu məsuliyyəti biz öz üzərimizə götürmüşük. Ola bilər ki, neftlə, qazla zəngin olan ölkələr üçün bu, o qədər də xas deyildir.

Ancaq mən hesab edirəm ki, bu, bizim məsuliyyətimizdir. Ətraf mühitin qorunmasına verilən töhfədir. Mən hesab edirəm ki, neftlə, qazla zəngin olan, enerji təhlükəsizliyini təmin edə bilən ölkələr, ilk növbədə, bərpa olunan enerji növlərinə investisiya qoymalıdır. Yəni, biz bunu məcburən qoymuruq. Biz bunsuz da yaşaya bilərik. Qeyd etdiyim kimi, qaz yataqlarımız bundan sonra bəlkə də yüz il, neft resurslarımız isə 50 ildən çox bizə xidmət edəcəkdir. Çünki “Azəri-Çıraq-Günəşli” yatağında daha da çox neft ehtiyatları vardır.

Ancaq biz bu addımları, ilk növbədə ona görə atırıq ki, hesab edirik bunu etməliyik. Digər tərəfdən bərpa olunan enerjinin bizim enerji balansında payı artarsa, əlbəttə ki, ənənəvi enerji növlərinə qənaət ediləcək və daha da çox iqtisadi səmərə görəcəyik. Ekoloji tədbirlərin gücləndirilməsi üçün bu addımların böyük əhəmiyyəti vardır.

Çıxışımın sonunda qaz sahəsində gələcək planlarla bağlı bir-iki kəlmə demək istəyirəm. Biz bu sahədə həlledici məqama gəlib çatmışıq. Bu gün, əlbəttə, Azərbaycanın qaz imkanları artıq dünyaya təqdim edilib. Biz qaz resurslarını müxtəlif istiqamətlər üzrə çatdırırıq. Dörd qaz kəmərimiz var, dördü də işlək vəziyyətdədir. Ancaq biz “Şahdəniz-2” layihəsinin işlənilməsinə yaxınlaşırıq. Eyni zamanda, “Ümid”, “Abşeron” və digər yataqlardan çıxarıla biləcək qaz ehtiyatlarını nəzərə almalıyıq. Biz uzunmüddətli qaz strategiyamızı indi hazırlayırıq. Demək olar ki, bu strategiya hazırdır.

Burada əlbəttə ki, qarşılıqlı inam və qarşılıqlı maraqlar ön plana çıxır. Çünki bir daha demək istəyirəm ki, Azərbaycan öz enerji təhlükəsizliyini təmin edib. Ölkə qarşısında duran bütün vəzifələr icra edilib. Əgər biz bu səviyyədə irəliləsək, neftin və qazın hasilatını indiki səviyyədə saxlasaq və buna imkan vardır, onilliklər bundan sonra da uğurla inkişaf edəcəyik.

Yəni, bir tərəfdən hansısa əlavə təşəbbüslərə bəlkə də ehtiyac yoxdur. Ancaq digər tərəfdən, biz bölgədə, Cənubi Qafqazda aparıcı ölkəyik. Cənubi Qafqazın iqtisadiyyatının 80 faizi Azərbaycanın payına düşür. Belə olan halda biz 10 il, 20 il, 30 il qabağa baxmalıyıq. Elə etməliyik ki, qaz ehtiyatlarımız maksimum şəkildə realizə edilsin. Beləliklə, uzunmüddətli qaz strategiyamız buna yönəlib. Hesab edirəm ki, əgər bu sahədə investorlar, hasilatçılar, tranzit ölkələri, istehlakçılar arasında işbirliyi, əməkdaşlıq olarsa, bu məsələlər öz həllini lazımi səviyyədə tapa bilər. Hər halda, bildiyiniz kimi, keçən ilin əvvəlində Avropa İttifaqı ilə Azərbaycan arasında enerji-qaz sahəsində bəyannamə imzalanmışdır, işçi qrupu yaradılmışdır. İşçi qrupu işləyir. Biz bu işçi qrupunun işinin nəticələrini gözləyirik.

Bir daha demək istəyirəm, Azərbaycan neft-qaz sahəsində xoşniyyətli, xoşməramlı siyasət aparır. Bu siyasət əməkdaşlığa, qarşılıqlı maraqların nəzərə alınmasına yönəldilib. Nəticə etibarilə bu siyasət hər bir tərəfin marağına xidmət edəcəkdir.

Mən bir daha bugünkü açılış mərasiminə toplaşmış bütün qonaqları ürəkdən salamlayıram, sərginin təşkilatçılarına minnətdarlığımı bildirmək istəyirəm. Yenə də qeyd etmək istəyirəm ki, onların fəaliyyəti ölkəmiz üçün çox vacibdir, önəmlidir. Həm işin əvvəlində, 90-cı illərin ortalarında, həm bu gün. Çünki bu gün bir daha demək istəyirəm ki, Azərbaycana maraq daha da böyükdür və nəinki neft-qaz sektoruna, bütün başqa sahələrə. Azərbaycan əməkdaşlığa həmişə olduğu kimi hazırdır. Sağ olun.

XXX

ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Adam Sterlinq Prezident Barak Obamanın dövlətimizin başçısına təbrik məktubunu oxudu.

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri Piter Beytman isə Baş nazir Devid Kemeronun Prezident İlham Əliyevə təbrik məktubunu oxudu.

X X X

Açılış mərasimindən sonra Prezident İlham Əliyev sərginin pavilyonları ilə tanış oldu.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev və şirkətin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə dövlətimizin başçısına ARDNŞ-in ekspozisiyası barədə ətraflı məlumat verdilər. Qeyd olundu ki, beynəlxalq səviyyəli şirkətə çevrilən ARDNŞ 2010-2015-ci illəri əhatə edən nanoneft proqramını və digər silsilə layihələri reallaşdırır.

Bundan əlavə, Dövlət Neft Şirkətində ölkədə inşası nəzərdə tutulan yeni neft-qaz emalı və neft kimyası kompleksinin layihəsi hazırlanmışdır. Bu layihə istismar müddətini başa vuran və ekoloji tələblərə cavab verməyən neft-qaz və neft kimyası müəssisələrinin şəhərdən çıxarılmasını və vahid kompleksdə cəmlənməsini nəzərdə tutur. Prezident İlham Əliyevin tapşırıqlarına əsasən, layihənin hazırlanmasına xarici şirkətlər də cəlb olunmuşdur. Kompleksin Qaradağ və Abşeron rayonlarının sərhədində salınması nəzərdə tutulur. Yeni kompleksdə müasir texnologiyalar tətbiq olunacaqdır.

Bu da keyfiyyətli məhsul istehsalına imkan verəcəkdir.

Dövlətimizin başçısı bp şirkətinin ekspozisiyası ilə də tanış oldu. Diqqətə çatdırıldı ki, Xəzərin Azərbaycan sektorunda iri neft və qaz yataqlarının işlənilməsində, Səngəçal, Supsa və Ceyhan kimi böyük terminalların inşasında, Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum boru kəmərlərinin tikintisində mühüm xidmətləri olan bp şirkəti bundan sonra da Azərbaycan ilə sıx əməkdaşlıq edəcəkdir.

Bunu təsdiqləyən ən mühüm amil bu il bp şirkətinin Azərbaycanda fəaliyyətinin 20 illiyinin tamam olmasıdır. Bu müddət ərzində qarşıya qoyulmuş bütün məqsədləri həyata keçirən şirkət hazırda təhsil, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi və icma proqramları ilə bağlı layihələr reallaşdırır.

Dünyanın 80-dən çox ölkəsində fəaliyyət göstərən Fransa-Amerika birgə şirkəti olan “Schlumberger”in ekspozisiyası ilə tanışlıq zamanı Prezident İlham Əliyevə məlumat verildi ki, bu iqtisadi qurum Azərbaycanda reallaşdırılan iri neft-qaz layihələrində yaxından iştirak edir. Şirkət bütün dünyanın neft və qaz müəssisələri üçün yüksək nəticələrin, təkmilləşdirilmiş kəşfiyyat və hasilat göstəricilərinin təmin edilməsində etibarlı və sınanılmış öncül xidmət təchizatçısıdır.

Sonra Azərbaycan Prezidenti “BOS Şelf” şirkətinin ekspozisiyasına baxdı. Bildirildi ki, “Azəri-Çıraq-Günəşli” neft yataqlarının tammiqyaslı işlənilməsinin birinci mərhələsi olan “Mərkəzi Azəri” sahəsində müvəffəqiyyətlə çalışan şirkət həyata keçirdiyi təlim proqramları sayəsində təcrübəli işçi qüvvəsi yaratmışdır.

Dövlətimizin başçısına Azərbaycanın Türkiyədə özəlləşdirdiyi “Petkim” şirkətinin genişləndirilməsi və yenidən qurulması ilə bağlı görülən kompleks işlər barədə ətraflı məlumat verildi. Bildirildi ki, 1965-ci ildə təsis olunmuş şirkətin əsas hədəfi Türkiyə bazarında liderliyini daha da genişləndirərək davam etdirmək və regional gücə çevrilməkdir. “Petkim” hazırda öz məhsullarını dünyanın 70-dən çox ölkəsinə ixrac edir.

Azərbaycan Prezidentinə ölkəmizin neft-qaz sektorunda yaxından iştirak edən Fransanın “Total” şirkətinin yenilikləri və perspektiv planları barədə məlumat verildi.

“Eni Saipem” şirkətinin pavilyonu ilə tanış olan Prezident İlham Əliyevə məlumat verildi ki, 1957-ci ildə yaradılan müəssisənin fəaliyyəti ötən dövrdə xeyli genişlənmişdir. Azərbaycan ilə əməkdaşlığa böyük önəm verən şirkət dünyanın bir çox regionlarında da karbohidrogen ehtiyatlarının çıxarılmasında yaxından iştirak edir.

Rusiyanın “Rosneft” şirkəti də Azərbaycan ilə əməkdaşlığı genişləndirməkdə maraqlıdır. Qonşu ölkənin böyük neft-qaz şirkətlərindən sayılan “Rosneft” Bakıdakı sərgidə ən son elmi-texniki yeniliklərini nümayiş etdirir.

Türk Petrolları Anonim Şirkəti (TPAO) də 1994-cü ildən bəri Azərbaycan ilə birgə beynəlxalq neft-qaz layihələrinin uğurla reallaşmasında yaxından iştirak edir. Bildirildi ki, iki qardaş ölkənin iqtisadi qurumları bundan sonra da istər regional, istərsə də beynəlxalq səviyyədə birgə uğurlu əməkdaşlıqlarını davam etdirəcəklər.

Almaniyanın RWE şirkətinin pavilyonu ilə tanış olan dövlətimizin başçısına məlumat verildi ki, 2009-cu ildən Azərbaycanda fəaliyyət göstərən bu iqtisadi qurum ölkəmizdə fəaliyyətini genişləndirmək əzmindədir və bunun üçün müxtəlif layihələr təqdim edir.

Azərbaycan Prezidenti Norveçin “Statoil” şirkətinin pavilyonu ilə də tanış oldu. Bildirildi ki, “Qazprom”dan sonra Avropada ikinci böyük təbii qaz şirkəti olan “Statoil” Azərbaycan ilə sıx əməkdaşlıq edir. Dünyanın 36 ölkəsində fəaliyyət göstərən “Statoil”un başlıca məqsədi yüksək texnologiyaların tətbiq olunması ilə istehlakçıların enerji tələbatını məsuliyyətli və innovativ şəkildə təmin etməkdir. Qeyd olundu ki, bu şirkət Azərbaycan ilə yeni əməkdaşlıq imkanları üzərində konkret iş aparır.

Bu il Beynəlxalq Xəzər neft, qaz, neftayırma, neft kimyası sərgisində ilk dəfə Vyetnam da təmsil olunur. Bu ölkənin “Petrovietnam” neft-qaz şirkəti 2010-cu ildə Azərbaycanda nümayəndəliyini açmışdır. 1975-ci ildə yaradılan şirkət yaxın gələcəkdə “Muradxanlı-Cəfərli-Zərdab” neft yataqları blokunda axtarış-kəşfiyyat işlərinə başlayacaqdır.

Rusiyanın “İnterpayp” şirkəti də builki sərgidə uğurla təmsil olunur. Neft-qaz yataqlarının işlənilməsində istifadə olunan boruların hazırlanması üzrə ixtisaslaşan şirkətin məhsullarından tikinti və maşınqayırmada da istifadə edilir.

Builki sərgidə diqqəti cəlb edən əsas məqamlarından biri də alternativ enerji mənbələri ilə bağlı ekspozisiyanın təşkil olunmasıdır. Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Şirkəti tərəfindən təşkil olunan pavilyonda külək və günəş enerjisindən istifadə edilməsi məqsədilə ölkəmizdə həyata keçirilən layihələr barədə məlumat verilir, bu sahənin hazırda dünyada ekoloji cəhətdən ən səmərəli vasitə hesab olunduğu qonaqların diqqətinə çatdırılır.

Prezident İlham Əliyevə məlumat verildi ki, Avstriyanın OMV şirkəti də Azərbaycan ilə əməkdaşlığın genişləndirilməsində maraqlıdır və bu istiqamətdə səylərini əsirgəmir.

Ekspozisiya ilə tanış olan dövlətimizin başçısı Beynəlxalq Xəzər neft, qaz, neftayırma, neft kimyası sərgisi və konfransının fəxri qonaqlar kitabını imzaladı.

Prezident İlham Əliyev pavilyonlarla tanışlıqdan sonra sərgi və konfransın işinə uğurlar arzuladı.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 22 noyabr 2024
16:19
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 276 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 276 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

22 noyabr 2024, 16:19
SƏNƏDLƏR Fərmanlar 22 noyabr 2024
16:17
“Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 22 oktyabr tarixli 53-VIIQD nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və...

22 noyabr 2024, 16:17
SƏNƏDLƏR Qanunlar 22 noyabr 2024
16:15
“Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 5-ci bəndlərini və 95-ci maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan...

22 noyabr 2024, 16:15
SƏNƏDLƏR Sərəncamlar 21 noyabr 2024
16:27
Azərbaycan Dövlət Tərcümə Mərkəzinin və Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Dövlət Tərcümə Mərkəzi” publik hüquqi şəxs ləğv edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1....

21 noyabr 2024, 16:27
SƏNƏDLƏR Fərmanlar 19 noyabr 2024
16:14
“Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan Respublikasının 2024-cü il 7 may tarixli 1143-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan...

19 noyabr 2024, 16:14
SƏNƏDLƏR Fərmanlar 19 noyabr 2024
16:12
“Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1028-VIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 26 dekabr tarixli 2424 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1028-VIQ...

19 noyabr 2024, 16:12
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:12
Z.M.Əliyevin Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Zamin Məmməd oğlu Əliyev Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilsin.

İlham...

18 noyabr 2024, 15:12
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:10
V.İ.Qurbanovun Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Vüqar İsrayıl oğlu Qurbanov Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin...

18 noyabr 2024, 15:10